Oturaq sinir orqanizmin ən böyük siniridir. Oturaq sinirin gedişi boyu sağrıdan aşağıya doğru uzanan ağrılara tez-tez rast gəlinir ki, bu onurğa sinirinin sıxılması səbəbindən yaranan oturaq sinir nevriti və ya radikuliti adlanır. Bu halların 85%-i onurğada fəqərələrarası disklərin zədələnməsi, o cümlədən, yırtığı, və ya digər xəstəlikləri ilə bağlıdır

Oturaq sinirin iltihabı – işias – çox yayılmış nevroloji xəstəlikdir. İşias zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. İkitərəfli işias zamanı ağrı iki ayaqda olur. Lakin bu nadir hallarda inkişaf edir.

ETİOLOGİYA .
Aparılmış müşahidələr nəticəsində işiasın əmələ gəlmə səbəbi olaraq fəqərələrarası diskin ətrafındakı annulus fibrosus halqasının cırılması və diskin qabarması və ya yırtılması nəticəsində omba sinirin (lumbar) kökünün sıxılması olduğu təsbit edilmişdir. Neyroradioloji görüntüləmələrin təhlili də onu deməyə əsas verir ki, işiasın 85%-nin səbəbi məhz fəqərələrarası disk xəstəliyidir. Dördüncü və beşinci omba sinirlərinin kökləri (lat. nervi Lumbales, IV et V) və ilk iki sakral sinirin kökləri lumbosakral kələfdə birləşərək peroneal və tibial sinirlər formalaşdırır. Bu sinirlər isə çanağı vahid oturaq sinir tərkibində tərk edir. Oturaq siniri (N.ischiadicus) oma kələfinin (sacral plexus) ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sağrı əzələsinin altından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir. Dizaltı çuxura bir az qalmış oturaq siniri iki böyük uc şaxəyə bölünür – qamış siniri (lat. nervus tibialis) və ümumi incik sinirinə (lat. nervus peroneus communis).
Oturaq sinirinin gedişatında istənilən yerdə baş vermiş pozuntu işiasa – oturaq sinirinin radikulitinə səbəb ola bilər. Əksər hallarda pozuntular onurğa sütunun L4-L5 və L5-S1 səviyyəsində baş verən fəqərələrarası diskin cırılması və həmin səviyyədə osteoartritin inkişafı nəticəsində baş verən dəyişikliklərlə bağlı olur. Daha az hallarda L3-L4 səviyyəsində baş verən pozuntular işiasa səbəb olur.

YARANMA SƏBƏBLƏRİ:

  • Onurğa ilə bağlı səbəblər .

-L5, L5 və ya S1 sinir köklərinin kompressiyası ilə müşayiət olunan disk yırtıqları (diskin cırılması),
-Spondilolistez və ya lumbar fəqərələrarası dəliklərinin stenozu (foraminal stenoz) səbəbindən sinir köklərinin sıxılması,

-Onurğanın osteoxondrozu

-Fəqərələrarası oynağın sinovial sisti,
-Araxnoidal (Tarlov) sist,
-Onurğa sütunun törəmələri,
-Bel və oma sinir köklərinin neyrofibromaları,
-Araxnoidit.

  • Onurğa sütunu ilə bağlı olmayan səbəblər .

-Çanaqdaxili və ginekoloji hallar, o cümlədən endometrioz səbəbindən tsiklik işias
-Piriformis sindromu və “arxa-cib” işiası
-Hamiləlik, doğuş və litotomiya vəz uzun müddət qalma
-Zoster sine herpete (kəmərləyici dəmr herpes zoster)
-Diabetik radikulopatiya
-Sağrıya edilən inyeksiya zamanı travma
-Lumbar pleksit və ya bel kələfinin iltihabı
-Oturaq sinirin ətrafdakı damarlarla s (aşağı sağrı arteriyasının psevdoanevrizması)
-Bud-çanaq oynağının sınığı və dislokasi çanaq sümüklərinin sınıqları
-Budun cırılması və dartılması

-Oturaq sinir travması
-Gənc yaşlı şəxslərdə idiopatik səbəblər.

KLİNİKASI:

İşias zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır – bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur. İşias zamanı olan ağrılar müxtəlif ola bilər – sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən. Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə “qarışqaların yeriməsi” hissi yaranır.
Xəstəliyin səbəbi oturaq sinirinin sıxılması və iltihabıdır. Məhz bu sıxılma və iltihab ağrılara, həssaslığın və hərəkətliliyinin azalmasına səbəb olur.
Xəstəlik inkişaf etdikcə ağrılar çoxalır, xəstə ayağını diz və baldır-pəncə oynağında bükə bilmir. Zədələnmiş ayaqda əzələlər zəifləyir, hətta qismən fəaliyyətdən qalır və nəticədə kiçilir (buna “atrofiya” deyilir). Ağır vəziyyətlərdə xəstədə sidiyin və (və ya) nəcisin saxlaya bilməməsi kimi patoloji hal inkişaf edir. Bu səbəbdən xəstəliyin müalicəsinə işiasın ilk mərhələlərində başlamaq lazımdır.
İşias bir çox hallarda osteoxondrozun fonunda inkişaf edir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələr arası məsafələr kiçilir ki, bu da oturaq sinirin sıxılmasına və iltihaba səbəb olur. Digər yayılmış səbəb – fəqərələrarası disklərinin yırtığıdır.
Digər səbəblər arasında: onurğa sütunu şişləri, travmalar, soyuqlamalar, infeksiyalar (qripp, vərəm, sifilis və s.) və s. Bəzən işias hamiləlik zamanı inkişaf edir. Hamiləlik zamanı qadının onurğa sütunu ciddi yükləmələrə məruz qalır. Bəzi hallarda onurğa sütunu bu yükləmələrə tab gətirmir və nəticədə qadında müxtəlif pozulmalar (o cümlədən, işias) inkişaf edir.

DİOQNOSTİKA:

İşiasın məhz onurğa sütununda sinir kökünün disklə sıxılması səbəbindən baş verdiyini təsdiq etmək üçün bir çox klinik testlər mövcuddur. Həmin testlərin əksəriyyəti aşağı ətrafın dizdə əyilmədən düz qaldırılması testinin modifikasiyalarıdır. Arxası üstə uzanan xəstə dizini əymədən ayağını düz qaldırarsa, bu qabarmış disk üzərində sinir kökünün dartılmasına və müvafiq əzələlərin ağrı səbəbindən yığılmasına gətirib çıxarır. Testin təkrarlanmasında oxşar reaksiyanın əldə edilməsi və ya əvvəlki ağrının daha da pisləşməsi testin müsbət olduğunu təsdiq edir. Ayağı qaldırarkən ayaqla müayinə masası arasında 30-70 dərəcə bucaq halında ağrının sağrıdan başlayaraq dizdən aşağıya irəliləməsi (irradiasiya) diskin sıxılmasına dəlalət edir. Fəqərələrarası diskin yırtığının diaqnostikasında bu testin həssaslığı 90%, lakin spesifikliyi aşağıdır.
Qeyd olunmalıdır ki, onurğa sütununda problem olmayan bir çox xəstə ayağın düz qaldırılması testi zamanı sağrıda və budu yaxınlaşdıran əzələlərdə diskomfort hiss edə bilər. Lakin işiasdan fərqli olaraq, həmin xəstələrdə ağrı daha diffuz və ya yayılmış olur. Həmçinin bu şəxslərdə həmin manevri asta apardıqda ayaq daha yüksəyə qaldırıla bilər.
Fajerştayn testi və ya “sağlam ayağın düz qaldırılması testi” də işiasın fəqərələrarası diskin yırtılması nəticəsində baş verdiyini müəyyən etməyə imkan verir. Bu test zamanı ağrının olduğu deyil, ağrının olmadığı ayaq qaldırılır. Kontralateral tərəfdə disk yırtığının diaqnostikasında Fajerştain testinin spesifikliyi 90%-dir, lakin həssaslığı aşağıdır.

İşias özünü müxtəlif simptomlarla büruzə verir və bu səbəbdən bəzi hallarda bu xəstəliyin dəqiq diaqnozunu qoymaq çətin olur. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim nevroloq məşğul olur. Diaqnostika zamanı rentgenoloji müayinə və maqnit-rezonanslı tomoqrafiya (MRT) istifadə olunur.

MÜALİCƏSİ:

Səbəbindən asılı olmayaraq işias zamanı yaranan ağrı simptomuna dözmək, müalicəsiz ağrının keçəcəyini düşünmək yalnış və vaxt itkisidir. Vaxtında həkimə müraciət olunmaması xəstəliyin proqressivləşməsinə və ağrı hissinin daha da artmasına səbəb olur. Gecikdirilmiş mərhələdə ağrı xəstədə nəinki ayaq üstə durarkən, oturarkən, gəzərkən, hətta yataqda çevrilmə hərəkətləri edərkən belə çətinlik törədir, nəticə olaraq xəstə yatarkən belə rahatlıq tapa bilmir.

Müalicə simptomatik- neyropatik ağrı simptomunun azaldılmasına və etiotrop – xəstəliyi yaradan səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Kəskin dövrdə 24-48 saat yataq rejimi (yataq 30 dərəcəli bucaq altında olmalı) təyin edilməlidir. İlkin olaraq işiasın simptomatik müalicəsində adətən ağrı simptomunu  aradan qaldırmaq üçün ağrıkəsici və iltihabəleyhinə dərman preparatları və fiziki terapiya təyin edilir. Oturaq sinirinin iltihabı xəstəliyinə düçar olmuş pasientlərin aktivliyi adətən ağrı səbəbindən məhdudlaşmış olur. Buna baxmayaraq xəstələrə adətən istirahət tövsiyə olunur. Lakin qeyd olunmalıdır ki, fiziki aktivliyini saxlaya bilən xəstələrdə istirahətlə fiziki aktivlik arasında heç bir fərq müəyyən edilmir. Bu o deməkdir ki, fiziki aktivliyi istənilən dərəcədə olan xəstələrin tam istirahət etmək və ya yataq rejimi ilə məhdudlaşdırılması məqsədə uyğun deyil və heç bir sübutla təmin edilmir. Ağrının kontrolu üçün adətən qeyri steroid iltihab əleyhinə dərman preparatları (məs., iburpofen, naproksen, diklofenak və s.) istifadə edilir. Eyni zamanda ağrı simptomu ilə yanaşı əzələ spazmını azaltmaq üçün  fizioterapevtik metodlara –elektrofarez, qısa dalğa diametriyası, maqnitoterapiya müraciət edilir. Bundan başqa müalicəvi idman və nöqtəvi masaj, vakuum-terapiyası, iynəbatırma, manual terapiya da məsləhət görülür.

Simptomatik müalicə ilə yanaşı xəstələrə etiotrop müalicə tətbiq olunmalıdır. Çünki ağrıkəsicilər yalnız ağrı simptomunu aradan qaldırdığı üçün onların tətbiqi müvəqqəti təsir göstərir. Bunun üçün simptomatik müalicə ilə yanaşı etiotrop müalicə təyin olunmalı və xəstəliyi yaradan səbəb araşdırılmalıdır. İnfeksion mənşəli olduğu təqdirdə müalicə planına antibakterial və ya virusəleyhinə preparatlardan tətbiq olunmalıdır. Əgər işiasın yaranmasına fəqərəarası disk yırtığı səbəb olmuşsa müalicə yırtığın aradan qaldırmasına əsaslanmalıdır.

Aşağı bel ağrısı və digər oxşar halların müalicəsində qlyukokortikoidlərin epidural inyeksiyaları da tez-tez istifadə edilir. Klinik tədqiqatlar göstərir ki, epidural inyeksiyaların qısa müddətli faydası olsa da, onların uzun müddətli təsiri çox aşağıdır və həmin xəstələrdə sonradan cərrahi müdaxilənin qarşısını almır.

 

 

Leave a reply