Neyrosirkulyator distoniya

Neyrosirkulyator distoniya (NSD) – funksional xəstəliklərə aid olub, özünü ürək-damar, respirator və vegetativ pozuntular: asteniya, stress və fiziki işlərə dözümsüzlük şəklində büruzə verir. Xəstəlik dalğavari gedişlə, kəskinləşmə və remissiya dövrləri ilə xarakterizə olunur. NSD zamanı durğunluq ürək çatışmazliğı və həyat üçün təhlükə yaradan aritmiyalar inkişaf etmədiyi üçün, bu xəstəlik əlverişli proqnoza malikdir.

NSD -nin yayılma tezliyi barədə məlumatlar ziddiyyətlidir. Tibbi təcrübədə ürək-damar sistemindən şikayət bildirən şəxslərin 1/3-də müayinə zamanı NSD aşkar edilir. Gənc qadınlar daha çox bu xəstəliyə tutulurlar.

Etiologiya və patogenez

Xəstəliyin yaranmasına səbəb olan amillər arasında irsi-konstitusional xüsusiyyətlər, fərdi xüsusiyyətlər, hormonal dəyişikliklər (disovarial pozuntular, abort, hamiləlik, menopauza), həyat tərzi və s. mühüm yer tutur. Xəstəliyə səbəb olan amillər: psixogen (psixo-emosional stress, əlverişsiz sosial-iqtisadi şərait); fiziki və kimyəvi təsirlər (insolyasiya, isti iqlim, vibrasiya); xroniki intoksikasiyalar, o cümlədən alkoqol və tütündən istifadə; yuxarı tənəffüs yollarının və burun-udlağın infeksiyaları; hipodinamiya; zehni və fiziki yorğunluq hesab edilir.

Bu amillərin qarşılıqlı əlaqəsi neyrohumoral-metabolik tənzimləmənin pozulmasına gətirib çıxarır. Prosesin daxilində aparıcı bənd, çox güman ki, inteqrativ bir rol oynayan hipotalamik strukturların zədələnməsidir. Tənzimləmənin pozulması simpatoadrenal və xolinergik sistemlərin disfunksiyası və periferik reseptorların həssaslığının dəyişilməsi şəklində özünü göstərir ki, bu zaman katexolaminlərin adi sintezinə hiperaktiv cavab qeyd olunur. Histamin-serotonin və kallikreinkinin sistemlərinin funksiyalarının, su-elektrolit mübadiləsinin pozulması baş verir. Mikrosirkulyasiya prosesləri tormozlanır ki, bu da toxuma hipoksiyasına gətirib çıxarır.

Ürəyin neyrohormonal tənzimlənməsinin pozulması qıcıqlara yanlış reaksiyalara gətirib çıxarır ki, bu da özünü qeyri-adekvat taxikardiya, damarların tonusunun dəyişməsi (arterial təzyiqin labilliyi), ürəyin dəqiqəlik həcminin artması (qan dövranının hiperkinetik tipi), periferik damarların spazmı şəklində göstərir.

Təsnifat

V.İ. Makolkinin və S.A. Abbakumovun işçi təsnifatı movcuddur:

  • Etioloji formaları:
    – essensial (irsi-konstitusional);
    – psixogen (nevrotik);
    – infeksion-toksiki;
    – fiziki gərginlik ilə əlaqəli;
    – fiziki və peşəkar amillərlə əlaqəli.
  • Klinik sindromlar:
    – kardialgik;
    – taxikardial;
    – hipertonik;
    – hipotonik;
    – periferik damar çatışmazlıqları;
    – vegetativ krizlər;
    – respirator;
    – astenik;
    – miokardiodistrofiya.
  • Ağırlıq dərəcəsi:
    – yüngül;
    – orta;
    – ağır.

Simptomlar

Xəstəliyin təzahürü polimorfdur, simptomların çoxsaylı variantları mövcuddur. Bir sıra hallarda onların təzahürü digər ürək-damar xəstəliklərinin əlamətlərinə bənzəyir ki, bu da NSD-nin diaqnostikasını çətinləşdirir.

  1. Ürək nahiyəsində ağrılar (sızıldayıcı, deşici) qeyd edilir. Onların müddəti dəyişkəndir: anidən (batıcı) tutmuş saatlarla və günlərlə davam edən monoton ağrılara qədər. Ağrılar daha çox ürək zirvəsi nahiyəsində, az hallarda isə sol körpücükaltı nahiyədən bir qədər aşağı və ya parasternal nahiyədə lokalizasiya olunur. Ağrıların yerdəyişməsi qeyd olunur. Ağrının yaranması yorğunluq, narahatlıq, havanın dəyişməsi, alkoqol qəbulu ilə bağlıdır. Qadınlarda ağrının yaranması bəzən premenstrual dövrdə baş verir. Bəzən ağrılar taxikardiya və arterial təzyiqin artması ilə müşayiət edilən vegetativ paroksizmlər (krizlər) zamanı baş verə bilər ki, adətən bu zaman narahatlıq hissi və əhvali-ruhiyyənin enməsi qeyd olunur. Tutmaşəkilli intensiv ağrılar qorxu və daxili narahatlıq hissi, tərləmə, hava çatışmazlığı kimi simptomlarla təzahür edən vegetativ pozuntularla müşayiət olunur. Yaxşı effekt verdiyinə görə xəstələr həvəslə valerian (pişikotu) və ya yemişan tinkturası qəbul edirlər. Nitroqliserinin qəbulu ağrını kəsmir.
  2. Bəzi xəstələr tezləşmiş səthi tənəffüs, nataman nəfəsalma, dərindən nəfəsalma („ah çəkmək“) istəyi kimi şikayətlər bildirirlər. Bəzən boğazda “qəhər” hissi və ya sıxılma təsəvvürü yaranır.
    Xəstənin boğuq havalı otaqda qalması çətinləşir, pəncərələri açmaq tələbatı yaranır. Bu hadisələr narahatlıq hissi, başgicəllənmə, boğulma qorxusu ilə müşayiət olunur. Belə bir sindrom tənəffüs və ya ürək çatışmazlığının bir təzahürü olaraq qəbul edilə bilər.
  3. Xəstələr gərginlik və həyəcan zamanı meydana çıxan, baş və boyun damarlarının pulsasiyası ilə müşayiət olunan ürəkdöyünmənin və ürəyin işinin güclənməsi kimi hisslər keçirirlər. Bəzən bu hadisə gecə vaxtına təsadüf edir ki, bu da xəstənin oyanmasına səbəb olur. Taxikardiya həyəcan, fiziki gərginlik, alkoqol qəbulu nətıcəsində yaranır.
  4. Astenik sindrom iş qabiliyyətinin azalması, zəiflik hissi, yorğunluğun artması şəklində təzahür edir.
  5. Periferik damar pozuntuları baş ağrıları, başgicəllənmə, ətraflarda soyuqluq hissiyyatı, gözlərin önündə sayrışan nöqtələrin görünməsi ilə özünü göstərir.
  6. Xəstələr qan təzyiqində dəyişikliklərin olması barədə şikayət bildirə bilərlər (adətən, bu azalma və ya artım 160-170 / 90-95 mm.c.süt. – dan çox olmur). Bundan əlavə, yüksək qan təzyiqi dövrləri qısa müddət davam edir.
  7. Bəzi xəstələrdə bədən temperaturunun 37,2-37,5 ° C -yə qədər artması, sağ və sol qoltuqaltı nahiyələrdə temperatur fərqləri, ətrafların dərisində hərarətin azalması (“buzlu əllər”) qeyd edilir.
  8. Huşitirmə. Bu sindrom yeniyetməlik dövrü üçün xarakterikdir. Bu hal həm qızlar, həm də oğlanlarda eyni dərəcədə rast gəlinir. Adətən huşitirmə, insanın bədəninin mövqeyini fəzda kəskin şəkildə dəyişdikdən sonra, məsələn, oturmuş və ya uzanmış vəziyyətdən ayağa qalxdıqda baş verir. Bu vəziyyətə ortostatik hipotenziya deyilir. Bu hal onunla izah edilir ki, insan fəzada vəziyyətinin dəyişərkən damarlar vasitəsilə qan axını, xüsusilə də ayaqlarda yavaş sürətlə paylanır. Buna görə qan təzyiqi kəskin şəkildə azalır və xəstə qısa müddət ərzində huşunu itirir. Bundan əlavə, belə bir hal güclü emosiyalar zamanı, məsələn, insan qorxduqda müşahidə olunur.
  9. Vegetativ krizlər – axşam və ya gecə baş verən orqanizmin paroksizmal hallarıdır. Simpatoadrenal təzahürlər baş ağrısı, ürək nahiyəsində narahatlıq, əllərin və ya bütün bədənin titrəməsi, qorxu, həyəcanla xarakterizə olunur; bol sidik ifrazı, yorğunluq və üzülmə hissləri ilə bitir. Vaqoinsulyar təzahürlərə aclıq, qarın ağrısı, qaz ifrazının artması, diareya, ürək yığılmalarının azalması aid olunur. Bu cür hallar adətən, gecə vaxtları meydana çıxır, 20-30 dəqiqədən 2-3 saata qədər davam edir və bir çox hallarda çoxlu sidik və ya duru nəcis ifrazı ilə başa çatır. Bu hallar adətən öz-özünə keçir və ya dərman qəbulu vasitəsi ilə (sedativlər, beta-blokatorlar) dayandırılır. Vaxt keçdikcə simptomların şiddəti enməyə başlayır, böhranların sayı azalır və tamamilə yox ola bilir.

Xəstəliyin gedişinin ağırlığı müxtəlif parametrlərin müştərəkliyi: taxikardiyanın və vegetativ- damar krizlərinin tezliyi, ağrı sindromu, fiziki yüklərə tolerantlıq və s. ilə müəyyən edilir.

Diaqnostika

Artıq anamnezin toplanması zamanı vegetativ pozuntulara və psixosomatik patologiyalara dair irsi meyllilik aşkar edilir. Bu zaman vaqotoniyalı xəstələrin ailə üzvlərində bronxial astma, mədə xorası, neyrodermit, simpatikotoniya zamanı isə arterial hipertoniya, ürəyin işemik xəstəliyi, hipertireoz, şəkərli diabet aşkar edilir. NSD-li uşaqların anamnezində tez-tez perinatal dövrün problemlərlə müşayiət olunması, residiv verən kəskin və xroniki ocaqlı infeksiyalar, birləşdirici toxumanın displaziyası əlamətləri aşkar edilir.

Xəstənin müayinəsi zamanı onda ürək-damar və vegetativ çatışmazlıqların bir çox əlamətləri aşkar edilir, lakin onlar çox spesifik olmur. Bəzi xəstələr hipertireozlu şəxsləri (gözlərin parlaması, həyəcan, tremor) xatırladırlar, digərləri isə əksinə, qəmgin, adinamik, sönük baxışlı olurlar. Ovucların, ayaqların, qoltuqaltı nahiyələrin güclü tərləməsi də tez-tez rast gəlinir. İlkin müayinə zamanı sifətin, dərinin, sinənin hiperemiyası; asan yaranan dermoqrafizm; hətta əsəb mənşəli „övrə“ aşkar edilir. Tez-tez motivasiya olunmamış və çox canlı bir „bəbəklərin oynaması“ halına təsadüf edilir. Damar sisteminin yüksək reaktivliyini davamlı dermoqrafizm təsdiq edir. Ətraflar soyuq, bəzən solğun, sianotikdir. Tezləşmiş, səthi tənəffüs qeyd edilir, xəstələr əsasən ağızla nəfəs alırlar ki, bu da tez-tez yuxarı tənəffüs yollarının selikli qişasının qurumasına gətirib çıxarır. Bir çox xəstələr güclənmiş nəfəsvermə aktını icra edə bilmirlər. Xəstələrin bir hissəsində qan dövranının hiperkinetik vəziyyətinin təzahürü olaraq karotid arteriyaların güclənmiş pulsasiyası qeyd olunur.

Kəskin xəstəlik dövründə, təxminən 50% hallarda, prekordial nahiyədə palpasiya zamanı orta körpücük xətti boyunca, xüsusilə III-IV qabırğaarası və sol parasternal nahiyələrdə qabırğaarası əzələlərin ağrılı olması qeyd edilir. Ürəyin auskultasiyası zamanı tez-tez döş sümüyünün sol sərhəddində və ürək əsasında sistolada əlavə ton (başlanğıcda – qovulma tonu, sonunda – sistolik şıqqıltı) eşidilir.

Ən çox yayılmış auskultativ əlamət sistolik küydür (təqribən 70% hallarda). Bu küy kifayət qədər tipikdir: müaliyim və ya zəif ifadə olub, ürəyin zirvəsindən tutmuş əsasına qədər geniş bir sahədə eşidilə bilir (döş sümüyünün sol kənarında III-IV qabırğaarası nahiyədə maksimum səslənmə qeyd edilir).

NSD olan şəxslərdə nəbzin xüsusiyyəti onun labilliyidir: yüngül emosional və fiziki gərginlik zamanı taxikardiya yaranır. Bir çox hallarda taxikardiya ortostatik test və ya tənəffüsün güclənməsi zamanı meydana çıxır. Bir çox xəstələrdə klino- və ortostazda nəbz nisbətinin fərqi başlanğıc rəqəmin 100-200% -ni təşkil edə bilər. NSD olan şəxslərdə nəbz sayı dəqiqədə 120-130 vurğuya çatır. Supraventrikulyar taxikardiya və qulaqcıqların səyriməsi paroksizmləri epizodları nadir hallarda rast gəlinir.

Arterial təzyiq labilidir, buna görə də onun bir dəfə ölçülməsinin nəticələrinə etibar etmək lazım deyil. Tez-tez ilk ölçmədə AT normanın yuxarı həddini aşır, amma 2-3 dəqiqə ərzində təzyiq normallaşır. Arterial təzyiqin sağ və sol ətraflarda asimmetriyası müəyyən edilə bilər. Qarnın palpasiyasının 1/3 hallarında epiqastral və ya göbəkətrafı nahiyələrdə kəskin olmayan və yayılmamış ağrı hissi müşahidə olunur.

Xəstənin vegetativ sinir sisteminin vəziyyətini subyektiv şikayətlərin və obyektiv parametrlərin analizinə, EKQ və digər instrumental müayinə metodlarının göstəricilərinə əsasən qiymətləndirirlər. Vegetativ reaktivliyin göstəriciləri (klinoortostatik, farmakoloji və digər sınaqların nəticələri) hər bir konkret halda vegetativ reaksiyaların xüsusiyyətlərini daha dəqiq qiymətləndirməyə imkan verir. EKQ müayinəsi zamanı ürək ritminin və keçiriliciyinin pozulmasının, ST seqmentində dəyişikliklərin aşkar edilməsi hallarında zəruri farmakoloji sınaqlar, EKQ-nin Holter monitorinqi həyata keçirilir.

NSD-nin diaqnostikasında mərkəzi sinir sisteminin funksional vəziyyətini qiymətləndirməyə; serebral və periferik damarların dəyişikliklərini, kəllədaxili hipertenziyanı müəyyən etmək üçün EEQ, ExoEQ, REQ, reovazoqrafiya kimi müayinə üsullarına mühüm rol ayrılır.

NSD-nin diaqnostikası zamanı terapevt və nevropaloqdan əlavə, LOR həkiminin, oftalmoloqun, endokrinoloqun, bəzi hallarda isə psixiatrın konsultasiyalarına ehtiyac olur.

NSD-nin diaqnostikasında onun etioloji amilinin aşkara çıxarılmasına xüsusi diqqət ayırmaq lazımdır ki, bu da məqsədyönlü müalicənin təyin edilməsi üçün olduqca vacibdir.

Diferensial diaqnostika

Diferensial diaqnostika NSD simptomlarına oxşar əlamətləri olan xəstəlikləri inkar etməyə imkan verir.

  • Ürəkdə obyektiv dəyişikliklərlə (xüsusilə sistolik küy) müşayiət olunan kardial şikayətlər olduğu zaman kifayət qədər oxşar diaqnostik meyarları olan revmatizm istisna edilməlidir. Bu zaman vegetativ pozuntuların tez-tez birləşdirici toxumanın displaziyası əlamətləri ilə birləşməsini də nəzərə almaq lazımdır ki, müştərək şəkildə onların klinik təzahürləri yalnız revmokarditi deyil, həm də anadangəlmə ürək qüsurlarını, qeyri-revmatik karditi xatırladır.
  • Arterial təzyiqin yüksəldiyi zaman essensial və simptomatik hipertoniyanı inkar etməyə yönəlmiş diaqnostik axtarış aparmaq lazımdır.
  • Bəzi hallarda, NSD-li uşaqlarda vegetativ böhran reaksiyaları nəticəsində yaranan tənəffüs pozuntuları (təngnəfəslik, xüsusilə də boğulma tutmaları), bronxial astma ilə fərqləndirilməlidir.
  • Qızdırmalı reaksiyalar zamanı kəskin infeksion xəstəlikləri, sepsisi, bakterial endokarditi və onkoloji patologiyanı istisna etmək lazımdır.
  • Huşitirmələr zamanı onu digər oxşar xəstəliklərdən, ilk növbədə epilepsiyadan ayırd etmək lazımdır.
  • Kəskin ifadə olunmuş psixovegetativ simptomatika zamanı ruhi xəstəliklər istisna edilməlidir.

Müalicə

1.Etioloji müalicə.
Stressli halların təsirini aradan qaldırmaq (ailə münasibətlərini normallaşdırmaq, işdə münaqişəli vəziyyətləri həll etmək) lazımdır. Toksiki-infeksion formalı NSD-nin müalicəsində mühüm rol ağız boşluğunun sanasiyası, xroniki infeksiya ocaqlarının müalicəsi, tonzillektomiyanın vaxtında icra edilməsinə məxsusdur. Fiziki və peşə faktorları səbəbindən yaranan NSD zamanı professional zərərlərin aradan qaldırılmağı, bəzi hallarda – rasional əmək fəaliyyəti ilə məşğulluq məsləhətdir.

2.Rasional psixoterapiya, autotreninq.
Çox vaxt dərman müalicəsindən daha effektiv ola bilər. Həkim xəstəyə xəstəliyin mahiyyətini izah etməli; onun xoşxassəli gedişini, əlverişli proqnozunu və sağalma ehtimalını vurğulamalıdır. Bəzi hallarda xəstəliyin mahiyyəti və müalicəsinin mümkünlüyü barədə maarifləndirmək məqsədilə onun yaxınlarının iştirakı ilə psixoterapiya aparmaq məsləhətdir. Xəstəyə bu xəstəliyin xoşagəlməz subyektiv təzahürlərini azaltmağa imkan verən özünətəlqin formullarını öyrətmək lazımdır. Özünətəlqin autotreninq və miorelaksasiya ilə birgə aparılmalıdır.

3. Beynin limbik zonasının, hipotalamusun və daxili orqanların pozulmuş funksional əlaqələrinin normallaşdırılması.

3.1. Sedativlərin istifadəsi.

Valerian (Pişikotu) və yemişan bitkiləri yalnız sedativ bir təsirə malik deyil, onların həm də “kötük” effekti var, yəni hipotalamusun və beyin kötüyünün funksiyasını normallaşdırır. Pişikotu kökü və ya yemişan bitkisini dəmləmə şəklində (200 ml suya 10 q əlavə edilir) 1/4 stəkan, gündə 3 dəfə və gecə yatmazdan əvvəl, 3-4 həftə ərzində qəbul etmək lazımdır.

3.2. Trankvilizatorlarla müalicə.

Trankvilizatorlar anksiolitik xüsusiyyətlərə malikdir, qorxu hissini, narahatlığı, emosional gərginliyi azaldır. Elenium gündə 2-3 dəfə 0,005-0,01 q dozasında təyin edilir. Diazepam (Seduksen, Relanium) – 2,5-5 mq dozada, gündə 2-3 dəfə təyin edilir. Yüksək ifadə olunmuş qorxu sindromu zamanı birdəfəlik doza 10 mq-a qədər artırıla bilər. Preparat simpatoadrenal krizlərin yaranma tezliyini azaldır. Fenazepam – yüksək aktivliyə malik sakitləşdirici preparatdır, gündə 2-3 dəfə 0,5 mq qəbul edilməsi məsləhət görülür. Oksazepam (Nozepam, Tazepam) – gündə 2-3 dəfə 0,01 q dozasında qəbul edilir. Medazepam (Mezapam, Rudotel) – gündə 2-3 dəfə 0,01 q dozasında qəbul edilir. Tofizopam (Qrandaksin) – gündüz qəbul edilən trankvilizator – gündə 2-3 dəfə 0,05-0,1 q dozada tətbiq edilir. Trankvilizatorlar 2-3 həftə ərzində qəbul edilir və xüsusilə stressli vəziyyətlərdən əvvəl tətbiq olunması məsləhət görülür. Son illərdə Afobazol (resepstsiz satılan, günorta təyin olunan və yuxu gətirməyən trankvilizator) və Tenoten (homeopatik preparat olub, tərkibində C-100 beyin zülalına anticisimlərin mikrodozaları vardır) kimi preparatlar tətbiq edilməyə başlanıb. Afobazol – 10 mq dozasında tabletləri, gündə 3 dəfə təyin edilir. Müalicə müddəti 2-4 həftədir. Tenoten – hər dəfə 1-2 tablet olmaqla, gündə 3 dəfə dil altına təyin edilir. Müalicə müddəti 1-3 aydır.

3.3. Kombinə olunmuş “Belloid” və “Bellaspon” preparatları.

Adrenergik və xolinergik strukturların qıcıqlanmasını azaldır, beynin hipotalamik zonasına sakitləşdirici təsir göstərir. Onlar vegetativ sinir sisteminin funksiyasını normallaşdıran bir növ “vegetativ tənzimləyicilər” rolunu oynayır. Belloid – 1 tabletin tərkibində – 30 mq Butobarbital, 0,1 mq Belladonanın alkaloidləri, 0,3 mq Erqotoksin vardır. Gündə 3 dəfə 1-2 tablet dozasında təyin edilir. Bellaspon (Bellataminal) – 1 tabletin tərkibində – Fenobarbital 20 mq , Erqotamin 0,3 mq, Belladonna alkaloidləri 0,1 mq olur. Gündə 2-3 dəfə, 1 tablet təyin edilir.

3.4. Antidepresantlar.

Onlar əsasən depressiyalar zamanı tətbiq olunur. Tez-tez „maskalanmış“ depressiyalara təsadüf olunur ki, bu zaman onlar özünü müxtəlif somato-nevroloji əlamətlər şəklində təzahür etdirmiş olur. Belə maskalanmış (birincili) depressiyaları NSD- lərdə rast gəlinən ikincili depressiyalardan fərqləndirməq lazımdır. Antidepressantların tətbiqi differensiasiya olunmuş şəkildə aparılmalıdır. Həyəcanlı, qarışıq depressiya vəziyyətlərində Amitriptilin (Triptisol) sutkada 50-75 mq dozasında; astenik depressiya vəziyyətlərində İmipramin (İmizin, Melipramin), sutkada 50-100 mq dozasında tətbiq olunur. Yüngül depressiya hallarında, sutkada 0,075-0,125 q dozasında Azafen təyin edə bilərsiniz. Daha müasir antidepressantlardan Sitalopram (Sipramil), Fluoksetin (Prozak), Paroksetin (Reksetin), Pirlindol (Pirazidol) göstərilə bilər. Antidepresantların dozalarını „titrləmək“ – birdəfəlik qəbul dozasını 1/2 tabletdən başlayaraq tədricən artırmaq və optimal doza həddinə qədər çatdırmaq lazımdır. Müalicə təxminən 4-6 həftə davam edir. Depressiya azaldıqca, antidepresantların dozaları da azaldılır. Yüksək ifadə olunmuş hipoxondriya hallarında sutkada 20- 40 mq Teralen və sutkada 30-50 mq dozalarında Sonapaks kimi “yumşaq” təsirli neyroleptiklər də təyin edilir.

3.5. Nootrop preparatlar.

Yaddaşı gücləndirir, hipoksiyaya müqaviməti artırır, intellektual funksiyaları aktivləşdirir, energetik prosesləri və beynin qan təchizatını yaxşılaşdırır ki, bu da zehni fəaliyyət ilə məşğul olan NSD-li xəstələr üçün xüsusən vacibdir. Adinamiya, asteniya, hipoxondrik pozuntuların əlamətləri olduqda onların istifadəsi məsləhət görülür. Antidepressantlara qarşı rezistent olan depressiv halların müalicəsində köməkçi vasitə kimi istifadə edilə bilər. Pirasetam (Nootropil) – 4-8 həftə ərzində gündə 3 dəfə 0,4 q dozasında kapsul və ya tablet formasında istifadə olunur. Lazım gələrsə, doza gündə 3 dəfə 0,8 q-dək artırıla bilər. Daha müasir və güclü preparatlar Fenotropil, Pantokalsindir. Fenotropil, 100 mq dozasında tabletləri, 4-6 həftə ərzində, gündə 1 dəfə istifadə olunur. Pantokalsin (Pantoqam) – 250 mq dozasında tabletləri, gündə 3 dəfə təyin olunur. Müalicə müddəti fərdi olaraq təyin olunur. Pikamilon, 50 mq dozasında tabletləri, gündə 2 dəfə, 1-2 ay müddətinə təyin olunur. Pikamilon yumşaq təsir göstərir və xəstələr tərəfindən yaxşı qəbul olunur.

3.6. Serebroangiokorrektorlar.

Onlar beyin qan dövranını normallaşdırır ki, bu da beynin limbik zonasının və hipotalamusun funksional vəziyyətinə müsbət təsir göstərir. Bu preparatlar angiodistonik baş ağrılarında, başgicəllənmələrdə, servikal osteoxondrozlarda xüsusilə faydalıdır.

Kavinton (Vinposetin), 1-2 ay ərzində, gündə 3 dəfə, 5 mq dozasında, 1-2 tablet;

Stugeron (Sinnarizin), 1-2 ay ərzində, gündə 3 dəfə, 1-2 tablet 25 mq dozasında;

İnstenon forte – 1 tabletdən gündə 2 dəfə, ən az 1 ay qəbul olunur.

1.Simpatoadrenal sistemin güclənmiş fəaliyyətinin zəiflədilməsi.
Simpatoadrenal sistemin tonusunun normallaşdırılması simpatikotoniya ilə xarakterizə olunan NSD- nin hirertenziv formasının patogenetik müalicə metodudur. Bu məqsədlə beta-blokatorlardan istifadə olunur.

Ən çox istifadə olunan Propranololdur (Anaprilin, İnderal, Obzidan). Gündəlik 40-120 mq dozada tətbiq edilir. Beta-blokatorlarla müalicə kursu 2 həftədən 5-6 aya qədərdir, orta hesabla 1-2 ay davam edir. Terapevtik effekt əldə etdikdən sonra, doza 2 və ya 3 dəfə azaldılır. Xəstənin vəziyyətinin yaxşılaşması dövründə beta-blokatorların verilməsi ləğv edilə bilər.

Fitoterapiya.

Fitoterapiya hipotalamo-visseral əlaqələrin, ürək-damar sisteminin fəaliyyətinin, yuxunun normallaşmasına kömək edir. Aşağıdakı bitki topluları tövsiyə olunur:

Toplu № 1: Çobanyastığı (gülü) 10 q, İnciçiçəyi (gülü) 10 q, Şüyüd (meyvəsi) 20 q, İstiot cövhəri (yarpaqları) 30 q, Pişikotu (kökləri) 40 q. 2 xörək qaşığı doğranmış qarışığın üzərinə 1 stəkan su tökmək, 3 saat suda saxlamaq, qaynatmaq, soyutmaq, süzmək. Gündə 5 dəfə 40 ml (2,5 xörək qaşığı) qəbul etməli.

Toplu № 2: Yemişan (bitkisi) 20 q, Pişikotu (kökü) 20 q, Həmişəbahar (gülü) 20 q, Kimyon (meyvəsi) 20 q, Şüyüd (toxumu) 20 q. 1 çay qaşığı yığmaya 1 stəkan qaynar su əlavə etməli, suda saxlamalı, süzməli. Gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul etməli.

Toplu № 3: Yemişan (gülü) 20 q, Zanbaq (gülü) 10 q, Mayaotu (qozaları) 10 q, Nanə (yarpaqları) 15 q, Şüyüd (meyvəsi) 15 q, Pişikotu (kökləri) 20 q. 1 cay qaşığı doğranmış qarışığın üzərinə 1 fincan soyuq qaynadılmış su tökün, 3 saat sərin bir yerdə suda saxlayın, sonra bişirin, soyudun və süzün. Yeməkdən 20 dəqiqə əvvəl gündə 4 dəfə 1/4 stakan qəbul etməli.

Fitoterapiyanın nəticəsi artıq 2-3 həftə ərzində hiss edilir, lakin sabit effekt yalnız ot dəmləməsinin uzun müddət (6-8 ay ərzində) müntəzəm qəbulu zamanı əldə edilir. Xəstənin özünü yaxşı hiss etməsi fonunda 1-2 aydan sonra 7-10 gün müddətində fasilə vermək olar. Fasilədən sonra bitki qarışıqlarını dəyişdirə bilərsiniz. Hətta xəstənin vəziyyəti qənaətbəxş olsa belə, profilaktik məqsədlə ildə 2 dəfə (yazda və payızda), 2 ay müddətində bitki qarışıqlarından istifadə edilməsi tövsiyə olunur.

Sedativ təsiri olan müasir kombinə olunmuş fitopreparat Persendir. Onun tərkibi Pişikotu kökündən, İstiot cövhərindən və Limon cövhərindən ibarətdir.

Persen sedativ bir preparat kimi yüksək sinir oyanıqlığı, yuxu pozuntuları, yuxusuzluq, əsəbilik, daxili gərginlik hissi zamanı istifadə olunur. Persen 2 dərman formasında – Persen tablet və Persen- forte kapsulu şəklində istehsal olunur. Böyüklər və 12 yaşından böyük yeniyetmələr 2-3 tablet və ya 1-2 kapsul qəbul etməlidirlər. Dərman gündə 2-3 dəfə qəbul edilir.

Yuxusuzluq zamanı yatmazdan bir saat əvvəl 2-3 tablet və ya 1-2 kapsul qəbul etmək lazımdır.

3-12 yaşlı uşaqlara, dərman yalnız həkim nəzarəti altında və yalnız tablet şəklində təyin edilir. Doza xəstənin bədən çəkisindən asılıdır, orta hesabla gündə 1-3 dəfə 1 tablet təyin olunur.

Hamiləlik (xüsusən I trimestrdə) və laktasiya zamanı preparatın tətbiqinin məqsəduyğunluğu barədə qərar yalnız ana, döl və körpə üçün potensial riskin qiymətləndirilməsindən sonra qəbul edilməlidir.

Müalicə müddəti məhdud deyil. Hətta tablet və ya kapsulların uzun müddət istifadə edilməsi ilə əlaqədar heç bir asılılıq yaranmır.

Persenin ləğvi ilə, absistensiya sindromu inkişaf etmir.

Preparatın tətbiqi reaksiya sürətini azalda bilər, odur ki, diqqət tələb edən məşğuliyyətlərdən əvvəl onun qəbul tövsiyə olunmur.

Fizioterapiya, balneoterapiya, masaj, akupunktur.

Mərkəzi sinir sistemininə tənzimləyici təsir göstərmək, kardialgik sindrom və ekstrasistoliyaların təzahürlərini azaltmaq məqsədilə elektroyuxudan istifadə olunur. Sakitləşdirici təsir əldə etmək üçün onu, gündəlik 20- 40 dəqiqə, 10-25 Hz tezliyində, 15 seans müddətində tətbiq edirlər. NSD-nin hipotonik növü zamanı elektroyuxu 3-4 seansdan bir tədricən artan impuls tezliyi (10-40 Hz) ilə təyin edilir.

Hipertenziv sindrom zamanı ümumi təsir və ya yaxalıq metodları ilə aşağıda sadalanan preparatlarla elektroforez tətbiq ediılir: 5-10%-li Natrium və ya Kalium-Bromid məhlulu, 5%-li Maqnezium-Sulfat məhlulu, Eufillin – 1%-li məhlulu, Papaverin – 2%-li məhlulu, Dibazol – 1%-li məhlulu, Anaprilin (hər prosedura 40 mq).

Hipotenziya zamanı Kofein elektroforezi tətbiq edə bilərsiniz. Prosedur 10-20 dəqiqə müddətində, 5-7 mA cərəyan şiddətində, günaşırı həyata keçirilir. Müalicə kursu 15 prosedurdur.

Asteniya zamanı Şerbakın metodu üzrə qalvanik yaxalıq tətbiq edilir. Prosedurun müddəti 10-20 dəqiqə olub, günaşırı keçirilir. Müalicə kursu 15-20 prosedurdan ibarətdir.

Kardialgik sindromun yüksək ifadə olunmuş formaları zamanı Novokainin 5-10 %-li məhlulunun və Nikotin turşusunun 0,5-1 %-li məhlulu ilə elektroforez tətbiq olunur. Elektroforez ümumi təsir və ya kardial metodlarla (elektrodlar ürək və kürəkarası nahiyələrdə yerləşdirilir) ilə həyata keçirilir.

Aritmik sindrom zamanı Novokainin 5%-li məhlulu, Pananginin və ya Anaprilinin 2%-li məhllları kardial metodla elektroforezi tətbiq edilir.

Kliniki təzahürləri kəskin ifadə olunmuş hipotalamusun disfunksiyaları və vegetativ-damar paroksizmləri zamanı Relaniumun intranazal elektroforezi tövsiyə edilə bilər. Müalicə kursu 10 prosedurdur.

NSD olan xəstələrə su prosedurları müsbət təsir göstərir. Müxtəlif duşlar, yaxalanmalar, quru və yaş örtüklərlə bürünmələr tətbiq edilir. Davametmə müddəti 8-15 dəqiqə çəkən və temperaturu 36-37 ° C olan Valerian, iynəyarpaqlı, oksigen, azot və mirvari vannaları yaxşı sedativ effekt göstərir. Vannalar günaşırı təyin edilir, müalicə kursu 10-12 vannadır.

Kardial və aritmik sindromlarda, kəskin üstünlük təşkil edən oyanıqlıq hallarında indiferent temperaturlu (35-36 ° C), hipotenziv sindrom zamanı isə aşağı temperaturlu (32-33 ° C) su prosedurları tövsiyə olunur. NSD-nin hipertenziv və kardial tiplərində radon, hidrogen-sulfid, yod-brom vannaları, hipotenziv tipdə isə karbon dioksid, yod-brom vannaları tövsiyə olunur. Bütün vannalarda suyun temperaturu 35-36 ° C, prosedurun davam etmə müddəti 8-15 dəqiqədir. Vannalar günaşırı tətbiq olunur, müalicə kursu 10 vannadır.

Oyanıqlıq proseslərinin başlıca üstünlük təşkil etdiyi hallarda radon və azotlu vannalar, asteniya zamanı isə karbonat vannaları daha yaxşı effekt göstərir. Radon və yod-bromlu vannalar osteoxondroz zamanı çox məqsədəuyğundur. Serebral simptomların üstünlük təşkil etdiyi hallarda yayındırıcı prosedur kimi yerli, ayaqlar üçün vannalar (şirin sulu, xardallı) məsləhət görülür. Vannada suyun hərarəti 40-42 ° C , prosedur müddəti 10-15 dəqiqədir. Eyni məqsəd üçün dabanlara parafin applikasiyaları, 20-30 dəqiqə müddətində (parafinin temperaturu 50-55 ° C) günaşırı olaraq tətbiq edilir. Kurs 10 prosedurdan ibarətdir.

Aeroionoterapiya. NSD xəstələrinin müalicəsində geniş yayılmışdır. Fərdi (“Ovion-C”) və kollektiv (“Çijevski çilçırağı”) istifadə üçün nəzərdə tutulan aeroionizatorlar tətbiq olunur. Havanın ionlaşması prosesində aeroionlar yaranır. Mənfi yüklü aeroionlar üstünlük təşkil edir. Xəstələr cihazdan 70-100 sm məsafədə yerləşdirilirlər, seansın müddəti 20-30 dəqiqədir, bu müddət ərzində xəstə mənfi ionlarla şüalanmış hava ilə tənəffüs edir. Müalicə kursu 12-14 seans təşkil edir. Aeroionoterapiyanın təsiri nəticəsində baş ağrısının və zəifliyin azalması, qaz mübadiləsinin güclənməsi, oksigen istehlakının artması, yuxusuzluğun aradan qalxması, ürək yığılmalarının sayının azalması, qan təzyiqinin enməsi (5-20 mm. c. süt.) qeyd olunur.

Masaj. NSD olan xəstələrə müsbət təsir göstərir. Xəstələrə ümummöhkəmləndirici masaj məsləhətdir. Onurğanın boyun və döş şöbələrinin östeoxondrozu zamanı bu nahiyələrin ehtiyatla masaj olunması məsləhət görülür. NSD-li xəstələrin müalicəsində xəstənin özünün və yaxınlarının icra edə biləcəyi nöqtəvi masaj çox effektiv bir üsuldur.

İynərefleksoterapiya (Akupunktura). Mərkəzi və vegetativ sinir sistemlərinin funksional vəziyyətini normallaşdırır; vegetativ-damar distoniyasını aradan qaldırır; orqanizmin adaptasiya qabiliyyətini artırır; daxili orqanların metabolizmini və funksiyalarını yaxşılaşdırır; analgezik təsiri var, sefalgiyaları və kardialgiyaları kəsir; qan təzyiqini normallaşdırır. İRT (iynərefleksoterapiya) klassik üsula və ya elektroakupunktur şəklində həyata keçirilə bilər. Əksər hallarda, nöqtələrin sayının tədricən artırılması şəklində, İRT-nin tormozlayıcı variantından istifadə olunur. Birinci kursda 10 seans keçirilir, 2 həftəlik fasilədən sonra ikinci kurs və 1,5 aydan sonra üçüncü kurs təyin edilir.

Akupunkturun köməyilə mərkəzi sinir sisteminin funksiyalarının bərpası, emosional gərginliyin aradan qaldırılması və sedativ effekt əldə edilir. İRT təsiri altında xəstələrin 65-70%-də vəziyyətin yaxşılaşması qeyd olunur.

Adaptogenlərlə müalicə.

NSD-li xəstələr havanın dəyişməsinə və adət etdikləri gündəlik iş rejiminə çox həssadırlar, mənfi psixo-emosional vəziyyətlərə pis uyğunlaşırlar. Adaptogenlər – bitki tərkibli preparatlar olub, mərkəzi sinir sisteminə və bütövlükdə orqanizmin funksiyalarına toniki təsir göstərir, fiziki və psixi gərginliklərə dözümlülüyü gücləndirir, respirator virus infeksiyalarına rezistentliyi artırır, metabolik proseslərə və immun sisteminə müsbət təsir göstərir:

  • Jenşen tinkturası – gündə 3 dəfə 20-25 damcı təyin olunur; Eleuterokokk ekstraktı – gündə 3 dəfə 20-30 damcı; Cır limon tinkturası – 25-30 damcı, gündə 3 dəfə; Araliya tinkturası – 30-40 damcı, gündə 3 dəfə; Saparal (Aralia köklərindən əldə edilən qlikozidlər – aralozidlərin toplamı) – gündə 3 dəfə 0,05 q dozasında təyin olunur.
  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
  • Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və s. maddələrlə zəngindir. Piylənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli maddələrdən təmizlənməsində tətbiq edilir.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Bitki mənşəli adaptogenlərə əlavə olaraq, Pantokrin də istifadə edilir (maralın və ya zubrun buynuzundan alınmış spirtli-sulu duru ekstrakt) – 30 damcı, gündə 3 dəfə verilir; Sıpaqan (Şimal maralının cavan erkəyinin buynuzundan alınmış ekstrat) – gündə 2 dəfə 1 tablet dozasında təyin edilir.

Adaptogenlər arterial təzyiqi artıra bilər, bu cür hallarda dərmanın dozasını azaltmaq və ya ləğv etmək lazımdır; əsəb sisteminə oyandırıcı təsir göstərə bilər, buna görə son dərman yatmazdan bir neçə saat əvvəl qəbul edilməlidir. Adaptogenlərlə müalicə kursu təxminən 3-4 həftə davam edir, il ərzində 4-5 belə kurs keçirilə bilər. Müalicə kursunu intensiv əqli və fiziki iş, qeyri-sabit hava mövsümünlərində (xüsusilə payız və yazda), qrip epidemiyası ərəfəsində həyata keçirmək daha məqsədəuyğundur.

Meteohəssaslığın tənzimlənməsi.

NSD-si olan xəstələr çox meteohəssas olurlar, əlverişsiz hava şəraitində onların vəziyyəti xeyli pisləşir. Bu xəstələrin seçilməsi və dispanserizasiyası; əlverişsiz hava barəsində bir gün əvvəldən tutmuş bir gün sonrayadək onları xəbərdar etmək və profilaktik tədbirlərin görülməsi; adaptogenlərin qəbulu tövsiyə edilir. Həmçinin, 3-4 həftə ərzində, gündə 1-2 dəfə, 100 mq E vitamini qəbul etmək məsləhətdir. Xəstəni soyuq hava şəraitinə uyğunlaşdırmaq üçün orqanizmin möhkəmləndirilməsi, həmçinin kontrast duş, ayaqların vannaya qoyulması, sərin suda çimmək, hava vannaları, sərin mövsümdə yüngül geyinmək, soyuq vanna qəbulu (18-22° C) və ondan sonra dəsmalla intensiv qurulanma faydalı hesab olunur.

Sanator – kurort müalicəsi.

Bu məqsədlə istirahət, dieta, iqlim və landşaftın təsiri, mineral sular, dənizdə çimmək, balneoterapiya, fizioterapiya, terrenkurdan istifadə edilir. NSD-li xəstələr ilin istənilən vaxtında kurorta göndərilə bilər. Atmosfer təzyiqində kəskin dəyişikliklər olmayan mülayim iqlimli istirahət mərkəzləri tövsiyə olunur. Bunlara misal olaraq Latviya (Riqanın dənizkənarı), Litva (Palanqa), Estoniya (Tartu), Leninqrad və Kaliningrad regionları, Letsı (Belarus), Krımın cənub sahili (Yalta), Soçi kurortlarını göstərmək olar. Sanatoriya-profilaktoriyalarda və yerli şəhərətrafı sanatoriyalarda müalicə də effektiv hesab olunur.

Proqnoz

Neyrosirkulyator distoniya adətən uzunmüddətli, illər və onilliklər boyunca, nəzərəçarpan inkişaf olmadan davam edir. Həyat proqnozu adətən əlverişlidir, ölümcül sonluq müşahidə edilmir. Bundan başqa, NSD-li xəstələrin praktiki olaraq sağlam insanlardan daha uzun yaşadığı müşahidə olunmuşdur. Bu, həmin xəstələrin tez-tez həkimə müraciət etməsi və üzvi xəstəliklərin daha erkən mərhələlərdə aşkar edilməsi ilə izah oluna bilər. Bundan əlavə, vasvası olmaları səbəbindən, onlar müalicə və profilaktika barəsində həkimin tövsiyələrini daha dəqiq yerinə yetirirlər. Ancaq NSD-nin ağır şəkildə davam etməsi hamiləliyin və doğuşun gedişatını pisləşdirə, həmçinin dölün inkişafına mənfi təsir göstərə bilər. Buna görə də, təxmin edilən hamiləlik ərəfəsində bu xəstəliyin kompleks şəklində intensiv müalicəsini aparmaq lazımdır. Müalicə üçün proqnoz, bir qayda olaraq, şübhə doğurur, çünki tam sağalmanı əldə etmək üçün yalnız xəstəliyin bütün səbəblərini tapmaqla yanaşı onları aradan qaldırmaq da vacibdir. Sonuncu isə çox vaxt demək olar ki, qeyri-mümkün olur. İnsan yaşa dolduqca, ahıllıq və xüsusilə də qocalıq dövründə, endokrin sisteminin involyusiyası ilə yanaşı bir qayda olaraq, xəstəliyin simptomları da azalır. Ancaq bəzi xəstələrdə ÜİX (ürəyin işemik xəstəliyi) və s. xəstəliklərin fonunda NSD-nin bu və ya digər təzahürü uzun müddət davam edə bilər. Bu kimi hallarda NSD-nin müvafiq korreksiyası məqsədəuyğundur.

Profilaktika

Damar tonunun tənzimlənməsinin pozulmasına görə NSD-si olan insanlar gündəlik həyatda əhəmiyyətli dərəcəli narahatlıq yaşaya bilərlər. Bir qədər əlvereişsiz şəraitlə üzləşdikdə xəstələrdə NSD-nin simptomları dərhal təzahür edə bilər. Buna görə də, NSD-nin tutmalarına səbəb ola biləcək vəziyyətlərdən yayınmaq lazımdır. Bunun üçün tələb olunur:

  • gün rejiminə və qidalanma rejiminə əməl etmək;
  • dozlaşdırılmış şəkildə idman hərəkətləri ilə məşğul olmaq;
  • təmiz havada gəzmək;
  • havaya uyğun paltar geyinmək;
  • stressli vəziyyətlərdən yayınmaq;
  • zərərli vərdişlərdən imtina etmək;
  • sağlam yuxu rejiminə əməl etmək (zəruri davametmə müddəti – 8 saatdır).

Bu tövsiyələrə əməl edən şəxslərdə NSD-nin gedişinin xeyli yüngülləşməsi qeyd olunur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur