Əsəb mənşəli əzələ səyrimələri (tiklər) əzələlərin cəld və qeyri-iradi baş verən monoton (normal hərəkətləri xatırladan) yığılmasıdır. Tik sözü fransız dilindən tərcümədə “səyrimə” mənasını verir.

Sinir tikləri demək olar ki, hər kəsin həyatında ən azı bir dəfə baş verir. Belə hallarda onlar tranzitor (müvəqqəti) adlanır. Məsələn, bir çoxları  güclü psixoemosional gərginlik zamanı  göz qapaqlarının səyriməsini qeyd edirlər. Məhz mimiki əzələlərin səyrimələri, tiklərin ən çox, o cümlədən sağlam insanların içərisində də rast gəlinən formasıdır.

Sinir tiki ayrı-ayrı  əzələlərin təqəllüsünün səbəb olduğu sürətlə təkrarlanan qeyri-ritmik hərəkətdir. Daha çox sifət və qolların əzələlərində səyrimələr qeyd edilir, lakin istənilən əzələ qrupu bu prosesə cəlb ola bilər. Tikər insanın iradəsindən asılı olmadan baş verir, normal, məqsədəuyğun hərəkətləri təqlid edə bilir, lakin öz-özlüyündə tamamilə faydasız hərəkətlərdir. Bəzən xəstə öz iradəsi hesabına qısa bir müddətə tiklərin meydana gəlməsini dayandıra bilir. Tiklər yalnız oyaq vəziyyətdə olarkən baş verir. Onların yaranmasında hər hansı bir qanunauyğunluq olmur, həmişə sürətlə, qısamüddətli fərqli təkrarlanma intervalı ilə baş verir. Sinir tikləri patoloji haldır, lakin həmişə müalicə tələb etmir.

Sinir tikləri beynin ekstrapiramid sisteminin fəallığının artması  nəticəsində yaranır. Bu sistem orqanizmin bir çox avtomatlaşdırılmış hərəkətlərinin həyata keçirilməsinə cavabdehdir və müəyyən dərəcədə, beyin qabığının iştirakı olmadan müstəqil surətdə fəaliyyət göstərir. Hər hansı bir səbəbdən, ekstrapiramid sistemdə oyanıqlıq yarandıqda, bu, sinir tiklərinin yaranması şəklində təzahür oluna bilər (bu hal ekstrapiramid sistemin fəallığının artmasının yeganə simptomu olmur).

Tiklər qeyri-iradi hərəkətlərdir. Yəni onlar insanın iradəsindən asılı  olmayaraq meydana gəlir. Amma bəzən tiklərin yaranmasından əvvəl müəyyən bir hərəkəti icra etmək üçün qarşısıalınmaz arzu şəklində xüsusi bir hiss meydana çıxa bilər. Bu zaman  insan elə düşünür  ki, o, bütün bu hərəkətləri  öz  iradəsi  ilə edir.

Sinir tiklərinin səbəbləri

Sinir tiklərinin başlıca səbəbi sinir sisteminin funksiyasında tarazlığın pozulmasıdır. Beyin əzələlərə “yanlış” sinir impulsları  göndərir ki, bu da onların cəld və monoton şəkildə təqəllüs etməsinə səbəb olur. Bu, sanki öz-özünə baş verir. Xəstə öz iradəsi  ilə tikləri dayandıra və gələcəkdə təkrar olunmasının qarşısını ala bilmir.

Etiologiyasından asılı olaraq, 3 növ sinir tikləri ayırd edilir: 

-birincili (digər adları: idiopatik, nevrogen, psixogen); 

-ikincil (simptomatik); 

-irsi (sinir sisteminin zədələnməsinə səbəb olan irsi xəstəliklər nəticəsində yaranır).

 Birincil tiklərin səbəbləri

Uşaqlarda:

Psixoemosional travma. Bu, kəskin ola bilər – məsələn, güclü  fiziki ağrı, keçirilmiş qorxu hissi və s. Həmçinin psixoemosional travma xroniki ola bilər. Bu vəziyyətdə, məsələn, valideynlər sistemli olaraq uşağı danladıqda və ya ona kifayət qədər vaxt ayırmadıqda uzun müddət ərzində inkişaf edir. Uşağın sinir sistemi yetişməmiş olduğundan, onlarda hərəkətlərin tənzimlənməsi mexanizmləri mükəmməl deyil. Bunun nəticəsində mənfi hadisələrə cavab reaksiyası kimi sinir tikinin yaranması baş verə bilər. Bəzən bu əlamətlər onlar böyüyəndən sonra da saxlanmış olur. 

-Yüksək həyəcanlılıq.

-Diqqət çatışmazlığı  ilə birgə hiperaktivlik sindromu. Belə uşaqların sinir sistemində funksiyaların daha böyük disbalansınının olması  qeyd olunur.

-Uşaq nevrozu. Uşaqlıq dövründə sinir tikləri sayrışan hərəkətlərin bir növü hesab edilə bilər. 

-Sayrışan qorxular (fobiyalar).

Yaşlılarda: 

Tez-tez yaşanan güclü  stress, sinir sisteminin üzülməsi.

Xroniki yorğunluq.

Birincili sinir tikləri  xoşxassəli gedişə malik olur. Nəticədə onlar demək olar ki, həmişə (əksər hallarda dərman  istifadə etmədən) sağalma ilə nəticələnir.

İkincili sinir tiklərinin səbəbləri

*BaŞ beynin infeksion xəstəlikləri – ensefalitlər. 

