Aşıq-baldır oynağının artrozu – oynaq qığırdağını, sonralar isə başqa oynaq elementlrinin (kapsul, sinovial qişa, sümüklər, bağlar) zədələyən xroniki xəstəlikdir. Patologiya degenerativ-distrofik xarakter daşıyır. Xəstəlik ağrılar, hərəkətin məhdudlaşması ilə təzahür edir; sonralar dayaq və yeriş funksiyasının proqressivləşən pozulması qeyd olunur. Diaqnoz simptomlar, obyektiv müayinə rentgenoqrafiyanın nəticələrinə əsaslanır. Müalicə, adətən, konservativdir; iltihab əleyhinə preparatlar, xondroprotektorlar və qlükokortikoidlər istifadə olunur, müalicəvi bədən tərbiyəsi və fizioterapiya təyin olunur. Ağır hallarda sanasion artrokopiya, artrodez və ya endoprotezlənmə aparılır.

Aşıq-baldır oynağının artrozu – tədricən oynaq qığırdağı və ətraf toxumaların zədələnməsi ilə gedən xəstəlikdir. Xəstəliyin əsasında degenerativ-distrofik proseslər durur; oynaqda iltihab ikincili xarakter daşıyır. Artroz xroniki, dalğavari gedişata malikdir; remissiya və fəsadlaşmalar bir-birini əvəz edir və tədricən proqressivləşir. Kişilər və qadınlar eyni tezliklə xəstələnirlər. Patologiyanın inkişaf ehtimalı yaş artdıqca kəskin yüksəlir. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, xəstəlik “cavanlaşır” – hazırda aşıq-baldır oynağı artrozunun 1/3-i 45 yaşdan cavan insanlarda aşkarlanır.

Səbəbləri

Artrozları iki qrupa ayırırlar: birincili və ikincili. Birincili artroz hər hansı bir məlum səbəb olmadan əmələ gəlir. İkincili artroz isə əlverişsiz faktorların təsiri altında yaranır. Artrozun hər iki formasının əsasında qığırdaq toxumasında baş verən mübadilə pozulmaları durur. Aşıq-baldır oynağının ikincili artrozun əsas səbəbləri və inkişafına revacverici faktorlar aşağıdakılardır:

  • Oynağın böyük travmaları (aşıq sümüyü və topuğun sınıqları, bağların tam və ya hissəvi cırılması).
  • Aşıq-baldır oynağının cərrahi əməliyyatları
  • Həddən artıq yüklənmə: idmanla həddən artıq intensiv məşğul olmaq, uzunmüddətli gəzinti və ya peşə ilə əlaqəli olaraq daim ayaqüstü vəziyyətdə dayanmaq.
  • Hündürdaban ayaqqabılar geymək.
  • Artıq çəki.
  • Daimi mikrotravmalar
  • Maddələr mübadiləsinin pozulması ilə əlaqəli xəstəliklər və vəziyyətlər (şəkərli diabet, podaqra, psevdopodaqra, postmenopauzal dövrdə estrogen çatışmazlığı və s.).
  • Revmatik xəstəliklər (sistemli qırmızı qurdeşənəyi, revmatoid artrit).
  • Onurğanın bel nahiyəsinin osteoxondrozu, fəqərəarası disk yırtıqları və sinir keçiriciliyinin pozulması ilə müşayiət olunan başqa patoloji vəziyyətlər, baldır və pəncənin əzələ aparatının fəaliyyətinin pozulması.

Nadir hallarda artrozun yaranma səbəbi qeyri-spesifik irinli artrit, spesifik infeksiyalarda (vərəm, sifilis) artritlər və anadangəlmə inkişaf anomaliyalar olur. Artrozun inkişafında ekoloji mühitin əlverişsiz faktorları və irsi meyillik müəyyən rol oynayır.

Patogenez

Normada oynaq səthləri hamar və elastikdir. Hərəkət zamanı onlar bir-birinə mane olmadan sürüşürlər və yüklənmədə effektiv amortizasiyanı təmin edirlər. Mexaniki zədələnmə (travmalar) və ya mübadilə proseslərinin pozulması nəticəsində qığırdaq hamarlığını itirir, kobud və qeyri-elastik olur. Hərəkət etdikdə qığırdaqlar bir-birinə sürtünərək bir-birini daha da zədələyirlər və patoloji dəyişikliklərin dərinləşməsinə gətirib çıxarırlar. Qeyri-kafi amortizasiya səbəbindən izafi yüklənmə qığırdağın altındakı sümüyə ötürülür və sümükdə də degenerativ-distrofik dəyişikliklər əmələ gəlir: sümük deformasiyaya uğrayır və oynaq meydançasının kənarları proliferasiyaya məruz qalır.

İkincili zədələnmə və oynağın normal biokimyasının pozulması nəticəsində təkcə sümük və qığırdaq deyil, həm də ətraf toxumalar da zədələnir. Oynaq kapsulu və sinovial qişa qalınlaşır, bağlarda və oynaqətrafı əzələlərdə fibroz ocaqlar əmələ gəlir. Oynağın hərəkətdə iştirak və yüklənməyə müqavimət göstərmək qabiliyyəti zəifləyir. Oynaq qeyri-stabil olur; ağrı sindromu proqressivləşir. Ağır hallarda oynaq səthi parçalanır, ətrafların dayaq funksiyası pozulur, hərəkət mümkünsüz olur.

Simptomlar

Başlanğıcda çox yüklənmədən sonra qeyri-kəskin ağrılar və sürətli yorulma əmələ gəlir. Sonralar ağrı sindromu daha da intensiv olur. Ağrılar nəinki yüklənmədən sonra, həm də gecələr meydana çıxır. Tədricən görünən deformasiya formalaşır; oynaqda hərəkətlərin həcmi pozulur, hərəkət zamanı səs eşidilir. Gecikmiş mərhələlərdə hərəkət kəskin məhdudlaşır, kontrakturalar inkişaf edir. Dayaq çətinləşir, pasientlər hərəkət zamanı əsadan və ya qoltuq ağacından istifadə etməyə vadar olurlar. Artroz zamanı ağrı sindromunun və başqa simptomların fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:

  • Sakitlik vəziyyətindən sonra yaranan və hərəkət zamanı tədricən itən start ağrılar xarakterikdir.
  • Yüklənmə zamanı ağrıların güclənməsi və oynaqların sürətlə yorulması qeyd olunur.
  • Hərəkət zamanı oynaqda küy, cırıltı və ya şıqqıltı yarana bilər.
  • Gecə ağrıları, adətən, səhərə yaxın meydana çıxır.
  • Fəsadlaşma dövründə oynaq nahiyəsi şişkin və qızarmış olur.
  • Oynağın qeyri-stabilliyi səbəbindən pasient tez-tez ayaqlarını bükür, bağların hissəvi cırılması və dartılması baş verir.
  • Buxovlanma və hərəkət məhdudluğu qeyd olunur.
  • Gecikmiş mərhələlərdə oynaqların ağır deformasiyası formalaşırş

Diaqnostika

Dianqoz anamnez, obyektiv müayinə və əlavə müayinələrin nəticələrinə əsaslanır. Diaqnozun qoyulmasında və artrozun dərəcəsinin müəyyənləşdirilməsində oynağın rentgenoqrafiyası həlledici rol oynayır. Oynaq yarığının daralması, oynaq səthinin kənarlarının proliferasiyası (osteofitlər) artrozdan xəbər verir. Gecikmiş mərhələlərdə kistayabənzər törəmə və sümüklərin subxondral zonalarında (qığırdağın altında) osteoskleroz aşkarlanır. Mürəkkəb hallarda sümük strukturlarının vəziyyətini daha dəqiq qiymətləndirmək məqsədilə pasient kompyuter tomoqrafiyaya, yumşaq toxumaların müayinəsi üçün isə maqnit-rezonans tomoqrafiyaya yönləndirilir. Ehtiyac olduqda artrozun səbəblərinin aşkarlanması və başqa xəstəliklərlə differensial diaqnostikası məqsədilə müxtəlif mütəxəssislərin: nevroloq, revmatoloq, endokrinoloq konsultasiyası təyin olunur.

Aşıq-baldır oynağının artrozunun müalicəsi

Patologiyanın müalicəsi uzunmüddətli və kompleksdir. Pasientlər, adətən, həkim-ortoped tərəfindən ambulator müşahidə olunur. Ağırlaşma dövründə ortopediya şöbəsinə hospitalizasiya mümkündür. Artrozun proqressivləşməsinin ləngidilməsində həyat tərzi və düzgün hərəki aktivlik rejimi mühüm rol oynayır. Buna görə də pasientə çəkini azaltmaq və ayaqlara düşən yükü optimallaşdırmaq tövsiyə olunur. Xəstəliyin təzahürlərini və mərhələsini nəzərə alaraq hazırlanmış müalicəvi bədən tərbiyəsi təyin olunur. Xəstə fizioterapiyaya yönləndirilir. Artrozun müalicəsində massaj, UYT terapiya, lazreoterapiya, isti prosedurları (ozokerit, parafin), dərman elektroforezi və ultrafonoforez tətbiq olunur.

Dərman müalicəsi də xəstəliyin simptomları və mərhələləri nəzərə alınmaqla seçilir. Fəsadlaşma dövründə ümumi təsirli qeyri-steroid iltihab əleyhinə preparatlar (indometasin, meloksikam, diklofenak) təyin olunur. Bu qrupa aid olan dərmanlar mədənin selikli qişasına mənfi təsir göstərir; buna görə də həzm sisteminin xəstəlikləri zamanı “qoruyucu” dərmanlar (selekoksib, nimesulid) təyin olunur və ya QSİƏP məlhəm şəklində xaricə istifadə olunur. İltihab əleyhinə preparatlarla yanaşı məlhəm və gel şəklində yerli ağrıkəsicilər tövsiyə olunur. Dərmanlar vasitəsilə dəf edilməyən güclü ağrı sindromunda kortikosteroidlər oynaqdaxilinə yeridilir; bu preparatlar ildə 4 dəfədən çox təyin olunmamalıdır.

Bütün bu maddələr yalnız ağrını və iltihabı dəf edir, lakin artrozun səbəbinə təsir göstərmir. Buna görə də pasientlərə sadalanan preparatlarla yanaşı xondroprotektorlar (qığırdaq toxumasında maddələr mübadiləsini normallaşdıran preparatlar) təyin olunur. Xondroprotektorlar qrupuna aid olan dərman maddələri məlhəm, gel və venadaxili yeridilmə üçün nəzərdə tutulmuş formada təyin olunur. Qlükozamin və kollagen hidrolizatı tərkibli preparatlardan istifadə olunur. Yerli qan dövranını yaxşılaşdırmaq və toxuma mübadiləsini aktivləşdirmək məqsədilə pentoksifillin və nikotin turşusu təyin olunur.

Konservativ müalicə effektsiz olduqda oynaqların cərrahi müalicəsi aparılır, endoprotezləmə həyata keçirilir. Qığırdaq xeyli zədələndikdə artroskopik xondroplastika icra olunur. Sanasion artroskopiya, adətən, artrozun ikinci mərhələsində güclü ağrılar zamanı həyata keçirilir. Cərrahi əməliyyat zamanı ortoped artroskopun köməyilə ağrı törədən və oynaqda hərəkəti məhdudlaşdıran sərbəst  qığırdaq hissəciklərini, osteofitləri və başqa törəmələri oynaq boşluğundan xaric edir. Cərrahi müdaxilənin effekti bir neçə il ərzində saxlanır.

Oynaq səthinin ağır zədələnmələrində aşıq-baldır oynağının artrodezi (oynağın ləğv edilməsi, baldır və pəncə sümüklərinin “birləşdirilməsi”) həyata keçirilə bilər. Nəticədə ağrılar sönür, ətrafların dayaq funksiyası bərpa olunur. Bu metodu fizioloji  metod hesab etmək olmaz. Belə ki, xəstə başqa oynaqların hərəkəti hesabına ətrafdan istifadə edə bilər, lakin bu, hərəkət zamanı çətinliklər yaradır və əmək qabiliyyətini xeyli məhdudlaşdırır. Artrozun gecikmiş mərhələlərində daha effektli və fizioloji cərrahi əməliyyat endoprotezləmədir (sümüklərin zədələnmiş səthinin kənarlaşdırılması və onların plastik, metallik və ya keramik protezlərlə əvəzlənməsi). Belə müdaxilədən sonra hərəkət tamamilə bərpa olunur, protez 20-25 il ərzində istifadə oluna bilər.

Leave a reply