Çiyin ağrıları

Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı, 6 istiqamətdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Əzələ, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında , bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq.

Çiyin ağrıları nədir?

Bel, boyun və diz ağrılarından sonra ən çox rast gəlinən oynaq ağrıları arasında çiyin yer alır. Sıxışma, fibromialgiya, duzlaşma, sinir zədələnmələri, infeksiyalar, boyun yırtığı, metobolik və daxili orqanların xəstəlikləri kimi müxtəlif səbəbləri olan çiyin ağrıları zamanı düzgün diaqnoz qoyulması çox böyük əhəmiyyət daşıyır.

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.

Çiyin ağrılarının səbəbləri nələrdir ?
Çiyin ağrısı oynağı əhatə edən yumuşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər.

Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin nahiyyəsinə boyundan və ya daxili orqanlardan yaranmış müxtəlif problemlər ola bilər. Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına yaxın orqanlar olduğu üçün təsir edə bilir.

Boyun problemləri: Boyunda fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri (osteoxondroz və s.) sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilirlər.

Çiyin ağrısının simptomları

Ağrıyan qolu yuxarı qaldırdıqda sanki xəncər sancılmış kimi ağrı yaranarsa, yük qaldırarkən çətinlik, saç darayarkən çiyində yanma hissinin olması, gecələr yer dəyişdirərkən ağrı ilə oyanma halları çiyin əzələ yırtığı əlaməti ola bilər.

Çiyin oynağı kapsulunun donması nəticəsində: çiyin hərəkətliliyində məhdudluq əmələ gəlir, geyinmə, soyunma kimi hərəkətlərdə xəstədə çətinlik yaranır. Əlini kürəyinə çatdıra bilmir.

Çiyin ətrafı əzələ və sinirlərin zədələnmələri ilə əlaqəli də çiyin ağrılarına rast gəlmək olur və çiyində gücsüzlük, zəiflik daha çox ön planda olur.

Bəzən daxili orqanların xəstəlikləri də çiyin ağrılarına səbəb ola bilir. Öd kisəsi, ağciyər, süd vəzisi xəstəlikləri də yansıyan ağrı çəklində çiyin ağrısına səbəb ola bilir.

Hansı xəstəliklər çiyin ağrıları ilə müşayət olunur?

  • Boyun yırtıqları
  • Rotator cuff yırtığı;
  • Tendinit və bursitlər
  • Oynaq kirəcləşməsi (osteoartrit);
  • Travma nəticəsində vətər, bağların zədələnməsi; əzələ yırtıqları
  • Çiyin tendonları, vətərləri ilə əlaqəli sıxışma sindromu adlanan xəstəlik (impingement sindromu- çiyinin kompressiyası sindromu);
  • Donmuş çiyin (adheziv kapsulit);
  • Vətərlərə kirəcləşmə ilə yaranan kalsifik tendinitlər;
  • Çiyin boşalmaları və ya çiyin yarı çıxıqları;
  • Miofassiyal ağrı sindromu- çiyin ətrafı əzələlərə bağlı ağrılar;
  • Çiyin ətrafı əzələ-sinir zədələnmələri.

Boyun yırtıqları

Boyunda yeddi fəqərə, hər fəqərələr arasında fəqərəarası disk yerləşir. Bu disk amortizator rolu oynayır və boynumuzun fırlanmasını və bükülməsini təmin edir. Bu disk toxumasının yırtılaraq onurğa kanalına doğru yerdəyişməsinə və nəticədə onurğa beyni və sinirlərə təzyiq etməsinə “Boyun disk yırtığı” xəstəliyi deyilir.

Başlanğıcda yüngül ağrılar ilə başlayır, boyun tutulması olur, işləmək çətinləşir, hər hansı yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur.Yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin, qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır. Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə və qollarda gücün zəifliyə və keyləşməyə səbəb olur. Əlindən tez-tez əşyaların düşməsinə səbəb olur.

Hər hansı bir kəskin hərəkət və ya ağır yük qaldırma olmadan olan ağrıların səbəbi boyun disk yırtığı ola bilər. Boyun yırtığı zamanı olan ağrılar başı sağa sola çevirməni ,arxaya əyməni çətinləşdirir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur. Bundan başqa ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanma ola bilər.

Torasik Çıxış Sindromu (Thoracic outlet syndrome): Qola doğru yayılan sinirlərin əmələ gətirdiyi sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər. Körpücük sümüyü, VII boyun fəqəəisinin yan çıxıntısı, birinci qabırğa, skalenus anterior adlı əzələnin yerləşdiyi sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu” adı verilən bir mənzərə ortaya çıxa bilər.

Donmuş çiyin (Frozen shoulder)
Donmuş çiyin sindromu (adgeziv kapsulit, Frozen shoulder ) çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zarın diffuz pozğunluğu və iltihabı nəticəsində oynaq nahiyyəsində baş verən ağrı, hərəkət məhdudiyyəti ilə özünü büruzə verən sindromdur. Bu sindrom Glenohumeral oynağın ağrı ile birliktə aktiv ve passiv hərəkətlərinin bütün istiqamətlərdə qısalmasıdır.

“Donmuş” çiynin yaranma səbəbi – yapışan kapsulitdir. Oynaq kapsulunun həcminin azaldığı və liflərin yapışması ilə müşayiət edilən kapsul zədələnməsidir. Hərəkət zamanı zədələnmiş kapsul dartılır, travma alır, çiynin hərəkət aktivliyi isə bloklanır. Bloklanmış çiyin oynağının uzun müddət ərzində hərəkətsiz qalması yumşaq toxumalarda yapışıqlıq meydana gəlməsinə, oynaq kapsulasının çəkilib buruşmasına yol açır.

Kapsulit sərbəst şəkildə və ya müxtəlif digər xəstəlik fonunda inkişaf edə bilər. Xəstəlik əvvəllər keçirilmiş travma, əzələ yırtıqları, uyğunsuz hərəkətlər, əməliyyat sonrası səbəblərdən ortaya çıxır. Digər xəstəlik fonunda inkişaf edən kapsulit- ikincili kapsulit adlanır. Xroniki obstruktiv ağciyər xəstəliyi, ürək-damar sistemi xəstəlikləri, səkərli diabet, vərəm, Parkinson xəstəliyi, tiriodizm kimi bir sıra sistemik xəstəliklər “Donmuş çiyin” sindromunun inkişafına yol aça bilər ki bunlar ikincili kapsulit adlanırlar.

“Donmuş” çiyin sindromu şiddətli ağrı və çiyin oynağının məhdud hərəkəti ilə özünü göstərir. Ən kiçik bir hərəkətdə çiyin və qolda ani sancı şəklində ağrı yaranır. Əvvəl müəyyən hərəkət həcmi qorunur, lakin, zaman keçdikcə, tam bloklanır, əl, demək olar ki, iş qabiliyyətini itirir. Xəstəlik müalicə olunmazsa, zədələnmiş tərəfdən əzələlərin atrofiyası başlayır.

Fibromialgiya
Həyat keyfiyyətini ciddi dərəcədə pozan fibromialgiya -tükənmişlik sindromu, xroniki ağrı sindromu və ya xroniki yorğunluq sindromu olaraq təyin oluna bilər. Əzələ ağrıları, baş ağrısı, yorğunluq, əldən düşmüşlük, halsızlıq, yuxu nizamsızlıqları və bəzən də spastik kolit dediyimiz tualetə çıxma problemlərinin yoldaşlıq etdiyi xroniki bir xəstəlikdir. Fibromialgiya xüsusilə kürək, boyun, çiyin və bud-çanaqda diqqətə çarpan olmaq üzrə ağrının olduğu bir əzələ skelet sistemi xəstəliyidir. Xüsusilə bədənin müəyyən nöqtələrində həddindən artıq həssaslıqla özünü göstərir. Xəstə, ağrının bir yerdən başlayıb bütün bədəninə yayıldığını ifadə edər. ağrı; yanıcı, sızlayıcı olaraq təsvir edilir. Yanaşı olaraq yuxusuzluq və yuxusuzluqdan irəli gələn əsəbilik, tez özündən çıxma xəstələrin həyatına çox pis təsir edir. Fibromialgiya, gecələri kifayət qədər yatmanıza baxmayaraq səhər qalxdığınız zaman özünüzü heç yatmamış kimi hiss etdirən yumşaq toxuma revmatizmasıdır.

Bursit
“Bursa” adı verilən bu kisəciklər oynaq xarici təsirlərə qarşı qoruyucu yastıqcık vəzifəsini yerinə yetirirlər və bazu oynağı ilə kürək sümüyünün akromion çıxıntısı arasında olan, içi maye ilə dolu kisənin iltihabıdır. Tez-tez çiyin qurşağında tendinit (vətərin iltihabı), rotator manşet cırılmalarında bursa şişər və iltihaba səbəb olar. Bunun nəticəsində xüsusilə çiyin qurşağını yuxarı qaldırmaq kimi hərəkətlərdə çiyin ağrısı olur. Məhz bu kəskin dövrdə, soyuq tətbiqi, keçici istirahətlər, lokal inyeksiyaların icra olunması lazımdır. Daha sonrakı dövrdə isə fizioterapiya və idman hərəkətləri qalan problemi həll edəcək. Xronikiləşmiş hallarda bu kisə qalınlaşmış, sərtləşmiş və davamlı olaraq ağrı səbəbi olmağa başlamışsa cərrahi müalicə qaçılmazdır.

Döndürücü (rotator) manjet zədələnmələri və xəstəlikləri
Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60% hallarda ən çox rastlanan səbəb budur.
1-DÖNDÜRÜCÜ MANJET TENDİNİTİ (iltihablaşması)
2-Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.
3-SUBAKROMİYAL SIXILMA (IMPIGEMENT) SİNDROMU. Qolunuzu qaldırdığınız vaxtı çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi) altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.
4-DÖNDÜRÜCÜ (ROTATOR) MANJET YIRTIĞI; Yaşla əlaqədar olaraq vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya vətər tamamilə iki yerə ayrılacaq formada qopa bilər.

Artroz
Xalq arasında kirecləşmə adı ilə tanınan, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın incəlməsi, aşınması və zədələnməsi ilə tez tez müşahidə olunan xəstəliyidir. Müxtəlif xarici mühit amillərin təsiri nəticəsində oynaq qığırdağı və altındakı sümük toxumasının bütövlüyünün pozulması və klinik müayinə nəticəsində aşkar edilməsi ilə müşahidə olunan bir xəstəlikdir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamən nazilib aradan qalxması və sümük başlarının bir birinə təmas etməyə başlaması ortaya çıxır. İnkişaf edən qığırdaq zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.

Osteoartritli xəstələri narahat edən əsas şikayət oynaq ağrısıdır. Ağrının şiddəti xəstədən xəstəyə fərqlənir.Ağrı zamanla şiddətli şəkil ala bilər və bu ən çox hərəkət zamanı arta bilir. Oynaqda ağrı hava dəyişikliyi və soyuq tətbiqi zamanı narahatlıq hissı ilə ortaya çıxır. Xüsusi ilə oynağı hərəkət etdirdikdə oynaqda şişkinlik və oynaq sərtliyi meydana çıxır. Xəstəni müayinə edərkən oynaqda şişkinlik, qığırdaq səthlərində ağrı, oynaqda hərəkətin məhdudluğu nəzərə çarpır. Xəstəlik irəlilədikcə oynaqlarda hərəkət məhdudiyyəti yaranır.

Bazu çıxıqları
Bazu sümüyünün başı kürək sümüyünündəki oynaq boşluğundan bayıra doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə ya da çiyinin həddən artıq yük altında gərgin olması çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Çiyin nahiyyəsindəki bağlar, əzələlər və vətərlər bir dəfə boşaldığında və ya qopduğunda bazu tez-tez çıxmağa başlaya bilər. Adəti bazu çıxıqları oynaqda osteartrit riskini yüksəldir. Bazu çıxığı ağrıya səbəb olur, çıxan çiyinin görünüşü digərinə görə fərqli olur. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir.

Çiyin ağrısının müalicəsi necə aparılır ?
Çiyin qurşağı ağrısının müalicəsi tamamilə səbəbə bağlı olub qoyulan diaqnoza görə icra olunur. Çiyin ağrısında, ən çox istifadə olunan müalicə növləri aşağıdakı kimi sıralana bilər:

  • Sakitlik və iltihab əleyhinə preparatların istifadəsi,
  • Gərilmə ve gücləndirmə hərəkətləri,
  • Fizioterapiya və reabilitasiya,
  • Ağrılı nöqtəyə ya da nahiyyəyə tətbiq olunan lokal inyeksiyalar,
  • Çiyin Artroskopiyası,
  • Açıq cərrahi əməliyyatlar.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur