Haymorit — yuxarı çənə sinuslarının (Haymor boşluqlarının) iltihabi prosesidir. Xəstəlik burun tənəffüsünün çətinləşməsi, burun yollarından selikli-irinli ifrazatın axması, burun kökü və qanadlarında intensiv ağrılar, zədələnmiş tərəfdə yanaq və göz qapağının şişkinliyi, bədən temperaturunun yüksəlməsi ilə təzahür olunur. Müalicəyə vaxtında başlanıldıqda ağır fəsadların: otit, meningit, baş beynin absesi, göz yuvasının fleqmonası, osteomielit, ürək və böyrəklərin zədələnməsinin qarşısını almaq mümkündür.
Statistikaya görə, haymoritdən inkişaf etmiş ölkələrin təxminən hər onuncu sakini əziyyət çəkir. Özü də, bu problemə həm böyüklərdə, həm də 6 yaşdan yuxarı uşaqlarda rast gəlinir. 5 yaşdan aşağı uşaqlarda bu xəstəlik çox nadir hallarda müşahidə olunur. Bu sinusların (Haymor boşluqlarının) fizioloji cəhətdən inkişaf etməməsi ilə izah olunur.
Sinusların (Haymor boşluqlarının) quruluşu və əhəmiyyəti
Sinuslar burun boşluğu ətrafında yerləşir. Onlar burun keçəcəkləri ilə birləşir. Onlardan ən böyükləri — Haymor keçəcəkləri — yuxarı çənədə yerləşir. Onlardan bir az kiçik keçəcəklər — burun və alın sümüyünün hər iki tərəfində yerləşir. Yerdə qalan sinuslar (pazşəkilli, şəbəkəli özəklər) burun sümüklərinin arxasında yerləşir. Onlar sanki kəllənin içərisinə girir. Haymorit — məhz Haymor boşluqlarının iltihabıdır.
Sinuslar vacib funksiyaları yerinə yetirirlər:
- Onlar insanın aldığı havanı nəmləndirir və isidirlər. Bu kiçik tükcüklərlə örtülmüş xüsusi selikli qişanın hesabına təmin olunur. Onlar insan üçün havanı rahat edən xüsusi maye ifraz edirlər. İsitməyə gəldikdə, bu selikli qişanın qanla yaxşı təchiz olunması hesabına mümkün olur. Qanla yaxşı təchiz olunma sinusların daxilində sabit hava temperaturunun dəstəklənməsinə kömək edir.
- Səs tembrini müəyyən edirlər.
Haymoritin yaranma səbəbləri
Haymorit streptokokk, stafilokokk, xlamidiya, hemofil çöpü, mikoplazma, göbələk və viruslar tərəfindən törədilə bilər. Böyüklərdə haymorit adətən virus, Haemophilus influenzae və Streptococcus pneumoniae mənşəli olur. Uşaqlarda isə xəstəliyə əsasən xlamidiya və mikoplazma səbəb olur. Zəif orqanizmə və immun patologiyalarına malik olan xəstələrdə haymoritin törədicisi qismində sparofit mikroflora və göbələklər iştirak edir.
Haymorit — sinusların digər iltihabi zədələnmələri arasında ən geniş yayılmış xəstəlikdir.
Ona ekzo- və endogen amillər səbəb olur, o cümlədən:
- Yuxarı tənəffüs yollarının infeksiyaları.
- Allergik rinit (burun boşluğunun selikli qişası allergenin təsiri nəticəsində iltihablanır).
- Hipotermiya (orqanizmin həddindən artıq soyuğa məruz qalması).
- İmmunitetin zəifləməsi (məsələn, HİV fonunda).
- Burun boşluğunun quruluşunun anatomik xüsusiyyətləri, onun anadangəlmə/qazanılmış qüsurları (poliplərin olması, burun çəpərinin yerdəyişməsi, burun keçəcəklərinin anadangəlmə ensizliyi və s.).
- Bronxial astma (burun boşluğunda şişkinliyə səbəb olan elementlərin konsentrasiyası yüksəlir).
