Araxnoidit – beynin hörümçək torunabənzər qişasının autoimmun iltihabi zədələnməsi olub, orada bitişmələrin və sistlərin formalaşmasına gətirib çıxarır. Araxnoiditin XBT-10 üzrə kodu    G 03.9-dur.

Araxnoidit termini ilk dəfə 1845ci ildə A. T. Tarasenkov tərəfindən istifadə edilmişdir. Serebral araxnoiditin ətraflı təsvirini 1897-ci ildə alman həkimi G.Beninghaus vermiş və bu xəstəliyi “xarici seroz meningit» (meningitis serosa externa) adlandırmışdır.

Prosesin yerləşməsindən asılı olaraq, araxnoidit kliniki olaraq likvor-hipertenziv, nevrastenik və ya astenik sindromlarla və ocaqlı simptomlar (kəllə-beyin sinirlərinin zədələnmələri, piramidal çatmamazlıqlar, beyincik pozuntuları) şəklində özünü göstərir. Araxnoidit diaqnozu anamnez, xəstənin nevroloji və psixi statusu, Exo-EQ, EEQ, lümbal punksiya, oftalmoloji və otolarinqoloji müayinə, baş beynin MRT və KT, həmçinin KT sisternoqrafiya müayinələri əsasında təyin edilir. Araxnoidit iltihab əleyhinə, dehidratasion, allergiya əleyhinə, anti-epileptik, neyroprotektiv və sorucu preparatlardan ibarət olan dərman terapiyası kompleksi vasitəsilə müalicə olunur.

Hal-hazırda nevrologiyada autoimmun mənşəli olan həqiqi araxnoidit və keçirilmiş kəllə-beyin travmaları və neyroinfeksiyalardan (neyrosifilis, brüsellyoz, botulizm, vərəm və s.) sonra hörümçək torunabənzər qişada fibroz dəyişikliklər nəticəsində yaranan rezidual hallar ayırd edilir. Birinci halda, araxnoidit diffuz xarakter daşıyır və proqressivləşən və ya aralıq gedişə malik olur, ikinci halda – daha çox yerli xarakter daşıyır və proqrediyent gedişlə müşayiət olunmur. Mərkəzi sinir sisteminin üzvi xəstəlikləri arasında həqiqi araxnoidit 3-5% təşkil edir (Lobzin V.S., 1983). Ən çox araxnoidit uşaqlar və 40 yaşınadək gənclər arasında müşahidə olunur. Kişilər qadınlara nisbətən bu xəstəliyə 2 dəfə çox tutulurlar.

 Etiologiya

Xəstələrin təxminən 55-60% -də araxnoidit əvvəllər keçirimiş yoluxucu xəstəliklə əlaqəli olur. Çox zaman bu, virus infeksiyası: qrip, virus meningiti və meninqoensefaliti, suçiçəyi, sitomeqalovirus infeksiyası, qızılca və s. olur. Eləcə də kəllə nahiyəsində xroniki irinli ocaqlar: periodontit, sinusit, tonzillit, otit, mastoidit də buna səbəb ola bilər. 30% hallarda araxnoidit keçirilmiş kəllə-beyin travmalarının, daha çox subaraxnoidal qansızma və ya beyin əzilməsinin nəticəsində inkişaf edir. Qeyd etmək lazımdır ki, araxnoiditin inkişaf etmə ehtimalı travmanın ağırlıq dərəcindən asılı deyil. 10-15% hallarda isə araxnoiditin etiologiyasını dəqiq müəyyən etmək olmur.

Araxnoiditin inkişafına səbəb olan amillərə xroniki yorğunluq, müxtəlif intoksikasiyalar (o cümlədən alkoqolizm), əlverişsiz iqlim şəraitində ağır fiziki iş, tez-tez baş verən kəskin respirator xəstəliklər, lokalizasiyasından asılı olmayan təkrari zədələr misal ola bilər. 

Patogenez

Hörümçək torunabənzər qişa beynin sərt və yumşaq qişaları arasında yerləşir. Bu qişa onların heç biri ilə bitişik deyil, lakin yumşaq beyin qişasının baş beynin qabarıq səthindəki beyin qırışlarını örtdüyü yerlərdə ona sıx söykənmişdir. Yumşaq qişadan fərqli olaraq hörümçək torunabənzər qişa beyin qırışlarına bitişmir və bu sahədə onun altında serebrospinal maye ilə dolu subaraxnoidal boşluqlar yaranır. Bu boşluqlar bir-biri ilə və IV mədəciyin boşluğu ilə əlaqəli olurlar. Subaraxnoidal boşluqlardan hörümçək torunabənzər qişanın qranulyasiyaları, eləcə də perivasculyar və perinevral yarıqlar vasitəsilə kəllə boşluğundan serebrospinal mayenin axını həyata keçir.

