Osteoartrit (OA) normal deqradasiya prosesini və oynaq qığırdağında xondrositlərin, ekstraselülyar matriksin və subxondral sümüyün sintezini pozan mexaniki və bioloji proseslərin nəticəsidir. Bu prosesə, oynaq qığırdağı, subxondral sümük, perikapsulyar əzələlər, kapsul və sinovial membran da daxil olmaqla, bütövlükdə oynaq cəlb olunur. Xəstəlik qığırdaq itkisinə, subxondral sümüyün sklerozu və yeyilməsinə, osteofitlər və subxondral kistaların əmələ gəlməsinə gətirib çıxarır. Kliniki olaraq, xəstəlik oynaqda ağrı, bərkimə və funksional məhdudiyyətlə xarakterizə olunur.
Epidemiologiya
Avropa əhalisi, xüsusən də yaşı 50-dən yuxarı olanlar arasında əllər, diz və bud oynaqlarının rentgenoloji müayinəsi zamanı OA əlamətləri tez-tez rast gəlir. Böyük Britaniyada təxminən 8.5 milyon əhalidə OA var və əhalı yaşlaşdıqca bu göstərici artır. OA qadınlar arasında çox yayılmışdır və yaş artdıqca daha çox rast gəlir. Fremingem Osteoartrit Tədqiqatı göstərmişdir ki, radioqrafik OA yaşı 60-dan az olan əhali arasında 27%-dən başlayaraq yaşı 70-dən çox olanlar arasında 44%-ə qədər artır. Bundan əlavə, Fremingem tədqiqatı zamanı hər il orta yaşı 71 olan qadınların 2%-də radioqrafik oynaq OA-nın inkişaf etdiyi (kişilərdə bu ədəd 1.4% təşkil edir) və hər il qadınların 1%-də simptomatik diz OA-nın inkişaf etdiyi (kişilərdə bu ədəd 0.7% təşkil edir) məlum olmuşdur. Böyük Britaniyada aparılmış tədqiqat zamanı yaşı 45-dən çox olan pasiyentlər arasında hazırda qeydə alınmış diz OA diaqnozunun səviyyəsi 1.1%, nə vaxtsa diz OA diaqnozu qoyulmuş və hazırda qeydə alınmış şəxslərin təxmin olunan səviyyəsi 5.5% olmuşdur. ABŞ-da diz OA-nın rastgəlmə tezliyi hər il hər 100,000 nəfər əhaliyə 164-240 hadisə arasındadır. Əl OA-nın rastgəlmə tezliyi hər il 2-4% arasında dəyişir. Bud OA-nın rastgəlmə tezliyi 100,000 nəfərə 47- 88 hadisə arasındadır. OA-nın ümumi yayılma səviyyəsi yaşı 30-dan az olan əhali arasında 1% olaraq, yaşı 40-dan çox olanlar arasında təxminən 10%-ə qədər, yaşı 60-dan çox olanlar arasında isə 50%-ə qədər artır. Pekin Osteoartrit Tədqiqatı göstərmişdir ki, bud OA-nın yayılma səviyyəsi qadınlara nisbətən kişilərdə daha az olmuşdur və ABŞ koqortaları ilə müqayisədə çinli qadınlar arasında diz OA-nn yayılma səviyyəsi daha yüksək olmuşdur.
Etiologiya
OA-nın tək bir səbəbi yoxdur və dəqiq etiologiyası məlum deyil. OA-nın inkişafında rol oynayan bir sıra bioloji və mexaniki amillər mövcuddur. Yaş, irsi meyllilik, qadın cinsi və piylənmə artmış OA riski ilə əlaqəlidir. Anadangəlmə oynaq deformasiyaları və ya oynaq tramvası da OA inkişafı riskini artırır. Bundan əlavə, sümüyün mineral sıxlığının yüksək olması və estrogenin aşağı səviyyəsi (post-menopauzal qadınlar) daha yüksək diz və bud OA riski ilə əlaqəli ola bilər. Yuxarıda sadalanan amillər travmaya və konkret fiziki aktivlik növləri ilə ağırlaşan xarici mexaniki stres amillərinə həssas olan oynaq mühitinə gətirib çıxara bilər. Oynaqətrafı əzələ zəifiyi, oynağın quruluş anomaliyası (məs., meniskin cırılması) kimi yerli mexaniki amillər xəstəliyin daha da proqressivləşməsi üçün şərait yaradırlar. Daxili və xarici amillər birlikdə oynağın zədələnməsinə gətirib çıxarır.
Patofiziologiya
Zədələnmiş oynaqda qığırdaq matriksinin sintezi və deqradasiyası arasındakı homeostatik tarazlığın pozulması əmələgəlmənin zəifləməsi və ya katabolizmin sürətlənməsi nəticəsində baş verir. Matriks metalloproteinazaları (məs., kollagenaza) həm kollagen, həm də proteoqlikan deqradasiyasını katalizə edən fermentlər olaraq, osteoartritli qığırdaqda daha yüksək qatılıqda olurlar. Belə fermentlər xondrositlər tərəfindən sintez olunur. Onların sintezi interleykin 1 (İL-1) tərəfindən stimulyasiya oluna bilər. Bundan başqa, heyvan modellərində bu enzimlərin doksisiklinlə blokadası osteoartritik zədələrin ağırlıq dərəcəsini azalda bilər. İL-1 katabolik sitokinlərdən biridir və diz OA-sı olan pasiyentlərin qan zərdabında onun səviyyəsinin yüksəlmiş olduğu məlum olmuşdur. Əksinə, insulinə bənzər böyümə amilləri (İBA-I) kimi anabolik sitokinlərin səviyyəsi OA zamanı azalır. Digər amil azot oksididir ki, o, metalloproteinazaları aktivləşdirə və qığırdağın deqradasiyasında rol oynaya bilər. Bioloji aspektdən əlavə mexaniki yüklənmə də xondrosit və qığırdağın zədələnməsinə öz töhvəsini verə bilər. Osteoartrit prosesi təkcə qığırdağı deyil, eləcə də başqa oynaq elementlərini zədələyir və sümüyün remodelləşməsi və subxondral sümükdə sümük iliyi zədələnmələri, sinovial iltihab, kapsulyar dartılma, periartikulyar əzələ zəifiyi və bağ dartılması ilə nəticələnə bilər. Travma ilə bərabər yuxarıda sadalanan elementlər yerli stresə və sonrakı qığırdaq itkisinə gətirib çıxara bilər. Bu, oynaq anatomiyasını daha çox dəyişə və oynağa yerli yükü artırmaqla, onu mexaniki amillərin və fiziki aktivliyin potensial zədələyici təsirinə daha çox həssas edə bilər. Məsələn, diz OA zamanı, genu varum və genu valgum oynağın quruluşunun pozulması riskinin artması ilə assosiasiya olunur. Bunlar oynağın daxili mühitini daha da pisləşdirir və onu xarici travma və mexaniki yüklərə daha da həssas edir, nəticədə oynağın işinin pozulmasına gətirib çıxaran qüsurlu dövran yaranır.
Təsnifat
Osteoartritin növləri
• İlkin (idiopatik): anamnezdə oynaq travmasının olmaması; əksər hallarda əllər, diz, bud və ya ayaqları (xüsusilə, birinci daraq-falanqa oynağı) zədələyən lokal OA və ya generalizə olunmuş OA (adətən, əlləri və başqa oynağı əhatə edir) kimi kateqoriyalara bölünmüş.
• İkincili: anamnezdə anadangəlmə qüsur (məs., anadangəlmə bud displaziyası) kimi oynaq probleminin olması; travma; iltihablı artropatiyalar (məs. revmatoidli artrit, xroniki podaqra); və cari ağır fiziki aktivlik və ya uzun müddət ərzində oynaqların zədələnməsinə gətirib çıxaran peşələr.
