Bu əməliyyat xaricdə 40-50 min dollara icra olunurdu

“Son iki gün ərzində klinikamızda 4 xəstə üzərində çox vacib və uğurlu əməliyyat icra olunub. Heç bir kəsik aparılmadan “şah damar” dediyimiz aorta əməliyyatını icra etmişik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yeni Klinikanın direktoru Barat Yusubov klinikada icbari tibbi sığorta çərçivəsində ilk dəfə icra olunan aorta damarının anevrizmasının qapalı yolla təmiri, endovaskulyar stent qreft yerləşdirilməsinin icrası ilə əlaqədar bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, əvvəllər bu əməliyyat Azərbaycanda icra olunmurdu: “Bu əməliyyat xaricdə 40-50 min dollara icra olunurdu. Biz qısa zamanda bunu etməklə insanlara sevinc bəxş etdik”.

***

TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov isə bildirib ki, artıq Azərbaycanda icbari tibbi sığorta hesabına belə unikal və çətin əməliyyatlar icra edilir: “Əvvəllər isə bunu etmək çətin idi. Biz bunun qürurunu yaşayırıq”.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanın rayonlarında da belə əməliyyatlar icra olunacaq: “Hədəfimiz növbəti illərdə bütün regionlarda Bakıdakı xidməti təqdim etməkdir. Bu, gələcək illərdə mümkün olacaq”.

Gülnar Əliyeva

https://qafqazinfo.az/ https://www.azerbaycan24.com/