Müxtəlif etioloji amillərin təsiri altında orqanizmdə öz hörümçək torunabənzər qişasına qarşı anticisimlər istehsal olunmağa başlanır ki, bu da onun autoimmun iltihabının – araxnoiditin yaranmasına səbəb olur. Araxnoidit hörümçək torunabənzər qişanın qalınlaşması və rənginin bulanması, onda birlədirici toxumanın bitişmələrinin və sistoz genişlənmələrin formalaşması ilə müşayiət olunur. Araxnoidit zamanı yaranan bitişmələr yuxarıda adları çəkilən serebrospinal mayenin drenajı yollarının obliterasiyasına gətirib çıxarır. Bunun nəticəsində ümumi beyin simptomlarının baş verməsinə səbəb olan hidrosefaliya və likvor-hipertenzion böhran inkişaf edir. Araxnoiditi müşayiət edən ocaqlı simptomatika bitişmələrdən altda yerləşən beyin strukturlarına qıcıqlandırıcı təsirin olması və onlarıın adheziv prosesə qoşulması ilə əlaqədardır.

Araxnoiditin təsnifatı

Kliniki praktikada araxnoidit lokalizasiyasına görə təsnif edilir. Serebral və spinal araxnoidit ayırd edilir. Serebral araxnoidit öz növbəsində, konveksital, basilyar və arxa kəllə çuxurunun araxnoiditlərinə bölünür. Proses diffuz xarakterli olduqda bu cür təsnifat həmişə mümkün olmur.

Patogenezin xüsusiyyətlərinə və morfoloji dəyişikliklərə görə araxnoidit adheziv (yapışqan), adheziv-sistoz və sistoz formalara bölünür.

Araxnoiditin simptomları

Araxnoiditin kliniki şəkli, səbəb olan amilin təsirindən bir müddət sonra ortaya çıxır. Bu müddət baş verən autoimmun proseslərlə şərtləndirilir və araxnoiditi törədən amildən asılı olaraq müxtəlif ola bilər. Belə ki, keçirilmiş gripdən sonra araxnoidit 3-12 aydan sonra, kəllə-beyin travmasından sonra isə orta hesabla 1-2 ildən sonra özünü göstərir. Tipik hallarada araxnoidit tədrici və az nəzərə çarpan başlanğıcla və asteniyaya və ya nevrasteniyaya xas olan simptomlarin: yorğunluq, halsızlıq, yuxu pozğunluqları, əsəbilik, emosional labillik və s. yaranması və artması ilə xarakterizə olunur. Bu fonda epileptik tutmaların meydana gəlməsi baş verə bilər. Vaxt keçdikcə araxnoiditi müşayiət edən ümumi beyin və yerli (ocaqlı) simptomlar ortaya çıxmağa başlayır.`

Araxnoiditin ümumi beyin simptomları

Serebral simptomatikanın yaranmasına likvorodinamikanın pozulması səbəb olur və əksər hallarda likvor-hipertenziv sindrom şəklində təzahür edir. 80% hallarda araxnoiditli xəstələr kifayət qədər gərgin yayılmış baş ağrısından şikayət bildirirlər ki, bu da daha çox səhər vaxtı baş verməsi və öskürək, gücənmə və fiziki gərginlik zamanı artması ilə xarakterizə olunur. Kəllədaxili təzyiqin artması ilə əlaqədar həmçinin göz almalarının hərəkətinin ağrı hissi ilə müşayiət olunması, gözlərdə təzyiq hissi, ürəkbulanma, qusma da müşahidə edilir. Araxnoidit tez-tez qulaqlarda küy, eşitmənin zəifləməsi, sistemsiz başgicəllənmə ilə müşayiət edilir ki, bu da xəstədə eşitmə ilə əlaqədar digər patologiyaların (koxlear nevrit, xroniki orta otit, adheziv otit, labirintit) inkar edilməsini tələb edir. Həddən artıq sensor oyanıqlıq (kəskin səslərə, səs-küyə və parlaq işığa dözümsüzlük), vegetativ pozuntular və vegetativ-damar distoniyası üçün xarakterik olan vegetativ böhranların yaranması mümkündür.

Araxnoidit tez-tez vaxtaşırı meydana gələn likvorodinamik pozuntuların kəskin ağırlaşması ilə müşayiət edilir ki, bu da likvorodinamik böhran: qəflətən baş verən və ürəkbulanma, başgicəllənmə və qusma ilə birgə rast gəlinən şiddətli baş ağrısı tutmaları şəklində təzahür edir. Bu cür tutmalar ayda 1-2 dəfə (nadir böhranlı araxnoidit), ayda 3-4 dəfə (orta tezlikli böhranlarla keçən araxnoidit) və ayda 4 dəfədən çox(tez-tez böhranlarla keçən araxnoidit) baş verə bilər. Simptomların şiddətindən asılı olaraq, likorodinamik böhranlar yüngül, orta ağırlıqlı və ağır dərəcələrə bölünür. Ağır likorodinamik böhran ümumi zəiflik və təkrar qusma ilə müşayiət olunur və 2 sutkaya qədər davam edə bilir.

Araxnoiditin ocaqlı simptomları

Araxnoiditin ocaqlı simptomatikası onun lokalizasiyasından asılı olaraq fərqlənə bilər.

Konveksital araxnoidit əks tərəfdə bir və ya hər iki ətrafın hərəki fəaliyyətinin və hissiyyatın cüzi və ya orta dərəcədə pozulması ilə ortaya çıxa bilər. Bu lokalizasiyalı araxnoiditlərin 35% -i epileptik tutmalarla müşayiət olunur. Adətən epileptik tutmaların polimorfizmi qeyd edilir. Birincili və ikincili generalizə olunmuş tutmalarla yanaşı, sadə və mürəkkəb tutmalar da müşahidə olunur. Tutmadan sonra müvəqqəti nevroloji çatmamazlığın yaranması mümkündür.

Basilyar araxnoidit yayılmış ola bilər və ya əsasən optiko-xiazmal nahiyədə, ön və ya orta kəllə çuxurunda lokallaşa bilər. Onun klinikası başlıca olaraq beyin əsasında yerləşən I, III və IV kranial sinir cütlərinin zədələnməsi şəklində təzahür edir. Piramid çatışmazlıq əlamətləri yarana bilər. Ön kəllə çuxurunun araxnoiditi tez-tez diqqət və yaddaşın zəifləməsi, əqli iş qabiliyyətinin azalması ilə özünü göstərir. Optiko-xiazmal araxnoidit görmə itiliyinin proqressivləşən azalması və görmə sahələrinin daralması ilə xarakterizə olunur. Bu dəyişikliklər çox vaxt ikitərəfli olur. Optiko-xiazmal araxnoidit bu nahiyədə yerləşən hipofizin zədələnməsi ilə müşayiət olunarsa, baş beynin bu nahiyədə yerləşən hissələrinin şişinin endokrin və metabolik çatmamazlıqlarla təzahür edən əlamətlərini xatırladan formada meydana çıxa bilər.

Körpü–beyincik bucağının araxnoiditi bir qayda olaraq eşitmə sinirinin zədələnməsi şəklində təzahür edir. Lakin, üçlü sinirin nevralgiyası ilə başlanması da mümkündür.

Arxa kəllə çuxurunun araxnoiditi hipofizin adenoması sindromunun təzahürlərini xatırladan ağır gedişə malikdir. Sonra üz sinirinin mərkəzi nevritinin simptomları yaranır. Böyük sisternanın araxnoiditi zamanı ön plana ağır likvorodinamik krizlərlə birgə yüksək dərəcədə ifadə olunmuş likvor –hipertenzion sindrom çıxır. Beyincik pozğunluqları: koordinasiyanın pozulması, nistaqm və beyincik ataksiyası xarakterikdir. Böyük sisterna nahiyəsində olan araxnoidit okklüzion hidrosefaliyanın inkişafı və sirinqomiyelitik sistin meydana gəlməsi ilə ağırlaşa bilər.

