“Beyin şişi” termininin əsasını kəllə beyində, beyin qişalarında və beyin damarlarında törəmiş yeni toxumaların geniş xəstəliklər qrupunu birləşdirir.
Beyin şişləri 2 qrupa bölünür:
Birincili- birbaşa beyin və beyin qişalarında əmələ gəlir.
İkincili (metastatik)- Yeni törəmənin beyin toxuması daxil olmaqla digər orqanlara yayılması prosesidir.
Şişinin histoloji quruluşundan asılı olmayaraq (xoş və ya bədxassəli), onların hamısı müalicə olunmadıqda beynin sıxılma nədəniylə insan ölümünə səbəb ola bilər.
Simptomlar:
Şiş böyüdükcə ətraf toxumaları sıxır, intrakranial təzyiqin artmasına və beyin ödeminin meydana gəlməsinə səbəb olur və nəticədə aşağıdakı simptomlar meydana çıxır:
• Baş ağrıları
• Qusma
• Görmənin pozulması – xüsusən hipofizin adenomalarında
• Beyin sinirləri funksiyasının pozulması- qoxu, dadbilmə, eşitmə, müvazinət, göz almasının hərəki pozulması, ağrı və üzün keyiməsi, üz əzələlərinin parezi, udma aktının pozulması və s.
• Epileptik tutmalar
• Ocaqlı simptomlar
o Koordinasiyanın pozulması
o İflic
o Hissiyyatın pozulması
o Danışıq qabiliyyətinin pozulması
o Psixi və intellektual pozğunluq
o Müxtəlif Hallüsinasiyalar
o Görmənin zəifləməsi
o Hiperkinezlər
o Ağrı, vegetativ və hormanal pozğunluqlar

Bərpa və reabilitasiya.
Reabilitasiya ümumi müalicə planının vacib bir hissəsini təşkil edir. Hər bir reabilitasiya planının məqsədi xəstənin ehtiyaclarına və şişin çıxarılmasına səbəb olan çatışmamazlıqlara uyğun olaraq fərqlənir. Beyin şişlərinin və şişlərin çıxarılması xəstələrdə duyğusal, emosional, intellektual və davranış problemlərinə də səbəb ola bilər. Bu problemlərlə mübarizə aparmaq üçün xəstəyə kömək lazımdır.

Bərpa dövrü multidissiplinar briqadanın daimi nəzarəti altında davam etdirilməlidir. Cərrah, kimyəviterapiya mütəxəssisi, radioloq, psixoloq, fizioterapevt, reabilitoloq, müalicəvi idman treyneri və həkimi, loqoped, kiçik tibbi personal reabilitasiya dövründə xəstəyə nəzarət etməlidir. Yalnız multidissiplinli personal nəzarəti müalicə və bərpanın keyfiyyətini artırır. Reabilitasiya orta hesabla 3-4 ay davam etdirilir.
Şiş və xüsusilə bədxassəli şiş əməliyyatları sonrası reabilitasiya digər əməliyyatlardan fərqli olaraq xəstələrə xüsusi diqqət tələb edir. Reabilitasiya müddətində xəstələr kimyəvi və şüa terapiyası almağa davam etməlidir, buna görə də kimyəvi terapiya və radiologiya mütəxəssislərinin daimi müşahidəsi altında olmalıdır. Kimyəvi və şüa terapiyası xəstələr üçün əməliyyat qədər önəmlidir.

Nəzərə almaq lazımdır ki, şiş xəstəliyinin reabilitasiya dövrü həm xəstə həm də xəstənin ailə üzvləri üçün uzun və ağır bərpa dövrüdür. Bu dövrdə həm xəstə həm də ailə üzvləri üçün fiziki və psixi güc çox böyük rol oynayır. Ona görə də xəstəliyə xəstənin düzgün yanaşması psixoloqun- neyropsixoloqun əsas vəzifəsidir.
Reabilitasiyanın məqsədi:
– əməliyyatın nəticələrinə və yeni həyat tərzinə uyğunlaşma;
– itirilmiş funksiyaların bərpası;
– Yeni bacarıqlara yiyələnmək;
-Bacarıq və qabiliyyətlərin yenidən hazırlanması;
-Fiziki, emosional və sosial vərdişlərə uyğunlaşma;
Hər bir xəstə üçün individual reabilitasiya proqramı hazırlanır, qısa və uzunmüddətli hədəflər müəyyən edilir. Qısa müddətli hədəflər – qısa bir müddətdə həll edilə biləcək vərdişlərə yiyələnməkdir, məsələn, başqasının köməyi olmadan yataqda oturmağı öyrətmək. Bu hədəfə nail olunduqdan sonra yeni hədəf üzərində çalışmağa başlanılır. Qısa müddətli vərdişlərə yiyələnmək uzun müddətli reabilitasiya prosesini müəyyən mərhələlərə ayırır və həkimlərə xəstənin dinamikasını qiymətləndirməyə imkan verir.
Beyin şişləri əməliyyatlarından sonra reabilitasiyanın məqsədi hətta qalıcı ağır beyin disfunksiyalarında belə pasientin ailədə və cəmiyyətdə həyat keyfiyyətini yüksəltməyə yönəldilir. Beyin şişlərinin aradan qaldırılmasından sonra müalicənin reabilitasiya mərhələsinin əsas xüsusiyyəti şişlərin təkrarlanmasının qarşısını almaq üçün maksimum həssaslıq və hərtərəfli diaqnostik nəzarətdir. Hətta qabarıq nevroloji pozğunluqlarda belə pasientləri yaranmış məhdud imkanlara adaptə olmağa, gündəlik fəaliyyətlərinə qayıtmağa kömək edirik. Vaxtında başladılmış reabilitasiya kobud əlilliyin qarşısını alır.
Beyində onkoloji əməliyyatlardan sonra reabilitasiya təkcə reabilitasiya deyil, həm də diaqnostik və müalicəvi əhəmiyyət daşıyır və şişlərin ressedivlərinin qarşısını alır.
Reabilitasiyanın əhəmiyyəti xəstədə itirilmiş funksiyaların maksimum bərpa edilməsinə nail olmaq və xəstəni başqalarından asılı olmayan iş həyatına qaytarmaqdır. Funksiyaların tam bərpası mümkün olmadıqda belə əsas məqsəd xəstənin həyatını əhəmiyyətli dərəcədə asanlaşdırmaq üçün ona yaranan məhdudiyyətlərə uyğunlaşdırmaqdır.

Müalicəvi İdman.
Müalicəvi idman əməliyyatdan öncə və sonra istifadə olunur.
• Əməliyyatdan qabaq müalicəvi idman pasientin əzələ tonusunu artırmaq, ürək-damar və tənəffüs sisteminin məşqi üçün tətbiq olunur.
• Əməliyyatdan sonra müalicəvi idman itirilmiş funksiyaları bərpa etmək, yeni şərti reflekslər yaratmağa, vestibulyar xəstəliklərlə mübarizə aparmaq üçün tətbiq olunur.
Əməliyyatdan sonrakı ilk günlərdə müalicəvi idman məşqlərini passiv rejimdə aparılmalıdır. Müalicəyə ilk növbədə xəstənin hipodinamik vəziyyətini nəzərə alaraq vəziyyətinin ağırlaşmaması üçün tənəffüs məşqlərini tətbiq etməklə start vermək zəruridir. Əks göstərişlər olmadığı təqdirdə, hərəki motor aktivliyi genişləndirmək üçün passiv-aktiv rejimdə məşqlər həyata keçirmək olar.
Pasientin vəziyyəti stabilləşdikdə, reanimasiya şöbəsindən stasionar şöbəyə köçürüldükdən sonra müalicəni gedişini xəstəni horizantal vəziyyətdən çıxarılaraq vertikal vəziyyətə keçirtmək, itirilmiş hərəkətlərin bərpasına yönəltmək lazımdır.
Sonrakı etapda ağırlaşma qeydə alınmazsa hərəki aktivliyi bir qədər də artırmağa – pasienti ayağa qaldırmağa və gəzdirməyə çalışmaq lazımdır. Müalicəvi gimnastikanın irəliləyən mərhələlərində – toplar, xüsusi çəkilərdən (yüklərdən) istifadə edilərək müalicə davam etdirilir. Məşqlər xəstələri yormamaq və ağrı sindromuna səbəb olmadan aparılmalıdır.
Pasientlərdə ətrafların parezi zamanı massaj tətbiq edilə bilər. Massaj- ətraflarda əzələlərin qan dövranını yaxşılaşdırır, qan və limfa dövranını sürətləndirir, dayaq-hərəkət sistemində hissiyatı artırır.
Pasientlərdə ən minimal yaxşılaşmaya belə–yeni hərəkətin əmələ gəlməsi, amplitudunun artması, əzələ gücünün yüksəlməsinə diqqət edilməlidir. Reabilitasiya dövrü kiçik intervallara və həmin interval müddətində xüsusi tapşırıqların tətbiqinə əsaslanmalıdır. Belə bir müalicə texnikası xəstəni motivasiya etməyə və onun tərəqqisini, yaxşılaşmağa doğru irəlilədiyini görməkdə imkan verəcəkdir. Bu tip ağır xəstəliyə düçar olan xəstələr depressiya və irəliləyişi inkar etməyə meyllidirlər. Belə xəstələrə səhhətlərindəki müsbət dinamikanı görmək müsbət nəticələr əldə etməyə təkan verəcəkdir.

Physical therapist (40s) helping patient (60s) through gait training.

Leave a reply