Baş gicəllənməsi və müvazinətsizlik (dizziness) iki fərqli anlayışdır. Çox vaxt müxtəlif orqan patalogiyalarında birlikdə müşahidə edilirlər. Vertiqo anlayışı daha çox baş gicəllənməsini tərif etmək üçün istifadə olunur və insanlarda daha çox rotasional fırlanmanı (ətrafın və ya insanın özünün fırlanması) göstərir. Əsasən daxili qulaq xəstəliklərinin səbəb olduğu bir vəziyyətdir.

Dizziness isə insanın ayağının altından yerin qaçması, müvazinətsizlik hissi, sərxoşvari hiss, zərbə dəymə hissinə səbəb olur. Əksər vaxt beyin xəstəliklərinə, hormonal xəstəliklərə və daxili boyun xəstəlikləri kimi səbəblərə bağlı olaraq əmələ gəlir. Vertiqo sayılan həqiqi baş gicəllənməsində əsasən ürəkbulanma və qusma da olur.

Müvazinətin təmin olunması hələ tam olaraq aydınlaşdırılmamışdır və bu hal bir çox orqanın rol oynadığı bir vəziyyətdir. Bununla bağlı rolu olan orqanlar və sistemlərə beyin, onurğa beyni, daxili qulaq (labirent), gözlər, oynaq və əzələlər aiddir. Bu orqanlara təsir edən hər hansı bir xəstəlik baş gicəllənməsi ilə birlikdə bu orqana aid digər əlamətlərin ortaya çıxmasına səbəb ola bilər. Bir çox orqanın rol oynadığı baş gicəllənməsi sahə həkimi tərəfindən dəyərləndirilə bilməz. Əsasən, başlanğıcda qulaq burun boğaz (QBB) və nevropatoloq tərəfindən müayinə edilsə də göz, terapevt və ya fiziki müalicə həkimləri tərəfindən də müayinə olunmağa ehtiyac ola bilər.

Şikayətlər

Baş gicəllənmə müxtəlif xəstələr tərəfindən fərqli formalarda izah edilir. “Hər tərəf dönür, yer ayağımın altından qaçır, bir tərəfə doğru sürüşürəm, gözlərim axır” kimi şikayətlər çox eşidilir. Bunların hamısına birdən baş gicəllənməsi deyilir. Baş gicəllənməsi olan xəstədə səbəbin nə olmasından asılı olaraq digər şikayətlər də olur. Qulaq xəstəliklərinə bağlı olan baş gicəllənməsi ilə paralel olaraq qulaq cingildəməsi, eşitmə azlığı, qulaqda təzyiq hissi, ürək bulanma, qusma, qulaqda axıntı və gözlərdə anormal hərəkətlər (nistagmus) ola bilər. Nevroloji xəstəliklərə bağlı olan baş gicəllənmələrində isə baş ağrısı, qıcolmalar, iflic, göz hərəkətlərində anormallıqlar ola bilər. Baş dönməsi ilə birlikdə olan bu şikayətlər çox dəyişkən olur. Ancaq bir çox xəstədə sadəcə baş gicəllənməsi olur.

Baş gicəllənməsi və müvazinətsizlik əmələ gətirən xəstəliklər:

Qulağa bağlı səbəblər: Bütün həqiqi vertiqoların 70%-i qulaqla əlaqəli olur. Meniere xəstəliyi, pozisyonel vertiqo, qulağın axıntılı xroniki xəstəlikləri, eşitmə itkisi ilə gedən qulaq xəstəlikləri, virus infeksiyasından sonra müvazinət sinirinin zədələnməsinə bağlı olan qulaq xəstəlikləri, damar tıxanıqlığı olan insanlarda olan daxili qulağa daha az qan getmə halı, bəzən isə heç bir səbəb olmadan daxili qulaqdakı pərdələrin zədələnməsinə bağlı olaraq vertiqo hücumları ola bilər.

Travmalar: Başda olan və daxili qulağı da zədələyən sınıqdan sonra vertiqo ilə bərabər ürəkbulanma və qusma da ola bilir. Xəstə başını yüngül hərəkətlə belə tərpədərək aşkar bir baş gicəllənməsi keçirir. Bu vəziyyətin düzəlməsi həftələr və aylarla çəkə bilər. Belə halda, müəyyən illər sonra belə pozisyon dəyişikliklərində xəstədə bir neçə saniyəlik şiddətli baş gicəllənməsi qala bilər.

İnfeksiya: Əsasən kəskin qrip infeksiyasından sonra qulaq mənşəli baş gicəllənməsi əmələ gələ bilər.

Nevroloji xəstəliklər: Multipl skleroz, sifilis, müxtəlif beyin şişləri, Parkinson xəstəliyi və başqa xəstəliklər sinir sisteminə təsir edərək müvazinətin pozulmasına səbəb ola bilər.

Allergik səbəblər: Əsasən yaz və payız aylarında, allergik bədənli insanlarda polen və allergik mühitə cavab olaraq vertiqo tutmaları ola bilər. Müalicəsində antihistaminlər effektlidir.

Servikal səbəblər: Çox kəskin boyun yırtıqları xaricində baş gicəllənməsi əmələ gətirməzlər.

Dioqnostika

Baş dönməsi və müvazinət xəstəlikləri ilə maraqlanan mərkəzlərdə bir çox texnoloji üsullar (audiometrik testlər, elektronistagmografiya, elektrokoxleografiya, elektromiografiya, dinamik posturografiya və b. ) vasitəsilə dəqiq məlumat əldə etmək olur. Səbəbi bilindikdən sonra isə uyğun müalicə verilir.

Baş dönməsini azaltmaq üçün tədbirlər mövcuddur və xəstəliyin tipinə görə dəyişir. Məsələn, Meniere xəstəliyi olan bir insanın stressli mühitdən, alkoqoldan, kofeindən, çox duzlu yemeklərdən uzaq olmağı lazımdır. “Benign Paroksizmal Pozisyonel Vertigo (BPPV)”- pozisyaya bağlı xoşxassəli vertiqosu olan bir xəstənin ani baş hərəkətlərindən (ən əsas uçurum kənarı, eyvan kənarı) uzaq olması lazımdır. Bu halda, ən önəmli məsləhət baş gicəllənməsi olduqda maşın sürmək, təhlükəli bir alət istifadə etmək və ya diqqət lazım olacaq bir iş görmək kimi vəziyyətlərdən uzaq olmaqdır.

Müayinə əlamətləri

Baş gicəllənməsi əgər daxili qulaqla əlaqəlidirsə bu zaman müayinədə bir problem görünməz. Yalnız orta qulaq iltihablarının daxili qulağa təsir etməsi ilə əlaqəli baş gicəllənməsi varsa bu zaman qulaq pərdəsində dəlik və orta qulaqda iltihab görünə bilər. Xəstədə anormal göz hərəkətləri ola bilər. Bu göz hərəkətlərinin hərəkət istiqaməti hansı qulağın xəstə olmasına aid bəzi məlumatlar verə bilər. Həkim xəstəyə ayaq üstə, yatarkən və ya hətta yeriyərkən bəzi testlər edə bilər.

Dioqnostik meyarlar

Bu meyarlar müayinələrdən sonra bilinir. Əgər müayinədən sonra qulaqla əlaqədar bir xəstəlik olmadığı müəyyən olunarsa bu zaman həkiminiz sizi müvafiq ixtisaslı digər həkimlərə yönəldirəcəkdir. Ancaq buna qərar verəndə müayinədən sonra bəzi tədqiqatlar aparılır. Bunlar arasında ən çox audiometriya deyilən və həm eşitmə, həm də daxili qulaq funksiyaları haqqında məlumat verən test edilir. Bundan başqa, həm də qulaqla əlaqədar komputer tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya (MRT) edilir. Bu testlərə bəzi qan müayinələri də daxil edilə bilər. Lakin, bir çox qulaq xəstəliklərində bu müayinələrlə bir şey görmək olmur. Bu testlər əsasən şiş kimi daha ciddi problemləri inkar etmək üçün edilir.

Müalicəsi:

Baş gicəllənməsi özü bir xəstəlik deyil və başqa xəstəliklərin əlaməti olduğu üçün müalicəsində əsas xəstəliyi müalicə etmək lazımdır. Ancaq bir çox halda səbəbi bilinmir. Bu zaman əsl məqsəd baş gicəllənməsini ortadan qaldırmaqdır. Qulaq xəstəliklərinə bağlı baş gicəllənmələri (şişlər xaric) qısa və ya uzun zamanda öz-özünə keçib gedir. Çünki digər qulaq zaman keçdikcə xəstə qulağın problemini kompensasiya edir. Bu bəzən 6 və ya 1 ilə qədər uzana bilər. Baş gicəllənməsi əgər pozisyaya bağlı baş gicəllənməsidirsə (BPPV) bunun müalicəsi Epley manevrası adlanan və həkimin sizə müayinə stolunda tətbiq edəcəyi bəzi hərəkətlərlə olur. Bu hərəkətlər daxili qulaqdakı bəzi hissəciklərin yerinə oturmasını təmin edir. Digər səbəblərdə isə müalicə lazım olur. Bu məqsədlə bəzi dərmanlar istifadə olunsa da demək olar ki, hamısı baş gicəllənməsini azaldırlar. Baş gicəllənməsi şiddətli olan xəstələrə bəzən sistem qoşularaq xəstəxanaya yerləşdirilir. Şişlərə bağlı olan baş gicəllənmələrində isə şiş çıxarılır. Dərman müalicəsinə tabe olmayan Meniere xəstəliyində də bəzən əməliyyata ehtiyac olur.

Meniere xəstəliyi:

Daxili qulaqda olan mayenin tarazlanması, əmələ gəlməsi ilə əlaqəli bir problemdir. Xəstəliyin tam səbəbi bilinmir. Daxili qulaq, eşitmə və müvazinət ilə əlaqəlidir və içi maye ilə dolu bir kapsuldan əmələ gəlmişdir. Meniere xəstəliyində bu mayenin təzyiqi artır. Artan təzyiq qulaq cingildəməsinə, qulaqda tutulma hissinə, eşitmə azlığına və baş gicəllənməsi hissinə yol aça bilər. Xəstəlik baş gicəllənməsi, eşitmədə dalğalanmalar və qulaq cingildəməsi ilə xarakterikdir. Ürək bulanma, qusma, müvazinət pozğunluğu, tərləmə və ishal da müşahidə oluna bilər.

Tutmalar əsasən birdən başlayır və 20 dəqiqə ilə 24 saat arasında davam edə bilər. Bir çox hallarda tutmalar ard-arda gəlir. Həftələrlə davam edən, tez-tez təkrarlanan tutmalar olur və həftələrlə, aylarla davam edərək normala dönür. Eşitmə itkisi eşitmə sinirində olan zədələnmədən asılı olur. Xəstəliyin ilk dövrlərində eşitmə itkisi tutmalar əsnasında müşahidə edilir, daha sonra isə normala qayıdır. Nadir halda eşitmə itkisi, qulaq təzyiqi və ya cingildəmə olmadan sadəcə baş gicəllənməsi olur. Eyni qaydada baş gicəllənməsi olmadan eşitmə itkisi, qulaqda təzyiq hissi, cingildəmə ola bilər. Meniere xəstəliyi əsasən bir qulaqda olur, amma iki qulaqda da ola bilər

Konservativ müalicəsi:

Müalicənin məqsədi daxili qulaqda mayenin təzyiqini azaltmaqdır. Bu az duzlu yeməklər yemək və sidik qovucularla təmin edilir. Duz, suyun bədəndə qalmasına səbəb olur və buna görə duza məhdudiyyət qoyulur. Sidik qovucular da eyni məqsədlə istifadə olunur. Bu müalicə xəstəliyi kontrol altına almaq məqsədilə aylar hətta illər boyu aparılır. Müvazinət sisteminə təsir edən dərmanlar da müalicəyə daxil edilir. Normada bu dərmanlar beyinin qulaqdan gələn anormal siqnalları diqqətə almamasını təmin edir

Cərrahi müalicə:

Cərrahi müalicə dərman müalicəsinin effekt vermədiyi halda və baş gicəllənməsinin olduğu vəziyyətlərdə aparılır. Eşitməni qorumaq üçün bütün səylər aparılır. Əməliyyatın tipi qulaqdakı eşitmənin nə qədər itməsinə bağlıdır. Əməliyyatdan sonra bəzən eşitmənin azalması olsa da əksərən eyni qalır. Əməliyyatın tipinə bağlı olaraq baş gicəllənməsinin effektiv müalicəsi mümkündür.

Pozisyaya Bağlı Vertigo (BPPV):

Baş gicəllənməsinin daxili qulaqla əlaqədar olan ən çox səbəbidir. Şikayətlər daxili qulaqda kalsium çökməsi ilə əlaqəli meydana çıxır. Bu çöküntülər daxili qulaq mayesində sərbəst üzürlər. Öz-özünə, virus xəstəliyindən sonra və ya kəllə travmasından sonra əmələ gələ bilər. Bu xəstəlikdə baş və bədənin pozisyonu dəyişildikdə bəzən ürək bulanma ilə birlikdə baş gicəllənməsi olur. Bu bir neçə saniyə və ya dəqiqəyə qədər davam edə bilər. Səbəb olan qulaq yerə doğru istiqamətlənəndə şikayətlər ortaya çıxır. Eşitmə itkisi, qulaqda təzyiq hissi və ya cingildəmə kimi şikayətlər olmur. Diaqnozu Dix-Hallpike, müalicəsi Epley manevrasıdır. Manevra edilməsə həftələr, aylar bəzən bir il müddətində öz-özünə düzələ bilər. Müvazinət sistemini zəiflədən dərmanlar istifadə olunur.

Vestibulyar Nevrit (Labirentit):

Bu xəstəlikdə daxili qulaqdakı müvazinət hissəsində olan sinir hüceyrələrində şişmə olur. Virus səbəbindən baş verdiyi düşünülür. İnsanlar bu xəstəlik başlamazdan əvvəl üst tənəffüs yolu infeksiyası keçirdiklərini söyləyirlər. Ani əmələ gələn baş gicəllənməsi, ürək bulanma və müvazinət itkisi olur, amma eşitmə normal olur. Şikayətlər başlanğıcda şiddətli olur, 10 günə qədər yeriyərkən yardıma ehtiyacı olur və insanın bütün işlərini görməsi, maşın sürə bilməsi üçün həftələr, aylar lazım olur. Xəstə başını ani olaraq döndərəndə keçici baş gicəllənməsi və ya sərsəmlik hiss edir. Şikayətlərin keçməsi üçün müvazinət sistemini zəiflədən dərmanlar istifadə olunur. Dərmanlar gündə 3 dəfə istifadə edildikdə effektli olur. Baş dönməsi azalmağa başlayanda dərmanın da sayı azaldılır və kəsilir. Nadir olaraq şikayətlər bir ildən çox davam edərsə əməliyyat ola bilər.

Akustik Nevrinoma:

Akustik nevrinoma müvazinət sinirində əmələ gələn xoş xassəli şişə verilən addır. Şiş çox yavaş böyüyür, buna görə şikayətlər diqqətə çarpmadan illər boyu davam edir. Baş gicəllənməsi demək olar ki olmur, çünki şiş yavaş-yavaş böyüyür, beyin və digər qulaq bu funksiyanı öz üzərinə götürür. Xəstədə müvazinətsizlik hissi ola bilər. Meydana çıxan ilk şikayət qulaq cingildəməsi olur. Cingildəmə böyüyən şiş sinir sıxılması ilə ortaya çıxır. Şiş böyüdükcə sinirin eşitmə hissəsi də zədələnir və  eşitmə azlığı ortaya çıxır. Diaqnoz komputer tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya ilə qoyulur. Müalicəsi şişin əməliyyatla çıxarılmasıdır.

Qocalıqla əlaqədar baş gicəllənməsi:

Qocalıqla əlaqədar orqanizmdə olan bir çox dəyişikliklər kimi müvazinət sistemində də dəyişiklik olur. Bu dəyişikliklərə eşitmənin azalması da aiddir. Sinirdə olan qıcıqlanmalarda azalma ola bilir və ya beyin ona gələn qıcıqları tam olaraq dəyərləndirə bilmir. Hər iki vəziyyətdə də bu özünü baş gicəllənməsi kimi biruzə verir. Görmənin azalması, görmə bulanıqlığı və ya göz yorğunluğu da buna qoşulur. Gözdəki linzaların elastikliyinin azalması buna səbəb olur və bifokal eynəklərlə bu vəziyyət bərpa olunur. Göz təzyiqi, katarakta kimi vəziyyətlər də görməyə təsir edərək beyinə gedən məlumatın azalmasına səbəb ola bilir.

Vestibulyar Reabilitasiya

Vertigo tutmalarının müalicəsi ayrı, xəstəliyin müalicəsi ayrı aparılır. Lazım gələrsə müayinə və müalicələr stasionar rejimdə həyata keçirilir. Xroniki tarazlıq xəstəliklərində reabilitasiyanın rolu böyükdür. Vestibulyar Reabilitasiya ilə beyinə, tarazlıq orqanlarında müalicə olunması mümkün olmayan dəyişikliklər olduqda belə tarazlığı yenidən saxlamaq öyrədilir. Vestibulyar reabilitasiya – postural stabilizasiya hərəkətləri, baxış stabilizasiya hərəkətləri, müvazinət hərəkətləri, okulyar motor hərəkətlərini özündə cəmləyir. Nəticə olaraq düzgün diaqnoz qoyulduqda, vertigo əksər hallarda aradan qaldırılır və ya tutmaların qarşısı alınaraq xəstənin rahatlaşmasına nail olunur.

Müayinədə ilk olaraq təsirlənən qulaq və tarazlıq orqanının hissəsi müəyyən edilir. Yerindən oynayan tarazlıq daşlarını yerinə oturtmaq üçün istifadə edilən bəzi baş manevrləri yüksək müvəffəqiyyət səviyyəsi və aşağı risklərinə görə adətən ilk müalicə üstünlüyüdür. Bu manevrlərin müxtəlif tipləri olub, diaqnostikada anında düşünülən daxili qulaq patologiyasına görə korreksiya manevr tipinə üstünlük verilir. Xəstələrin %80-90-ı bu manevrlərlə dir dəfəyə düzəlir. Nadir hallarda xüsusilə yaşlı xəstələrdə və sağlamlıq problemləri səbəbiylə hərəkətsiz olan xəstələrdə bu manevrləri bir həftə fasilə ilə daha çox tətbiq etmək lazım gələ bilər. Evdə ediləcək məşqlər xəstəyə göstərilir.

Leave a reply