Revmatoid artrit zamanı fizioterapiya

Revmatoid artrit

Revmatoid artrit ən çox yayılmış, naməlum etiologiyalı birləşdirici toxumanın sistem xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətinin əsasında oynaq toxumasının (sinovial qişa, oynaq qığırdağı, oynaq kapsulu) immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur. Bu da sümüklərin oynaq səthinin eroziyasına, deformasiyasına və ankilozun formalaşmasına gətirib çıxarır.

Eyni zamanda revmatoid artrit autoimmun xəstəlikdir. Normada insanın immun sistemi hüceyrələri limfositlər orqanizmə düşən yad ziyanlı hüceyrələri (bakteriyalar, viruslar və s.) məhv etməlidir. Autoimmun xəstəliklər zamanı insanın immun sistemində pozulma yaranır ki, nəticədə immun hüceyrələri orqanizmin öz sağlam hüceyrələrinə hücum edir və onları məhv etməyə çalışır. Belə ki, revmatoid artrit zamanı limfositlər oynaq toxumasının hüceyrələrinə hücum edir.

Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən artrit 40 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Alimlərin məlumatlarına görə, revmatoid artrit əhalinin 1-2%-ndə qeyd olunur.

Xəstəlik bir çox hallarda keçirilmiş qrip, tonzillit (angina), kəskin respirator infeksiyalardan sonra inkişaf edir. Bəzən travma və güclü soyuqlama da xəstəliyin inkişafına səbəb ola bilər.

Etiologiyası:

Bu xəstəliyin inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Lakin əksər hallarda bu xəstəlik mənfi amillərin (irsiyyət, stress, infeksiya və s.) təsiri nəticəsində inkişaf edir. Həkimlərin müşahidələrinə görə, revmatoid artrit tez-tez güclü stress, emosional sarsıntılardan sonra (yaxın insanın ölümü, boşanma və s.) inkişaf etməyə başlayır.

Etiologiyasında əksər autoimmun xəstəliklər kimi 3 əsas faktoru qeyd edə bilərik (buna Revmatoid triadası da deyilir) :

  • İrsi meyillilik (autoimmun reaksiyalara qarşı)
  • İnfeksion faktor:
  • Epşteyn-Barr virusu
  • Retrovirus-T limfotrop virus və s.
  • Təkan faktorları:
  • Intoksikasiya, endokrinopatiya

Patogenez:

RA patogenezi kökündə limfasitlərin T-supressor funksiyasının defisiti nəticəsində autoimmun prosesin determinasiyası durur. Bu zaman naməlum etioloji faktor immun cavab reaksiyası əmələ gətirir. Sinovial qişa T-limfasitlərlə, makrofaqlarla, plazmatik hüceyrələrlə iltihablaşır. Makrofaqlarla T-limfositlərin qarşılıqlı təsiri nəticəsində immun cavab əldə edilir, T-limfasitlər aktivləşir. Aktivləşmiş T-limfositlər B-limfositlərin proliferasiyasını və plazmatik hüceyrələrə differensiyasiyasını stimulyasiya edir, nəticədə sinovial qişa, plazmatik hüceyrələri aqreqasiya olunmuş IgG o/d-nə səbəb olur ki, o da öz növbəsində immun sistem tərəfindən yad cisim antigeni kimi qəbul olunur, və sinovial plazmatik hüceyrələri, limfatik düyünlər ona qarşı antitel hazırlamağa başlayır.

Klinikası:

Xəstəliyin əvvəlində barmaq və bilək oynaqları iltihablaşır və şişir. İltihab hər iki əldə inkişaf edir. Ödemləşmiş oynaqlar güclü ağrılara səbəb olur. Ağrılar əsasən gecənin ikinci yarısında və səhərə yaxın güclənir, günortadan sonra azalır, axşama yaxın isə az hiss olunur. Xəstəliyin əvvəlində ağrılar aktiv hərəkətlərdən sonra azalır.

Eyni zamanda pəncələrin kiçik oynaqları zədələnir. Daha iri oynaqlar (çiyin, diz, dirsək, baldır-pəncə oynaqları) daha gec iltihablaşır.

Güclü ağrılardan əlavə xəstə zədələnmiş oynaqda hərəkətliliyin pozulmasını, oynağın sanki “donmasını” hiss edir. Bu hiss xəstə səhər yuxudan durandan 1-2 saat sonra keçir (“Səhər buxovlanması”). Hərəkət zamanı ağrılar artır, bir müddət məcburi hərəkətlərdən sonra ağrılar nisbətən azalır. RA-də oynaq sindromu monotonluğu, davamlılığı, müalicədən sonra qalıq əlamətlərinin uzun müddət qalması ilə fərqlənir.

Xəstələrdə dirsəklərin yanında, bəzən əllərdə, pəncələrdə kiçik (2-3 sm) dərialtı düyünlər əmələ gəlir. Bu da xəstəliyin xarakterli simptomudur.

Sadaladığımız simptomlardan əlavə xəstədə zəiflik, iştahanın və yuxunun pozulması, hərarətin 38°C kimi qalxması, bəzən arıqlama kimi simptomlar inkişaf edir.

Artrit inkişaf etdikcə barmaqlar və əllər deformasiya olunur (əyilir), bilək oynağının hərəkətliliyi kəskin azalır, əllərin qan dövranı pozulur ki, bunun nəticəsində dəri nazik, quru olur, əzələlər fəaliyyətdən qalır.

112

Vaxt keçdikcə artrit yeni oynaqları və həmçinin daxili orqanları (ürək, ağ ciyər, qara ciyər, böyrəklər, damarlar, bağırsaqlar), əzələləri zədələyir. Daxili orqanlar prosesse cəlb olunarsa oynaqlardakı problemlərlə yanaşı aşağıdakı xəstəliklər də meydana çıxa bilər:

  • Ürək-damar sistemi:perikardit, Vaskulit, qapaqların qranulomatoz zədələnməsi, ateroskleroz.
  • Tənəffüs sistemi: Plevrit, interstitial xəstəlik.
  • Dəri: revmatoid düyünlar, hipotrofiya,qalınlaşma,vaskulit, Livedo Reticularis.
  • Sinir sistemi:sensor-motor neyropatiya,mononevrit,onurğa mieliti
  • Göz: quru keratokonyuktivit, episklerit, sklerit, periferik xoralı keratopatiya
  • Böyrək :amiloidoz, vaskulit, nefrit,
  • Qan: anemiya, thrombositoz,neytrofilopeniya
  • Revmatoid artrit çox təhlükəli xəstəlikdir. Müalicəsiz buraxılmış bu xəstəlik insanı əlil edə bilər. Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.

Son Beynəlxalq Təsnifata əsasən 4 kliniki növü vardır.

  • Yalnız oynaq sindromu ilə (artrit və poliartrit formasında)
  • Sistem əlamətləri, oynaqlardan əlavə müxtəlif daxili orqanləarın zədələnməsi ilə gedən RA, psevdoseptik və Felti sindromu
  • Deformasiyaedici OsteoArtroz və birləşdirici toxumanın diffuz xəstəlikləri ilə müştərək keçən RA.
  • Yuvenil RA (Still xəstəliyi)

Diaqnostikası:

Xəstəliyin ilkin dövründə istifadə olunan laborator instrumental müayinələr:

  • Qanın ümumi analizi
  • C-reaktiv zülalin səviyyəsi (CRZ)
  • Revmatoid faktorun titri (RF)

Xəstəliyin güman olunan başlanğıc dövründən 1 il sonra SRZ və RF təyini diaqnostik əhəmiyyəti daşımır. Bu zaman xəstəliyin diaqnostikasında istifadə olunan laborator instrumental müayinələr:

  • Qanın ümumi analizi
  • Anti CCP (Siklik Sitrulin Peptid Antiteli)
  • Anti MC (Modifikasiya olunmuş sitrulinli vimentinə qarşı antitel)
  • R-qrafik müayinə

Rentgenoloji olaraq Revmatid artrit 4 formada ayırd edilir.
I mərhələ – yalnız oynaq ətrafı osteoparoz .
II mərhələ – osteoparoz + oynaq boşluğunun daralması.
III mərhələ – osteoparoz + oynaq boşluğunun daralması + sümük erroziyası
IV mərhələ + osteoparoz + oynaq boşluğunun daralması + sümük erroziyası + oynağın ankilozu

Bunlardan başqa RA xəstəliyinin ən dəqiq və ilkin diaqnostikası HLA (Human Lenkosyte A-antigens) ilə aparılır. (Məs. HLA-B27 Bexterev xəstəliyində, HLA DR4 revmatoid artritdə, HLA B5-Yuvenil revmatoid artritdə)

Müalicəsi:

Revmatoid artriti olan, habelə revmatoid artritin olduğu şübhə edilən xəstələrin müalicəsində bu sahədə bilik və təcrübəyə malik olan ixtisaslaşmış mütəxəssislərin, xüsusilə də, revmatoloqun iştirakı əhəmiyyətlidir. Dünyanın bir çox ölkəsində aparılmış araşdırmalara göstərir ki, revmatoloq tərəfindən müalicəsi aparılan revmatoid artriti olan xəstələrdə uzun müddətli nəticələr daha yaxşı olur.

QEYRİ-FARMAKOLOJİ VƏ PROFİLAKTİK MÜDAXİLƏLƏR.

Müxtəlif kliniki mərhələlərdə olan Revmatoid artritin kompleks müalicəsində iltihab əleyhinə və revmatoid əleyhinə dərman preparatları ilə yanaşı bir sıra qeyri-farmakoloji tədbirlər və digər tibbi müdaxilələrin tətbiqi də xüsusi əhəmiyyət kəsb edir. Revmatoid artriti olan xəstələrin xəstəliyin özü barədə maarifləndirilməsinə xüsusi önəm verilməlidir. Aşağıda verilmiş tədbirlərin geniş istifadəsi tövsiyə edilir:

  • Xəstələrin xəstəlik və onun müalicəsi üçün istifadə edilən preparatlar və onların yan fəsadları barədə məlumatlandırılması.
  • Psixososial müdaxilələr.
  • İstirahət, fiziki aktivlik (idman) və fiziki terapiya
  • Düzgün qidalanma və pəhriz.
  • Ürək-damar xəstəliklərinə səbəb olan risklərin aradan qaldırılması və ya azaldılmasına xidmət edən müdaxilələr (siqaretin tərgidilməsi). Osteoporoz riskinin azaldılması.
  • İmmunsupressiv terapiya alan xəstələrdə infeksion ağırlaşmaların profilaktikası məqsədilə vaxtında vaksinasiya və immunizasiyanın aparılması.

FARMAKOLOJİ TERAPİYA.

Müxtəlif müalicə metodlarının seçimi bir sıra faktorlardan asılıdır:

  • Xəstəliyin aktivlik dərəcəsi (məs., mülayim, orta və ya ağır dərəcəli simptomlar, oynaqların destruksiyası vəziyyəti).
  • Terapiyanın başlanması mərhələsi (məs., ilkin terapiya və ya əvvəlki müdaxilələrə rezistent olan xəstələrdə növbəti terapiya).
  • Maddi vəziyyət, sığorta və ya səhiyyəyə nəzarət orqanları tərəfindən məhdudiyyətlər (məs., dərmanların ölkəyə gətirilməsi, dərmanların ölkədaxili istifadəsinə qadağalar).
  • Xəstənin istəyi (məs., dərmanların qəbulu yolu – per oral və ya venadaxili, gün ərzində dərmanların qəbulu tezliyi).

Bir çox mütəxəssis müştərək terapiyadan istifadəyə üstünlük verir:

  • Sürətli təsirə malik iltihab əleyhinə preparatlar, o cümlədən, qeyri-steroid iltihab əleyhinə preparatlar) və sistem və oynaqdaxili qlyukokortikoidlər.
  • Xəstəliyi modifikasiya edən revmatoid artrit əleyhinə olan preparatlar, o cümlədən, qeyri-bioloji və bioloji preparatlar, və per oral qəbul edilən kiçik molekullu kinazanın inhibitoru. Bu preparatlar oynaqların dağılmasının qarşısını almaqda və ya dağılma prosesini azaltmaqda, oynağın funksiyası və tamlığının qorunmasında xüsusi potensiala malikdir.

Ən çox istifadə edilən xəstəliyi modifikasiya edən revmatoid əleyhinə Qeyri-bioloji preparatlara – hidroksxlorokin, sulfasalazin, metotreksat və leflunomid aid edilir.

XMRƏ (revmatoid artrit əleyhinə xəstəliyi modifikasiya edən preparatlar) bioloji preparatlar rekombinant DNT texnologiyası ilə hazırlanır və müxtəlif sitokinləri və ya onların reseptorlarını və ya hüceyrə səthində olan müvafiq molekulları hədəfə alır. Bu preparatlara sitokin əleyhinə, məsələn, Törəmənin Nekroz Faktoru (TNF-alfa) inhibitorları, məsələn, etanersept, infliksiman, adlimumab, qolimumab və sertolizumabm peqol preparatları daxildir. Bu preparatlara həm də interleykin-1 reseptoru antaqonistləri – anakinra və interleykin-6 reseptoru antaqonisti – tocilizuman da aid edilir. Eyni zamanda, T-hüceyrələrinin stimulyasiyasının blokadasını təmin – abatacept və B-hüceyrələrin CD-20 əleyhinə olan anticism – rituksimab da bioloji preparatların növüdür.

Revmatoid artriti diaqnozu qoyulmuş bütün xəstələrin müalicəsinin elə başlanğıcdan XMRƏ preparatları ilə aparılması tövsiyə edilir. İlkin farmakoloji preparatın seçimi əsasən xəstəliyin aktivlik dərəcəsindən asılı olur. Ümumiyyətlə, farmakoloji terapiyanın tətbiqi ilə bağlı xəstələrin iki qrupa – mülayim və daha aktiv xəstəliyi olanlara – bölünür. Farmakoloji terapiya aşağıdakı kimi aparıla bilər:

  • Az aktiv (mülayim) RA olan xəstələrdə müalicə ilkin olaraq 1) simptomların kontrolu məqsədilə qeyri-steroid iltihab əleyhinə preparatlarla (QSİƏP) və 2) XMRƏ aid olan hidroksixlorokin və ya sulfasalazin preparatları ilə aparılır.
  • Orta və yüksək aktivliyi (orta və ağır dərəcəli xəstəlik) olan RA hallarında, müalicə ilkin olaraq QSİƏP və ya qlyukokortikoidlərlə və XMRƏ aid olan metotreksatla başlanır.
  • XMRƏ preparatları ilə aparılmış ilkin müalicəyə (məs., Metotreksat) rezistent olan xəstələrdə müalicə XMRƏ preparatlarının kombinasiyası (məs., metotreksat + TNF inhibitoru və ya, məs., Sulfasalazin + Hidrokxlorokin) ilə aparılır. Alternativ kimi, ilkin terapiyaya rezistent olan xəstələrdə başqa XMRƏ preparatı istifadə edilir (məs., leflunomid və ya TNF inhibitoru). Bununla yanaşı xəstələrdə mövcud olan aktiv iltihabın müalicəsi də QSİƏP-la davam etdirilir.

Araşdırmalara göstərir ki, RA xəstəliyi səbəbindən oynaqların zədələnməsi və dağılması prosesi xəstəliyin erkən dövründə başlayır. Məhz buna görə də, XMRƏ preparatların erkən dövrdən tətbiqi xəstəliyin proqressiv inkişafını dayandıra və/və ya ləngidə bilər və oynaqların dağılması prosesini dayandıra bilər.

Niderlandda aparılmış araşdırma göstərmişdir ki, aşağıda təsvir edilmiş qaydada müalicə olunan xəstələrdə qısa və uzunmüddətli nəticələr, o cümlədən, kliniki və radioloji nəticələr, daha yaxşı olmuşdur:

  • Variant 1.
    • İlkin olaraq, Metotreksat həftədə 7.5 mq + Sulfasalazin gündə 2 qm və həmçinin Prednizon (60 mq PO gündə bir dəfədən başlayaraq tədricən 7.5 mq dozayadək azaldılmaqla 28 həftədən sonra dayandırılır) prepatlarının kombinasiyası ilə müalicə aparılır.
      Birinci yanaşma nəticə vermədikdə isə Metotreksat həftədə 25-30 mq + Sulfasalazin 2 qm gündə və Prednizon PO istifadə edilir.
      Yuxarıdakı yanaşmalar fayda vermədikdə isə Metotreksat + Siklosporin və Prednizon kombinasiyası istifadə edilir.
  •  Variant 2:
    • Metotreksat həftədə 25-30 mq + İnfliksimab ilkin olaraq 3mq/kq dozada, sonra isə 6 mq/kq dozada, daha sonra isə 7.5 mq/kq dozada infuziya edilir.
  • Variant 3:
    • Etanersept 25 mq iki həftədən bir + Metotreksat.

İltihab əleyhinə preparatların rolu.

  • Xəstəliyin müalicəsinə yenicə başladıqda, xəstəliyin kəskinləşməsi və ya ağırlaşması hallarında, habelə xəstəliyin müalicəsi prosesində bir preparatın digəri ilə əvəzlənməsi zamanı müvəqqəti olaraq iltihab əleyhinə preparatların – QSİƏP və qlyukokortikoidlərin – istifadəsi tələb oluna bilər. Qeyd edilməlidir ki, iltihab əleyhinə preparatlar iltihab prosesini qısa müddətdə kontrol etməsinə baxmayaraq, onların uzun müddətli faydası çox azdır və onlar oynaqların destruksiyası prosesinin qarşısını ala bilmir. Qlyukokortikoidlər alan xəstələrdə həmin preparatların qəbulunun dayandırılması tədricən aparılmalıdır. Araşdırmalar göstərir ki, RA-i olan xəstələrdə qlyukokortikoidlər xəstəliyin radioloji baxımdan inkişafını ləngidir. Lakin, buna baxmayaraq, glyukokortikoidlərin uzun müddət istifadəsi bir çox yan fəsadlarla əlaqəlidir və tövsiyə edilmir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, RA olan xəstələrdə bir çox hallarda qısa müddətli olsa da, aşağı dozada qlyukokortikoidlərin (<10 mq/gündə) istifadəsi tələb oluna bilər. Bu cür aşağı dozalarda qəbul edilən qlyukokortikoidlər adətən xəstələr tərəfindən normal qarşılanır, yan fəsadlar mülayim olur və xəstəliyin proqressiv inkişafının ləngidilməsinə müsbət təsir göstərir.
  • RA xəstəliyinin təbii gedişatı zamanı kəskinləşmə halları tez-tez müşahidə edilir. Bu cür kəskinləşmə hallarında ya qlyukokortikoidlər əlavə oluna bilər, ya xəstənin qəbul etdiyi XMRƏ preparatların dozaları artırıla bilər, ya da bu yanaşmaların hər ikisi birdən tətbiq oluna bilər.
  • Xatırlatmaq lazımdır ki, xəstəliyin kəskinləşməsi halları ilə xəstəliyin aktivliyinin artması hallarını fərqləndirmək xüsusi əhəmiyyət kəsb edir. Belə ki, xəstəliyin kəskinləşməsi halları tez-tez baş verən xəstələrdə xəstəliyin aktivliyinin artması düşünülməlidir. Bu qrup xəstələrdə aparılan terapiyanın eskalasiyası və modifikasiyası tələb olunur.

Fizioterapiyada Revmatoid Artrit.

Fizioterapiya və reabilitasiya sahəsinin əsas olaraq maraqlandığı sahələrdən biri də revmatizmal xəstəliklər və müalicələridir. Revmatoid artrit ən sıx görülən revmatizmal xəstəliklərdəndir. Revmatoid artrit xüsusilə oynaqları zədələdiyi üçün xəstələrin böyük əksəriyyətində çox güclü ağrı olur. İltihabi vəziyyətə bağlı olaraq oynaqlarda qalıcı zədələr meydana gəlir. Bu səbəbdən revmatoid artritli xəstələrdə fizioterapiya və reabilitasiya tətbiqləri oynaq zədələrinin qarşısının alınmasında və ağrıların azaldılmasında təsirlidir. Ayrıca xəstələrin dərman müalicəsinə olan ehtiyaclarının azaldılmasında, müalicənin gətirəcəyi yüklərdən qorunmalarına da yardım edir.

Revmatoid Artritli xəstələrə fizio prosedurlar xəstəliyin mərhələsindən asılı olaraq fərqlənir. Xəstəlik kəskin və remissiya mərhələlərinə bölünür.

Kəskin dövrdə aşağıdakı prosedurlar müsbət nəticə verir:

  • Ultrasəs
  • Elektrofarez
  • Maqnitoterapiya
  • Lazer terapiyası

Remissiya dövründə isə aşağıdakı fizioprosedurlar tətbiq edilməlidir:

  • Qısa Dalğa
  • Elektrofarez
  • Palçıq terapiya
  • Ultrasəs terapiyası
  • Ultrabənövşəyi şüa
  • Maqnitoterapiya
  • Lazer terapiyası

Elektrofarez- vasitəsilə novokain,qlukokortikosteroid preparatlarını(dekson, prednizalon) orqanizmə yeritmək olar. Bu prosedur ağrı sindromunun azaldılmasına yönəldilir. Prosedur hər gün, 12 gün müddətində 20 dəq olmaqla aparılır.

Maqnitoterapiya- zədələnmiş oynaq boşluğunda qan təchizatını sürətləndirmək məqsədi daşıyır. Bu proses toxumalarda şişkinliyin azaldılmasına, regenerasiya proseslərinin sürətlənməsinə köməklik edir. Maqnitoterapiya ən çox pəncənin artriti zamanı tətbiq olunur.

Lazer terapiyası- lazer şüaları ilə şüalanma zədələnmiş oynaqdaxili strukturun bərpasını sürətləndirir. Onkoloji və endokrin sistemi pozğunluqları zamanı əks göstərişdir.

Ultrasəs terapiyası- maddələr mübadiləsinin sürətləndirmək, ödemin sorulması, iltihabı əlamətlərin azalması və zədələnmiş oynaq strukturunun bərpası məqsədi ilə həyata keçirilir.

İynəbatırma- revmatoid artritli xəstələrdə ağrı sindromu, spazm və qıcolma hallarının azaldılması məqsədi daşıyır.

Qısa dalğa diametriyası (UVÇ)– revmatoidli pasientlərdə ağrının və ödemin azaldılması, iltihabı prosesin yayılmasının və inkişafının qarşısını alır. Gündəlik 12 dəq olmaqla 15 gün davamlı tətbiq olunmalıdır.

Palçıq terapiyası- maddələr mübadiləsi məhsullarının zədələnmiş nahiyyəyə tez bir müddətdə yetişməsinə köməklik edir. Bu effekt zədələnmiş ocaqda qan təchizatının sürətlənməsi hesabına baş verir. Yarım saat olmaqla 20 prosedur tətbiqi məsləhət görülür. Prosedurlar 2-3 gün fasilə ilə aparılmalıdır.

Bundan başqa Revmatoidli xəstələrə həcəmət də edilməsi müsbət nəticələr verir. Baş, kürək, bel və şişmiş oynaqların ətraflarından həcəmət edilməsi ağrıları azaldır və iltihablaşmış oynaqları zədələnmədən qoruyur.

Yanaşı xəstəliklər və RA.

Hamiləlik. RA-dən əziyyət çəkən hamilə qadınlarda terapiya və dərmanların seçimi çox ehtiyyatla aparılmalıdır.

Ağciyər xəstəliyi. RA olan xəstələrdə ağciyər xəstəliyi də çox geniş yayılmışdır. Eyni zamanda RA-in müalicəsində istifadə edilən preparatlar ağciyər xəstəliyinə səbəb ola və ya mövcud olan ağciyər xəstəliklərinin pisləşməsinə gətirib çıxara bilər. Xüsusilə də, RA-in müalicəsində istifadə edilən metotreksat, leflunomid, TNF inhibitorları, sulfasalazin, İV qızıl, abatasept və rituksimab kimi preparatların ağciyərə mənfi təsiri yaxşı məlumdur.

Ürək-damar xəstəlikləri. RA ilə yanaşı ürək-damar xəstəlikləri olan xəstələrdə QSİƏP və qlyukokortikoidlər ürək-damar xəstəlikləri riskini artırmış olur. Orta və ağır dərəcəli ürək çatışmazlığı olan xəstələrdə TNF inhibitorlarının istifadəsi tövsiyə edilmir. TNF inhibitorları ürək çatışmazlığının daha da ağırlaşmasına səbəb ola bilər. Eyni zamanda bildirilməlidir ki, aktiv RA xəstəliyi ürək-damar sistemi ağırlaşmaları riskini artırmış olur. RA xəstəliyinin isə yaxşı kontrolu həmin riski azaltmış olur.

Nevroloji əlamətlər. Dağınıq sklerozu olan və ya ailə üzvlərində dağınıq sklerozu olan, habelə sinir sisteminin digər demiyelinasiyaedici xəstəlikləri olan xəstələrdə TNF inhibitorlarının istifadəsi tövsiyə edilmir.

Diabet. RA olan xəstələrdə diabet xəstəliyi riski artmamış olur. Lakin, həm RA, həm də diabeti olan xəstələrdə qlyukokortikoidlərin istifadəsi zamanı qanda şəkərin səviyyəsi monitorinq edilməlidir. Eyni zamanda, sulfasalazin, TNF inhibitorları və ya hidroksixlorokinlə müalicə olunan xəstələrdə isə diabet riski azalmış olur.

Böyrək xəstəliyi. RA olan xəstələrdə yanaşı böyrək xəstəliyi onlar arasında mortalitenin artmasına səbəb olur. QSİƏP-la yanaşı RA-in müalicəsində istifadə edilən bir sıra digər preparatlar (metotreksat, siklosporin, qızıl, penisillamin) böyrək xəstəliyi olanlarda çox ehtiyyatla və ya heç istifadə edilməməlidir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur