Azərbaycanda nadir xəstəliklərin müalicəsində müasir yanaşma və klinik hallar konfransda müzakirə edilib

TƏBİB və Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Yeni Klinikada Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş "Azərbaycanda Nadir Xəstəliklərin Müalicəsində Müasir Yanaşma və Klinik Hallar" mövzusunda elmi konfrans keçirilib.

Azmedinfo.az xəbər verir ki, konfransda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli və Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov və digər əməkdaşlar iştirak edib.

Konfransın açılış mərasimində çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov nadir xəstəliklərin səhiyyə sistemində xüsusi diqqət tələb etdiyini vurğulayaraq, onların erkən diaqnostikası və effektiv müalicəsi üçün multidisiplinar yanaşmanın vacibliyini qeyd edib.

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov nadir xəstəliklərin müalicəsində dövlət dəstəyinin və səhiyyə sisteminin üzərinə düşən vəzifələrin vacibliyini vurğulayıb. O, konfransın həm elmi müzakirələr, həm də pasiyentlərə göstərilən tibbi dəstəyin inkişaf etdirilməsi üçün vacib platforma olduğunu deyib.

Digər çıxışçılar da nadir xəstəliklərin diqqət mərkəzində saxlanılmasının və onların müalicəsində multidisiplinar yanaşmanın vacibliyinin əhəmiyyətini vurğulayıblar.

Konfransın elmi hissəsində müxtəlif ixtisaslardan olan mütəxəssislər nadir xəstəliklərin diaqnostikası, klinik halları və müasir müalicə metodlarına dair məruzələrlə çıxış ediblər. Tədbirdə Bakı Sağlamlıq Mərkəzi, Respublika Pediatriya Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Yeni Klinika, Baku Medical Plaza, Mediland Hospital, Lor Hospital, Kliniki Tibbi Mərkəz, Milli Hematologiya Mərkəzi və Azərbaycan Tibb Universiteti kimi qabaqcıl tibb müəssisələrinin nümayəndələri iştirak ediblər.

Nadir xəstəliklərə dair maarifləndirməni artırmaq, bu sahədə çalışan mütəxəssisləri və pasiyentləri bir araya gətirmək, həmçinin diaqnostika və müalicə imkanlarını müzakirə etmək məqsədilə təşkil edilən konfransda ümumilikdə 300-dən çox həkim-mütəxəssis, tədqiqatçı və ictimai təşkilat nümayəndəsi iştirak edib. Qeyd edək ki, tədbir nadir xəstəliklərin idarə olunmasında əməkdaşlığın gücləndirilməsi və pasiyentlərə daha effektiv dəstəyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib.

Konfransın sonunda təqdim olunan klinik hallar üzrə iştirakçıların sualları cavablandırılıb və tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

https://azmedinfo.az/