Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər.

Osteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Xalq arasında buna “duzların yığılması” deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur.  Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir – qığırdaq fəqərələrə bir birini saxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başalayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur. Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə – kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.

Osteoxondrozun patogenezi

Xəstəliyin mahiyyətini başa düşmək üçün fəqərə sütununu quruluşu ilə tanış olaq. O, 32 fəqərədən ibarətdir. Müxtəlif formalı və ölçülü 7 boyun, 12 döş və 5 bel fəqərələrinin hər biri yuxarıdakı və aşağıdakı fəqərələrlə oynaq çıxıntıları vasitəsi ilə birləşir. Bu fəqərələrin birləşmələri hərəkətlidir, aralarında isə amortizator rolunu oynayan elastik qığırdaqlar – fəqərəarası disklər yerləşir. Disklərin bu xüsusiyyəti onların quruluşu ilə bağlıdır – hər diskin mərkəzində jeleyə bənzər maddədən ibarət pulpoz nüvə yerləşir. Fəqərə sütununun belə quruluşu bədənimizi müxtəlif tərəflərə çevirməyə, əyməyə və s. imkan verir.

5 oma fəqərəsi isə biri digərinə bitişərək üzərinə böyük ağırlıq daşımağa qadir olan vahid sümük təşkil edirlər. Fəqərə sütununun son hissəsi 3 birləşmiş kiçik fəqərədən ibarət olan büzdümdür.

Fəqərəarası diskin jeleyəbənzər nüvəsinin amortizasiya funksiyasını itirməsi, diskin özünün isə nazilərək tədricən dağılması prosesləri osteoxondroz xəstəliyinin əsasını təşkil edir. Osteoxondrozun inkişafı ilə bu proseslər də dərinləşir və hətta fəqərələrin özü də deformasiyaya uğrayır.

 

Fəqərə sütununun daha bir əhəmiyyətli funksiyasını qeyd edək – hər bir fəqərənin dəliyi digər fəqərənin üstündə yerləşərək fəqərə sütunu boyunca uzanan fəqərə kanalını təşkil edir ki, həmin kanalda olduqca mühüm bir orqan – onurğa beyini yerləşir. Onurğa beyinindən çıxan sinirlər fəqərələrin aralarından keçərək daxili orqanlara, əzələlərə və s. dək uzanır və onların fəaliyyətində, hissiyat funksiyalarında mühüm rol oynayırlar. Fəqərəarası diskin elastikliyinin itməsi, nazilməsi və ya diskin dağılması səbəbilə jeleyəbənzər nüvənin yırtıq şəklində çıxması həmin sinirlərdən birinin və ya bir neçəsinin sıxılmasına və nəticədə bədənin müxtəlif nahiyələrində və orqanlarında ağrılara, orqanlarının fəaliyyətinin pozğunluğuna gətirib çıxarır.

Osteoxondrozun yaranma səbəbi ilkin olaraq qığırdaq toxumanın və fəqərə cisminin qidalanmasının pozulması, insanın hormanal sistemində dəyişikliklər nəticəsində olur. Qığırdaq elastikliyini və turqorunu itirərək formasının və tərkibini dəyişir. Düzgün olmayan qidalama osteoxondroz prosesini dərinləşdirir. Fəqərəarası disklərin qidalanması diffuziya yolu ilədir, ona görə də travmadan  sonra disklərin bərpası  çətin olur.

Yaranma səbəbləri:

Osteoxondrozun, fəqərəarası diskdə baş verən dəyişikliklərin səbəbləri tam öyrənilməməişdir. İnsanlar osteoxondrozun yaranmasını ən çox 35 yaşdan sonra hiss etməyə başlayırlar. Bu prosesin inkişafına və kəskinləşməsinə müxtəlif onurğa  travmaları, statik və dinamik qeyri bərabər yük daşıma və eləcə də vibrasiya təkan verir. İnsanın yaşı nə qədər çoxdur, simptomlar o qədər şox aşkar görünür. Buna baxmayaraq son dövrlərdə 18 yaşdan 30 yaşa kimi insanlar da kürək ağrıları şikayətləri ilə müraciət edirlər. Xəstəliyin bu qədər erkən başlama səbəbləri az deyil: zəif fiziki hazırlıq, qamət pozğunluğu, onurğa əyrilikləri, yastı pəncəlik və artıq çəki.

Osteoxondrozun əsas risk amilləri (əmələ gəlmə səbəbləri) aşağıdakılardır:

1.İrsi (genetik) meyillilik;
2. Orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya;
3. Həddindən artıq çəki;
4. Düzgün qidalanmama (mikroelementlərin və maye qebulunun az olması);
5. Yaşlanma ilə əlaqədar dəyişikliklər;
6. Qamətin, duruşun pozulması, onurğa əyrilikləri,  onurğa sütünü seqmentlərində hədindən artıq hərəkətlilik ( qeyri-stabillik), yastı pəncə;
7. Xoşagəlməz ekoloji şərait;
8. Hipodinamiya, az hərəkətli həyat tərzi;

  1. travma və mikrotravmalar.
  2. Ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək (fıqlanma, əyilmə-düzəlmə hərəkətləri);
  3. Ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və sairə disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər;
  4. Həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları;
  5. Onurğanın həddindan artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündür daban ayaqqabıların geyinilməsi  və hamiləlik ilə də əlaqəlidir;
  6. Professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması;
  7. Əsəb gərginliyi, stres faktorları;
  8. Siqaretçəkmək.

Klinikası:

Osteoxondrozun əlamətləri

Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər. Vaxtında düzğün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır.

Ağrı – osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır.

Osteoxondrozun əsas simptomları:

  1. Daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük
    2. Kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrılar artır
    3. Hərəkət məhdudluğu, əzələlərin spazmı

Lokalizasiyasına görə osteoxondrozun 3 növü var:
1. Boyun osteoxondrozu
2. Döş fəqərələrinin osteoxondrozu
3. Bel-oma osteoxondrozu

*Boyun osteoxondrozunun əlamətləri, simptomları:

Boyun osteoxondrozu zamanı əllərdə, çiyinlərdə, başda  ağrılar, qulaqda küy, başgicəllənmə, gözün önündə qaralmalar, rəngli işıq qığılcımlrı kimi simptomlara rast gəlmək mümkündür.

*Döş fəqərələrinin osteoxondrozunun əlamətləri:

Döş fəqərələrinin osteoxondrozu zamanı döş qəfəsində ağrılar, ürək nahiyəsində və digər daxili orqanlarda ağrıların olması mümkündür.

*Bel-oma fəqərələrinin osteoxondrozunun əlamətləri:

– Bel-oma fəqərələrinin osteoxondrozu zamanı bel nahiyəsində ağrılara, omaya, aşağı ətraflara bəzən isə kiçik çanağa irradiasiya edən, yayılan ağrılar ola bilir.
– Sinir köklərinin zədələnməsi ( fəqərəarası disk yırtığı (qrıja), sümük çıxıntılarınŞ osteofitlərin yaranması, spondilolistez ( fəqərə sürüşməsi), spondiloartroz): ayağa yayılan ağrılar və hissiyat pozğunluğu, hipotrofiya, hipotoniya, sinirin innervasiya  etdiyi əzələlərdə zəiflik, reflekslərin enməsi əlamətləri rast gəlinir.

 

Diaqnostikası

Osteoxondrozdan əziyyət çəkən insanın diaqnostiksı xəstə həkimə müraciət etdiyi andan başlayır.Xəstə adətən nevropatoloq və fizioterapevt tərəfindən müayinə edilir. Onurğa ayaq üstə, oturaq və uzanmış vəziyyətlərdə sakitlikdə və eləcə də hərəkət edərək  müayinə edilir. Fəqərələrin zədələnmə səviyyəsi xususi anatomik xüsisiyyətlərlə və ya xüsusi sxemlərlə sayılaraq təyin edilir. Onurğanı müayinə edərkən xəstənin qamətinə, duruşuna fikir verilir, gövdənin quruluş xüsusiyyətlərinə, arxa çıxıntıların sırasına ( onurğanın orta yarığı), kürək sümüyünün aşağı səviyyələrinə, çanaq sümüyünün qasıq qanaqlarına, belin yan konturlarına, çiyinlərin vəziyyətinə, əzələlərin relyefinə, fəqərələrin yerləşmə ardıcıllığına diqqət yetirilir. Onurğanın palpasiyası deformasiyanın olub olmaması haqqda, lokalizasiyanı aşkar etməkdə, xəstəliyin ağırlıq dərəcəsinin təyin edilməsində əlavə məlumat verir. Onurğanı palpasiya etdikdə  fəqərələrin ətrafında yerləşən əzələlərdə gərginlik, spazm qeyd edilir, ən çox travmalar və onurğanın digər zədələnmələri zamanı əzələ tonusunun yüksəlməsi müşahidə edilir.

Onurğanın görüntüləmə müayinələri arasında rentgen müayinənin, komputer tomoqrafiya və maqnit-rezonans tomoqrafiyanın xüsusi rolu vardır, beləki bu müayinələr zamanı zədələnmənin yeri aşkar edilərək, diaqnoz dəqiqləşdirilir və gizli patologiyaları aşkara çıxartmaq mümkün olur. Diaqnostik məlumatlar müalicə həkiminə düzgün müalicə metodu ilə yanaşmağa, xəstəni müalicə etməyə imkan verir.

 

Müalicə

Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara- parez və ifliclərə (hətta əlilliyə) gətirib çıxarda bilər.

Osteoxondrozun müalicəsi zamanı müxtəlif ağrıkəsiciqeyri-steroid iltihab əleyhinə və hormonal dərmanlardan , əzələ spazmını aradan götürən vasitələrdən, xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif konservativ müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir. Bütün bu müalicələrin məqsədi ağrını müvəqqəti də olsa kəsmək insanın həyat keyfiyyətini aşağı salan, hərəkət məhdudluğu verən ağrılardan xilas etməkdir.

Konservativ müalicə:

Osteoxondrozun kəskin dövrlərində (əsasən döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz dərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.

Boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranı yaxşılaşdıran preparatlar təyin olunur.

Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyini sıxılması zamanı cərrahiyə müalicəsi tətbiq edilir.

Fizioterapevtik Müalicə:

Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi massaj və müalicəvi fiziki tərbiyyə, manual terapiya, fizioterapiya, xüsusi müalicəvi vannalar tətbiq edilir.

Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından – elektrofarez, ultrasəs dalğa müalicəsi, TENS, müxtəlif vannaların qəbulu, dartma üsülları və s istifadə edilir.

Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, “masaj” edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.

 

Osteoxondrozun profilaktikasını

– Profilaktikanın ən vacib amillərindən biri düzgün qamətdir. Buna ciddi diqqət verməli, onurğanı düz tutmalı, çiyinləri irəliyə doğru bükməməli, əksinə arxaya doğru açmalıyıq.

– Mütəmadi fiziki aktivlik da vacib müsbət amillərdəndir. Lakin ifrat dərəcədə fiziki gərginlik, ağır məşqlər, o cümlədən əzələ kütləsinin artırılmasına yönəlmiş bir sıra çalışmalar fəqərə sütunu üçün olduqca ziyanlıdır.

– Onurğa sütunu üçün ən xeyirli fiziki hərəkət turnikdə sallanmaqdır. Bunu hər gün  etmək lazımdır.

– Ağır yükləri qaldırmaq və daşımaq da fəqərə sütununa mənfi təsir göstərir. Əgər hər hansı ağır əşyanı qaldırmalı olsanız belə, onu yerdən əyilərək qaldırmayın! Dizlərinizi bükərək “sallağı” oturun və belinizi düz tutaraq ağır əşyanı qaldırın. Belə halda fəqərə sütunu daha az yüklənir.

– Ev işləri görərkən qadınlar mümkün qədər az əyilməli və bu vəziyyətdə mümkün qədər az işləməlidirlər.

– Özünüzü yelçəkəndən və soyuqlamadan qoruyun.

– Orqanizmin susuzlaşmasına yol verməyin. Fəqərəarası disklərin sağlamlığı üçün maye olduqca vacibdir.

– Yazı stolu arxasında və ya kompyuterdə işləyirsinizsə, hər 30-45 dəqiqədən bir qalxaraq yüngül çalışmalar edin – gəzişin, bədənin açılışması üçün hərəkətlər edin.

 

Leave a reply