Salpinqooforit

Salpinqooforit, adneksit – uşaqlıq artımlarının iltihabıdır. Kiçik çanaq üzvlərində tez-tez rast gəlinən iltihabi xəstəlikdir. İnfeksiya uşaqlıq yolundan, boşluğundan, qalxan-enən yol ilə bəzən də hematogen yol ilə artımlara keçir.

Elmi-tibbi ədəbiyyatda uşaqlıq yolu və artımlarının, həmçinin yumurtalıq və yumurtalıq borularının iltihabı “qadınlarda kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri” adlandırılır. Eyni zamanda, uşaqlıq boruları və uşaqlığın iltihabına adneksit və ya salpinqoofrit də deyilir.

Uşaqlıq boşluğundan infeksiya uşaqlığın borusuna keçir, onun bütün qatları iltihabi prosesə cəlb olunur (salpinqit), eyni zamanda yumurtalıq (ooforit) və borular (salpinqoooforit) infeksiyalaşır. İltihani eksudat uşaqlıq borusunun mənfəzində toplanaraq, onun fimbrial hissəsinin yapışmasına, mənfəzinin bağlanmasına səbəb olur və nəticədə boru kisəyəbənzər törəməyə (saktosalpinge) çevrilir. Əgər uşaqlıq borusunun mənfəzində seroz maye toplanırsa, buna hidrosalpinks deyilir. Hidrosalpinks birincili və ikincili olur. Mikroorqanizmlər yüksək virulently olanda orqanizmin müqavimət qabiliyyəti aşağı düşür, uşaqlıq borusunun mənfəzində irin toplanır, piosalpinks inkişaf edir. Mikroorqanizmlər yumurtalığın toxumasına daxil olaraq irinli boşluqlar yaradır, buna piovar deyilir. Uşaqlıq borusunun ampulyar hissəsi yumurtalığa bitişən tuboovarial törəmə – tuboovarial şiş əmələ gətirir. İltihabi proses uşaqlıq borusundan və yumurtalıqdan kiçik çanağın peritonuna yayılırs, pelvioperitonit inkişaf edir.

Ginekoloqlar xəstəliyi iki növə ayırırlar:

  • Kəskin;
  • Xroniki.

Lokalizasiyasına görə artımların iltihabının aşağıdakı formaları var:

  • Birtərəfli;
  • İkitərəfli (iltihabi xəstəlik iki yumurtalıqda inkişaf edir, patoloji gedişat zamanı uşaqlıq borularının yapışması və onlarn keçiriciliyinin zəifləməsi, hətta sonsuzluq baş verə bilər).

Artımların iltihabının səbəbləri

Artımlardakı iltihabi prosesi patogen və şərti-patogen mikroorqanizmlər yaradır, onlar müəyyən şəraitdə – ağrıverici olur.

Spesifik salpinqooforit aşağıdakı səbəblərdən yarana bilər:

  • Qonokokklar;
  • Vərəm çöpü;
  • Difteriya bakteriyaları.

Qeyri-spesifik salpinqooforitə aşağıdakılar səbəb ola bilər:

  • Xlamidiyalar;
  • Mikoplazmalar;
  • Stafilokokklar;
  • Streptokokklar;
  • Bağırsaq çöpləri;
  • Göbələklər;
  • Virus və digər mikroorqanizmlər.

Xəstəliyin yaranmasına şərait yaradan faktorlara həkimlər aşağıdakıları aid edirlər:

  • Nizamsız intim həyat;
  • İntim gigiyena qaydalarının pozulması;
  • Stresslər;
  • Soyuqdəymə;
  • Uşaqlıqdaxili əməliyyat və prosedurlar – abort nəticələri, həmçinin uşaqlıq səthinin qaşınması, spiralların daxil və xaric edilməsi, metrosalpinqoqrafiya, histeroskopiya.
  • Müxtəlif xəstəliklər nəticəsində immunitetin aşağı düşməsi, yaxın vaxtlarda keçirilmiş infeksion xəstəliklər;
  • Appendektomiya.

Kliniki gedişi

Xəstənin şikayətləri qarının aşağısında olan ağrılardan, hərahətin yüksək olmasından (39 dərəcə), üşütmə, ürəkbulanma, qusmadan, uşaqlıq yolundan gələn iyli ifrazatın və dizurik əlamtlərdən ibarət olur.Dili nəm, ərpli, qarnın palpasiyası zamanı hipoqastral nahiyədə ağrılıdır.

Xəstəliyin klinik simptomlarının qabarıqlığı mikrobların virulentliyindən və makroorqanizmin reaktivliyindən asılıdır. Ginekoloji müayinə zamanı servikal kanaldan irinli, irinli seroz ifrazatın gəlməsi aşkar olunur. Artımlar palpasiyada ödemli və ağrılıdır.

Ağrının intensivliyi iltihabi prosesin nə dərəcədə peritona yayılmasından asılıdır. Əgər piosalpinks, piovar, tuboovarial abses formalaşmışdırsa, bu zaman uşaqlıq artımları nahiyyəsində və ya uşaqlığın arxasında hərəkətsiz, irihəcmli, ağrılı, konturları aydın olmayan, müxtəlif konsistensiyalı, bəzən də uşaqlığın cismi ilə birgə konqlomerat əmələ gətirən törəmə təyin olunur. Periferik qanda leykositoz, neyrofillərin sola meyli, EÇS-in artması, C-reaktiv zülalın artması, disproteinemiyanın olması aşkar olunur. Sidik kisəsi və uretra prosesə cəlb olunduğundan sidikdə zülal, leykositoz, bakteriuriya aşkar olunur. Elə hallar da olur ki, adneksitin klinik mənzərəsi pozulmuş olur, lakin uşaqlıq artımlarında dərin destruktiv dəyişikliklər baş verir.

Salpinqooforitin diaqnostikası

Dəqiq diaqnoz qoymaq üçün aşağıdakılar həyata keçirilməlidir:

  • Həkim-ginekoloqun müayinəsi;
  • Uşaqlıq artımlarının USM-diaqnostikası;
  • Qan və sidiyin analizi;
  • Uşaqlıq yolu və uşaqlıq boynu yaxmasının müayinəsi. Daqnostikanın maksimum dəqiq metodu – boruların mikroflorasının laparoskopiya və ya laparotomiya vasitəsilə müayinəsidir. Bununçün mütəxəssis USM nəzarəti altında uşaqlıq yolunun arxa divarından punksiya götürür və laporoskopiya proseduru aparır.

Salpinqooforitin müalicəsi

Əgər pasiyentə “kəskin salpinqooforit” diaqnozu qoyularsa, həkim hospitallaşdırma, fiziki sakitlik, xüsusi dieta, həmçinin iltihab əleyhinə preparatlar və ağrıkəsicilər, antibiotiklər təyin edir. Anaerob flora aşkar olunduqda metronidazol həb şəklində, ağır hallarda isə vena daxilinə təyin olunur.Peritonun qıcıqlanma simptomu yox olduqda və hərarət endikdə antibacterial teraapiya 5 gün davam etdirilməlidir. Antibiotiklə yanaşı, dezintoksikasion müalicəçaparılır. Reopoliqlükin, 5%li qlükoza, izotonik natrium-xlorid məhlulu və təzə dondurulmuş plazma vena daxilinə köçürülür. Desensibilizasiyaedici preparatlardan, vitaminlərdən, iltihabəleyhinə qeyri-steroidlərdən, immunomodulyatorlardan və mikrosirkulyasiyanı artıran preparatlardan istifadə olunur.

Fizioterapevtik Müalicə

Xəstəliyin kəskin əlamətləri aradan qaldırıldıqdan sonra fizioterapevtik prosedurlar aparılır, ağrıkəsici və sovurucu effekt verən biostimulyatorlar təyin edilir.

Xroniki salpinqooforitin kəskinləşməsi zamanı parafinoterapiya, ozokeritlə isitmə və s. prosedurlar həyata keçirilir.

Fizioterapevtik metodlarla müalicə iltihabi ocaq nahiyyəsinə analgetik, iltihabəleyhinə, sorucu effektə malik olub, proqressivləşən və ağırlaşmaya gətirib çıxaran iltihabi prosesin gedişini ləngidir, funksiyası pozulmuş cinsiyyət orqanının bərpasını sürətləndirir, orqanizmin qoruyucu-kompensator mexanizminin aktivliyini artırır, sinir, endokrin, ürək-damar sistemində ikincili dəyişikliklərin qarşısını almağa köməklik edir. Fizioterapevtik metodlar xarici səthlərə tətbiqlə başlanılır, sonrakı yəni eltihabi prosesin azalmağa başladığı etaplarda uşaqlıq yolu daxili, düzbağırsaq daxili metodlara üz tutulur.

Müalicənin fiziki metodlarla həyata keçirilməsi iltihabın aradan qaldırılması (antiekssudativ və reparativ-regenerativ metodlarla), yumurtalıqların ovulyasiya funksiyalarının regenerasiyası (hipotalamo-hipofiz-induksiya metodu), immun disfunksiyanın korreksiyası (immunostimullaşdırıcı metod), nevrotik vəziyyətin bərpası (sedativ, tonuslaşdırıcı metodlar), spaykaların aradan qaldırılmasına (defibrozlaşdırıcı metod) yönəldilməlidir.

  1. Antiekssudativ metod – aşağı tezlikli UVÇ terapiyası, iltihabəleyhinə dərman preparatları ilə elektrofarez (antibiotik, sulfanilamid pr.)
  2. Reparativ- regenerativ metod – lazer terapiyası,parafin terapiyası, ozokeritoterapiya, kükürd vannaları
  3. Defibrozlaşdırıcı metod – defibrozlaşdırıcı dərman preparatları ( 2-3%li yod məhludu, 64 V lidaza )ilə ultrafonofarez, defibrozlaşdırıcı dərman preparatları (anod 0.1 qr lidaza (64 V), katod 2-3%li yod) ilə elektrofarez, ultrasəs terapiyası
  4. Hipotalamo-hipofiz-induksiya metodu – transserebral UVÇ terapiyası
  5. İmmunostimullaşdırıcı metod- helioterapiya, suberitem dozalarda UBŞ, tallasoterapiya
  6. Sedativ metodlar – elektrosonterapiya, azot vannaları
  7. Tonuslaşdırıcı terapiya – müalicəvi massaj, mirvari vannaları
  8. Sanator-kurort müalicəsi

Əks göstərişlər:

– xəstəliyin kəskin dövrü
– endometrioz
– uşaqlıq qanaxmaları
-uşaqlığın fibromioması
– yumurtalıq polikistozu
– bədxassəli şişlər

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur