Diz oynağı dedikdə  yük daşıyan qamış və bud sümükləri arasındakı oynaq nəzərdə tutulur. Qaçıcılar, yüksəkliyə atlayanlar, velosipedçilər kimi dizi bükülmüş vəziyyətdə olan idmançılarda  diz qapağına normadan çox yük düşür. Diz qapağı qığırdaq və sümüyünə düşən əlavə yük ağrıya səbəb olur. Ancaq bu şikayətlər sadəcə idmançılarda olmur. Evdar qadınlardan ofisdə oturaq iş şəraiti olanlara qədər müxtəlif insanlarda bu tip ağrılar görülə bilər.Belə xəstələrdə pilləkən qalxıb enərkən, diz üstünə oturduqda, çömbəldikdə,diz bükülmüş vəziyyətdə uzun müddət oturduqda  ağrılar əmələ gələ bilər.

Diz ağrılarının əsas səbəbləri nələrdir?

1. Aşağı ətrafın şaquli oxunun pozulması

2. Diz oynağı iç tərəfindəki iç büküş zarının(medial plica) qalınlığının artaraq diz bükülməsi vaxtı ağrı verməsi

3. Yaralanma

4. Həddindən artıq idman və yüklənmə

5.Diz ətrafı əzələlərdə tarazlığın pozulması və zəiflik

Dizə qonşu olan və ayaqda durmağımıza kömək edən əzələrdə olan zəiflik diz oynağına həddindən artıq yük düşməsinə səbəb olduğu üçün diz ağrılarına yol aça bilər.
6. Yastı dabanlıq

7. Revmatizmal xəstəliklər

Revmatizmal xəstəliklər zamanı diz oynağının içini örtən zarda şişkinlik əmələ gəlir və oynaq mayesi artır.Oynaq ətrafında qızarıqlıq, şişkinlik və kəskin hərəkət məhdudiyyəti yaranır. Bu xəstəliklərin konservativ müalicəsi revmatoloqlar tərəfindən aparılır. Medikamentoz müalicənin fayda vermədiyi hallarda  ortoped-travmatoloqlar tərəfindən aparılan yumşaq toxuma və sümük əməliyyatlarından faydalana bilərlər.

8. Diz oynağı bağlarının xəstəlikləri

Diz oynağının stabilliyini təmin edən iç və bayır yan və çarpaz bağlar var. Oynaq bağları bəzi hallarda zədələnə bilər.Xüsusilə idman yaralanmalarında,qəzalardan sonra bağlar yaralana bilər. Zədələnmənin ağırlığına görə oynaqda ağrı, qüvvətsizlik və şəkil pozulması görülür.Müalicəsində erkən dönəmdə istirahət, ağrıkəsici, bandajlama, buz tətbiq edilir və eyni zamanda bir çox hallarda əməliyyat lazım ola bilər. Əməliyyatdan öncə və ya sonra fizioterapiya şikayətləri azaldır, bərpa dövrünü qısaldır.

9. Menisk yaralanmaları

Diz oynağında olan menisklər oynağın elastikliyini, sürüşkənliyini və dayanıqlılığını artıran strukturlardır. Menisklər oynaq mayesi ilə qidalanırlar. Menisk yaralanmaları, menisk degenerasiyası və anadangəlmə və ya sonradan yaranan menisk kistləri ağrıya səbəb ola bilər. Menisk zədələnmələri travma sonrası yaranır. Gənclərdə və idmançılarda daha çoxdur. Daha yaşlı xəstələrdə bəzən görülə bilər.Menisk yırtığı çox vaxtı ani və şiddətli diz travması sonrası əmələ gəlir. Kliniki olaraq oynaqda ağrı, şişkinlik, həssaslıq və kilitlənmə kimi şikayətlər olur. Bəzi özəl fiziki müayinə testləri ilə menisk zədələnmələrinin diaqnozu qoyulur. Menisk yaralanmalarında xəstələrə istirahət məsləhət görülür. Ağrıkəsicilər verilir və sonradan fizioterapiya tətbiq edilə bilər. Fizioterapiyanın əsasını diz ətrafı əzələlərin gücləndirilməsi təşkil edir. Konservativ müalicə fayda vermədikdə vəya meniskdə tam qat yırtıq olduqda artroskopik olaraq meniskin yırtıq qismi təmizlənir.

10. Artroz(oynaqda duzlaşma və ya yeyilmə)

Yaşlı xəstələrdə diz ağrısının ən sıx səbəbi artrozdur.Artozda ilk şikayətlər getdikcə artan diz ağrılarıdır. Ağrı dizin ön, yan və arxa tərəflərində ola bilər. Əvvəl bəzi hərəkətlərlə yaranan ağrılar daha irəli dövrlərdə  istirahətdə də olur və daimi hal alır. Xəstələrin yerimə əsnasında ilk addımları ağrılı olur. Bu ağrılar hərəkət etdikcə qismən azalır. Uzun müddət yeridikdə ağrılar yenidən artır. Xəstlik ağırlaşdıqca pilləkənləri qalxıb düşməsi, tualetə oturması, namaz qılması çətinləşir. Bəzi günlük işlərini oturaraq etmək məcburəyyətində qalır. Xəstə dizini bükmədikdə xəstəlik daha da ağırlaşır və nəticədə diz bükülə bilmir.  Oynaqda ağrı və hərəkət məhdudiyyətindən əlavə, hərəkət zamanı dizdən səslər gəlir, ara bir şişir, diz əzələləri zəifləyir, dizdə deformasiya yaranır. Rentgendə oynaq aralığının daralması və ya tam bağlanması, yeni sümük çıxıntıların yaranması, sümüklərin zəifləməsi və  deformasiyalar görülə bilər. Konservariv müalicəsində ağrıkəsicilər,ağrılı dönəmdə istirahət və buz, fizioterapiya, kurort (istisu, naftalan və s.), diz əzələlərinin güclənməsi üçün gimnastikalar, kök xəstələrdə arıqlamaq, diz içi hialuron turşusu inyeksiyası faydalı ola bilər. Ağır dərəcələrdə, konservativ müalicənin fayda vermədiyi hallarda və bəzən deformasiya irəlilədikdə əməliyyat məsləhət görülür.
11. Diz qapağı xəstəlikləri

Diz qapağının anadangəlmə şəkil dəyişiklikləri, çıxıqları və sonradan travmalara bağlı qığırdağında əmələ gələn xəsarətləri diz ağrısına səbəb ola bilər. Müalicəsi diz ətrafı əzələlərin gücləndirilməsi və ya əməliyyatla ola bilər.
12. Diz oynağında olan deformasiyalar

Diz oynağında anadangəlmə və ya sonradan yaranan deformasiyalar ola bilər. Diz oynağının içə və ya bayıra tərəfə əyri durması hallarında dizə düşən yük artdığı üçün oynaq qığırdağı sıradan çıxır, əzələlərin və bağların həddindən artıq gərilməsinə səbəb olur. Buna bağlı dizdə ağrılar yaranır. Müalicə olaraq diz ətrafı əzələlərin gimnastika ilə gücləndirilməsi, ciddi deformasiyalarda əməliyyat və bəzən də yardımçı cihazlar istifadə etmək olar.
13. Törəmələr

Diz oynağı içi və ya ətrafında xoş və bəd xassəli törəmələr yarana bilər və ağrıya səbəb ola bilər. Xoş xassəli törəmələr dizin özündə yarandığı halda, bəd xassəli törəmələr həm dizin özündə və ya başqa orqandan metastazı səbəbi ilə əmələ gələ bilər. Diz nahiyəsi uşaqlarda bəd xassəli törəmələrin(osteosarkoma) ən sıx görüldüyü yerdir. Müalicə əməliyyatla törəmənin xaric edilməsindən ibarətdir.

14. Yayılan ağrılar və baldır-diz ağrıları

Aşağı ətraf damarlarının xəstəlikləri və tıxanıqlıqları dizə yayıla bilir. Xüsusilə bel bölgəsindəki fəqərəarası disk yırtıqları, oturaq sinir ağrıları və bud-çanaq oynağı problemləri diz oynağına yayıla bilər. Müalicə səbəb olan xəstəlik yönündə olmalıdır.
15. Digərləri

Diz oynağını təşkil edən sümüklərin qanlanmasının pozulması(avaskulyar nekroz), diz ətrafı yağ toxuması, vətər(tendinit) və kisəciklərin(bursit) iltihabi xəstəliklərində diz nahiyəsində ağrılar ola bilər.Yeriyərkən ya da stuldan qalxarkən dizin iç tərəfində şiddətli ağrıya anserin bursit səbəb ola bilər. Bu diz ağrısının tez-tez rast gəlinən səbəbidir. Bu ağrı xəstəni yuxudan oyandırır və xəstə dizləri arasına yastıq qoymaq məcburiyyəti hiss edə bilər. Bu xəstələr iltihab əleyhinə dərmanlardan başqa ayaqqabı içinə yerləşdirilən dabanlıqlardan fayda görürlər.
Diz ağrısı ilə bərabər aşağıdakı şikayətlər müşahidə edilərsə tez bir zamanda ortoped-travmatoloqa müraciət etməyiniz vacibdir.

Leave a reply