Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Bu gün Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, iclası giriş sözü ilə müəssisənin direktoru, t.ü.f.d. Pərvin Əkbərov açaraq son 10 ay ərzində görülmüş işlər barədə məlumat verib. O, elm sahəsində yeni kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, çap edilən elmi məqalələrin sayının artırılması, görüləcək işlər və qarşıdakı hədəflər barədə tapşırıqlar verib.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova gündəlikdə duran digər məsələlərlə şura iştirakçılarını tanış edib.

Tədbirdə institutun "Balneofizioterapiya" bölməsinin elmi rəhbəri, t.e.d. Fəxrəndə Balakişiyevanın "Fiziki üsulların serebrovaskulyar xəstəliklərin müalicə və reabilitasiyasında tətbiqi" mövzusunda dissertasiya işinin planı müzakirə olunaraq təsdiq edilib.

Bununla yanaşı, "Kurortologiya və fizioterapiya" bölməsi üzrə doktorant Aytən Musayevanın "Adolsan İdiopatik Skoliozun kompleks müalicəsində interferens cərəyanların və naftalan applikasiyalarının tətbiqinin rolu" mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında geniş müzakirələr aparılıb.

Sonda bir sıra cari məsələlərə baxılıb, qərarlar qəbul edilib, həmçinin institutda vakant vəzifələri tutmaq üçün keçirilmiş müsabiqənin protokolu təsdiq edilib.

https://aztibb.az/