Artroz – mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edən oynaqların xroniki, proqressivləşən degenerativ-distrofik dəyişikliyidir. Xəstəliyin əsasında oynaq qığırdağının zədələnməsi durur; lakin artroz zamanı patoloji proses yalnız qığırdağı deyil, həm də qonşu anatomik strukturları (kapsul, bağlar, sinovial qişa, qığırdağın altında yerləşmiş sümük strukturları və oynaqətrafı əzələlər) da əhatə edir.

Yayılması 

Artroz oynaqların daha geniş yayılmış xəstəliyidir. Amerika həkimlərinin məlumatlarına əsasən Birləşmiş Ştatlarda bu xəstəlik əhalinin 7%-ində müşahidə olunur. Rusiya mütəxəsisləri də oxşar rəqəmləri səsləndirirlər; genişmiqyaslı araşdırmalara görə 6,43% rus artrozdan əziyyət çəkir. Qadınlar və kişilər artrozla eyni intensivlikdə xəstələnirlər; lakin cavan xəstələr arasında kişilər; yaşlı nəsil arasında isə qadınlar üstünlük təşkil edir. Xəstəliyin yayılması ilə bağlı ümumi mənzərədən fərqli olaraq falanqalararası oynaqların artozu qadınlarda kişilərlə müqayisədə 10 dəfə çox inkişaf edir.

Yaş artdıqca xəstələnmə kəskin artır. Belə ki, Amerika həkimlərinin araşdırmalarına əsasən artroz 45 yaşdan kiçik insanların 2%-ində, 45-64 yaşlı insanların 30%-ində və 65 yaşdan böyük insanların 65-85%-də təyin olunur. Yayılmasına görə birinci yeri əldarağının kiçik oynaqlarının, birinci ayaqdarağı-falanqa oynağının, onurğanın bel və boyun nahiyəsinin, həmçinin bud-çanaq və diz oynaqlarının artrozları tutur. Lakin pasientin həyat səviyyəsinə və əmək qabiliyyətinə mənfi təsirinə görə böyük və orta ölçülü oynaqların artrozları daha böyük klinik əhəmiyyətə malikdir.

Artrozun səbəbləri

Bir sıra hallarda xəstəlik görünən səbəb olmadan inkişaf edir; belə patologiya idiopatik və ya birincili adlandırılır. Bununla yanaşı, hər hansı bir patoloji proses nəticəsində inkişaf edən ikincili artrozlar da var. İkincili artrozun daha geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Travmalar (sınıqlar, meniskin zədələnməsi, bağların cırılması, çıxıqlar və s.).
  • Displaziyalar (bud-çanaq oynağının anadangəlmə çıxıqları; diz, aşıq-baldır və yuxarı ətraf oynaqlarının anadangəlmə anomaliyaları).
  • Metabolizmin pozulması.
  • Autoimmun xəstəliklər (revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi).
  • Qeyri-spesifik iltihab (kəskin irinli artrit).
  • Spesifik iltihab (vərəm, gənə ensefaliti, qonoreya, sifilis).
  • Bəzi endokrin xəstəliklər.
  • Degenerativ-distrofik proseslər (Pertes xəstəliyi və başqa osteoxandropatiyalar, kəsici osteoxondrit (Keniq xəstəliyi)).
  • Oynaqların hərəki aktivliyi yüksək, bağ aparatı isə zəif olan xəstəliklər və vəziyyətlər.
  • Qan sistemi xəstəlikləri: oynaqlara qan sızma ilə müşayiət olunan hemofiliya.

Artrozların risk faktorlarına aşağıdakılar aiddir:

  • Yaş həddi (60 yaşdan yuxarı).
  • Artıq çəki (daimi yüklənmə nəticəsində oynaqlar yüklənir, oynaq səthi vaxtından əvvəl aşınır).
  • Oynaqların və ya müəyyən oynağın həddən artıq yüklənməsi. Bu, əmək şəraiti, məşqlərin qeyri-düzgün təşkili (xüsusən anamnezdə oynaq travmaları olduqda), bəzi xəstəliklər, həmçinin xəstəlik və travmaların nəticəsi (məs., axsaqlıq nəticəsində sağlam ayaq, əsadan istifadə olunduqda isə qollar həddən artıq yüklənir) ilə əlaqəli ola bilər.
  • Oynaqlara operativ müdaxilə. Xüsusən böyük toxuma hissəsinin kənarlaşdırılması ilə həyata keçirilən yüksək travmatikliyə malik cərrahi əməliyyatlar. Bu müdaxilələr zamanı oynaq səthi uyğunsuz olur və onların yüklənməsi artır.
  • İrsi meyillik (yaxın qohumlarda artrozun olması).
  • Postmenopauzal dövrdə qadın orqanizmində endokrin balansın pozulması.
  • Mikroelement defisiti.
  • Onurğanın boyun və ya bel şöbəsinin neyrodistrofik pozulmaları (bazu-kürək pereartriti, qalça-bel əzələsi sindromu).
  • Toksik maddələrin təsiri.
  • Əlverişsiz ekoloji şərait.
  • Bədənin həddən artıq soyuması.
  • Oynaqların təkrarlanan mikrotravmaları.

Patogenez

Artroz  – əsasında konkret səbəbindən asılı olmayaraq qığırdaq toxumasının əmələ gəlmə və bərpasının pozulması duran polietioloji xəstəlikdir. Normada oynaq qığırdağı hamar və elastikdir. Bu, oynaq səthinə sərbəst hərəkət etməyə, lazımi amortizasiyanı təmin etməyə; beləliklə, yaxınlıqdakı strukturların (sümüklər, bağlar, əzələlər və kapsul ) yüklənməsinin azalmasına imkan verir.

Artroz zamanı qığırdaq kobudlaşır, hərəkət zamanı oynaq səthləri bir-birinə “toxunur”. Qığırdaq getdikcə daha da nazikləşir. Ondan kiçik hissəciklər ayrılaraq oynaq boşluğuna düşür və sinovial qişanı zədələməklə sərbəst şəkildə oynaq mayesinə keçir. Qığırdağın səthi hissələrində kiçik kalsifikasiya ocaqları əmələ gəlir. Dərin nahiyələrdə sümükləşmə meydana çıxır. Mərkəzi nahiyədə oynaq boşluğu ilə əlaqələnən kistalar yaranır; kistaların ətrafında da oynaqdaxili mayenin təzyiqi nəticəsində sümükləşmə formalaşır.

Artroz zamanı oynaq kapsulu və sinovial maye daimi zədələnmə nəticəsində qalınlaşır. Sinovial qişada xovlar, kapsulda isə fibroz ocaqlar formalaşır. Zaman keçdikcə qığırdağın nazikləşməsi, forma və funksiyalarının pozulması nəticəsində ətrafda yerləşən sümük səthləri deformasiyaya məruz qalır, onların kənarlarında sümük çıxıntıları meydana çıxır. Bağlara və əzələlərə düşən yükün çoxluğu səbəbindən fibroz ocaqlar əmələ gəlir. Bağ-əzələ aparatının zədələnmə (burxulma, qismən və ya tam cırılması) ehtimalı artır, bəzən oynaq yarımçıxıq vəziyyətinə keçir. Qığırdaq xeyli zədələndikdə hərəkət kəskin məhdudlaşır, ankilozların yaranması mümkündür.

Təsnifat

Lokalizasiyasına görə bazu, dirsək, mil-bilək, aşıq-baldır və başqa oynaqların artrozları ayırd edilir. Zədələnmənin ağırlığından asılı olaraq patologiyanı üç mərhələyə ayırırlar:

  • Artrozun birinci mərhələsi – nəzərə çarpan morfoloji dəyişikliklər aşkar olunmur; yalnız sinovial mayenin tərkibi pozulur. Maye qığırdaq toxumasını qidalı maddələrlə zəif təchiz edir; adi yüklənmələr zamanı qığırdağın müqaviməti azalır. Oynaq səthlərinin yüklənməsi nəticəsində iltihab yaranır, ağrılar meydana çıxır.
  • Artrozun ikinci mərhələsi – oynaq qığırdağı parçalanmağa başlayır, oynaq meydançasının kənarlarında sümük çıxıntıları əmələ gəlir. Ağrılar daimi, vərdiş xarakteri alır; iltihabi proses bəzən sönür, bəzən güclənir. Oynaqətrafı əzələlərin funksiyalarının zəif və ya mülayim pozulması qeyd olunur.
  • Artrozun üçüncü mərhələsi – oynaq qığırdağı nazikləşmiş, geniş parçalanma ocaqları mövcud olur. Oynaq meydançasında güclü deformasiyalar, ətraf oxlarının dəyişilməsi qeyd olunur. Oynağın anatomik strukturları ilə birləşdirici toxumanın genişmiqyaslı patoloji dəyişiklikləri arasında normal nisbətin pozulması nəticəsində bağlar qısalır və zəif olur, beləliklə, oynaqların patoloji hərəkətliliyi, təbii hərəkət həcminin məhdudlaşması baş verir. Oynaqətrafı əzələlər gərgin və ya qısalmış, yığılma qabiliyyəti zəifləmişdir. Oynaqların və ətraf toxumaların qidalanması pozulmuşdur.

Artrozun simptomları  

Artroz tədricən inkişaf edir. Başlanğıcda pasientləri zəif, qısa müddətli, naməlum lokalizasiyalı, fiziki yüklənmə zamanı güclənən ağrılar narahat edir. Bəzi klinik hallarda ilk simptom hərəkət zamanı, daha çox qonartrozlarda və çiyin oynağının artozlarında oynaqda küylər olur. Artrozdan əziyyət çəkən bir çox xəstələr oynaqda diskomfort, saktilikdən sonra ilk hərəkət zamanı keçici sərtlik qeyd edirlər. Zaman keçdikcə ağrılar daha da artır, hərəkətin nəzərə çarpan məhdudluğu meydana çıxır. Artıq yüklənmə  səbəbindən əks tərəfin oynağı ağrımağa başlayır.

Ağrılar – artrozun daimi simptomudur. Artrozlar zamanı ağrıların ən nəzərə çarpan cəhəti onların fiziki yüklənmə və hava ilə əlaqəsi, start ağrılar və oynaqların blokadası ilə müşayiət olunan qəfləti kəskin ağrılardır. Patologiya zamanı ağrıların ritmi oynaqların yüklənməsi ilə birbaşa əlaqəlidir. Uzunmüddətli yüklənmə (yerimə, qaçma və yerində durma) zamanı ağrılar artır, sakitlik vəziyyətində isə sönür. Bu, qığırdağın hərəkət zamanı amortizasiyanı təmin etmə qabiliyyətinin zəifləməsi ilə əlaqədardır. Artroz zamanı gecə ağrılarının səbəbi venoz durğunluq, həmçinin oynaqdaxili qan təzyiqinin yüksəlməsidir. Ağrılar əlverişsiz hava şəraitinin (rütubətin yüksəlməsi, temperaturun azalması və yüksək atmosfer təzyiqi) təsirindən güclənir.

Artrozun ən xarakterik əlamətləri start ağrılardır (sakitlik vəziyyətindən sonra meydana çıxan və hərəki aktivlik davam etdirildikdə keçib gedən ağrılar). Artroz zamanı start ağrının səbəbi detritdir – oynaq səthində yerləşmiş qığırdaq toxumanın parçalanma komponentlərindən ibarət pərdədir. Hərəkət nəticəsində detrit qığırdaqdan oynaq kisəsinin qabarmasına doğru hərəkət edir, beləliklə, ağrı sönür. Blokadalar qəfil kəskin ağrılar və oynaqda hərəkətin mümkünsüzlüyüdür. Onların səbəbi oynaq siçanının (oynaq boşluğunda sərbəst yerləşən sümük və ya qığırdaq hissəciyi) sıxılmasıdır. Ağrının sadalanan növlərindən başqa artrozlu pasientlərdə reaktiv sinovit inkişaf etdikdə hərəkətdən asılı olmayan başqa (daimi, sızıldayıcı, təzyiqedici) ağrılar da yarana bilər.

Fəsadlaşma dövrləri remissiya ilə növbələşir. Artrozların ağırlaşmaları artıq fiziki yüklənmə zamanı daha çox əmələ gəlir, sinovitin yaranması ilə ağırlaşır. Əzələ ağrıları nəticəsində ətraflar spazma uğrayır, əzələ kontrakturaları formalaşır. Oynaqda küylər getdikcə daimi xarakter alır. Sakitlik vəziyyətində əzələ qıcolmaları, əzələlərdə və oynaqlarda xoşagəlməz hiss əmələ gəlir. Oynağın artan deformasiyası və güclü ağrı sindromu axsaqlığa səbəb olur. Artrozun gec mərhələlərində deformasiya daha da güclü olur, oynaq əyilir, sümüklərin və ətraf strukturların kobud dəyişiklikləri ilə əlaqədar olaraq kontrakturalar formalaşır. Dayaq çətinləşir, artrozlu xəstələr hərəkət etmək üçün əsadan və ya qoltuq ağacından istifadə etməyə vadar olurlar. Koksartroz zamanı budun bükülməsi məhdudlaşdığından xəstə otura bilmir.

Artrozun erkən mərhələsində xəstənin müayinəsində vizual dəyişikliklər aşkarlanmır. Oynağın forması normaldır, azacıq ödem mümkündür. Palpasiyada kəskin olmayan və ya mülayim ağrı təyin olunur. Hərəkət, demək olar ki, tam həcmlidir. Sonralar deformasiya daha da nəzərə çarpan xarakter alır, palpasiyada güclü ağrı aşkarlanır. Bu zaman pasient, bir qayda olaraq, daha ağrılı nöqtələr aydın qeyd edir. Oynaq yarığının kənarında qalınlaşma müəyyən olunur. Hərəkət məhduddur, oynaqda qeyri-stabillik aşkarlanır. Ətraf oxlarının əyilməsi təyin oluna bilər. Reaktiv sinovit inkişaf etdikdə oynağın ölçüləri böyüyür, şara bənzər forma alır və palpasiyada fluktuasiya müəyyən olunur.

Diaqnostika

Diaqnoz xarakterik klinik əlamətlər və artrozun rentgenoloji mənzərəsinə əsasən qoyulur. Qonartrozda – diz oynağının rentgenoqrafiyası, koksartrozda bud-çanaq oynağının rentgenoqrafiyası və s. həyata keçirilir. Artrozun retgenoloji mənzərəsi oynaq qığırdağı və qığırdağın altında yerləşmiş sümük toxumasında distrofik dəyişiklik əlamətləri əks olunur. Oynaq yarığı daralmış, sümük meydançası deformasiyalı və qalınlaşmışdır; kistaya bənzər törəmə, subxondrial osteoskleroz və osteofitlər aşkar olunur. Bəzi klinik hallarda oynağın qeyri-stabillik əlamətləri – ətraf oxlarının əyilməsi, yarımçıxıqlar təyin olunur.

Artrozun klinik təzahürlərinin ağırlıq dərəcəsi xəstəliyin rentgenoloji əlamətlərinin ifadəliliyi ilə həmişə korrelyasiya olunmur. Lakin müəyyən qanunauyğunluqlar mövcuddur. Belə ki, osteofitlər xəstəliyin erkən mərhələsində meydana çıxır və, adətən, artrozun ilk rentgenoloji əlamətidir. Başlanğıcda oynaq səthlərinin kənarları kəskinləşir; xəstəliyin inkişafına müvafiq olaraq daha da qalınlaşır, tədricən sümüklərin tikanları və çıxıntıları əmələ gəlir. Qığırdaq yarığı sonralar daralır. Bu zaman oynaq yarığının qeyri-stabilliyi səbəbindən pazvari forma ala bilər. Təxminən elə həmin vaxtda sümüyün qığırdaqaltı sahəsində osteoskleroz inkişaf edir; oynaq yaxınlığındakı sümük toxumasında kistaya bənzər törəmə əmələ gəlir. Ortopedlər və travmatoloqlar rentgenoloji əlamətlərə əsasən artrozun aşağıdakı mərhələlərini (Kellgren-Lawrence təsnifatı) ayırd edilir:

  • 1-ci mərhələ (şübhəli artroz) – oynaq yarığının daralması ehtimalı, osteofitlər olmur və ya az miqdarda olur.
  • 2-ci mərhələ (yumşaq artroz) – oynaq yarığının daralması ehtimalı, osteofitlər aydın təyin olunur.
  • 3-cü mərhələ (mülayim artroz) – oynaq yarığının aşkar daralması qeyd olunur, osteofitlər aydın nəzərə çarpır, sümük deformasiyaları mümkündür.
  • 4-cü mərhələ (ağır artroz) – oynaq yarığının xeyli daralması, iri osteofitlər, aydın nəzərə çarpan sümük deformasiyaları və osteoskleroz aşkarlanır.

Bəzən rentgenoloji şəkillər oynağın vəziyyətini dəqiq qiymətləndirməyə kifayət etmir. Sümük strukturlarının müəyyənləşdirilməsi məqsədilə oynaqların KT-i, yumşaq toxumaların dəyərləndirilməsi isə oynaqların MRT-i ilə həyata keçirilir. İkincili artroza səbəb olan xroniki iltihaba şübhə olduqda ortoped müvafiq sahələrin mütəxəssilərinin – endokrinoloq, hematoloq, ginekoloq və s. konsultasiyası təyin edilir. Artrozu revmatoid xəstəlikdən differensiasiya etmək məqsədilə revmatoloq konsultasiyasına yönləndirilir.

Artrozun müalicəsi

Artrozlu xəstənin müalicəsində əsas məqsəd qığırdağın sonrakı zədələnməsinin qarşısının alınması və oynağın funksiyalarının saxlanmasıdır. Patologiya uzun müddət kompleks müalicə olunur. Müalicə yerli və ümumi aparılır. Artrozlu xəstənin müalicəsində həkim-ortopedin mühüm tapşırıqlarından biri oynaqların yüklənməsinin optimallaşdırılmasıdır. Uzun müddət gəzmək, təkrarlanan stereotip hərəkətlər, uzun müddət ayaqüstü vəziyyətdə və ya eyni vəziyyətdə dayanmaq, ağırlıq götürmək istisna olunmalıdır. Piylənmə zamanı oynaq səthinin yüklənməsinin minimallaşdırılmasında bədən çəkisinin azaldılması böyük rol oynayır.

Artrozlu xəstələrin remissiya dövründə pasient müalicəvi gimnastikaya yönləndirilir. İdman tapşırıqları kompleksi artrozun mərhələsindən asılıdır. Başlanğıc mərhələdə üzməyə və velosiped sürməyə icazə verilir; irəliləmiş artrozda uzanmış və oturaq vəziyyətdə icra olunan xüsusi tapşırıqlar həyata keçirilir. Artrozun ağırlaşma dövründə yarım yataq rejimi təyin olunur. Gecikmiş mərhələlərdə qoltuq ağacı və ya əsa ilə gəzmək tövsiyə olunur.

Artrozun ağırlaşma mərhələsində dərman terapiyası qeyri-steroid iltihab əleyhinə preparatlar (diklofenak, ibuprofen), bəzən sedativ preparatlarla və miorelaksantlarla kombinasiyalı təyin olunur. QSİƏP-ın dozası əks-göstərişlər nəzərə alınmaqla fərdi seçilir. Daxilə qəbul üçün nəzərdə tutulmuş preparatlarla yanaşı, əzələdaxili inyeksiyalar və rektal şamlar təyin olunur. Artrozun remissiya fazasında mədə-bağırsaq traktına və qığırdaq metabolizminə mənfi təsirinə görə QSİƏP tövsiyə olunmur. Reaktiv sinovitlərdə oynaq punksiya olunur və daxilinə qlükokortikosteroidlər yeridilir. Qlükokortikosteroidlər il ərzində 4 dəfədən artıq istifadə olunmamalıdır.

Artroz zamanı uzun müddət istifadə olunan preparatlara xondroprotektorlar aiddir. Bu preparatlar müəyyən sxem üzrə oynağın daxilinə yeridilir. Yerli olaraq isidici və iltihab əleyhinə məlhəmlərdən istifadə olunur. Ağrı sindromunun dəf edilməsi, iltihabın azaldılması, mikrosirkulyasiyanın yaxşılaşdırılması və əzələ spazmının aradan qaldırılması məqsədilə  artrozlu pasient fizioterapiyaya yönləndirilir. Ağırlaşma fazasında lazeroterapiya, maqnitoterapiya və ultrabənövşəyi şüalanma, remissiyada isə dimeksid, trimekain və ya novokainlə elektroforez, hidrokortizonla fonoforez təyin olunur. İsti prosedurları, sulfid, radon və dəniz vannaları təyin olunur. Əzələlərin gücləndirilməsi məqsədilə elektrostimulyasiya aparılır. Artrozlarda remissiya fazasında qoruyucu massaj təyin oluna bilər.

Oynaq səthinin parçalanması zamanı oynaq funksiyaları dərin pozulduqda süni implantla oynağın dəyişdirilməsi tələb olunur. Klinik praktikada pasientin ağır əlilliyindən qaçmağa imkan verən bud-çanaq oynağının endoprotezlənməsi həyata keçirilir. Bəzi klinik hallarda oynağın yükünün azaldılması məqsədilə palliativ cərrahi əməliyyat; koksartrozda transtroxanterik osteotomiya və budun enli fassiyasının fenestrasiyası; qonartrozda ölü oynaq səthlərinin kənarlaşdırılması (artrotomiya), osteotomiya və baldır oxlarının korreksiyası aparılır.

Leave a reply