Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ağırlıq dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsürat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün qısalmasına gətirib çıxara bilər.
Müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir.

Serebral iflicin yaranma səbəbləri
Uşaq serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:
1.Hamiləlik dövründə:
– Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes,sitomeqalovirus, toksoplazmoz və s) Ananın hamiləliyin ilk aylarında infeksion, xüsusən virus xəstəliklər keçirməsinin böyük əhəmiyyəti var. Ekzantem infeksiyalar – məxmərək, herpes, kəskin respirator virus infeksiyaları, hətta anada yüngül, simptomsuz keçdikdə, döldə müxtəlif ağırlıqda beynin patologiyasını törədə bilər. İnfeksion proses dölə hematogen yolla (cift vasitəsilə) keçə bilər. Ananın infeksion xəstəliklərindən sonra döldə degenerativ dəyişikliklər gedir. Beynin hansı inkişaf dövründə patologiyaya uğramasından asılı olaraq müxtəlif qüsurlar, eybəcərliklər və inkişafdanqalma halları yaranır.
– Rezus konflikt
– Ananın səhhətində olan problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar,anemiya,stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )
Hamilə qadınlara nəzarət edən həkimlər bilməlidirlər ki, yuxu dərmanları, qusmaya qarşı preparatlar, antibiotiklər dölə, ilk növbədə, onun sinir sisteminə toksiki təsir göstərə bilər. Dölün normal inkişafı, xüsusən onun beyni, vitamin, mikroelementlər mübadiləsi pozulduqda, qanda şəkərin miqdarı aşağı olduqda, nuklein turşularının quruluşu və tərkibi dəyişdikdə pozulur. Dölün bilavasitə zədələnməsinə travma səbəb ola bilər. Qan dövranının pozulması ciftin qismən ayrılması, onda qansızmaların olması, beynin qidalanmasının pozulması və onun inkişaf qüsuru ilə əlaqədardır.
– Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
– Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)
2. Doğuş zamanı:
– Dölün asfiksiyası
– Doğuş travması
– Vaxtından əvvəl doğuşlar
– Gec doguşlar
Doğuş zamanı beyin fəaliyyətinin pozulmaları – intranatal uşaq serebral iflicləri çox vaxt travma mənşəli olur. Məsələn, doğuş fəaliyyətinin zəif olması nəticəsində çətin doğuş, göbək venasının boyuna dolanması, doğuş asfiksiyasının müxtəlif dərəcəsi və sair. Bütün bu amillər uşağın beyin fəaliyyətinin pozulmasını törədə bilər: “Beynin zədələnməsi təkcə çətin doğuş zamanı deyil, tez və vaxtından qabaq olan doğuşlarda da rast gəlinir. Doğuş travması beynin maddə və qişalarında qansızma yaradır, beyin maddəsi parçalanır, nekrozlaşır, bunlar beynin gələcək inkişafını pozur və uşaq serebral iflicinin yaranmasına səbəb olur”.
3. Doğuşdan sonra
– İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti
– Beyin infeksiyaları
– Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
– Beyin travmaları. Beyinə qansızma
– Məişət zəhərlənmələri
– Beyində şişlərin olması.

Serebral iflicin formaları və klinikası:
USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır. Bu pozğunluqların aşağıdakı qrupları ayırd edilir:
1.Spastiklik – əzələ tonusunun yüksəlməsi
– monoplegiya– bir ətrafda təzahür olunan zədələnmə
– hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.
– diplegiya (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.
– tetraplegiya – yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəifgörmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur .
70-80% hallarda spastik formaya rast gəlinir.
2. Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.
3. Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması
4. Qarışıq forma
Xəstəliyin spastik diplegiya forması çox vaxt doğuş zamanı zədələnmələr nəticəsində meydana çıxır, bu da bətndaxili pozulmalarla da əlaqələndirilir. İlk aylarda mərkəzi ifliclər uşaqların əlləri və ayaqlarında davam edir, sonralar əllərdə hərəkətlər bərpa olunur, əsasən ayaqların iflicləri üstünlük təşkil edir. Ayaqlarda yaxınlaşdırıcı və açıcı qrup əzələlərdə tonus daha çox yüksəlir. Bununla əlaqədar ayaqlar açılmış və bir-birinə yaxınlaşmış, bəzən çarpaz vəziyyətdə olur. Uşaq fiziki inkişafdan qalır, onun oturma, durma və gəzməsi xeyli ləngiyir.
Budu yaxınlaşdıran əzələlərin kəskin gərginliyi və baldırın ara əzələlərinin kontrakturu nəticəsində belə xəstələrin yerişi qəribə olur. Xəstə yeriyərkən ayaqlarının altına deyil, barmaqlarına istinad edir, dizlər bir-birinə toxunur və yeriyərkən sürtülür. Qollarda da tonus artır, onlar gövdəyə yaxınlaşdırılmış, dirsək oynaqlarında azca bükülmüş olur. Qollarda hərəkətlərin həcmi və qüvvəsi azalır. Vətər refleksləri şiddətli güclənir, bəzən kontraktura nəticəsində bu və ya digər vətər refleksini yaratmaq olmur. Adətən, patoloji reflekslər müşahidə edilir. Ətraflar inkişafdan qalır, atrofiya, osteoporoz (sümüyün dağılması) inkişaf edir. Spastik diplegiyası olan uşaqlarda ilk günlərdə ümumi qıcolma tutmaları baş verir. Bir müddət sonra böyük və kiçik epileptik tutmalar olur. Epileptik tutmalar baş verdikdə xəstəliyin gedişi kəskinləşir. Tədricən xəstədə kəkələmə başlayır
Persepsiv (anlama) pozğunluqlar – çox zaman serebral iflic hissiyat orqanlarının funksiyasının pozulması ilə müşaiyət olunur. Görmə, eşitmə, lamisə vasitəsilə duyma qabiliyyəti normal olsa da, bu hisslərin düzgün izah etmə qabiliyyəti olmur. Belə uşaqlarda təhrif edilmiş qavrama qeyd olunur: məs. gözüyumlu vəziyyətdə onlar ətraflarını kontrol etməyi bacarmırlar, bədənlərinin ölçülərini, hüdüdlarını anlaya bilmirlər, şəkil ilə reallıqda olanı bənzətmək qabiliyyəti, əşyaların məkanda vəziyyətinin, onların arasında olan məsafənin və yerinin anlamasında çətinlik çəkirlər. Serebral iflic uşağın hərəkətinə və bədən vəziyyətinə təsir göstərən və proqressivləşməyən bir haldır.
Baş beyin zədələnməsi -baş beynin zədələnməsi nəticəsində əmələ gələn uşaq serebral iflici döllərdə, yeni doğulan uşaqlarda, yaxud uşaqların ilk aylarında ortaya çıxır. İflic xəstəliyi zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi), qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Psixi pozulmalar müxtəlif şəkildə – yüngül geridə qalmadan imbesil (əqli zəifliyin növü) dərəcəsinə qədər çata bilir.
Psevdobulbar formalı USİ zamanı sorma, udma, çeynəmək aktları pozulur, dodaq, dil və üzün hərəkəti məhdudlaşır. Bu formadan əziyyət çəkən uşaqlarda boğulma, çeçəmə olur, süd çox vaxt burnundan tökülür, ağzını yaxşı yuma bilmir, dili kənara çıxır, ağzından selik tökülür. Böyük uşaqlarda isə iflicin başqa əlamətləri: məcburi gülüş, yaxud ağlama, nitqin pozulması, tıntınlıq müşahidə olunur.
Xəstəliyin beyincik formasında ən çox beyinciyin özü və onun yolları pozulduğu üçün müvazinət pozğunluqları, hecavi nitq və digər simptomlar meydana çıxır. Uşaq gəzə bilmir, ayaqlarını geniş qoyaraq, nəyə isə istinad edərək dayanır. Vətər refleksləri yüksəlir. Qarışıq formalarda müxtəlif dərəcəli beyincik pozulmaları piramid və ekstrapiramid simptomlarla yanaşı gedir.

Diaqnostika:
Laborator diaqnostikanın (qanın və sidiyin ümumi klinik analizləri) ancaq köməkçi vasitə kimi əhəmiyyəti var. Buna görə də USİ-nin profilaktikası məqsədilə hamilə qadınların müayinəsi və müşahidəsi ən vacibli tədbir hesab olunur.
Şübhə doğuran əlamətlər
Qidalanmada çətinlik
Oyanıqlıq ,əsəbilik
1,5 aylığında və daha sonra uşaq başını saxlaya bilmir
Hərəki bacarıqların inkişafında ləngimə
Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi
Oyuncaqlara tərəf dartinmaması (4 ayından sonra)
Müəyyən vaxt çərçivəsindəuşağın bir vəziyyətdə donub qalması və ya qeyri-iradi hərəkətlər etməsi
Ana ilə kontakta girməməsi, döşdən vaxtından əvvəl imtina etməsi

Erkən diaqnoz
Spastik tetraplegiya – 6 aylığında yüksək əzələ tonusu, baş barmağın bükülməsi, 1-2 ay sonra ayaqların çarpazlaşması, 9 aylığında diffuz spastiklik və vətər reflekslərinin həddən artiq artması
Diskinetik USi – 8 ayına qədər müəyyən olunmur
Ataksik USi-gec müəyyən oluna bilir
Ümumilikdə USi-nin dəqiq diaqnozunun 10 aylığında qoyulması nəzərdə tutulur
Diaqnozun qoyulmasına kömək edir :
– Hamiləliyin qeyri- normal keçməsi,doğuşun gedişi, neonatal period haqqında məlumatlar
– Bir sira xəstəliklər və travmaların olması
– Uşağın erkən şərtsiz reflekslərinin yoxlanması (məs:avtomatik yerimə,ovuc-agız refleksi
və s.)

Müalicə
Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar.
Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, massaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.
Serebral iflici olan uşaqlar bir qayda olaraq aşağıdakı müdaxilə növlərinə ehtiyac duyurlar:
• Fiziki terapiya;
• Əmək terapiayası;
• Nitq-dil patalogiyası;
Fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsil geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s., nitq-dil patalogiyası zamanı isə dil və boğaz əzələlərinin gərilməsi ilə əlaqədar danışmaqda çətinlik çəkərsə ünsiyyət bacarığında problemlər varsa bunlar üzərində işlənilir.
Bütün bu fəaliyyətlərdə valideynlərin dəstəyinə ehtiyac duyulur. Bir valideyn kimi övladınıza qarşı sevgili olun, onunla oynayın, onu anlamağa çalışın. Səbirli və təmkinli olun. Övladınızın yaxşılaşmasına ümid bəsləməkdə davam edin. Yardımçı ola biləcək yeni müalicələr vətexnologiyalar haqqında məlumatlar toplayın. Ancaq sınaqdan keçməmiş “yeniliklər”ə qarşı ehtiyatlı olun. Hər bir uşaq kimi sizin də övladınızın qarşısında öyrənmək və inkişaf etmək üçün tam bir ömür müddəti vardır.

Leave a reply