Əyriboyunluq (Tortikollis)

Əyriboyunluq başın eyni tərəfə, çənənin tərs tərəfə dönməsi şəklində yaranan deformasiyadır. Boyunun önə və yana əyilməsinə, yanlara dönməsinə köməklik edən Döş-Körpücük-Məməyəbənzər (DKM) əzələdə inkişaf edən kontraktura(yığılma) nəticəsində yaranan əyriboyunluğa Muskulyar (əzələyə bağlı) əyriboyunluq deyilir. Əyriboyunluq səbəbləri arasında bu qrup 95% təşkil edir. Digər növlər arasında onurğanın boyun şöbəsində anadangəlmə inkişaf qüsurlarını və gözlə əlaqədar yaranan problemləri göstərmək olar.

Anadangəlmə əzələ əyriboyunluqda uşağın başı qeyri-təbii olaraq yana əyilmiş olur. Buna səbəb qulaq nahiyyəsindən başlayaraq körpücük sümüyünə gedən əzələnin defektidir. Başı yana əyərkən bu əzələ daha qabarıq şəkildə gözə çarpır.

Səbəblər1 4

Doğuşun çətin keçməsi (sağrı gəlişi, forseps istifadəsi və s.) zamanı DKM əzələsində yırtıq əmələ gəlməsi və burada əmələ gələn çapıq toxumasının dartması nəticəsində əzələdə qısalmanın xəstəliyə səbəb olması haqqında fərziyyələr doğru deyildir. Ana bətnində ikən dölün boynunun davamlı olaraq yana bükülməsinə və dönməsinə şərait yaradan amillər DKM əzələsində venoz blokadaya səbəb olmaqla, qan dövranında pozulmaya (işemiya) yol açır. Bu vəziyyət əzələ içində çapıq toxumasının yaranmasına və nəticədə əzələnin qısalmasına səbəb olur.

Beləlikdə Tortikollis anadangəlmə və qazanılma olmaqla 2 yerə bölünür. Anadangəlmə səbəblərdən yaranan əyriboyunluq daha çox rast gəlinir və əmələgəlməsinə səbəb olaraq əsas 2 fikir üstünlük təşkil edir.

  1. Ana bətnində anormal fetal vəziyyət (uşaqlıqda başın düzgün olmayan vəziyyəti Döş-körpücük-Məməyəbənzər əzələnin-DKM tək tərəfli fibroza yol açan bir uşaqlıq içi kompartman sindromuna səbəb olması-daha çox çanaq gəlişində)
  2. Doğuş zamanı travmalar.( DKM əzələsinin doğuş zamanı travma alması və əzələiçi qanamaya səbəb olaraq əzələnin fibrozlaşmasına səbəb olması-çətin keçən doğuşlarda). Həmçinin DKM əzələsinin anadan gəlmə şiş xəstəliklərinində səbəb olduğu bilinir.

DKM əzələsinə bağlı əyriboyunluğu aşağıdakı əyriboyunluğa səbəb olan hallardan ayırmaq lazımdı.

  1. Uşaqların boyun fəqərəsi xəstəliklərində( müxtəlif istiqamətlərdə əyilmələr) zamanı.
  2. Görmə fuksiyasının pozulmasında( kompensator olaraq)

Ümumi Xüsusiyyətlər

Həmişə tək tərəfli olur. Qızlarda daha çox görülür. ¾ hallarda sağ tərəf tutulur. Anadangəlmə bud-çanaq oynağı displaziyası və ayağın içə dönməsi (metatarsus adduktus) ilə birlikdə tez-tez rast gəlinir (7-20%).

Klinikası

Uşaq doğulduqdan sonra 2-3 həftə içərisində boyunda DKM əzələsi içərisində yerli sərt, ağrısız şişkinlik hiss edilir. Bu şişkinlik körpücük sümüyünə yaxın yerləşir. Daha sonra bu şişkinlik getdikcə genişlənir. 2- 6 ay içərisində gedərək kiçilir və yox olur. Ancaq DKM əzələsi sərt və gərginləşərək zamanla qısalır və kontraktura yaranır. Boyunun tutulan tərəfə rotasiyası, önə flekiyası və qarşı çiyinə tərəf yan dönməsi məhdudlaşır. Xəstələrin 1/3-ündə DKM əzələsi tamamilə tutulmuşdur. Bu səbəblə lokal şişkinlik görülmür. Digər xəstələrdən fərqli olaraq bu xəstələr həkimə daha gec fazada gətirilir və müalicə gecikir.

Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır. Rahat olduğu üçün üz üstünə uzadılan uşaqlarda kontraktura olan tərəfdəki üz yarısı yatağa söykənir və zamanla düzləşir(plagiosefaliya). Uşaq böyüdükcə üzdə assimetriya inkişaf edir. İki üz yarısında göz və qulaqlar müxtəlif səviyyələrdə yerləşir və kontraktura olan tərəfdəki üz yarısı daha kiçik olur. Daha irəli yaşlarda kontraktura olan tərəfdəki çiyin digərinə görə daha yüksəkdə yerləşir. Boyundakı əyrilik davam etdiyi üçün zamanla qalıcı skolioz inkişaf edir.

