Fəqərəarası disk yırtıqları onurğa sütununun ən çox rast gəlinən problemlərinə aiddir. Bunlar fəqərə sütununun ən çox bel və boyun şöbələrində, nadir hallarda isə döş şöbəsində qeyd olunur. Normalda fəqərəarası disk iki fəqərə arasında özünəməxsus manjet, balış və ya “oynaq” rolunu oynayaraq onurğa sütununun hərəkətliliyini və elastikliyini təmin edir. Mərkəzində nisbətən yumşaq substansiya – pulpoz nüvə və ətrafında nizami qaydada tarım çəkilmiş liflərdən ibarət olan fibroz həlqə fəqərəarası diskə bu funksiyaları yerinə yetirməyə imkan verir. Lakin avtomobilçilər və ümumiyyətlə, texniki avadanlıqlardan anlayışı olan bütün şəxslər bilir: içində nisbi yumşaq komponenti (məsələn, rezin manjetlər) olan hər bir mütəhərrik mexaniki qurğuda ən tez sıradan çıxan elə həmin yumşaq komponentlərdir. Analoji olaraq zaman getdikcə fəqərə sütununda da quruluşuna görə nisbətdə ən böyük yüklənmə fəqərəarası disklərə düşür. Nəticədə disk tədricən zəifləyir, fibroz həlqədə mikrocırılmalar baş verir. Sonrakı nəticədə pulpoz nüvənin bir hissəsi artmış cırılma yerindən onurğa kanalına keçə bilir. Bu, fəqərəarası diskin yırtığıdır. Bəzi hallarda disk yırtığı zaman ərzində yavaş-yavaş inkişaf edir. Digər hallarda isə yırtıq qəfil baş verir. Amma baş vermə sürətindən asılı olmayaraq bütün disk yırtıqları disk degenerasiyası, prolaps (protruziya), ekstruziya (adi yırtıq) və sekvestrasiya mərhələlərini keçir. İlk iki mərhələdə pulpoz nüvə fibroz həlqə hüdudunu keçmir. Heç də bütün disk yırtıqları ağrı vermir. Başqa səbəblərə görə KT və ya MRT olunmuş şəxslərdə belə asimptom fəqərəarası disk yırtıqları qeyd oluna bilər. 

Disk yırtıqlarının səbəbləri 

Disk yırtıqlarının ən böyük səbəbi yaşlanma hesab olunur. Lakin burada pasport yaşı yox, bioloji yaşlanma nəzərdə tutulur. Bioloji yaşlanma isə hamıda və bütün toxumalarda eyni sürətlə getmir. Ona görə də yaşa dolduqca fərddən asılı olaraq, artıq uşaq yaşlarından disklərin səthinin xırda kapilyarlarla və daha sonra yeniyetməlik dövründən başlayaraq diffuziya yolu ilə qidalanması bu və ya digər sürətlə azalır. Bəli, nə qədər qəribə səslənsə də, bu proses artıq erkən gənclik dövründə, bəzi fərdlərdə isə daha tez başlayır. Nəticədə diskdə suyun miqdarı azalır. Bu səbəbdən disk yırtıqları ən çox 30-50 yaşlarda qeyd olunur. Belə olduğu halda qəfil yük qaldırma, kiçik travmalar, yöndəmsiz hərəkətlər və bəzən hətta öskürmə-asqırma kimi məsum fizioloji aktlar da disk yırtıqlarına səbəb ola bilər. Çünki artıq disk özü sağlam deyil. Belə ki, bir çox şəxslərdə fəqərə sütununda adi yaşlanmadan daha artıq proseslər gedir. Qərb ədəbiyyatında bu proseslər “degenerativ disk xəstəliyi”, “spondilyoz”, rus ədəbiyyatında isə “osteoxondroz” adlandırılır. Hazırda, müasir təbabətdə fəqərəarası disklərdə gedən degenerativ proseslər bir xəstəlik kimi yox, yaşlanmanın, qocalmanın qarşısıalınmaz bir təbii tərkib hissəsi kimi qəbul olunur. Necə adlanmasından asılı olmayaraq disklərdə gedən yaşlanma və degenerasiya onları zəiflədir. Həyat və fəaliyyət tərzinin xüsusiyyətləri, mikroangiopatiyalar isə fəqərələrin özünün qidalanmasını pisləşdirir və bu minvalla disk degenerasiyasını daha da sürətləndirir – elə bil ki, daha tez yırtıq yaranmasına hazırlayır. Belə ki, oturaq həyat tərzi, uzun müddət maşın sürmələr, onurğa sütununda uzun müddətli statik bükülmələr ilə bağlı fəaliyyət, çoxlu miikrotravmalar, piylənmə disklərin diffuziya yolu ilə qidalanmasını pisləşdirir. Şəkərli diabet, arterial hipertenziya, hiperxolesterinemiya, siqaretçəkmə isə onurğa sütunu komponentlərinin kapilyar qan dövranına mənfi təsir edir.

Nisbətən yaşlılarda isə artıq diskdə sklerotik-çapıqlaşma prosesi getdiyi üçün şəklini dəyişmiş pulpoz nüvə fibroz həlqə ilə get-gedə bitişir. Nəticədə qocalarda disk yırtığı ehtimalı azalır və olan disk yırtıqları da çox vaxt daha artmır, əksinə kiçilir. Nisbətən gənc yaşlarda isə yırtıq səbəbi kimi disk degenerasiyasından daha çox lokal yüklənmənin qəfil artması rol oynayır. Belə ki, ağır atletdə ştanq qaldırandan sonra, peşəkar futbolçuda (məsələn, Haret Beyl) gərgin oyundan sonra, gənc UFC və ya MMA döyüşçüsündə qısa müddətdə böyük ölçülü bir və ya bir neçə disk yırtığının qeyd  olunması neyrocərrahları təəccübləndirmir.  Eyni zamanda, tədqiqatçılar müxtəlif genlərin də disklərin sürətli degenerasiyasında rolu olduğunu təsdiqləyirlər. 

 

Fəqərəarası disk yırtıqlarının simptomları və əlamətləri  

Bu simptomlar yırtıq yerləşməsindən və hansı yumşaq toxumaların prosesə qoşulmasından asılı olaraq fərqlənə bilər. Əgər yalnız diskdə problem varsa, ağrı olmaya bilər və ya cüzi xarakter daşıya bilər. Buna səbəb odur ki, fərdlər arasında disklərin hissi sinirlərlə innervasiyası dəyişkəndir. Həmçinin, ağrı hissiyyatının xüsusiyyətləri fərdlər arasında fərqlidir. Fəqərə seqmentində digər hissələrin dəyişikliyindən, disk yırtığının sinir kökcüyünü sıxmasından asılı olaraq ağrı boyun və ya bel-oma nahiyəsində lokal ağrıdan müvafiq olaraq yuxarı və aşağı, bir, yaxud hər iki ətrafa vuran ağrılara kimi fərqli simptomlarla qeyd oluna bilər. Xüsusilə bel-oma nahiyəsində disk yırtıqları zamanı ilk dövrlərdə diaqnoz barədə şübhə yaranmaya bilər. Çünki xəstələr bəzən  bud, diz və ayaqlarda qeyri-müəyyən ağrılardan şikayətlənirlər. Digər xəstələr isə klassik “işias” əlamətləri ilə – bel nahiyəsindən budun arxası, baldırın bayır səthindən baş barmağa vuran ağrılarla müraciət edirlər. Disk yırtığı ilə bağlı ağrının ən xarakter xüsusiyyəti onun davamedən və ya heç olmazsa, müəyyən pozada davamedən olmasıdır. Lakin ağrının olmaması heç də həmişə yaxşı əlamət deyil. Bel-oma nahiyəsində iri yırtıq at quyruğu kökcüklərini sıxdıqda ağrı çəkilə, əvəzində ətraflarda zəiflik, perianal keyləşmə və sidik ifrazının çətinləşməsi yarana bilər. Bu isə proqnostik baxımdan ağrılardan daha pis əlamətlərdir. Boyun nahiyəsində analoji olaraq disk yırtığı asimptom, yüngül yerli ağrı sindromu ilə və ya bir yuxarı ətrafa vuran kökcük tipli ağrılarla qeyd oluna bilər. Boyun nahiyəsində mərkəzi disk yırtıqları isə ciddi tibbi problemə – yerişin pozulması, hissi pozulmalar, çanaq funksiyalarının pozulması ilə özünü göstərən mielopatiyaya gətirib çıxara bilər.

Obyektiv müayinə zamanı yerli əzələ spazmı, bel-oma nahiyəsində kontralgik skolioz qeyd oluna bilər. Bel-oma nahiyəsində yırtıqlar zamanı Laseq əlaməti mənfidirsə, sinir kökcüyünü kompressiya edən yırtıq ehtimalını azaldır. Amma əlamətin müsbət olması disk yırtığına görə olmaya da ola bilər. Başqa sözlə, bu əlamət çox senzitiv, amma az spesifikdir. Çarpaz Laseq əlaməti bel-oma fəqərəarası disk yırtıqları üçün daha spesifikdir. Boyun şöbəsində yalnız klassik radikulyar sindromla müraciət edənlərdə  Spurlinq testi həm yüksək senzitiv, həm də spesifikdir.

Nevroloji müayinə zamanı müvafiq sinir kökcüklərinə aid hərəki, sensor funksiya və reflekslər yoxlanılır.

Laborator-instrumental müayinələrdə fəqərəarası disk yırtıqları barəsində seçim müayinə metodu MRT müayinəsidir. MRT ilə yanaşı sümük strukturları və yanaşı patologiyaları qaçırmamaq üçün fəqərə sütununun müavafiq şöbəsinin rentgenoqrafiyası da aparılır.  Hər hansı bir səbəbdən MRT mümkün olmadıqda KT müayinəsi, ehtiyac olduqda isə KT-mieloqrafiya olunur. Bundan başqa tibbi göstərişə görə digər müayinələr də aparıla bilər.

Boyun nahiyəsində fəqərəarası disk yırtıqları

Boyun nahiyəsində C6 kökcüyünü sıxan C5-C6 disk yırtığı C7 kökcüyünü sıxan C6-C7 disk yırtığından daha çox qeyd olunur. C5-C6 və C7-Th1 disk yırtıqları bu ikisindən daha az rast gəlinsə də, hərəkət funksiyasına təsir etdiyi üçün gündəlik həyat fəaliyyətini daha çox pisləşdirir.

 

C4-C5- fəqərəarası diskdə yaranan yırtıq zamanı deltavari, tinüstü və bazunun ikibaşlı əzələsi nahiyyəsində hərəki zəiflik, Bazu nahiyyəsində hissi pozulma, biseps reflex dəyişikliyi meydana gəlir.

C5-C6- fəqərəarası diskdə yaranan yırtıq zamanı bazunun ikibaşlı əzələsi üzərində hərəki zəiflik, baş barmaq nahiyyəsində hissi pozulma, biseps reflex dəyişikliyi meydana gəlir.

C6-C7- fəqərəarası diskdə yaranan yırtıq zamanı bazunun üçbaşlı əzələsi üzərində hərəki zəiflik, III barmaq nahiyyəsində hissi pozulma, triseps reflex dəyişikliyi meydana gəlir.

C7-Th1- fəqərəarası diskdə yaranan yırtıq zamanı Barmaq fleksorları, əlin öz əzələlərində hərəki zəiflik, V və bəzən üstəgəl IV barmaq nahiyyəsində hissi pozulma, triseps reflex dəyişikliyi meydana gəlir.

Bel-oma nahiyəsində fəqərəarası disk yırtıqları

Disk yırtıqları lateral qeyd olunsa, fəqərəarası dəlikdə sinir kökcüyünü, mərkəzi olsa “at quyruğunu” təşkil edən sinir kökcüklərinin kompressiyası baş verir. Bel-oma nahiyəsində qeyd olunan disk yırtıqlarının 90%- i L4-L5 və L5-S1 arasında olur. L3-L4 arasında və daha yuxarı seqmentlərdə xeyli az hallarda rast gəlinir.

L3-L4- fəqərəarası diskdə yaranan yırtıq zamanı ağrı budun ön səthinə irradiasiya olunur, Budun 4-başlı əzələsi (dizin açılması) nahiyyəsində hərəki zəiflik, medial baldır nahiyyəsində hissi pozulma, diz refleksi (L2-L4 kökcükləri), 10% az nisbi tezlik meydana gəlir.

L4-L5- fəqərəarası diskdə yaranan yırtıq zamanı ağrı sindromu “İşias” tipli irradiasiya olunur, Qamışın ön əzələsi (ayaq pəncəsinin dorzifleksiyası), ayaq baş barmağını açan əzələ (baş barmağın dorzifleksiyası) nahiyyələrində hərəki zəiflik, ayaq arxası-baş barmaq, lateral baldır nahiyyəsində hissi pozulma, Medial yarızarlı-yarıvətərli əzələ refleksi (L5 kökcüyü), 45% nisbi tezlik meydana gəlir.

L5-S1- fəqərəarası diskdə yaranan yırtıq zamanı ağrı sindromu “İşias” tipli irradiasiya olunur, baldırın arxa qrup əzələləri (ayaqaltı bükülmə) nahiyyələrində hərəki zəiflik, lateral ayaq nahiyyəsində hissi pozulma, Aşil refleksi (S1 kökcüyü), 45% nisbi tezlik meydana gəlir.

Fəqərəarası disk yırtıqlarının müalicəsi

Həkim diaqnoz qoyduqda təkcə ağrıların irradiasiyasını, sinir-kökcüyünün kompression əlamətlərini yox, edəcəyi əməliyyatın uğurlu nəticəsi baxımından həm də MRT şəkillə kliniki mənzərənin üst-üstə düşməsini nəzərə alır. Əgər təcili əməliyyat göstərişi yoxdursa, konservativ müalicə tətbiq olunur. Bunlara xəstənin vəziyyətindən asılı olaraq  Qeyri-Steroid Əks İltihabi Maddələrin, yüngül miorelaksantların, fizioterapiyanın, müalicəvi bədən tərbiyəsinin, perkutaneal, USM və ya KT nəzarətli foraminal selektiv və epidural steroid blokadaların tətbiqi aiddir. Əgər ötən əsrdə disk yırtıqlarına görə sonradan xəstəyə mütləq əlillik dərəcəsi verilən laminektomiya  olunurdusa, hazırda müxtəlif invaziv müdaxilələr icra olunur.

Fizioterapiyada disk yırtıqlarının müalicəsində ağrı sindromunun aradan qaldırılması məqsədi ilə novocain, kalii yodla elektrofarez, ultrasəs terapiyası müsbət effekt verir. Bundan əlavə dözülməz ağrı sindromunda prosesə məruz qalmış nahiyyəyə yüksək tezlikli lazer terapiyası tətbiq edilir. Göstərilən fizioterapevtik metodlarla yanaşı son dövrlərdə bir çox xarici ölkələrdə (ABŞ, Kanada, Avropa ölkələri) tətbiq edilən Spinal Dekompression Müalicə metodu ilə – cərrahiyyəsiz, dərmansız fəqərəarası disk yırtıqlarının müalicəsi aparılır. Spine MED-lə müalicə 30 dəqiqə ərzində tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətində aparılır. Bu aparat lokal olaraq kompressiyaya məruz qalmış fəqərələrin dartınması vasitəsilə sıxılmaya məruz sinir uclarından yaranmış təzyiqin aradan qaldırılmasına yönəldilmişdir. Müalicə kursu xəstəliyin gedişindən asılı olaraq 15-25 seans təşkil edir. Aşağıdakı xəstəliklər zamanı Spine Med-lə müalicəyə müraciət edilir:

·         Fəqərələrarası disk qabarması və yırtığı

·         Disk degenerasiyası

·         Artrit, sinir sıxılması, stenoz

·         oturaq sinirinin iltihabi

·         Spondilioz

·         Radikulopatiya

·         Osteoxondroz

·         Konservativ, fizioterapevtik, manual terapevtik, cərrahi müalicəyə  cavab verməyən xroniki bel və boyun ağrıları

Tipik hallarda 1-3 aydan artıq aparılmış konservativ müalicə effekt vermədikdə və digər göstərişlər olduqda cərrrahi əməliyyat tətbiq olunur.

 

Leave a reply