Spinal araxnoidit

Prosesin yayılmasına görə disseminə olunmuş, diffuz və məhdud növlərə bölünür. Kliniki təzahürləri prosesin təbiətinə, yayılmasına və lokalizasiyasından asılı olur. Kəskin ifadə olunmayan naqil və seqmentar pozuntularla birgə kökcük ağrısı sindromu ilə xarakterizə olunur. Ayrı-ayrı əzələlərin parezləri, yüngül dərəcəli mərkəzi parez və ya kortiko-spinal çatmamazlıq əlamətləri, seqmentar və ya naqil tipli hissiyyat pozğunluqları qeyd edilir. Serebrospinal mayedə çox vaxt zülal-hüceyrə dissosiasiyası müəyyən edilir. Uşaqlarda nadir hallarda rast gəlinir.

Araxnoiditin diaqnostikası

Həqiqi araxnoidit diaqnozunu nevropatoloq yalnız xəstənin hərtərəfli müayinəsindən sonra; anamnestik məlumatların müqayisəsi, nevroloji müayinənin nəticələri və instrumental tədqiqatlardan sonra təyin edə bilər. Anamnezi toplayarkən xəstəliyin simptomlarının tədricən inkişafına və onların proqressivləşən xarakterinə, yaxın vaxtlarda keçirilmiş infeksiyalara və ya kəllə-beyin travmalarının olmasına diqqət yetirilir.

Nevroloji statusun müayinəsi kəllə-beyin sinirlərinin pozuntularını aşkar etməyə; ocaqlı nevroloji çatmamazlıqları, psixo-emosional və mnestik pozğunluqları müəyyənləşdirməyə kömək edir.

Araxnoiditin diaqnostikasında kəllənin rentgenoloji müayinəsi az informativdir. Bu metod yalnız uzun müddət davam edən kəllədaxili hipertenziyanın əlamətlərini: barmaq basıqlarını və türk yəhərinin osteoporozunu aşkar edə bilər. Hidrosefaliyanın varlığı barədə Exo-EQ-nin məlumatlarına əsasən fikir yürütmək olar. Konveksital araxnoiditi olan xəstələrdə EEQ-nin köməkliyi ilə ocaqlı qıcıqlanma və epileptik fəallıq aşkar edilir.

Araxnoiditə şübhəli xəstələr mütləq oftalmoloq tərəfindən müayinə edilməlidirlər. Arxa kəllə çuxurunun araxnoiditi olan xəstələrin təxminən 50%-də oftalmoskopiya zamanı görmə siniri diski nahiyəsində durğunluq əlamətləri qeyd edilir. Optiko-xiazmal araxnoidit perimetrya zamanı görmə sahələrinin konsentrik və ya bitemporal daralmasının aşkar edilməsi və mərkəzi skotomaların mövcudluğu ilə səciyyələnir.

Eşitmə pozğunluğu və qulaqdakı küy LOR həkiminin konsultasiyasına ehtiyac yaradır. Karlığın növü və dərəcəsi kəndar audiometriyasının köməkliyi ilə müəyyən edilir. Eşitmə analizatorunun zədələnmə səviyyəsini müəyyən etmək üçün Elektrokoxleoqrafiya, eşitmə potensiallarının tədqiqi, akustik impedansemetriya aparılır.

Baş beynin KT və MRT müayinələri həcmli prosesləri (hematoma, şiş, beyin absesi) istisna etməyə, araxnoiditi müşayiət edən morfoloji dəyişiklikləri (adheziv prosesləri, sistlərin olmasını, atrofik dəyişiklikləri) aşkar etməyə, hidrosefaliyanın xarakterini və dərəcəsini müəyyənləşdirməyə imkan verir. Subaraxnoidal boşluqların şəklindəki dəyişikliklər KT- sisternoqrafiya zamanı aşkar edilə bilər.

Lümbal punksiya kəllədaxili təzyiqin dərəcəsi haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Aktiv araxnoidit zamanı serebrospinal mayenin tədqiqi adətən zülalın miqdarının (0,6 q / l-ə qədər) və hüceyrələrin sayının artmasını, eləcə də neyromediatorların (məsələn, Serotonin) faizinin çoxalmasını aşkar edir. Bu müayinə metodu araxnoiditi digər beyin xəstəliklərindən fərqləndirməyə kömək edir.

Differensial diaqnostika

Araxnoidit diaqnozunu təyin edərkən, onu əsasən aşağıda sadalanan xəstəliklərdən ayırd etmək lazım gəlir:

–  Dağınıq skleroz

– Devik xəstəliyi;

– Leber xəstəliyi;

– Eklampsiya;

– Ensefalit;

– Baş beynin damarlarının anevrizması;

– Retinoblastoma;

– Xiazmanın sarkoidoz infiltrasiyası və ya şiş prosesi (hipifizin adenoması, türk yəhəri qabarcığının meningeoması və ya kraniofaringeoma) və s.

Bütün hallarda, araxnoidit diaqnozunun dəqiqlədirilməsi kliniki, instrumental və laborator müayinələrin nəticələrinin diqqətli təhlilindən sonra baş verməlidir.

Araxnoiditin müalicəsi

Araxnoiditin müalicəsi adətən stasionar şəraitində həyata keçirilir. Müalicənin effektivliyi xəstəliyin etiologiyasından və fəallıq dərəcəsindən asılıdır.

Araxnoiditi olan xəstələrin dərman müalicəsi sxeminə aşağıdakı preparatlar daxildir:

İltihab əleyhinə qlükokortikosteroidlər

– Prednizolon – sutkalıq doza 30 mq-a qədərdir. Müalicəvi effekt yarandıqdan sonra sutkalıq doza 10 mq-a qədər endirilir, sonra tədricən endirilərək tam kəsilir. Müalicə kursu 14 gündür;

– Metilprednizolon – Başlanğıc doza sutkada 12-40 mq-dır. Müalicəvi effekt yarandıqdan sonra sutkalıq doza 4-12 mq-a endirilir, sonra tədricən azaldılaraq tam kəsilir.

Sorucu vasitələr

– Pirogenal – günaşırı əzələyə 25-50 MPD (minimal pirogen doza) yeridilir. Müalicə kursu 10-15 inyeksiyadır;

– Lidaza (Hialuronidaza) – hə ampulun möhtəviyyatını 1 ml 0,5%-li Novokain məhlulunda həll edib əzələ daxilinə vurmalı.

Antiepileptik preparatlar

– Karbamazepin (Finlepsin, Teqretol) – 200 mq dozasında, sutkada 3 dəfə daxilə;

– Levetirasetam – 500 mq dozasında, sutkada 2 dəfə, 1 tablet daxilə təyin edilir.

Dehidratasion preparatlar

Kəllədaxili təzyiqin artım dərəcəsindən asılı olaraq:

– Mannitol – 15%-li məhlulunu 5%-li Qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edib, 0%-1,5 q/kq nisbətində vena daxilinə;

– Asetazolamid (Diakarb) – 250 mq dozasında, 1 tablet daxilə;

– Furosemid (Laziks) – 40 mq dozasında, sutkada 1 tablet daxilə və ya 2 ml 1%-li məhlulu əzələ daxilinə təyin edilir.

Neyroprotektorlar və metabolitlər

– Pirasetam (Nootropil) – 5 ml 20%-li məhlulu venaya və ya 400 mq dozasında, sutkada 2 dəfə, 2 tablet və ya kapsul daxilə;

– Mildronat (Meldonium) – 5 ml məhlulu, sutkada 1 dəfə venaya və ya 250 mq dozasında, sutkada 4 dəfə 1 kapsul daxilə;

– Ginko biloba (Tanakan) – 40 mq dozasında, sukada 3 dəfə 1 tablet daxilə;

– Serebrolizin – 2 ml əzələ daxilinə təyin edilir.

Allergiya əleyhinə preparatlar

– Klemastin (Tavegil) – sutkada 2 dəfə, 1 tablet daxilə;

-Loratadin (Klaritin) – 10 mq dozasında, sutkada 1 tablet daxilə;

–         Mebhidrolin (Diazolin) – 100 mq dozasında, sutkada 2 dəfə, 1 draje daxilə təyin edilir.

Psixotrop preparatlar

Antidepressantlar, trankvilizatorlar, sedativlər.

Araxnoiditin müalicəsində orqanizmdə mövcud olan irinli infeksiya ocaqlarının (otit, sinusit və s.) sanasiyası vacib şərtlərdəndir.

Ağır optiko-xiazmal araxnoidit və ya arxa kəllə çuxurunun araxnoiditi görmənin proqressivləşən zəifləməsi və ya okklüzion hidrosefaliya halları cərrahi müalicə üçün göstərişdir. Əməliyyatın əsas məqsədi likvor yollarının bərpası, sistlərin çıxarılması və yaxınlıqda yerləşən beyin strukturlarının sıxılmasına gətirib çıxaran bitişmələrin aralanması ola bilər. Araxnoidit zamanı hidrosefaliyanı azaltmaq üçün şuntlayıcı əməliyyatların tətbiq olunması mümkündür. Sistoperitoneal, ventrikuloperitoneal və lümboperitoneal şuntlama əməliyyatlarının məqsədi serebrospinal mayenin alternativ xarici yollarının yaradılmasıdır.

Proqnoz və profilaktika

Araxnoidit olduqca təhlükəli bir xəstəlik olduğundan, onun heç bir iz qoymadan keçib getmək ehtimalı yoxdur. Ancaq həyatın proqnozu olduqca əlverişlidir: əgər xəstəliyə vaxtında diaqnoz qoyulsa və müalicə kifayət qədər adekvat şəkildə başlanarsa, onda həyat üçün demək olar ki, heç bir təhlükə olmur. Lakin, xəstəliyin beyin hidrosefaliyası ilə ağırlaşmış variantı istisna təşkil edir. Təəssüf ki, bu vəziyyətdə xəstəni xilas etmək hər zaman mümkün olmur.

Əksər hallarda, reabilitasiya kursundan sonra araxnoidit keçirmiş şəxs əmək qabiliyyətini tamamilə bərpa edə bilir. Sağlamlıq tam bərpa edilmədikdə, ona III qrup əlillik dərəcəsi təyin oluna bilər.

Xəstəliyin kəskin dövrünün patologiyası zamanı konservativ müalicə təxminən 3-6 ay arası davam edir. Kəskin dövrün qarşısı alındıqdan sonra fizioterapiyaya başlamaq olar. Pasientlərə elektrofarezin köməkliyi ilə kalsi və Vitamin PP preparatlarını orqanizmə yeritmək olar. Xəstələrı yarımyataq rejiminə keçirdikdən sonra onları müalicəvi idman prodesurlarına cəlb etmək lazımdır.  Bu periodda əsas məsələ: orqanizmin ümumi möhkəmlənməsi və hərəkət koordinasiyasının yaxşılaşdırılmasına yönəldilməlidir. Müalicəvi İdman– tənəffüs hərəkətləri, gərginliyin aradan qaldırılması və tədricən artırmaq artırmaq yolu ilə ümumi əzələ qrupunun möhkəmləndirilməsinə əsaslanır.

Nadir hallarda (təqribən 10% hallarda) araxnoiditin ağırlaşmış formasını keçirmiş xəstələrdə epileptik tutmalar inkişaf edə bilər. Bu halda həmin şəxs həyatının qalan hissəsini üçün antikonvulsant preparatlar qəbul etməlidir. Bu vəziyyətdə ona II qrup əlillik dərəcəsi təyin edilir.

Təxminən 2% hallarda bu xəstəlik görmə qabiliyyətinin azalmasına gətirib çıxarır. Bəzən xəstə tamamilə kor olur. Əlbəttə ki, bu vəziyyətdə həmin şəxs tamdəyərli əmək qabiliyyətinin itirir və ona I qrup əlillik dərəcəsi təyin edilir.

Araxnoidit keçirmiş şəxs sonradan müəyyən ehtiyat tədbirlərinə riayət etməlidir. Belə insanlar əmək şəraiti normal atmosfer təzyiqindən əhəmiyyətli dərəcədə fərqlənən, səs-küylü yerlərdə işdən imtina etməlidirlər. Bütün bu amillər xəstəliyin yenidən ortaya çıxmasına səbəb ola bilər.

Keçirilmiş xəstəlikdən sonrakı birinci il ərzində bütün növ infeksiyadan qorunmaq olduqca vacibdir. Əks təqdirdə araxnoiditin təkrar inkişafı ehtimalı çox yüksəkdir. Bu problemi həll etmək üçün immuniteti möhkəmləndirmək lazımdır. Bunu etmək üçün xüsusi müalicə kursu təyin edəcək həkim-immunoloqa müraciət etmək olar.

Əlbəttə ki, araxnoidit sağlamlıq üçün ağır nəticələrə səbəb ola biləcək ciddi bir xəstəlikdir. Lakin, mütəxəssislərin yardımına vaxtında müraciət edilməsi bütün riskləri minimuma endirməyə kömək edəcəkdir.

Leave a reply