*Dəm qazı (karbon monoksid) ilə zəhərlənmə. 

*Müəyyən dərmanların qəbul edilməsi: psixotrop, antikonvulsant və s.

*Baş beynin damarlarının zədələnməsi ilə əlaqədar xəstəliklər: ateroskleroz, insult və s. 

*Psixi  xəstəliklər: autizm, şizofreniya və s. 

*Daxili orqanların xəstəlikləri – şəkərli diabet, qaraciyər və böyrəklərin zədələnmələri. Bu zaman qanda sinir sistemini zədələyən zəhərli  mübadilə məhsullarının miqdarı  artır. 

*Baş beynin şişləri . 

*Doğuş travmaları. 

*Xəstənin etmək məcburiyyətində olduğu hərəkətlər, sonradan bunlar tiklər Şəklində qalmış olur. Məsələn, anginası olan bir uşaq daim tüpürcəyini  udmaq məcburiyyətindədir, bu zaman o, ağrıdan qaçmaq üçün udlaq və boyun əzələlərini daim gərginləşdirməli olur. Xəstə sağaldıqdan sonra bu hərəkətlər tiklər şəklində davam edə bilər. 

*Üçlü sinirin nevralgiyası. Bu zaman ağrı mənşəli tiklər meydana çıxır. 

*Vegetativ-damar distoniyası.

İrsi tiklərin səbəbləri

Tiklərin irsi forması Turett (Jil de Turett) xəstəliyi adlanır. Onun səbəbləri tam məlum deyil, lakin xəstəliyin irsən keçdiyi müəyyən edilmişdir. Əgər valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, bu zaman onun uşaqlara  ötürülməsi ehtimalı 50%  təşkil edir.

Turett xəstəliyi uşaqlıq dövründə inkişaf edir və yaşa dolduqca onun simptomları zəifləyir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər.

Sinir  tikərinin gedişatına təsir  göstərə biləcək amillər:  

-əlverişsiz ekoloji  şərait;

-autoimmun hallar; 

-bakterial infeksiyalar (belə bir fərziyyə mövcuddur ki, xəstəliyə streptokokk infeksiyası  səbəb olur, lakin bu hələ sübuta yetirilməyib); 

-orqanizmdə maqnezium və B6 vitamini çatışmazlığı; 

-stress, psixo-emosional gərginlik.

Sinir tiklərinin təsnifatı

Təzahür formalarına əsasən sinir tikləri  4 növə bölünür:

• Mimiki – üzün əzələlərini əhatə edir. Bu, sinir tiklərinin ən geniş yayılmış formasıdır.

• Motor (hərəki) – əlləri, ayaqları  və digər skelet əzələlərini əhatə edir.

• Vokal (səsli) – səs əzələlərinə təsir göstərir. Qışqırıq, bərkdən ah çəkmək şəklində təzahür edir.

• Sensor (hissi) – bədənin bu və ya digər hissəsində soyuqluq, ağırlıq hissləri şəklində təzahür edir. Onlar adi tikləri xatırladan hərəkətlərin yaranmasına gətirib çıxara bilər.

 Yayılma dərəcəsindən  asılı  olan sinir tiklərinin növləri:

• Lokal (yerli) –  yalnız  bir qrup əzələlərə təsir edir.

• Yayılmış – bütün bədəni  əhatə edir. Tiklər üz əzələlərindən başlaya, sonra  işə boyuna, çiyinlərə, əllərə, döş qəfəsinə, kürəyə, qarına və ayaqlara yayıla bilər.

Sinir tiki lokal olduqda bədənin yalnız bir nahiyəsini (məsələn, gözün dairəvi əzələsi) əhatə edir, digər əzələ qrupları  prosesə cəlb olunduqda isə generalizə ola (yayıla) bilir. Xəstəliyin yeni əlamətlərinin meydana gəlməsi təsəvvürü  yaranır, halbuki  bu, sadəcə olaraq tik prosesinə yeni əzələ qruplarının qoşulmasıdır. Adətən proses yuxarıdan aşağıya doğru yayılır, yəni əvvəlcə yalnız baş iştirak edir, sonra isə gövdə və ətraflar da bu prosesə qoşulur.

 Mürəkkəblik dərəcəsinə əsasən tiklərin növləri

• Sadə. Eyni növlü, sadə hərəkətlər qeyd olunur. Sadə motor tiklərinə nümunə ola bilər:

*gözləri qırpmaq; 

*sifəti turşutmaq; 

*burun qanadlarının və ya başın dartılması; 

*dil çıxarmaq; 

*dodaqları yalamaq; 

*çiyinləri çəkmək; 

*qarnı içəri çəkmək; 

*yumruqları sıxmaq; 

*ayağını irəli atmaq; 

*çiyinləri kənara çevirmək; 

*çanaqla təkan vermək;

* sfinkterlərin sıxılması.

Sadə vokal tiklərə aid etmək olar: 

*yersiz fit çalmaq; 

*fısıldamaq; 

*xoruldamaq;

*fınxırmaq; 

*öskürmək;

*fısıldamaq; 

*ağzını marçıldatmaq;

*ciyildəmək və s. səslərin çıxarılması.

• Mürəkkəb. Müxtəlif əzələ qruplarını əhatə edən hərəkətlər kompleksindən ibarət olur.

