Xroniki tonzillit kliniki təbabətin aktual problemlərindənbiridir. Damaq badamcıqlarının bu patoloji vəziyyətinə burun-boğaz həkimləriləyanaşı, pediatrlar, kardioloqlar, revmatoloqlar, allerqoloqlar, immunoloqlar,infeksionistlər, nefroloqlar və digər mütəxəssislər peşəkar maraq göstərir. Bu onunla izah olunur ki, xroniki tonzillit bir çox yanaşı gedən xəstəliklərlə əlaqəlidir– onların əmələ gəlməsinə və ya gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Əmələ gəlmə səbəbləri:

Xroniki tonzillit damaq badamcıqlarının xroniki iltihabıdır. Orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi, soyuqlama, yerli immunitetin aşağı düşməsi, allergik fon və sairə damaq badamcıqlarında olan mikroorqanizmlərin fəallığını artırır, bu isə anginaların əmələ gəlməsinə səbəb olur. Bakterial infeksiyanın təsirindən badamcıqların təkrarlanan iltihabı, immunitetin tormozlanması xroniki tonzillt ilə nəticələnir. Xroniki tonzillitin inkişafına burun tənəffüsünün çətinləşməsi (adenoidlər, burun çəpərinin əyrilyi, aşağı burun balıqqulaqlarının böyüməsi, burun polipləri) səbəb ola bilər. Yaxında yerləşən infeksiya ocaqları – xroniki adenoidlər, sinusitlər, kariyesli dişlər bu xəstəliyin inkişafında böyük rol oynayır. Xroniki tonzillitin əsas simptomları: Subyektiv simptomlara boğazda ağrı hissi, ağızdan pis qoxu gəlməsi, dövri olaraq kazeoz tıxacların əmələ gəlməsi və ya irinin badamcıqlardan ifraz olunması, quru öskürək, ümumi zəiflik, tez yorulma, fiziki və əqli imkanların zəifləməsi, bəzən hərarətin uzun müddətli yüksəlməsi aiddir.

Obyektiv simptomlar isə bunlardır:

Anamnezdə anginaların olması, badamcıq lakunalarında irinli kazeoz tıxaclar, damaq badamcıqlarında limfa və qan dövranının pozulması ilə əlaqədar ödemin əmələ gəlməsi, hiperemiyalaşması, bəzən orqanizmin hərarətinin subfebril həddə həftələrlə və aylarla qalması, regional limfa vəzilərinin böyüməsi.

 Xroniki tonzillitin iki forması var:

 • Kompensasiya olunmuş forma – xroniki iltihabın yalnız yerli əlamətləri müşahidə edilir; orqanizmin reaktivliyi, baryer funksiyaları o həddədir ki, yerli iltihabı kompensasiya edə bilir, buna görə də orqanizmin ümumi reaksiyası qeyd edilmir.

 • Dekompensasiya olunmuş forma – xroniki iltihabın yerli əlamətlərilə yanaşı, anginalar, paratonzillit, paratonzillyar abses və digər orqan və sistemlərin xəstəlikləri müşahidə edilir.

Xroniki tonzillitin bütün formaları orqanizmin infeksiyalaşmasına və allergiyalaşmasına səbəb ola bilər. Lakunalarda olan bakteriya və viruslar müəyyən şəraitdə (soyuqlama, orqanizmin müqavimətinin azalması və s.) yerli iltihabi proses, angina və hətta paratonzilyar abses əmələ gətirə bilər. Xroniki tonzillitin orqanizm üçün təhlükəsi: Tonzillitin ağırlaşmaları xəstəlik üzünmüddətli olduqda və lazımi müalicə aparılmadıqda baş verir. Badamçıqlar infeksiya ilə mübarizə apara bilmədikdə proses badamcıqətrafı toxumaya keçib paratonzilyar abses, aşağı tənəffüs yollarına keçdikdə faringit və bronxit əmələ gətirir.

