Uveit göz almasının damarlı qişasının iltihabı ilə xarakterizə olunan xəstəliyin ümumi adıdır. Yunan sözü olan “uvea” – “üzüm salxımı” mənasını verir, belə ki, gözün damarlı qişasının xarici görkəmi üzüm salxımını xatırladır.

Damarlı qişa sklera və torlu qişa arasında yerləşir. O, əsasən, gözləri qanla təchiz edən damarlardan ibarətdir.  Damarlı qişanın  ön görünən hissəsi qüzeyli qişa, orta hissəsi siliar (kirpikli) cism, arxa hissəsi damarlı qişanın əsası və ya xorioideyadır. Bu toxumalar uveal traktı təşkil edir.    

Uveit – damarlı qişanın geniş yayılmış xəstəliyidir.   Bu xəstəliyin ofatalmologiyada rastgəlmə tezliyi 5-7%-dir. Əsasən, damarlı qişanın ön şöbələrində yaranan iltihab ön uveit adlanır. O, qüzeyli qişa və siliar cismi zədələyir. İltihabi ocaq uveal traktın arxa şöbələrində yaranarsa, arxa uveit əmələ gəlir. Bu zaman xoriodeya, torlu qişa və görmə siniri zədələnir.

Bəzi hallarda uveitin inkişafına səbəb infeksion (toksoplazmoz, xlamidioz, sifilis, vərəm, brusselioz və s.) və virus xəstəlikləri (sitomeqalovirus, herpes virusu və s.), həmçinin, göbələk və parazitlər səbəb olur.

Eləcə də uveitlər sistem xəstəliklər (revmatizm, revmatoid artrit, Bexterev xəstəliyi, Reyter sindromu və s.) tərəfindən törədilə bilər. Gözlərin travması da tez-tez uveitlə müşayiət olunur. Bəzi hallarda isə uveit traktı iltihabının səbəbi naməlum qalır.              

Uveitin simptomları

İltihab ocağının yerləşmə nahiyəsindən, orqanizmin müqavimətindən və infeksiyanın aqressivliyindən asılı olaraq, uveitin simtomları özünü müxtəlif cür göstərə bilər. Bu faktorların birləşməsi nəticəsində ön uveitin əlamətləri müəyyən ardıcıllıqla inkişaf edir: göz önündə seyrək “duman”, gözdə ağırlıq hissi, görmənin əhəmiyyətli dərəcədə aşağı düşməsi, gözün qızarması, ensiz, işığa reaksiya verməyən bəbək, işıqdan qorxu və gözün yaşarması, göz daxili təzyiqinin qalxması ilə müşayiət olunan kəskin göz ağrısı, gözün tamamilə kor olması müşahidə edilir. Arxa uveit zamanı əlamətlər gec yaranır və zəif ifadə olunur – ağrı və göz qızartısı müşayiət olunmur. Görmə tədricən zəifləyir və bu, göz önündə “ləkənin” əmələ gəlməsi (skotoma), “duman” və ya “pərdənin” yaranması ilə özünü göstərir.    

Uveitin diaqnostikası  

Digər xəstəliklərdə olduğu kimi, uveiti də ilkin mərhələdə müəyyən etmək mümkündür. Müalicə nə qədər tez başlayarsa, görmə qabiliyyətinə ziyan vurmadan tam müalicəyə nail olmaq şansı bir o qədər yüksək olur.     

Uveit müalicə olunmadığı təqdirdə, katarakta və ikincili qlaukoma kimi ağır xəstəlilərlə gətirib çıxara bilər.

Ön uveitdə tez-tez arxa sinexiyalar və ya bəbəyin fibroz toxuma ilə örtülməsi yaranır.

Arxa uveit şüşəvari cismin dayanıqlı bulanmasına, torlu qişa və ya göz sinirinin zədələnməsinə gətirib çıxara bilər. Patoloji prosesin o biri gözə də yayılması mümkündür.

Uveitin müalicəsi

Uveitin müalicəsilə oftalmoloq məşğul olur. Diaqnozun təsdiqlənməsi üçün gözün ön hissəsinin biomikroskopik müayinəsi, göz dibinin oftalmoskopiyası və göz strukturunun US-skanı aparılır. Uveitlərin müalicəsində çətinlik ondan ibarətdir ki, ən dəqiq müayinə aparılıdıqda belə, təxminən 30% hallarda onların əsl yaranma səbəbini müəyyənləşdirmək mümkün olmur. Ona görə də uveitlərin farmakoterapiyası ümumi patoqonik yöndə aparılaraq, özündə həm sistem, həm də yerli iltihabəleyhinə, antibakterial, damargenişləndirici, immunostimullaşdırıcı terapiya, fermentoterapiya, həmçinin, fiziomüalicəni birləşdirir.               

Bütün hallarda göz damcıları, mazlar, şəklində yerli müalicə təyin edilir konyunktiva və parabular nahiyə altına inyeksiyalar yeridilir.  

Bəzi hallarda yüksəlmiş gözdaxili təzyiqi aşağı salmaq üçün vasitələr (damcılar, hirudoterapiya) tələb olunur.

Fizioterapevtik müalicə

Uveitin müalicəsi zamanı xüsusi fiziki müalicə metodu seçilir. Fizioterapiyanın əsas məqsədi – desensibilizasiyaedici, iltihabəleyhinə, sakitləşdirici, dehidratasiyaedici, birləşmələrin qarşısını almaq və dərman preparatlarının təsir gücünü artırmaqdan ibarətdir. Yerli və ümumi medikamentoz müalicə (antibiotiklər, sulfanilamid, hormonlar, fermentlər, hemotransfuziya, osmoterapiya, antiprostoqlandin, antihistamin müalicə) ilə yanaşı fizioterapevtik metodlardan elektrofarez, diatermiya, infraruj, qısa dalğa diametriyası  və s. məsləhət görülür. 

İltihabi proses sönükdükdən sonra energetik terapiyaya başlanılır – papaverin, fibrinolizin, lekozim, aloe ilə fono və ya elektrofarez tətbiq edilir.

Leave a reply