Barmaqların artriti

Barmaqların artriti əl və ayağın kiçik oynaqlarının iltihabi dəyişiklikləri ilə gedən periferik artritdir. Patologiya, adətən, sərbəst xəstəlik kimi deyil, revmatik, metabolik və infeksion xəstəliklərin klinikasında ikincili sindrom kimi çıxış edir. Bu zaman əl darağı-falanqa və falanqalararası oynaqlar daha çox zədələnir. Revmatologiyada əl barmaqlarının artriti qadınlarda 3-5 dəfə daha çox diaqnostika olunur; bu onların əl əməyi ilə daha çox məşğul olmaları, nəticədə oynaqların yüklənməsi və bükmə-açma hərəkətlərinin yüksək tezliyi ilə əlaqəlidir. Barmaqların artritini sosial əhəmiyyətli problemlərə aid etmək olar; belə ki, xəstəlik tez-tez peşə bacarıqlarının, özünə qulluq vərdişlərinin itirilməsi və əlilliyə gətirib çıxarır.

Barmaqların artritinin səbəbləri

Aparıcı səbəbdən asılı olaraq barmaqların birincili artritləri infeksion, metabolik, revmatoid və posttravmatik ola bilər. Kiçik oynaqların ikincili zədələnmələri keçirilmiş allergik, autoimmun və somatik xəstəliklər fonunda inkişaf edir. Barmaqların artriti, adətən, oliqo- və poliartrit; bir sıra hallarda lokal iltihab (monoartrit), məsələn, rizartrit – birinci bilək-əl darağı oynağının artriti şəklində gedir.

Kiçik oynaqlar daha çox autoimmun, infeksion-allergik proseslər, metabolik pozulmalar və travmalar zamanı zədələnir. İmmunokompleks reaksiya revmatoid artritin inkişafının əsasında durur. Xəstəliyin dərhal təzahürünə keçirilmiş virus və bakterial infeksiyalar (qrip, qızılca, herpes, parotit, hepatit B, skarlatina, tonzillit), stress vəziyyətləri, bədənin həddən artıq soyuması, vaksinasiya, cinsi yetişkənlik, hamiləlik və klimaksla əlaqəli fizioloji hormonal rekonstruksiya və s. səbəb ola bilər. Barmaq oynaqlarının zədələnməsi podaqra (podaqrik artrit) və psoriaz (psoriatik artirt) zamanı yaranan artritin simptomokompleksinə daxildir.

Posttravmatik artritlər müxtəlif idman və məişət travmaları (barmaqların əzilməsi, çıxıqları, əl və ayaq barmaqlarının oynaqdaxili sınıqları, bağların və əzələlərin cırılması və s.), cərrahi müdaxilələrin nəticəsində yarana bilər. Əl barmaqlarının artritləri tez-tez əl əməyi tələb edən və iş prosesində oynaqların mikrotravmalarına səbəb olan müəyyən peşələrdə (bərbərlər, zərgərlər, dərzilər) çalışan insanlarda inkişaf edir. Ayaq barmaqlarının artriti artıq çəki və yastıpəncəlik zamanı oynaqlara yüksək təzyiqlə bağlı ola bilər. Bundan başqa, xəstəliyin bu növündən baletlə məşğul olan sənətçilər daha çox əziyyət çəkir; buna görə də ayaq barmaqlarının artriti “balerinaların xəstəliyi” adını almışdır.

Barmaqların artritinin simptomları

Revmatoid artritdə iltihabi prosesə əlin göstərici və orta barmaqlarının əl darağı-falanqa oynaqları, həmçinin mil-bilək və dirsək oynaqları cəlb olunur. Bu zaman sağ və sol əlin simmetrik zədələnməsi qeyd olunur. Ayaq barmaqlarının, həmçinin diz və aşıq-baldır oynaqlarının artritinin inkişafı mümkündür. Birinci barmağın əl darağı-falanqa oynağı və distal falanqalararası oynaqlar, bir qayda olaraq, zədələnmir.

Revmatoid artrit zamanı oynaq ağrıları gecənin ikinci yarısında və səhərə doğru güclənməyə meyillidir; gündüzlər bir qədər yüngülləşir. Oynaq şişkin görünür; səhərlər hərəkətin buxovlanması səbəbindən xəstə “əllərdə dar əlcək” hissi duyur. Yeriyən zaman ayaq barmaqlarının əsasında ağrılar meydana çıxır; distal falanqaların ayaqaltı səthində ağrılı döyənək əmələ gəlir.

Mil-bilək, əl darağı-falanqa və falanqalararası oynaqların hərəkiliyi kəskin zəifləyir; barmaqların artritindən əziyyət çəkən xəstələr gündəlik məişət hərəkətlərini çətinliklə icra edə bilir. Qan təchizatı pozulduğundan əlin dərisi nazikləşir, quru olur; əl əzələlərinin atrofiyası qeyd olunur. Revmatoid artritin aktiv və uzunmüddətli gedişi əl barmaqlarının davamlı deformasiyalarına – iyşəkilli şişməsinə, “tumurcuq” və “qu boynu” formasında deformasiyasına, əl darağı-falanqa oynağının natamam çıxığı ilə barmaqların ulnar deviasiyasına gətirib çıxarır. Pəncə deformasiyasının əsas tipinə “caynaqşəkilli barmaqlar” və ya çəkicşəkilli barmaqlar aid edilir. İltihabi prosesə ayaq darağı oynaqlarının cəlb olunması zamanı pəncənin valqus deformasiyası inkişaf edir.

Psoriatik artrit dəridə və başın tüklü hissəsində psoriatik təzahürləri olan pasiyentlərdə daha çox inkişaf edir. Psoriaz zamanı barmaq artritləri üçün bütün oynaqların şişkinləşməsi ilə xarakterizə olunan qızılyel iltihabı xarakterikdir; nəticədə barmaqlar sosis forması alır. Oynağın üzərindəki dəri tünd-qırmızı – göyümtül çalar alır. Psoriatik artrit zamanı oynaqlar qeyri-simmetrik (eyni əldə və ya ayaqda müxtəlif barmaqlar) zədələnir. Səhərlər buxovlanma olmur; başlıca olaraq, oynaqların bükülməsi məhdudlaşır.

Podaqrik artrit üçün pəncənin, nadir hallarda əlin birinci (baş) barmağının oynağının zədələnməsi daha tipikdir. Klinik simptomlar podaqrik həmlələrlə – kəskin, gözlənilməz və dözülməz ağrılar, oynağın şişkinliyi, lokal hipertermiya, tünd qırmızı dəri ilə xarakterizə olunur. Tutmalar bir neçə gün davam edir, sonra isə qəfildən sönür; lakin bir müddət sonra yenidən təkrarlanır. Ətrafların dərisi altında və dərialtı piy qatında sarımtıl, 1-2 sm diametrli ağrısız düyünlər (tofuslar) təyin olunur; bu düyünlər sidik turşusu duzlarının yığınlarıdır. Növbəti podaqrik həmlələr zamanı tofuslar açıla və ondan ağ, kəsmiyəbənzər kütlə xaric ola bilər.

Barmaqların artritinin diaqnostikası

Barmaqların artritinin etioloji formasını düzgün müəyyənləşdirmək peşəkar revmatoloq və ya artroloqun imkanları daxilindədir. Birincili müayinə zamanı artritin ilk təzahürü ilə pasiyentin kəskin və ya xroniki xəstəlikləri, zədələnmiş oynaqların sayı və zədələnmənin simmetrikliyi, ağrının xarakteri, deformasiyanın, oynaqdan kənar təzahürlərin və başqa klinik əlamətlərin olub-olmaması arasında əlaqəyə diqqət yetirilir. Ehtiyac olduqda pasiyent travmatoloq və allerqoloq-immunoloq konsultasiyasında olunmalıdır.

Mütləq dianostik kompleks əl və ayaq barmaqlarının rentgenoqrafiyası, kiçik oynaqların USM-i, MRT və KT-dən ibarətdir. Qanın biokimyəvi analizi sidik turşusu, CRZ, fibrinogen, revmatoid faktor, sial turşusu, seromukoid, krioqlobulin, sirkulyasiya edən immun kompleks və s. səviyyəsini təyin edir. Barmaqların artritinin diaqnozunun və etiologiyasının təsdiqlənməsində USM kontrolu altında dəridən keçməklə aspirasiya edilən sinovial mayenin müayinəsi mühüm əhəmiyyət kəsb edir.

Barmaq artritinin müalicəsi

Ətrafların kiçik və böyük oynaqlarının zədələnməsi ilə gedən revmatoid, psoriatik və podaqrik artritlər zamanı dərman terapiyası və fizioterapevtik metodları özündə cəmləyən kompleks patogenetik və simptomatik müalicə aparılır.

Fəsadlaşmaların dəf edilməsi və remissiya dövrünün uzadılması məqsədilə ekstrakorporal hemokorreksiya metodları (leykositaferez, krioaferez, plazmanın kaskad filtrasiyası) istifadə olunur. Barmaqların artritlərində qeyri-steroid iltihab əleyhinə preparatlar, kortikosteroidlər, damargenəldici preparatlar, xondroprotektorlar, vitamin kompleksləri və s. təyin olunur. Patologiyanın xarici müalicəsində iltihab əleyhinə məlhəmlər istifadə olunur, dimeksid aplikasiyası aparılır; əl və ayaq üçün müalicəvi vannalar qəbul olunur. Remissiya mərhələsində müalicə sxeminə fizioterapiya (parafinoterapiya, palçıq aplikasiyası, maqnitoterapiya, diadinamoterapiya, elektroforez, UBŞ), massaj, müalicəvi gimnastika əlavə olunur.

Bir sıra hallarda ayaq barmaqlarının artriti olan pasiyentlərə ortezləmə və ya ortopedik ayaqqabılar geyinmək göstərişdir. Oynaqların funksiyalarının davamlı pozulması və əlilliyə səbəb olan deformasiyaları zamanı cərrahi müdaxilə – əl darağı-falanqa oynağının artroplastikası və ya endoprotezlənməsi, ayaq barmaqlarının çəkicvari deformasiyalarının rezeksiyası və s. tələb oluna bilər.

Barmaq artritinin proqnozu və profilaktikası

Barmaqların artritinin proqnozu birmənalı deyil; birincili xəstəliyin xüsusiyyətlərinə və oynağın yerli dəyişikliklərinin ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir. Barmaqların artriti tam sağalma və bütün oynaq funksiyalarının bərpası ilə sonlana bilər. Ağır və ya gecikmiş hallarda destruksiya və oynağın geri dönməz deformasiyası, sonralar onun ankilozlaşması baş verə bilər. Profilaktik tədbirlər bu patologiyaya səbəb ola biləcək xəstəliklərin, əl və ayaq barmaqlarının travmalarının qarşısının alınması ilə analojidir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur