Mielit onurğa beyininin bütün iltihabi proseslərinin ümumi adı olub, onun həm boz, həm də ağ maddəsini əhatə edə bilər. Mielit termini ilə onurğa beyninin istənilən iltihabi prosesini adlandırırlar. İltihabın formasından və yayılma dərəcəsindən asılı olaraq, simptomların şiddəti əhəmiyyətli dərəcədə dəyişə bilər və bu xəstəlik indiyədək sinir sisteminin ağır xəstəliklərindən hesab olunur.
Mielit yüksək faizli ağırlaşmalar verir və çətinliklə müalicəyə tabe olur. Bu xəstəlik dünyada o qədər də geniş yayılmamışdır, hər 1 milyon əhaliyə düşən xəstələnmə hallarının sayı 5-dən artıq deyil. Mielitin yaranmasında hər hansı bir özəlliyi qeyd etmək olmaz, insanın cinsiyyəti və ya yaşı xəstəlik riskinə heç bir təsir göstərmir. Bəzi tədqiqatçılar miyelitin 10-20 yaş arasında və ahıl şəxslərdə daha çox rast gəlindiyinə dair dəlillər gətirirlər.
Mielitlərin təsnifatı
Təbabətdə klinisistlər patoloji prosesinin inkişaf mexanizminə və proqressivləşmə səbəblərinə, yayılmasına, həmçinin xəstəliyin davam etmə müddətinə əsaslanaraq mielitin bir neçə təsnifatından istifadə edirlər.
Davam etmə müddətinə əsasən:
Kəskin mielit - adından göründüyü kimi, xəstəliyin bu forması kəskin şəkildə başlanır. Simptomlar çox aydın şəkildə təzahür edirlər. Xəstəliyin bu forması çox ağır keçir və onun fonunda bir çox ağırlaşmalar inkişaf edə bilir;
Yarımkəskin mielit - simptomlar tədricən özlərini göstərməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, bu patologiya proqressivləşən xarakterə malik olur. Bu, tədricən klinik şəklin getdikcə daha da pisləşəcəyindən xəbər verir. Mielitin xüsusi bir variantı Fua və Alajuanin (1926) tərəfindən təsvir olunmuş yarımkəskin nekrotik myelitdir;
Xroniki mielit - bir qayda olaraq xəstəliyin bu forması ahıl yaşda olan insanlara təsir edir, ancaq autoimmun pozuntular səbəbindən gənclərdə də inkişaf edə bilər.
Yayılmasına görə:
Məhdud - Onurğa beynində yalnız bir patoloji ocaq vardır;
Diffuz - İltihab prosesi bütün onurğa beynini əhatə edir;
Multifokal - Onurğa beyninin müəyyən sahələrində bir neçə ocaq (2-dən çox) vardır;
Köndələn mielit - Bu formanın inkişafı barədə, iltihabi prosesin nəticəsində eyni zamanda bir-birinin yanında yerləşən bir neçə seqmentin zədələnməsi halında danışılır.
İnkişaf mexanizminə görə:
Birincili mielit - Xəstəlik müstəqil şəkildə, əlverişsiz amillərin təsiri nəticəsində inkişaf edir;
İkincili mielit - Bu tip patologiyanın yaranma səbəbi artıq insan orqanizmində inkişaf etmiş fon xəstəlikləridir. Bir qayda olaraq, bunlar xroniki gedişə malik proseslər olur.
Mielitin inkişaf səbəbləri
Bəzən mielitin inkişafının səbəbini müəyyən etmək mümkün deyil, lakin əksər hallarda əsas “tətik amilləri” məlum olur.
İnfeksion mielit Bütün mielitlərin təxminəm yarısını təşkil edir. Mielitin bu növü, öz növbəsində 2 qrupa bölünür: birincili (infeksiyanın ilkin olaraq yalnız onurğa beyninə nüfuz etdiyi halda) və ikincili (proses onurğa beyninə infeksiyanın digər ocaqlardan daxil olmasından sonra inkişaf edərsə). Infeksion mielitin törədiciləri adətən: I və II tip herpes simplex, qızılca və poliomielit virusları; sitomeqalovirus infeksiyası, mikoplazma, sifilis, HİV, enterovirus infeksiyaları olurlar. Daha nadir hallarda etioloji amil rolunda meningokok infeksiyası və borelliya ola bilər. İkincili infeksion mielit, əsasən, onurğanın osteomeliti və ya infeksiyanın hematogen yolla onurğa beyninə düşməsi zamanı baş verir.
