"Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığına həsr olunmuş tədbir zamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə fiziki qüsurlu şagird arasında baş tutan dialoq izləyicilər arasında marağa səbəb olmuşdu. Avtosfer.az xəbər verir ki, dialoq zamanı Bakı şəhər DYP İdarəsinin baş inspektoru, polis moyoru Araz Əsgərlinin “Gələcəkdə nə işləmək istəyirsən?” sualına “həkim” deyə, cavab verən 6 yaşlı Ədalətin arzusu “Yeni Klinika”nın dəstəyi nəticəsində bir günlük də olsa reallaşıb. Belə ki, Ədalət üçün klinika daxilində tur keçirilib. Tur zamanı Ədalət “doktora”, “Yeni Klinika”nın İctimaiyyətlə və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nuridə Allahyarova bələdçilik edib. Eyni zamanda, klinikanın direktor müavini, “Cərrahiyyə və transplantasiya” mərkəzinin rəhbəri Eldar Əhmədovun da qəbulunda olub.
Qeyd edək ki, TƏBİB-in icraçı direktorunun müşaviri, “Yeni Klinika”nın İdarə Heyətinin üzvü Pərvin Əkbərov Ədalətin fizioterapiya və reabilitasiyası məqsədi ilə müvafiq prosedurlarının icra ediləcəyini də vurğulayıb.