Muskulyar(əzələyə bağlı) əyriboyunluq digər növlərdən ayırd edilməlidir. Boyun nahiyəsi hökmən radioloji müayinələrdən keçirilməlidir. DKM əzələsi gərgin olmadığı hallarda göz həkiminin müayinəsi istənilməlidir.

Müalicəsi

2 3

Müalicənin əsasını körpələrə masaj, xüsusi gimnastik hərəkətlər və fizioterapevtik müalicə təşkil edir. Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra reabilitasiya tədbirlərinə- passiv gərmə gimnastikalarına başlamaq lazımdır. Uşaq kürəyi üzərinə sərt bir yatağa uzadılır. Gimnastikanın ilk mərhələsində normal tərəfin qulağı o tərəf çiyninə dəyəcək şəkildə boyun yan tərəfə əydirilir. İkinci mərhələdə çənə gərgin tərəfdəki çiyinə yaxınlaşdırılacaq şəkildə döndürülür. Üçüncü mərhələdə baş geriyə qatlanan vəziyyətdə ikən, boyuna yana bükülmə və rotasiya hərəkətləri edilir. Hər hərəkətin sonunda boyun gərilmiş vəziyyətdə beş saniyə tutulur və bu akt iyirmi dəfə təkrarlanır. Bu məşğələ gündə 4-6 dəfə tətbiq edilir. Bu vaxt gövdə və xüsusilə kontraktura olan tərəf çiyin əl yardımıyla sabit tutulur. Gimnastikalar asta edilməlidir, yoxsa əzələdə qopma ola bilər. Gimnastikalar uşaq daha çox yatarkən və ya yedizdirildikdən sonra edilməlidir.

Uşağın kürəyi üstünə yatması uyğun görülür. Uşaq boynunu səs gələn tərəfə aktiv çevirə bilməsi üçün normal tərəfi divara baxacaq şəkildə uzadılmalıdır. Uşaq kontraktura olan tərəfdən əmizdirilməlidir və oyuncaqlar bu tərəfdən uzadılmalıdır.Radio və televizor kimi əşyaların kontraktura tərəfdə yerləşdirilməsi uyğundur. Altı aylıqdan kiçik uşaqlarda effektiv passiv gərmə hərəkətləri tətbiq edildikdə 76-97% arasında nəticə əldə etmək olar. Hərəkət proqramı ən az 1 il davam etdirilməlidir.

Əzələ içində çapıq toxumasının nisbətinə görə hərəkət proqramının nəticəsi dəyişir. Əgər çapıq toxuması çoxdursa əzələnin elastikliyi azaldığı üçün gərilmə qabiliyyəti də düşür və hərəkət proqramı yetərli olmur. Digər tərəfdən 1 yaşından kiçik olmasına baxmayaraq, üz assimetriyası olan və ya boyun rotasiya hərəkətlərində ciddi məhdudiyyəti olanlarda passiv gərmə hərəkətlərindən nəticə almaq çətindir. DKM əzələsində diffuz tutulumda da konservativ müalicənin effektivliyi azalır. Konservativ müalicənin 6 ay müddətində tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür.

Müalicənin effektliyi müalicə başlama vaxtından( daha erkən müalicə),edilən düzgün konservativ müalicədən çox asılıdır.Daha gec müraciət olunan hallarda üzdə assimmetriya meydana çıxır,bu zaman cərrahi əməliyyat qaçınılmaz olur. Cərrahiyyə zamanı DKM əzələ körpücüyə və döş sümüyünə bağlanan yerindən kəsilir(unipolar uzatma). Ucların təkrar birləşməməsi üçün hər iki ucdan bir az əzələ götürülür. 4-5 yaşına qədər uşaqlarda bu əməliyyat yetərli olur. Daha gec vaxtlarda müraciət edənlərdə DKM əzələ hər iki ucundan uzadılır(bipolar uzatma).Əməliyyatdan sonra 6 həftə müddətində boyunluq taxılır. Əməliyyat sonrası boyunluq və erkən fizioterapiya almağın vacibliyini unutmaq olmaz. Əməliyyatdan 1 həftə sonra aktiv və passiv hərəkətlər başlanır və 1 il müddətdində davam etdirilir.

Əməliyyat 5 yaşından gec edildikdə üzdəki assimetriyanın bir qismi qala bilər. 10-12 yaşından böyüklərdə əməliyyatdan sonra boyundakı əyilmədə tam düzəlmə əldə etmək çətinləşir. Bu səbəblə xəstə və yaxınları əməliyyatdan əvvəl məlumatlandırılmalıdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur