Klassik Masaj
Klassik masaj – ən çox yayılmış masaj növüdür. Dörd əsas üsulla – sığallama, ovxalama, vibrasiya və ovuşdurma ilə həyata keçirilir. Klassik masaj bəzi ağrıları, uyuşmaları, zədə almış əzələləri bərpa etmək üçün tətbiq olunur. Bununla yanaşı, belə masaj əzələlərin fəaliyyətini bərpa edir, oynaq bağlarını bərkidir. Psixofizioloji durumu və immuniteti möhkəmləndirmək üçün də klassik masajın köməyi çox böyükdür.
İdman Masajı
Bu idmançılara tətbiq olunan masaj üsuludur. Bu masaj növü idmançıların aktivliyinə, əzələ tonusunun yüksək olmasına və iş qabiliyyətinin yaxşılaşmasına xidmət edir. Idman masajı idman məşqlərinin ayrıca hissəsi sayılır.
Idman masajı digər masaj növləri kimi müəyyən hissələrə bölünür. Onlar aşağıdakılardır:
1. Hazırlıq masajı
2. Bərpa masajı
Hazırlıq masajı adından da göründüyü kimi yarışlardan qabaq olunur və o idmançıları yarışa hazırlamaq məqsədi daşıyır. Əzələ tonusunu yüksəldir, bədənin fiziki gücünü artırır.
Bərpa masajı idmançının itirdiyi gücü, enerjini bərpa etməyə xidmət edir. Bu masaj növü bədəndən gərginliyi çıxardır əzələ tonusunu artırır və idmançını növbəti yarışa hazırlıyır.
Müalicəvi Masaj
Müalicəvi masajın məqsədi müxtəlif zədələri və xəstəlikləri müalicə etməkdir. Onun tətbiqi orqanizmdəki funksional pozuntuların xarakterindən asılı olaraq dəyişir. Bu masajın özünəməxsus metodikası, göstəricisi var. Müalicəvi masaj fizioterapevtik müalicənin ən məşhur və effektli metodlarından biri olaraq, həm ümumi, həm də lokal olur.
Müalicəvi masajın təsiri çoxşaxəlidir: ürək-damar sistemini möhkəmləndirir, qan dövranını, ürəyin işini yaxşılaşdırır, stress, yorğunluq, durğunluğu və psixoemosional həyəcanı aradan qaldırır, oynaq və dayaq-hərəkət aparatına müsbət təsir göstərir, mərkəzi və periferik əsəb sisteminə xeyirlidir, maddələr mübadiləsini yaxşılaşdırır, sağlamlığı möhkəmləndirir, immuniteti stimullaşdırır. Müalicəvi masaj müxtəlif xəstəliklərin profilaktikası üçün həm sağlam adamlara, həm də bronxial astma, radikulit, iflic, osteoxondrozdan əziyyət çəkən xəstələrə çox kömək edir.