Polineyropatiya – periferik sinirlərin çoxsaylı zədələnmələri ilə xarakterizə olunan ağır nevroloji pozğunluqlardan biridir. Yunan dilindən tərcümədə xəstəliyin adı “çox sinirlərin xəstəliyi” mənasını daşıyır ki, bu da çox dəqiq şəkildə onun mahiyyətini əks etdirir.

Polineyropatiyada demək olar ki, bütün kiçik periferik sinirlər zədələnir. Xəstəliyin səbəbləri müxtəlifdir, lakin xəstəliyin yaranma səbəbindən asılı olmayaraq, polineyropatiya əlamətləri həmişə çox oxşardır: yuxarı və aşağı ətrafların əzələlərinin zəifliyi (adətən, xəstə əvvəlcə ətraflarının distal nahiyələrində əzələ zəifliyi şikayətləri bildirir, sonra isə proses onların bütün hissələrinə yayılır); hissiyyatın azalması (tam itməsinə qədər), həmçinin reflekslərin olmaması; səbəbi izah edilə bilməyən güclü ağrıların baş verməsi; ətraflarda qəribə: yanma, “qarışqa gəzməsi” hissiyyatının olması, əllərin və ayaqların ödemi, barmaqların titrəməsi – bəzən əzələlərin qeyri-iradi səyrimələri; havanın temperaturundan və fiziki gərginlik dərəcəsindən asılı olmayan tərləmə; təngnəfəslik və taxikardiya; başgicəllənmə, tarazlıqla bağlı çətinliklər, koordinasiyanın pozulması (xüsusilə gözləri yumduqda); yaraların gec sağalması. Bu simptomların təzahürü güclü və ya zəif ola bilər. Bəzən xəstəlik uzun müddət, bir neçə il ərzində inkişaf edir, bəzən isə birdən-birə, cəmi bir neçə həftə ərzində baş verə bilər.

Polineyropatiya çox təhlükəlidir. Bu xəstəlik öz-özünə sağalmır və inkişaf etməkdə davam edərsə, nəticələri çox ciddi ola bilər. Əzələ zəifliyi tez əzələ tonusunun azalmasına və əzələ atrofiyasının yaranmasına gətirib çıxarır. Trofikanın pozulması dəridə xoraların əmələ gəlməsinə səbəb olur. Bəzən polinevropatiyanın nəticəsi ətrafların və ya tənəffüs orqanlarının tam iflicinə gətirib çıxarır ki, bu da artıq ölümcül bir haldır. Bundan əlavə, polineyropatiyanın getdikcə şiddətlənməsi xəstənin normal həyatını tamamilə dəyişir, ona bir çox narahatlıqlar yaşadır. İnsanlar sərbəst yerimək və özlərinə qulluq etmək qabiliyyətini itirir, çarəsizlik narahatlıq və depressiyaya səbəb olur.

Poloneyropatiya əhalinin təqribən 2,5%-də rast gəlinir, ahıl yaşlı insanlarda bu göstərici bir qədər çoxdur – 8%-ə qədər.

Polineyropatiyaların təsnifatı

Polineyropatiyalar bir neçə meyarlara uyğun olaraq təsnif edilir.

Prosesin səbəbinə görə polinöropatiyanın növləri:

  • iltihabi;
  • toksiki;
  • allergik;
  • travmatik;

Patomorfologiyasından asılı olaraq aşağıdakı növlər ayırd edilir: 

  1. 1.Neyropatik polineyropatiya. Belə bir patologiya neyronun (sinir hüceyrəsinin) məhv olması səbəbindən meydana çıxır.
  2. 2.Aksonal polinevropatiyalar. Aksonal tipli polinevropatiyada əsasən, əzələlərin və sinir hüceyrələrinin normal işləməsi üçün vacib olan ox silindrinin nəqliyyat funksiyası pozulur. İlk növbədə patoloji prosesə tərkibində ən uzun aksonları olan sinirlər cəlb olunurlar.

Aksonal nəqliyyat və trofik funksiyalarının pozulması əzələdə denervasion dəyişikliklərə səbəb olur ki, bu da sonradan onun struktur dəyişikliklərinə gətirib çıxarır. Kliniki olaraq bu, ətrafların distal hissələrində əzələ atrofiyası və əzələ zəifliyi şəklində təzahür edir.

Aksonal polineyropatiyaların aşağıdakı növləri ayırd edilir:

Kəskin Tez-tez zəhərlənmələr səbəbindən baş verir. Zəhərlənmə, bir qayda olaraq, intihar məqsədini daşıyır və ya cinayət cəhdi kimi törədilir. Buna görə polineyropatiya kəskin zəhərlənmə klinikasının fonunda baş verir. Müvafiq olaraq, terapevtik tədbirlər də ilk növbədə orqanızmin detoksikasiya edilməsinə yönəldilmiş olur. Bu vəziyyətdə polineyropatiyanın klinik əlamətləri bir neçə gündən sonra təzahür edir. Orqanizm bir neçə həftəyə bərpa olunur. Bir çox kimyəvi maddələrlə zəhərlənmədən sonra da poloneyropatiya yarana bilər.

Yarımkəskin Onların səbəbi həm sinir toxumasının toksiki zədələnməsi, həm də orqanizmdə gedən metabolik proseslər ola bilər. Bir neçə həftə ərzində inkişaf edir və bir neçə ay davam edir.

Xroniki -bu tip polinevropatiya uzun müddət ərzində inkişaf edir. Bunun səbəbi xroniki intoksikasiya (əksər hallarda etil spirtilə) və ya sistem xəstəlikləri (şəkərlii diabet, hipotireoz, uremiya, sirroz, xərçəng, kollagenozlar və s.) olur.