Mürəkkəb motor tikərinə aiddir: 

*hoppanmaq; 

*barmaqları şaqqıldatmaq; 

*bədənin müəyyən yerlərini sürtmək; 

*sinəsinə döymək; 

*ətrafını iyləmək; 

*yeriyərkən dönmə hərəkətləri etmək; 

*müxtəlif hərəkətlərin (o cümlədən nalayiq hərəkətlərin) təkrarlanması; 

*toxunuşların təkrarlanması.

Mürəkkəb vokal tiklərə aid etmək olar: 

*exolaliya – başqalarının sözlərinin təkrarlanması; 

*palilaliya – öz sözlərinin təkrarlanması; 

*koprolaliya – nalayiq sözlərin söylənməsi.

Əgər sinir tiki ilk dəfə yaranıbsa, uzun sürmürsə və sonradan təkrarlanmırsa, bu zaman ona əhəmiyyət vermək lazım deyil və həmin şəxsin müalicəyə ehtiyacı olmur. Bu, sadəcə olaraq, stress və ya yorğuluqla bağlı  olan müvəqqəti bir  haldır.

 Tiklərin yaranmasından əvvəl, xəstə daxili bir gərginlik hissi keçirir ki, bu da tikləri icra etdikdən sonra keçib gedir. Əgər sinir tiki  iradə hesabına icra edilməzsə, bu gərginlik güclənərək, tikin yerinə yetirilməsini israrla tələb edir. Sonra tik mütləq yenidən əmələ gələcəkdir.

Sinir tikləri narahatlıq, həyəcan, yuxusuzluq və istirahət fonunda  intensivləşir. Həmçinin xarici stimullar, xüsusilə də tiklərin özü  haqqında ətrafdakıların irad tutması (məsələn, “Barmaqlarınızı şıqqıldatmağı dayandırın” deyərlərsə), onların güclənməsinə səbəb ola bilər. Xəstə, üzərində diqqətini cəmləşdirdiyi məqsədyönlü bir hərəkəti icra edərkən, tiklər beyin qabığından gələn impulsların təsiri altında azala bilər.

Sinir tiklərinin simptomları

Birincili tiklərin simptomları

*Bu cür tiklər oğlanlarda daha tez-tez rast gəlinir (qizlara nisbətən 2-3 dəfə çoxdur). 

*Qeyri-iradi hərəkətlər yerli xarakterli olur. Onlar üz və çiyin qurşağı əzələlərində meydana çıxır, digər əzələ qruplarına yayılmır. 

*Çox vaxt birincili sinir tikləri stress vəziyyətlərində ortaya çıxır və intensivləşir.

*Xəstəlik bir neçə həftədən bir neçə ilədək davam edə bilər, bəzən işə yaşlı şəxslər arasında da saxlanılmış olur. 

*Birincili sinir tikləri zamanı ən çox müşahidə edilən hərəkətlər: bir və ya hər iki gözü qırpmaq, çiyinlərini çəkmək, dişlərini qıcamaq, əllərin və ayaqların dartılması və yellənməsi, üz-gözünü turşutmaq, dairə vurmaq, saçların yolunması və ya barmağa dolanması, qişqırmaq, qeyri-iradi olaraq səslərin çıxarılması, xoruldamaq, səs-küylü nəfəsalma.

Birincili sinir tiklərini müşayiət edə biləcək pozuntular:

-yüksək həyəcan hissi; 

-diqqətin konsentrasiyasının pozulması; 

-depressiya; 

-üzgünlük;  -daimi narahatlıq; 

-bir yerdə qərar tutmamaq; 

-fəallığın artması; 

-məktəb materialının mənimsənilməsində problem yaranması; 

-tez yorulma; 

-yuxunun pozulması: yuxuya getməyin çətinləşməsi, narahat yuxu, gecə tez-tez oyanmalar; 

-hərəkətin çətinləşməsi; 

-hərəkətlərin ardıcıllığının və koordinasiyasının pozulması;

-havasız otaqlarda və nəqliyyatda gediş zamanı ümumi vəziyyətin pisləşməsi.

Adətən, birincili sinir tiklərinin proqnozu əlverişlidir. Xəstə yaşa dolduqca onlar müstəqil surətdə, çox vaxt  heç bir müalicə olmadan sağalır. Həkim simptomları azaltmaq və bərpa prosesini sürətləndirmək üçün dərmanlar təyin edir.

Xəstə uşaqlar məktəbdə tez-tez problemlərlə qarşılaşırlar. Müəllim hesab edə bilər ki, uşaq tədris prosesinə məsuliyyətsiz yanaşır, bilərəkdən müəllimini və sinif yoldaşlarını ələ salir. Bu səbəbdən xəstə uşağa iradın tutulması və cəzanın verilməsi yalnız stressli vəziyyətin və tiklərin artmasına səbəb olur.

İkincili tiklərin simptomları

Baş beynin hansı hissəsinin zədələnməsindən asılı olaraq, ikincili tiklərin təzahür formaları da müxtəlif ola bilər. Adətən, sinir tiki əsas xəstəliklə birgə başlayır və o sağaldıqdan sonra tamamilə keçir.

Irsi sinir tiklərinin simptomları

Adətən Turett xəstəliyi 5-6 yaşlarda ortaya çıxmağa başlayır. Tutmalar zamanı  müxtəlif növ tiklər qeyd edilə bilər. Onlar nadir hallarda rast gəlinə bilir və ya bir-birinin ardınca baş verir. Bunlardan ən çox yayılmışları: 

*Motor (hərəki) tiklər – gözləri qırpmaq, öskürək, sifəti turşutmaq. 

*Koprolaliya – nalayiq sözləri qışqırmaq. 

*Sensor (hissi) tiklər. Xəstə asqırmaq və ya əsnəməyi xatırladan bir hərəkət etmək kimi qarşısıalınmaz arzu hiss edir. Tiklər “yarıkönüllü” şəkildə baş verir: xəstə hesab edir ki, o, bu  hərəkətləri artan gərginliyini  yüngülləşdirmək üçün edir. Bu, dərinin və gözlərin qaşınması, çiyinlərdə gərginlik hissi, boğazda qıcıqlanma və s. ola bilər.

Turett xəstəliyinə xas olan simptomlar:

*Generalizə olunmuŞ (yayılmış) tiklər. Onlar üz və boyundan başlayır və sonra bütün digər əzələlərə yayılır. Tiklər tədricən inkişaf edə, daha mürəkkəb ola bilir. Onlar iradi hərəkətləri xatırladır. Xəstə böyüdükcə onlar, əksinə, çox vaxt daha zəif şəkildə təzahür etməyə başlayır. 

*Sayrışan qorxular – fobiyalar. 

*Sayrışan fikirlər və  hərəkətlər. Onlar xəstənin iradəsindən asılı olmadan ortaya çıxır. Xəstələr özləri  də onları  yad, qeyri-adi hesab edir və onların yaranmasından əzab çəkirlər. Fikirlər çox vaxt küfr xarakterli olur və bu, xəstəni olduqca narahat edir.

Turett xəstəliyində tiklərin nadir rast gəlinən növləri: 

Exolaliya – başqa bir şəxsin sözlərinin təkrarlanması.

Palilaliya – eyni sözün daima təkrarlanması. 

Kopropraksiya – nalayiq xarakterli  hərəkətlər.

Tiklərin irsi forması zamanı xəstənin əqli qabiliyyəti həmişə normal olur. Lakin onların ucbatından xəstə tez-tez sinif yoldaşlarının, həmkarlarının diqqət mərkəzinə düşmüş olur. Nəticədə onda emosional narahatlıq, çatışmazlıq kompleksi yaranır.

Tiklərin diaqnostikası

Həkimin müayinəsi anamnezin toplanmasından başlayır. Nevropatoloq sinir tiklərinin ilk dəfə nə vaxt meydana gəldiyini, nə qədər davam etdiyini, necə təzahür etdiyini, tutmaların hansı tezliklə təkrarlandığını, həmin şəxsin hansı digər xəstəlikləri və travmaları keçirdiyini aydınlaşdırır.

Sonra standart bir nevroloji müayinə aparılır. Həkim sinir sisteminin vəziyyətini qiymətləndirir.

Qəbul zamanı  nevropatoloq həmişə xəstənin tiklərini görə bilmir. Buna görə həkimlərin çoxu xəstədən tutma zamanı bu halların videoçəkilişini aparmağı  xahiş edir.

Diaqnoz kifayət qədər asanlıqla təyin edilir. Həkimin cavab tapmalı  olduğu vacib suallar:

-Bu vəziyyət sinir tikidirmi, yoxsa sinir sisteminin başqa bir xəstəliyidir? 

-Sinir tikinin səbəbi nədir? Sinir tiki birincili, ikincili yoxsa irsi mənşəlidir?

Sinir tikləri zamanı həkimin təyin edə biləcəyi müayinələr:

Laborator analizlər

Qanın ümumi analizi

Orqanizmdə iltihabi dəyişiklikləri aşkar etməyə imkan verir (leykositlərin sayının artması  və EÇS – eritrositlərin çökmə sürətinin artması  onun əlamətləridir). Bu, dolayı yolla infeksiya və ya autoimmun xəstəliklərdən – tiklərin mümkün səbəblərindən şübhələnməyə imkan verir.

Qanın biokimyəvi analizi

Sinir sisteminin zədələnməsinə və tiklərin yaranmasına səbəb ola biləcək daxili  üzvlərin xəstəliklərinin müəyyən edilməsinə imkan verir.

Tədqiqat zamanı aşağıdakı göstəricilər qiymətləndirilə bilər: 

-xolesterinin miqdarı (aterosklerozun mövcudluğunu və dolayı  yolla – beyin damarlarının zədələnməsini qiymətləndirməyə imkan verir); 

-qlükozanın miqdarı (artmış səviyyə – şəkərli diabetin əlamətidir); 

-bilirubinin miqdarı (baş beyin  üçün toksik olan hemoqlobinin parçalanmasının məhsuludur, onun miqdarının artması qaraciyər funksiyasının pozulmasını  göstərə bilər); 

-müxtəlif fermentlərin miqdarı (qaraciyər, böyrək və digər orqanların zədələndiyini göstərir);

-kreatininin və sidik turŞusunun miqdarı (artması – böyrəyin zədələnməsinin bir əlamətidir); 

-ionların  miqdarı (dəyişikliklər müxtəlif orqanların, ilk növbədə böyrəklərin zədələnməsindən xəbər verə bilər).

Instrumental müayinələr

Kəllənin rentgenoqrafiyası, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası

Bu müayinələr baş beynin və kəllə sümüklərinin vəziyyətini qiymətləndirməyə, ikincili sinir tiklərinə səbəb olan xəstəlikləri aşkarlamağa kömək edir.

Kəllənin rentgen təsvirləri müxtəlif proyeksiyalarda aparılır. KT və MRT müayinələri, təbəqəli kəsikli şəkilləri və ya intrakranial strukturların 3-ölçülü proyekisiyada təsvirlərini əldə etməyə imkan verir.

EEQ (Elektroensefaloqrafiya)

Metod baş beyində baş verən elektrik impulslarının qeyd edilməsinə əsaslanır. Bu zaman patoloji fəallıq ocaqlarını aşkar etmək mümkündür.

Mütəxəssislərin müayinələri

Travmatoloqun müayinəsi: keçirilmiş KBT – kəllə-beyin travmaları  zamanı  zəruri  ola bilər.

Onkoloqun müayinəsi: kəllədaxili şişlərə şübhə yarandıqda tələb oluna bilər.

Psixiatrın müayinəsi: ruhi xəstəliklərin olmasına şübhə yarandıqda tələb oluna bilər. Lazım gələrsə, nevropatoloq digər müayinələr və analizlər də təyin edə bilər.

Sinir tiklərinin müalicəsi

Sinir tiklərinin müalicəsinə yanaşma onların meydana gəlməsi səbəbi ilə müəyyənləşdirilir. Əgər bu, ikincili tikdirsə, ilk növbədə əsas xəstəliyin müalicəsi ilə məşğul olmaq lazımdır. Əksər hallarda  əsas xəstəliyin simptomları dayandırıldıqda tiklər də yox olur. Birincili tiklərin müalicəsinə yanaşma bir az fərqlidir.

Birincil sinir tikləri xəstənin həyati fəaliyyətinə müdaxilə etmirsə, onun sosial imkanlarını məhdudlaşdırmırsa, belə hallarda dərman müalicəsi tətbiq edilmir. Əslində tiklərin özləri  insan orqanizmi  üçün zərərsizdir. Əksər hallarda onlar sağlamlıq baxımından heç bir təhlükə daşımır. Tiklərin müalicəsi üçün istifadə olunan dərmanlar isə, əlavə təsirlərini nəzərə almaqla, orqanizmə zərər verə bilər və bu zərər tiklərin vura biləcəyi ziyanla müqayisədə daha əhəmiyyətli ola bilər. Tiklər əleyhinə tətbiq edilən preparatların heç biri  tam təhlükəsiz deyil.

Tikləri aradan qaldırmağa ehtiyac yarandıqda, bu məqsədlə bir neçə dərman qrupundan istifadə olunur. Dərman vasitələrinin seçimi zamanı ümumi prinsip daha təhlükəsizdən daha effektiv preparata keçməkdir. Bu zaman məqsəd, tikləri tamamilə yox etmək mümkün olmasa da, ən azından onların intensivliyini xeyli  aşağı salmaqdır ki, tiklər xəstənin sosial adaptasiyasına mane olmasın.

Birincili sinir tiklərinin müalicəsi

Çox vaxt uşaqlarda birincili sinir tiklərinin müalicəyə ehtiyacı  olmur və yaş ötdükcə onlar öz-özünə keçib gedir. Müalicə yalnız simptomları azaltmaq və bərpa prosesini sürətləndirmək məqsədilə təyin edilir.

Əsas tədbirlər

• Düzgün gün rejimi. Uşaq həmişə eyni zamanda yuxudan oyanmalı, yemək yeməli və  yatmağa getməlidir. Qida balanslaşdırılmış olmalı və bütün zəruri maddələr, vitaminlər, mikroelementlər ilə zənginləşdirilməlidir. Məktəbdə uşağın üzərinə həddən artıq yükün düşməsi yolverilməzdir. Uşağın idmanla məşğul olması, açıq havada olması, aktiv həyat tərzi keçirməsi üçün kifayət qədər vaxt ayırmaq lazimdir. Tətillər zamanı  şəhərdən çıxmaq tövsiyə olunur.

• Psixoemosional yükün azaldılması.  Bu, daha çox ailədaxili problemlərlə bağlı olur. Valideynlər bir-birinə və övladlarına münasibətlərini yenidən nəzərdən keçirməlidirlər. Əgər uşağın məktəbdə sinif yoldaşları və müəllimləri ilə problemləri yaranarsa, bu münaqişə valideynlərin və məktəb psixolоqunun iştirakı  ilə həll olunmalıdır. Ola bilsin ki, valideynlər öz tərbiyə üsullarını tamamilə yenidən nəzərdən keçirsinlər.

• Uşaq psixoloqu və ya psixoterapevtinin  köməyi.  Mütəxəssis, uşağın emosional vəziyyətini sabitləşdirməyə, daxili münaqişələrin aradan qaldırılmasına, ailədə və həmyaşıd qrupunda əlaqələrin qurulmasına kömək edir. Bəzən ailə psixoterapiyasına ehtiyac yaranır.

• Dərman müalicəsi Tiklərin güclü şəkildə ifadə edildiyi, tez-tez təkrarlandığı  hallarda təyin edilir.

Birincili tiklər zamanı  istifadə olunan preparatlar:

1.Sedativ preparatlar

Valerian (PiŞikotu) tinkturası

Valerian tərkibi aşağıdakı təsirləri verən dərman bitkisidir:

• sinir sisteminin işinin normallaşdırılması;

• ürək-damar sisteminin işinin normallaşdırılması;

• baş beyində tormozlanmanın gücləndirilməsi və oyanıqlığın zəiflədilməsi.

Tinktura 3 yaşdan yuxarı uşaqlarda istifadə olunur. Bir stəkan suya, uşağın yaşı sayda damcı tinktura tökülür. Sutkada 3-4 dəfə qəbul edilməlidir. Böyüklər sutkada 3-4 dəfə, 20-30 damcı qəbul etməlidirlər.

Novo-passit

Bitki tərkibli sedativ preparatdır. Aşağıda göstərilən təsirlərə malikdir: 

-sedativ təsir göstərir; 

-anksiolitik (həyəcan əleyhinə) təsir göstərir; 

-qorxunu və əsəb gərginliyini aradan qaldırır; 

-saya əzələlərə boşaldıcı  təsir göstərir. Sutkada 3 dəfə, 5 ml (1 çay qaşığı) qəbul edilir. Preparatın 12 yaşdan kiçik uşaqlara təyin edilməsi məsləhət görülmür.

2. Trankvilizatorlar

Diazepam (Sibazon, Relanium, Diazepek, Valium)

Preparat trankvilizatorlar qrupuna aiddir. Əsas təsirləri:  

*emosional stressın aradan qaldırılması; 

*narahatlığın yox edilməsi; 

*narahatlıq və qorxunun aradan qaldırılması;

*sedativ təsiri; 

*əzələlərin boşalması; 

*qıcolmaların aradan qaldırılması; 

*zəif  yuxugətirici effekti  var.

Preparat sinir tiklərinin güclü ifadəsi zamanı, adi tədbirlər, Valerian tinkturası və Novo-passit kömək etmədikdə təyin edilir. Diazepam tabletlər, venadaxili və ya əzələdaxili inyeksiya şəklində tətbiq oluna bilər.

Uşaqlar üçün adi dozalar

1-3 yaşlarında – sutkada 2 dəfə 1 mq; 

3-7 yaşlarına – sutkada 3 dəfə 2 mq;

7 yaşdan yuxarı – 3 – 5 mq, sutkada 2 – 3 dəfə.

Fenazepam

Ən güclü trankvilizatorlardan biridir.

Əsas təsirləri :  

*yüksək narahatlıqların aradan qaldırılması; 

*tutmaların aradan qaldırılması; 

*əzələlərin boşalması; 

*sedativ təsir; 

*yuxugətirici təsir.

Preparat adi tədbirlər, sedativ preparatlar kömək etmədikdə, sinir tiklərinin güclü ifadəsi zamanı təyin edilir.  Uşaqlar üçün doza müalicə həkimi tərəfindən təyin edilir. Böyüklər üçün sutkada 2 dəfə, 0,5-1 mq dozasında tətbiq edilir.

3. Neyroleptiklər

Haloperidol

Ən güclü psixotrop preparatlardan biridir. Ən ağır hallarda  istifadə edilir.

Əsas təsirləri : 

*antipsixotik – psixi funksiyaların normallaşdırılması; 

*hərəki oyanıqlığın aradan qaldırılması; 

*ağrıkəsici effekt.

Haloperidol, Diazepam və Fenazepamın istifadəsindən effekt olmadığı zaman birincili tiklərin ən ağır formalarında istifadə edilir. Böyüklər üçün preparatın dozası sutkada 0,5 mq təşkil edir. 5 yaşınadək uşaqlara böyüklərə verilən dozanın ¼-ni, 6-15 yaşlı uşaqlara isə ½-ni təyin edirlər.

Pimozid (Orap)

Pimozid Diazepam və Fenazepamın istifadəsinin təsiri olmayan birincili sinir tikinin ən ağır formaları  zamanı  istifadə olunur.

Böyüklər üçün sutkalıq doza 1 mq-dan başlanılır, sonra tədricən artırılaraq 5 mq-a qədər çatdırıla bilər.

Risperidon (Rispolept)

Risperidon sutkada 0,5-2 mq dozasında tətbiq olunur.

Siklodol (Parkopan)

Siklodol, ekstramid pozuntular riskini aradan qaldırmaq üçün neyroleptiklərə əlavə olaraq istifadə edilir.  Əsas təsirləri:  

*əllərdə və ayaqlarda titrəmənin azaldılması; 

*əzələlərin süstlüyünün azaldılması;

*əzələlərdə hərəkətlərin yaxşılaşdırılması.

Adətən dərman gündə 1 mq dozasında qəbul edilir. Doza xəstəliyin gedişatının şiddətinə əsasən müalicə həkimi tərəfindən təyin edilir.

İkincili  sinir  tiklərinin  müalicəsi.

Uşaqlarda və böyüklərdə ikincili sinir tiklərinin müalicəsində birincili sinir tiklərinin müalicəsi zamanı tətbiq edilən müalicə metodları  eynilə tətbiq edilə bilər. Bu zaman həkimin əsas vəzifəsi, sinir tiklərinin yaranmasına gətirib çıxaran əsas xəstəliyə qarşı mübarizə aparmaqdır.

Ikincili sinir tiklərinin müalicəsi istiqamətləri: 

• Baş beynin infeksiyaları zamanı xəstə stasionara yerləşdirilir və ona antibakterial və ya antiviral preparatlar da daxıl olmaqla kompleks bir müalicə təyin edilir.

• Baş beynin şişləri zamanı cərrahi müalicə planlaşdırılır.

• Beyin qan dövranının pozulması zamanı qan dövranını yaxşılaşdıran, arterial təzyiqi aşağı salan, trombları və xolesterin düyünlərini  aradan qaldıran preparatlar təyin olunmalıdır.

• Psixi  xəstəliklər zamanı müvafiq psixotrop preparatlar təyin olunur.

• Şəkərli diabet zamanı insulin terapiyası aparılır, qanda qlükozanın səviyyəsi optimal dərəcədə saxlanılır.

• Vegetativ-damar distoniyası zamanı vitaminlər, adaptogenlər, baş beynin qan dövranını və funksiyalarını yaxşılaşdıran preparatlardan ibarət müalicə təyin olunur. Əsas xəstəlik sağaldığı zaman sinir tikləri də keçib gedir.

Irsi mənşəli tiklərin müalicəsi

Turett xəstəliyi ilə əlaqəli sinir tiklərinin müalicəsində, birincili sinir tiklərinin müalicəsində istifadə olunan eyni üsullar tətbiq edilir. Lakin bu zaman dərman müalicəsi ön plana çıxır. İrsi mənşəli tiklərin müalicəsində istifadə edilən dərmanlar:

Haloperidol

Birincili sinir tiklərinin müalicəsinin təsviri bölməsində bu barədə ətraflı  şəkildə qeyd edilmişdir. Adətən preparat sutkada 3-6 mq dozasında qəbul edilir. Doza xəstəliyin şiddətindən asılı olaraq müalicə həkimi tərəfindən təyin olunur.

Sulpirid (Eqlonil, Propulsin, Dogmatil, Depral) Psixotrop təsirli preparatdır.

Əsas təsirləri :  

-mərkəzi sinir sisteminin tənzimlənməsi;  

-psixotik pozuntuların aradan qaldırılması;

-depressiya ilə mübarizə; 

-sinir sisteminin stimullaşdırılması.

 Preparat tablet və ya əzələdaxili inyeksiya şəklində istifadə edilə bilər. 

İrsi mənşəli sinir tikləri zamanı tətbiq edilən dozalar:

uşaqlar – sutka ərzində hər 1 kq bədən çəkisinə 5 mq; 

böyüklər – sutkada 300 – 450 mq.

Preparatın dozası xəstəliyin şiddətindən asılı olaraq müalicə həkimi tərəfindən təyin edilir.

Pimozid

Birincili sinir tiklərinin müalicəsinin təsviri bölməsində bu barədə ətraflı  şəkildə qeyd edilmişdir. İrsi mənşəli sinir tikləri zamanı preparat sutkada 1 mq dozasında tətbiq olunur. Preparatın dozası müalicə həkimi tərəfindən tənzim olunur. Tiklərin müalicəsində istifadə olunan digər preparatlar arasında aşağıdakıları  qeyd etmək lazımdır: 

• Fenibut – Nootrop preparatdır. Sutkada 250-750 mq dozadasında təyin edilir. 

• Baklofen – Mərkəzi təsirli miorelaksantdır. Ağrılı  spazmları və kloniki  qıcolmaları zəiflədir. Sutkada 30-75 mq dozasında təyin edilir. 

• Klonazepam (Rivatril) – Sedativ, əzələboşaldıcı, anksiolitik və qıcolma əleyhinə təsir göstərir. Sutkada 0,25-4 mq dozasında təyin edilir. 

• Klonidin (Klofelin) – mərkəzi təsirli antihipertenziv preparatdır. Sutkada 0,075-0,3 mq dozasında təyin edilir. 

• Quanfasin (Estulik) – mərkəzi təsirli antihipertenziv preparatdır. Sutkada 0,5-1,5 mq dozasında təyin edilir. 

• Metoklopramid (Serukal, Reqlan) – dofaminergik və serotonin reseptorlarının antaqonistidir. Qusma əleyhinə təsir göstərir, hıçqırığı  sakitləşdirir. Sutkada 20-60 mq dozasında təyin edilir.

Bioloji aktiv əlavələr

Hal-hazırda tərkibində müxtəlif bioloji aktiv maddələr olan preparatların geniş seçimi mövcuddur. Həmin preparatların tərkibində оlan müxtəlif qruplara mənsub bioloji aktiv əlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

• Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.

• Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.

• Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.

• Tərkibi ionlaşmış kalsium, vitaminlər, minerallar, doymamış yağlar və digər faydalı maddələrdən ibarət оlan preparatlar. Sümük-qığırdaq sistemini möhkəmləndirir, əzələlərin fəaliyyətini gücləndirir. 

• Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli  maddələrdən təmizlənməsində tətbiq edilir. 

• Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.

Yuxarıda sadalanan dərmanlar müxtəlif farmakoloji qruplara aiddir. Göründüyü kimi, onların effektiv dozaları çox fərqli ola bilər. Ağır hallarda tiklər əleyhinə effekti gücləndirmək məqsədilə bəzi dərman preparatlarını müştərək şəkildə tətbiq edirlər. Statistikaya əsasən, sinir tiklərinin yalnız 70%-i bu preparatların təsiri nəticəsində aradan qaldırıla bilir, yerdə qalan 30%-i isə hətta daha böyük dozalarda tətbiq edilən dərman vasitələrinə rezistentlik nümayiş etdirir. Hər hansı dərmanın təyin edilməsi yalnız nevropatoloq tərəfindən aparılmalıdır. Həkim bu preparatların əlavə təsirləri riski  ilə perspektiv faydasını ölçüb-biçməli və bu məlumatı  xəstəyə çatdırmalıdır.  

Sinir tiklərinin müalicəsində tətbiq olunan bəzi alternativ üsullar

Masaj

Sinir tiklərinin müalicəsində rahatlayıcı masaj müsbət effekt göstərir. Masajçı kobud, aktiv hərəklərə yol verməyərək, yüngül sığallama, ovuşdurma, yumşaltma hərəkətləri tətbiq edir. Rahatlayıcı masaj seansları  tik hərəkətlərini həyata keçirmək üçün əzələlərin hazırlığını azalda bilər. Beləliklə, tiklərin tezlik və amplitudları azaldılmış olur. Müalicə kursu adətən, 10 seansdan ibarət olur və ondan sonra əzələ tonusu, qan dövranı, sinir sisteminin vəziyyəti normallaşır. Bu, sinir tiklərini azaltmağa, bəzən isə onlardan tamamilə xilas olmağa kömək edir.

Akupunktura

Akupunktura və ya iynəbatırma – qədim Çindən gələn bir müalicə metodudur. Hesab edilir ki, dəri üzərində lazımi nöqtələrə iynə batırdıqda sinir sisteminin vəziyyətini normallaşdırmaq və sinir tiklərindən azad olmaq mümkündür. Elmi cəhətdən bu, hələ sübuta yetirilməsə də, akupunkturanın bir çox xəstələrə müsbət effekt göstərməsi qeyd olunmuşdur. Akupunktur sinir sisteminin oyanıqlığını azaldır və dolayı yolla tiklərin tezliyinə təsir edir.

Cərrahi müdaxilə

Hal-hazırda ağır dərəcəli sinir tiklərinin müalicəsində cərrahi müdaxilədən istifadə olunması təklif olunur. Cərrah, ən çox yığılmış olan əzələ liflərini kəsib götürür. Bundan sonra tiklər azalır və ya tamamilə keçir.

Botoksun tətbiqi

Həmçinin, kosmetologiyada istifadə edilən preparat olan Botoksla (botulotoksin) sinir tiklərini müalicə etmək üçün cəhdlər edilir. Bəzən botulotoksin inyeksiyaları  müalicə prosesinə əlavə olunur. Botulotoksin tik hərəkətlərini icra edən əzələlərə inyeksiya edilir. O, əzələ liflərini boşaldır və onların təqəllüs etməsinin qarşısını alır. Bu, müvəqqəti olaraq onları iflic edir və tiklər təkrarlanmır. Amma sonra hər şey yenidən başlanır. Yəni  bu müalicə yalnız müvəqqəti effekt göstərir.

Bu üsullar sinir tiklərini effektiv şəkildə aradan qaldırır, amma xəstəliyin baş beyində olan əsas səbəbinə təsir etmir. Nəticədə tiklər aradan qaldırılır, lakin xəstəlik davam edir və sonradan mənfi nəticələr yarana bilər.

Psixoterapiya

Psixoterapiya tiklərin müalicəsində xüsusi bir rol oynayır. Onun üsulları tiklərin  özünü azaltmağa kömək etmir, lakin xəstələrin tiklərə münasibətini dəyişdirir və bəzən onlarla yanaşı meydana çıxan psixi pozuntuları tənzimləyir. Psixoterapiya metodlarının köməyi ilə daxili gərginliyin aradan qaldırılması təmin edilir, tiklərə qarşı tolerantlıq asanlaşdırılır.

Həmçinin, xəstənin iradi surətdə tiklərə nəzarət etməsini məşq etdirən xüsusi  üsullar işlənib hazırlanmışdır. Bu üsullar dedikdə, tiklərdən əvvəl onların yaranmasını  öncədən xəbər verən hissiyyat yaranan zaman onlara rəqabət göstərəcək bir hərəkətin icra edilməsi nəzərdə tutulur.

Sinir tiklərinin profilaktikası

 Sinir tikləri zamanı ümumi  tövsiyələr aşağıdakılardan ibarətdir:

Nə etmək lazımdır? 

• tamdəyərli qidalanma; 

• tamdəyərli yuxu;

• tamdəyərli istirahət; 

• idmanla, məsələn, üzgüçülüklə məşğul olmaq;

• yoqa, meditasiya ilə məşğul olmaq; 

• daim pozitiv və xeyirxah insanların arasında olmaq;

• psixoloqla əməkdaşlıq etmək, özünü idarə etmək bacarıqlarına yiyələnmək; 

• psixo-emosional gərginliyi aradan qaldırmağa və əhval-ruhiyyəni yüksəltməyə kömək edə biləcək maraqlı  bir hobbi tapmaq.

Nə etmək olmaz?

• istirahət olmadan uzun müddət işləmək, daimi yorğunluq və stress; 

• münaqişəyə meylli neqativ insanların arasında qalmaq; 

• kompüterin arxasında uzun müddət işləmək və ya oyun oynamaq; 

• qəddarlıq və zorakılığı təbliğ edən filmləri və televiziya verilişlərini seyr etmək; 

• kifayət qədər yatmamaq; 

• tez-tez qəhvənin və sinir sistemini oyandıran digər məhsulların istifadəsi.

Bu tövsiyələrin mahiyyəti, qıcıqlandırıcı kənar təsirlər olmadan, sinir sistemi üçün sakit bir fon yaratmaqdır. Bu vəziyyətdə, ekstrapiramid sistemində oyandırıcı impulslar daha az yaranır və bu səbəbdən də tiklər daha nadir hallarda meydana çıxır.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, söyləyə bilərik ki, əksər hallarda sinir tiklərini nisbətən ciddi bir xəstəlik hesab etməmək olar. Ən azından onlar, həyat üçün təhlükə daşımır və onun davametmə müddətini azaltmır. Sinir tiklərinin müalicəsi üsulları, əlbəttə ki, mükəmməl deyil, amma onların tətbiq olunması xəstələrin vəziyyətini yaxşılaşdırmağa və daha tamdəyərli bir həyat tərzinə yol açmağa imkan verir.

Leave a reply