Beyin şişləri – həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yenitörəmələridir. Baş beynin şişləri onun lokalizasiyasından aslı olan ocaqlı simptomlar və ümumi beyin simptomları ilə təzahür edir. Xəstəliyin diaqnostikasında nevropatoloqun və oftalmoloqun müayinəsi, Exo EQ, EEQ, baş beynin KT və MRT müayinələri, MR angioqrafiya əsas informativ tədqiqat metodları hesab olunur. Ən optimal müalicə vasitəsi cərrahi üsul, əlavə göstəricilər olduqda isə kimyəvi və şüa terapiyasıdır. Əgər bu üsulların aparılması mümkün deyilsə, o zaman palliativ müalicə tətbiq edilir.

Baş beynin şişləri insanlarda rast gəlinən bütün yenitörəmələrin 6% -ni təşkil edir. Onların rast gəlmə tezliyi hər 100000 adama 10- 15 hal arasında dəyişir. Ənənəvi olaraq, beyin şişlərinə bütün intrakranial şişlər – beyin toxumasının və qişalarının, kəllə-beyin sinirlərinin, damarların, limfatik toxumanın və vəzili strukturların (hipofiz və əzgiləbənzər cism) şişləri aid edilir. Bununla əlaqədar, baş beynin şişləri intraserebral və extraserebral növlərə bölünür. Sonunculara beyin qişalarının və onların damar kələfinin şişləri daxildir.

Beyin şişləri hər yaşda inkişaf edə bilirvə hətta təbiət etibarilə anadangəlmə də ola bilər. Lakin, uşaqlar arasında xəstələnmə hallarının sayı daha azdır. Xəstəliyə rast gəlmə tezliyi uşaqlarda 100 mində 2.4-dən artıq olmur. Beyin şişləri ilkin olaraq öz başlanəıcını beyin toxumalarından götürən birincili və şiş hüceyrələrinin limfogen və hematogen yolla yayılması nəticəsində yaranan metastatik və ya ikincili ola bilər. İkincili şişlər birincili şişlərdən 5-10 dəfə çox rast gəlinir. Birincili şişlərin arasında bədxassəli şişlərin nisbəti 60%-dən az deyil.

Beyin strukturlarının fərqləndirici xüsusiyyəti onların məhdud kəllədaxili məkanda yerləşməsidir. Bu səbəbdən kəllə daxilində yerləşmiş istənilən lokalizasiyalı həcmli proses bu və ya digər dərəcədə beyin toxumasının sıxılmasına və kəllədaxili təzyiqin artmasına gətirib çıxarır. Beləliklə, baş beynin hətta xoş xassəli şişləri belə müəyyən bir ölçüsüyə qədər böyüdükdə bədxassəli istiqamət alır və ölümə səbəb ola bilər. Bunu nəzərə alaraq, nevrologiya və neyrocərrahiyyə sahəsinin mütəxəssisləri üçün serebral şişlərin erkən diaqnostikası və onların cərrahi müalicəsinin adekvat vaxtının təyin edilməsi problemi xüsusi aktuallıq əldə edir.

Beyin şişinin səbəbləri

Serebral şişlərin, eləcə də digər lokalizasiyalı şişlərin yaranmasını müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, radiasiyaya məruz qalma ilə əlaqələndirirlər. Uşaqlar arasında anadangəlmə (embrional) şişlərin yüksək faizi rast gəlinir. Bunun əsas səbəblərindən biri, ana bətnində olarkən körpənin beyin toxumasının inkişaf anomaliyaları ola bilər. Kəllə-beyin travması həm təhrikedici amil rolunu oynaya , həm də latent şəkildə keçən şiş prosesini aktivləşdirə bilər.

Bəzi hallarda, beyin şişləri digər orqanlarının onkoloji xəstəlikləri olan xəstələrə şüa terapiyası fonunda inkişaf edir. Beyin şişlərinin riski immunosuppressiv müalicə keçirilməsi zamanı, həmçinin immun sistemi zəifləmiş şəxslərdə (məsələn, HİV infeksiyası və neyro-QİÇS zamanı) artmış olur. Bəzi irsi xəstəliklər: Hippel Lindau xəstəliyi, tuberoz skleroz, fakomatozlar, neyrofibromatoz və s. zamanı baş beynin şişlərinin meydana çıxmasına meyllilik qeyd olunur.

Beyin şişlərinin təsnifatı

Birincili beyin şişləri arasında neyroectodermal: astrositar mənşəli şiş (astrositoma, astroblastoma), oliqodendroqlial mənşəli (oliqodendroqlioma, oliqoastroqlioma), ependimar mənşəli (ependimoma, xorioid kələfinin papilloması ) şişlər, həmçinin pineal şişlər (pineotsitoma, pineoblastoma), neyronal (qanqlioneyroblastoma, qanqliositoma), embrional və zəif differensiasiya olunmuş (medulloblastoma, spongioblastoma, qlioblastoma) şişlər üstünlük təşkil edir. Həmçinin, hipofizin şişləri (adenomlar), kranial sinirlərin şişləri (neyrofibroma, nevrinoma), beyin qişalarının şişləri (meningioma, ksantomatoz şişlər, melanotik şişlər), beyin limfomaları, damar şişləri (angioretikuloma, hemangioblastoma) də ayırd edilir. Beyindaxili serebral şişlər lokalizasiyasına əsasən sub- və supratentorial şişlərə bölünür. Beyin şişlərinin bu iki qrupundan başqa, xiazmal-sellyar nahiyənin şişləri( hipofizin adenoması, kraniofaringeomalar,bazal meningeomalar və s.) da ayırd edilir.Beyin şişlərinin bu qrupunun xüsusilə qeyd edilməsi onunla bağlıdır ki, onların kliniki təzahürləri əsasən iki qrup simptomlardan: xiazmanın zədələnməsi və endokrin pozğunluqlardan ibarət olur. Baş beynin daha nadir rast gəlinən növlərinə mədəciklərin şişlərini aid etmək olar.

Metastatik beyin şişləri müxtəlif orqanların xərçəngləri hallarının 10-30%-ni təşkil edir. Kişilərdə ən çox rast gəlinən metastaz mənbəyi ağciyər xərçəngi, kolorektal xərçəng, böyrək xərçəngidirsə, qadınlarda bu, süd vəzisinin xərçəngi, ağciyər xərçəngi, kolorektal xərçəng və melanomadır. Metastazların təxminən 85% -i serebral yarımkürələrin intraserebral şişlərinin payına düşür. Arxa kəllə çuxurunda adətən, endometrial xərçəngin, prostat vəzinin xərçənginin və mədə-bağırsaq traktının bədxassəli şişlərinin metastazları lokallaşmış olur.

Baş beyin şişinin simptomları

Serebral şiş prosesinin ocqlı simptomatikası daha erkən təzahür edir. Ocaqlı simptomatikanın aşağıdakı inkişaf sxemləri mümkündür: ətraf beyin toxumasına fiziki və kimyəvi təsirlər, qansızma ilə müşayiət olunan beyin damarlarının divarının zədələnməsi, metastatik embolla damarın okklüziyası, metastaza qansızma, damarın sıxılması nəticəsində işemiyanın inkişafı, kəllə-bein sinirlərinin şaxələrinin və kökcüklərinin sıxılması. Qeyd etmək lazımdır ki, əvvəlcə beynin müəyyən bir nahiyəsinin yerli qıcıqlanma simptomları qeyd edilir, sonra isə onun funksiyasının itməsi (nevroloji defisit) baş verir.

Şişin ölçüləri böyüdükcə, kompressiya, ödem və işemiya əvvəlcə zədələnmə nahiyəsinə yaxın yerləşən toxumalara, sonra isə daha uzaq strukturlara yayılaraq, müvafiq “qonşu” və “uzaqda yerləşən” simptomların meydana çıxmasına səbəb olurlar. Kəllədaxili hipertenziya və serebral ödem səbəbindən yaranan ümumi beyin simptomları daha sonra inkişaf edir. Baş beyin şişinin ölçülərinin daha da böyüməsi mass-effektin (beyin strukturlarının yerini dəyişməsi) və dislokasion sindromun – beyinciyin və uzunsov beynin ənsə dəliyinə keçməsinə səbəb ola bilər.

Lokal xarakterli baş ağrısı şişin erkən simptomu ola bilər. Baş ağrısı kranial sinirlərdə, venoz ciblərdə, meningeal damarların divarlarında yerləşən reseptorların qıcıqlanması nəticəsində yaranır. Diffuz sephalalgia subtentorial şişlərin 90% və supratentorial şişlərin 77% hallarında qeyd edilir. Onlar dərin, kifayət qədər intensiv, dözülməz və tez-tez paroksizmal xarakterli olur.

Qusma bir qayda olaraq,ümumi beyin simptomu kimi çıxış edir. Onun əsas xüsusiyyəti qida qəbulu ilə əlaqəli olmamasıdır. Beyinciyin və IV mədəciyin şişləri zamanı bu əlamət qusma mərkəzinə birbaşa təsirlə bağlı olur və ilkin ocaqlı simptomun təzahürü ola bilər.

Sistemli başgicəllənmə “boşluğa yıxılma”, öz bədəninin və ya ətrafındakı obyektlərin fırlanması hissləri şəklində təzahüredə bilər. Kliniki təzahürlərin manifestasiyası zamanı başgicəllənmə dəhliz-ilbiz sinirinin, körpünün, beyinciyin və ya IV mədəciyin şiş nəticəsində zədələnməsini göstərən ocaqlı simptom kimi qiymətləndirilir.

Hərəki pozğunluqlar (piramidal çatmamazlıqlar) xəstələrin 62%-də şişin ilkin simptomlarından olur. Digər hallarda, onlar şişlərin böyüməsi və yayılması ilə əlaqədar olaraq, daha sonra meydana gəlir. Piramidal çatışmazlığın erkən təzahürləri ətraflarda vətər reflekslerinin anizorefleksiyası şəklində inkişaf edir. Daha sonra əzələ tonusunun artması səbəbindən spastikliklə müşayiət olunan əzələ zəifliyi (parez) yaranır.

Hissiyyat pozğunluqları əsasən piramidal çatışmazlığı müşayiət edir. Kliniki olaraq təxminən xəstələrin 25%-də, digər hallarda isə yalnız nevroloji müayinə zamanı aşkar edilir. Birincil ocaqlı simptom olaraq, əzələ-oynaq hissiyyatının pozulması nəzərdən keçirilə bilər.

Konvulsiv sindrom daha çox supratentorial şişlər üçün xarakterikdir. Serebral şişləri olan xəstələrin 37% -ində epileptik tutmalar ən çox nəzərəçarpan klinik əlamətlərdən sayılır. Absanslar və ya generalizə olunmuş toniki-kloniki epileptik tutmalar daha çox orta beyində lokalizasiya olunan, Cekson epilepsiyası tipli paroksizmlər isə beyin qabığına yaxın yerləşən şişlər üçün xarakterikdir. Epileptik tutmanın aurasının xarakteri bir çox hallarda zədələnmə nahiyəsini müəyyən etməyə kömək edir. Şişin ölçüsü böyüdükcə, generalizə olunmuş epileptik tutmalar parsial tutmalara çevrilir. Kəllədaxili hipertenziyanın inkişafı ilə, bir qayda olaraq, epileptik fəallığın azalması müşahidə olunur.

Mədəciklərin şişləri zamanı meningeal simptomlar,həmçinin başın geriyə qatlanması, toniki qıcolmalar,bradikardiya,qusma yaranır ki, bu vəziyyətə Bruns tutmaları deyilir və bu hal həyat üçün təhlükəli bir hal sayılır.

Hormonal-endokrin pozğunluqlar şəkərsiz diabet, hipoqonadizm(kraniofaringeomalarda), dis- və amenoreya, impotensiya(hipofizin adenomalarında) və s. əlamətlərlə təzahür edir.

Beyin şişlərinin təzahürü zamanı, 15-20% hallarda psixi sferanın pozulması (əsasən şişin alın payı nahiyəsində yerləşdiyi zaman) qeyd edilir. Təşəbbüssüzlük, səliqəsizlik və apatiya alın payının qütbünün şişləri üçün tipikdir. Eforiya, özündən razılıq, səbəbsiz şənlik hissləri alın payının əsasının zədələnməsini göstərir. Belə hallarda şiş prosesinin inkişafı təcavüzkarlığın, bədbinliyin, negativizmin artması ilə müşayiət olunur. Görmə halüsinasiyaları gicgah və alın paylarının qovşağında yerləşən şişlər üçün xarakterikdir. Yaddaş, düşüncə və diqqət pozğunluqlarının proqressivləşməsi şəklində rast gəlinən psixi pozğunluqlar ümumi beyin simptomları kimi çıxış edirlər. Çünki onlar assosiativ yolların zədələnməsi, kəllədaxili hipertenziyanın artması və şiş intoksikasiyasının nəticəsində əmələ gəlmiş olurlar.

Görmə sinirlərinin disklərinin durğunluğu xəstələrin yarısında daha çox gecimiş mərhələlərdə müəyyən edilir, lakin uşaqlarda şişin başlanğıc bir simptomu ola bilər. Kəllədaxili təzyiqin artması ilə əlaqədar olaraq, gözlər önündə “nöqtələr” və ya görmənin ötüb-keçən dumanlanması yarana bilər. Şiş inkişaf etdikcə, görmə sinirlərinin atrofiyası ilə əlaqədar görmə qabiliyyətinin artan zəifləməsi qeyd edilir.

Görmə sahələrdəki dəyişikliklər xiazma və görmə yollarının zədələnməsi zamanı baş verir. Birinci halda, heteronim hemianopsia (görmə sahələrinin əks yarılarının sıradan çıxması) , ikinci halda isə homonim hemianopsiya (görmə sahələrinin eyni adlı yarısının sıradan çıxması) müşahidə edilir.

Baş beynin şişlərində rast gəlinən görmə funksiyasının pozğunluqlarına Foster-Kennedi simptomu da aid edilir: şiş olan tərəfdə görmə sinirinin birincili atrofiyası(birtərəfli alın və gicgah-bazal meningeomalarında) və əks tərəfdə göz dibində durğunluq əlamətləri aşkar edilir.

Digər simptomlara eşitmənin zəifləməsi; sensomotor afaziya; beyincik ataksiyası; gözün hərəki sinirlərinin funksiyalarının pozulması; iybilmə, eşitmə və dadbilmə hallüsinasiyaları, vegetativ pozğunluqlar aid edilə bilər.

Beyin şişinin diaqnostikası

Qeyri-invaziv metodlar

• Nevroloji müayinə. Xəstənin ilk müayinəsi nevroloji statusun qiymətləndirilməsini nəzərdə tutur. Nevroloji statusun müayinəsində nevropatoloq topik diaqnozun dəqiqləşdirilməsinə imkan verən ocaqlı nevroloji simptomatikaya xüsusi diqqət yetirməlidir.

• Patopsixoloji tədqiqat. Psixi sferanın pozğunluqları zamanı digər mənşəli psixi xəstəliklərdən fərqləndirmək üçün psixiatrın müayinəsi təyin edilir.

• Neyrooftalmoloji müayinə. Oftalmoloji müayinələrdə görmə itiliyi, oftalmoskopiya və görmə sahələrinin müəyyən edilməsi ( kompüter perimetriyasının köməkliyi ilə də aparıla bilər) həyata keçirilir.

• Otonevroloji müayinə. LOR həkiminin müayinəsi eşitmə ilə əlaqəli şikayətlər yarananda əlavə olaraq təyin edilir.

• Exoensefaloqrafiya (ultrasəs). Exo EQ kəllədaxili hipertenziyanın artmasından xəbər verən yan mədəciklərin genişlənməsini və medial M-exonun yerdəyişməsini (böyük supratentorial şişlər zamanı beyin toxumasının yerdəyişməsini) qeyd edə bilər.

• Elektroensefaloqrafiya. EEQ beynin müəyyən sahələrinin epiaktivliyini göstərir.

• Kompüter tomoqrafiya. Baş beynin KT müayinəsi, şiş törəməsini görmək; onu beyin toxumasının lokal ödemlərindən ayırd etmək; ölçülərini müəyyənləşdirmək; şişin sistoz hissəsini (əgər beləsi varsa), kalsifikasiyanı, nekroz zonasını, metastaza və ya ətraf toxumaya qansızmanın olmasını; mass-effektin mövcudluğunu aşkar etməyə imkan verir.

Maqnit-rezonans tomoqrafiya. Beyinin MRT-si KT-ni tamamlayır, şiş prosesinin yayılmasının daha dəqiq müəyyən edilməsinə imkan verir və bu prosesə sərhəd toxumalarının cəlb olunma dərəcəsini qiymətləndirir. MRT kontrast maddənin toplana bilmədiyi şişlərin (məsələn, baş beynin bəzi qliomalarının) diaqnostikasında daha effektlidir. Lakin sümük-destruktiv dəyişikliklərin və kalsifikatların dəqiq görüntülənməsi, şişi perifokal ödem sahəsindən fərqləndirmək məsələlərində MRT müayinəsi KT-dən geri qalır.

Beyin şişlərinin standart MRT diaqnostikası ilə yanaşı MRT-angioqrafiya (şişlərin vaskulyarizasiyasının tədqiqi), funksional MRT (nitq və motor zonalarının xəritəsinin tərtibi), MR spektroskopiya ( metabolik anormallıqların analizi), MR termoqrafiya (şişin termodestruksiyasına nəzarət) istifadə edilə bilər.

• Baş beynin Pozitron emission tomoqrafiyası. PET beyin şişlərinin bədxassəlilik dərəcəsini müəyyən etməyə, şiş residivini aşkar etməyə, əsas funksional sahələrin yerini təyin etməyə imkan verir.

• Tək foton emissiyalı kompüter tomoqrafiyası. TFEKT metodu beyin şişlərində toplana bilən radiofarmapreparatların tətbiqi ilə birlikdə çoxocaqlı zədələnmələri aşkar etməyə, şişlərin bədxassəlilik və vaskulyarizasiya dərəcəsini qiymətləndirməyə imkan verir.

İnvaziv metodlar

• Onurğa beyni mayesinin müayinəsi: cerebrospinal mayenin təzyiqi, likvorda zülalın miqdarı, sitologi müayinəsi, likvorun sitoskopiyası, B-glucuronidazanın fəallığı baxımından müayinəsi, izoferment tərkibinin tədqiqi.

Beyin şişləri üçün likvorda normal sitoz olduğu halda zülalın miqdarının artması(zülal-hüceyrə dissosiasiyası) xarakterikdir.Lakin müasir dövrdə digər informativ müayinə metodlarının(KT, MRT və s.) mövcudluğunu və yüksək kəllədaxili təzyiqin olduğu zaman bel punksiyasının təhlükəli olmasını nəzərə alaraq, bu tədqat metodundan getdikcə daha az istifadə olunur.

• İntravenoz kontrastlı kompüter tomoqrafiyası. Adi KT müayinəsinə nisbətən daha dəqiq müayinə üsuludur.

• Sintigrafiya. Funksional vizualizasiya metodu olub, radioaktiv izotopların orqanizmə yeridilməsi və onlar tərəfindən yayılmış radiasiyanın köməyi ilə ikiölçülü təsvirin əldə edilməsi metodudur. Bu metodun köməkliyi ilə kəllə sümüklərində ilkin şişlərin və metastazların aşkar edilməsi mümkündür.

• Endoskopik müayinə (ventrikuloskopiya + cərrahi əməliyyat).

• İmmünohistokimyəvi diaqnostika. Bədxassəli şişlərin xüsusi antigenik xassələrinin müəyyən edilməsi üçün bir üsuldur. Xərçəngin müasir diaqnostikasının vacib bir metodu olub, toxumalarda müxtəlif hüceyrələri, hormonları və onların reseptorlarını, fermentləri, immunoglobulinləri, hüceyrələrin və ayrı-ayrı genlərin komponentlərini aşkar etməyə imkan verir.

• diaqnozun tam dəqiqləşdirilməsi üçün bilavasitə əməliyyatdan əvvəl aparılan punksion biopsiya. Bəzi hallarda, beyin şişinin stereotaksik biopsiyasından istifadə olunur. Cərrahi müalicə zamanı histoloji müayinə üçün şiş toxumalarının toplanması intraoperativ olaraq həyata keçirilir. Histoloji müayinə şişi dəqiq şəkildə yoxlamağa və onun hüceyrələrinin differensiasiya səviyyəsini və buna əsasən bədxassəlilik dərəcəsini müəyyən etməyə imkan verir.

Baş beynin şişinin müalicəsi

Baş beynin şişlərinin müalicəsi müxtəlif profilli mütəxəssislərin: onkoloq, terapevt, nevropatoloq, neyrocərrah, rentgenoloq və reabilitoloqun müştərək iştirakını tələb edir. Xəstəliyin diaqnostikası, adətən, terapevtə və ya nevropatoloqa müraciət olunmasından başlayır ki, oradan da xəstə əlavə müayinə üçün digər mütəxəssislərin yanına göndərilir.

Sonrakı müalicə planı xəstənin yaşından asılıdır (şişlərin müalicə sxemi 0-19 yaşlı, orta və daha yaşlı şəxslərdə fərqlidir). Bundan əlavə, müalicə kursunu hazırlayarkən, xəstənin ümumi sağlamlıq durumunu, şişin növünü və yerini nəzərə alırlar.

Beynin onkogen törəmələrinin müalicəsində, konservativ terapiya, radioterapiya, kimyəvi terapiya və cərrahi müdaxilə istifadə olunur. Ən etibarlı üsul şişin cərrahi yolla aradan qaldırılması əməliyyatıdır, ancaq onun həyata keçirilməsi bəzi hallarda törəmənin neyrocərrah üçün əlçatmaz nahiyədə yerləşdiyi səbəbindən həmişə mümkün olmur. Xərçəngin III-IV mərhələlərində böyük risk yaratdığı və istənilən nəticəni vermədiyi üçün cərrahi müdaxilə nadir hallarda həyata keçirilir. Xəstəliyin bu mərhələsində şiş beynin həyati vacib hissələrinə təsir edir, sağlam toxumalara dərindən nüfuz və onun tam aradan qaldırılması mümkün deyil.

Konservativ və ya dərman müalicəsi

Beyin şişlərinin konservativ müalicəsi xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılması, şişin beyin toxumasına təzyiqini azaltmaq, mövcud simptomların təzahürlərini zəiflətmək məqsədilə həyata keçirilir. Bunlara analgetiklər (Ketoprofen, Morfin), qusma əleyhinə preparatlar(Metoklopramid), sedativlər və psixotrop dərmanlar daxil ola bilər. Antikonvulsanlar xərçəngin ikinci və daha sonrakı mərhələlərinin simptomlarını azaltmaq, epileptik tutmaların yaranma ehtimalını aşağı endirmək məqsədilə tətbiq edilirlər. İltihab əleyhinə steroid preparatlar şiş toxumasının ödemini aradan qaldırır və bununla da sağlam nahiyələrə mexaniki təzyiqi azaldırlar. Ən geniş yayılmış vasitə Deksametazondur.Hipofizin prolaktinoması zamanı prolaktinin sekresiyasını tormozlayan Bromkriptin(Parlodel) tətbiq edilir.

Bilmək lazımdır ki, konservativ müalicə xəstəliyin əsas səbəblərini aradan qaldırmır və yalnız müvəqqəti yüngülləşdirici təsir göstərə bilər. Konservativ müalicə adətən, əməliyyatdan əvvəl həyata keçirilir.

Cərrahi müalicə

Beyin şişlərinin cərrahi yolla aradan qaldırılması, xüsusən xoşxassəli şişlərə gəldikdə, erkən mərhələlərdə müalicəsinin effektiv bir üsuludur. Bu vəziyyətdə operativ müdaxilə plevrada, qarın boşluğunda və digər boşluqlarda aparılan əməliyyatlardan fərqlənir. Onlardan fərqli olaraq, neyrocərrah onkoloji prosesin yayılmasının qarşısını almaq üçün yaxınlıqdakı toxumaların bir hissəsini kəsib ata bilmir.

Beyində əməliyyat apararkən cərrah maksimal dəqiqliyə əməl etməlidir – əməliyyat zamanı artıq bir millimetr toxumanın zədələnməsi xəstəyə həyati vacib funksiyalarının hesabına başa gələ bilər. Məhz buna görə xərçəngin terminal mərhələlərində cərrahi müalicə səmərəsizdir – şişin aradan qaldırılması tamamilə mümkün deyil, patoloji proses daha da genişlənir.

Beyin şişlərinin birinci və ikinci mərhələlərində xoşxassəli şişin çıxarıldığı zaman xəstəliyin əlamətləri tamamilə aradan qaldırılır. Buna görə, vaxtında və düzgün aparılmış diaqnostika xəstəliyin proqnozunu nikbin edir. Şiş cərrahi müdaxilə üçün əlverişsiz bir nahiyədə yerləşdiyi zaman onun lokalizasiyasını dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlar tələb olunur. Şişi klassifikasiya etmək və xərçəngin mərhələsini müəyyən etmək üçün həkim toxuma biyopsiyasını icra edir.

Əməliyyat zamanı ortaya çıxa biləcək toxuma zədələnmələrini azaltmaq üçün müasir metod – stereostatik radiocərrahiyyə – tətbiq olunur. Bu əməliyyatlar zamanı böyük dozada qamma və ya rentgen şüalarının yüksək dəqiqliklə şiş nahiyəsinə çatdırılması və onun məhv edilməsi həyata keçirilir. Bu vəziyyətdə sağlam toxumalar ya minimal olaraq zədələnir və ya toxunulmaz qalır. Bu texnikanın istifadəsinin mümkünlüyü şişinin yerindən və ölçüsündən asılıdır. Bu cür müalicə xəstə üçün ən az travmatikdir, reabilitasiya müddətini azaldır və əməliyyatdan sonra ağırlaşmaların yaranma riskini minimuma endirir. Kiber Bıçaq və Gamma Bıçaq üsullarının tətbiqi diametri 3 sm-ə qədər olan beyin şişlərinin müalicəsi zamanı mümkündür.

Bəzi hallarda palliativ əməliyyatlar,məsələn kəllənin dekompressiv trepanasiyası və ya müxtəlif drenajedici əməliyyatlar həyata keçirilir. Onların keçirilməsində məqsəd kəskin okklüzion-hipertenziv-hidrosefaliya hallarını aradan qaldırmaq və xəstə əməliyyat oluna biləcək bir duruma gətirməkdir. Yüksək Ifadəli hidrosefaliyalarda şuntlama əməliyyatları (xarici mədəcik drenajı, ventrikuloperitoneal şuntlama) həyata keçirilə bilər.

Şüa müalicəsi

Xərçəngin şüa terapiyası iki halda: xəstənin sağlamlıq vəziyyəti cərrahi əməliyyatın keçirilməsinə imkan vermikdə və ya şiş aradan götürüldükdən sonra residivin qarşısını almaq məqsədilə tətbiq olunur. Beyin xərçənginin son mərhələlərində şişin cərrahi olaraq aradan qaldırılması az effektivdir, bu zaman müalicənin əsas metodu olaraq şüa terapiyasından istifadə olunur. Baş beyin şişlərini müşayiət edən xroniki xəstəliklərin, ürək-damar patologiyalarının mövcudluğu cərrahiyyə müdaxiləsi üçün əks-göstəriş ola bilər. Digər hallarda, şüa terapiyası şişin aradan qaldırılması əməliyyatından sonra orqanizmdə qala bilən anormal hüceyrələri məhv etmək üçün istifadə edilə bilər.

Şüalanma dozasını mütəxəssis fərdi olaraq təyin edir. Şüanın təsiri şişin ətrafındakı toxumalara zərərini minimuma endirmək üçün yerli olaraq həyata keçirilir. Radyoterapiya üçün, şişin tipini, yerini və ölçüsünü nəzərə almaq çox vacibdir. Radioterapiyanın iki üsulu tətbiq olunur:

• Braxiterapiya – stasionar müalicə zamanı həyata keçirilir. Şiş toxumasına radioaktiv maddə yeridilir, bu da onu içəridən məhv edir. Aşılanan radioaktiv maddənin dozası elə hesablanır ki,şişləri məhv etdiyi halda, sağlam toxumalar zədələnməsin.

• Xarici radiasiya müalicəsi -bir neçə həftə ərzində həyata keçirilir və bu zaman xəstə yüksək radiasiya dozası ilə bir neçə dəqiqə ərzində şüalanır. Seanslar həftədə 5 gün keçirilir, xəstəxananı yalnız müəyyən vaxt ziyarət etmək olar, sonra xəstə evə gedir.

Kimyəvi terapiya

Kimyəvi xərçəng müalicəsinin əsas üsullarından hesab edilir. Onun təsiri effekt şiş toxumasına deyil, bütün orqanizmə təsir göstərir. Müalicə planını həkim-mütəxəssis tərtib edir. Onların sırasına antimetabolitlər, alkilləşdirici qrupun preparatları, sintetik antibiotiklər və s. aiddir. Müalicə kursu aralarında fasilə vermək lazım gələn bir neçə dövrdən ibarətdir. Preparatlar daxilə qəbul edilir, ya da inyeksiya və ya likvor şuntu vasitəsilə xəstənin orqanizminə yeridilir. 3-4 dövrdən sonra terapiyanın effektivliyini qiymətləndirmək üçün fasilə verilir.

Kimyəvi terapiyanın təhlükəli tərəfi qanyaradıcı orqanlara, həzm sisteminin epitelinə və digər üzvlərə mənfi təsir göstərməsidir.

Endoskopik müalicə

Endoskopik cərrahi müdaxilə, ənənəvi neyrocərrahiyyə üsullarından daha az travmatikdir, çünki geniş yarıq aparmadan xüsusi avadanlıqların köməyi ilə həyata keçirilir. Baş beyində adi əməliyyat apararkən, giriş trepanasiya vasitəsilə həyata keçirilir. Nəticədə kəllə boşluğu açılır və xəstə əlavə olaraq travmatizasiyaya məruz qalır ki, bu da bərpa dörünün vaxtını uzadır. Endoskopik üsullar xüsusilə vacib olan sinirlərə və kiçik qan damarlarına vurulan zərəri minimuma endirir ki, bu da beyin toxuması ilə işləyərkən çox vacibdir. Məsələn, endoskopik əməliyyatlar uşaqlarda beynin mədəciklərindəki mayenin durğunluğuna səbəb olan hidrosefaliyanı müalicə etmək üçün istifadə edilir, belə bir əməliyyat ventruloskopiya adlanır. Hipofizin adenoması da endoskopik üsullarla- burun vasitəsilə endoskopik alətlərin yeridilməsi – transnazal endoskopiyanın köməyi ilə aradan qaldırıla bilər.

Endoskopik cərrahiyyə kraniocerebral travma, sist və hematomaların çıxarılması zamanı da istifadə edilir.

Bərpa və reabilitasiya.

Reabilitasiya ümumi müalicə planının vacib bir hissəsini təşkil edir. Hər bir reabilitasiya planının məqsədi xəstənin ehtiyaclarına və şişin çıxarılmasına səbəb olan çatışmamazlıqlara uyğun olaraq fərqlənir. Beyin şişlərinin və şişlərin çıxarılması xəstələrdə duyğusal, emosional, intellektual və davranış problemlərinə də səbəb ola bilər. Bu problemlərlə mübarizə aparmaq üçün xəstəyə kömək lazımdır.

Bərpa dövrü multidissiplinar briqadanın daimi nəzarəti altında davam etdirilməlidir. Cərrah, kimyəviterapiya mütəxəssisi, radioloq, psixoloq, fizioterapevt, reabilitoloq, müalicəvi idman treyneri və həkimi, loqoped, kiçik tibbi personal reabilitasiya dövründə xəstəyə nəzarət etməlidir. Yalnız multidissiplinli personal nəzarəti müalicə və bərpanın keyfiyyətini artırır. Reabilitasiya orta hesabla 3-4 ay davam etdirilir.

Şiş və xüsusilə bədxassəli şiş əməliyyatları sonrası reabilitasiya digər əməliyyatlardan fərqli olaraq xəstələrə xüsusi diqqət tələb edir. Reabilitasiya müddətində xəstələr kimyəvi və şüa terapiyası almağa davam etməlidir, buna görə də kimyəvi terapiya və radiologiya mütəxəssislərinin daimi müşahidəsi altında olmalıdır. Kimyəvi və şüa terapiyası xəstələr üçün əməliyyat qədər önəmlidir.

Nəzərə almaq lazımdır ki, şiş xəstəliyinin reabilitasiya dövrü həm xəstə həm də xəstənin ailə üzvləri üçün uzun və ağır bərpa dövrüdür. Bu dövrdə həm xəstə həm də ailə üzvləri üçün fiziki və psixi güc çox böyük rol oynayır. Ona görə də xəstəliyə xəstənin düzgün yanaşması psixoloqun- neyropsixoloqun əsas vəzifəsidir.

Reabilitasiyanın məqsədi:

– əməliyyatın nəticələrinə və yeni həyat tərzinə uyğunlaşma;
– itirilmiş funksiyaların bərpası;
– Yeni bacarıqlara yiyələnmək;

-Bacarıq və qabiliyyətlərin yenidən hazırlanması;
-Fiziki, emosional və sosial vərdişlərə uyğunlaşma;

Hər bir xəstə üçün individual reabilitasiya proqramı hazırlanır, qısa və uzunmüddətli hədəflər müəyyən edilir. Qısa müddətli hədəflər – qısa bir müddətdə həll edilə biləcək vərdişlərə yiyələnməkdir, məsələn, başqasının köməyi olmadan yataqda oturmağı öyrətmək. Bu hədəfə nail olunduqdan sonra yeni hədəf üzərində çalışmağa başlanılır. Qısa müddətli vərdişlərə yiyələnmək uzun müddətli reabilitasiya prosesini müəyyən mərhələlərə ayırır və həkimlərə xəstənin dinamikasını qiymətləndirməyə imkan verir.

Beyin şişləri əməliyyatlarından sonra reabilitasiyanın məqsədi hətta qalıcı ağır beyin disfunksiyalarında belə pasientin ailədə və cəmiyyətdə həyat keyfiyyətini yüksəltməyə yönəldilir. Beyin şişlərinin aradan qaldırılmasından sonra müalicənin reabilitasiya mərhələsinin əsas xüsusiyyəti şişlərin təkrarlanmasının qarşısını almaq üçün maksimum həssaslıq və hərtərəfli diaqnostik nəzarətdir. Hətta qabarıq nevroloji pozğunluqlarda belə pasientləri yaranmış məhdud imkanlara adaptə olmağa, gündəlik fəaliyyətlərinə qayıtmağa kömək edirik. Vaxtında başladılmış reabilitasiya kobud əlilliyin qarşısını alır.

Beyində onkoloji əməliyyatlardan sonra reabilitasiya təkcə reabilitasiya deyil, həm də diaqnostik və müalicəvi əhəmiyyət daşıyır və şişlərin ressedivlərinin qarşısını alır.

Reabilitasiyanın əhəmiyyəti xəstədə itirilmiş funksiyaların maksimum bərpa edilməsinə nail olmaq və xəstəni başqalarından asılı olmayan iş həyatına qaytarmaqdır. Funksiyaların tam bərpası mümkün olmadıqda belə əsas məqsəd xəstənin həyatını əhəmiyyətli dərəcədə asanlaşdırmaq üçün ona yaranan məhdudiyyətlərə uyğunlaşdırmaqdır.

Müalicəvi İdman.

Müalicəvi idman əməliyyatdan öncə və sonra istifadə olunur.

  • Əməliyyatdan qabaq müalicəvi idman pasientin əzələ tonusunu artırmaq, ürək-damar və tənəffüs sisteminin məşqi üçün tətbiq olunur.
  • Əməliyyatdan sonra müalicəvi idman itirilmiş funksiyaları bərpa etmək, yeni şərti reflekslər yaratmağa, vestibulyar xəstəliklərlə mübarizə aparmaq üçün tətbiq olunur.

Əməliyyatdan sonrakı ilk günlərdə müalicəvi idman məşqlərini passiv rejimdə aparılmalıdır. Müalicəyə ilk növbədə xəstənin hipodinamik vəziyyətini nəzərə alaraq vəziyyətinin ağırlaşmaması üçün tənəffüs məşqlərini tətbiq etməklə start vermək zəruridir. Əks göstərişlər olmadığı təqdirdə, hərəki motor aktivliyi genişləndirmək üçün passiv-aktiv rejimdə məşqlər həyata keçirmək olar.

Pasientin vəziyyəti stabilləşdikdə, reanimasiya şöbəsindən stasionar şöbəyə köçürüldükdən sonra müalicəni gedişini xəstəni horizantal vəziyyətdən çıxarılaraq vertikal vəziyyətə keçirtmək, itirilmiş hərəkətlərin bərpasına yönəltmək lazımdır.

Sonrakı etapda ağırlaşma qeydə alınmazsa hərəki aktivliyi bir qədər də artırmağa – pasienti ayağa qaldırmağa və gəzdirməyə çalışmaq lazımdır. Müalicəvi gimnastikanın irəliləyən mərhələlərində – toplar, xüsusi çəkilərdən (yüklərdən) istifadə edilərək müalicə davam etdirilir. Məşqlər xəstələri yormamaq və ağrı sindromuna səbəb olmadan aparılmalıdır.

Pasientlərdə ətrafların parezi zamanı massaj tətbiq edilə bilər. Massaj- ətraflarda əzələlərin qan dövranını yaxşılaşdırır, qan və limfa dövranını sürətləndirir, dayaq-hərəkət sistemində hissiyatı artırır.

Pasientlərdə ən minimal yaxşılaşmaya belə–yeni hərəkətin əmələ gəlməsi, amplitudunun artması, əzələ gücünün yüksəlməsinə diqqət edilməlidir. Reabilitasiya dövrü kiçik intervallara və həmin interval müddətində xüsusi tapşırıqların tətbiqinə əsaslanmalıdır. Belə bir müalicə texnikası xəstəni motivasiya etməyə və onun tərəqqisini, yaxşılaşmağa doğru irəlilədiyini görməkdə imkan verəcəkdir. Bu tip ağır xəstəliyə düçar olan xəstələr depressiya və irəliləyişi inkar etməyə meyllidirlər. Belə xəstələrə səhhətlərindəki müsbət dinamikanı görmək müsbət nəticələr əldə etməyə təkan verəcəkdir.

Beyin şişlərinin proqnozu və profilaktikası

Baş beynin kiçik ölçülü və lokalizasiyası cərrahi üsulla aradan qaldırılmaq üçün əlverişli olan xoşxassəli şişləri üçün proqnoz nikbindir. Lakin, onların əksəriyyəti residiv verməyə meylli olduğundan, təkrari əməliyyatı tələb edə bilər. Beyinə edilən hər cərrahi müdaxilə onun toxumalarının travmatizasiyasına səbəb olur və bu da davamlı nevroloji defisitə gətirib çıxarır. Bəd xassəli, cərrahi əməliyyat üçün çətin lokalizasiyalı, böyük ölçülü və metastatik xarakterli şişlər radikal şəkildə aradan qaldırıla bilmədikləri üçün əlverişsiz proqnoza malikdir. Proqnoz, həmçinin xəstənin yaşından və orqanizminin ümumi vəziyyətindən də asılıdır. Ahıl yaş və yanaşı gedən patologiyanın (ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığı, şəkərli diabet və s.) varlığı cərrahi müalicəni aparmağı çətinləşdirir və nəticələrini pisləşdirir.

Serebral şişlərin ilkin profilaktikası xarici mühitin onkogen təsirlərinin aradan qaldırılmasından, digər orqanların bəd xassəli şişlərinin erkən aşkarlanması və metastazın qarşısını almaq üçün onların radikal müalicəsindən ibarətdir. Residivlərin qarşısının alınması tədbirləri insolyasiyaların, kəllə-beyin travmalarının, biogen stimullaşdıcı preparatların istifadəsinin istisna edilməsindən ibarətdir.

Leave a reply