  1. 3.Demiyelinləşdirici polineyropatiyalar

Demyelinezasiya sinir boyunca impuls keçirilməsinin sürətinin azalmasına gətirib çıxarır ki, bu da kliniki olaraq əzələ zəifliyi və vətər reflekslərinin erkən itməsi şəklində meydana çıxır. Əzələ atrofiyası, bir qayda olaraq, müşahidə edilmir.

Demiyelinləşdirici miyelopatiyaların aşağıdakı növləri ayırd edilir:

  • Kəskin demiyelinləşdirici polineyropatiyalar

–         

        Giyen-Barre sindromu Kəskin iltihablı demyeləşdirici poliradikuloneyropatiyadır. Çox hallarda infeksion xəstəliklərin nəticəsində inkişaf edir. İndiyə qədər xəstəliyin dəqiq səbəbi müəyyənləşdirilməyib. Bəzi müəlliflər bu xəstəliyi autoimmun xəstəliklərə aid edirlər. Xəstəlik üçün seqmentar demiyelinezasiya xarakterikdir.

–          Difterik polineyropatiya Onun səbəbi difteriya törədicisi tərəfindən ifraz edilən toksindir. Toksin bəzi kəllə-beyin sinirlərini və digər sinirləri zədələyir və müxtəlif pozuntularla: nitqin, udmanın, görmənin, tənəffüsün və s. pozulması ilə müşayiət edilə bilər. Ətrafında parezlər yaranır, hissiyyat pozulur, vətər refleksləri itir.

–          Diabetik polineyropatiya Bu forma diabet xəstəliyinə tutulan insanların sayının bütün dünyada artdığına görə daha çox yayılmışdır. Şəkərli diabeti olan insanların təxminən yarısında müşahidə edilir və bu xəstəliyin ilk kliniki təzahürü ola bilər.

  • Yarımkəskin demyelinləşdirici polineyropatiyalar Onlar müxtəlif mənşəli ola bilər. Bu xəstəliklər üçün periodik remissiyalı dalğavari gediş xarakterikdir. Bir neçə həftə ərzində inkişaf edir. Polineyropatiyaların bu növü üçün təhrikedici amillərin olmadığını qeyd etmək lazımdır.

Xroniki demiyelinləşdirici polineyropatiyalar Onların inkişafının səbəbi xroniki aksonal polineyropatiyaların səbəblərilə eynilik təşkil edir. Yadda saxlamaq lazımdır ki, bəzi dərman preparatlarının qəbulu da polineyropatiyaların inkişafına səbəb ola bilər.

Son iki proses bir-birilə sıx şəkildə əlaqəlidir. Aksonal zədələnmələr zamanı demyelinasiya da müşahidə edilir, demiyelinizasiya zamanı isə patoloji prosesə aksonal komponentin ikincili qoşulması baş verir.

Polineyropatiyanın inkişafının səbəbləri

Polineyropatiyanın inkişafının səbəbləri artıq qeyd olunub və yuxarıda qeyd olunanları yekunlaşdıraq:

Polineyropatiyanın inkişafının əsas səbəbləri

  • Kəskin zəhərlənmələr:

–          – metil spirti;

–          – dəm qazı (karbon monoksid);

–          – arsen;

–          – fosfor üzvi birləşmələri (karbofos, dixlofos).

  • Xroniki intoksikasiya.
  •          Avitaminoz. Daha çox B qrupu vitaminlərinin kəskin çatmamazlığı zamanı inkişaf edirlər. Bu vitaminlər sinir sisteminin fəaliyyəti üçün olduqca vacibdir və onların uzunmüddətli çatmamazlığı tez-tez polyneuropatiyalara gətirib çıxarır. 
  • Travmalar. Xəsarət və ya əməliyyatlar zamanı sinir liflərinin zədələnməsi də polineyropatiyaya səbəb ola bilər. Travmalara həmçinin onurğanın osteoxondroz və fəqərəarası disklərin yırtığı kimi xəstəliklər üçün xarakterik olan sinirlərin sıxılmasını aid etmək olar. 
  •          Difteriya.
  • Şəkərli diabet.
  • Digər sistem xəstəlikləri:

–          qaraciyərin sirrozu;

–          uremiya;

–          kollagenozlar;

–          onkoloji xəstəliklər;

–          hipotireoz.

  • Dərman preparatları:

–          Amiodaron;

–          İsoniazid;

–          Metronidazol və s.

  • İrsi amil. Məlumdur ki, polineyropatiyaya səbəb olan bəzi metabolik xəstəliklər irsi olaraq ötürülə bilir.
  • Bəzən polinevopatiya demək olar ki, tamamilə sağlam olan hamilə qadınlarda müşahidə edilir. Polineyropatiya hamiləliyin istənilən dövründə rast gəlinə bilər. Hesab edilir ki, hamiləlik zamanı meydana gələn polineyropatiyaya səbəb ananın immun sisteminin dölə qeyri-adekvat reaksiyası, toksikoz və B qrupu vitaminlərinin çatışmazlığıdır.

Polineyropatiyanın kliniki gedişi

Polineyropatiyanın əsas simptomları əllərdə və ayaqlarda hissiyyat pozğunluqları və əzələ gücünün enməsi, əzələlərin atrofiyası, reflekslerinin zəifləməsi və ya tam itməsi və periferik ifliclərin inkişafı şəklində təzahür edir. Neyropatiyanın əksər növləri üçün xarakterik olan cəhət bu simptomların ətrafların distal hissələrində yaranaraq, sonradan tədricən proksimal nahiyələrə yayılması, eləcə də simptomların hər iki tərəfdən aşağı və ya yuxarı ətraflarda simmetrik olaraq inkişaf etməsidir. Polineyropatiyanın uzun müddət ərzində müalicəsiz qalması halında həm əllərin, həm də ayaqların zədələnməsi baş verə bilər.

Ümumiyyətlə, bu xəstəliyin simptomları əsasında üç növ: hissi, hərəki və vegetativ pozuntular dayanır. Polineyropatiyanın səbəblərindən və inkişaf mexanizmindən asılı olaraq bu və ya digər simptomlar qrupunun üstünlük təşkil etməsi və ya onların müştərək şəkildə təzahür etməsi qeyd olunur.

  1. 1.Sensor (və ya həssas) simptomlar Bu simptomlar polineyropatianın toksiki və ya metabolik növlərini müşayiət edir və müsbət və mənfi əlamətlərə bölünürlər.

Aşağıdakılara müsbət əlamətlər aiddir:

– yanma hissi;

– şiddətli ağrı sindromu;

– ağrıya kəskin həssaslığın yaranması;

– paresteziya, yəni dəri üzərində “qarışqa gəzməsi” hissiyyatı və ya müəyyən bir nahiyənin keyiməsi;

– taktil xarakterli hissiyyata qarşı həssaslığın güclənməsi;

– yeriyərkən səndələmə şəklində təzahür edən və gözləri yumduqda və qaranlıqda güclənən sensor ataksiyasının meydana çıxması.

Mənfi sensor əlamətləri barmaqlarda və qarnın aşağı hissəsində hissiyatın zəifləməsi şəklində təzahür edir. Adətən bu cür simptomlar iltihabi demiyelinləşdirici və paraneoplastik polineyropatiyalarda, eləcə də E və B12 vitaminlərinin çatışmazlığı zamanı müşahidə edilir.

2. Hərəki simptomlar Burada əsasən ətraflarda zəiflik hissinin yaranmasından söhbət gedir ki, bu da adətən ayaq pəncələrindən başlayır. Tez-tez bu prosesə udlağın, başın, boynun və yuxarı ətrafların da əzələləri cəlb olunur, bəzən xəstənin hər iki əli iflic vəziyyətinə düşmüş olur. Bu simptomlar qrupuna həmçinin ağrılı spazmlar, müxtəlif əzələ səyrimələri və narahat ayaqlar sindromu da aid edilir. Prosesə gözün hərəki sinirləri də qoşulduqda akkomodasiyanın spazmı, göz almalarının hərəkətlərinin pozulması qeyd edilir. Reflekslərin azalması və ya tamamilə itməsi də müşahidə olunur.

3. Vegetativ simptomlar Onların meydana gəlməsi vegetativ sinir liflərinin zədələnməsinin nəticəsində baş verir. Bu simptomlar, öz növbəsində, daha üç növə bölünə bilər:

visseral (və ya üzvü) Bunlara şaquli vəziyyətdən üfüqi vəziyyətə keçdikdə arterial təzyiqin aşağı düşməsi, bayılmaönü hallar, impotensiyanın inkişafı və sfinkterlərin işinin tənzimlənməsinin pozulması, mədə-bağırsaq traktının hərəkətliliyinin pozulması, tənəffüs sisteminin və tər ifrazının pozulmaları, nəbzin qeyri-sabit olması, termorequlyasiyasiyanın pozğunluqlarını aid etmək olar;

vegetativ-damar Bu, ətrafların distal hissələrinin dərisinin temperaturunun dəyişilməsi, bu nahiyələrin mərmər rəng alması və ödemi şəklində təzahür edir.

vegetativ-trofik Bunlara dırnaq və barmaqların deformasiyaları ( barmaqların “çəkicvari” şəkil alması), oynaqların trofiki zədələnmələrinin meydana gəlməsi, dərinin nazilməsi və müxtəlif xoraların əmələ gəlməsi daxildir.

Diaqnostika

Polineyropatiyanın diaqnostikası müəyyən çətinliklərlə bağlı ola bilər, çünki xəstəliyin kliniki təzahürləri müxtəlif patologiyaların simptomlarına uyğun gəlir. Yalnız xəstənin nevropatoloq tərəfindən ətraflı müayinəsi, müxtəlif laborator və instrumental müayinə üsullarından keçdikdən sonra dəqiq diaqnozun qoyulması mümkün olur.

Diaqnozun qoyulması nevropatoloqun qəbulundan başlanır. Əvvəlcə xəstə ümumi nevroloji baxışdan keçir, həkim zədələnmiş ətrafların müayinəsini aparır və bunun nəticələrinə əsasən hansı əlavə tədqiqatların aparılmasına ehtiyac olduğunu müəyyən edir. Aparılan müayinələr arasında qanın ümumi və biokimyəvi analizləri, serebrospinal mayenin müayinəsi, elektroneyromioqrafiya və s. daha çox diaqnostik əhəmiyyət daşıyır. Aşağıda aparılan diaqnostik tədbirlər barədə ətraflı söhbət açılır:

  • Xəstəliyin şikayət və anamnezinin təhlili:

–          Polineyropatiyanın əlamətləri (dərinin keyləşməsi, əzələ zəifliyi və s) neçə müddətdir ki, yaranıb?

–          xəstə spirtli içkilərdən sui-istifadə edirmi?

–          Xəstənin peşə fəaliyyəti hər hansı bir kimyəvi maddə ilə (benzin, ağır metal duzları və s.) əlaqəlidirmi?

–          xəstədə şəkərli diabet varmı?

–          yaxın qohumlarından birində oxşar simptomlar olubmu?

  • Nevroloji müayinə: nevroloji pozğunluqların əlamətlərinin müəyyən edilməsi

–          hissiyyat pozğunluqları;

–          hərəki pozğunluqlar;

–          trofikanın pozulması.

  • Sidikdə qlükozanın və züzalların müəyyən edilməsi
  • Qanın ümumi analizi (eritrositlərin və leykositlərin, hemoqlobinin, EÇS-in və s. təyini)
  • Qanın biokimyəvi analizi:

–          acqarına qlükozanın təyini;

–          zülal mübadiləsi məhsullarının (sidik cövhəri, kreatinin) təyini;

–          qaraciyər testləri;

–          qalxanabənzər vəzinin hormonlarının təyini.

  • Qanda müxtəlif toksinlərin müəyyən edilməsi
  • Distal və proksimal sinirlərin stimullaşdırılması ilə aparılan neyrofizioloji müayinələr. Elektroneyromioqrafiyanın aparılması polineyropatiyaların səbəbini (aksnopoatiya, miyelopatiya və ya neyronopatiya) aşkar etməyə imkan verir. Bu üsul impulsların sinir lifləri boyunca ötürülmə sürətini qiymətləndirməyə və sinirin zədələnməsi əlamətlərini müəyyən etməyə imkan verir.
  • Serebrospinal mayenin müayinəsi: formalı elementlərinin, zülalın, oligoklonal immunoglobulinin səviyyəsinin təyini.
  • İmmunoloji testlər: HİV anticisimlərin, anti-neyronal anticisimlərin (Hu, Yo), antinuklear faktorun, anti-Ro və anti-La anticisimlərin, antineytrofil sitoplazmatik antigenə qarşı anticisimlərin və s. müəyyən edilməsi.
  • Xərçəng, limfoma və ya solitar miyelomanın aşkarlanması üçün analizlərin aparılması.
  • Molekulyar genetik testlər
  • Sinirin biopsiyası

Bu metod xüsusi iynənin köməyilə götürülmüş sinir parçasının mikroskop altında tədqiq olunmasından ibarətdir.

  • Digər mütəxəssislərin (terapevt, endokrinolog) müayinələri.

Müalicə

Polineyropatiya müstəqil olaraq yaranan bir xəstəlik deyil. Bu xəstəliyin ilk təzahürlərinin meydana çıxması ilə, vaxtı itirmədən onun yaranma səbəbləri aşkar edilməlidir. Beləliklə, polinevropatiyanın müalicəsi kompleks olmalı və ilk növbədə bu problemin səbəbini aradan qaldırmağa yönəldilməlidir, çünki digər variantlarin heç bir effekti olmayacaqdır. Məsələn, əgər polineyropatiyanaın səbəbi alkoqoldan sui-istifadədirsə, ilk növbədə spirtli içkilərin istifadəsi tamamilə tərk edilməlidir. Əgər xəstəlik şəkərli diabet mənşəlidirsə, qanda şəkərin miqdarını normal səviyyəyə salmaq lazımdır. Polineyropatiya zəhərli maddələrin təsirindən yaranıbsa, bu maddələrlə təması dərhal kəsmək lazımdır. Lakin müxtəlif növ polinevropatiyalar zamanı sinir liflərində oxşar patoloji proseslər müşahidə olunduğundan, bu vəziyyətin müalicəsinə də ümumi yanaşmalar mövcuddur. Bu yanaşma onunla bağlıdır ki, polinevropatiya zamanı ya sinir lifinin miyelin qişası, ya da onun daxili oxu – akson – məhv olur. Polineyropatiyanın əlamətlərini aradan qaldırmaq üçün sinir lifinin quruluşunu bərpa etmək, onun qan təchizatını yaxşılaşdırmaq lazımdır. Bunu etmək üçün müxtəlif dərman vasitələrindən istifadə edilir. Müəyyən bir kimyəvi qrupa mənsubiyyətinə və ya onların fəaliyyət istiqamətlərinə görə, dərman maddələri aşağıdakı qruplara bölünürlər:

  • metabolik dərmanlar;
  • qan axınına təsir edən vəsaitlər;
  • vitaminlər;
  • ağrıkəsicilər;
  • qlükokortikoidlər
  • sinir impulsunun ötürülməsini yaxşılaşdıran preparatlar.

Hər bir dərman qrupu ilə daha ətraflı tanış olaq.

Metabolik maddələr və qan dövranına təsir edən preparatlar

Bu dərman preparatları polineyropatiyanın müalicəsində ən vaciblərindən hesab edilir. Əksər hallarda bir dərmanın fəaliyyət mexanizmi yalnız metabolik effektlə məhdudlaşmır. Demək olar ki, həmişə dərman bir neçə istiqamətdə işləyir: həm azad radikallarla “vuruşur”, həm sinir lifinin qidalanmasını yaxşılaşdırır, həm zədələnmiş sinir sahəsində qan təchizahını artırmağa kömək edir, həm də yaraları sağaldır. Hər hansı metabolik preparatı təyin edərkən, onun tətbiq olunma şərtlərinə nəzarət etmək lazımdır, çünki sinir liflərinin bərpası uzun sürən bir prosesdir. Buna görə çox vaxt dərman uzun müddət, ən azı 1 ay, bəzən isə daha uzun müddətdə istifadə edilməlidir. İndi isə preparatların hər biri haqqında daha ətraflı danışaq:

Tioktasid (Oktolipen, Alfa-lipoy turşusu, Berlition, Espa-lipon, Neyrolipon, Tiogamma)- güclü bir antioksidandır, polinevropatiyanın müalicəsində təsiri dünya səviyyəsində tanınır. Dərmanı 1 aydan 6 aya qədər qəbul etmək lazımdır. İlk 14-20 gün ərzində preparat venadaxili infuziya şəklində (sutkada 600 mg dozasında) tətbiq edilir, sonra onun tablet formasına keçmək lazımdır. Həmin 600 mq, amma artıq tablet şəklində, günün birinci yarısında, yeməkdən yarım saat əvvəl qəbul edilir. Müalicənin başlanmasından bir müddət sonra preparat öz təsirini göstərməyə başlayır.

Actovegin – İlk günlər Aktovegin 10-50 ml dozasında, vena daxilinə damcı üsulu ilə tətbiq edilir (doza, polineyropatiyanın simptomlarının ağırlıq dərəcəsindən asılıdır). Adətən, venadaxili infuziyalar 10-15 gün davam edir, sonra xəstə 2-3 aydan 4 aya qədər preparatı tablet şəklində qəbul etməkdə davam edir (sutkada 3 dəfə, 2-3 tablet). Dərmanın kompleks təsiri eyni zamanda yalnız periferik sinirləri deyil, həmçinin baş beynin, ətrafların damarlarının problemlərini də həll etməyə imkan verir.

Instenon 3 aktiv maddədən ibarət kompleks bir preparatdır. O, damarları genişləndirir, neyronları aktivləşdirir və onlarında aralarında impulsların ötürülməsini yaxşılaşdırır. İnstenonun kurs müalicəsi yaxşı effekt verir verir: 14 gün ərzində, hər gün əzələyə 2 ml yeridilir, sonra isə 1 ay müddətində, sutkada 3 dəfə, 1 tablet qəbul edilir.

Serebrolizin – Bu, güclü neyrometabolik preparat hesab olunur. Sinir hüceyrələrində məhv olma prosesini dayandırır, onların daxilində proteinlərin sintezini artırır, onları müxtəlif maddələrin zərərli təsirlərindən qoruyur. Serebrolizin, bütün sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərən neyrotrofik bir təsirə malikdir. Serebrolizin, sinir hüceyrələrinin qidalanma çatışmazlığı şəraitində sağ qalma şansını artırır. Preparatı əzələdaxili (5 ml) və ya venadaxili ( 10-20 ml) 10-20 gün müddətində tətbiq etmək olar. Sonra 14-30 gün fasilə verilir və lazım olduqda müalicə kursunu təkrarlayırlar.

Kalsium pantotenat – Regenerasiya proseslərini (təkcə periferik sinirlərdə deyil) stimullaşdıran bir preparatdır. 1 aylıq kurslarla, sutkada 3 dəfə 1-2 tabletdən qəbul edilir.

Meksidol (Meksicor, Meksiprim, Neyroks)- güclü antioksidandır. Membran səviyyəsində təsir göstərir. Sinir hüceyrələrinin membranlarının normal strukturunu bərpa etməyə kömək edir, beləliklə, onların normal fəaliyyətini təmin edir, çünki bütün sinir impulsları membranlar vasitəsilə ötürülürlər. Meksidol, sinir hüceyrələrinin ətraf mühitin mənfi təsirlərinə qarşı müqavimətini artırır. Preparatın dozası, tətbiq metodu və istifadə müddəti nevroloji patologiyanın şiddət dərəcəsindən asılı olaraq dəyişilə bilər. Preratın tətbiqi 5 ml venadaxili və ya əzələdaxili inyeksiyalarla başlanılr, sonra tabletlərə (125-250 mq-dan, sutkada 3 dəfə) keçilir. Müalicə kursunun ümumi müddəti 1,5-2 aydır. Parenteral qəbul zamanı əlavə təsirlərin yaranmaması üçün preparatın venaya damcı üsulu ilə (Natrium xloridin 0,9%-li məhlulunda) tətbiq edilməsi məsləhət görülür.

Sitoflavin – digər bir kompleks antioksidant preparatdır. Preparatın bir-birini tamamlayan dərman komponentləri neyronlarda enerji metabolizmini yaxşılaşdırır, azad radikalların fəaliyyətinə müqavimət göstərir, hüceyrələrə qida çatışmazlığı şəraitində “sağ qalmağa” kömək edir. Müalicə üçün 25 gün ərzində yeməkdən yarım saat əvvəl sutkada 2 dəfə 2 tablet istifadə olunur.

Aşağı ətrafların sinirlərinin zədələnməsi zamanı qan təchizatını yaxşılaşdırmaq üçün ən çox istifadə olunan preparat Pentoksifillindir (Vasonit, Trental). Dərman damargenişləndirici qabiliyyətinin hesabına bütün orqanizmin ən kiçik qan damarlarında belə qan dövranını artırır. Artan qan axını ilə, daha çox qida maddələri neyronlara daxil olur, bu isə onların bərpa şansının artmasına gətirib çıxarır. Pentoksifilinin istifadəsi üçün standart sxem aşağıdakılardan ibarətdir: vena daxilinə damcı üsulu ilə 5 ml preparat 200 ml 0,9%-li Natrium xlorid məhlulunda 10 gün müddətində tətbiq edilir. Sonra 400 mq dozasında, sutkada 2-3 dəfə 1 tablet olmaqla, 1 aya qədər qəbul edilir.

