Skoliozun inkişafı və proqressivləşməsi baxımından ən təhlükəli dövr intensiv böyümə mərhələsi hesab olunur: 4-6 və 10-14 yaş arası. Oğlanlarda 11-14, qızlarda isə 10-13 yaşlarda baş verən cinsi yetişkənlik zamanı uşağın sağlamlığına xüsusi diqqət yetirmək lazımdır. Rentgenoloji müayinə vasitəsilə təsdiqlənmiş I dərəcəli (əyilmə bucağı 10 dərəcədən az olan) skolioza malik uşaqlarda bu dövrdə skoliotik deformasiyanın proqressivləşmə ehtimalı yüksəlir.

Skoliozu qamətin pozulması ilə qarışdırmaq olmaz. Qamət pozğunluğunu adi idman hərəkətləri, masa araxasında düzgün oturma qaydasına riayət etmə və digər buna oxşar tədbirlərin köməyilə aradan qaldırmaq mümkündür. Skolioz isə xüsusi müalicə tələb edir.

Yaranma səbəbləri

Patologiya böyümə dövründə (uşaqlıq və yeniyetmə) yaranan deformasiyalardan sayılır. Yayılma tezliyinə görə I yerdə mənşəyi məlum olmayan idiopatik skolioz dayanır. Bu xəstəlik bütün skolioz hallarının təxminən 80%-ni təşkil edir. Oğlanlara müqayisədə qızlarda skolioza 4-7 dəfə çox rast gəlinir. Qalan 20% hallarda əsasən onurğanın anadangəlmə deformasiyaları, metabolik pozğunluqlar, birləşdirici toxumanın xəstəlikləri, ağır travmalar, ətrafın amputasiyası, ayaqların fərqli uzunluğa malik olması nəticəsində formalaşan skolioz qeydə alınır.

Təsnifat

Vertebrologiya, travmatologiya və ortopediya sahəsində skoliozun bir neçə təsnifatı mövcuddur. Skoliozun formaları 2 böyük qrupda cəmləşdirilir: struktur və qeyri-struktur. Struktur formadan fərqli olaraq, qeyri-struktur skoliozda onurğanın yana doğru əyriliyi fəqərələrin davamlı patoloji rotasiyası ilə müşayiət olunmur.

Yaranma səbəblərinə əsasən qeyri-struktur skoliozların aşağıdakı formaları ayırd edilir:

  • Qamət skoliozu– qamət pozğunluğu ilə əlaqədar formalaşır, önə əyildikdə və ya uzanıqlı vəziyyətdə rentgenoqrafiyada nəzərə çarpmır.
  • Reflektor skolioz– ağrı sindromu zamanı pasiyentin məcburu vəziyyət alması nəticəsində yaranır.
  • Kompensator skolioz– aşağı ətrafın qısalması ilə bağlı olur.
  • İsterik skolioz– psixogen mənşəli olur, nadir hallarda müşahidə edilir.

Etioloji amil nəzərə alınmaqla, struktur skoliozları bir neçə qrupa bölünür:

  • Travmatik – dayaq-hərəkət aparatının travmaları ilə əlaqədar inkişaf edir.
  • Çapıq – yumşaq toxumaların kobud çapıq dəyişiklikləri nəticəsində meydana çıxır.
  • Miopatik – əzələ sisteminin xəstəlikləri, məsələn, miopatiya və ya proqressivləşən əzələ distrofiyası ilə assosiasiyalı olur.
  • Neyrogen – neyrofibromatoz, sirinqomieliya, poliomielit və s. fonunda yaranır.
  • Metabolik – mübadilə pozğunluğu və orqanizmdə bəzi maddələrin çatışmazlığı səbəbindən baş verir. Məsələn, raxit zamanı formalaşa bilər.
  • Osteopatik – onurğanın anadangəlmə inkişaf anomaliyaları ilə bağlı olur.
  • İdiopatik – etiologiyasını müəyyən etmək mümkün olmur. Bu diaqnoz skoliozun bütün səbəbləri istisna olunduqdan sonra qoyulur.

