Pəncə öz üzərində bədənin çəkisini daşıyır. Bu yükü daşımaq üçün pəncənin bütün hissələri – sümükləri, əzələləri və vətərləri normal vəziyyətdə düzgün, qarşılıqlı, müştərək vəziyyətdə çalışır.
Pəncənin iç hissəsində – boylama və köndələn əyriliklər qeyd olunur. Normada onların müəyyən hündürlükləri olur. Pəncə dayaq və ressor funksiyasını – yeriş, qaçış, hündürlüyə tullanma hərəkətlərini yumşaltmağı həyata keçirir.Yastıpəncəlikdə pəncə əyriliyinin aşağı düşməsi pəncə deformasiyasının ən çox yayılan növüdür.

Belə hesab olunur ki, dünyada yaşayan insanların 50%-ində yastıpəncəlik var. Qadınlarda yastıpəncəliyə kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiqləşdirmək olar. Çünki  bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.

Səbəbləri:
Bir neçə səbəbləri ayırd edilir:
-Anadangəlmə yastıpəncəlik – anadan gəlmə inkişaf qüsurları ilə izah olunur. Bu pozğunluq yalnız 10% hallarda anadangəlmə olur.  Bütün qalan hallar – müəyyən səbəblərdən qazanılmış yastıpəncəlikdir.

-İrsi faktor – ailə üzvlərindən (və yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, nəsildə rastgəlmə tezliyi yüksək olur.

-Raxitik yastıpəncəlik – vitamin D –nin çatmamazlığı nəticəsində əzələlərin zəif, sümüklərin yumşaq olması ilə əlaqədardır.
-Paralitik yastıpəncəlik – bu zaman baldır və pəncə əzələlərinin qismən və ya tam iflici nəticəsində baş verir, keçirilmiş poliomielit, insultdan sonra pəncədə deformasiya ilə izah olunur.
-Travmatik yastıpəncəlik – ayaq darağı və daraqönü, daban, topuq sümüklərinin sınıqları nəticəsində baş verir, nəticədə pəncənin deformasiyası yaranır.
-Statik yastıpəncəlik – ən cox rast gəlinir. Pəncə bağları və əzələlərinin zəifliyi nəticəsində yaranır. Buna səbəb aşağıdakı faktorlardır:
* bədənin artıq çəkisi, piylənmə
* narahat, dar ayaqqabı, hündür dikdaban ayaqqabı, dar corablar
* yaş həddi – kiçik yaşlı uşaqlarda əzələ və bağlar zəif inkişaf edir, qocalarda isə distrofik pozğunluqlar olur.

Klinikası və Əlamətləri:
Əlamətləri 3 mərhələdə gedir:
1-ci stadiyada – intensiv işlərdən sonra pəncələrdə ağrılar olur
2-ci stadiyada ağrı daha tez olur, pəncə və baldırlar yorulur, ağrımağa başlayır, axşama doğru pəncə şişir, səhərə şişkinlik çəkilir
3-cü stadiyada kiçik yeriş belə ağrı və yorğunluğa səbəb olur. Axşam ayaqlar o qədər ağrıyır ki, yerimək mümkün olmur, pəncə və baldırlar şişir.
4-cü stadiyada kontrakturalar yaranır. Pəncənin deformasiyası səbəbindən sinirlər zədələnir, nəticədə baldır əzələləri çox gərgin olur, yerimək mümkün olmur.
Yastıpəncəliyə iki formada rastlanır:

  1. Yumuşaq (Flexible) yastıpəncəlik
  2. Gərgin (Rigid) yastıpəncəlik.

Ağırlaşmaları:
Yastıpəncəlik tək kosmetik qüsur deyil. Yeriş pozulur, iş qabiliyyəti aşağı düşür, çanaq əyilir, onurğa deformasiyaya uğrayır. Yastıpəncəlik müxtəlif və bəzən çox ağır fəsadların inkişafına səbəb ola bilər:

– pəncənin, böyük barmaqların deformasiyası (əyilməsi), qabarlar

– ayaqlarda ağrılar, ödemlər

– bud və diz oynaqları xəstəlikləri

– onurğanın deformasiyası, skolioz, osteoxondroz, fəqərə arası yırtıqlar

– radikulit

– varikoz xəstəliyi və s.

Dioqnostika

Özünüzdə yastıpəncəliyin olub-olmadığını təyin etmək istəyirsinizsə, bu testdən istifadə etmək olar:

Pəncələrinizin alt hissəsinə hər hansı boya, yağlı krem və s. çəkin və ayağınızı ağ vərəqin üzərinə qoyun. Siz ayaq üstə, sizin üçün təbii olan vəziyyətdə dayanmalısınız. Pəncənin izini aldıqdan sonra vərəqdə parallel və perpendikulyar xətləri çəkin (şəkildə göstərildiyi kimi). Daha sonra pəncənizin izini şəkillə müqayisə edin. Bu testin köməyi ilə böyüklərdə yastıpəncəliyin ilkin diaqnozunu qoymaq mümkündür. Lakin diaqnozu dəqiqləşdirmək üçün həkimə müraciət etmək və bəzi xüsusi müayinələrdən keçmək lazımdır. Nəzərinizə çatdıraq ki, bu test uşaqlarda istifadə olunmur.

 

Müalicə

Yastıpəncəliyin müalicəsində müasir cərrahi və konservativ üsullar var. Bu müalicə üsulları yastıpəncəliyin dərəcəsinə bağlıdır. Şiddətli yastıpəncəlik deformasiyası hələ də müxtəlif osteotomiyalar, bağ köçürmələri ilə düzəldilir.

Konservativ müalicə.

Biz çox vaxt yastıpəncəliyin müalicəsinə etinasız yanaşaraq onun sağlamlığımıza heç bir mənfi təsir etmədiyini düşünürük. Bu yalnış fikirdir. Yastıpəncəlik zamanı pəncənin təbii amortizasiyası pozulur və gəzmə zamanı bud-çanaq oynağı, baldırlar böyük təzyiq altında qalır ki, bu da artrozlara (oynaqların patologiyaları) gətirib çıxara bilər. Bundan başqa, yastıpəncəlik zamanı aşağı ətraflarda qan dövranının pozulması nəticəsində damarların varikoz genişlənməsi də baş verir. Eyni zamanda onurğa sütunu daha çox təzyiqlərə məruz qalır ki, bu da gələcəkdə müxtəlif əyriliklərə, hətta skolioza da səbəb ola bilər. Ona görə də bu patologiyanı vaxtında aşkar etmək lazımdır.

Yastıpəncəliyin müalicəsi erkən yaşlarda başlanmış olarsa, pəncə qövslərini böyütmək mümkün olur. Uşaqda yastıpəncəlik aşkar edilibsə, həkim tərəfindən uşağa xüsusi ortopedik ayaqqabı geyinməsini məsləhət görülür. Bu ayaqqabılar təbii materialdan hazırlanmış, arxa tərəfi sərt, ayaqda yaxşı fiksə olunmuş, alçaqdabanlı olur. Bir çox hallarda isə həkimlər, sadəcə olaraq, arxa tərəfi sərt olan ayaqqabı geyinməsini və onun içinə isə xüsusi supinator qoyulmasını məsləhət görürlər. Yastıpəncəli uşaqların müalicəsində fizioterapiya, xüsusi müalicəvi idman, manual terapiya və masajdan da istifadə olunur.

Təəssüf ki, bir qədər böyük yaş dövrlərində bu xəstəlik müalicəyə tabe olmur. Böyüklərdə tam müalicə etmək mümkün olmasa da bəzi tədbirlərin köməyi ilə yastıpəncəliyin fəsadlarını (ayaqlarda ağrılar, yorğunluq, oynaqlar problemləri  və s.) aradan qaldırmaq və ya azaltmaq mümkündür. Bu məqsədlə xüsusi reabilitasiya və bədən tərbiyəsi, fizioterapiya, massaj, xüsusi supinatorların (ayaqqabıların içinə qoyulan xüsusi altlıq) istifadəsi və s. tədbirlər istifadə olunur.

Yastıpəncəliyin reabilitasion müalicəsi baldır və pəncə əzələlərini aktivləşdirən xüsusi məşğələlərin yerinə yetirilməsindən ibarətdir. Çoxfunksiyalı trenajorda iş sayəsində bütün səthlərdə əzələlər işə cəlb edilir.  Pəncə və baldır əzələlərinə faktiki olaraq yenidən hərəkət etmək bacarığı öyrədilir.  Məşğələlər əzələnin tonusunu tezliklə yüksəldir,ağrı və digər şikayətləri aradan qaldırır.

Bu halda pəncənin əzələ-bağ aparatının inkişafı insanın idman da daxil olmaqla istənilən növ hərəkətlər zamanı imkanlarını artırır, eləcə də hərəkət aparatının reaksiyasını yaxşılaşdırır.  Yəni insan yeriş zamanı daha aktiv olur, bu isə dayaq-hərək aparatını stimullaşdırır və bütün bədənin oynaq və əzələlərinə müsbət təsir edir.

Müalicə zamanı reabilitoloq pasiyentlə fərdi işləməlidir.   Hər bir məşğələ təkbətək keçirilməli, mütəxəssis pasiyentə düzgün hərəkət etməyə kömək etməli, pəncəyə düşən yükə nəzarət etməlidir.

Cərrahi müalicə

Aşıq-baldır oynağının, ayağın xarici tərəfində kiçik kəsik (1sm), ayağın çökməsini önləyən kiçik bir stent kanala yerləşdirilməsi ilə pəncənin deformasiyası (əyriliyi) aradan qaldırılır.

Əməliyyatdan sonrakı dövr:
– Normal ayaqqabı geyinmək 6-8 həftədən sonra başlayır;
– Yüngül məşqə 6 həftədən sonra qayıda bilərsiniz, ancaq 12-16 həftə ərzində hər hansı bir professional məşqlərə icazə verilməyəcək;
– Cərrahi əməliyyat ümumi və yerli anesteziya altında aparıla bilər;
– Cərrahi əməliyyat tipik olaraq 30 dəqiqə çəkir;
– Yastıpəncə əməliyyatında yaş məhdudiyyəti yoxdur.

Həyatınızda gözəl addım atmaq istəyirsinizsə, yastıpəncəlikdən azad olun!

 

Leave a reply