Toksiki mielit Mielitin bu növü, daha çox onurğa beyni hüceyrələrini zədələməyə meylli olan zəhərlərin təsiri nəticəsində inkişaf edir. Belə iltihab həm kəskin zəhərlənmə (məsələn, bir sıra dərman vasitələrinin, o cümlədən psixotrop preparatların, spirtlərin, ağır metal duzlarının vasitəsilə), həm də zəhərli maddələrin xroniki təsiri nəticəsində (adətən bu, istehsalatın zərərli sahələrində çalışan şəxslərə aiddir) baş verə bilər.
Travmatik mielit Mielitin bu növü, iki komponentdən ibarət olur. Əvvəla, travmanın bilavasitə onurğa beyninə mexaniki təsiri qaçılmaz olaraq onun funksiyalarının pozulmasına gətirib çıxarır. İkincisi, zədələnmə zamanı mikroorqanizmlər yara vasitəsilə onurğa beyninə düşə bilərlər.
Postvaksinal mielit Son zamanlarda peyvənd olunmuş və allergik reaksiyaların inkişafına meylli olan insanlarda inkişaf etməyə başlayır;
Autoimmun mielit Xəstəliyin inkişafı orqanizmin müstəqil olaraq öz hüceyrələrinə qarşı anticisimlər istehsal etməsindən sonra başlayır.
Radiasion mielit Mielitin bu forması, əsasən, udlağın, qırtlağın, qida borusunun bəd xassəli şişlərinin və həmçinin retroperitoneal limfatik düyünlərdə olan metastazların şüa terapiyası nəticəsində yaranır.
İdiopatik mielit Kəskin idiopatik köndələn mielit diaqnozu iltihaba səbəb olan amili tapmaq mümkün olmadığı halda qoyulur.
Bundan əlavə, mielit bəzi sistem xəstəliklərindən də qaynaqlana bilər. Daha çox mielitə dağınıq sklerozun (bu halda onu əsas xəstəliyin bir simptomu adlandırmaq daha düzgün olardı), bir sıra autoimmun xəstəliklərin və vaskulitlərin fonunda rast gəlmək olar. Mielit, həmçinin tez-tez bəd xassəli şişlərinin böyüməsinin erkən mərhələlərində baş verən paraneoplastik sindromun bir komponenti kimi inkişaf edir.
Mielitin patogenezi
İstənilən tətikverici amil – infeksiya, travma və s. onurğa beyninin ödeminə səbəb olur. Bunu, bütün patoloji prosesin işə düşməsinin başlanğıc nöqtəsi hesab etmək olar. Ödem toxumalarda qan dövranını pozur, damarların trombozu meydana gəlir. Bu isə, öz növbəsində şişkinliyi daha da artırır. Mielitin inkişaf mexanizmi, bir çox nevroloji xəstəliklər üçün xarakterik olan “qüsurlu dairə” üzrə gedir. Qan dövranının pozğunluğu (və ya bəzi nahiyələrdə onun tamamilə kəsilməsi) son nəticədə onurğa beyni toxumalarının yumşalmasına və nekrozuna səbəb olur.
Sağaldıqdan sonra nekrozun yeri birləşdirici toxuma ilə əvəz olunur – çapıq yaranır. Çapıq toxuması, sinir hüceyrələrinə xas olan funksiyaları yerinə yetirə bilmədiyi səbəbindən xəstəlik zamanı meydana gələn bir çox pozuntular bərpadan sonra da davam edə bilər. Patomorfoloji olaraq, onurğa beyni maddəsi, şişkin və boşalmış görünür; xarakterik “kəpənək” şəkli bir qədər silinmiş olur. Mikroskopiya zamanı qansızma sahələri, ödem, miyelinin parçalanması, infiltrasiya prosesi aşkar edilir.
Mielitin simptomları
Mielitin klinik şəkli tamamilə iltihabın lokalizasiyasından asılı olur. Zədələnmənin səviyyəsi onurğa beyninin seqmentləri və ya şöbələrinə (hər birində bir neçə seqment var) əsasən müəyyən edilir. Onurğa beyninin hansı şöbəsinin zədələnməsindən asılı olaraq, mielit boyun, döş və bel-oma növlərinə bölünür. Bir qayda olaraq, mielit onurğa beyin seqmentinin en kəsiyini tamamilə əhatə edərək bütün ötürücü sistemlərin işini pozur. Bu, o deməkdir ki, həm hərəki, həm də hissi sahələrin; həmçinin çanaq üzvlərinin funksiyalarının pozulması müşahidə edilir.
Mielitin simptomlarını təsvir edərkən, bunu onların meydana çıxma vaxtinı nəzərə almaqla etmək daha düzgün olardı. Xəstəliyin başlanma anından şiddətlənməsinə qədər, onun klinik təzahürləri əhəmiyyətli dərəcədə dəyişir. İnfeksion mielitin ilk əlamətləri tamamilə qeyri-spesifik olur və digər infeksion xəstəliklərdən az fərqlənirlər. Kəskin başlanğıc, bədən temperaturunun qəflətən 38-39 ° C-yə qədər yüksəlməsi, üşütmə, ümumi zəiflik kimi iltihab prosesinin bütün “standart” əlamətləri mielit zamanı qeyd olunur. Vaxt keçdikcə xəstəlik onun üçün xarakterik xüsusiyyətləri əldə etməyə başlayır. İlk nevroloji simptom, adətən bel ağrısı olur. Ağrılar çox intensiv ola bilər (bu fərdidir). Mielit zamanı ağrı hissiyyatı bir nahiyə ilə məhdudlaşmır və bədənin qonşu sahələrinə də yayılır. Onun irradiasiyası, onurğa beyninin kökcüyünün zədələnməsinin (radikulitin) bir əlamətidir. Ağrı kürəyə, aralıq, bud və s. nahiyələrə ötürülə bilər. Bütün bunlar zədələnmənin səviyyəsindən asılı olur. Sonra, 1-3 günün ərzində hərəki və çanaq üzvlərinin pozğunluqları da qeyd edilməyə başlayır, xəstəliyin əlamətləri inkişaf edərək maksimum dərəcəyədək çatır. Simptomlar vaxt keçdikcə daha aydın surətdə təzahür etməyə başlayır və bəzi hallarda simptomların belə bir “təkamülü” bir neçə saat və ya gün ərzində baş verə bilər.
Yuxarıda qeyd edildiyi kimi, mielitin kliniki şəkli iltihabi prosesinin səviyyəsindən asılı olaraq dəyişə bilir. Onurğa beyninin boyun şöbəsinin yuxarı seqmqentlərində yaranan mielit spastik tetraparez ilə xarakterizə olunur. Bu, mielitin ən təhlükəli formasıdır: həmişə diafraqma sinirinin zədələnmə ehtimalı mövcud olur. Bu isə öz növbəsində, tənəffüsün dayanması təhlükəsini daşıyır. İltihabın yuxarı-boyun seqmentlərindən uzunsov beyin strukturlarına qədər yayılması bulbar pozğunluqlarına səbəb ola bilər. Boyun qalınlaşması səviyyəsində olan mielit əllərin süst parezinin ayaqların spastik parezi ilə birgə rast gəlməsi şəklində təzahür edir. Boyun şöbəsinin aşağı seqmentləri yuxarı hissələrə nisbətən daha tez-tez zədələnirlər və onların iltihabı o qədər də təhlükəli deyildir. Bir sıra hallarda, mielitin bu forması davamlı hərəki pozğunluqlara səbəb ola bilər (bir qayda olaraq, xəstəliyin bu lokalizasiyası həyat üçün təhlükə daşımır).
Onurğa beyninin döş şöbəsi, onun ən çox mielitdən ziyan çəkən hissəsi hesab olunur. Bu şöbənin zədələnməsi aşağı ətrafların spastik iflicinin inkişafına səbəb olur. Onurğa beyninin döş şöbəsinin mieliti zamanı hiperrefleksiya, klonuslar, patoloji reflekslər, qarın reflekslerinin itməsi qeyd edlir. Çanaq üzvlərinin funksiyalaranın pozulması sidik ifrazının və defekasiyanın ləngiməsi ilə başlayaraq, sonradan sidiyi və nəcisi saxlaya biməməyə çevrilir.
