Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir.
Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. Daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.
Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur. Lakin dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar.
Hirudoterapiya – zəli ilə müalicə üsuludur. Geniş müalicəvi əhəmiyyətə malik olan zəli ilə müalicə üsulu iltihabi, ödemli proseslərdə immunostimuləedici və bakterisid vasitə kimi təsirlərə malikdir.
Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Zəlinin ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilmişdir. Bu canlının ağız suyunda olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır.
Hirudin, eyni zamanda, qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir.
Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir. Lakin zəlinin fərdi olaraq ziyanı ola bilər. Zəlinin hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə tətbiq edilməsi düzgün deyildir. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli qoydurmaq istəyən şəxsin qanının reoloji göstəriciləri haqqında həkimdə məlumat olmalıdır.
Zəlinin müalicəvi effekti bir neçə istiqamətlidir; zəli bioloji aktiv nöqtələr qoyulduqda, həmin nahiyənin qidalanmasını yaxşılaşdırır, həmçinin, onun ifraz etdiyi mayenin tərkibində olan hirudin fermenti qanı duruldur, mübadilə proseslərini yaxşılaşdırır, endokrin sistemə normallaşdırıcı təsir göstərir.
Hirudoterapiya – nevroloji xəstəliklərdə-miqren, hipertoniya, radikulopatiyalarda, göz xəstəliklərində, ginekoloji xəstəliklərdə, kosmetologiyada-sellülitlərdə və s.hallarda müsbət effekt verir. Buna görə də medikamentoz, fizioterapevtik və cərrahi müalicələr zamanı əlavə olaraq hirudoterapiya müalicəvi proseduru əvəzolunmazdır. Hirudoterapiya qan dövranı sistemi vasitəsi ilə limfatik və energetik sistemlərə müalicəvi təsir göstərir. Daha doğrusu, zəli bütün orqanizmə təsir göstərir və bir çox patologiyaların müalicəsində çox vacibdir.
Hirudoterapiya – müalicə mərhələləri
1. Dişləmə
Dişləmə prosesi – zəli bədəndə lazım olan nahiyəyə yapışır, dəriyə yapışdığını hiss edəndən sonra onu dişləyir. Dişləmə dərinliyi təxminən 1.5-2 mm təşkil edir. Bundan sonra zəli əmələ gələn yaraya ağız suyunu ifraz edir. Zəlinin ağız suyunda məlum olduğu kimi, qan laxtalanmasını ləngidən hirudin maddəsi var.
2. Qidalanma
Zəli pasiyentin bədəni üzərində, xəstəlikdən asılı olaraq, adətən, 20-60 dəq. qalır. Bu müddən ərzində bir zəli 5-15 millilitr qan sora bilir.
3. Qan sorulmasının dayandırılması
Əksər hallarda zəli doyduqdan sonra bədəndən özü ayrılır. Lakin bəzən zəlini pasiyentdən vaxtından əvvəl ayırmaq lazım gəlir. Bunun üçün adətən spirt və ya yodla isladılmış adi tampondan istifadə edilir. Bu vasitədən sonra zəli yapışdığı nahiyədən dərhal qopur. Zəlini kənarlaşdırmaq üçün, həmçinin, tütün tüstüsündən, zəlini üzərinə duz və ya limon şirəsi, şərab səpilməsindən də istifadə olunur.
Zəli təzə yapışanda pasientlər xoşagəlməz hissiyyat keçirə, bəzə yüngül ağrı hiss edə bilərlər. Təxminən 10 dəqiqə sonra bütün bu narahatlıqlar keçir, çünki zəlinin ağız suyundakı maddələr bu müddətə öz keyidici təsirini göstərir.
Əgər sizin üçün zəlini qəbul etmək mümkünsüzdürsə, ondan tərkibində zəlinin faydalı maddələri olan kremlərdən alıb istifadə edə bilərsiniz.
Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı 1 və ya bir neçə zəli istifadə oluna bilər. Yapışdıqdan sonra zəli qan sovrumağa başlayır. Bəzi məlumatı olmayan insanlardan eşidmək olur ki, zəli ilə müalicə anemiyaya (qanazlığı) səbəb ola bilər. Bu mümkün deyil. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sovura bilər. Doyunca sovurduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür.
Maraqlıdır ki, xəstənin qanında alkohol varsa və ya seansdan əvvəl insan siqaret çəkibsə, zəli ona yapışmır.
Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) edir ki, bu sekret insanın qanına düşür və, demək olar, insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir. Nəzərinizə çatdıraq ki, bir çox müalicə vasitələrindən fərqlı olaraq zəli ilə müalicə heç bir mənfi yanaşı təsir vermir.
Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri isladmaq olmaz. Yaraların infeksiyalaşmaması üçün onları qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir.
Hirudoterapiyanın, əsasən, 3 təsir mexanizmi mövcuddur:
mexaniki, bioloji və refleksogen.
Mexaniki təsir – dəridə yerli qan dövranının yaxşılaşdırılmasına və tromb əmələ gəlmənin qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar.
Bioloji təsir – zəli sancarkən yaraya tüpürcək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır. Sekretin kifayət qədər mürəkkəb tərkibi (200-ə yaxın bioloji aktiv maddə) var.
Reflektor təsir – bu təsir refleksoterapiya kimi, demək olar ki, eynidir. Son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələrə qoymağı daha məqsədəuyğun hesab edirlər.
Hirudoterapiya – müalicəvi effekti
– Qan yenilənir;
– Zəlinin ağız suyunda olan bioloji aktiv maddələr qana daxil olur və bir sıra prosesləri tənzimləməyə başlayır;
– İltihab əleyhinə təsir göstərir;
– Ağrıkəsici xüsusiyyəti var;
– Fibrinolitik təsirə malikdir.
Bundan başqa, hirudoterapiya vasitəsilə tromboz riskini azaltmaq, trombofilibitlə mübarizə aparmaq, osteoxondroz zamanı daxili toxumaların qan dövranını yaxşılaşdırmaq, orqanizmdən toksiki maddələri çıxarmaq mümkündür.
Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar kistaları və s.) zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi “vasitədir”. Onu qeyd etmək lazımdır ki, zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən yaxşı nəticələr verir.
Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.
Lakin hirudoterapiya (latın dilində – “zəli ilə müalicə”) yalnız təcrübəli əllərdə insana xeyir gətirə bilər. İlk növbədə hirudoterapiya yalnız həkim tərəfindən təyin olunmalıdır. Məsələ burasındadır ki, bəzi xəstəliklər zamanı zəli ilə müalicə əks göstəriş sayılır. İlk növbədə söhbət bəzi qan (hemofiliya, ağır anemiyalar və s.) xəstəliklərindən və həmçinin allergik və onkoloji xəstəliklərindən gedir. Hipotoniyadan (qan təzyigin daim normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun gəlmir.
Hirudoterapiya seansını lazım olan səviyyədə yalnız bu işdə təcrübəsi olan həkim keçirdə bilər. Heç bir halda ara “həkimlərinə” və s. “mütəxəssislərə” müraciət etməyin! Yalnız təcrübəli həkim insan bədənində olan xüsusi nöqtələri tanıyır ki, zəlinin məhz bu nöqtələrdə yerləşməsi müalicəvi effekt verə bilər. Müxtəlif xəstəliklər zamanı bu nöqtələr də müxtəlif olur.
Seans zamanı xüsusi fermalarda yetişdirilən tibbi zəlilərdən istifadə olunur. Bu zəlilər tam sterildir. Zəli yalnız 1 dəfə istifadə olunur. “İstifadə olunmuş” zəli seansdan dərhal sonra öldürülür. Zəli ilə müalicə ən təhlükəsiz müalicə üsullarından biri kimi qiymətləndirilə bilər ki, burada infeksiyalaşma təhlükəsi sıfıra bərabərdir.
Hirudoterapiyanın müalicəvi təsir mexanizmi:
Zəlinin həyat fəaliyyəti məhsulları içərisində 30-a qədər faydalı maddələr var. Bu maddələri ağrıkəsici, antiseptik və s. effektləri var. Zəli ilə müalicə ürək-damar və sinir sisteminin çox yaxşı təsir edir. Mütəmadi istifadədə immun sistemini də yüksəldir. Qanı durulaşdırır, arterial təzyiqi normallaşdırır. Dəridəki çapıqların sorulmasına kömək edir.
Hirudoterapiya, demək olar ki, tibbin bütün sahələrində tətbiq olunur:
Göstərişlər:
- Dəri xəstəlikləri (psoriaz, ekzema)
- Ürək-damar xəstəlikləri
Prostatı və potensiya pozğunluqları - Endokrin xəstəliklər (şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri)
- Qadınlarda siklik problemlər yarananda
- Mioma
- Müxtəlif travmalar zamanı (sınıqlar, əzilmələr)
- Osteoxondroz
- Müxtəlif iltihabi proseslər
- Venaların varikoz genişlənmələri
- Tromboflebit
Hirudoterapiya – əks-göstərişlər
- Qan laxtalanmasının zəif olması (zəlilərin istifadə olunması faciəvi nəticəyə gətirib çıxara bilər);
- Qan laxtalanmasının qənaətbəxş olmaması üzündən qanaxma ilə müşayiət olunan xəstəliklər (hirudin qanaxmanı gücləndirir);
- Anemiya (qan azlığı);
- Hemoliz (eritrosidlərin sıradan çıxması);
- Qan təzyiqinin aşağı olması;
- Ağır və ya uzunmüddətli xəstəlik fonunda orqanizmin zəifləməsi;
- İmmunitetin zəif olması;
- Zəli fermentlərinə qarşı fərdi allergik reaksiya;
- Hamiləlik dövrü;
- Laktasiya dövrü;
- Kiçik yaşlı uşaqlar.
Təəssüf ki, bütün müalicə növlərində olduğu kimi, zəli ilə müalicədə də əks göstərişlər mövcuddur. Zəli ilə müalicə zamanı qan çıxdığı üçün laxtalanma sistemində problem olan xəstələrə (hemifiliya xəstələrinə), qadınlara xas vəziyyətlər, hamiləlik, doğum vaxtı, operasiya qabağı bu müalivə üsulu əks göstərişdir.
Zəli ilə müalicədən öncə mütləq həkim qəbulunda olub müayinədən keçmək lazımdır. Hirudoterapiya xüsusi zəlilər vasitəsilə icra edilir. Bir zəli yalnız bir xəstə üçün istifadə olunmalıdır. Adi su hövzələrindən tutulmuş zəlilərdən istifadə yolverilməzdir! Çünki adi su hövzələrindən tutulan zəlilərin nə ilə qidalandığı məlum deyil, ola blər onların qanında hansısa zərərli maddələr və müxtəlif xəstəliktörədici mikroblar ola bilər. Bunlar isə müalicə zamanı insanın qanına keçə və ağır sonluqlara səbəb ola bilər.
Lazimi nəticəni almaq üçün 10 zəli proseduru qəbul etmək lazımdır. Hər prosedurun davametmə müddəti 45 dəqiqə olmalıdır, adətən bu müddətə zəlilər özləri dəridən ayrılır. Bir dəfəyə 3-dən 9-a qədər zəli qoyulur.