Yaranma müddətinə əsasən idiopatik skoliozlar 3 qrupa ayrılır:

  • İnfantil – 1-2 yaşda inkişaf edir.
  • Yuvenil – 4-6 yaş arasında meydana çıxır.
  • Yeniyetməlik (adolessent) – 10-14 yaşlarda yaranır.

Əyilmə formasına görə «C» (1 qövs),  «S» (2 qövs) və «Z» şəkilli (3 qövs) skoliozlar ayırd edilir. Sonuncu formaya nadir hallarda rast gəlinir.

Onurğa əyriliyinin lokalizasiyasından asılı olaraq, aşağıdakı formalar qeydə alınır:

  • Boyun-döş (əyriliyin zirvəsi III-IV döş fəqərələri səviyyəsində olur)
  • Döş (əyriliyin zirvəsi VIII-IX döş fəqərələri səviyyəsində yerləşir)
  • Döş-bel (əyriliyin zirvəsi XI-XII döş fəqərələri səviyyəsində olur)
  • Bel (əyriliyin zirvəsi I-II bel fəqərələri səviyyəsində yerləşir)
  • Bel-oma (əyriliyin zirvəsi V bel və I-II oma fəqərələri səviyyəsində olur).

Və ən nəhayət gediş xüsusiyyətinə görə proqressivləşən və proqressivləşməyən skoliozlar ayırd edilir.

Skoliozun əlamətləri

Patologiyanın başlanğıc mərhələləri simptomsuz gedir. Bu səbəbdən aşağıdakı əlamətlərə fikir vermək lazımdır: çiyinlərdən biri digərindən yuxarıda yerləşir; uşaq əllərini yan tərəflərə birləşdirib arxası üstə yatdıqda əl ilə bel arasındakı məsafə sağ və sol tərəfdə fərqli olur; kürək sümükləri qeyri-simmetrikliyi ilə seçilir – qabarıq hissədə kürək sümüyü onurğaya yaxın yerləşir; önə əyildikdə onurğanın deformasiyası aydın şəkildə nəzərə çarpır.

Çaklinin tərtib etdiyi təsnifat həm klinik, həm də rentgenoloji əlamətlərə əsaslandığından xəstəliyin əlamətləri aşkarlandıqda ondan istifadə etmək mümkündür. Təsnifata görə skoliozun 4 dərəcəsi mövcuddur:

  • I dərəcə – əyilmə bucağı 10 dərəcədən az olur. Xəstələrdə aşağıdakı klinik və rentgenoloji əlamətlər müşahidə edilir: belin bükülməsi, başın aşağıya sallanması, asimmetrik bel üçbucağı və çiyinlər. Rentgen şəkillərdə fəqərə torsiyasına yüngül meyllik izlənilir.
  • II dərəcə – əyilmə bucağı 11-25 dərəcə arasında olur. Onurğanın əyriliyi bədən vəziyyətinin dəyişilməsi ilə aradan qalxmır. Əyrilik olan tərəfdə çanağın yarı hissəsi aşağı enir, döş şöbəsində isə qabarıqlıq yaranır. Bel üçbucağı və boyun konturları asimmetrik olur. Rentgenoqrammada fəqərələrin torsiyası  müşahidə edilir.
  • III dərəcə – əyilmə bucağı 26-50 dərəcə arasında olur. II dərəcəyə xas olan əlamətlərlə yanaşı qabarıq ön qabırğa qövsü və qabırğa donqarlığı diqqəti cəlb edir. Qarın əzələləri zəifləyir. Əzələ kontrakturalarına rast gəlinir. Qabırğalar içəri batır. Rentgen şəkildə fəqərələrin ifadəli torsiyası izlənilir.
  • IV dərəcə – əyilmə bucağı 50 dərəcədən artıq olur. Onurğanın kəskin deformasiyası nəzərə çarpır. Yuxarıda sadalanan əlamətlər güclənir. Əyrilik olan hissədə əzələlər gərilir. Qabırğa donqarlığı və deformasiyanın qabarıq zonasında qabırğaların içəri batması qeydə alınır.

Diaqnostika

Fizikal müayinə

Skoliozun əlamətlərinə rast gəlindikdə müayinə və müalicə məqsədilə mütləq mütəxəssisə müraciət olunmalıdır. Müayinə ayaq üstə, oturaq və uzanıqlı vəziyyətdə aparılır.

Ayaq üstə dayandıqda kifoz və aşağı ətrafların uzunluğu ölçülür. Ayıq-baldır, diz və bud-çanaq oynaqlarının, onurğanın bel şöbəsinin hərəkətliliyi, bel üçbucaqlarının simmetrikliyi qiymətləndirilir. Çiyin və kürək sümüklərinin vəziyyətinə diqqət yetirilir. Döş qəfəsinə, qarın, çanaq və bel nahiyəsinə baxış keçirilir. Əzələ tonusu, qabırğaların deformasiyası və s. müəyyənləşdirilir. Pasiyent önə əyildikdə onurğanın asimmetriyası aşkar edilir.

Oturaq vəziyyətdə onurğanın uzunluğu ölçülür, bel lordozunun dərəcəsi təyin edilir. Çanağın vəziyyəti qiymətləndirilir. Onurğanın yana doğru əyriliyi üzə çıxarılır.

Uzanıqlı vəziyyətdə qabırğa qövsünün əyriliyinin dəyişməsi, qarın əzələləri və daxili orqanlar təhlil edilir.

Rentgenoqrafiya

Skoliozun əsas instrumental müayinə üsulu onurğanın rentgenoqrafiyasıdır. Skoliotik əyrilikdən şübhələndikdə ildə minimum 1-2 dəfə rentgen müayinəsi aparılmalıdır. İlkin rentgen şəkil ayaq üstə çəkilə bilər. Sonrakı müayinələr isə mülayim dartınma ilə uzanıqlı vəziyyətdə 2 proyeksiyada yerinə yetirilir.

Rentgenoqrammanı təhlil edərkən Kobb üsulu ilə əyrilmə bucaqları ölçülür. Bu məqsədlə birbaşa rentgenoqrammada deformasiyada iştirak etməyən neytral fəqərə cisimlərinin qapayıcı lövhələrunə paralel 2 xətt çəkilir. Sonra isə onların əmələ gətirdiyi bucağın dərəcəsi təyin edilir.

Bundan əlavə rentgen şəkildə skolioza xas olan aşağıdakı xüsusiyyətlər aşkarlanır:

  • Onurğanın əyilmiş hissəsinin əsasını təşkil edən deformasiyaya uğramayan bazal fəqərələr
  • Əyrilik qövsünün (həm əsas, həm də ikinci) ən yüksək nöqtəsində yerləşən kulminasion fəqərələr
  • Əsas əyriliklə qarşı tərəf arasında keçid zonasında olan çəp fəqərələr
  • Çəp və kulminasion fəqərələr arasında yerləşən aralıq fəqərələr
  • Onurğanın deformasiya prosesində iştirak etməyən neytral fəqərələr.

Ehtiyac yarandıqda torsiya (fəqərə cisminin öz oxu boyunca fırlanması) və rotasiya (fəqərələrin bir-birinə nəzərən fırlanması) ölçülür. Torsion bucaq Neş-Mo və ya Raymondi üsulu ilə təyin edilir.

Qeyri-radiasion instrumental üsullar 

Aktiv böyümə dövründə onurğa tez-tez müayinə olunmalıdır. Rentgen şüalanmasının dozasını azaltmaq üçün təhlükəsiz qeyri-radiasion üsullardan, o cümlədən ultrasəs və ya kontank sensorla üçölçülü müayinədən, Bunnelyu metodu ilə skoliometriyadan, kürək profilinin fotooptik ölçülməsindən istifadə edilir.

Həmçinin az şüalanma (şüalanma vaxtını məhdudlaşdırmaqla) rentgen müayinə icra oluna bilər. Bu zaman rentgenoqrammada kiçik detallar görünməsə də, şəkillər üzrə əyilmə bucağını təyin etmək mümkündür. Skoliozun yaranma səbəbini aşkar etmək üçün onurğanın MRT-si aparılır.

Skoliozun müalicəsi

Pasiyentlər həkim-vertebroloq və ya ortoped tərəfindən müalicə olunmalıdır. Xəstəliyin sürətlə proqressivləşməsi və daxili orqanların vəziyyətinə təsir etməsi ilə əlaqədar müalicə vaxtında və düzgün formada aparılmalıdır. Ehtiyac yarandıqda pasiyent digər mütəxəssislərin: pulmonoloq, kardioloq və s. qəbuluna yönəldilir. Yaranma səbəbi və ifadəliyindən asılı olaraq, skolioz konservativ və ya cərrahi yolla müalicə olunur.

Konservativ terapiya

Travma, ətrafların qısalması və buna bənzər digər səbəblərdən yaranan skolioz zamanı ilk növbədə etioloji amil aradan qaldırılır. Məsələn, ayaqların uzunluğu arasındakı fərqi kompensasiya etmək üçün ortopedik ayaqqabıdan istifadə olunur. Neyrogen və miopatik skoliozlarda konservativ terapiya az effektiv olur, cərrahi müalicə göstəriş sayılır.

İdiopatik skoliozların konservativ müalicəsi skolioz əleyhinə gimnastika və korset vasitəsilə həyata keçirilir. Əyrilmə bucağı 15 dərəcədən az olduqda və rotasiya aşkarlanmadıqda xüsusi idman hərəkətləri yerinə yetirilir. Böyümə prosesi başa çatmayan pasiyentlərdə 15-20 dərəcəli əyrilmə bucağına və rotasiyaya rast gəlindikdə gimnastikaya korsetoterapiya əlavə olunur. Həkim təyinatına əsasən korset yalnız gecələr və ya daim taxılır. Böyümə dövrü sona çatdıqda korsetə ehtiyac yaranmır.

Əyilmə bucağı 20-40 dərəcədən çox olan proqressivləşən skolioz zamanı stasionar müalicə göstəriş sayılır. Böyümə prosesi davam etdikdə derotasiyaedici korsetoterapiya (gün ərzində 16 saatdan az olmamaqla, optimal hal – 23 saat) və intensiv gimnastika məsləhət görülür.

Cərrahi müalicə

Əyilmə bucağı 40-45 dərəcədən yüksək olduqda cərrahi müalicə tələb olunur. Əməliyyata göstərişlər fərdi qaydada təyin edilir, skoliozun yaranma səbəbindən, xəstənin yaşından, onun fiziki və psixoloji vəziyyətindən, deformasiyanın növ və lokalizasiyasından, eləcə də konservativ müalicənin effektivliyindən asılı olur.

Əməliyyatın mahiyyəti metal konstruksiyaların köməyilə onurğanın əyriliyinin müəyyən bucağa qədər düzləndirilməsindən ibarətdir. Bu zaman cərrahi müdaxilənin aparıldığı hissə hərəkətsizləşdirilir. Onurğa xüsusi lövhələr, millər, qarmaq və vint vasitəsilə fiksə edilir. Onurğaya daha düzgün forma vermək və konsolidasiyanı yaxşılaşdırmaq məqsədilə sümük transplantatlarından istifadə edilir. Skoliozun cərrahi müalicəsi transtorakal, dorsal və ya torakofrenolümbotomiya yolu ilə aparıla bilər.

Leave a reply