Yadda saxlamaq lazımdır ki, sürətli inkişaf edən köndələn mielit zamanı əvvəlcə əzələlərin tonusunun aşağı enməsi müşahidə edilə bilər, bir müddət keçdikdən sonra isə hərəki pozuntular spastik iflic şəklini alır.
Onurğanın bel-oma şöbəsi də tez-tez mielitdən əziyyət çəkir. Bu şöbədə yaranan mielitin simptomatikasına aşağı ətrafların periferik parezi və sidiklə nəcisi saxlaya bilməmək kimi çanaq üzvlərinin funksiyalarının pozulması daxildir. Paralel olaraq, zədələnməyə məruz qalan sinirlərin innervasiya etdiyi əzələlər, normal tənzimləmə və qidalanmadan məhrum olduqları səbəbindən, tədricən atrofiyalaşırlar. Sürətlə, bəzən ilk günlər ərzində oma, böyük burmalar, bud və daban nahiyələrində yataq yaraları inkişaf edir.
Daha nadir hallarda iltihabi proses onurğa beyninin yalnız bir yarısını əhatə edərək Broun-Sekar sindromu şəklində təzahür edə bilir.
Mielitin yarımkəskin nekrozlaşan forması da təsvir edilmişdir. Bu forma üçün əvvəlcə onurğa beyninin bel-oma şöbəsinin zədələnməsi, sonradan isə patoloji prosesin yuxarıya doğru inkişaf edərək bulbar pozğunluqlara və ölümcül sonluğa gətirib çıxarması xarakterikdir.
Mielitin istənilən variantında hissiyyatın pozulması müşahidə edilir. Yeganə dəyişilməz bir qayda: hissiyyat pozğuluğu həmişə zədələnmiş nahiyədən aşağıda qeyd olunur. Hissiyyat pozğunluqları ağrı, temperatur, təmas və s. duyğuların zəifləməsi və paresteziyalar şəklində təzahür edir.
Diaqnoz
Ümumi infeksion simptomların fonunda onurğa beyninin köndələn zədələnməsinin sürətli inkişafı ilə birgə xəstəliyin kəskin başlanğıcı, subaraxnoidal boşluğun blokadasının olmadığı halda serebrospinal mayedə iltihablı dəyişikliklərin qeyd edilməsi diaqnozu kifayət qədər aydın edir. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə xəstənin aşağıda sadalanan müayinələrdən keçməsi lazımdır:
- Xəstəliyin şikayət və anamnezinin təhlili:
– hissi pozuntular nə vaxtdan yaranıb, əzələ zəifliyi, sidik və nəcis ifrazının pozulmaları;
– bu simptomların meydana çıxmasından əvvəl hər hansı bir hadisənin (yoluxucu xəstəlik, onurğanın zədələnməsi, görmə itiliyinin azalması və sonradan bərpa olması epizodu, zəhərlənmələr və s.) baş verib-verməməsi. - Nevroloji müayinə:
– hissiyyat pozuntularının sərhədlərinin müəyyən edilməsi: naqil tipli hissiyyatın müayinəsinə xüsusi diqqət yetirilməlidir;
– ətraflarda əzələ gücünün qiymətləndirilməsi;
– əzələ tonusunun qiymətləndirilməsi;
– çanaq üzvlərinin funksiyalarının pozulmasının aşkar edilməsi. - Qanın analizləri: iltihab əlamətləri ola bilər (EÇS-in, leykositlərin sayının, C-reaktiv zülalın və fibrinogenin miqdarının artması).
- Qanın yoluxucu xəstəliklərə qarşı anticisimlərə görə müayinəsi.
- Serebrospinal mayenin müayinəsi: likvorda iltihab əlamətləri, eləcə də öz toxumalarına qarşı anticisimlərin varlığı (autoimmun xəstəliklərində) aşkar edilə bilər. Serebrospinal mayedə zülalın miqdarının artması və pleositoz aşkar edilir. Hüceyrələr arasında polinuklearlara və limfositlərə də rast gəlinə bilər. Likvoro-dinamik sınaqlar zamanı blok aşkar edilmir.
- ENMQ (elektroneyromioqrafiya): bu üsulun köməyilə onurğa beyninin sinir impulslarını ötürmək qabiliyyəti qiymətləndirilə bilər, onun funksiyaları pozulması müəyyən edildikdə isə zədələnmənin səviyyəsini müəyyən etmək olar.
- Onurğa beyninin KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) müayinələri: onurğa beyninin quruluşunu təbəqələrlə öyrənməyə, iltihab ocağının ölçüsünü və yerini qiymətləndirməyə imkan verir.
- Neyrocərrahın müayinəsi də lazım ola bilər.
Differensial diaqnostika
Mielit diaqnozunu dəqiqləşdirərkən, onu əsasən aşağıda sadalananan xəstəliklərdən ayırd etmək lazım gəlir:
Epidurit Klinik gedişatına görə əksər hallarda mielitdən fərqlənməyən, lakin müalicəsi üçün təcili cərrahi müdaxilə tələb edən epidurit diaqnozunun təyin edilməsi çox vacibdir. Şübhəli hallarda eksplorativ laminektomiyaya müraciət etmək lazım gəlir. Epidurit olduqda spondiloqrafiya zamanı osteomielit əlamətləri aşkar edilə bilər. Epiduritin diaqnostikası zamanı orqanizmdə irinli ocaqların olmasını, kökcük ağrılarının yaranmasını və onurğa beyninin kompressiyasının artması sindromunu nəzərə almaq lazımdır.
Kəskin Giyen-Barre poliradikulonevriti mielitdən hissiyatın naqil tipli pozuntularının, spastik halların və çanaq üzvlərinin funksiyalarının pozulmasının olmaması ilə fərqlənir.
Onurğa beyni şişləri asta gedişi, dəqiq vaxt sərhədləri olan kökcük ağrıları mərhələsi, onurğa beyni mayesində zülal-hüceyrə dissosiasiyası və likvorodinamik sınaqlarda blokun olması ilə mielitdən fərqlənirlər.
Hematomieliya və hematoraxis qəflətən meydana gəlir və temperaturun yüksəlməsi ilə müşayiət olunmurlar. Hematomyelia zamanı, əsasən, boz maddə zədələnir; onurğa beyni qişaları altına qansızmalarda isə meningeal simptomlar meydana çıxır. Belə xəstələrin anamnezində çox vaxt travmaların olduğunu aşkar etmək mümkündür.
Onurğa beyni qan dövranının kəskin pozulmasını kəskin köndələn mielitdən fərqləndirmək tələb olunur. Bu patologiya, mielitdən fərqli olaraq, ümuminfeksiya əlamətləri ilə müşayiət olunmur. Bundan başqa, infarktların əksəriyyəti ön spinal arteriya hövzəsində baş verir, bu isə klinik şəkildə arxa sütunların infarktı ilə onurğa beyninin ön 2/3 hissəsinin zədələnməsi şəklində təzahür edir. KT və MRT müayinələrinin aparılması da bu məsələyə aydınlıq gətirməyə kömək edir.
Optikomielit zamanı miyelitin inkişafını görmə sinirinin nevriti müşayiət edərsə, diaqnoz çətinlik törətmir.
Dağınıq skleroz üçün yalnız ağ maddənin zədələnməsi, simptomların bir neçə gün və ya həftə ərzində tez və əhəmiyyətli dərəcədə reqressiyası, baş və onurğa beyninin səpələnmiş zədələnmə əlamətləri ilə xarakterizə olunur.
Xroniki meninqomielit daha asta bir inkişafı, temperatur artımının olmaması ilə xarakterizə olunur və çox vaxt sifilis mənşəli olur ki, bunu da seroloji reaksiyaların köməyi ilə təsdiqləmək olur.
Mielitin müalicəsi
Mielitin müalicəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə olunur:
- Nevrologiya şöbəsinə hospitalizasiya.
- Ciddi yataq rejimi.
- Antibakterial və antiviral terapiya. Bütün hallarda, geniş spektrli fəaliyyət göstərən antibiotiklər mümkün olan ən yüksək dozalarda təyin edilməlidir:
– Penisillin, sutkada 18-24 milyon T.V əzələyə və ya vena daxilinə;
– Amoksisillin, 500 mq dozasından, sutkada 2 dəfə daxilə;
– Levofloksasin (Tavanik) – 500 mq dozasında, sutkada 1 dəfə daxilə təyin edilir. - Bədən temperaturu yüksələn zaman ağrıkəsici və iltihab əleyhinə qeyri-steroid preparatlar:
– Parasetomol – 500 mq dozasında, sutkada 3 dəfə 1 tablet daxilə;
– Aspirin (Asetil-salisil turşusu) – 500 mq dozasında, sutkada 2 dəfə 1 tablet daxilə;
– İbuprofen – 200 mq dozasında, sutkada 3 dəfə 1 tablet daxilə qəbul edilir. - Hormonal iltihab əleyhinə preparatlar. Viral və allergik təbiətli, eləcə də mənşəyi bilinməyən mielitlərdə, böyük dozada qlükokortikoid hormonları təyin edilir. Hormonal terapiyanın müddəti xəstəliyin dinamikası ilə müəyyən edilir:
– Prednizolon – sutkada 100-120 mg-a qədər dozada təyin edilir. Bir neçə gündən sonra doza tədricən azaldılır.
– Deksametazon – ilk günlər sutkada 8-10 mq dozasında parenteral yolla təyin edilir, sonradan sutkada 2-4,5 mq-lıq dəstəkləyici dozaya keçilir;
– Triamsinolon – ilkin olaraq, sutkada 4-20 mq dozasında, 2-3 dəfəyə daxilə qəbul edilir. Yaxşılaşma qeyd edildikdən sonra preparatın dozası 2-3 gündən bir qəbul etmək şərtilə 2 mq-a endirilir. Sonradan 1mq dəstələyici dozaya keçməklə preparatın qəbulu tədricən kəsilir. - Sidik ifrazının ləngiməsi zamanı əvvəlcə antixolenesteraz preparatlardan (Qalantamin, Fizostiqmin və s.) istifadə edilir. Bu kömək etmədikdə, sidik kisəsinin kateterizasiyası və ya epitsistostomiyası (qasığın üzərindən dəridə kəsik aparmaqla sidik kisəsi daxilinə borunun yeridilməsi) vasitəsilə onun boşalması təmin edilir. Sidik kisəsi 2%-li Bor turşusu, Kalium permanqanat (0,1: 200), Gümüş nitrat (1: 2000) məhlulları ilə yuyulur. Sistit və ya piyelosistit yarandığı zaman, Levomisetin (0,5 q-dan, sutkada 4 dəfə), Biomisin (0,2 g-dan, sutkada 4-5 dəfə), çoxlu maye qəbulu təyin edilir.
Əzələ tonusunu (artım varsa) azaldan preparatlar:
– Melliktin – 20 mq dozasında, sutkada 2-3 dəfə 1 tablet daxilə;
– Midokalm – 50 mq dozasında, sutkada 3 dəfə 1 tablet daxilə təyin edilir. - MBT (Müalicəvi bədən tərbiyəsi). Mielitin və onun nəticələrinin müalicəsində MBT-nin böyük əhəmiyyəti vardır. Xəstə yataq rejimində olarkən idman hərəkətlərini yataqda, sonra isə idman zalında və ya palatada icra etməlidir.
- Mielitin müalicəsində perkussion və seqmentar massajın çox yaxşı effekti vardır.
Fizioterapevtik müalicə:
– İnduktotermiya;
– UYTC (Ultrayüksək tezlikli cərəyan);
– Dərman preparatlarının (Yod, Atropin, Pilokarpin, Dibazol, Maqnezium, Kalsium, Sink və s.) elektroforezi;
– UBŞ (Ultrabənövşəyi şüalanma);
– Müalicəvi (kükürdlü, karbonatlı, yodlu və s.) vannalar;
– Palçıq, ozokerit, parafin applikasiyaları.
Xəstəliyin ilk günlərindən yataq yaralarının qarşısını almaq üçün dəriyə diqqətlə qulluq etmək çox vacibdir. Döşək ağlarının təmizliyinə nəzarət etmək lazımdır. Bədənin çıxıntılı hissələrinin altına rezin kürə və ya pambıq-tənzif halqaları qoyulmalıdır. Gündə bir neçə dəfə dəri kamfora spirti ilə silinir, tez-tez xəstənin yataqdakı vəziyyəti dəyişdirilir. Yataq yaraları əmələ gəldikdə kvars şüalanması təyin olunur, onlar 5%-li Kalium permanganat məhlulu ilə işlənilir, üzərinə məlhəmli sarğılar (Vişnevski məlhəmi, Sulfadimezin və ya Sintomisin emulsiyası) qoyulur.
İflicin inkişafının ilk günlərindən kontrakturaların qarşısının alınması üçün ətrafların vəziyyətini nəzarətdə saxlamaq, qum torbalarının köməyilə ilə onların lazımi şəkildə yerləşdirilməsi çox vacibdir. Xəstəliyin ilk gününden etibarən kontrakturaların əmələ gəlməsinin qarşısını almaq üçün passiv MBT hərəkətlərinə başlamaq lazımdır. Xəstə ayaqları bud-çanaq və diz oynaqlarında bükülmüş, aşıq-baldır oynaqlarında isə açılmış vəziyyətində yatağa uzadılmalıdır ki, bu məqsədlə diyircəklərdən və xüsusi şinlərdən istifadə edilir. Kəskin dövr (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, 2-4 həftə) başa çatdıqdan sonra daha aktiv bərbaedici tədbirlərə keçmək lazımdır: massaj, passiv və aktiv MBT, akupunktur və fizioterapiya. B qrupu vitaminləri, Prozerin, Dibazol, Qalantamin, Lidaza, biostimulyatorların tətbiq edilməsi məsləhət görülür. Kəskin ifadə olunmuş spastiklik zamanı Seduksen, Elenium, Melliktin, Baklofen, Midokalm, Sirdalud istifadə olunur. Sonrakı mərhələdə sanator-kurort müalicəsi məsləhət görülür.
Hərəki funksiyaların bərpası üçün Prozerin, Dibazol, B qrupu vitaminləri (onların inyeksiya formaları daha məsləhətlidir) təyin edilir.
Mielitin profilaktikası və proqnozu
Mielitin prognozu, zədələnmə prosesinin səviyyəsindən və inkişaf dərəcəsindən asılı olur. Xəstəliyin gedişi kəskindir, proses bir neçə gün ərzində maksimum dərəcədə ifadə olunmuş səviyyəyə çatır və bir neçə həftə sabit şəkildə qalır. Bərpa olunma müddəti bir neçə aydan 1-2 ilədək davam edir. Daha tez hissiyyat, daha sonra isə çanaq üzvlərinin funksiyaları bərpa olmağa başlayır. Onlarla müqayisədə hərəki pozuntular daha ləng surətdə geriyə inkişaf edirlər. Bir çox halda ətrafların davamlı iflici və ya parezi saxlanmış olur. Tetraplegiya, həyati mərkəzlərin yaxınlığı, tənəffüs pozğunluqları səbəbinə görə boyun şöbəsinin mielitləri ən ağır gedişata və prognoza malikdir. Ağır zədələnmələr, çanaq üzvlərinin funksiyalarının zəif bərpa olunması, ikincili infeksiyaların (yataq yaraları, urosepsis və s.) prosesə qoşulması səbəbindən aşağı-döş və bel-oma lokalizasiyalı mielitlərin də prognozu da nikbin hesab olunmur.
Xəstəliyin xoş xassəli gedişi zamanı 2-3 ay ərzində sağalma baş verir, tam bərpa olunma müddəti isə 1-2 il çəkə bilər. Bərpa dövründə tövsiyə olunan tədbirlər: sanator-kurort müalicəsi (düzgün təyin olunduğu halda, bərpa müddətini əhəmiyyətli dərəcədə qısalda bilir), vitaminoterapiya, yataq yaralarının qarşısının alınması, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, antilxolinesteraz preparatlarının təyin olunmasıdır.
Mielitin yaranmasına səbəb olan amillərin sayı nəzərə alaraq, bu xəstəlik üçün xüsusi bir profilaktika metodu hələ ki, işlənib hazırlanmamışdır. Yoluxucu xəstəliklərə qarşı peyvəndlərin aparılması müəyyən dərəcədə mielitlərin qarşısını ala bilir. Mielitlərin qeyri-spesifik profilaktikası tədbirlərinə orqanizmdə xroniki infeksiya (məsələn, haymorit və ya karies) ocaqlarının vaxtında aradan qaldırılması da daxildir.