- Kariyes, dişlərin köklərində patoloji dəyişikliklər (xüsusəndə yuxarı kəsici (qabaq) dişlərin).
- Adenoidlər.
- Xroniki tonzillit/faringit.
Daha az hallarda haymorit aşağıdakılara səbəb olur:
- baş, burun zədələnmələri;
- burun keçəcəklərinə yaxın yerləşən xoşxassəli/bədxassəli yenitörəmələr;
- xoanaların (burun boşluğundan çıxan daxili təbii çıxıntıların) lazımınca inkişaf etməməsi;
- mukovissidoz (bu genetik xəstəlik zamanı tənəffüs yollarında çoxlu miqdarda qatı bəlğəm toplanır, kanalcıqlar tıxaclanır).
Bundan başqa, haymorit törədiciləri kimi xlamidiyalar, stafilokoklar, streptokoklar, göbələklər, mikoplazma, viruslar, hemofil basillər (çöplər) çıxış edə bilərlər.
Haymoritlə xəstələnmə hallarının piki payız və qış dövrlərinə təsadüf edir. Bu əlverişsiz hava şəraiti və orqanizmin təbii müdafiə qüvvələrinin azalması ilə izah olunur.
Haymoritin risk amilləri
Haymor cibinin normal ventilyasiyasını çətinləşdirən və onun daxilinə infeksiyanın keçməsinə şərait yaradan xəstəlik və vəziyyətlər aşağıdakılardır:
- KRVİ, istənilən etiologiyalı kəskin və xroniki rinitlər;
- uşaqlarda adenoidlər;
- xroniki tonzillit və faringit;
- kariesə uğrayan yuxarı azı dişlər, əng sümüyünün alveol çıxıntısında və ya dişlərdə aparılan cərrahi müdaxilələr;
- burun yollarının anadangəlmə darlığı;
- burun çəpərinin əyriliyi.
Fəsillə əlaqədar immunitetin zəifləməsi nəticəsində qış və payız aylarında haymoritin inkişaf ehtimalı yüksəlir.
Haymoritin inkişaf mexanizmi
Haymor cibi – üst çənədə yerləşən hava ilə dolu boşluqdur. Əng sümüyünün bu boşluğu yuxarıdan göz yuvası, aşağıdan – ağız boşluğu, daxili hissədən isə burun boşluğu ilə ümumi sümük divarına malikdir.
Haymor cibi digər burunətrafı ciblərlə (2 alın, 2 xəlbirəbənzər və 1 əsas) bərabər aşağıdakı funksiyaları yerinə yetirir:
- xarici atmosfer təzyiqinə nəzərən kəllə boşluqlarında təzyiqin bərabərləşməsində iştirak edir;
- nəfəslə alınan havanı isidir və təmizləyir;
- səsə fərdi xarakter verir
Bütün ciblər nazik dəlik vasitəsilə burun boşluğu ilə birləşirlər. Hər hansı bir səbəbdən bu dəliklər tutulduqda ciblərin ventilyasiya və təmizlənməsi pozulur. Boşluqda mikroblar toplanır, iltihab yaranır.
Haymoritin növləri
Haymorit kəskin və ya xroniki formada gedə bilər. Beynəlxalq tibbi statistikanın məlumatlarına əsasən inkişaf etmiş ölkələrdə əhalinin təxminən 10%-də kəskin haymorit və digər sinusitlər müşahidə edilir. 5 yaşa qədər uşaqlarda xəstəliyə demək olar ki, rast gəlinmir. Bu da onlarda burunətrafı ciblərin tam inkişaf etməməsi ilə bağlıdır.
İltihabi prosesin tipinə görə xəstəliyin kəskin forması aşağıdakı növlərə ayrılır:
- Kataral (adi zökəmi xatırladır, göz və yanaq nahiyəsində ağırlıq hissi ilə təzahür oluna bilər).
- İrinli (Haymor boşluqlarında irin yığılır, nəticədə ağrı olduqca güclənir).
Xroniki haymoriti aşağıdakı növlərə ayırırlar:
- Kataral (burun tutqunluğu formasında dövri ağırlaşmalarla təzahür olunur).
- İrinli (ağırlaşmalar zamanı burundan seliklə yanaşı irin də ifraz olunur).
- Kistoz (sinuslarda kistlərə çevrilən mayeli boşluqlar əmələ gəlir).
- Polipoz (Haymor boşluqlarında poliplər əmələ gəlir və böyüyür).
Həmçinin kəskin/xroniki haymorit aşağıdakı növlərə bölünür:
- birtərəfli (iltihabi proses yalnız bir tərəfin boşluğunda müşahidə olunur),
- ikitərəfli (iltihabi proses hər iki tərəfdəki boşluqlarda müşahidə olunur).
Haymor boşluqlarına infeksion agentin nüfuz etmə mənbəyi meyarına görə haymoriti aşağıdakı növlərə ayırırlar:
- Hematogen (infeksiya birbaşa sinus boşluğuna düşür).
- Rinogen (xəstəliyin səbəbi — vaxtında müalicə olunmamış zökəmdir).
- Travmatik (haymorit kəllə sümüyünün ciddi zədələnməsi nəticəsində yaranır).
- Odontogen (xəstəlik karioz dişlərə görə inkişaf edir).
Haymoritin təsnifatı
Haymorit kataral və ya irinli olur. Kataral formada haymor cibindən axan ifrazat aseptik xarakterli olur. İrinli haymoritdə isə axıntının tərkibində mikrofloraya rast gəlinir. İnfeksiyanın daxil olma yolundan asılı olaraq, haymorit hematogen (əsasən uşaqlarda), rinogen (adətən böyüklərdə), odontogen (mikrob haymor cibinə onun yaxınlığındakı azı dişlərindən keçir) və travmatik formalara bölünür.
Morfoloji dəyişikliklərin xüsusiyyətlərinə əsasən xroniki haymoritin aşağıdakı formaları ayırd edilir:
- eksudativ (kataral və irinli xroniki haymorit). İrinin yaranması ilə səciyyələnir.
- produktiv (irinli-polipoz, polipoz, nekrotik, atrofik, divaryanı-hiperplastik haymorit və s.). Haymor cibinin selikli qişasının dəyişilməsi (poliplər, atrofiya, hiperplaziya və s.) ilə xarakterizə olunur.
Xroniki haymorit zamanı selikli qişa vəzilərinin tutulması ilə əlaqədar əksər hallarda haymor cibinin həqiqi kistaları və kiçik ölçülü psevdokistalar əmələ gəlir.
Xroniki haymoritin polipoz və polipoz-irinli formaları geniş yayılmışdır. Az hallarda divaryanı-hiperplastik və kataral, nadirən isə kazeoz, xolesteatom, ozeoz və nekrotik formalara rast gəlinir.
Haymoritin əlamətləri
Kəskin haymoritin əlamətləri
Xəstəlik kəskin başlanğıca malikdir. Xəstənin bədən temperaturu 38-39˚С-yə qədər yüksəlir. Ümumi intoksiyasiyanın əlamətləri meydana çıxır. Bəzən titrətmə müşahidə olunur. Haymoritli xəstələri əng sümüyünün zədələnmiş boşluğu nahiyəsində, almacıq sümüyü, alın və burun kökündə ağrılar narahat edir. Palpasiya zamanı ağrı hissi daha da güclənir. Ağrı gicgaha və ya üzün müvafiq yarısına yayıla bilər. Bəzi pasiyentlərdə müxtəlif intensivlikli baş ağrıları yaranır.
İnfeksiya olan tərəfdə burun tənəffüsü pozulur. İkitərəfli haymoritdə burun tutulduğundan xəstə ağızla nəfəs almağa məcbur olur. Burun yollarından axan ifrazatlar başlanğıcda duru və seroz xarakterli, sonralar isə yaşılımtıl rəngdə, qatı və bulanıq olurlar.
Xroniki haymoritin əlamətləri
Xroniki haymorit kəskin prosesin davamı kimi inkişaf edir. Remissiya dövründə xəstənin ümumi vəziyyəti pozulmur. Kəskinləşmə mərhələsində ümumi intoksikasiyanın əlamətləri (halsızlıq, baş ağrıları, əzginlik) əmələ gəlir. Hərarət febril və ya subfebril həddə qədər qalxa bilər.
Xroniki haymoritin eksudativ forması üçün möhtəviyyatın miqdarının kəskinləşmə mərhələsində artması, pasiyentin vəziyyətinin yaxşılaşdığı dövrlərdə isə xeyli azalması xarakterikdir. Kataral haymoritdə axıntı xoşagəlməz iyli, duru və seroz olur.
Xəstəliyin irinli formasında ifrazatlar qatılaşır, sarı-yaşılımtıl rəng alır. Dartılan selikli axıntılar quruyaraq, burun boşluğunda qabıq əmələ gətirirlər.
Baş ağrıları bir qayda olaraq, yalnız xroniki haymoritin kəskinləşməsi və ya ifrazatın axınına maneə yarandıqda meydana çıxır. Xəstələr dartıcı baş ağrılarının çox vaxt «gözlərin arxasında» lokalizasiya olunduqlarını qeyd edirlər. Gözaltı nahiyəyə təzyiq etdikdə və ya göz qapaqlarını yuxarı qaldırdıqda baş ağrıları güclənir. Uzandıqda və yuxuya getdikdə ağrı zəifləyir. Bu da horizontal vəziyyətdə irin axınının bərpa olunması ilə bağlıdır.
Bir çox xəstələr gecə saatlarında yaranan və adi müalicəyə tabe olmayan öskürəkdən şikayət edirlər. Öskürəyə haymor cibindən udlağın arxa divarı ilə axan irin səbəb olur.
Xroniki haymoritli pasiyentlərdə əksər hallarda burun boşluğu dəhlizində dəri zədələnmələrinə (çatlar, şişkinlik, maserasiya) rast gəlinir. Xəstələrdə konyunktivit və keratit aşkarlana bilər.
Haymoritin diaqnostikası
Düzgün diaqnozu qoymaq üçün otolarinqoloq pasiyenti sorğu-sual edir. Xəstədə burun tutulmasınınnə qədər vaxt davam etdiyini, burun keçəcəklərindən ifraz olunan bəlğəmin xarakteristikalarını, baş ağrılarının olub olmadığını, başı qabağa əydikdə baş ağrısının güclənib güclənmədiyini, səsin dəyişib dəyişmədiyini, bədən temperaturunun yüksəlib yüksəlmədiyini, stomatoloqun yanında ağız boşluğunun sanasiyasının sonuncu dəfə nə vaxt keçirildiyini dəqiqləşdirir.
Daha sonra xəstənin müayinəsi aparılır və onun aparılması zamanı həkim yanaq nahiyələrində şişkinliyin olub olmadığını, Haymor boşluqlarını sıxdıqda xoşagəlməz hisslərin yaranıb yaranmadığını, ağrının göz yuvalarına vurub vurmadığını müəyyən edir.
Rinoskopiya — haymoritin diaqnostikasının növbəti mərhələsidir. Rinoskopun köməyi ilə LOR-həkim iltihabi prosesin simptomlarını (şişkinlik, irinləmə və s.) müəyyən etmək məqsədi ilə burun boşluğunu diqqətlə nəzərdən keçirir. İlkin diaqnozu təsdiqləmək üçün pasiyentə rentgenoloji diaqnostikaya (USM ilə əvəzlənə bilər) göndəriş verilir. Rentgen Haymor boşluqlarında toplanmış mayenin səviyyəsini müəyyən etməyə, xəstəliyin kataral formasını onun irinli formasından ayırmağa imkan verir.
Şübhələr yarandıqda, Haymor boşluqlarının punksiyası yerinə yetirilir. Onun yerinə yetirilməsi zamanı, yerli anesteziya altında burunda yuxarı çənə boşluğunun divarı deşilir. Daha sonra, şprisin köməyi ilə onun tərkibindən nümunə götürülür. İrin çıxarıldığı təqdirdə, sinus yuyulur və onun içinə iltihab əleyhinə dərman preparatları vurulur.
Haymoritin müalicəsi
Kəskin forma
Selikli qişanın ödemini azaltmaq və cibin normal ventilyasiyasını bərpa etmək üçün 5 gündən çox olmamaqla yerli təsirli damardaraldıcı preparatlardan (nafazolin, ksilometazolin hidroxlorid) istifadə edilir. Hipetermiya hallarında qızdırmasalıcı preparatlar, ifadəli intoksikasiya zamanı antibiotiklər təyin edilir. Yan təsirlərin qarşısını almaq, iltihab ocağında preparatın yüksək konsentrasiyada toplanmasını təmin etmək məqsədilə yerli istifadə üçün nəzərdə tutulan antibiotiklər tətbiq oluna bilər. Temperatur norma səviyyəsinə endikdən sonra fizioterapiya (sollüks, UYT) məsləhət görülür.
Xroniki haymorit
Davamlı nəticə əldə etmək üçün haymor cibində iltihab törədən səbəblər (adenoidlər, LOR orqanlarının xroniki xəstəlikləri, burun çəpərinin əyilməsi, xəstə dişlər və s.) aradan qaldırılmalıdır. Kəskinləşmə dövründə qısa kurslarla yerli damardaraldıcı vasitələr təyin edilir.
Haymor cibi drenajlanır. Boşluq Proets metodu və ya sinus-evakuasiya üsulu ilə yuyulur. Bu məqsədlə dezinfeksiyaedici məhlullardan (furasilin, kalium-permanqanat) istifadə edilir. Boşluğa proteolitik fermentlər və antibiotik məhlulları yeridilir. Fizioterapevtik üsullar (inhalyasiya, diatermiya, hidrokortizonla ultrafonoforez, UYT) tətbiq edilir. Haymoritli xəstələrdə speleoterapiya müsbət nəticə verir.
Xroniki haymoritin irinli-polipoz, polipoz, kazeoz, xolesteatom və nekrotik formalarında cərrahi müalicə – haymorotomiya göstəriş (haymor cibinin yarılması) sayılır.
Haymoritin operativ müalicəsi
Əgər Haymor boşluqlarında irin yığılmışdırsa, punksiya həyata keçirilir. Prosedur əvvəlcədən ağrıkəsici preparat vurulmaqla, stasionar şəraitdə yerinə yetirilir. Deşiyi burun keçəcəyinin aşağı kənarından açırlar. Onun vasitəsi ilə irin sorulub çıxarılır, sonra isə təmizlənmiş boşluq antibakterial və antiseptik məhlullarla yuyulur. Burun keçəcəyini təkrarən zədələməmək üçün, həkim açılmış dəliyə kateter yerləşdirə bilər ki, növbəti prosedurlar (adətən 5-7 prosedur tələb olunur) onun vasitəsi ilə həyata keçirilsin.
Haymoritin təhlükəsi
Haymorit aşağıdakı problemlərə gətirib çıxara bilər:
- üzün yumşaq toxumalarının iltihablanması;
- bronxit, otit, pnevmoniya;
- meningit, kəllə sümüklərinin irinli iltihabı;
- ensefalit, baş beynin abssessi;
- göz almalarının, göz qişalarının iltihabi zədələnməsi, görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya tam itirilməsi;
- üçlü sinirin iltihabı;
- sepsis;
- xroniki faringit/laringit;
- dakriosistit;
- xroniki rinit.
Haymoritin profilaktikası
Haymoritin qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:
- zökəmi ağılla müalicə etmək;
- ağız boşluğunu sanasiya etmək;
- burun çəpərlərində əyrilikləri aradan qaldırmaq;
- özünü çox soyuğa verməmək;
- bədəni bərkitmək, düzgün qidalanmaq;
- allergik reaksiyaları müalicə etmək;
- ilin soyuq vaxtlarında vitamin-mineral komplekslər qəbul etmək.