Polineyropatiyanın müalicəsində istifadə edilən preparatlar üçün bu qayda işləyir: əlamətlərin aşağı dərəcəsi – tablet dərman formaları. Buna görə, əgər xəstəliyin əlamətləri kəskin deyilsə, inyeksiyalardan istifadə etmədən, müalicə kursunu tabletlərlə də aparmaq olar.

Vitaminlər

Polineyropatiyanın müalicəsi heç vaxt vitaminlərdən istifadə olunmadan aparılmır. Bu məqsədlə B qrupu vitaminləri (B1, B6 və B12) ən effektiv hesab olunurlar. Qida rasionunda bu vitaminlərin çatışmazlıqları öz-özlüyündə polineyropatiyanın simptomlarının meydana çıxmasına səbəb ola bilər. Eyni vaxtda tətbiq edilərkən, bir-birinin təsirini gücləndirərək bu preparatlar periferik sinir qişalarının bərpasına kömək edir, ağrıkəsici effekti verir və müəyyən dərəcədə antioksidant təsiri göstərirlər. Kombinə edilmiş formaların (bir preparatın tərkibinə hər üç vitaminin daxil olduğu zaman) tətbiqi birkomponentli formalara nisbətən daha məqsədəuyğundur. Bu preparatların həm inyeksiya, həm də də tablet formaları mövcuddur. Bəzi inyeksiya formalarının (Milgamma, Kombilipen, Kompliqam, Vitaksona, Vitaqamma)tərkibində əlavə olaraq Lidokain də olur ki, bu da ağrıkəsici effekti gücləndirir. Trivitron, Neyromultivit və Neyrobion kimi preparatlar, Lidokainsiz B vitaminlərinin “saf” kompleksidir. Müalicə zamanı əvvəlcə vitaminlərin inyeksiya formalarından isifadə edilir, sonra isə tablet formalarının tətbiqinə keçilir. B qrupu vitaminləri orta hesabla ən azı 1 ay istifadə olunur.

Son dövrlərdə polineyropatiyaların müalicəsində, Keltikan kompleks preparatından istifadə edilir. Bu, bioloji aktiv qida əlavəsidir. Tərkibində Uridin monofosfat, vitamin B12, Fol turşusu vardır. Preparat orqanizmi periferik sinir membranlarının bərpası üçün tikinti komponentləri ilə təchiz edir. Keltikan sutkada 1 dəfə 1 kapsul olmaqla, 20 gün ərzində tətbiq edilir.

Ağrıkısicilər

Artıq çoxdan sübut olunmuşdur ki, polinevropatiya zamanı müşahdə edilən ağrılarda Analgin, Pentalgin və bu qrupdan olan digər preparatlar heç bir təsir göstərmirlər. Ona görə də, bu xəstəlik zamanı onların istifadəsi tamamilə faydasızdır. Polineyropatiyada ağrıkəsici kimi antikonvülsanlar və antidepressantlar, lokal anestetiklər, opioidlər və yerli qıcıqlandırıcı maddələrdən istifadə edilə bilər.

Ağrı müalicəsində istifadə olunan müasir antikonvulsanlar Qabapentin (Tebantin, Neyrontin, Qabaqamma, Katena) və Preqabalindir (Lirika). Onlara ağrıkəsici təsir göstərməsi üçün müəyyən vaxt lazımdır, yalnız təyin edildikdən 7-14 gün keçdikdən sonra bu preparatların effekti hiss olunmağa başlayır. Qabapentin axşam 300 mq dozada qəbul edilir. Növbəti gün – sutkada 2 dəfə 300 mg, üçüncü gündə 300 mq sutkada 3 dəfə, dördüncü gündə isə 300 mq səhər və axşam və 600 mq axşam. Beləliklə, analjezik təsirin göründüyü vaxta qədər tədricən dozanı artırmaq lazımdır. Həmin dozada dayanmalı və preparat 10-14 gün müddətində qəbul edilməlidir. Sonra müalicəvi effekt qiymətləndirilir. Əgər kifayət deyilsə, onda dozanı artırmaq mümkündür ( maksimal doza 3600 mq-dan artıq olmamalıdır). Pregabalin bu qədər uzun bir seçim tələb etmir. Pregabalinin effektiv dozası sutkada 150-600 mq arasında dəyişir.

Antidepresantlar arasında ən çox istifadə olunan preparat Amitriptilindir. Müalicə minimal dozadan-gecələr 10-12,5 mg ilə başlanır və tədricən analjezik təsir əldə etmək üçün doza artırılır. Tələb olunan doza çox fərqlidir: kiməsə 12,5 mq kifayət edir, bəzilərinə isə 150 ​​mq lazım olur. Amitriptilin orqanizm tərəfindən pis qəbul edilir və əlavə təsirlərə səbəb olarsa, o zaman onu Lyudomil və ya Simbalt, Venlaksor ilə əvəz etmək olar.

Yerli anesteziklərdən daha çox Lidokaindən istifadə edilir. Əvvəllər bu məqsədlə onun intravenoz istifadəsi tətbiq olunurdu. Lidokainin venadaxili istifadəsi bir çox əlavə təsirlərə səbəb olduğundan, hal-hazırda onun plastır formasından (Versatis) istifadə olunur. Plastır dəriyə möhkəm şəkildə yapışdırılır, qıcıqlanma vermir, yerli tətbiq edildiyinə görə yan təsirləri sıfıra endirilir.

Yuxarıda göstərilən yollarla müalicə edilə bilməyən şiddətli ağrı sindromu zamanı opioidlərin təyin olunmasına (Tramadol) müraciət etməl lazım gəlir. Dərman asılılığına səbəb olmamaq üçün preparatı qısa müddətə təyin etməyə çalışırlar. Gündə 2 dəfə ½ tablet ilə başlanılır (və ya yatmazdan qabaq 1 tablet). Bir həftə sonra, zəruri hallarda, doza sutkada 2 tabletə qədər artırılır. Tramadolun analjezik təsirini itirmədən dozasını azaltmaq üçün Tramadol və Parasetamolun birləşməsi (Zaldiar) yaradılmışdır. 1 Zaldiar tabletinin təsiri Tramadolun 1 tabletinə bərabərdir, 1 ədəd Zaldiar tabletinin tərkibində isə əhəmiyyətli dərəcədə kiçik miqdarda Tramadol (müvafiq olaraq 50 mg / 37,5 mg) olur.

Polineyropatiya zamanı ağrı az və ya çox dərəcədə yerli xarakter daşıyarsa, Kapsaisin kreminin (acı bibər ekstraktı) tətbiqi məsləhət görülür. Kapsaisin ağrılı impulsun tükənməsinə səbəb olur, yəni başlanğıcda ağrı güclənə bilər, sonra isə azalır.

Çox vaxt ağrı sindromunu azaltmaq üçün bir neçə dərmanın kombinasiyasından istifadə etmək lazım gəlir. Ancaq bu addımı onların tək halda tətbiq edildikdə təsir göstərməməsi vəziyyətlərində atmaq olar.

Qlükokortikosteroidlər

Qlükokortikosteroidlər iltihab əleyhinə təsir göstərir, orqanizmə stresslə mübarizə aparmağa kömək edir, zülalların, yağların və karbohidratların balansını tənzimləyirlər. Onlar iltihablı prosesləri çox effektiv şəkildə aradan qaldırırlar ki, bu da orqanizmin tezliklə sağalmasına gətirib çıxarır. Kortikosteroid preparatları yalnız iltihabı aradan qaldırmaqla yanaşı ağrıdan xilas olmaq üçün də kömək edirlər.

Polineyropatiyanın ağır hallarında qlükokortikosteroidlər təyin edilir. Onların dozasının artırılması və azaldılması üsulu ilə müxtəlif müalicə sxemləri mövcuddur. Çox ağır hallarda, bulbar və respirator pozğunluqların inkişaf etməsi ehtimalı yarandıqda, qlükokortikoidlərin maksimal dozada tətbiqi (puls terapiya) göstərişdir. 1000 mq-dək dozada Prednizolon və ya ekvivalent dozada Metilprednizolon aşağıdakı sxem üzrə venadaxili damcı üsulu ilə tətbiq edilir: 1-ci gün – 500 mq, 2-ci gün – 1000 mq, 3-cü gün – 1000 mq. Yaxşılaşma baş verdikdə, növbəti günlərdə məhdudlaşdırılmış və dəstəkləyici dozalara keçilir.

Sinir impulslarının ötürülməsini yaxşılaşdıran preparatlar

Əgər xəstəlik zamanı hissiyyatın davamlı pozulmaları ( itməsi), əzələ zəifliyi yaranıbsa, bu əlamətlər antixolinesteraz preparatların (neyro-muskulyar keçiriliciyi yaxşılaşdıran preparatlar) təyin edilməsi üçün göstərişdir. Sinir qişalarında qüsurlar olduqda belə, bu preparatlar impulsların sinirin zədələnməmiş hissələri boyunca ötürülməsinə kömək edirlər. Bunun hesabına əzələ gücü və hissiyyat bərpa olunur. Bu zaman digər preparatlar sinirlərin bərpasına kömək edir ki, antixolinesteraz maddələrdən istifadə etmədən də əzələ gücü və həssaslıq saxlanmış qalsın.

Bu qrupun geniş istifadə olunan dərmanları Neyromidin, Amiridin, Aksamon, İpiqriksdir. Bütün bu preparatların təsiredici molekulu bir-birilə identikdir. Onların həm tablet, həm də inyeksiya forması vardır. Tabletlərdən daha çox istifadə olunur. Adətən müalicə kursu 30-60 gün ərzində, sutkada 2-3 dəfə 10-20 mq dozasında preparatın təyinindən ibarət olur.

Gördüyümüz kimi, müasir təbabətdə polinevropatiyanın simptomlarına təsir göstərə bilən çoxsaylı dərman preparatları mövcuddur.

Plazmafarez

 Polineyropatiyanın bəzi formalarının patogenezində autoimmun mexanizmlərin mühüm rol oynaması, onların müalicə proqramında plazmafarezin uğurla tətbiqinə tələbat yaradır. Bu üsul, polineyropatiyaların kəskin və ya xroniki-residivləşən formalarının kəskinləşməsi zamanı xüsusilə effektivdir. Sübut olunmuşdur ki, xəstəliyin ilk 7 günündə başlanılan plazmafarez, Giyen-Barre sindromunun ağır formasından əziyyət çəkən xəstələrin 60-70%-də bərpa prosesini sürətləndirir. Adətən, müalicə kursu günaşırı aparılan 3-5 seansdan ibarət olur. Götürülən plazmanın həcmi ən azı 2,5 ± 0,5 litr olmalıdır.

Kəskin difterik polyneyropatiya zamanı plazmaferez xəstəliyin ilk 2 həftəsində xüsusilə effektivdir. Bu, difteriya prosesin yaranmasının ilk günlərində demyelinezasiyanın inkişafına difteriya toksinin miyelin qişasına birbaşa təsiri və xəstənin qanında böyük miqdarda anticisimlərin olması ilə əlaqədardır.

Fizioterapiya

Müalicə prosesinin əsas tərkib hissələrindən biri də fizioterapiyadir. Fizioterapiya dərman müalicəsindən sonra başlayır. Polineyropatiyaların müalicəsində ən çox tətbiq edilən fizioterapevtik prosedurlara daxildir:

  •  
  • magnitoterapiya;
  • darsonvalizasiya;
  • qalvanik vannaların qəbulu;
  • parafin və ya ozokerit applikasiyaları;
  • dərman preparatlarını elektroforezi.

Müntəzəm şəkildə aparılan fizioterapiya kursları toxumaların oksigen və qida maddələri ilə təminatının yaxşılaşdırılmasına, itirilmiş həssaslığın və əzələ tonusunun bərpasına, sinir ötürücülüyünün aktivləşdirilməsinə və sözün əsl mənasında xəstəni ayaq üstə qoymağa kömək erir.

Polineyropatiyanın müalicəsində

  • terapevtik massaj;
  • müalicəvi bədən tərbiyəsi (MBT);
  • releksoterapiyanın da tətbiq edilməsi müsbət terapevtik effektin əldə edilməsinə böyük köməklik göstərir.

Proqnoz

Kəskin formaların müalicəsi vaxtında başlanarsa, proqnoz əlverişli ola bilər. Yalnız xroniki polineropatiyanın müalicəsi istisna təşikl edir. Bu xəstəlikdən tamamilə xilas olmaq mümkün deyil, amma onun gedişatının şiddətini azaltmaq yolları var. Adətən polineyropatiyanın proqnozu nikbin olmur. Xəstəlik müalicəyə çətin tabe olur və proqressivləşməyə meyllidir. Vaxt keçdikcə xəstə ürək-damar sistemində yaranan pozuntular səbəbindən əlil ola, hətta ölə bilər. Polineyropatiyanın bəzi növlərinin, məsələn, autoimmun çatışmazlığından qaynaqlanan variantlarının isə hələ ki, ümumiyyətlə müalicəsi tapılmayıb. Alkoqol itosikasiyası və ya diabetlə bağlı polineyropatiyaların proqnozu ümumiyyətlə müsbətdir, lakin xəstə qanda şəkərin konsentrasiyasını normallaşdırmalı və alkoqoldan imtina etməlidir.

Profilaktika

Polineyropatiyanın baş verməsi ehtimalının aradan qaldırılması üçün profilaktik tədbirlər bir sıra tövsiyə və qaydalara riayət etməkdən ibarətdir. Onlar periferik sinir sisteminin zədələnməsinə və normal fəaliyyətinin pozulmasına qarşı yönəldilən tədbirlərlə bağlıdır. Bunlar aşağıdakı tövsiyələrdir:

  • Siqaret çəkməmək.
  • Spirtli içkilərdən istifadə etməmək.
  • Qanda qlükozanın səviyyəsini nəzarətdə saxlamaq.
  • Hipodinamik həyat tərzindən çəkinmək. Fiziki cəhətdən aktiv olmaq.
  • Artıq çəkidən azad olmaq və piylənmənin yaranmasına yol verməmək.
  • İnfeksion xəstəliklərdən qorunmaq. Bir çox yoluxucu xəstəliklərə qarşı peyvəndlər mövcuddur – bu peyvəndlərə laqeyd olmamaq və uşaqları da vaxtlı-vaxtında vaksinasiya etdirmək.
  • Endokrin sisteminin xəstəliklərinin profilaktikasını və müalicəsini vaxtında aparmaq.
  • Həddindən artıq istiyə və ya soyuğa məruz qalmaqdan çəkinmək.
  • Stress doğuran hallardan qaçmaq.
  • Travmalardan özünü qorumaq.
  • Yuxu rejiminin normallaşdırılması – sutkada ən azı 7 saat yatmaq.
  • Qida rasionunu sinir sistemi üçün faydalı olan maddələrlə: B qrupu vitaminləri, E vitamini, doymamış yağ turşuları Omega-3, kalium və kalsiumla zənginləşdirmək.
  • Ən azı 3 ildən bir nevroloqun profilaktik müayinəsindən keçmək.
  • Hər il ürəyin, qan damarlarının, qaraciyərin, böyrəyin, mədəaltı vəzin, qalxanabənzər vəzin dispanser müayinəsindən keçmək.

Polineyropatiya meydana çıxdıqda, pəhrizlə əlaqədar bir sıra təkliflərə riayət etmək vacibdir:

  • Qida rasionuna B qrupu vitaminləri ilə zəngin – mal və toyuq qaraciyəri, yumurta, göyərti və tərəvəz əlavə etmək. Pivə mayasının qəbulu da çox faydalıdır.

       • Cilalanmamış taxıl məhsullarını istehlak etmək faydalıdır – onlar qanda qlükozanın səviyyəsini        azaltmağa kömək edən liflərlə zəngindir.

Bundan əlavə, mövcud xəstəliklərdən asılı olaraq pəhriz məhdudiyyətlərinə və tövsiyələrinə riayət etmək vacibdir.

  • Diabetik polineyropatiya zamanı Pevznerə görə 9 saylı pəhrizə riayət etmək lazımdır.
  • Polineyropatiyanın digər növləri üçün 12 saylı pəhriz tövsiyə olunur.

Sanator-kurort reabilitasiyasının effektivliyini də unutmaq olmaz. Nevroloji profilli sanatoriyalarda illik istirahət çox faydalıdır. Accent 3;\

Leave a reply