Yeni Klinika Cənubi Koreyanın Dequ şəhərində keçirilən XIV Dünya Neyroreabilitasiya Konqresində (WCNR 2026) təmsil olunub.
Medicina.az xəbər verir ki, “Neyrobiologiyadan texnologiyaya və praktik tətbiqlərə” mövzusuna həsr olunan konqresdə Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov “İnsultun yarımkəskin dövründə robotik əl reabilitasiyasının yuxarı ətraf funksiyalarının bərpasına təsiri: randomizə olunmuş nəzarətli tədqiqat” mövzusunda elmi işi poster formatında təqdim edib.
Tədqiqatda insult keçirmiş pasiyentlərdə robotik əl terapiyası ilə ənənəvi reabilitasiyanın birlikdə tətbiqinin nəticələri qiymətləndirilib. Altı həftəlik reabilitasiya proqramının nəticələrinə əsasən, robotik terapiyanın daxil edildiyi qrupda yuxarı ətrafın hərəkət funksiyası və əl çevikliyi üzrə daha yüksək irəliləyiş qeydə alınıb.
Qeyd edək ki, konqres neyroreabilitasiya sahəsində çalışan mütəxəssisləri və tədqiqatçıları bir araya gətirib. Tədbirin elmi proqramında insult və digər nevroloji xəstəliklərdən sonra bərpa, robotik texnologiyalar, süni intellekt, virtual reallıq və müasir reabilitasiya yanaşmaları yer alıb.
Sözügedən elmi işin beynəlxalq konqresdə təqdim olunması Yeni Klinikanın robotik reabilitasiya sahəsində apardığı tədqiqatların tanıdılmasına, eyni zamanda pasiyentlərin daha effektiv və elmi əsaslı reabilitasiya xidmətlərindən yararlanmasına xidmət edir.
