Onurğa beyinin şişləri – onurğa beyni ətrafı məkanda, onun ağ və boz maddəsində, qişalarında lokalizasiya olunmuş birincili və metastatik təbiətli yenitörəmələrdir. Onurğa beynin şişlərinin kliniki şəkli müxtəlfdir və bunların sırasına kökcük sindromu, seqmentar və naqil tipli hissi pozğunluqlar, zədələnmə nahiyəsindən aşağı səviyyədə tək və ya cüt tərəfli parezlər, çanaq üzvlərinin funksiyalarının pozulması daxildir. Xəstəliyin diaqnostikasında onurğanın rentgenoqrafiyası, kontrastlı mieloqrafiya, likvorodinamik müayinələr və cerebrospinal mayenin tədqiqi metodlarından istifadə edilir. Lakin aparıcı diaqnostik metodları onurğanın KT və MRT müayinələi təşkil edir. Xəstəliyin müalicəsi yalnız cərrahiyyə əməliyyatları vasitəsilə aparılır, kimyəvi terapiya və radioaktiv şüalanma köməkçi bir dəyərə malikdir. Əməliyyat spinal şişin radikal və ya qismən çıxarılması, sistin boşaldılması, onurğa beyninin dekompressiyasını həyata keçirməkdən ibarət ola bilər.
Onurğa beyninin şişləri diaqnozu ən çox 30-50 yaşlarında olan insanlarda qoyulur, uşaqlarda bu xəstəlik nadir hallarda rast gəlinir. Mərkəzi sinir sistemi şişlərinin yenitörəmələri arasında onurğa beyninin şişləri təxminən 12%, uşaqlarda isə təxminən 5% təşkil edir. Serebral şişlərdən fərqli olaraq, onurğa beyni şişləri əsasən beyin maddəsindən kənar lokalizasiyaya meylli olurlar. Onlardan yalnız 15%-i bilavasitə onurğa beynindən, qalan 85%-i isə onurğa kanalının müxtəlif strukturlarından (piy toxuması; onurğa beyni qişaları, qan damarları və kökcükləri) inkişaf edir. Vertebrogen, yəni fəqərələrdən inkişaf edən yenitörəmələr sümük şişlərinə aiddir.
Onurğa beyni şişlərinin təsnifatı
Müasir klinik neyrocərrahiyyə və nevrologiya öz praktikasında spinal şişlərin bir neçə əsas təsnifatından istifadə edir. Onurğa beyninə münasibətilə əlaqəli olaraq şişlər ekstramedullyar (80%) və intramedullyar (20%) növlərə bölünürlər. Extramedullyar tipli onurğa beyni şişləri, onu əhatə edən toxumlardan inkişaf edir. Bu şişlər subdural və epidural lokalizasiyalı ola bilər. Birinci halda, şiş əvvəlcə sərt beyin qişasının altında, ikinci halda isə – onun üstündə yerləşir. Əksər hallarda subdural şişlər xoşxassəli olurlar. Onların 75% -ni nevrinomalar və meningiomalar təşkil edirlər. Nevrinomlar, onurğa beyninin arxa köklərinin Şvann hüceyrələrinin metaplaziyası nəticəsində yaranır və kliniki olaraq kökcük tipli ağrı sindromu ilə debüt edirlər. Meningiomalar sərt qişadan inkişaf edir və onunla möhkəm şəkildə birləşmiş olurlar. Ekstradural şişlər müxtəlif bir morfologiyaya malikdir. Bu şişlər rolunda neyrofibroma, nevrinoma, limfoma, xolesteatoma, lipoma, neyroblastoma, osteosarkoma, xondrosarkoma, miyeloma çıxış edə bilər.
Onurğa beyninin intramedullar şişləri onun daxilindən inkişaf edir və buna görə də seqmentar pozğunluqlarla təzahür edir. Bu şişlərin çoxunu qliomalar təşkil edir. Qeyd etmək lazımdır ki, onurğa beyninin qliomaları baş beynin qliomalarına nisbətən daha xoşxassəli gedişə malik olurlar. Onların arasında ependimomalar daha geniş yayılmışdır, onlar bütün spinal şişlərin 20% -ni təşkil edir. Adətən, onlar boyun və ya bel qalınlaşmaları, az hallarda isə at quyruğu nahiyəsində yerləşir. Sistoz transformasiyaya meylli astrositomalar və intensiv infiltrativ inkişafla xarakterizə olunan bədxassəli qlioblastomalar nisbətən daha az yayılmışlar.
Lokalizasiyasına əsasən, onurğa beyninin şişləri kraniospinal, boyun, döş, bel-oma və at quyruğunun şişlərinə bölünürlər. Onurğa beyni şişlərinin təxminən 65%-i döş nahiyəsinin payına düşür.
Mənşəyinə görə, onurğa beyni şişləri birincil və ya metastatik ola bilər. Spinal metastazları udlağın, mədənin, süd vəzisinin, ağciyərin, prostat vəzinin, böyrəyin, qalxanabənzər vəzinin xərçəngi verə bilər.
Onurğa beyni şişlərinin simptomları
Onurğa beyninin şişi sinir kökü, qişası, damarı, sinir hüceyrələrinin artıq mövcud olduğu bir nahiyədə əmələ gələn əlavə bir toxumadır. Buna görə də, onurğa beyninin şişi yaranan zaman, sıxılmaya məruz qalan bu formasiyaların funksiyaları zədələnir. Şişin onurğa beyninin hansı hissəsini sıxmasından asılı olaraq, müxtəlif simptomlar meydana çıxır.
Onurğa beyninin istənilən şişi getdikcə böyüməyə meylli olması xarakterizə olunur. İnkişaf tempi bir neçə amildən: şişin yeri, böyümə istiqaməti, bədxassəlilik dərəcəsi və s. asılıdır. Ayrı-ayrılıqda tək bir simptomun olması hələ onurğa beyninin şişinin varlığına dəlalət etmir. Bütün təzahürlər hərtərəfli şəkildə qiymətləndirilməlidir, yalnız bu halda səhv diaqnozun qoyulmasının qarşısını almaq olar.
Onurğa beyni şişlərinin bütün əlamətləri bir neçə qrupa bölünür:
- kökcük-qişa simptomları (sinir kökləri və onurğa beyni qişalarının sıxılması nəticəsində );
- segmentar pozğunluqlar (onurğa beyninin ayrı-ayrı seqmentlərinin sıxılması nəticəsində);
- naqil tipli pozğunluqlar ( onurğa beyninin ağ maddəsini təşkil edən sinir tellərinin sıxılması nəticəsində yaranır).
Kökcük-qişa simptomları
Bu simptomlar ekstramedullyar şişlərdə ilk növbədə, intramedullyar şişlərdə isə ən axırda meydana gəlirlər.
Sinir kökcükləri ön və arxa növə bölünürlər. Ön köklər hərəki, arxa köklər hissədir. Hansı kökcüyün prosesə cəlb olunmasından asılı olaraq müvafiq simptomatika qeyd edilir. Kökcük zədələnməsinin iki mərhələsi var:
- qıcıqlanma mərhələsi (kökcük hələ çox sıxılmadıqda və onun qan təchizatı pozulmadıqda);
- funksiyanın itməsi mərhələsi (sıxılma əhəmiyyətli səviyyəyə çatır və kökcük öz funksiyalarını yerinə yetirə bilmir).
Hissi kökcüyün qıcıqlanma mərhələsi onun bütün innervasiya zonasına yayıla bilən ağrı ilə xarakterizə olunur. Yəni, ağrı yalnız tək qıcıqlanma nahiyəsində deyil, həm də ondan uzaqda da hiss olunur. Extramedullyar şişlərdə ağrı arxası üstə uzanan vəziyyətdə artır(çünki kökcük şişin təsirinə daha çox məruz qalır), oturaq vəziyyətdə isə azalır. Ağrı daimi xarakterli olmur, onun davam etmə müddəti bir neçə dəqiqədən bir neçə saata qədər çəkə bilər. Xarakterikdir ki, baş irəli əyildikdə ağrı artır, buna “təzim” simptomu deyilir. Həmçinin, ağrı, şişin yerləşdiyi səviyyədə fəqərələrin ox çıxıntısına təzyiq etdikdə(tıqqıldatdıqda) artır.
