Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müşaviri, reabilitoloq, fizioterapevt Pərvin Əkbərov Ümumdünya Fizioterapiya Günü ilə bağlı AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-Pərvin həkim, ilk olaraq fizioterapiya nədir?

- Fizioterapiya tibbin ən önəmli müalicə vasitələrindən biri olub, fiziki üsullarla müalicə mexanizmini özündə ehtiva edir. Qədim zamanlardan hazırkı dövrə qədər fizioterapiyadan müxtəlif şəkildə istifadə olunub. Nəticədə günümüzə qədər daha da inkişaf edərək səhiyyədə əvəzedilməz müalicə üsulu kimi geniş arealda tətbiq edilir.

-Fizioterapiya hansı xəstəliklər zamanı daha çox tətbiq olunur?

- Fizioterapiya ümumdünya səhiyyə protokollarında, əksər tibbi sahədə tətbiqi məqsədəuyğun hesab edilən müalicə metodudur. Belə ki, bu sahə üzrə mütəxəssislər yeni doğulmuş körpələrdən tutmuş insanların həyat trayektoriyasının son anına qədər mümkün müalicə metodlarından effektiv istifadə edirlər.

Xüsusilə qeyd edim ki, xəstələr üzərində müalicənin multidisiplinar yanaşması zamanı fizioterapiya həmin pasiyentlərin reabilitasiya dövrünün erkən yekunlaşmasında önəmli rol oynayır.

Fizioterapiya fiziki üsulların tətbiqi ilə insanların müxtəlif xəstəliklərlə mübarizəsi dönəmində hərəkət intensivliyinin bərpa edilməsinə ən üstün şəraiti yaradaraq, bərpa dövrünün effektivliyini təmin edir və eyni zamanda, pasiyent üzərində aparılan hər hansı bir cərrahi əməliyyatın və müxtəlif müalicə planının effektivliyini qarant altına almış olur.

Müasir dövrümüzdə beynəlxalq səhiyyə təcrübəsində nanotexnologiyaların tətbiqi ilə artıq fizioterapiyanın prioritet müalicə metodları sırasında ilk yerlərdən birini tutması heç də təəccüblü deyil. Belə ki, radikal cərrahiyyə üsullarının və ya tibbin ənənəvi qolu olan dərmanla aparılan müalicə üsullarının daha innovativ metodlarla əvəz edilməsi dövrün yeni reallıqları sırasındadır.

-Bu terapiya metodu nə qədər effektivdir?

- Hər bir müalicə üsulunun effektivliyi onun tətbiqinin xəstəliyin erkən aşkarlanması dövrü ilə düz mütənasib olmasıdır. Erkən və ya vaxtında edilən müdaxilə bütün müalicə üsulları kimi fizioterapiya və reabilitasiya üsullarının effektivliyinə də müsbət təsirini əsirgəmir. Təbii ki, xəstə müalicə dövrünü yubadırsa, yəni artıq xroniki fazada müraciət etmişsə, fizioterapiyanın effektiv təsiri nəticə etibarilə növbəti mərhələlərdə həmin problemin böyüyərək daha ciddi fəsadlara yol açmaması üçün önləyici tədbir funksiyasını yerinə yetirir. Odur ki, xəstələrimizə müraciət edərkən həmişə bir məqamı diqqətdə saxlamalarını tövsiyə edirik: müalicə üçün vaxtında müraciət olunması qızıl qaydadır.

- Fizioterapiyanın əks göstəriciləri ola bilərmi?

-Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə fizioterapiyanın əks göstəriciləri ilə bağlı heç bir elmi əsası olmayan, əsassız ittihamlar səslənir. Təbii ki, bu neqativ yanaşma vətəndaşlarla fizioterapiya və reabilitasiya metodlarının uğurlu nəticələrinə dair maarifləndirmə işinin doğru təşkil edilməməsi, qeyri-peşəkar insanlar tərəfindən heç bir elmi əsası olmayan yanlış təsəvvürlərin formalaşdırılması ilə əlaqədardır. Hər bir həkimin əsas vəzifəsi xəstəyə təyin etdiyi müalicə metodu barədə geniş məlumat bazasının ötürülməsidir. Doğru və tutarlı məlumatlandırma olmadan, müalicə dövründə tətbiq edilən metodun təsirləri xəstəyə tam izah edilmədən hər hansı tibbi müdaxilə təbii olaraq xəstədə müəyyən cavabsız suallar yaratma ehtimalı yaradır.

Sözsüz ki, ətraflı məlumatlandırma fonunda belə xəstənin psixoloji durumundan irəli gələn bəzi fərdi reaksiyalar da mümkündür, ancaq bu sahənin mütəxəssisi olaraq əminliklə bildirim ki, fizioterapiya müalicə metodu tam zərərsizdir və düzgün tətbiq olunarsa pasiyentdə heç bir fəsad törətmir. Əksinə fizioterapiya digər müalicə üsullarından daha zərərsiz və daha effektivdir. Bu gün bütün dünya ölkələrində fizioterapiya və reabilitasiya tibbin istənilən sahəsində uğurla tətbiq olunur. Fizioterapiyanın üstünlüklərindən geniş istifadə olunur.

Bəzən fizioterapiyanın onkoloji, endokrinoloji və ginekoloji narahatlıqları olan pasiyentlərə tətbiqinin məqsədəuyğun olmamasına dair mülahizələr eşidirik. Bu yanaşma yanlışdır, qeyd etmək istəyirəm ki, hər bir pasiyentə problemindən asılı olaraq individual şəkildə fizioterapevtik müalicə üsulları tətbiq edilə bilər. Nümunə olaraq qeyd etmək istəyirəm ki, bu gün dünyanın ən məşhur onkoloji mərkəzlərində fizioterapiya və reabilitasiya bölməsi uğurla fəaliyyət göstərir. Bu xəstəxanalarda əməliyyat olunan pasiyentlərin əksəriyyətinə normal həyata qayıtmaq üçün reabilitasiya planı zəruridir.

- Fizioterapiya sahəsində hansı metodlardan istifadə olunur?

- Fizioterapiyanın müalicə mexanizmində metodlar kifayət qədər çeşidlidir. Burada həm tibbi innovativ avadanlıqlar, həm monoloterapevtik metodlar xəstələr üzərində möcüzə yaradacaq müalicə üsulları sırasındadır. Bu gün tibb elminə robot texnologiyaları sürətli şəkildə sirayət edir. Məhz bu səbəbdən dünyada müasir innovasiyaların inkişafı fizioterapiya və reabilitasiya elmindən də yan keçməyib, tibbi avadanlıqların daha da təkmilləşdirilməsinə ciddi mənada müsbət təsirini göstərib. Bu gün fizioterapiya və reabilitasiya tibbi laboratoriyalarında həmin texnologiyalardan uğurla istifadə olunur. Həm elmi-tədqiqat işlərində, həm idmançıların reabilitasiyasında, həm də insanların müalicə prosesində həmin texnologiyalar istər reanimasiya, istər stasionar, istər ambulator şəraitdə uğurla tətbiq edilir.

-Ölkəmizdə fizioterapiyaya hansı səviyyədə ehtiyac var?

- Qeyd etmək istəyirəm ki, bütün dünyanı cənginə alan koronavirus epidemiyasının insanlar üzərində postpandemiya dövründə belə yaratdığı fəsad ölkəmizin vətəndaşlarına da təsirsiz ötüşməyib. COVID-19 pandemiyasından sonra artıq insanların bir çoxunda daha çox kardipulminar problemlər yarandı. Belə olduğu təqdirdə fizioterapiyanın, döş qəfəsi reabilitasiyasının, nəfəs hərəkətləri və pulminar reabilitasiyanın aktuallığı artdı.

Bunun nəticəsində də intensiv terapiyaya məruz qalan, uzun müddət yataq şəraitində olan xəstələrin vəziyyətindəki ağırlaşmaların qarşısının alınması, süni tənəffüs aparatlarına qoşulan insanların daha erkən intensiv terapiya palatalarından yüngül vəziyyətə gətirilərək yataq sayına qənaət edilməsi baxımından stasionar şəraitə köçürülməsi fizioterapiya metodlarının tətbiqi məsələsini aktuallaşdırıb. Bu yanaşma birmənalı şəkildə ölüm faktorlarının qarşısını alaraq xəstənin sürətli sağalma prosesinə öz töhfəsini vermiş olub.

Xüsusi vurğulamaq istərdim ki, Vətən müharibəsi dövründə yaralı qazilərimizin sağlamlığına qovuşaraq yenidən cari həyatlarına adaptasiya olmaları üçün fizioterapiya və reabilitasiyanın rolu danılmaz idi. Sevindirici haldır ki, ölkəmizdə səhiyyə sahəsində innovativ həllərin tətbiqi, geniş islahatların həyata keçirilməsi fonunda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir. İxtisaslı kadr potensialının yaradılması məqsədilə Azərbaycan Tibb Universitetində yeni fakültələr yaradılıb. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, ölkə çərçivəsində də yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, TƏBİB-in tabeliyində olan reabilitasiya mərkəzlərində insanların bu xidmətlərə daha əlçatan olması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycanın bir çox bölgələrində böyük reabilitasiya mərkəzlərinin yaradılmasının, insanların istifadəsinə verilməsi layihələri nəzərdən keçirilir, mövcud reabilitasiya mərkəzlərinin kadr bazasının və texniki avadanlıqlarının daha da yaxşılaşdırılması istiqamətində işlər görülür. Həmçinin qeyd etmək istərdim ki, bu gün ölkəmizdə icbari tibbi sığorta uğurla tətbiq edilir. İcbari tibbi sığortanın təqdim etdiyi xidmətlər zərfinə fizioterapiya və tibbi reabilitasiya xidmətləri də daxil edilib. Bunun nəticəsində fizioterapiya və tibbi reabilitasiya xidmətləri vətəndaşlarımız üçün daha əlçatandır.

Həyata keçirilən davamlı, uğurlu layihələrin nəticəsi olaraq əminliklə deyə bilərik ki, ölkəmizdə inkişafda olan tibbin digər sahələri kimi fizioterapiya və tibbi reabilitasiya müalicə metodları da daim inkişaf edəcək.

https://azertag.az//