İlkin profilaktika
Piylənmənin diz OA-nın inkişafı ilə güclü əlaqəsi var; ona görə də, piylənmiş pasiyentlər arıqlamağa sövq olunmalıdırlar. OA-nın inkişafının qarşısını alan və ya ləngidən başqa terapevtik müdaxilə yoxdur. OA-nın ən çox yayılmış simptomları oynaqda ağrı, sərtlik və bəzən şişkinlikdir. OA ən çox diz oynağı, bud oynağı, əlin xırda oynaqları (proksimal və distal falanqaarası oynaqlar) və onurğanı (xüsusilə, bel və boyun nahiyələri) zədələyir. Başqa oynaqlarda (məs., topuq və biləng) OA nadir hallarda olur və bu halda, adətən, xəstəliyin digər bir səbəbi (məs., kristal artropatiya, travma) olur.
İkinci profilaktika
Artıqçəkili adamlarda hətta az miqdarda (2-5 kq) bədən çəkisinin azaldılması diz OA-nın qarşısını almağa və ağrını azaltmağa kömək edir. Müvafiq məşqlər və fəaliyyətlər funksional imkanları qoruyub saxlamağa kömək edir. Təəssüf ki, OA-nın qarşısını almaq üçün tibbi müalicə üsulu mövcud deyil.
Mərhələli diaqnostik yanaşma
OA-nın ən çox yayılmış simptomları oynaqda ağrı, sərtlik və bəzən şişkinlikdir. OA ən çox diz oynağı, bud oynağı, əlin xırda oynaqları (proksimal və distal falanqaarası oynaqlar) və onurğanı (xüsusilə, bel və boyun nahiyələri) zədələyir. Başqa oynaqlarda (məs., topuq və bilək) OA nadir hallarda olur və bu halda, adətən, xəstəliyin digər bir səbəbi (məs., kristal artropatiya, travma) olur.
Anamnez
OA ən çox yaşı 50-dən çox olan şəxslər, əsasən, qadınlar arasında yayılmışdır. Anamnezdə ağır fiziki əmək qeyd oluna bilər. OA-sı zamanı ağrılar, adətən, fiziki aktivlik və ağırlıq qaldıran zaman pisləşir. OA-nın gec mərhələsi istisna olmaqla, oynaq ağrısı istirahət və ya gecə vaxtı olmur və onun olması həkimdə başqa etiologiyanın olması barədə şübhə doğurmalıdır. Səhərlər sərtlik 30 dəqiqədən az davam etməlidir. Əgər sərtlik bundan çox davam edirsə, məsələn, revmatoidli artrit kimi digər diaqnozlar nəzərdən keçirilməlidir. Pasiyentlər bəzən oynaqda şişkinliyin olmasından və funksional çətinliklərdən (dizin boşalması və hərəkətinin məhdudlaşması kimi) şikayətlənirlər. Bu, meniskin hissəvi cırılması və ya oynaq daxilində sərbəst cisimlər kimi daxili pozğunluğu əks etdirə bilər. Xəstəliyin bir neçə oynaq arasında paylanması əhəmiyyətlidir. Bəzi qadınlarda əsasən əllərin proksimal və distal falanqaarası oynaqlarını zədələyən iltihablı OA ola bilər ki, bu zaman oynaqlar qızara və şişə bilər. OA, klassik olaraq əldarağı-falanqa oynaqlarını zədələmir və, əgər bu oynaqlar prosesə cəlb olunmuşdursa, revmatoidli artrit barədə düşünülməlidir.
Fiziki müayinə
Bədən kütləsi və BKİ vacibdir, çünki artıqçəkili pasiyentlər arasında diz OA və daha az dərəcədə bud OA geniş yayılmışdır. Zədələnmiş oynaqda şişkinlik, sümük deformasiyası və əyrilik müşahidə oluna bilər. Sümük deformasiyaları xüsusən əllərdə daha çox rast gəlir və onlar proksimal falanqaarası oynaqların (Bouçard düyünləri) və distal falanqaarası oynaqların (Heberden düyünləri) böyüməsinə, eləcə də baş barmağın əsasında (birinci biləng-əldarağı oynağı) “kvadratlaşmaya” gətirib çıxara bilər. Diz OA-nın irəliləmiş mərhələsində həm də yeni sümük formalaşa və diz oynağının ətrafında sümük şişkinliklərinə səbəb ola bilər. Oynağın bütün diapazonu boyu hərəkəti zamanı tez-tez xırtıltı palpasiya olunur. Hərəkət diapazonunun məhdudlaşması, az miqdarda ekssudat və oynaq xətti boyunca ağrı müəyyən oluna bilər. Yerişin anomaliyası müşahidə oluna bilər.
İlkin sınaqlar
OA başlıca olaraq kliniki diaqnozdur. Mülayim və ağır dərəcəli OA zamanı diaqnozu təsdiqləməyə kömək üçün ilkin olaraq adi rentgenoloji müayinə aparılmalıdır, lakin bu üsul xəstəliyin erkən mərhələdə müəyyən edilməsi üçün həssas deyil. Rentgenoloji müayinə, şübhə olduqda ağrının daha az rast gələn səbəblərini (sümük şişləri, piqmentli villezonodulyar sinovit və ya avaskulyar nekroz kimi) inkar etməyə kömək edə bilər, baxmayaraq ki, bu üsul simptomlarla yaxşı korrelyasiya etmir. Lakin tədqiqat erkən diz OA zamanı 5 il boyunca rentgenoloji zədələnmənin proqressivləşməsinin ağrı və funksional pozğunluqlara gətirib çıxarmasını ehtimal etməyə əsas verir.
İlkin qiymətləndirmə zamanı revmatoidli artrit kimi iltihablı artritlərdən dierensiasiya etmək tələb olunursa, iltihab markerləri (CRZ, EÇS) yoxlanılmalıdır. Bu sınaqlar OA zamanı normal nəticə verir. Revmatoid amili və anti-siklik sitrullin peptidi (anti-CCP) anticisimləri revmatoid artriti OA-dan fərqləndirmək üçün və ya pasiyentdə hər iki xəstəliyin olduğuna şübhə olduqda faydalı ola bilər.
Sonrakı testlər
OA dəyişikliklərin aşkar etməkdə adi rentgenoqrafiya ilə müqayisədə MRT daha həssasdır. Bud və diz ağrısının başqa səbəblərini (məs., avaskulyar nekroz) inkar etmək üçün ilkin rentgenin ardınca ondan istifadə olunur. O, nevroloji əlamətlərlə gedən onurğa OA zamanı spinal stenoz və ya sinir kökü sıxılmasınn dərəcəsini və ağırlığını qiymətləndirmək və müəyyən etmək məqsədilə aparılmalıdır.
Risk faktorları
-Güclü
yaş >50
• Yaşlanma OA ilə əlaqəli ən güclü risk amilidir. Yaşlanmanın OA-ya təsiri qadınlarda daha çox özünü büruzə verir. Əgər anamnezdə oynaq travması (məs., topuq sınığı və ya anadangəlmə anomaliya) yoxdursa, OA-lı pasiyentlərin əksəriyyətinin yaşı 50-dən çoxdur.
• Çinqford əhalisi arasında aparılmış tədqiqat zamanı daha yaşlı qadınlardan ibarət qrup artmış OA riskinə malik olmuşdur (korreksiya olunmuş şanslar nisbəti 2:41). Bundan əlavə, Baltimor Çoxillik Yaşlanma Tədqiqatı göstərmişdir ki, yaş artmış əlin OA riski ilə əlaqəli olmuşdur.
qadın cinsi
• Tədqiqatlar göstərmişdir ki, qadınlar kişilərlə müqayisədə daha çox xəstələnir. Lakin OA ümumilikdə yayılmış xəstəlikdir və hər iki cinsdə rast gəlir.
piylənmə
• Piylənmə diz OA ilə güclü assosiasiya olunur. Piylənmə oynaq yükünü artıra və travmanın oynaq qığırdağına təsirini gücləndirə bilər.
• Freminqem tədqiqatı göstərmişdir ki, 36 illik izləmə dövrü ərzində piylənməsi olmayan qadınlarla müqayisədə bədən kütləsi ən çox olan 20% qadınlarda diz OA-nın baş vermə riski təxminən iki dəfə artıq və yaş üçün korreksiyadan sonra nisbi risk 2:0.7 olmuşdur. Artıq çəkili kişilərdə, OA-nın meydana çıxması üçün yaşa görə korreksiya olunmuş nisbi risk 1:51 olmuşdur.
genetik amillər
• Əkizlər və ailə tədqiqatları göstərmişdir ki, irsi amillərin OA-da rolu təxminən 50% təşkil edir. Bu çoxamilli xəstəlikdir və ehtimal edilir ki, poligen və ətraf mühit amillərinin də xəstəliyə təsiri var. OA ilə assosiasiya olunan bəzi irsi pozğunluqlar (məsələn, Stikler sindromu) 2-ci tip kollagendə olan defektlər nəticəsində meydana çıxır, lakin OA-nın digər formalarında genetik dəyişiklik və mexanizmlər tam öyrənilməmişdir.
• OA olan şəxslərin bacıları arasında əl OA-sı geniş yayılmışdır. Anamnezində əl OA olan qadınlarda Heberden düyünləri 3 dəfə çox rast gəlir.
Fiziki əmək/ əlillərin məşğulluğu
• OA əl ilə iş görən şəxslər arasında geniş yayılmışdır və artmış fiziki aktivlik ilə aşağı ətrafların OAsı arasında güclü əlaqə mövcuddur. Diz OA şaxtaçılar arasında və bud OA kənd təsərrüfatı işçiləri arasında yayılmışdır. Ağır fiziki iş və fəaliyyət spesifik oynaqların OA-i üçün şərait yarada bilər.
dizin əyriliyi
• Varus və ya valqus tipli əyrilik (tam uzunluqlu aşağı ətraf rentgenoqrafiyasında aşkar olunur) tibiofemoral OA-nın proqressivləşməsi ilə assosiasiya oluna bilər. Bundan əlavə, ağırlıq daşıyan dizdə varus itələnməsi (pisləşən varus əyriliyi) tibbi diz OA-nın proqressivləşməsi riskini daha da artırır.
-Zəif
sümüyün mineral sıxlığının yüksək olması
• Bundan əlavə, ağırlıq daşıyan dizdə varus itələnməsi (proqressivləşən varus əyriliyi) tibbi diz OA-nın proqressivləşməsi riskini daha da artırır. Bir neçə qruparası tədqiqatlar göstərmişdir ki, bud və diz OA olan şəxslərdə sümüyün mineral sıxlığı daha yüksək olmuşdur. Buna baxmayaraq, sümüyün mineral sıxlığı aşağı olan OA-lı şəxslərdə oynaq boşluğu itkisi dərəcəsi ən çox olmuşdur.
Tarix və müayinə faktorları
Əsas diaqnostik faktorlar
risk amillərinin mövcudluğu (adətən rast gələn) (adətən rast gəlinən)
• Əsas risk amillərinə 50-dən artıq yaş, qadın cinsi, ailə anamnezində OA olması və fiziki/əllərin istifadəsi olan peşənin olması aiddir.
Ağrı (adətən rast gələn) (adətən rast gəlinən)
• OA ilə əlaqəli ağrı, adətən, aktivliklə əlaqəlidir, ağırlıq daşıyan oynaqlarda olan ağrı ağırlıq qaldırma işləri ilə əlaqəlidir. İstirahət və ya gecə vaxtı ağrı, irəliləmiş OA istisna olmaqla, səciyyəvi əlamət deyil.
funksional dəyişikliklər (adətən rast gələn) (adətən rast gəlinən)
• Diz oynağının boşalması və ya hərəkətin məhdudlaşması kimi funksional dəyişikliklər ola bilər. Bu, meniskin hissəvi cırılması və ya oynaq daxilində sərbəst cisimlər kimi daxili pozğunluğu əks etdirə bilər.
diz, bud, əl və ya onurğa sütununun cəlb olunması (adətən rast gələn) (adətən rast gəlinən)
• OA zamanı ən çox zədələnən oynaqlar diz, bud, əl və onurğanın bel və boyun nahiyələridir. Əl OA zamanı əldarağı-falanqa oynaqları zədələnmir, prosesə proksimal və distal falanqaarası oynaqlar cəlb olunur ki, bu da onu revmatoidli artritdən fərqləndirməyə əsas verir.
sümük deformasiyaları (adətən rast gəlinən)
• Sümük deformasiyaları xüsusən əllərdə çox rast gəlir və onlar proksimal falanqaarası oynaqların (Bouçard düyünləri) və distal falanqaarası oynaqların (Heberden düyünləri) böyüməsinə, eləcə də baş barmağın əsasında (birinci biləng-əldarağı oynağı) “kvadratlaşmaya” gətirib çıxara bilər. Diz OA-nın irəliləmiş mərhələsində həm də yeni sümük formalaşa və diz oynağının ətrafında sümük şişkinliklərinə səbəb ola bilər.
hərəkət diapazonunun məhdudlaşması (adətən rast gəlinən)
• Orta və ağır dərəcəli OA zamanı oynaqda hərəkətin həm aktiv, həm də passiv diapazonu azalmış olur və bu, adətən, ağrı ilə bağlı olur.
əyrilik (adətən rast gəlinən)
• Sümük əyriliyi çox yayılmışdır, xüsusən də diz oynağında OA həm genu valgum, həm də genu varuma səbəb olur. Bundan əlavə, ağırlıq daşıyan dizdə varus itələnməsi (proqressivləşən varus əyriliyi) tibbi diz OA-nın proqressivləşməsi riskini daha da artırır.
Digər diaqnostik faktorlar
ağrılılıq (adətən rast gəlinən)
OA oynaq xətti boyunca yerli ağrıya səbəb ola bilər. Ağrılı nahiyənin yerləşməsi OA-nı ağrıya səbəb olan başqa yerli strukturlardan (məs., dizdə qaz ayağı kisəsi və budda böyük burma kisəsi) fərqləndirməyə kömək edə bilər.
ekssudat (nadir hallarda rast gələn) (adətən rast gəlinən)
• OA zamanı adətən ekssudat az miqdarda olur və istilik və qızartı kimi başqa iltihab əlamətləri olmur.
hərəkət çətinliyi (sərtlik) (nadir hallarda rast gələn) (rast gəlinməyən)
• Səhərlər baş verən sərtlik adətən bir neçə dəqiqə və demək olar ki, həmişə 30 dəqiqədən az davam edir. Bu, OA-nı revmatoidli artrit də daxil olmaqla, digər iltihablı artritlərdən fərqləndirməyə kömək edir. • Yeganə istisna, əl OA-dir ki, bu zaman erkən mərhələlərdə də nəzərəçarpan sərtlik olur.
bazu, dirsək, biləng və ya topuqların prosesə cəlb olunması (nadir hallarda rast gələn) (rast gəlinməyən)
• OA zamanı bazu, dirsək, biləng və ya topuqların prosesə cəlb olunması ehtimalı azdır. Bu, yalnız altda yatan zədə, peşə riski və ya başqa səbəb olduğu halda baş verə bilər.
ekssudat (rast gəlinməyən)
• Ekssudat oynaq boşluğunda mayedir. OA zamanı, adətən, ekssudat az miqdarda olur və istilik və qızartı kimi başqa iltihab əlamətləri olmur. Diz OA zamanı, çoxlu miqdarda ekssudatın olması altda yatan daxili pozğunluğun (məs., menisk cırılması) və ya iltihablı artritin (podaqra və ya yalançı podaqra) göstəricisi ola bilər.
anatomik yeriş (rast gəlinməyən)
• Aşağı ətrafların OA olan pasiyentlər ağrıya görə axsayırlar (anatomik yeriş), lakin onurğa OA-sı da zəiflik, kürəkdə ağrı və ya radikulyar ağrı səbəbindən axsamağa səbəb ola bilər.
Diferensial diaqnoz

  1. Bursit
    Fərqləndirici əlamətlər/ simptomlar
    • Budda böyük burma bursiti və dizdə qaz ayağı bursiti müvafiq olaraq budun lateral səthində və dizin medial səthində ağrı ilə təzahür edir. Bu nahiyələrdə həm də yerli ağrılılıq olur ki, sadə OA zamanı, adətən, bu, baş vermir.
    Fərqləndirici testlər
    Yerli anestetik və kortikosteroid inyeksiyası simptomları əhəmiyyətli dərəcədə azaldırsa, terapevtik və diaqnostik məqsədlə aparıla bilər.
  2. Podaqra
    Fərqləndirici əlamətlər/ simptomlar
    • Podaqra zamanı artrit daha kəskin başlayır və bir neçə saat ərzində inkişaf edir, lakin bu kəskin OA-nın kəskinləşməsini də xatırlada bilər.
    • Podaqra və ya yalançı podaqra tez-tez eyni oynaqda rast gəlir. Kristal artritin kəskin tutmaları zamanı zədələnmiş oynaq adətən, qırmızı, isti və çox ağrılı olur.
    • Podaqra çox vaxt ayaqda, xüsusən də birinci daraqfalanqa oynağında baş verir, lakin o, istənilən oynaqda inkişaf edə bilər.
    Fərqləndirici testlər
    Artrosentez və oynaq mayesi analizi zamanı leykositoz (>2000 hüceyrə/mm^3) və natrium monourat kristallarının olduğu görünür.
  3. Kalsium podaqrası (yalançı podaqra)
    Fərqləndirici əlamətlər/ simptomlar
    • Yalançı podaqra zamanı artrit (kalsium pirofosfat yığılması xəstəliyi [KPYX]), adətən, daha kəskin başlayır və bir neçə saat ərzində inkişaf edir, lakin bu, kəskin OA-nın kəskinləşməsini də xatırlada bilər. Digər xəstəliklər (məs., hemoxromatoz) ilə assosiasiya olunur və ikincili psevdo-OA ilə nəticələnir ki, bu da tez-tez əldarağı-falanqa oynaqlarını zədələyir.
    • Podaqra və ya yalançı podaqra tez-tez eyni oynaqda rast gəlir. Kristal artritin kəskin tutmaları zamanı zədələnmiş oynaq, adətən, qırmızı, isti və çox ağrılı olur.
    • Psevdopodaqra tez-tez biləng və dizdə baş verir, lakin o, demək olar ki, istənilən oynağı zədələyə bilər.
    Fərqləndirici testlər
    • Artrosentez və oynaq mayesi analizi zamanı leykositoz (>2000 hüceyrə/mm^3) və pirofosfat kristallarının olduğu görünür.
    • Rentgenoqrammlar: xondrokalsinoz; hemoxromatoz zamanı ikinci və üçüncü əldarağı sümüklərinin başında qarmaqşəkilli osteofitlər.
  4. Revmatoidli artrit (RA)
    Fərqləndirici əlamətlər/ simptomlar
    • Prosesə cəlb olunmuş oynaqların sayı və paylanmasına əsaslanaraq, RA və OA-nı fərqləndirmək asandır.
    • RA, adətən, əldə simmetrik kiçik oynaq poliartritinə səbəb olur, bu zaman xüsusən də əldarağı-falanqa oynaqları zədələnir və distal falanqaarası oynaqları zədələnmir. Tipik olaraq, OA ilə müqayisədə RA daha uzun müddət davam edən səhər sərtliyi ilə əlaqəlidir. Kəskin RA olan pasiyentlər həm də ümumi olaraq özünü yaxşı hiss etmir, yorğunluq və əzginlikdən əziyyət çəkirlər.
    • Prosesə əllər cəlb olunduqda, differensiasiya bəzən çətin olur və OA və RA eyni zamanda mövcud ola bilər.
    Fərqləndirici testlər
    • RA zamanı EÇS və CRZ anormal olur və revmatoidli amil və anti-siklik sitrullin anticisimlər müsbətdir. RAnın tipik eroziv dəyişiklikləri rentgenoloji, MRT və ya ultrasəs müayinəsi zamanı görünür.
  5. Psoriatik artrit
    Fərqləndirici əlamətlər/ simptomlar
    • Psoriatik artrit dəri psoriazı olmadıqda da meydana çıxa bilər və tez-tez distal falanqaarası oynaqları zədələyir.
    • Psoriatik artrit zamanı oynaqların zədələnməsi asimmetrik olur, lakin iltihablı OA-nı yalnız distal falanqaarası oynaqların zədələnməsi ilə gedən psoriatik artrit hallarından fərqləndirmək çətin ola bilər.
    Fərqləndirici testlər
    • Psoriatik artrit zamanı rentgen müayinəsi tipik eroziv dəyişiklikləri göstərir.
  6. Avaskulyar nekroz (AVN)
    Fərqləndirici əlamətlər/ simptomlar
    • Bu, diz və bud oynaqlarında çox rast gəlir. Xəstəliyin başlanğıcı yarımkəskin olur və, adətən, risk amili (məs., kortikosteroid istifadəsi) mövcud olur. Erkən dövrdə oynağın müayinəsində dizdə lokalizə olunmuş sümük ağrılılığından başqa əlamət olmur.
    Fərqləndirici testlər
    • MRT AVN zamanı ən həssas testdir. Erkən mərhələlərdə lokalizə olunmuş subxondral ödem səciyyəvidir. Bütün xəstəlik hadisələrinin 50%- də yanaşı oynaqda ekssudat tapıla bilər. Sümük iliyi hüceyrələrinin və sümüyün fibrovaskulyar toxumasının nekrozu nəticəsində hiperemik reaksiyalar baş verə bilər.
  7. Daxili pozğunluqlar (məs., menisk cırılması)
    Fərqləndirici əlamətlər/ simptomlar
    Menisk cırılması, adətən, kəskin başlanır və pasiyenti zəiflədir, ondan əvvəl, kiçik də olsa, travma olur. Pasiyentlər həqiqi məhdudlaşmadan (normal bükülmə, lakin zədələnmiş dizi aça bilməmək) şikayət edə bilərlər.
    Fərqləndirici testlər
    MRT həm kəskin menisk, həm də xaçvari bağın cırılmasını aşkar etməkdə həssasdır, lakin OA zamanı degenerativ menisk cırılmaları çox rast gəlir.
    Mərhələli müalicə yanaşması
    OA zamanı müalicənin əsas məqsədi pasiyenti xəstəlik barədə maarifləndirmək və funksiyanı yaxşılaşdırmaq üçün oynaq ağrısı və sərtliyə nəzarət etməkdir. Müalicəyə qeyri-farmakoloji və farmakoloji müalicə və cərrahi üsullar aiddir. Müxtəlif müalicə üsulları kombinə olunmalı və müalicə fərdiləşdirilməlidir.
    OA zamanı istənilən müalicəni nəzərdən keçirərkən plasebo effektinin rolunu nəzərə almaq vacibdir. OA zamanı terapevtik müdaxilələrə aid müxtəlif randomizə olunmuş kontrollu tədqiqatların meta-analizi göstərmişdir ki, ağrını azaltmaqda və funksiyanı yaxşılaşdırmaqda müalicə almamış kontrollarla müqayisədə plasebo daha effektiv olmuşdur. Ona görə də biz sübuta əsaslanan müalicə tövsiyə etdikdə əmin olmalıyıq ki, onun effekti plasebodan daha güclüdür. Buna baxmayaraq, güclü sübuta əsaslanan dəstəyi olmayan terapevtik yanaşmalardan da istifadə etmək və plasebo effektdən yararlanmaq da olar. Lakin əmin olmaq lazımdır ki, onlar təhlükəsizdir. Müxtəlif növ plaseboların effektivliyi fərqlənir: məsələn, oynaqdaxili plasebo inyeksiyaları və yerli plasebo müalicəsi peroral plasebolarla müqayisədə daha effektiv ola bilər.
    Qeyri-farmakoloji yanaşmalar
    Bütün pasiyentlərdə qeyri-farmakoloji üsullarla müalicəyə başlanılmalıdır. Bunlara pasiyentlərin tədrisi, onları fiziki məşqlərin oynaqlar üçün ziyanlı olmadığına arxayın etmək, özünümüalicə və fiziki aktivlik proqramları daxildir. Fiziki və peşə müalicəsi, eləcə də əllə mobilizasiya da tövsiyə olunur. Yalnız dördbaşlı əzələni gücləndirən məşğələlər və bədən kütləsinin azaldılması diz OA zamanı ağrıya nəzarət etmək üçün effektivdir ve Koxran icmalı göstərmişdir ki, fiziki məşğələ proqramları diz OA zamanı cüzidən orta dərəcəyə qədər effektivdir. Bud OA üçün fiziki məşğələlərin faydasının meta-analizi göstərmişdir ki, onların ağrıya yüngül dərəcədə təsiri olsa da, pasiyentin özü tərəfindən məlumat verilən funksiyanın yaxşılaşması olmamışdır. 10 randomizə edilmiş kontrollu tədqiqatın Koxran icmalı göstərmişdir ki, bud OA zamanı fiziki məşq proqramları ağrını azalda və fiziki funksiyasını yaxşılaşdıra bilər. Lakin bud OA zamanı fizioterapiyanın faydası hələ müzakirə olunur.