Hissi kökcüyün qıcıqlanma mərhələsi onun innervasiya zonasında həssaslığın artması (məsələn, sadə toxunma ağrı kimi hiss olunur) və paresteziyaların yaranması ilə müşayiət olunur. Paresteziyalar, xoşagəlməz və qeyri-iradi yaranan iynə batması, keyimə, qarışqa gəzməsi və yandırma kimi hisslər və buna bənzər fenomenlərdir.
Hissi kökcüyün funksiyalarının itməsi mərhələsi həssaslığın azalması, sonra isə tamamilə itməsi ilə xarakterizə olunur. Məsələn, xəstə, dərisinə toxunan soyuq və isti bir obyekt arasında fərqi duya bilmir, ümumiyyətlə dərisinə nəyinsə toxunmasını hiss edə bilmir.
Hərəki kökcüyün qıcıqlanma mərhələsi qövsləri şişlərin lokalizasiyası səviyyəsində qapanan reflekslərin artması ilə xarakterizə edilə bilər. Bu, yalnız bir həkim tərəfindən yoxlanıla və qiymətləndirilə bilər. Funksiyaların itməsi mərhələsi, öz növbəsində, müvafiq reflekslərin azalması, sonra isə itməsi ilə ortaya çıxır.
Yuxarıda göstərilən kökcük simptomlarından əlavə olaraq, onurğa beyninin şişləri zamanı qişa simptomları da qeyd edilə bilər. Məsələn, “likvor təkanı” simptomu. Simptom aşağıdakılardan ibarətdir: boyundakı vidaci venalara təzyiq etdikdə bir neçə saniyəliyə kökcük ağrısı ortaya çıxır və ya güclənir. Bunun səbəbi, vidaci venaların sıxılması zamanı beyndən qan axınının pisləşməsidir. Nəticədə kəllədaxili təzyiq, yəni subaraxnoidal məkanda təzyiq artır. Serebrospinal maye, onurğa beyninə doğru aşağı doğru yönəlir (qradiyent təzyiq səbəbindən) və sanki şişi “itələyir” ki, bu da sinir kökücüynün gərilməsi və ağrının artması ilə müşayiət olunur. Bənzər bir mexanizmlə ağrı öskürək və gücənmə zamanı da güclənə bilər.
Segmental pozğunluqlar
Onurğa beyninin hər bir seqmenti dərinin müəyyən bir hissəsinə, bəzi daxili orqanların (və ya orqanın) bir hissəsinə və bir qrup əzələlərə nəzarət edir. Həkim-nevropatoloq ayrı-ayrı seqmentlərin innervasiya etdiyi strukturlarla əlaqələri barəsində dəqiq məlumata malikdir.
Əgər onurğa beyninin şişi bir neçə seqment zədələyirsə (sıxırsa),bu zaman daxili orqanların və əzələlərin fəaliyyətində pozğunluqlar yaranır, dərinin müəyyən sahələrində hissiyyat dəyişiklikləri qeyd edilir. Bütün bu strukturlarda dəyişiklikləri qeyd və onları müqayisə etməklə, həkim onurğa beynində olan şişin yerini dəqiqliklə müəyyən edə bilər.
Onurğa beyninin hər seqmentində ön və arxa boynuzlar, bəzilərində isə həm də yan buynuzlar olur. Arxa buynuzlar zədələndikdə bədənin müəyyən nahiyələrində müxtəlif xarakterli hissiyyat pozğunluqları yaranır. Ön buynuzlar zədələndikdə reflekslerinin itməsi(azalması), qeyri-iradi əzələ səyrimələri (yalnız təsirə məruz qalmış seqment tərəfindən innervasiya olunan əzələ qruplarında) baş verə bilər. Vaxt keçdikcə bu əzələlərin arıqlaması, onların gücünün azalması (parezi) və tonusunun enməsi baş verir. Əgər bu dəyişikliklər local olaraq baş verir və onların seqment innervasiyası üst-üstə düşürsə, bu halda onurğa beyni şişinin olması barədə düşünmək lazımdır.
Yan buynuzlar sıxılmış olduqda vegetativ pozuntular meydana gəlir. Bu halda, toxumaların trofikası pozulur ki, bu da dərinin temperaturunun və rənginin dəyişməsi, tərləmə və ya əksinə, dərinin quruluğu və qabıq verməsi şəklində özünü göstərir. Bütün bu dəyişikliklər yalnız zədələnmiş seqmentin nəzarət etdiyi dərinin müvafiq nahiyəsində baş verir. Bundan əlavə, bəzi yan buynuzlarda müəyyən orqanların (məsələn, ürək, sidik kisəsi) işinə məsul olan xüsusi vegetativ mərkəzlər yerləşir. Onların sıxılması xüsusi simptomlarla təzahür edir. Məsələn, 8-ci boyun və 1-ci döş seqmentində şiş prosesinin olması ptoz, bəbəyin daralması və enoftalmla müşayiət edilir (Klod- Bernar-Horner sindromu). Konus medullaris nahiyəsində şişin formalaşması isə sidik ifrazı və defekasiyanın pozulmasına səbəb olur(sidik və nəcis ifrazının ləngiməsi şəklində).
Naqil tipli pozğunluqlar
Onurğa beyni boyu keçən sinir ötürücüləri həm qalxan, həm də enən istiqamətdə müxtəlif məlumatları daşıyır. Onurğa beyninin şişinin olduğu yerdən asılı olaraq naqil tiplu pozğunluqların bu və ya digər simptomları yaranır.
Onurğa beyni şişlərinin inkişafı zamanı onun quruluşuna uyğun olaraq, aşağıda göstərilən hissiyyat pozğunluqları qeyd olunur. Extramedullyar şişlər üçün hissiyyatın qalxan tipli naqil pozğunluqları xasdır. Yəni şişin ölçüləri böyüdükcə, hissiyyat pozğunluqlarının sərhəddi patoloji ocaqdan yuxarıya doğru yayılmış olur. Əvvəlcə pozuntular ayaqlardan başlanır, daha sonra çanaq üzvləri, döş qəfəsinə, əllərə və s. yayılır. İntramedullyar şişlərdə hissiyyat pozğunluğunun enən növü qeyd edilir: pozuntuların sərhəddi yuxarıdan aşağıya doğru uzanır. Bu vəziyyətdə baş verən ilk hissiyyat pozğunluqları şişinin yerləşdiyi seqmentə uyğun olur, sonra isə ondan aşağıda yerləşənn gövdə və ətraflar prosesə cəlb olunur.
Şiş prosesi əzələlər üçün informasiya daşıyan hərəki yolları sıxdığı zaman, parezlər; əzələ tonusunun və reflekslərinin güclənməsi, eyni zamanda patoloji reflekslərin(Babinski,Rossololimo,Oppenheym və s) yaranması qeyd edilir.
Şiş böyüdükcə, sidik ifrazı və defekasiya mərkəzlərinə məlumat ötürən sinir yolları sıxıla bilər. Bu vəziyyətdə, ilk növbədə, sidik və nəcis ifrazına imperativ çağırışlar yaranır. “İmperativ” çağırışlar həmin aktların dərhal icra olunmasını tələb edir, əks halda xəstə sidiyi (nəcis) saxlaya bilmir. Tədricən bu cür pozuntular sidik və nəcisin tam saxlanılmaması dərəcəsinə çatır.
Ümumiyyətlə, onurğa beyninin şişi yuxarıdakı simptomların kombinasiyası şəklində özünü göstərir. Çünki şişin meydana gəldiyi səviyyədə həm seqmentar, həm də ötürücü aparatlar eyni zamanda kompressiyaya məruz qalırlar. Buna görə də simptomlar həmişə fərqli sistemlərin pozuntu əlamətlərini birləşdirir. Diaqnozun qoyulması həkimdən bütün mövcud simptomların maksimal və dəqiq qeyd edilməsini tələb edir.
Şiş böyüdükcə, onurğa beyninin yarısını sıxmağa başlayır və sonra onun bütövlükdə sıxılması mənzərəsi yaranır. Onurğa beyninin yarısının sıxılmasına Broun-Sekar sindromu deyilir. Bu sindrom zamanı şişin yerləşdiyi nahiyədə ətrafda(ətraflarda)əzələ gücündə azalma ilə birgə əzələ-oynaq və vibrasiya hissiyatının azalması, əks tərəfdə isə ağrı və temperatur hissiyatının azalması yaranır. Onurğa beyninin tam köndələn kompressiyası ikitərəfli olaraq aşağı ətrafların və ya dörd ətrafın hamısının parezi (iflici) , eyni zamanda hissiyyatın bütün növlərinin pozulması və çanaq üzvlərinin funksiyalarının pozulması ilə xarakterizə olunur.
Lokalizasiysından asılı olaraq yaranan klinik simptomatika
Kraniospinal yerləşən extramedullyar şişlər ənsə nahiyəsində kökcük ağrıları ilə təzahür edir. Beyin maddəsinin zədələnmə simptomları çox dəyişkən olur.Hərəki sahədə nevroloji defisit mərkəzi tetra ya triparez, yuxarı və ya aşağı paraparez, çarpaz hemiparezlə təmsil olunur. Hissiyyat pozğunluqları tam sağlam vəziyyətdən ümumi anesteziya qədər variasiya edə bilər. Serebrospinal maye dövriyyəsinin pozğunluqları və hidrosefaliya ilə əlaqəli simptomlar da müşahidə edilə bilər. Bəzi hallarda, üçlü sinirin nevralgiyası; üz, dil-udlaq və azan sinirlərin nevralgiyası qeyd edilir. Kraniospinal şişlər kəllə boşluğuna və beyin strukturlarına doğru inkişaf edə bilər.
Onurğanın boyun nahiyəsinin C1-C4 səviyyəsində şişi ondan aşağı nahiyədə naqil tipli hissiyat pozğunluğu və spastik tetraparezlə təzahür edir. C4 səviyyəsinin zədələnməsi diafraqmanın parezi (təngnəfəslik, hıçqırıq, asqırma və öskürəyin çətinləşməsi) simptomlarının olması ilə fərqlənir. Boyun qalınlaşmasının şişləri aşağı ətrafların mərkəzi və yuxarı ətrafların atrofik paraparezi ilə səciyyələnir. C6-C7 seqmentlərində onurğa beyninin şişi mioz, enoftalm və ptozla (Klod-Bernar-Horner sindromu) özünü göstərir.
Döş nahiyəsinin şişləri kliniki olaraq kəmərləyici kökcük ağrıları verir. Başlanğıc mərhələdə ağrının neyroreflektor olaraq yayılması səbəbindən xəstələrə tez-tez səhvən kəskin xolesistit, appendisit, pankreatit, plevrit diaqnozu qoyulur. Sonradan prosesə naqil tipli hissi və hərəki pozğunluqlar da qoşulur, qarın refleksləri itir. Yuxarı ətraflar toxunulmaz qalır.
L1-L4 seqmentləri nahiyəsindəyerləşən bel-oma nahiyəsinin şişləri kökcük sindromu, ön bud əzələ qrupunun atrofiyası, diz reflekslerinin itməsi ilə təzahür edir. Epikonusun şişləri ( L4-S2 seqmentləri) sağrı nahiyəsinin; budun, baldırın və topuğun arxa səthinin parezi və hipesteziyası, sidik və nəcisi saxlaya bilməmək şəklində təzahür edir. Konusun şişləri (S3-S5 seqmentləri) parezlərə gətirib çıxarmır. Onların kliniki təzahürləri çanaq üzvlərinin funksiyasının pozulması, anogenital nahiyədə hissiyyatın pozulması və anal refleksin itməsindən ibarət olur.
At quyruğunun şişləri yavaş artım sürəti ilə fərqlənirlər və kökcüklərin yerdəyişə bilməsi səbəbindən hətta böyük ölçüləri çatdıqda belə subklinik gedişə malik olurlar. Bu nahiyənin şişləri sağrı və ayaq nahiyələrində kəskin ağrı ilə debüt edir ki, bu da oturaq sinirin nevralgiyasını xatırladır. Asimmetrik hissiyyat pozğunluqları, aşağı ətrafların distal süst parezi, axill reflekslerinin itməsi, sidiyi saxlaya bilməmək kimi əlamətlər də bu nahiyənin şişləri üçün xarakterikdir.
Onurğa beyni şişlərinin diaqnostikası
Nevroloji müayinə zamanı müəyyən olunan əlamətlər nevropatoloqa onurğa strukturlarının üzvi patologiyası barəsində yalnız şübhələnməyə imkan verir. Sonrakı diaqnostika əlavə tədqiqat metodlarının köməyi ilə həyata keçirilir. Onurğa sütununun rentgenoqrafiyası yalnız son mərhələlərdə informativ olur, bu zaman şiş prosesi artıq onurğa sütununun sümük strukturlarının yerdəyişməsinə və ya məhvinə səbəb olur.
Serebrospinal mayenin götürülməsi və müayinəsi müəyyən diaqnostik rol oynayır. Lümbal punksiya zamanı bir sıra likvorodynamik sınaqların keçirilməsi subaraxnoidal boşluğun blokadasını aşkar etməyə imkan verir. Punksiya aparılan nahiyədə onurğa kanalının şişlə tutulması zaman serebrospinal mayenin axması müşahidə edilmir (“Quru punksiya”), əvəzində isə şiş toxumasına iynənin batması nəticəsində kökcük ağrıları qeyd edilir. Onurğa beyin mayesinin tədqiqi zülal-hüceyrə dissosiasiyasının olduğunu göstərir və hiperalbuminoz bəzən o dərəcədə inkişaf edir ki, likvorun sınaq şüşəsində laxtalanmasına gətirib çıxarır. Serebrospinal mayedə şiş hüceyrələrinin aşkar edilməsi nadir hallarda rast gəlinir.
Onurğa beyninin zədələnmə səviyyəsini, eləcə də onun ekstramedullyar və ya intramedullyar olmasını aşkar etəyə kontrast mieloqrafiya kömək edir. Bununla belə, onun nəticələri həmişə birmənalı olmur və müayinənin aparılması müəyyən risklərlə bağlıdır. Buna görə, mieloqrafiyadan yalnız müasir neyrovisualizasiya metodlarını tətbiq etmək mümkün olmadıqda istifadə olunur.
Onurğa beyninin kompüter tomoqrafiyası şiş törəməsinin görüntülənməsinə; onu beyin toxumasının lokal ödemindən ayırd etməyə; ölçülərini müəyyənləşdirməyə; şişin sistoz hissəsini(əgər beləsi varsa),nekroz zonasını, metastaza və ya ətraf toxumaya qansızmanın olmasını,fəqərə sütununda olan sümük-destruktiv dəyişiklikləri aşkar etməyə imkan verir.
Onurğa beyninin şişini təyin etmək üçün ən təhlükəsiz və effektiv bir üsul fəqərə sütununun MRT müayinəsidir. Bu üsul onurğa kanalında yerləşən yumşaq toxumaları qat-qat görüntüləmək; şişin ölçülərini və yayılma dərəcəsini qiymətləndirmək; şişin onurğa beyni maddəsinə,qişalarına və kökcüklərinə nisbətən lokalizasiyasını təyin etmək; şişin histoloji quruluşu barəsində ilkin təsəvvürü əldə etmək imkanı verir.
Şişin histoloji növünün təyini ilə birlikdə diaqnozun tam dəqiqləşdirilməsi yalnız onun toxuma nümunələrinin morfoloji müayinəsindən sonra mümkündür. Histoloji müayinə üçün materialın toplanması adətən cərrahi əməliyyat zamanı aparılır. Diaqnozun təyini zamanı onurğa beyninin şişini diskogen mielopatiya, sirinqomieliya, mielit, arteriovenoz anevrizma, funikulyar myeloz, yan amiotrofik skleroz, hematomieliya, onurğa beyni qan dövranının pozulması, tuberkuloma, sistiserkoz, exinokokkoz, sifilitik qummalardan differensiasiya etmək lazım gəlir.
Onurğa beyni şişlərin müalicəsi
Onurğa beyninin şişlərini müalicə etmək üçün yeganə effektiv üsul onun cərrahi yolla aradan qaldırılmasıdır. Diaqnozun erkən təyin edilməsi, şişin xoşxassəliliyi, ölçüsünün kiçik olması, sərhədlərinin dəqiq müəyyənləşdirilməsi hallarında tam sağalma ehtimalı çox yüksəkdir. Bədxassəli şişlər daha pis proqnoza malikdir.
Şişin radikal yolla aradan qaldırılması xoşxassəli ekstramedullyar şişlərdə mümkündür. Sinir kökcüyünün nevrinomasının və meningeomanın aradan qaldırılması laminektomiya icra edildikdən sonra həyata keçirilir. Mikroskopik səviyyədə onurğa beyninin tədqiqi göstərir ki, onun Broun-Sekar sindromu mərhələsində extramedullyar şişin təsirindən sıxılması nəticəsində zədələnməsi cərrahi müalicənin köməyilə tamamilə bərpa oluna bilər. Onurğa beyninin tam köndələn zədələnməsi mərhələsində də şişin aradan qaldırılması, onun funksiyalarının qismən bərpasına kömək edə bilər.
İntramedullyar şişlərinin cərrahi əməliyyatın köməyilə aradan götürülməsi çox çətindir və tez-tez onurğa beyni maddəsinin zədələnməsi ilə nəticələnir. Buna görə, bir qayda olaraq, bu əməliyyatlar yalnız kobud spinal pozuntular zamanı icra edilir. Onurğa beyni funksiyalarının nisbi saxlanması zamanı onun dekompressiyası əməliyyatı, şiş sistasının boşaldılması həyata keçirilir. Ümid edilir ki, tibbi praktikada yeni tətbiq edilməyə başlayan mikroneyrocərrahiyyə metodu zaman keçdikcə intramedullyar şişlərinin cərrahi müalicəsi üçün yeni imkanlar açacaqdır. İndiki zamanda intramedullyar şişlərinin radikal üsulla aradan qaldırılması yalnız at quyruğunun ependimoması vaxtı məsləhət görülür, lakin epedimomanın aradan qaldırılması zamanı konusun zədələnməsi baş verə bilər. Şüa terapiyasının intramedullyar şişlərə qarşı tətbiqi səmərəsiz hesab olunur, bu üsul faktiki olaraq zəif differensiasiya olunmuş astrositomalara və ependimomalara heç bir təsir göstərmir.
Onurğa beyninin bədxassəli şişləri, infiltrativ artımı səbəbindən cərrahi üsulla çıxarılmaq üçün əlçatan deyil. Onların müalicəsi üçün ancaq şüa və kimyəvi terapiyanın tətbiqi mümkündür. İntensiv ağrı sindromu ilə keçən onurğa beyninin əməliyyat olunması mümkün olmayan şişləri analgezik neyrocərrahi əməliyyatlar üçün bir göstərişdir. Bu əməliyyatlar zamanı onurğa beyni kökcüyünün və ya spinotalamik traktın kəsilməsi həyata keçirilir.
Əməliyyatdan sonrakı dövrdə xəstələrin onurğa beyninin qanla təchizinin bərpa edilməsinə kömək edən dərman müalicəsinə ehtiyacı olur. Həmçinin müalicəvi bədən tərbiyəsi və ətrafların massajı da məsləhət görülür. Yataq yaralarının yaranmasının qarşısının alınması və müalicəsi də xüsusi rol oynayır.
Proqnoz
Onurğa şişlərinin yaxın və uzunmüddətli proqnozu, onun növündən, yerindən, quruluşundan, onurğa beyninin sıxılmaya məruz qalma müddətindən asılıdır. Xoşxassəli ekstrmedullyar şişlərin aradan götürülməsi 70% hallarda mövcud nevroloji defisitin tamamilə yox olması ilə nəticələnir. Bu halda, bərpa müddəti 2 aydan 2 ilədək çəkə bilər. Onurğa beyninin sıxılması 1 ildən çox davam edərsə, onun funksiyalarının tam bərpa olunmasına nail olmaq mümkün deyil. Bu zaman xəstəyə əlillik dərəsi təyin edilir. Extramedullyar araxnoendoteliomanın aradan qaldırılması əməliyyatına məruz qalmış insanların arasında ölüm halları 1-2%-dən çox olmur.
Intramedullyar və bədxassəli onurğa beyni şişlərinin proqnozu nikbin deyil, çünki onların yalnız palliativ müalicəsi mümkündür.