İşemik insult beyin qan dövranının pozulması olub, qəflətən yaranan və 24 satdan artıq davam edən ocaqlı nevroloji və ümumi beyin simptomların meydana çıxması və ya daha qısa müddətdə xəstənin ölümünə səbəb olması ilə xarakterizə olunur. 

Işemik insult – bir patoloji vəziyyət olub, müstəqil xəstəlik deyil, ürək-damar sisteminin müxtəlif xəstəlikləri zamanı proqressivləşən ümumi və ya yerli damar zədələnmələri çərçivəsində inkişaf edən epizoddur. Bir qayda olaraq, işemik isult aşağıdakı xəstəlikləri müşayiət edir: arterial hipertoniya, ateroskleroz, revmatik ürək qüsuru, ürəyin işemik xəstəliyi, şəkərli diabet və damarları zədələyən digər patologiyalar. İşemik insultun klinikası damar pozğunluqlarının lokalizasiyasından asılı olan ümumi beyin və ocaqlı simptomlardan ibarətdir. İşemik insultun ən mühüm instrumental diaqnostika vasitəsi, eləcə də onu hemorragik insultdan fərqləndirmə üsulları beynin KT və MRT-dir.

Epidemiologiya
Hər il dünya əhalisinin hər 1000 nəfərinə düşən insultların sayı 1- 4 arasında dəyişir. Bütün insultların yarısı 70 yaşdan yuxarı insanlarda inkişaf edir.
İşemik insul bütün insult hallarının 70-85% -ni təşkil edir. Birinci ay ərzində ölüm halları 15-25%, birinci il ərzində isə 29-40% təşkil edir. Xəstələrin yaşı artdıqca, isultdan ölüm hallarının miqdarı da çoxalır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə insultdan ölüm bütün ölüm səbəbləri arasında 2-3-cü yeri tutur və əhalinin hər 100 000-nə 80 nəfər təşkil edir.

İşemik insultların təsnifatı
İşemik insult ürək-damar sisteminin bu və ya digər xəstəliyinin nəticəsi ola bilər. İşemik insultun bir neçə patogenetik variantları var. Ən geniş yayılmış TOAST təsnifatında (Trial of Org 10172 in Acute Stroke Treatment), işemik insultun aşağıdakı variantları ayırd edilir:
• Kardioembolik – aritmiya, ürək qapaqlarının xəstəlikləri, miokard infarktı səbəbindən meydana gələn işemik insult;
• Aterotrombotik – iri arteriyaların aterosklerozu səbəbindən arterio-arterial emboliyanın baş verməsi nəticəsində yaranan işemik insult;
• Lakunar – kiçik ölçülü arteriyaların okklüziyası səbəbindən baş verən işemik isult;
• Digər, nadir səbəblərlə: qanın hiperkoaqulyasiyası, qeyri-aterosklerotik vaskulopatiyalar, arteriya təbəqələşməsi bölünməsi və s. nəticəsində yaranan işemik insult;
• Naməlum mənşəli işemik isult – dəqiq diaqnozun qoyulması səbəbi müəyyənləşdirilməmiş insulta və ya iki və ya daha artıq ola biləcək səbəblərə görə mümkün olmadıqda.
Bundan əlavə, kiçik insult da ayırd edililir ki, bu zaman simptomlar xəstəliyin ilk 3 həftəsində azalmağa doğru gedir.
İsult prosesinin gedişinə görə inkişaf etməkdə olan insult (zaman keçdikcə nevroloji çatmamazlığın artması ilə xarakterizə olunur) və tamamlanmış insult (nevroloji pozğunluqların sabitləşməsi və ya geriyə inkişafı zamanı) ayırd edilir.

İşemik insultun bir neçə dövrü ayırd edilir:
• Ən kəskin dövr ilk 3 gündür. Bunlardan, ilk 3 saat “terapevtik pəncərə” adını almışdır. Bu müddət ərzində trombolitik preparatları system şəklində orqanizmə yeritmək mümkündür. İlk 24 saat ərzində simptomların yox olması zamanı beyin qan dövranının keçici pozğunluğu diaqnozu qoyulur;
• Kəskin dövr – 4 həftəyədək;
• Erkən bərpa dövrü – 6 ayadək;
• Gecikmiş bərpa dövrü – 2 ilədək;
• Qalıq əlamətlər dövrü – 2 il sonra.

 Ağırlıq dədəsəsinə görə işemik insultlar 3 qrupa bölünür:
1) Yüngül dərəcəli – Nevroloji simptomatika o qədər də ağır şəkildə ifadə olunmur, xəstəliyin yaranmasından sonra 3 həftə müddətində əlamətlərin geriyə inkişafı baş verir.
2) Orta dərəcəli – Bu zaman ocaqlı simptomatika üstünlük təşkil edir, huşun pozulması qeyd edilmir.
3) Ağır dərəcəli – İnsultun gedişi ümumi beyin əlamətlərinin üstünlük təşkil etməsi ilə xarakterizə olunur, huşun pozulması və kobud ifadə olunmuş ocaqlı simptomatika qeyd edilir (tez-tez beyin strukturlarının dislokasiyası simptomları meydana gəlir).

İşemik insultun etiologiyası və patogenezi
İşemik insult ayrı bir xəstəlik sayılmadığından, onun üçün vahid etioloji amili müəyyən etmək mümkün deyil. Bununla yanaşı, işemik insultun yaranma tezliyinin artması ilə əlaqəli risk faktorları mövcuddur.

Risk faktorları və təsir edici amillər
• Anamnezində tranzitor işemik həmlənin (Beyin qan dövranının keçici pozğunluqları) olması. TIH keçirmiş xəstələrin 40% -də, işemik insult 5 il ərzində( birinci ay ərzində 20%-də, 50%-də birinci il ərzində) baş verir. Eyni qrupa həmçinin, TİH-lə təzahür edən simptomatik karotid stenoz, yəni yuxu arteriyasının en kəsiyinin 70%-dən çoxunun aterosklerotik düyün tərəfindən daralması da aid edilir. TIH həmçinin miokard infarktı riskini də artırır: miokard infarktından ölənlərin təxminən 50%-i TIH keçirilmiş şəxslərdir.
• Arterial hipertenziya. İnsult ehtimalı təxminən 5 qat artır.
• Hiperlipidemiya: hiperxolesterolemiya, hipertriqliseridemiya.
• Ahıllıq və qocalıq dövrü. 65-74 yaşlarda olan insanlarda insultun baş vermə tezliyi 45-54 yaş arasında olan dövrə nisbətən 6 dəfə çoxdur.
• Səyrici aritmiya. Risk artımı 3 – 5 dəfədir.
• Siqaret çəkmə. Risk artımı 2 – 4 dəfədir.
• Şəkərli diabet xəstəliyi. Risk artımı 2 – 4 dəfədir.
• Ürəyin işemik xəstəliyi. Risk artımı 2 – 4 dəfədir.
• Anamnezdə “kiçik insultun“ olması.
• Alkoqoldan sui-istifadə. Qeyd etmək lazımdır ki, spirtli içkilərin böyük (gündə 60 q-dan çox) və orta (gündə 12-24 qram arasında) miqdarda qəbul edilməsi insultun yaranma ehtimalını artırırsa, onun kiçik midarda (gündə 12 qram) qəbulu əksinə, insultun yaranma ehtimalını aşağı endirir.
• Bədən çəkisinin çox olması.
• Hipodinamiya.
• Oral kontraseptivlərin qəbulu
• Anamnezdə miqrenoz statusun olması.
• Ürək xəstəlikləri, vaskulitlər, hematoloji xəstəliklər (birincili koaqulopatiya, polisitemiya, essensial trombositopeniya, trombositopenik purpura, disseminə olunmuş damardaxili laxtalanma sindromu), antifosfolipid sindromu, venoz tromboz, fibromuskulyar dysplazia, irsi arteriopatiyalar, QİÇS, trombositoz, venoz tromboz, preserebral və beyin arteriyalarının təbəqələşməsi, neyrosifilis, irinli meningit.
• Ürəyin dəqiqəlik həcminin azalması (ürəyin işemik xəstəliyi, ritm pozuqluqları, arterial hipertenziya zamanı) nəticəsində yaranan ürəyin hipodinamik sindromu.

• Ekstrakranial və ya intrakranial arteriyaların aterosklerozu fonunda dayanıqlı ağır hipotenziya. Bu, beyin perfuziyasının azalması və trombun əmələ gəlməsinə səbəb olan amildir.

Kəskin ocaqlı beyin işemiyası səbəbindən beyin toxumasında müəyyən ardıcıllıqla baş verən molekulyar və biokimyəvi dəyişikliklər toxuma daxilində pozğunluqlara gətirib çıxara bilər ki, nəticədə də beyin hüceyrələrinin məhvi(beyin infarktı) baş verir. Dəyişikliklərin xarakteri serebral qan axınının azalması, bu azalmanın davam etmə müddəti və beyin maddəsinin işemiyaya həssaslığı səviyyəsindən asılıdır. Patoloji prosesin hər bir mərhələsində toxumada gedən dəyişiklərin geri dönmə dərəcəsi də beyin qan axınının azalması səviyyəsi, onun davam etmə müddəti və onların beynin hipoksik dəyişikliklərə həssaslığını müəyyənləşdirən amillərlə birgə müəyyən olunur.
„infarktın nüvəsi“ temini ilə geridönməz dəyişikliklər zonasını, „işemik yarımkölgə“ (penumbra) termini ilə isə geri dönən xarakterli zonanı adlandırırlar. Penumbranın davam etmə müddəti ən vacib anıdır, çünki zaman keçdikcə geri dönə bilən dəyişikliklər geridönməz bir xarakter alırlar. Oligemiya zonası, elə bir nahiyədir ki, burada beyin qan axınının azalmasına baxmayaraq toxuma ehtiyacları və bu ehtiyacları təmin edən proseslər arasında tarazlıq saxlanılmış olur. Oliqemiya zonası, uzun müddət infarktın nüvəsinə keçmədən mövcud ola bilər, buna görə də o, penumbra hesab edilmir.

 Zədələnmiş damar hövzəsinə görə:
• Karotid hövzəsində işemik insult
– Daxili yuxu arteriyasında.
– Ön beyin arteriyasında.
– Orta beyin arteriyasında.

• Vertebrobazillyar hövzəsində işemik insult
– Vertebral arteriyada.
– Basilar arteriyada.
-Beyincik infarktı.
-Arxa beyin arteriyasında.

İşemik insultun simptomları

İnsultların 80% -i orta beyin arteriyası sistemində, 20%-i isə digər beyin damarlarında müşahidə olunur. İşemik insultda, bir qayda olaraq, simptomlar birdən-birə: saniyələr və ya dəqiqələr ərzində meydana çıxır. Az hallarda simptomlar tədricən yaranır və bir neçə saatdan iki sutka ərzində inkişaf edə bilir. Işemik insult daha çox yaşlı və orta yaşlı insanlar arasında rast gəlinir, lakin bəzən daha gənc şəxslərdə də verə bilər. Beyin infarktı inkişaf etməsindən əvvəl çox vaxt dayanıqsız ocaqlı simptomlarla təzahür edən beyin qan dövranının keçici pozğunluqları qeyd edilir. Çox vaxt BQDKP-ın yerləşdiyi damar hövzəsində sonradan serebral infarkt inkişaf edir.
İşemik insult sutkanın istənilən vaxtında inkişaf edə bilər. Tez-tez insult yuxuda və ya dərhal ondan sonra baş verir. Bəzi hallarda, işemik insult ağır fiziki işdən,isti vanna qəbulundan, spirtli içki içməkdən, həddən artıq yemək qəbulundan sonra inkişaf edir. Psixoemosional gərginlikdən sonra da işemik insultun yaranması tez-tez müşahidə edilir.
İşemik insult üçün ocaqlı nevroloji simptomların tədricən inkişaf etməsi(bir qayda olaraq, 1-3 saat, daha az hallarda isə 2-3 gün ərzində baş verir) daha çox xarakterikdir. Bəzən simptomların səyrici tip inkişafı müşahidə edilir ki, bu zaman onların təzahür dərəcəsi gah artır, gah azalır və ya qısa bir müddət üçün tamamilə yox olur.
İşemik insultlar üçün bir qayda olaraq, tipik olan ocaqlı simptomların yavaş, tədricən inkişafı variantından savayı, 1/3 hallarda kəskin, qəflətən, ildırımvari (apopleptik formalı) növünə də rast gəlinir ki, bu da iri arteriyanın okklüziyası üçün xarakterikdir. Bu zaman, bir qayda olaraq, ocaqlı simptomlar maksimum şəkildə təzahür edir və ümumi beyin əlamətləri ilə birgə rast gəlinirlər. Daha nadir hallarda psevdotumoroz inkişaf müşahidə edilir ki, bu zaman beyin infarktının ocaqlı simptomları bir neçə həftə ərzində güclənirlər ki, bu da beyin damarlarında okklüzion prosesin artması ilə əlaqəli olur.
İşemik insultun xarakterik xüsusiyyəti ocaqlı simptomların ümumi beyin əlamətlərindən üstünlük təşkil etməsidir. Ümumi beyin simptomları – baş ağrısı, qusma, huşun dumanlı olması daha çox apoplektik formalı inkişaf zamanı müşahidə edilir və geniş beyin infarktını müşayiət edən beyin ödeminin artması ilə daha da güclənə bilər. Ocaqlı simptomlar serebral infarktın lokalizasiyasından asılıdır. Kliniki simptomokompleksə əsasən beyin infarktının lokalizasiyası və hansı damar hövzəsində inkişaf etməsi barədə fikir yürütmək olar. Ən çox serebral infarktlar daxili yuxu arteriyaları hövzəsində baş verir. Daxili yuxu arteriyası sistemində baş verən insultların rast gəlmə tezliyi vertebrobazillyar hövzəsində baş verən insultların tezliyindən 5-6 dəfə çoxdur.
İşemik insult beynin sağ yarımkürəsində baş verərsə, onun nəticələri əsasən hərəki funksiyalara təsir edir ki, onlar da sonradan zəif bərpa edilir, psixoemosional göstəricilər normal səviyyəyə yaxın ola bilər.
İşemik insult beynin sol yarımkürəsində baş verərsə, onun nəticəsində əsasən psixoemosional sfera və nitq funksiyaları zərər çəkir, hərəki funksiyaları demək olar ki, tamamilə bərpa olunur.
İşemik insultdan sonra aşağıdakı patogiyalar qeyd edilə bilər:
• Hərəkət pozuqluğu. zəiflik və ya iflic – bu, hərəkət, yeriş və koordinasiyada çətinliklərə səbəb ola bilər. İşemik insult zamanı meydana çıxan hərəkət pozğunluqları, mərkəzi tipli olur və bir qayda olaraq bədənin bir yarısını əhatə edir və hemiparez və ya hemiplegiya adlanır. Eyni zamanda, zədələnmiş tərəfdə əzələ tonusunun artması da qeyd edilir.
• Hiperrefleksiya. Ptoloji ocağa əks tərəfdə vətər və sümüküstü reflekslərin güclənməsi, habelə patoloji reflekslərin: Babinski, Rossolimo, Oppenheym və s. reflekslərinin meydana gəlməsi qeyd olunur.
• Hissiyyat pozğunluqları. Bədənin bir tərəfində tam və ya hissəvi somatosensor pozğunluqlar (hemihipesteziya).
• Görmənin pozğunluqları. Bir gözdə görmə qabiliyyətinin tam və ya qismən azalması(keçici monokulyar korluq). Görmə sahəsinin sağ və ya sol yarımının (ya da kvadrantının) itirilməsi (hemianopsiya, kvadrant hemianopsiya). Görüntünün ikiləşməsi (diplopiya).
• Vestibular pozuntular
• Obyektlərin fırlanması hissiyyatı (sistemli başgicəllənmə).

• Udmanın pozulması. Udma aktının pozulması qidanın və ya mayenin yemək borusuna deyil, nəfəs borusuna və ağciyərlərə daxil olmasına səbəb olur və bununla da ağır pnevmoniyaya gətirib çıxara bilər. Udma aktının pozulması həmçinin qəbizliyə və orqanizmin susuzlaşmasına səbəb ola bilər.

• Nitq pozğunluqları: Sözün tələffüzü və anlayışının pozulması (afaziya), o cümlədən oxumanın pozulması (aleksiya), yazmanın pozulması (aqrafiya), hesablama ilə bağlı çətinliklər (akalkuliya), nitqin aydın olmaması (dizartriya) beynin sol yarımkürəsinin zədələnməsi nəticəsində yaranır.
• Qavrayış problemləri. Normal görmə qabiliyyətinin saxlanıldığı bir vaxtda insan nə gördüyünu anlaya bilmir. Qavramanın pozulması xəstənin gündəlik məişət vasitələrindən istifadə etməsini çətinləşdirir. Məsələn, xəstə stəkanı götürə, içərisinə su tökə və sonra onu içə bilmir.

• Koqnitiv pozğunluqlar. Xaricdən daxil olan məlumatların qəbul etmək və emalı qabiliyyəti pozulur. Aydın və məntiqi təfəkkür pozulur; yaddaş zəifləyir, təhsil, qərar qəbul etmək və qabaqcadan planlaşdırma qabiliyyəti itirilir.
• Davranış pozğunluqları. Aqressivlik, ləng reaksiya, qorxu, emosional qeyri-sabitlik, dezorqanizasiya meydana çıxa bilər.
• Sidik ifrazının və defekasiyanın pozulması. Bağırsaqlar və ya sidik kisəsi ilə yaranan çətinliklər (sidiyin saxlaya bilməməsi və ya və ya ləngiməsi, nəcisi saxlaya bilməmək) insultdan sonra yaranan müxtəlif problemlər nəticəsində meydana çıxa bilər.
• Psixoloji pozğunluqlar. Əhvali-ruhiyyənin kəskin dəyişiklikləri, depressiya, əsəbilik, səbəbsiz gülmək və ya ağlamaq. Depressiya insult keçirmiş insanlarda tez-tez rast gəlinən bir problemdir və çox vaxt iştahanın itirilməsi, səbəbsiz gülüş və ya ağlama, yuxusuzluq, heysiyyətin enməsi və narahatlıq hissinin artması ilə müşayiət olunur.
• Epilepsiya. İnsult keçirmiş insanların 7-20% -də inkişaf edir. Postişemik qıcolma fəallığı ocaqlarının formalaşması zamanı gicgah epilepsiyası inkişaf edir. Epilepsiyanın bu forması epileptik paroksizmlərin polimorfizmi ilə xarakterizə olunur, bu zaman generalizə olunmuş tutmalar, absanslar, psixi ekvivalentlər və s. qeyd edilir.

• Ağrı sindromu. İnsultdan sonra insanların az bir qismində yanma, pulsasiya edən və ötücü ağrılar şəklində tutmalar yaranır ki, bunlar da analgetiklərin tətbiq olunmasından sonra da keçib getmir.

İnsultun təkrarlanması riski
İşemik insultdan sonra ölüm ilk ay ərzində 20% və ilk il ərzində təxminən 25% təşkil edir.
Daha sonrakı 5 il ərzində sağ qalan şəxslərdə təkrari insult baş verə bilir və əksər hallarda bu hal birinci il ərzində baş verir.

İşemik insultun lokalizasiyasından asılı olan kliniki simptomatika

Daxili yuxu arteriyası hövzəsində işemik isultlar
Daxili yuxu arteriyası tez-tez aterosklerotik prosesə məruz qalır, bu zaman aterosklerotik stenoz və tromboz tez-tez yuxu arteriyalarının haçalanması, daxili yuxu arteriyasının sinusu və ya sifon nahiyələrində baş verir. Nadir hallarda okklüziya ümumi yuxu ya da xarici yuxu arteriyalarında inkişaf edir.
Əgər okklüziya ekstrakranial, boynunda yerləşərsə, daxili yuxu arteriyasının stenozu, hətta tam tıxanıqlığı, beyin infarktının inkişafı ilə müşayiət edilməyə də bilər. Bu halda, baş beynin tamdəyərli arterial dairəsi əks tərəfin daxili yuxu arteriyası və ya onurğa damarlarının hesabına əvəzedici qan dövriyyəsini həyata keçirir. Kollateral qan dövranında defekt olarsa, daxili yuxu arteriyasının ekstrakranial şöbəsinin stenoz nəticəsində zədələnməsi çox vaxt başlanğıc mərhələdə BQDKP şəklində keçir ki, onun klinik təzahürləri ətraflarda qısamüddətli zəiflik, onların keyliyi, afaziya kimi pozğunluqlar, gözün birində görmənin zəifləməsi formasında ifadə olunur.

Baş beinin arterial çevrəsinin qırılması ilə keçən Daxili yuxu arteriyasının intrakranial okklüziyası (trombozu) zamanı hemiplegiya və şüurun pozulması, baş ağrısı, qusma şəklində təzahür edən kobud ifadə olunmuş ümumi beyin əlamətləri inkişaf edir və həyati funksiyaların pozulması baş verir ki, bu da yüksək dərəcədə ifadə olunmuş beyin ödeminin təsirindən beyin kötüyünün sıxılması və yerdəyişməsi nəticəsində baş verir. Daxili yuxu arteriyasının intrakranial okklüziyası tez-tez ölümlə nəticələnir.
Ön beyin arteriyasının vaskülarizasiya zonasında geniş infarktlar nadir hallarda inkişaf edir. Bu vəziyyət ön beyin arteriyasının əsas kötüyünün, ön birləşdirici arteriyanın ondan ayrıldıqdan sonra okklüziyası zaman müşahidə edilə bilər.
Ön beyin arteriyası hövzəsində işemik insultun klinik şəkil əks tərəfdəki ətrafların spastik hemiparezi (əksər hallarda yuxarı ətrafların proksimal və aşağı ətrafların distal hissələrində) ilə xarakterizə olunur. Sidik ifrazının ləngiməsi ola bilər. Patoloji reflekslərdən daha çox bükücü növ reflekslər: Rossolimo, Bexterev refleksləri, habelə tutucu reflekslər və oral avtomatizm refleksleri müşahidə edilir. Bəzən iflic vəziyyətdə olan ətrafda kəskin olmayan həssaslıq pozğunluğu aşkar edilir.
Ön beyin arteriyası hövzəsində işemik insult zamanı psixi pozğunluqlar, özünətənqidin enməsi, yaddaşın zəifləməsi, motivasiya olunmayan davranış elementləri qeyd edilir. Yuxarıda göstərilən ruhi pozuqluqlar ön beyin arteriyasının hövzəsində ikitərəfli infarkt zamanı daha kobud şəkildə ifadə olunur. Tez-tez ön beyin arteriyasının şaxələrinin zədələnməsinin səbəb olduğu ön beyin arteriyaları hövzəsində kiçik infarktlar da inkişaf edirlər.

Ən çox işemik insultlar orta beyin arteriyası hövzəsində inkişaf edir. Orta beyin arteriyası dərin şaxələrin ayrılmasına qədər olan əsas hissədə, onun şaxələnməsindən sonra və ayrı-ayrı şaxələr nahiyələrində zədələnə bilər ki, bu da hər bir konkret halda insultun kliniki şəklini müəyyən edir.
Orta beyin arteriyasının əsas kökünün okklüziyası zamanı geniş infarkt müşahidə edilir ki, bu da patoloji ocağa əks tərəfdə hemiplegiyaya, hemihipesteziyaya və hemianopsiyaya gətirib çıxarır. Sol orta beyin arteriyasının zədələnməsi zamanı, yəni infarkt sol yarımkürədə lokallaşarsa tez-tez total afaziya, sağ orta beyin arteriyası hövzəsində yaranan sağ yarımkürənin infarktı zamanı isə anozoqnoziya (qüsurun dərk edilməməsi, iflicin inkar edilməsi) müşahidə edilr.
Orta beyin arteriyası hövzəsinin dərin şaxələrində baş verən infarkt beynin sol yarımkürəsində yerləşərsə spastik hemiplegiyaya, bəzən hissiyyat pozğunluğu və motor afaziyaya səbəb olur. Sağ yarımkürədə infarktın localizasiyası zamanı anozoqnoziya və bədən sxeminin pozulması qeyd edilir.
Orta beyin arteriyasının arxa şaxələri hövzəində infarkt təpə-gicgah-ənsə nahiyəsinin zədələnməsi sindromu: hemihipesteziya, dərin hissiyyatın pozulması, asteoroqnoz, ətrafların parezi, hemianopsiya ilə (proses sol yarımkürədə yerləşərsə, sensor afaziya, aqrafiya, akalkuliya, apraksiya ilə də) təzahür edir.

Vertebrobasilar hövzənin damarlarında qan dövranı pozğunluqlarında sistemli başgicəllənmə, eşitmənin və görmənin zəifləməsi, qəfləti yıxılma tutmaları, vegetativ pozuntular müşahidə edilir. Bəzən koma, kvadriplegiya, tənəffüs və ürək funksiyalarının pozulması, diffuz hipotoniya ya hormetoniya da baş verə bilər.

Onurğa arteriyasının okklüziyası zamanı  yaranan işemik insult uzunsov beyin, beyincik və qismən onurğa beyninin boyun nahiyəsinin zədələnməsi simptomlarının inkişafına gətirib çıxarır. Onurğa arteriyasının okklüziyası zamanı infarkt ocaqlarının yaranması təkcə beyincik və uzunsov beyin nahiyələrində deyil, həm də daha uzaq nahiyələrdə – orta beyində, iki damar sisteminin: onurğa və karotid hövzələrinin müştərək fəaliyyət göstərdiyi ərazidə də inkişaf edə bilər. Müştərək qan dövranı zonasında işemik insult daha çox onurğa arteriyasının ekstrakranial hissəsinin okklüziyası üçün xarakterikdir. Drop hücumların, vestibülyar pozuntuların (başgicəllənmə, ataksiya, nistaqm), beyincik mənşəli koordinasiya və statikanın pozulmalarının, oculomotor pozuntuların, nadir hallarda – görmə pozuntularının olması mümkündür.

Onurğa arteriyasının intrakranial hissəsinin okklüziyası üçün Vallenberq-Zaxarçenko, Babinski-Najott sindromları və beyin kötüyünün aşağı nahiyələrinin zədələnməsinin digər sindromları xarakterikdir. Uzunsov beyni və beyinciyi qidalandıran onurğa arteriyasının hövzəsi nahiyələrində işemik insult tez-tez Vallenberq-Zaxarçenko sindromunun inkişafı ilə müşayiət olunur.
Bu sindrom zamanı kliniki olaraq patoloji ocaq tərəfində udlaq, yumşaq damaq və qırtlaq əzələlərinin iflici (nəticədə disfaqiya və dysfonia inkişaf edir), beyincik ataksiyası, əks tərəfdə isə hemiparez və hemihipesteziya müşahidə edilir.
Babinski-Najott sindromu zamanı patoloji ocaq tərəfdə yumşaq damağın iflici və beyincik ataksiyası, əks tərəfdə isə hemiparez və hemihipesteziya qeyd edilir.

Beyin körpüsü nahiyəsində işemik insulta bazillyar arteriyanın əsas hissəsinin və ya onun şaxələrinin okklüziyası səbəb ola bilər. Bazilyar arteriya hövzəsində işemik insultlar kliniki təzahürlərin böyük polimorfizmi ilə seçilir: patoloji ocaq tərəfində üz və dilaltı sinirlərin mərkəzi iflici əks tərəfdə ətrafların hemiplegiyası ilə birgə rast gəlinir. Patoloji ocaq tərəfində üz sinirinin periferik parezi (Fovil alternik sindromu ) də müşahidə edilə bilər. Alternik hemihipesteziya: infarkt tərəfində sifət nahiyəsində, əks tərəfdə isə gövdədə ağrı və temperatur hissiyyatının azalması qeyd edilə bilər. Körpü nahiyəsində baş verən ikitərəfli infarktlar psevdobulbar sindromun, beyincik simptomlarının və tetraparezlərin yaranmasına səbəb olur.
Dördtəpə arteriyasının infarktı zamanı bəzən nistaqm ilə birlikdə rast gəlinən Parino sindromu: göz almasını yuxarı çevirməyin mümkün olmaması və konvergensiyanın parezi inkişaf edir. Beyin ayaqcığı nahiyəsində infarkt Veber alternik sindromunun inkişafına səbəb olur. Bu zaman gözün hərəki sinirinin və pyramid yolun zədələnməsi baş verir. Zədələnmə nahiyəsində ptoz, midriaz, aralanan çəpgözlük, diplopiya, akkomodasiyanın pozulması, ekzoftalm, əks tərəfdə isə mərkəzi hemiparez, hemihesteziya, sifətin və dilin əzələlərinin parezi qeyd olunur.
Arxa beyin arteriyası hövzəsində işemik insult zamanı Dejerin-Russi talamik sindromu: hemianesteziya, hyperpatiya, keçici hemiparez, hemiataksiya inkişaf edir. Həmin nahiyədə infarkt həmçinin kontralateral ətraflarda ağır ataksiya, xoreoatetoz, “talamic əl” və intension tremorun inkişafı ilə səciyyələnir.

İşemik insultun diaqnostikası

Həkim xəstəni vizual müayinə edərkən, əgər o, sözləri tələffüz edə bilmirsə, hərəkətlərinin koordinasiyası və mimiki ifadələrinin pozulması halında işemik insultdan şübhələnə bilər. Lakin dəqiq diaqnozu yalnız həkimlər müvafiq analizlər etdikdən və müayinələr apardıqdan sonra təyin etmək olar. İlk növbədə kompüter tomoqrafiya (KT) müayinəsini aparmaq lazımdır. Buna görə də təcili yardım heyəti insulta şübhəli vəziyyətdə olan xəstələri KT cihazı ilə təchiz olunmuş tibb müəssisəsinə çatdırmalıdırlar. Bu müayinə xəstədə insultun olub-olmadığını dəqiq müəyyən etməyə imkan verir və əgər bu, həqiqətən, insultdursa, onun işemik və ya hemorragik olmasına aydınlıq gətirilir. Xəstəni hadisə yerində müayinə edərkən, həkim ondan və ətrafdakı insanlardan qeyri-adi simptomların nə vaxt başlandığını və onların nədən ibarət olduğunu soruşmalıdır. Həkim xəstənin əvvəllər miokard infarktı, kəllə-beyin travması, insult və ya mikroinsult (tranzitor işemik həmlə) keçirib-keçirməməsi ilə maraqlanmalıdır. Fonendoskopdan istifadə edərək, həkim ürəyə və boyunda yuxu arteriyalarına qulaq asmalıdır. Əgər bu arteriyalar əhəmiyyətli dərəcədə ateroskleroza məruz qalıbsa, o zaman fonendoskop vasitəsilə xarakterik küyləri dinləmək mümkündür. Həkim xəstənin arterial təzyiqini ölçməli və onun hansı antihipertenziv dərmanı qəbul etdiyini soruşmalıdır. Oftalmoskopun köməyi ilə, gözlərə gedən damarlarda xolesterinin və ya qan laxtasının yığılmasını aşkar etmək mümkündür.

Hospitalizasiyayadək diaqnostika testi
Bu testi təcili yardımın gəlməsindən qabaq aparmaq olar. Bunun üçün FAST testi mövcuddur. Testin adı ingilis dilindən götürülüb, F-face (sifət), A-arm (əl), S-speech (nitq) və T-time (zaman) sözlərinin baş hərflərindən ibarət akronimdir (abbreviatura). Bu testin keçirilməsi bizə rast gəldiyimiz halın məhz beyin qan dövranının pozulması olmasına əmin olmağa imkan verir.
1. F-face (sifət). Xəstədən gülümsəmək tələb olunur. O, üzünün yalnız bir yarısı ilə gülümsəyə bilir, digər yarısı isə hərəkət etmir və ya çox çətin hərəkət edir. “Əyri” təbəssüm müşahidə edilir.
2. A-arm (əl). Xəstədən əllərini yuxarı qaldırmaq tələb olunur. Bu zaman xəstə bir əlini tam qaldırıla bilmir.
3. S – speech (nitq). Xəstə danışa və / və ya başqasının danışığını başa düşə bilmir.
4. T-time (zaman). Əgər xəstədə yuxarıda göstərilən simptomlardan biri aşkar edilibsə, zaman həlledici əhəmiyyət kəsb edir. Həmin şəxs mümkün qədər tez xəstəxanaya çatdırılmalıdır.

Qanın analizi. Müayinə nəticəsində qanın laxtalanma müddəti; qanda şəkərin, sidik cövhərinin, xolesterinin, elektrolitlərin miqdarı; infeksiyanın olub-olmaması aşkar edilir. İşemik insultlu xəstələrin əksəriyyətində qanın laxtalanma sistemində hiperkoaqulyasiyaya meyillik qeyd olunur. Fibrinogenin, protrombinin, plazmanın heparinə tolerantlığının artması; fibrinogen B-nin əmələ gəlməsi; fibrinolitik aktivliyin normal və ya bir qədər azalmış olması adətən xəstəliyin ilk 2 həftəsi ərzində qeyd edilir. İşemik insultun kəskin mərhələsində xəstələrdə trombositlərin əhəmiyyətli dərəcədə yüksək aqreqasiyası və adhesivliyi qeyd edilir. Bu yüksək göstəricilər 10-14 gün davam edir, işemik insultun yalnız 30-cu günü subnormal səviyyəyə qayıdır.

Kompütür tomoqrafiya (KT). Bu müayinənin köməyilə baş beynin təbəqələrlə görüntüsünü almaq mümkündür. KT-nin vasitəsilə ilə insultun hemorragik və ya işemik olması, beyin xərçəngi və digər xəstəlikləri aşkar etmək olar.

Maqnit-rezonans tomoqrafiya (MRT). Müayinə zamanı KT-də olduğu kimi rentgen şüalarından deyil, radio dalğalarından istifadə edilir. MRT avadanlığı çox bahadır və buna görə də hər tibb müəssisəsində olmur. MRT müayinəsi işemik insultun hemorragik insultdan fərqlənməsini KT-ya nisbətən daha zəif aşkar edir. Buna görə, hər şeydən əvvəl, KT müayinəsinin aparılması tövsiyə olunur.

Karotid arteriyaların ultrasəs müayinəsi. Səs dalğaları bədən toxumalarından əks olunurlar. Kompüter bu əksolunmanı təhlil edir və onun aydın bir şəklini çəkir. Yuxu arteriyalarınön ultrasəs müayinəsi damarların hansı dərəcədə ateroskleroza məruz qalmasını və karotid endarterektomiya deyilən bir əməliyyata ehtiyac olub-olmamasını müəyyən etməyə imkan verir. USM əhəmiyyətli məlumatlar verən ağrısız, zərərsiz və əlçatan bir müayinə metodudur.

Exokardioqrafiya (ExoKQ). Səs dalğalarının köməyi ilə ürəyin vizual görüntüsü əldə edilir. Əgər həkimlər şübhələnərlərsə ki, işemik insultun səbəbi ürəkdə meydana gələn və sonradan qanla yuxarı qalxan trombdur, bu zaman ExoKQ təyin edilir.

Serebral angiografiya. Əgər qana kontrast maddə yeridilərsə, rentgen şəkilləri daha çox informativ olacaq. Müayinə zamanı qasıq nahiyəsindən arteriyaya kateter daxil edilir, onu damarların içi ilə boyuna qədər gətirib çıxarır, sonra damara kontrast maddə vurulur, kateter çıxarılır və şəkillər çəkilir. Serebral angioqrafiya mürəkkəb və təhlükəli bir müayinə metodudur. O, bir qayda olaraq ağır hallarda təyin edilir.
Əlavə müayinə üsullarından 12 kanallı elektrokardioqrafiya (EKQ), maqnit-rezonans angioqrafiya (MRA), arteriyadaxili rəqəmsal subtraksion angioqrafiya (ADRSA) və s. göstərmək olar.

İnsultun hemorragik deyil, işemik olmasına əmin olmaq üçün əvvəlcə kompüter tomoqrafiyasını aparmaq məsləhətdir. Bundan dərhal sonra, vaxt itirməmək üçün dərhal müalicəyə başlayırlar. Qalan diaqnostik prosedurlar müalicəyə paralel olaraq həyata keçirilir.

İşemik insultun müalicəsi

İşemik insultun müalicəsi ixtisaslaşdırılmış stasionar şəraitdə həyata keçirilir və insultun növündən və səbəbindən (aterotrombotik, lakunar, kardioembolik, hemodinamik, hemoreoloji mikrookklüziya ilə əlaqəli), zədələnmə nahiyəsindən, eləcə də baş beynin neyronlarında gedən dəyişikliklərin xarakterindən, xəstənin ümumi vəziyyətindən və yanaşı gedən xəstəliklərdən asılı olan bazis və spesifik terapiyanın aparılmasından ibarət olur.

İşemik insultun müalicə mərhələləri

Müalicə taktikasında beyin infarktının etiologiyası və patologiyası nəzərə alınır, hər bir konkret halda, insultun bilavasitə səbəbi və inkişaf mexanizmi aydınlaşdırılr. Müasir dövrdə bu tədbirlərdən xəstəliyin proqnozu və təkrari insultların inkişafının qarşısının alınması üçün ikincili profilaktika üsullarının tapılması əhəmiyyətli dərəcədə asılıdır.

İşemik insultun inkişafından asılı olaraq müalicə bir neçə mərhələdən ibarətdir:
• Xəstəxanadan əvvəlki mərələ;
• Xəstəxana mərhələsi;
• Bərpaedici müalicə mərhələsi (dərman, masaj və əzələlərin elektrostimulyasiyası);
• Reabilitasiya mərhələsi (müalicəvi bədən tərbiyəsi, refleksoterapiya və massaj).

İşemik insultun müalicə prinsipləri

İşemik insultun müalicəsinin bütün mərhələlərində vaxtında, ardıcıl və düzgün seçilmiş terapevtik taktika mühüm əhəmiyyət kəsb edir. Bu, kəskin dövrdə yüksək ölüm hallarının (beyin infarktının bütün hallarının 20%-i), onun ilk ilində letal sonluğun 10-15 % olması, həmçinin gündəlik həyatda inkişaf məhdudiyyətlərin (koqnitiv, nitq və / və ya hərəki pozğunluqlar) olması ilə bağlıdır.
Stasionarlarin nevroloji şöbəsində və yerli nevroloji sanatoriyalarda əlillik dərəcəsinin azaldılmasına və neyronların itirilmiş funksiyalarının maksimal dərəcədə bərpasına yönəldilmiş bərpaedici və reabilitasiya tədbirlərinə (fizioterapiya, massaj, palçıq müalicəsi, müalicəvi bədən tərbiyəsi və refleksoterapiya) böyük əhəmiyyət verilir. Əmək qabiliyyəti yaşında olan şəxslər üçün reabilitasiya (dispanser) mərhələsinin mühüm aspekti onların peşəkar bacarıqlarına əsasən işlə təmin edilmələridir.
Xəstəxanaya qədərki mərhələdə ilk yardım
İşemik insultun inkişafına şübhə yarandıqda: qəflətən baş verən şiddətli baş ağrısı, qusma, başgicəllənmə, nitq pozğunluqları (motor və ya sensor afaziya), görmənin pozğunluqları, iflic və ya parezlər (ətrafların, dilin, sifətin), qıcolma tutmaları baş verərsə, dərhal vaxt itirmədən təcili yardım çağırmaq lazımdır.
Təcili yardım briqadası gələ gədər zəruri hallarda xəstənin həyati vacib funksiyalarını saxlamaq üçün müvafiq tədbirlər həyata keçirilir:
1. Tənəffüsün normallaşdırılması – bütün sıxıcı əşyaların (qalstuk, dar yaxalıq, şal) çıxarılması, nəfəs yollarının selikdən, protez dişlərdən və ya qusuntu kütlələrindən azad edilməsi ( başı yan tərəfə çevirmək və ağız boşluğunu təmiz dəsmalla silmək) yolu ilə təmiz havanın gəlməsini təmin etmək;
2. Beyin ödeminin qarşısını almaq məqsədilə xəstənin başını və gövdənin yuxarı hissəsini 25-30 sm yuxarı qaldırmaq;
3. Qıcolma sindromu zamanı dilin dişlənməsinin qarşısını almaq və xəstənin başının çırpıla biləcəyi əşyaları aradan götürmək;
4. Ürəyin dayanması baş verdikdə, ürək-ağciyər reanimasiyası tədbirlərini (süni tənəffüs və / və ya ürəyin birbaşa olmayan massajı) həyata keçirmək.

Xəstəxanaya qədərki mərhələdə aparılan müalicə taktikası
Beyin infartı yaranan zaman sabit nekroz ocağının formalaşması və baş beynin neyronlarının struktur və morfoloji dəyişikliklərinin inkişafı ilk simptomların meydana şıxmasından sonra 3-6 saat ərzində, “terapevtik pəncərə” adlanan zaman kəsiyində baş verir. Bu zaman müddətində işemik sahəyə qan təchizatının bərpa edilməsi nekroz ocağının formalaşması prosesinin dayanmasına və nevroloji çatmamazlığın minimuma endirilməsinə səbəb olur. Buna görə də xəstəxanaya qədərki mərhələnin ən vacib amili xəstənin vaxtı itirmədən xüsusi avadanlıqlarla təchiz edilmiş təcili yardım maşınında xəstəxananın nevroloji şöbəsinin intensiv terapiya palatasına və ya reanimasiya şöbəsinə yerləşdirilməsidir.
Təcili yardım həkimi xəstəyə həyat üçün təhlükəli ürək-damar və tənəffüs sistemlərinin funksiyalarının pozğunluqlarının aradan qaldırılması məqsədilə intensiv (lazım gəldikdə reanimasion) tibbi yardım göstərir: xüsusi burun və ağız hava keçiricilərini tətbiq edir, ağız və burunun ifrazatlarını (selik və / və ya qusuntu kütlələrini) təmizləyir. Lazım gəldidə traxeyanın intubasiyası, süni tənəffüsün verilməsi, ürəyin birbaşa olmayan massajı icra edilir.

Müalicənin xəstəxana mərhələsi

İşemik insultun stasionar şəraitdə müalicəsi bazis və spesifik terapiyanın təyin olunmasından ibarətdir. Bazis terapiyasının əsas fəaliyyət sahələri adekvat tənəffüsün təmin edilməsi, su-elektrolit mübadilsinin tənzimlənməsi, ürəyin və qan dövranının normal fəaliyyətinin təşkili, beyin ödeminin azaldılması, eləcə də pnevmoniyanın qarşısının alınması və ya müalicəsi tədbirlərindən ibarətdir. Bazis terapiyasında taktika və dərman preparatlarının seçilməsi əsasən beyin qan dövranı pozulmasının növündən (işemik və ya hemorragik) asılı olmur, orqanizmin həyati funksiyalarının pozulmasının xarakteri ilə müəyyən edilir və onların tam bərpasına yönəldilmiş olur.
Spesifik və ya differensiasiya olunmuş terapiya insultun növünün və onun etioloji amilinin aşkar edilməsinə əsasən müəyyənləşdirilir və onların simptomların başlamasından sonra ilk saatlarda aradan qaldırılması, eləcə də neyroproteksiyanın tətbiqi istiqamətində yönəldilmiş olur.
Müasir dövrdə beyin insultunun inkişafının etiologiyası və patogenetik mexanizminin aydınlaşdırılması işemik pozğunluqların erkən inkişaf mərhələsində effektiv müalicənin təyini və sonrakı müalicə taktikasının seçilməsi üçün əsas yaradır və buna görə də ölüm hallarının sayı azaldılır, beyin qüsurları minimum endirilir və əlverişli proqnoz təmin edilir.

Beyin qan dövranının kəskin pozulmalarının bazis terapiyası

Beyin qan dövranının kəskin pozğunluqlarının bazis müalicəsinə daxildir:

1.Ürək-damar və tənəffüs sistemlərinin pozulmuş funksiyalarının tənzimlənməsi: tənəffüsün monitorinqi, arterial təzyiqə və ürək fəaliyyətinə nəzarət və pozuntuların aradan qaldırılması. Bu məqsədlə müalicə prosesinə kardioloqun və ranimatoloqun da cəlb edilməsi məsləhət görülür;
2.Beyin ödeminin azaldılması (osmoterapiya). Bu məqsədlə seçim preparatları Mannitol və Qliserol hesab olunur. Mannitol 0,5-1.0 mq/kq dozasında, hər 3-6 saatdan bir və ya Qliserolun 10%-li məhlulundan 250 ml hər 6 saatdan bir vena daxilinə təyin olunur.
Diuretiklər (Mannitol, Laziks). Laziks – sutkada 1-2 dəfə, 1 ml 1%-li məhlulu əzələyə və ya venaya təyin edilir.
Kortikosteroidlər (Deksametazon, Prednizolon). Deksametazon – sutkada 16-24 mq, 4 dəfəyə, Prednizolon – sutkada 60-90 mq təyin edilir.
Ödem əleyhinə Natrium-xloridin 100 ml 3%-li məhlulundan sutkada 5 dəfə təyin edilməsi məsləhət görülür. Onkotik təzyiqin yüksəldilməsi üçün Albumin məhlulu (20%-li məhlilu məsləhət görülür) istifadə oluna bilər. Ödem əleyhinə preparatların tətbiqi profilaktik və ya planlı məqsəd daşımamalıdır. Onların təyini çox vaxt xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bildiyindən, daimi olaraq kliniki, instrumental və laborator müayinə metodlarından istifadə edilməklə nəzarət altında saxlanılmalıdır;
3. Su-elektrolit tarazlığının normallaşdırılması. Su-elektolit balansının qiymətləndirilməsi zamanı nəzərə almaq lazımdır ki, orqanizm daim maye və elektrolit itkisinə məruz qalır və buna görə də bu itkini mütəmadi olaraq əvəzləmək lazım gəlir. Xəstənin adekvat vəziyyətində maye qəbulu yalnız oral yolla həyata keçirilməlidir. Bu cür xəstələrə venadaxili infuziyaların köçürülməsi yalnız onların vasitəsilə bu və ya digər preparatların orqanizmə yeridilməsilə bağlıdır. İşemik insultlu xəstələr üçün başlıca infusion məhlul Natrium-xloridin 0,9%li (izotonik) məhluludur. Hipoosmolyar məhlullar (Natrium-xloridin 0,45%-li məhlulu, 5%-li Qlükoza məhlulu) beyin ödeminin yaranması riskini artırdığından məsləhət görülmür. Qlükoza tərkibli məhlulların tez-tez tətbiq olunması hiperqlikemiyanın inkişafına səbəb ola biləcəyindən məqsədəuyğun hesab edilmir;
4. Bədən hərarətinə nəzarət. Bədən temperaturunun aşağı salınması, onun 37,5 dərəcədən yuxarı qalxması zamanı göstərişdir. Bədən temperaturuna nəzarət daha çox huşsuz vəziyyətdə olan xəstələr üçün vacibdir, çünki bu halda hipertermiya infarktın ölçülərini genişləndirir və xəstəliyin kliniki sonluğuna mənfi təsir göstərir. Bu məqsədlə iltihab əleyhinə qeyri-steroid preparatlar (Parasetomol, İbuprofen və s.) təyin edilir, həmçinin bədən temperaturunun fiziki üsullarla (magistral damarlar və qaraciyər nahiyəsinə buz qoyulması, xəstənin soyuq döşəkağına bükülməsi, bədənin spirlə silinməsi və s.) aşağı salınması tətbiq olunur.
5. Ağırlaşmaların (pnevmoniya, sidik yollarının infeksiyaları, ağciyər arteriyasının tromboemboliyası) profilaktikası. Hal-hazırda sübut olunmuşdur ki, insult zamanı yaranan pnevmoniyaların əksəriyyətinə səbəb udma aktının pozulması və mikroaspirasiyalardır. Udma aktı pozulmuş xəstələrə maye qəbulu qəti qadağandır. Xəstələrə qidanın və dərman maddələrinin verilməsi (oral və ya zond vasitəsilə verilməsindən asılı olmayaraq) onların yarı-oturaq vəziyyətlərində icra olunmalıdır, qida qəbulundan sonra xəstələr 30 dəqiqə bu vəziyyətdə qalmalıdırlar. Hər qida qəbulundan sonra xəstələrin ağız boşluğunun sanasiyası icra olunmalıdır.
Sidik kisəsinin kateterizasiyası aseptika qaydalarına riayət edilməklə ciddi nəzarət altında həyata keçirilməlidir. Çünki sidik yollarının infeksiyaya məruz qalması əksər hallarda daimi kateterlərin istifadə olunması ilə bağlı olur. Kateterlərin vaxtaşırı olaraq dəyişdirilməsi bu ağırlaşmaların qarşısını almağa kömək edir.
Baldırın dərin venalarının trombozunun qarşısını almaq məqsədilə hərəki funksiyalar bərpa olanadək xəstələrə kompression corablar geyinmək tövsiyə olunur. Dərin venaların trombozu və ağciyər arteriyalarının tromboemboliyalarının profilaktikası məqsədilə antikoaqulyantların, ilk növbədə birbaşa təsir göstərən antikoaqulyantların qəbulu məsləhət görülür.
6. Yataq yaralarının qarşısının alınması. Beynin zədələnməsindən sonra yataq yaralarının meydana gəlməsinin qarşısının alınması mühüm rol oynayır. Gündəlik olaraq dəri örtükləri kamfora spiriti, dəri büküşləri isə talk tozu ilə işlənirlər. Xəstə hətta komada olsa belə, onu hər üç saatdan bir yerində çevirmək, döşək ağlarının təmizliyinə nəzarət etmək, pambıq-tənzif dairələrdən və ya yataq yaraları əleyhinə döşəkdən istifadə etmək tələb olunur. Dərinin maserasiyası mövcud olduqda, bu nahiyələr dəniz taxıl yağı və ya Kalium permanganat məhlulu ilə işlənir. Belə bir ehtiyatlı qayğıdan sonra yataq yaraları meydana çıxarsa, o zaman onlar brilliant yaşılı və Levomekol məlhəmi ilə müalicə edilməlidir.

İşemik insultun spesifik müalicəsi
İşemik insultun spesifik müalicəsinin əsasında baş beynin damarlarının tutulmasına gətirib çıxaran (70% hallarda serebral arteriyaların tromboz və ya tromboemboliyası ilə əlaqədar olur) birbaşa səbəbin aradan qaldırılması dayanır. Buna görə də, ilk növbədə trombolitik terapiya təyin olunur. Həmçinin, beyin damar dövranının işemik insult insult tipli kəskin pozulması zamanı tətbiq edilən xüsusi preparatlar: antikoaqulyantlar, defibrinləşdirici fermentlər, trombositlərinin aqreqasiyasının inhibitorları və neyroprotektorlar da təyin edilir. İşemik insultları vaxtında və müvafiq qaydada, patogenezin bütün həlqələrinə təsir etməklə müalicə etmək lazımdır.

Trombolitik müalicə
Reperfuzion terapiya – beynin pozulmuş qan təchizatının bərpa edilməsi məqsədi daşıyır. Beyin infarktının bütün müasir müalicə üsulları arasında ən təsirlisi trombolitik terapiya hesab olunur. Lakin onun tətbiqi yalnız işemik insultun başlanmasından sonra ilk saatlarda (insult başlanmasından sonra ilk 6 saat ərzində) effect verir. Bu dərmanlar trombun əriməsinə, damar yatağının bərpasına və baş beynin qan dövranının normallaşmasına səbəb olurlar. Reperfuzion preparatlar yalnız ixtisaslaşmış stasionar şəraitində, kəskin beyin qan dövranının işemik insult növü diaqnozu təsdiq olunduqda, ilk simptomların meydana çıxmasından sonra ilk 6 saat ərzində təyin edilir.
Hal-hazırda birinci nəsil fibrinoloitik preparatlar ( Streptokinaza, Streptodekaza, Fibrinolizin) yüksək faizli hemorragik ağırlaşmalara səbəb olduqlarından işemik insultun müalicəsində tətbiq edilmirlər. İşemik insultun trombolitik terapiyasında plazminogenin toxma aktivatoru – Alteplaza preparatı istifadə olunur. Onun tətbiqi insultun yaranmasının ilk 3 saatı ərzində, 18-80 yaşlı xəstələr arasında tövsiyə olunur. Alteplazanın işemik insult zamanı əks-göstərişlər: xəstəliyin yaranmasından 3 saatdan artıq müddətin keçməsi, kəllədaxili qansızma əlamətləri, KT zamanı orta beyin arteriyası hövzəsinin 1/3-dən çoxunun zədələnməsinin aşkar olunması, nevroloji çatmamazlıqların kiçik olması və trombolizisə qədər müşahidə edilən əhəmiyyətli dərəcəli kliniki yaxşılaşma, həmçinin insultun ağır forması, sistolik təzyiqin 185 mm.c.süt.-dan yuxarı, diastolic təzyiqin isə 105 mm.c.süt.-dan yuxarı olmasıdır. Sistemli trombolizis zamanı Alteplaza preparatı 0,9 mq/kq nisbətində (maksimal doza 90 mq) təyin edilir. Bu zaman preparatın 10%-i 1 dəqiqə müddətində venaya birbaşa, qalan hissəsi isə 1 saat müddətində damcı üsulu ilə yeridilir. Alteplazanın tətbiqi də hemorragik ağırlaşmalara gətirib çıxardığından, işemik insultun müalicəsində ondan istifadə olunmasını xeyli dərəcədə məhdudlaşdırır.
Damar divarının rekanalizasiyasının ən perspektivli istiqamətlərindən biri trombun cərrahi üsulla aradan götürülməsi: endovaskulyar ekstraksiya və ya yarılmadır. Aparılan tədqiqatlar göstərmişdir ki, bu üsulun tətbiqindən sonra 48% hallarda okklüziyaya uğramış damarların qısamüddətli rekanalizasiyası baş vermiş, hemorragik transformasiya halları isə 7,8%-i keçməmişdir.
Trombositar və eritrositar antiaqreqantlar
Asetil-salisil turşusu (Trombo-ASS, Aspirin-kardio, Terapin)- sutkada 0,001 q/kq dozasında daxilə, Dipiridamol – 0,025-0,05 q dozasında, sutkada 3 dəfə daxilə, Tiklopidin (Tiklid)- 0.25 q dozasına. Sutkada 2 dəfə daxilə, Klopidrogel (Plaviks)- 0,075 q dozasında, sutkada 1 dəfə daxilə, Pentoksifillin (Trental, Aqapurin, Fleksital)- sutkada 1-2 dəfə, 0,1-0,2 q damcı üsulu ilə venaya və ya 0,2-0,4 q dozasında, sutkada 2-3 dəfə daxilə qəbul etməli.

Antikoaqulyantların tətbiqi
Antikoaqulyantların (Nadroparin, Heparin, Enoksiparin, Daltoparin) təyin edilməsi trombların böyüməsinin, bununla əlaqədar nevroloji patologiyanın inkişaf etməsinin qarşısının alınmasına, həmçinin fibrinolizin fəallaşdırılması və damardaxili tromboz ilə bağlı ağırlaşmaların qarşısının alınmasına doğru yönəldilmişdir.
1) Birbaşa təsir göstərən antikoaqulyantlar: Heparin – 5000 T.v. sutkada 4 dəfə dəri altına və ya vena daxili infuziya yolu ilə 1000 T.V. /saat sürətilə; kiçik molekullu heparinlər: Nadroparin-kalsium 86 T.V /kq dozasında dəri altına, sutkada 1-2 dəfə, Enoksiparin 0,001 q/kq dozasında, sutkada 1-2 dəfə, dəri altına.
2) Dolayı yolla təsir göstərən antikoaqulyantlar: Fenilin – sutkada 0,015-0,03 q dozasında, daxilə, Varfarin – sutkada 0,005-0,006 q dozasında, daxilə.
Kəskin beyin infarktı zamanı antikoaqulyantların istifadəsinə əks-göstərişlər: böyük ölçülü insultlar (orta beyin arteriyasının 50%-dən çoxunu əhatə edən), nəzarət oluna bilməyən arterial hipertenziya, mədə xorası xəstəliyi, şiddətli trombositopeniya, ağır böyrək və ya qaraciyər xəstəlikləridir. Həmçinin bu preparatların Reopolüqlqkin, iltihab əleyhinə qeyri-steroid preparatlar və qanəvəzedicilərlə birgə tətbiqi hemorragik sindromun yarana biləcəyi təhlükəsinə görə məsləhət görülmür.

Neyroprotektorların təyin edilməsi
Neyroprotektorların tətbiqi neyronların müdafiəsinə və patoloji neyrokimyəvi zəncirvari reaksiyaların tormozlanmasına yönəldilmişdir. Neyroproteksiya məqsədilə aşağıdakı qrup preparatlardan istifadə edilir:
1) Vazoaktiv preparatlar: Vinposetin (Kavinton)- 0,01-0,02 q (2-4 ml 5%-li məhlulu) damcı üsulu ilə vena daxilinə və ya gündə 3 dəfə 0,005-0,01 q daxilə; Niserqolin (Sermion)- sutkada 1-2 dəfə 0,002-0,004 q dozasında əzələyə və ya damcı üsulu ilə venaya və ya sutkada 3 dəfə 0,01 dozasında daxilə; İnstenon- 2 ml-dən damcı üsulu ilə venaya və ya əzələyə; Aminofillin (Eufillin)- 10 ml 2,4%-li məhlulu birbaşa və ya 250 ml Natrium-xloridin izotonik məhlulunda damcı üsulu ilə venaya sutkada 2 dəfə; Vazobral – sutkada 2 dəfə 2ml daxilə; Sinnarizin (Stugeron)- 0.05 q dozasında, sutkada 3 dəfə daxilə təyin edilir.
2) Angioprotektorlar: Parmidin (Prodektin) – 0,25 q dozasında 1 tabletdən, sutkada 3 dəfə; Askorutin – 2 tabletdən, sutkada 3 dəfə; Trokserutin – 0,3 q dozasında sutkada 2 dəfə 1 kapsul və ya 5 ml venaya; Etamzilat – 2 ml 12,5%-li məhlulu əzələyə və ya venaya təyin edilir.
3) Bioreoloji preparatlar: Plazma, Albumin, Reopolüqlükin (Reomakrodeks) məhlullaı, 400 ml, sutkada 1-2 dəfə venaya damcı üsulu ilə təyin edilirlər.
4) Kalsium kanallarının blokatorları: Nimodipin (Nemotan, Nimotop) vena daxilinə damcı üsulu ilə saatda 0,001-0,002 q dozasında (5 ml 0,02%-li məhlulunu Natrium-xloridin izotonik məhlulunda və ya 5%-li Qlükoza məhlulunda) və ya hər 4 saatdan bir 0,3-0,6 q dozasında daxilə, arterial təzyiqin və nəbzin daimi nəzarəti altında təyin edilir.
5) Antioksidantlar: Emoksipin 20-30 ml 3%-li məhlulu venaya damcı üsulu ilə sutkada 1-3 dəfə 5-15 gün ərzində, sonra 2-10 ml 3%-li məhlulu əzələyə 20 gün ərzində; Meksidol – 0,2-0,3 q damcı üsulu ilə venaya, sutkada 2 dəfə, 0,1 q-dan sutkada 3 dəfə əzələyə; Mildronat 5-10 ml 10%-li məhlulu venaya birbaşa və ya damcı üsulu ilə; Alfa-Tokoferol-asetat (Vitamin E) – 0,2 q-dan sutkada 2 dəfə əzələyə və ya venaya; Askorbin turşusu (Vitamin C)- 5-10 ml 5%-li məhlulu vena daxilinə damcı üsulu ilə və ya 0,5-0,8 q daxilə təyin edilir.
6) Neyrotrofik təsir göstərən preparatlar: Pirasetam (Lusetam, Nootropil) – sutkada 4-12 q dozasında damcı üsulu ilə venaya və ya sutkada 3 dəfə, 0,4-0,8 q-dan daxilə; Serebrolizin – 10-60 ml 21,5%-li məhlulu 200 ml Natrium-xloridin izotonik məhlulunda həll edib, 1-1,5 saat müddətində damcı üsulu ilə venaya (müalicə kursu 10-25 prosedurdur), sonradan əzələyə 5-10 ml 20-30 gün ərzində; Serebromedin 10 ml-dən damcı üsulu ilə venaya; Semaks 0,1%li məhlulundan hər burun deşiyinə 2-3 damcı, sutkada 2-3 dəfə; Qlisin – 0,2 q-dan sutkada 3-4 dəfə, dil altına; Karnitin-xlorid (Aplegin)- 10 ml 10-20%-li məhlulu 250 ml Natrium-xloridin izotonik məhlulunda həll edib venaya damcı üsulu ilə; Aminalon – 0,5-1,25 q-dan sutkada 3 dəfə daxilə; Pikamilon – 0,05 q-dan sutkada 3 dəfə daxilə təyin edilir.
7) Energetik toxuma metabolizmini yaxşılaşdıran preparatlar: Sitoxrom C (Sitomak) – 4-8 ml 0,25%-li məhlulu əzələyə və ya 200 ml Natrium-xloridin izotonik məhlulunda həll edib venaya damcı üsulu ilə; Aktovegin – 250 ml 10-20%-li məhlulu venaya damcı üsulu ilə və ya 5 ml 4%-li məhlulu əzələyə; Solkoseril – 250 ml 10-20%-li məhlulu damcı üsulu ilə venaya və ya 5 ml 4,25%-li məhlulu əzələyə; Diavitol 10-20 ml məhlulu damcı üsulu ilə venaya; Qliatilin – 1 q-dan sutkada 3 dəfə damcı üsulu ilə venaya, Riboksin – 10-20 ml 2%-li məhlulu venaya birbaşa və ya damcı üsulu ilə, Lipoy turşusu (Tioktasid, Berlition, Tioqamma, Espalion)- 0,6 q-dan venaya damcı üsulu ilə və ya 0,2-0,6 q daxilə təyin edilir.

Pozulmuş hərəki və hissi funksiyaların bərpasını aktivləşdirmək üçün neyroprotektiv terapiya sadə fiziki hərəkətlərin icra edilməsi, zədələnmiş ətrafların yüngül massajı və əzələlərin elektrik stimulyasiyası ilə birlikdə istifadə olunur.

Hipotenziv preparatların tətbiqi
1) Angiotenzinçevirici fermentin inhibitorları: Kaptopril (Kapoten, Kotopil, Tenziomin)- 0,025-0, 05 dozasında daxilə və ya sublinqval olaraq. Sublinqval qəbul zamanı hipotenziv effect 10 dəqiqədən sonra baş verir. Enalapril (İnvoril, Renitek, Enap)- 10 mq dozasında, sutkada 2 dəfə təyin edilir.
2) Mərkəzi tipli alfa-2 adrenoreseptorların tənzimləyiciləri: Klonidin (Hemiton, Katapresan. Klofelin)- sublinqval yolla 0,00015-0,0003 q dozasında (20-40 dəqiqədən sonra təsir göstərir), əzələyə və ya dəri altına 0,5-1,5 ml 0,01%-li məhlulu təyin edilir. Klonidinin 0,5-1 ml 0,01%-li məhlulunu 10-20 ml Natrium-xloridin izotonik məhlulunda həll edib venaya tədricən (5-6 dəqiqə ərzində) vurulması təyin edilə bilər. Arterial təzyiqin enməsi bir neçə dəqiqədən sonra baş verir və 4-6 saat davam edir.
3) Qanqlioblokatorlar: Bezohekzonium 0,5-1 ml 2,5%-li məhlulu əzələyə və ya dəri altına, lazım gələrsə inyeksiyalar təkrarlamaq (sutkada 3-4 dəfə) olar; Pentamin – 0,2-0.5 ml 5%-li məhlulunu 20 ml Natrium-xloridin izotonik məhlulunda və ya 5%-li Qlükoza məhlulunda həll edib, tədricən venaya yeritməli. 0,5-2 ml 5%-li məhlulunu əzələyə də vurmaq olar.
Arterial təzyiqi qaldırmaq məqsədilə tətbiq olunur:
1) Dofamin (Dopamin, Dopmin)- adrenergic preparat olub, periferik neyromediator proseslərə təsir edir: 0,025-0,2 q dozasında (0,5% və ya 4%-li məhlulu) preparatı 125 ml 5%-li Qlükoza və ya 400 ml Natrium-xloridin izotonik məhlulunda həll edib, venaya damcı üsulu ilə yeritməli (sutkalıq dozası 0,4-0.8 q). preparat tez effect göstərməyə başlayır və infuziya kəsildikdən 5-10 dəqiqə sonra təsiri bitir;
2) Prednizolon-hemisuksinat (Solu-dekortin)- qlükokortikosteroid preparatdır. 0,05-0,15 q preparat Natrium-xloridin izotonik məhlulunda və ya 5%li Qlükoza məhlulunda həll edib, damcı üsulu ilə venaya yeritməli;
3) Qutron – vaqotonik preparat olub, arterial təzyiqin dozalanmış artmasını təmin edir: 2,5 q dozada tabletlər və ya 7 damcı daxilə, sutkada 2 dəfə; venaya və ya əzələyə 5 mq, sutkada 2 dəfə təyin edilir.

Bərpaedici müalicə mərhələsi
İşemik insult keçirmiş xəstələrdə bərpa dövründə əsas məqsəd nevroloji simptomatikanın sabitləşdirilməsinə və onların tədricən gerişə inkişafına doğru yönəldilmiş olur. Bu, neyronların “yenidən öyrənmə” prosesləri ilə bağlı olur, nəticədə beynin sağlam hissələri tədricən zədələnmiş şöbələrin funksiyalarını öz üzərində götürürlər. Hüceyrə səviyyəsində gedən bu proses neyronlar arasında yeni sinapsların və dendritlərin yaranması, neyronal membranların xassələrinin dəyişdirilməsi hesabına baş verir.
Beyin infarktından sonra itirilmiş funksiyaların bərpası prosesini sürətləndirən dərmanlar neyronlarda gedən maddələr mübadiləsini stimullaşdıran preparatlardır: vasoaktiv dərmanlar (Ginkgo biloba, Vinpocetin, Pentoksifilin), amin turşusu preparatları (Serebrolizin), nootroplar (Pirasetam,Fenotropil) və s. Həmçinin bu dövrdə kontrakturaların, yataq yaralarının, dərin venaların trombozunun yaranma və inkişaf riskini azaltmaq və və hərəki funksiyaları tədricən bərpa etmək üçün passiv reabilitasiya (massaj, müalicəvi bədən tərbiyəs-MBT) həyata keçirilir.

İşemik insultdan sonra xəstələrin erkən reabilitasiyası
İşemik insultdan sonra xəstələrin reabilitasiyasını mümkün qədər tez – xəstənin ümumi vəziyyətindən asılı olaraq, hərəki rejimin genişləndirilməsi və ümumi palataya köçürüldükdən sonra, xəstəliyin ilk və ya ikinci həftəsində başlanmalıdır. Reabilitasiya əzələ funksiyasının bərpası məqsədi daşıyir və terapevtik massaj, elektrik stimulyasiyası və fərdi proqram üzrə müalicəvi bədən tərbiyəsi (MBT) üsullarından ibarət olur. Massaj və MBT əzələ kontrakturaları və oynaqlarda ağrıların profilaktikası, neyronlar arasında itirilmiş əlaqələrin aktivləşdirilməsi, ətraflarda hissiyyatın tədricən bərpası məqsədilə aparılır.
Bu mərhələdə terapevtik massaj çox ehtiyatla icra edilir və əgər əzələlərin tonusu aşağıdırsa, onların elektrik stimulyasıyası və fərdi seçilmiş proqramla MBT ilə birgə yüngül ovuşdurmalar və ehtiyatla açılışdırma şəklində; əzələ tonusu yüksəkdirsə, yüngül sığallamalar şəklində aparılır.

Reabilitasiya üsulları
Yenidən danışmaq, hərəkət etmək və məntiqlə düşünmək, xüsusilə yaşlı bir adam üçün asan deyil. Buna baxmayaraq, bu, düzgün bir yanaşma zamanı mümkündür. Aşağıdakı üsullar beyin insultunun nəticələrini aradan qaldıramağa kömək edəcəkdir:
• Fizioterapiya uzun müddətdir ki, insultdansonrakı bərpa prosesinin əvəzsiz bir atributa çevrilmişdir. Fizioterapiyaya özündə orqanizmə elektrik, maqnit, mexaniki, lazer və digər təsir üsullarını birləşdirir. Prosedurların məqsədi əzələlərin iş qabiliyyətini qorumaq, beyin funksiyalarını bərpa etmək və qan təchizatını yaxşılaşdırmaqdır.
• Erqoterapiya xəstəyə müstəqil yaşamaq üçün zəruri olan sadə məişət vərdişlərini öyrədən tədbirlər kompleksindən ibarətdir. İnsult keçirdikdən sonra xəstələr tez-tez qapını açmağı, müxtəlif müxtəlif cihazları işə salmağı, hətta düyməni bağlamağı bilmirlər. Ergoterapevtlər müxtəlif oyunlar və modelləşdirmə vəziyyətlərini tətbiq edərək, xəstələrə bu vərdişləri yenidən öyrədirlər. Ən qabaqcıl reabilitasiya mərkəzləri ev şəraitini maksimal dərəcədə xatırladan xüsusi təlim mərkəzləri ilə təchiz olunmuşdur. Ergototerapiyanın məqsədlərindən biri də xırda motorika bacarıqlarının: kiçik və böyük obyektləri tutmaq; yazmaq, klaviatura ilə işləmək, tikiş tikmək və s. bərpa edilməsidir.
• Loqopedik məşğələlər nitq funksiyalarını bərpa etmək üçün vacibdir. Afaziya, yəni beynin nitq mərkəzinin zədələnməsi müxtəlif növ ola bilər, ancaq düzğün və inadkar bir iş sayəsində xəstəliyin bu nəticəsini aradan qaldırmaq mümkündür.
• Psixoterapiya də çox vacibdir, çünki insult keçirdikdən sonra xəstələr tez-tez özlərini tamamilə çarəsiz hiss edirlər. Belə anlarda onlar üçün ruhdan düşməmək çox vacibdir. Onları inandırmaq lazımdır ki, bu zəiflik aradan qaldırılandır, ancaq müvəqqəti bir haldır və əgər cəhd göstərərsə, xəstə normal həyata qayıda bilər.
• Düzgün tərtib edilmiş müalicəvi bədən tərbiyəsi (MBT) kompleksi zamanı müntəzəm məşqlərin sayəsində əzələlərin və əzələ yaddaşının bərpası istiqamətində əla nəticələr verə bilər.
• Mexanoterapiya hemorragik insultdan sonra xəstələrin reabilitasiyasının müasir metodudur. Bu metod, robotlaşdırılmış trenajorların istifadəsindən ibarətdir və yuxarı və aşağı ətrafların hərəkətlərininin məşq etdirilməsinə, eləcə də xırda motorika bacarıqlarının bərpasına uyğun gəlir. Yüksək texnologiyalı avadanlıqların istifadəsi hərəki bacarıqların bərpa müddətini azaltmağa kömək edir.
İnsultdan sonra bərpa prosesi çətin bir işdir, ancaq bunu mümkün olmayan adlandırmaq olmaz. Bu işdə çox şey xəstənin yaxınlarından asılıdır, çünki o, özü uzun müddət aciz və müdafiəsiz vəziyyətdə olur. Buna görə itirilmiş qabiliyyətlərin bərpası məsələsi yalnız xəstənin özünə deyil, həm də onun vəziyyətinə laqeyd olmayanlara aiddir. Əgər bu insanlar xəstənin ətrafında olsalar, mümkün olan hər şeyi edərək ona kömək və dəstək versələr, bu zaman reabilitasiya mümkün qədər qısa müddətdə baş tutacaqdır. Reabilitasiya əlbəttə ki, yalnız erkən və fəal olmalı, həm də dəqiq şəkildə planlaşdırılmalıdır.

Reabilitasiya mərhələsinin xüsusiyyətləri
İşemik insultdan sonra xəstənin reabilitasiyası bir neçə aydan bir ilədək və ya daha çox davam edir. Bərpa mərhələsini yerli nevroloji sanatoriyada həyata keçirmək tövsiyə olunur ki, iqlim dəyişikliyi nevroloji simptomatikanın dərinləşməsinə və ya yanaşı gedən somatik xəstəliklərin (arterial hipertoniya, aritmiyalar, şəkərli diadet xəstəliyi) inkişafına səbəb olmasın.
İxtisaslaşdırılmış sanatoriyada bütün hərəki funksiyaların bərpası müalicəvi bədən tərbiyəsi (MBT) və fizioterapevtik prosedurların köməyilə həyata keçirilir. İtirilmiş hissiyyatı bərpa etmək üçün massaj, palçıq terapiyası və refleksoterapiyadan istifadə edilr.

İşemik insultun nəticələrinin müalicəsində massajın tətbiqi
İşemik insultdan sonra ən tez-tez rast gəlinən ağırlaşmalr müxtəlif dərəcəli hərəki və hissiyyat pozğunluqlarıdır. Müalicəvi massaj xəstəliyin kəskin dövründə (birinci – ikinci həftə), yataq yaralarının yaranmasının qarşısını almaq üçün və mikrosirkulyasiyanın yaxşılaşdırılması üçün (xüsusilə piylənməsi olan və ya əksinə, hipotrofiyalı xəstələrdə, sidiyi saxlaya bilməyən şəxslərdə), eləcə də yanaşı infeksion xəstəliklərin prosesə qoşulması zamanı təyin edilir. Erkən reabilitasiya mərhələsində massaj əzələ və oynaq kontrakturalarının qarşısının alınması və hissiyyatın bərpa edilməsi məqsədilə aparılır ki, sinir hüceyrələrinin aktivliyi geri qayıtsın və sinir impulslarının ötürülməsi qaydaya düşsün. Həmçinin massaj parezlər və süst ifliclər olduğu zaman xəstənin hərəkət aktivliyinin normallaşdırılması üçün əzələ tonusunun bərpası istiqamətində yönəldilmiş olur.

Dispanser mərhələsi
İşemik isult zamanı reabilitasiya çox mühüm əhəmiyyət kəsb edir. Beyin qan dövranının kəskin pozulmalarının uzaq nəticələri dövründə peşə terapiyası və rasional qidalanmadan ibarət olan rejimin təşkil edilməsi məsləhət görülür. İşemik insultdan sonra xəstələr yaranmış nevroloji pozğunluqlarının (süst parezlər, nitq pozğunluqları və koqnitiv pozuntular) bərpa edilməsi məqsədilə daim nevropatoloqun dinamiki nəzarəti altında olmalı və dərman müalicəsi, fizioterapiya, massaj və MBT kursları keçməlidirlər.

Davamlı pozuntular zamanı dispanser mərhələni xüsusiyyətləri
Dayanıqlı hərəki pozğunluqlar mövcud olduqda, ümumi hərəki fəaliyyətin gücləndirilməsi məqsədilə bütün əzələ qruplarının massajı və məşq etdirilməsi məsləhət görülür. Danışıq funksiyalarının itirilməsi zamanı nitq pozğunluqlarını tənzimləmək üçün xəstə loqopedin müayinəsi və müalicəsindən keçməli, neyrotrofik və neyromodulyator təsirli preparatlardan (neyroprotektiv) ibarər müalicə kursu qəbul etməli və təkrari insultun ikincili profilaktikası həyata keçirilməlidir. Dayanıqlı nevroloji pozğunluqlar əlilliyin ən geniş yayılmış səbəblərindəndir.

İşemik insultun proqnozu
İşemik insultlardan ölüm hallarının faizi çox yüksəkdir: hər 100000 nəfərə bu rəqəm müxtəlif ölkələrdən asılı olaraq 100-175 arasında dəyişir. Bu zaman ilk ay ərzində ölənlərin sayı təqribən 345 təşkil edir, 1 il müddətində xəstələrin 50%-də letal sonluq müşahidə edilir. Sağ qalanlardan yalnız 20%-i praktiki olaraq tam sağalırlar (onlara əlillik dərəcəsi verilmir), 18% xəstələr nitq qabiliyyətlərini itirmiş olurlar, 48%-I hərəkət qabiliyyətlərini itirirlər. Bərpa müddətinin nə qədər çəkəcəyini qabaqcadan söyləmək mümkün deyil. Bu zaman proqnozu pisləşdirən və işemik insultun nəticələrini ağırlaşdıran amilləri nəzərə almaq lazımdır. Bu amillərə aid etmək olar:
– Əsas zədələnmə ocağının funksional vacib nahiyələrində (nitq, hərəki və s. mərkəzlərində) yerləşməsi;
– İnfarkt ocağının böyük ölşüdə olması;
– Xəstənin ahıl yaşda olması;
– Ətrafların əzələlərinin tonusunun kobud pozğunluqları;
– Əzələ-oynaq hissiyyatının pozulması;
– Əqli qabiliyyətin aşağı enməsi;
– Emosional pozğunluqlar (depressiya).
Lakin əlverişli olmayan proqnoz ümidsiz olmağa əsas verməməlidir. Bərpa olunmaq şansı aşağıdakı hallarda xeyli yüksəlmiş olur:
– Reabilitasiyanın erkən başlanması;
– Xəstənin əqli qabiliyyətinin saxlanılması;
– Bərpa prosesində xəstənin özünün aktiv iştirak etməkdə maraqlı olması;
– Bərpa proqramının müvafiq şəkildə tərtib olunması.
İşemik insult çox ağır və təhlükəli bir xəstəlikdir. Lakin əgər bu baş vermişdirsə, ruhdan düşmək lazım deyil – müsbət nəticənin əldə edilməsində xəstənin öz rolu çox böyükdür. Yüksək səviyyədə tərtib edilmiş reabilitasiya proqramı, onun dəqiq və ardıcıl surətdə həyata keçirilməsi xəstəyə pozulmuş funksiyaları bərpa etməyə və vərdiş etdiyi həyat tərzinə qayıtmağa kömək edir.

İşemik insultların profilaktikası
Beyin infarktının profilaktikasının əsasında qanda aterosklerotik düyünlərin və trombların formalaşması zamanı meydana gələn arteriyaların trombozunun effektiv şəkildə qarşısının alınması: adekvat bədən çəkisinin saxlanılması və sağlam həyat tərzinə riayət edilməsi, siqaret çəkməkdən, spirtli içkilərin qəbulundan və digər zərərli vərdişlərdən imtina olunması dayanır. Ürək-damar sistemi ( ateroskleroz, arterial hipertoniya, aritmiyalar, miokard infarktı) və sinir sistemi (migren, serebrostenik sindromlu vegetativ-damar distoniyası) xəstəliklərinin yaranmasının və inkişafının qarşısının alınması üçün müalicəvi bədən tərbiyəsi ilə məşğul olmaq, piyada gəzmək, səmərəli və sağlam pəhrizə riayət etmək, bədəni ümumi massaj etmək çox vacibdir.
İşemik insultların ikincili profilaktikası 4 istiqamətdən ibarət olan komleks tədbirləri: hipotenziv tepapiya (angiotenzinçevirici fermentlərin inhibitorları və diuretiklərin tətbiqi), antitrombotik terapiya (birbaşa təsir göstərməyən antikoaqulyantlar və antiaqreqantlar), hipolipidemik terapiya (statinlər) və yuxu arteriyalarının trombozunun cərrahi yolla müalicəsini (carotid endoarterektomiya) özündə birləşdirir.

Leave a reply