 Xroniki tonzillitin dekompensasiya formasında daxili orqanlarda aşağıda qeyd olunan əhəmiyyətli dəyişikliklər baş verə bilər:

• Kollagen xəstəliklər (sistemli qırmızı qurdeşənəyi, revmatizm, sklerodermiya, hemorragik vaskulit, dermatomiozit, poliartrit);

 • tez-tez müşahidə edilən anginalar nəticəsində baş verən ürək xəstəlikləri (qazanılma ürək qüsurları, miokardit, endokarditlər);

 • mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, duodenit, kolit, mədə və onikibarmaq bağırsağın xorası);

• dermatozların əmələ gəlməsinə meyllik. Müşahidələr göstərir ki, xroniki tonzillit psoriazın klinik gedişinin ağırlaşmasına səbəb olur;

 • ağciyər xəstəliklərinin kəskinləşməsi. Pulmonoloqların qənaətinə görə, damaq badamcıqlarında mövcud olan infeksiyanın aradan qaldırılması ağciyər xəstəliklərinin 2-3 dəfə azalmasına səbəb olur;

• göz xəstəliklərinin yaranması. Belə ki, tonzillogen intoksikasiya gözün akkomodasiya aparatını zəiflədə bilər. Bu baxımdan görmə zəifliyinin profilaktikasında damaq badamcıqlarının sanasiyası böyük rol oynayır;

 • qaraciyər xəstəliklərinin əmələ gəlməsi;

 • neyro-endokrin dəyişikliklər;

• piylənmə və ya arıqlama, iştahın pozulması, hipertrixoz, menstrual siklin pozulması, potensiyanın zəfiləməsi və s.;

 • mədəaltı vəzin funksiyasının zəifləməsi və şəkərli diabet xəstəliyinin yaranması ehtimalı;

 • qalxanvarı vəzin hiperfunksiyası;

 • böyrək xəstəliklərinin (pielonefrit, qlomerulonefrit, nefrito-nefroz) yaranması;

• qızların reproduktiv sisteminə mənfi təsir.

Xroniki tonzillitin kəskinləşməsi onun kompensator formadan dekompensasiya formasına keçməsi, məhz 8-10 və 12-14 yaşlarına – reproduktiv sistemin aktivləşməsi dövrünə təsadüf edir. Aparılan müşahidələr xroniki tonzillitin qadınlarda uşaqlıq qanaxmaları, hipomenstrual sindromla əlaqəsini göstərmişdir. Hormonal fonun dəyişməsi endometrioz, adenomatoz, uşaqlıq mioması və digər xəstəliklərə də gətirib çıxara bilər. Xroniki tonzillit nəticəsində patoloji hamiləlik, toksikozlar, uşaqsalma, vaxtından əvvəl doğuş müşahidə oluna bilər;

 • xroniki tonzillitin dekompensasiya forması piylənmə ilə yanaşı getdikdə hormonal statusun dəyişməsinə və cinsi inkişafın ləngiməsinə səbəb ola bilər;

 • immunitetin əhəmiyyətli dərəcədə zəifləməsi.

İmmunitetin zəifləməsi bir neçə istiqamətdə baş verir: sinir-reflektor, bakteriemik, toksiki.

Xroniki tonzillit hətta baş beyində təbii fəal immunitetin təsirini zəiflədən autoanticisimlərin əmələ gəlməsilə nəticələnə bilər. Yuxarıda qeyd etdiklərimiz xəstə badamcıqların törətdiyi fəsadlar idi. İnsan orqanizmində sağlam damaq badamcıqlarının funksiyaları çoxdur. Onlar immunoloji nəzarət orqanlarıdır və bir sıra proseslərə (tənəffüs, qidalanma və s.) cavabdehdirlər. Bundan əlavə, onlar qanyaranmada, maddələr mübadiləsində böyük rol oynayırlar. Bəs, onların kəsilməsi məqsədəuyğundurmu? Birincisi, müasir təbabət ancaq tonzilloektomiya (damaq badamcıqlarının kəsilməsi) ilə məhdudlaşmır. Heç bir cərrah sağlam damaq badamcıqlarını lüzumsuz yerə kəsməz. Badamcıqların kəsilməsinin bir sıra mənfi cəhətləri mövcuddur. Misal üçün, Nyu-York Onkologiya Xidmətinin verdiyi məlumata görə, badamcıqları kəsilmiş şəxslərin xərçəngin müəyyən formalarına tutulma ehtimalı bu əməliyyata məruz qalmayan insanlardan 3 dəfə artıqdır. Ona görə də cərrahi müdaxilə ancaq danılmaz göstəriş olduqda aparılır. Bu göstərişlər aşağıdakılardır:

 • Prosesə ürək-damar sisitemi, oynaqlar, sinir sistemi cəlb olunduqda, yəni dekompensasiya olunmuş forma zamanı

• Paratonzilyar abseslərdə

 • Müntəzəm – ildə iki dəfə aparılan konservativ müalicə səmərə vermədikdə. Bu müalicəyə əsnək badamcıqlarının yuyulması, fizioterapevtik müalicə üsulları, ümumi möhkəmləndirici prosedurlar və s. daxildir. Bəzən damaq badamcıqlarının yuyulması səmərəli olmur, çünki hər bir iltihabi prosesdə olduğu kimi, burada da çapıq toxuma əmələ gəlir, iltihabi proses çapıq toxumanın altında qalır və «əlçatmaz» olduğu üçün badamcıqların yuyulmasından istənilən səmərə alınmır. Məhz buna görə lakunalarda olan irin hələ çapıq toxuma əmələ gəlməmişdən yuyulmalıdır. Qeyd olunanlar bir daha təsdiq edir ki, tonzillit vaxtında, xüsusən uşaq yaşlarında düzgün müalicə olunmalıdır.

 Müalicə:

Orqanizmin müxtəlif səbəblərdən immunitetinin zəifləməsi nəticəsində əsnək badamcıqlarının selikli qişasına düşən patogen (xəstəlik törədən) mikroorqanizmlər artıb çoxalır, boğazın normal mikroflorasına zərər yetirilir. Bu prosesin qarşısını almaq üçün xroniki tonzillitin müalicəsində aşağıdakı üsullardan istifadə edilir:

 • Dərman terapiyası: xəstəliyin müalicəsində antibiotiklərdən, antihistamin preparatlardan, vitaminlərdən istifadə olunur. Eyni zamanda, bu preparatlarla inhalyasiya ən səmərəli üsullardan hesab olunur. Tonzilliti antibakterial preparatların (“antibiotik”lər) köməyi ilə müalicə etmək vacibdir. Müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər. Təbii ki, lazım olan “antibiotik” yalnız həkim xəstəni müayinə etdikdən sonra təyin edə bilər.

 • antiseptik, bakterisid və göbələk əleyhinə maddələrlə əsnək badamcıqlarının həkim tərəfindən yuyulması və ya xəstənin bu maddələrlə qarqara etməsi. Bu məqsədlə dərman bitkiləri dəmləmələrindən də geniş istifadə olunur. Belə ki, çobanyastığı, adaçayı və digər bu kimi bitkilərdən hazırlanmış dəmləmələrlə qarqara edilməsi prosesin aradan götürülməsinə kömək edir;

 • selikli qişanın regenerasiya (bərpa) qabiliyyətini artırmaq məqsədilə çaytikanı, itburnu, badam, qoz yağları ilə əsnək badamcıqları sürtülür;

• homeopatik dərmanlar, immunomodulyatorlardan istifadə olunması yaxşı nəticə verir;

• pəhriz: xəstəlik dövrü qıcıqlandırıcı (istiotlu, həddən artıq turş və şirin), çox isti və ya soyuq qida məhsulları, maye qəbulu qadağan olunur. Selikli qişanı zədələyən qaba qidaların qəbulundan qaçınmaq tövsiyə olunur.

• fizioterapevtik müalicə üsulları

Xroniki tonzilitli xəstələrə fizioterapevtik metodlar həm kompensasiya olunmuş, həm də dekompensasiya olunmuş formalarda cərrahi əməliyata göstəriş olmadığı göstəriş hesab edilir. Xroniki tonzilitin fizxioterapevtik müalicəsində əsas qayda burun-udlaq, paranasal sinuzlar və badamcıqların sanasiyasıdır.Badamcıqların yuyulması müxtəlif antiseptic məhlullarla (furasilin 1:5000, imaninin 1%li məhlulu, 1%li dioksid məhlulu) həyata keçirilir.Kurs müalicə 6-8 seans günaşırı həyata keçirilir. Bu metod 3 aydan sonra təkrarlanmalıdır.

Fiziki metodlarla müalicənin ən effektiv üsulu mikrodalğa və ultrasəs terapiya hesab edilir.

  • Mikrodalğa terapiyasının infeksion-iltihabi proseslərdə terapevtik effekti badamcıq toxumalarının baryer və qoruyucu funksiyasının bərpasına müsbət təsirindən ibarətdir.  Aparat badamcıqlara 7-8 dəqiqə müddətində,  3.5 sm aralı məsafədə yerləşdirilir.Müalicə kürsu 12-15 gün olmaqla, hər gün və ya günaşırı tətbiq edilməlidir.
  • Ultrasəs terapiyanın xroniki tonzillitlər zamanı terapevtik təsiri mikrosirkulyasiya prosesinin stimullaşdırılmasına, vegetativ sinir sisteminin tonusunun normallaşdırılmasına yönəldilir. Ultrasəs terapiya ilə boyunun yumşaq toxumalarına fasiləsiz, hərəkətli və 0.2-0.4 Vt/sm2  rejimdə, 10 dəqiqə müddətində tətbiq edilməlidir. Müalicə kursu 10-15 gün təşkil edir. UST təkrarlanması 10-11 ay olmalıdır.
  • Dərman vasitələri ilə ultrafonofarez terapiya – hidrokortizon,peliodin, splenin, aloe ekstraktı, propolis, naftalan vasitələri ilə həyata keçirilir. Ağırlaşmış xroniki tonzilitlər zamanı interferonla ultrafonoforez boyunun yumuşaq toxumalarına tətbiq edilir.
  • palçıq applikasiyaları ilə ultrasəs tətbiqi – çənənin aşağısından 38-40 dərəcə temperaturda applikasiya yapışdırılaraq, US 0.3-0.5 Vt/sm2, hər badamcığın üzərinə 7 dəqiqə, kurs müalicə 10-12 gün tətbiq edilməlidir.
  • Badamcıqların Ultrabənövşəyi şüalandırılması – Bu usul kompleks tətbiq olunmalıdır, boyunun yan səthləri və çiyin nahiyyələr şüalandırılmalıdır. Şüalanma tubus vasitəsilə ağıza yerləşdirilməli, hər iki badamcıq ayrılıqda şüalanmalıdır, Seanslar 1/4 -1/2 biodoza ilə başlanılmalı, 3-5 biodozaya çatdırılmalıdır.  Prosedur hər gün və ya günaşırı 8-10 gün tətbiq edilməlidir.
  • Dərman vasitələri ilə elektrofarez – badamcıqlar və simpatik düyünlər proyeksiyasında aparılmalıdır. Bu məqsədlə 2-3 %li novokain, 2-3 %li kalsi xlorid, 5 %li dimedrol, fermentative preparatlardan hialurinidaza istifadə edilə bilər. Xroniki tonzililərin kompleks müalicəsində lizosimlə elektrofarezin efefkti əvəzedilməzdir. Bunun üçün 25 mq lizosimi 15-20 ml natri xlorid və ya forfat buferində (Ph 7,6) həll etmək lazımdır. Elektrodlar boyunun yanları boyu, digər elektrodlar boyunun arxasına, onurğanın yanları boyu yerləşdirilməlidir. Prosedur hər gün 1-3 mA tokla, 15-20 dəq müddətində, 15-20 gün tətbiq edilməlidir.
  • Xroniki tonzilitin kompleks müalicəsində interferonla (100 vahid aktiv preparat 5 ml distilləedilmiş suda həll edilməli) , 3%li propolisin spirtli məhlulu, lizosim ( 3mq 3 ml 0.5%li natrixloriddə həll olunmalı), mineral sularla inqalyasiya edilməlidir. Müalicə kursu 10-15 gün təşkil etməlidir.

line-height:

Leave a reply