    Şarnirli bandajdan istifadə etməklə diz əyriliyinin düzəldilməsi faydalı ola bilər və diz üçün şarnirli bandaj patellofemoral OA zamanı ağrını və sümük iliyi zədələrini azaltmaqda faydalı ola bilər. Lakin bir sistemli icmal zamanı məlum olmuşdur ki, medial diz OA zamanı ortotik üsullar və ya şarnirli bandajların uzunmüddətli faydasına aid kifayət qədər dəlil yoxdur, başqa bir sistemli icmal isə göstərmişdir ki, medial diz OA zamanı valqus üçün şarnirli bandaj ağrının yaxşılaşmasında zəifdən orta dərəcəyə qədər effektiv olmuşdur. Müvafuq ayaqqabılar məsləhət görülməlidir. Medial diz OA zamanı yastı içliklərlə müqayisədə lateral pazlı ayaqqabı içliyi 12 ay ərzində gündəlik istifadə olunduqda simptomları yaxşılaşdırmır və ya struktur xəstəliyinin proqressivləşməsini ləngitmir. Başqa bir tədqiqat göstərmişdir ki, medial diz OA zamanı yükü azaldan ayaqqabılar da eektiv olmamışdır. Meta-analizin nəticəsi göstərmişdir ki, analizin yalnız neytral içlik komparatorundan istifadə edən tədqiqatlarla məhdudlaşdırılması ağrının kliniki əhəmiyyətli azalması və ya funksiyanın yaxşılaşmasını göstərməmişdir. Patellofemoral ağrıya görə diz üçün şarnirli bandaj və ya lentlə bağlanma nəzərdən keçirilə bilər. Yerimək üçün əsanın zədələnmiş diz və ya buda əks tərəfdəki əldə düzgün istifadəsi ağrını azalda və funksiyanı yaxşılaşdıra bilər.
    Qlükozamin və xondroitin sulfat (QXS) OA olan şəxslər tərəfindən geniş istifadə olunan qida əlavələridir; lakin onların istifadəsinə dair tövsiyələr ziddiyyətlidir. 2010-cu ildə aparılmış meta-analiz diz OA zamanı ağrı və ya oynaq yarığının daralmasının proqressivləşməsində nəzərəçarpan azalma göstərməmişdir, başqa bir (əksəriyyəti aşağı keyfiyyətli tədqiqatlardan ibarət olan) icmal isə diz osteoartriti zamanı qısa müddət ərzində ağrını azaltmaqda xondroitinin təklikdə və ya qlükozaminlə kombinə olunduqda plasebodan daha effektiv olduğunu aşkar etmişdir. Təklikdə və ya qlükozaminlə kombinə olunduqda plasebodan daha effektiv olduğunu aşkar etmişdir. Fayda azdan orta dərəcəyə qədər olmuşdur və müəllimlər bu qərara gəlmişdir ki, osteoartritin müalicəsində xondroitinin rolunu öyrənmək üçün yüksək keyfiyyətli tədqiqatlara ehtiyac var. Xondroitinlə assosiasiya olunan bir az effektivlik və aşağı risk pasiyentlər arasında onun populyarlığını izah edə bilər. Bu qida əlavələrinin etiketləri ilə faktiki içərisindəkilər arasındakı uyğunsuzluqlar nəzərə alınmalıdır və onların istifadəsinə dair qərarlar pasiyentlərlə müzakirə olunmalıdır. Ümumilikdə, QXS çox yaxşı təhlükəsizlik profilinə malikdir, lakin bir qədər bahalıdır.
    Akupunktura bəzi pasiyentlərdə bir qədər effektiv ola bilər. Digər meta-analizlərlə OA-nın müalicəsi üçün akupunkturanın istifadəsi təhlil olunmuşdur. Nəticələr qarışıq olmuşdur. Lakin diz oynağının OA zamanı akupunkturanın faydalı ola biləcəyinə dair bəzi sübutlar vardır.
    Meta-analiz göstərmişdir ki, dəridən elektriklə sinir stimulyasiyası (DESS) diz OA zamanı ağrını azalda bilər, lakin müəllimlər daha böyük randomizə olunmuş kliniki tədqiqatların aparılmasını tövsiyə etmişlər.
    Pilləli analgeziya
    Qeyri-farmakoloji üsullarla simptomlara adekvat nəzarət etmək mümkün olmadıqda farmakoloji müalicə tələb olunur, lakin bunlar bəzi pasiyentlərdə ehtiyac olduqca istifadə oluna bilərlər. Birinci sıra müalicə qismində yerli analgetiklər (məs., kapsaisin, metilsalisilat kremi və ya yerli QSİƏM-lər) istifadə olunmalıdır. Digər tərəfdən, OA zamanı yerli bitki mənşəli dərmanların Koxran icmalı zamanı məlum olmuşdur ki, hazırkı elmi tədqiqatların sayı və keyffyyəti adekvat deyil. Bundan əlavə, nəticə çıxarılmışdır ki, öküzotu (arnica) geli simptomları yerli QSİƏM qədər effektiv yaxşılaşdırır, lakin daha xoşagəlməz əlavə təsirlər profilinə malikdir. İcmalda məlum olmuşdur ki, kapsaisin ekstraktı geli tədqiq olunmuş dozalarda ağrı və ya funksiyanı yaxşılaşdırmır. Yerli müalicə ilə simptomlara nəzarət etmək mümkün olmadıqda, parasetamol əlavə oluna bilər. Lakin parasetamolun mümkün əlavə təsirlərinə və onun məhdud effektinə dair getdikcə daha çox məlumat toplandığına görə OA-nın müalicəsi üçün parasetamol istifadə etməzdən əvvəl diqqətlə düşünmək lazımdır. Bəzi pasiyentlərdə QSİƏM-lər parasetamoldan daha effektiv ola bilər; buna baxmayaraq, onlar daha ciddi mədə-bağırsaq və böyrək toksikliyi ilə assosiasiya olunur. Əlavə təsirləri minimuma endirmək məqsədilə ilk olaraq QSİƏM-in ən aşağı effektiv dozası istifadə olunmalıdır. Təkcə parasetamolla müqayisədə ibuprofen/parasetamol kombinasiyaları xroniki diz ağrısı/osteoartritin orta dərəcədə azalmasını təmin etmişdir. Lakin 3000 mq/gün dozada parasetamol 1200 mq/gün dozada ibuprofenlə eyni dərəcədə hemoqlobin səviyyəsinin azalması ilə assosiasiya olunmuşdur və bu iki dərmanın kombinasiyası toplanma effekti vermişdir.
    Bud və diz OA zamanı müxtəlif QSİƏM-lərin və parasetamolun ağrı və funksiyaya təsirini təhlil edən meta-analiz göstərmişdir ki, bud və diz OA-nın müalicəsində effektivliyinin azlığı səbəbindən parasetamolun rolu yoxdur. Tədqiqat zamanı məlum olmuşdur ki, diklofenak ən çox effektiv olmuşdur, lakin müəlliflər qeyd etmişlər ki, bütün dərmanların təhlükəsizlik profili nəzərə alınmalıdır.
    SOG-2 inhibitorlarının mədə-bağırsaqla bağlı əlavə təsirləri daha az olmuşdur, lakin onlar qeyriselektiv QSİƏM-lərlə oxşar dərəcədə böyrək toksikliyinə malik olmuşlar. Qastroproteksiya məqsədilə proton nasosu inhibitorları ilə istifadə olunan QSİƏM-lərlə müqayisə olunduqda, SOG-2 inhibitorları mədə-bağırsaq simptomları, mədə-bağırsaq traktının yuxarı hissəsi və ürək-damar sisteminə aid əlavə təsirlər baxımından üstünlük vermirlər. Qeyri-selektiv QSİƏM-lərlə müqayisədə selekoksib mədə-bağırsaqla bağlı əlavə təsirlərin sayında orta dərəcədə azalma göstərə bilər.Lakin bu, aşağı dozada aspirin qəbul etməyən pasiyentlərə aiddir. Sonuncu pasiyent qrupunda proton nasosu inhibitoru və ya mizoprostolla bərabər qeyri-selektiv QSİƏM-in təyin olunması daha sərfəlidir. Diz OA olan pasiyentlərdə naproksen və esomeprazolun fiksə olunmuş dozalı kombinasiyası selekoksiblə müqayisə olunan səviyyədə yuxarı mədə-bağırsaq traktı tərəfindən dözümlülük nümayiş etdirmişdir. Bu zaman mədə-bağırsaq traktının yuxarı bölməsinə aid əlavə təsirlərin meydana çıxması tezliyi də oxşar səviyyədə olmuşdur. Lakin naproksen və esomeprazol qəbul edən pasiyentlər selekoksib qəbul edən pasiyentlərlə müqayisədə nəzərəçarpan dərəcədə daha çox qıcqırmasız günlər barədə məlumat vermişlər. Mədə-bağırsaq qanaxması riski olan və QSİƏM qəbul edən pasiyentlərdə qastroproteksiya barədə düşünülməlidir.
    Hesabatlar göstərmişdir ki, SOG-2 inhibitorları artmış ürək-damar hadisələri riski ilə assosiasiya olunmuşdur. Lakin bu bir çox ənənəvi QSİƏM-lər üçün doğru ola bilər. QSİƏM istifadə edərkən artmış ürək-damar xəstəlikləri riski ilə pasiyentlərin bəzi xüsusiyyətləri assosiasiya oluna bilər. Bunlara 80-dən yuxarı yaş, anamnezdə ürək-damar xəstəliyi, revmatoidli artrit, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək xəstəliyi və arterial hipertenziyanın olması aiddir. Meta-analiz düşünməyə əsas verir ki, rofekoksib, diklofenak və ibuprofen artmış ürək-damar riski ilə assosiasiya olunmuşdur, naproksen və selekoksiblə isə belə əlaqə olmamışdır.
    Simptomlarına adekvat nəzarət olunmayan və ya digər dərmanların qeyri-adekvat olduğu və ya əksgöstəriş olduğu pasiyentlərdə ağrının kəsilməsi məqsədilə opiatlardan istifadə oluna bilər. Onlar təklikdə və ya digər dərmanlarla birlikdə təyin oluna bilər. Zəif opiat olan, lakin serotonin və noradrenalinin effektlərini göstərən tramadol osteoartritin müalicəsi üçün alternativdir. Onun ağrının intensivliyinin azalmasına, simptomların aradan qaldırılmasına və funksiyanın yaxşılaşmasına orta dərəcədə təsiri vardır. Tramadola pasiyentlər, adətən, yaxşı dözür və o, parasetamol və/və ya QSİƏM-lərlə kombinə oluna bilər. Koxran sistem icmalı nəticəsində məlum olmuşdur ki, peroral və transdermal opiatlar ağrının azaldılmasında çox faydalı olmuşdur, müalicəyə ehtiyac olan rəqəm 10 olmuş və daha çox sayda əlavə təsirlər olmuşdur.
    OA üçün nəzərdən keçirilə biləcək dərmanlardan biri də duloksetindir ki, o, həm serotoninin, həm də noradrenalinin geriyə sovrulmasını ləngidir. Sistem icmalı düşünməyə əsas verir ki, duloksetin OA zamanı ağrını (müalicə olunmalı rəqəm 7-dir) azaltmaqda effektiv ola bilər, lakin effekt çox az olmuşdur. Duloksetin təkcə istifadə edildikdə və eləcə də QSİƏM-lərə əlavə olunduqda, diz OA zamanı həm ağrını azaltmaqda, həm də funksiyanı yaxşılaşdırmaqda effektiv olmuşdur. Duloksetinin ən çox müşahidə olunan əlavə təsirləri ürəkbulanma, yorğunluq, qəbizlik, ağızda quruluq və iştahanın azalması olmuşdur və o, tramadolla birgə verildikdə serotonergik effektin artması da mümkündür. Duloksetin OA olan ahıl yaşlı pasiyentlərdə istifadə üçün effektiv və təhlükəsiz hesab olunur.
    Müntəzəm analgeziyaya baxmayaraq, simptomların kəskinləşməsi
    Xüsusən də diz osteoartritinin kəskinləşmələri zamanı və ya QSİƏM-lər əks-göstəriş olduqda və ya onlara qarşı reaksiya olduqda, oynaqdaxili kortikosteroid inyeksiyaları və oynaqdaxili sinovial mayenin özlülüyünün bərpası faydalıdır. Dizdə oynaqdaxili triamsinolon və metilprednizolon inyeksiyalarını müqayisə edən randomizə olunmuş, ikiqat kor tədqiqat zamanı hər ikisinin bənzər effektivliyə malik olması, 24 həftə ərzində ağrının azalması və funksiyanın yaxşılaşması məlum olmuşdur. Diz OA zamanı oynaqdaxili aşağı dozalı triamsinolonu oynaqdaxili yüksək dozalı triamsinolonla müqayisə edən randomizə tədqiqat zamanı ağrı, şişkinlik və ya funksiyada heç bir fərq tapılmamışdır. Bu müdaxilələr müntəzəm analgeziya və qeyri-farmakoloji müalicə aparılan pasiyentlərdə əlavə olaraq istifadə oluna bilər. Oynaqdaxili sinovial mayenin özülülüyünün bərpası ən çox diz OA zamanı öyrənilmişdir. Buna baxmayaraq, ağrının azalmasında effektivliyi qiymətləndirən tədqiqatlar təzadlıdır. Diz OA zamanı plasebo ilə müqayisəli oynaqdaxili hialuron turşusunun (ODHT) terapevtik trayektoriyasını qiymətləndirən meta-analiz göstərmişdir ki, 4-cü həftədə ODHT nəzərəçarpan dərəcədə effektiv olmuşdur (effektin ölçüsü 0.31; 95% Eİ 0.17, 0.45) və pik effekt 8-ci həftədə qeydə alınmışdır (0.46; 0.28, 0.65) və 24-cü həftədə effekt azalaraq sadəcə qalıq təsiri qalmışdır. Bir tədqiqat düşünməyə əsas verir ki, 6 və 12 aylıq intervallarla ODHT-nın təkrarlanan kursları 40 ay ərzində effektiv ola bilər və effekt sonuncu inyeksiyadan sonra 1 ildən artıq davam edə bilər.Diz OA zamanı kiçik molekulyar çəkili hialuron turşusu (HT) ilə müqayisədə orta molekulyar çəkili HT daha effektiv ola bilər. Buna baxmayaraq, bəzi meta-analizlər zamanı diz OA zamanı sinovial mayenin özlülüyünün bərpasının minimal faydalı olduğu barədə məlumat verilmişdir.Bu müəlliflər tədqiqatın müsbət nəticələrinə üstünlük verilən nəşrlərdən istifadə olunduğunu aşkar etmişlər, belə ki, mənfi nəticələr dərc olunmayıb və eləcə də qeyd olunmuşdur ki, tədqiqatın keyffiyyəti ümumilikdə aşağı olmuşdur. Meta-analizə daxil edilmiş nəticələrin qiymətləndirilməsi kor üsulla aparılan on səkkiz iri tədqiqat göstərmişdir ki, effekt “kliniki əhəmiyyətsiz” olmuşdur.
    Cərrahi əməliyyat
    Müxtəlif müalicə rejimlərinə baxmayaraq, OA ağrısı davamlı olan və ya müntəzəm olaraq opiatların istifadəsini tələb edən və ya əmək qabiliyyətinin kəskin itirilməsinə səbəb olan ağrısı olan pasiyentlər ortopedə yönləndirilməli və onlarda oynağın dəyişdirilməsi variantı nəzərdən keçirilməlidir.
    Orta və ağır dərəcəli diz OA olan və birtərəfli diz oynağının dəyişdirilməsi üçün uyğun olan şəxsləri əhatə edən randomizə olunmuş kontrollu tədqiqat göstərmişdir ki, təkcə qeyri-cərrahi müalicə ilə müqayisədə dizin dəyişdirilməsi və ardınca qeyri-cərrahi müalicənin aparılması 12 ay ərzində nəzərəçarpan dərəcədə daha çox ağrını azaldır və funksiyanı yaxşılaşdırır. Lakin dizin tam dəyişdirilməsi bəzi ciddi əlavə təsirlərlə assosiasiya olunmuşdur.
    Diz və bud OA olan pasiyentlərdə oynaq dəyişdirilməsi əməliyyatından öncə fiziki məşğələlərin ağrını azaltdığına və bud dəyişdirilməsindən sonra isə aktivliyi yaxşılaşdıra bilməsinə dair aşağı və orta dərəcədə sübutlar var.
    Bu məlumatlar düşünməyə əsas verir ki, budun tam dəyişdirilməsindən 3 ay əvvəlki müddət ərzində bud oynağı daxili kortikosteroid inyeksiyaları əməliyyatdan sonrakı protezətrafı infeksiyaların artması ilə assosiasiya olunmuşdur. Bir çox ortoped-cərrahlar oynağın dəyişdirilməsi əməliyyatını oynaqdaxili kortikosteroid inyeksiyalarından sonra ən azı 3 ay müddətində təxirə salmağı tövsiyə edirlər.
    Randomizə olunmuş kontrollu tədqiqata əsaslanaraq demək olar ki, diz OA zamanı meniskin cırılması üçün hissəvi meniskektomiyanın heç bir rolu yoxdur.
    Farmakoloji Müalicə
    Sinir inkişafı amilinin müalicəsi
    Tanezumab insan monoklonal anticismdir və sinir böyüməsi amilini özünə birləşdirir və ləngidir. O, OA zamanı II faza tədqiqatlarda ağrını azaltmaqda ümidverici nəticələr göstərmişdir, lakin III faza tədqiqatlarda gözlənilməyən dərəcədə çox iştirakçıda avaskulyar nekroz inkişaf etmişdir, bu da ƏDA (Ərzaq və Dərman Administrasiyası) tərəfindən tədqiqatın dayandırılmasına gətirib çıxarmışdır. 2012-ci ilin fevral ayında artrit üzrə ƏDA ekspert komitəsi OA-nın sürətlə proqressivləşməsi və osteonekrozun dərmanla əlaqəli olmadığını müəyyən etmişdir. Buna görə də, eskpert komitəsi OA zamanı tanezumab üçün kliniki tədqiqatların davam etdirilməsini tövsiyə etmişdir. Əlavə III faza tədqiqatlar bud və diz OA zamanı venadaxili tanezumabın effektiv olduğunu göstərmişdir; tanezumab qeyri-steroid iltihab-əleyhinə dərmanlarla və ya onlarsız eyni dərəcədə effektiv olmuş və oksikodondan daha effektiv olmuşdur. Fulranumab başqa bir sinir inkişafı amili əleyhinə anticisimdir. Orta və ağır dərəcəli osteoartriti olan pasiyentlərin müalicəsində dərialtı fulranumaba dair bir randomizə olunmuş tədqiqat ağrı və funksiyanın yaxşılaşmasını göstərmişdir.
    Doksisiklin
    İn vitro şəraitdə doksisiklin kollagen XI-in deqradasiyasını və nitrik oksid sintetazanın induksiyasını ləngidir. Bu, OA zamanı qığırdaqlarda mövcud olur və xondrositlər tərəfindən matriks metalloproteinazalarının sekresiyasına gətirib çıxara bilər. Randomizə olunmuş, plasebo kontrollu, ikiqat kor tədqiqat zamanı məlum olmuşdur ki, doksisiklin medial tibiofemoral OA zamanı 30 ay izləmə dövründən sonra oynaq yarığı daralmasının rastgəlmə tezliyinı azaltmışdır. Hər iki qrupda ilkin olaraq ağrı səviyyəsinin aşağı olmasına baxmayaraq, plasebo ilə müqayisədə doksisiklin diz ağrısını yaxşılaşdırmamışdır. Sistem icmalı göstərmişdir ki, bud və diz OA zamanı doksisiklin üçün kliniki fayda və ya oynaq boşluğunun daralmasında azalma olmamışdır. OA-nın müalicəsində doksisiklin üçün təsdiqlənmə yoxdur və uzunmüddətli istifadə üçün praktik deyil. Buna baxmayaraq, OA zamanı patofiziologiyanı və patogenezi dəyişdirə biləcək dərmanların hazırlanması üçün gələcək istiqamətlərə aid bir nümunədir. Buna baxmayaraq, OA zamanı patofiziologiyanı və patogenezi dəyişdirə biləcək dərmanların hazırlanması üçün gələcək istiqamətlərə aid bir nümunədir.
    Autoloji şərtlənmiş zərdab (AŞZ)
    Pasiyentin öz qanından alınmış AŞZ-nın oynaqdaxili inyeksiyası gələcəkdə terapevtik variant ola bilər. Randomizə olunmuş kontrollu tədqiqat zamanı diz OA olan 376 şəxs üzərində oynaqdaxili AŞZ, oynaqdaxili hialuron turşusu və fizioloji məhlul inyeksiyaları ilə müqayisə olunmuşdur. Nəticələrə 7, 13 və 26-cı həftələrdə Qərbi Ontario və MakMaster Universitetinin osteoartrit indeksi, pasiyentin ümumi qiymətləndirilməsi, vizual analoq şkalası və Qısa-Forma 8 daxil olmuşdur. Bütün müalicə istiqamətləri simptomların azaldılmasında və həyat keyfiyyətinin yaxşılaşdırılmasında faydalı olmuşdur, lakin müəlliflər nəticə çıxarmışlar ki, AŞZ hialuron turşusu və fizioloji məhluldan daha üstündür və bu fərq kliniki nəzərəçarpan olmuşdur. Xoşagəlməz hadisələrin sayı fizioloji məhlul və AŞZ qrupu arasında müqayisə olunan səviyyədə, lakin hialuron turşusu qrupunda olandan daha az olmuşdur.
    Trombositlərlə zəngin plazmanın (TZP) oynaqdaxili inyeksiyaları
    Əqli təcrübə əsasında aparılan təkistiqamətli tədqiqatların və randomizə kontrollu tədqiqatların meta-analizi düşünməyə əsas verir ki, TZP diz OA olan pasiyentlərdə funksiyanı yaxşılaşdırır və hialuron turşusunun yeridilməsindən daha effektivdir. Lakin müəlliər degenerativ prosesin ağırlıq dərəcəsində təzadların olduğu barədə məlumat vermişlər ki, bu da müalicəyə cavaba təsir etmişdir; daha mülayim degenerativ oynaq xəstəliyi olan iştirakçılar TZP inyeksiyalarından daha çox fayda görmüşlər. Bu, analizə daxil olunan tədqiqatların heterogenliyi ilə kombinə olunduqda nəticələrin etibarlılığına dair suallar doğurur. TZP-nın rolunu təyin etmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac var. Sonrakı sistematik icmallar oxşar nəticələr vermişdir.
    Tapentadol
    Tapentadol mərkəzi təsir göstərən analgetik mu-opiat reseptoru aqonisti və norepinefrinin (noradrenalin) geriyə sorulmasının inhibitorudur. III faza, randomizə, ikiqat kor tədqiqat zamanı bel ağrısı və ya OA ağrısı (diz və ya budda) olan 878 nəfər üzərində dərhal xaric olan (DAO) tapentadol və DAO oksikodon 90 gün ərzində müqayisə olunmuşdur. İştirakçılar təsadüfi qaydada (4:1 nisbəti) tapentadol və ya oksikodon qrupuna bölünmüşlər. DAO tapentadol qrupunda yalnız 391 nəfər (57.6%) və DAO oksikodon qrupunda 86 nəfər (50.6%) tədqiqatı başa çatdırmışlar. Ağrının intensivliyi ölçüləri tapentadol və oksikodon üçün oxşar effektivliyi göstərmişdir. Lakin DAO tapentadol mədə-bağırsaq sistemi tərəfindən daha yaxşı dözümlülüklə assosiasiya olunmuşdur. III faza sınaq (n = 1030) zamanı xroniki OA ilə əlaqəli diz ağrısı olan pasiyentlər gündə iki dəfə 100-250 mq ləng xaric olan (LAO) tapentadol, gündə iki dəfə 20-50 mq kontrollu xaric olan (KAO) oksikodon və ya plasebo almaq üçün təsadüfi qaydada bölünmüşlər. Plasebo qrupu ilə müqayisədə (24.3% [82/337]; p = 0.027) tapentadol LAO qrupunda pasiyentlərin nəzərəçarpan dərəcədə yüksək faizində ≥50% ağrının intensivliyində yaxşılaşmaya nail olunmuşdur (32.0% [110/344]), oksikodon KAO qrupunda isə pasiyentlərin əhəmiyyətli dərəcədə az faizində ≥50% ağrı intensivliyinin yaxşılaşmasına nail olunmuşdur (17.3% [59/342]; p = 0.023 plaseboya qarşı). Oksikodon ilə müqayisədə tapentadol mədəbağırsaq sistemi tərəfindən daha az əlavə təsirlərlə assosiasiya olunmuşdur.
    Likofelon
    Çoxmərkəzli tədqiqatda likofelonun (5-lipoksigenaza və siklo-oksigenaza inhibitoru) naproksenlə müqayisədə xəstəliyi modifikasiya edən amil kimi qığırdağa təsirləri araşdırılmışdır. Diz OA olan pasiyentlər (n = 355) ya likofelon (gündə iki dəfə 200 mq), ya da naproksen (gündə iki dəfə 500 mq) qəbul edən iki qrupa təsadüfi qaydada bölünmüşlər. İlkin olaraq, 6 ay (yalnız MRT), 12 ay və 24 ayda MRT və rengenoloji müayinələr aparılmışdır. MRT qığırdağın həcmində kəmiyyət dəyişikliklərini qiymətləndirmək üçün, rentgenoloji müayinə isə medial şöbədə oynaq yarığının enini ölçmək üçün istifadə olunmuşdur. 12 və 24- cü aylarda ümumi oynaq və medial və lateral bölmələrdə qığırdağın həcminin azalması naproksen qrupu ilə müqayisədə likofelon qrupunda nəzərəçarpan dərəcədə daha az olmuşdur. Likofelon oynaq yarığının enində naproksendən daha az azalma göstərmişdir, lakin bu, statistik əhəmiyyətli səviyyədə olmamışdır. 24 aydan sonra hər iki qrupda kliniki dəyişənlər yaxşılaşmışdır.
    Bisfosfonatlar
    Zoledron turşusu osteoporozun müalicəsi üçün istifadə olunan venadaxili bisfosfonatdır. Orta və ağır dərəcəli diz OA olan 59 nəfəri əhatə edən randomizə kliniki tədqiqat zoledron turşusunun bir dəfə infuziyasından sonra plasebo ilə müqayisədə ağrı səviyyəsində az miqdarda yaxşılaşma göstərmişdir. Eləcə də, zoledron turşusu qrupunda diz MRT zamanı sümük iliyinin zədələnməsi sahəsində statistik əhəmiyyətli yaxşılaşma olmuşdur. Diz OA-nın kəskinləşməsi olan pasiyentlərdə neridron turşusu (neridronat) da ağrının səviyyəsində kliniki əhəmiyyətli yaxşılaşma ilə assosiasiya olunmuşdur.
    Stronsium
    Stronsium ranelat osteoporoz üçün istifadə olunmuşdur. İkiqat kor plasebo kontrollu tədqiqatda diz OA olan 1371 nəfərdə müalicə məqsədilə stronsium (gündə 1 qram və ya gündə 2 qram) plasebo ilə müqayisə olunmuşdur. 3 il sonra müalicə və plasebo qolları arasında oynaq yarığının daralması arasında fərq aşağıdakı kimi olmuşdur: Gündəlik 1 qram (95% Eİ 0.05 mm – 0.23 mm) üçün 0.14 mm və gündəlik 2 qram üçün (95% Eİ 0.02 mm – 0.19 mm) 0.10 mm. Eləcə də, stronsium ranelat qrupunda ümumi Qərbi Ontario və MakMasteri Universitetləri Artrit indeksi (QOMUA [WOMAC]) balında (OA qiymətləndirmək üçün istifadə olunan standartlaşdırılmış sorğu dəsti) və ağrı alt balında az miqdarda azalma olmuşdur.
    Metotreksat
    Randomizə kontrollu tədqiqat göstərmişdir ki, diz OA zamanı plasebo ilə müqayisədə metotreksat ağrını azaltmışdır. Müəlliflər ultrasəs və kliniki müayinəyə əsaslanaraq “iltihab” və “sinovit” səviyyəsində azalma barədə məlumat vermişlər ki, bu da pasiyentlərdə OA-dan əlavə iltihablı artrit komponentinin də olmasının mümkünlüyü barədə fikir doğurur
    Prednizolon Randomizə kontrollu tədqiqat düşünməyə əsas verir ki, aşağı dozalı prednizolon diz OA olan ahıl yaşlı pasiyentlərdə daha az diz ağrısı, daha yaxşı fiziki funksiya və sistemik iltihabın zəifləməsi ilə (interleykin [İL]-1, İL-6, şiş nekrozu faktoru (ŞNF)-alfa və yüksək həssaslıqlı CRZ-nin [ysCRZ] zərdab səviyyələrinin azalması ilə təyin olunan) nəticələnə bilər.
    Spironolakton
    Bir prospektiv tədqiqat göstərmişdir ki, spironolakton ultrasəs müayinəsinə əsasən dizdə ekssudatın miqdarını azaltmağa kömək etmişdir, lakin tədqiqata ağrı və ya funksiya kimi kliniki nəticələr daxil olunmamışdır. Plasebo ilə spironolaktonu müqayisə edən başqa bir randomizə ikiqat-kor kontrollu tədqiqat zamanı məlum olmuşdur k, spironolakton ağrını, fiziki funksiyanı və ya diz OA ilə bağlı həyat keyfiyyətini yaxşılaşdırmaqda effektiv olmamışdır.
    Ketorolak
    Kiçik tədqiqat (35 nəfər) göstərmişdir ki, oynaqdaxili ketorolak kortikosteroid inyeksiyası ilə müqayisə olunduqda ona oxşar səviyyədə ağrının azalması ilə assosiasiya olunmuşdur. Buna baxmayaraq, tədqiqat kliniki əhəmiyyətli fərqi aşkar etmək üçün çox kiçik olmuşdur.
    Tövsiyyələr
    Monitorinq – Pasiyentlərə xəstəliyin proqressivləşməsi, müalicəyə cavab, eləcə də əlavə təsirlərə görə nəzarət olunmalıdır. Onlardan müalicə nəticəsində ağrı səviyyəsində və funksiyada dəyişikliklər və xəstəlik nəticəsində başqa fəaliyyətlərində olan hər hansı məhdudiyyətlər barədə soruşulmalıdır. Pasiyentlər zədələnmiş oynaqda hərəkət diapazonunun azalmasına və irəliləmiş xəstəliyin əlamətlərini əks etdirən başqa əlamətlərə görə müayinə olunmalıdırlar. Əgər pasiyent QSİƏM və ya SOG-2 inhibitorları qəbul edirsə, hər 3-6 aydan bir böyrək funksiyası testləri və qanın ümumi analizi yoxlanılır. Qaraciyər funksiyası testləri hər 6 aydan bir yoxlanılır.
    Xəstəyə dair təlimatlar – Pasiyentlərə, əgər 1 aydan artıq əksər günlərdə oynaqlarında davamlı ağrı olarsa, həkimə müraciət etməkləri tövsiyə olunur. Əgər onlara OA diaqnozu qoyulubsa, həkim tərəfindən tövsiyə olunan qaydada məşqlər, fizioterapiya, sağlam həyat tərzi və dərmanların kombinasiyasında istifadə olunur. Əgər pasiyentlər nəzərəçarpan dərəcədə ağrı və ya fəaliyyətdə məhdudiyyət hiss etməyə davam edirlərsə, onlar öz həkimləri ilə oynaq dəyişdirilməsi və ya başqa cərrahi variantlar barədə müzakirə aparmalı və ondan revmatoloqa və/və ya ortoped cərraha göndəriş almalıdırlar.
Leave a reply