Başgicəllənmə (Vertigo)

Vertigo xalq arasında başgicəllənmə adlandırılan şikayətdir. Xəstə ətrafının və özünün fırlandığını hiss etdiyini deyir. Bəzən bu elə şiddətli olur ki xəstə heç bir hərəkət edə bilmir, ürəkbulanması və qusma halları baş verir. Bundan başqa ingiliscə “dizziness” adlandırılan lakin azərbaycanca qarşılığı olmayan ani və ya davamlı olaraq hiss edilən başda boşluq hissi, ağırlaşma hissi və ya buna bənzər gün ərzində ayaqüstü keçirilən şikayətlər də ola bilər. Xəstələrimizin bəziləri bunu da baş gicəllənməsi adlandırırlar.

VERTIGO XƏSTƏLİK DEYİL, xəstəlik əlamətidir.

Bunu başa düşməyimiz üçün “tarazlığımızı necə saxlaya bilərik?” sualını cavablandırmaq lazımdır. Tarazlığı saxlamaq üçün dörd sistem bir biri ilə əlaqəli şəkildə faəliyyət göstərir. Bunlar:

– Daxili qulaqda eşitmə orqanı olan ilbizə bitişik yerləşmiş üç ədəd yarımdairəvi kanallar.

– Gözlər,

– Dərin hissiyyat deyilən, əzələ və oynaqlardan ötürülən siqnallar.

Bütün bu sistemlərdən gələn siqnalları qiymətləndirən və tarazlığı tənzimləyən, mərkəzi sinir sistemi olaraq ifadə edilən beyincik və baş beyindir.

ƏLAMƏTLƏRİ

Vertigo anidən ortaya çıxa biləcəyi kimi xəstəlikdən asılı olaraq uzanıb-qalxmaqla, bəzi stimullaşdırıcı hərəkətlərlə, daxili qulağa zərərli olan dərmanları istifadə etməklə, hətta yağlı və duzlu yeməklə də ortaya çıxa bilər.

SƏBƏBLƏRİ

Apardığımız araşdırmalarda vertigonun səbəbinin ən çox daxili qulağın və daxili qulaqla beyinciyi əlaqələndirən tarazlıq sinirinin xəstəlikləri olduğunu müəyyənləşdirdik. Bunları ardıcıllıqla mərkəzi sinir sisteminin xəstəlikləri, dərin hissiyyat və göz xəstəlikləri izləyirdi. Bundan başqa başgicəllənmənin populyasiyamızın dörddə birinə qədər yüksək bir hissəsində müşahidə olunduğunu qeydə aldıq.

DİAQNOZ

Vertigoya səbəb olan xəstəliyin diaqnozunu təyin etmək üçün ümumi bir fiziki müayinədən başqa tarazlıq testləri, vibrasiya testləri, laborator-biokimyəvi qan analizləri,xarici qulaq keçəcəyinə isti, soyuq hava və su tətbiq etmə, elektronistaqmoqrafiya (ENG), yeri gəldikdə posturoqrafiya, kompyuter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, rentgenoqrafiya kimi radioloji müayinələr aparılır.

MÜALICƏ

Vertigo tutmalarının müalicəsi ayrı, xəstəliyin müalicəsi ayrı aparılır. Lazım gələrsə müayinə və müalicələr stasionar rejimdə həyata keçirilir. Xroniki tarazlıq xəstəliklərində reabilitasiyanın rolu böyükdür. Reabilitasiya ilə beyinə, tarazlıq orqanlarında müalicə olunması mümkün olmayan dəyişikliklər olduqda belə tarazlığı yenidən saxlamaq öyrədilir.

Nəticə olaraq düzgün diaqnoz qoyulduqda, vertigo əksər hallarda aradan qaldırılır və ya tutmaların qarşısı alınaraq xəstənin rahatlaşmasına nail olunur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur