Uşaqlarda bronxit – bronxial ağacın selikli qişasının müxtəlif etiologiyalı iltihabıdır. İl ərzində hər 1000 uşaqdan 100-200 nəfərdə bronxit aşkarlanır. Kəskin bronxit az yaşlı uşaqlarda tənəffüs sistemi xəstəliklərinin 50%-ni təşkil edir. Bronxit daha çox 3 yaşa qədər uşaqlarda inkişaf edir; südəmər körpələrdə isə daha ağır gedişə malik olur.
Uşaqlarda bronxitin yaranma səbəbləri
Uşaqlarda bronxit adətən virus xəstəlikləri – qrip, paraqrip, rinovirus, adenovirus, respirator-sinsitial infeksiyalardan sonra yaranır. Daha az hallarda bronxitə bakterial törədicilər (streptokokk, pnevmokokk, hemofil çöpləri, moraksella, göy-yaşıl irin və bağırsaq çöpləri, klebsiella), aspergilla və kandida cinsindən olan göbələklər, hüceyrədaxili infeksiya (xlamidiya, mikoplazma, sitomeqalovirus) səbəb olur. Uşaqlarda bronxit çox zaman qızılca, difteriya, gör öskürəyin gedişini müşayiət edir.
Allergik etiologiyalı bronxitə hava ilə bronxial ağaca daxil olan inhalyasion allergenlər: məişət kimyası, bitkilərin tozcuqları, tozla sensibilizə olunmuş uşaqlarda rast gəlinir. Bir sıra hallarda bronxit bronxların selikli qişasının kimyəvi və ya fiziki amillər: çirklənmiş hava, siqaret tüstüsü, benzin buxarları və s. ilə qıcıqlanması nəticəsində meydana çıxır.
Ağırlaşmış perinatal fon (doğuş travmaları, vaxtından əvvəl doğulma, hipotrofiya və s.), konstitusiyanın anomaliyaları (limfatik-hipoplastik və eksudativ-kataral diatez), tənəffüs orqanlarının anadangəlmə qüsurları, tez-tez təkrarlanan respirator xəstəliklər (rinit, laringit, faringit, traxeit), burun tənəffüsünün pozulması (adenoid, burun çəpərinin əyriliyi), xroniki irinli infeksiyalar (sinusit, xroniki tonzillit) bronxitə meyllik yaradır.
İlin soyuq ayları (payız-qış fəsli), KRVİ və qripin yayılması, uşaqların bağça və məktəblərdə olması, əlverişsiz sosial-məişət şəraiti xəstəliyin yaranma ehtimalını yüksəldir.
Uşaqlarda bronxitin patogenezi
Uşaqlarda bronxitin inkişafı tənəffüs yollarının anatomo-fizioloji xüsusiyyətəri: selikli qişanın zəngin vaskulyarizasiyası, selikaltı strukturların kövşəkliyi ilə bağlıdır. Bu xüsusiyyətlər eksudativ-proliferativ reaksiyanın yuxarı tənəffüs yollarından respirator traktın dərin qatlarına yayılmasına səbəb olur.
Virus və bakterial toksinlər kirpikli epitelin hərəki aktivliyini zəiflədir. Selikli qişanın infiltrasiya və ödemi, o cümlədən yapışqanlı seliyin hipersekresiyası ilə əlaqədar kirpiklərin «səyriməsi» daha da azalır – bronxların öz-özünü təmizləmə mexanizmi dayanır. Nəticədə bronxların drenaj funksiyasının kəskin şəkildə zəifləyir və respirator traktın aşağı şöbələrindən bəlğəmin çıxarılması çətinləşir. Bu fonda infeksiyanın çoxalması və yayılması, daha kiçik kalibrli bronxların sekretlə obturasiyası üçün əlverişli şərait yaranır.
Beləliklə, uşaqlarda bronxitin özəlliklərinə bronxial divarın dərin zədələnməsi, iltihabi reaksiyanın ifadəliliyi aiddir.
Uşaqlarda bronxitin təsnifatı
Mənşəyinə görə bronxitlər 2 formaya bölünür: birinci və ikinci. Birincili bronxit əvvəlcədən bronxlarda yaranır və yalnız bronxial ağacı zədələyir. İkincili bronxit isə respirator traktın digər patologiyasının davamı və ya fəsadı sayılır.
Uşaqlarda bronxitin gedişu kəskin, xroniki və residivləşən olur. İltihabın əhatə etdiyi sahədən asılı olaraq, məhdud (bronxların iltihabı ağciyərin bir seqmenti və ya payından kənara çıxmır), yayılmış (2 və daha artıq payların iltihabı) və diffuz (bronxların ikitərəfli iltihabı) bronxitlər ayırd edilir.
İltihab reaksiyasının xarakterinə əsasən bronxit kataral, irinli, fibrinoz, hemorragik, xoralı, nekrotik və qarışıq xarakter daşıya bilər. Uşaqlarda əsasən kataral, kataral-irinli və irinli bronxitlərə rast gəlinir. Tənəffüs yollarının zədələnmələri arasında bronxiolit (o cümlədən obliterasiyaedici) – bronxial ağacın terminal şöbələrinin ikitərəfli iltihabı xüsusi yer tutur.
Etiologiyasına görə virus, bakterial, virus-bakterial, göbələk, irritasion və allergik bronxitlər qeydə alınır. Obstruktiv komponentin olmasından asılı bronxitlər obstruktiv və qeyri-obstruktiv formalara ayrılır.
Uşaqlarda bronxitin əlamətləri
Adətən kəskin bronxitdən əvvəl virus infeksiyasının əlamətləri: boğazda ağrı, səsin xırıltılı olması, zökəm, konyunktivit müşahidə edilir. Tez bir zamanda üzücü xarakterli öskürək yaranır. Başlanğıcda öskürək quru, 5-7 gündən sonra yumşaq və bəlğəmli (selikli və ya selikli-irinli) olur. Uşaqlarda kəskin bronxit zamanı bədən hərarəti 38—38,5°С-yə qədər yüksəlir. Etiologiyadan asılı olaraq, qızdırma 2-10 gün davam edir. Bundan əlavə tərləmə, halsızlıq, öskürək zamanı döş qəfəsində ağrı, az yaşlı uşaqlarda – təngnəfəslik meydana çıxır. Kəskin bronxitin gedişi əksər hallarda qənaətbəxş olur; xəstəlik orta hesabla 10-14 günə sağalma ilə nəticələnir. Bir sıra uşaqlarda kəskin bronxit bronxopnevmoniya ilə ağırlaşa bilər. Residivləşən bronxit zamanı kəskinləşmələr il ərzində 3-4 dəfə müşahidə edilir.
Kəskin bronxiolit əsasən həyatın ilk ilində inkişaf edir. Bronxiolitin gedişi qızdırma, uşağın ümumi vəziyyətinin ağırlığı, intoksikasiya, intoksikasiya, tənəffüs çatışmazlığının ifadəli əlamətləri (taxiopnoe, ekspirator təngnəfəslik, burun-dodaq üçbucağının sianozu, akrosianoz) ilə xarakterizə olunur. Bronxiolit apnoe və asfiksiya ilə fəsadlaşa bilər.
Obstruktiv bronxit adətən 2-3 yaşlarda manifestasiya edir. Xəstəliyin aparıcı əlaməti bronxial obstruksiyadır, bu da tutmaşəkilli öskürək, küylü fitverici tənəffüs, nəfəsvermənin uzanması, distansion xışıltılarla özünü büruzə verir. Bədən hərarəti normal və ya subfebril olur. Uşaqların ümumi vəziyyəti kafi sayılır. Bronxiolitlə müqayisədə taxipnoe, təngnəfəslik, köməkçi əzələlərin tənəffüsdə iştirakı zəif ifadə olunur. Uşaqlarda ağır obstruktiv bronxiolit tənəffüs çatışmazlığına və kəskin ağciyər ürəyinin inkişafına səbəb ola bilər.
Allergik bronxit adətən reidivləşən gedişə malik olur. Kəskinləşmə dövrlərində tərləmə, halsızlıq, selikli bəlğəmin ayrılması ilə müşayiət olunan öskürək qeydə alınır. Bədən hərarəti norma səviyyəsində qalır. Uşaqlarda allergik bronxit əksər hallarda allergik komyunktivit, rinit, atopik dermatitlə birgə rast gəlinir. Patologiya astmatik bronxit və ya bronxial astmaya keçə bilər.
Xroniki bronxit iltihabi prosesin ildə 2-3 dəfə kəskinləşməsi ilə səciyyələnir. Kəskinləşmə dövrləri ardıcıl şəkildə ən azı 2 il ərzində müşahidə edilir. Öskürək uşaqlarda xroniki bronxitin daimi əlaməti hesab olunur: remissiya dövründə quru, kəskinləşmə vaxtı isə yaş olur. Bəlğəm çətinliklə və az miqdarda xaric edilir; selikli-irinli və ya irinli xarakterli olur. Müvəqqəti subfebril hərarət qeydə alınır. Bronxlarda irinli-iltihabi proses deformasiyaedici bronxit və bronxoektazların inkişafı ilə müşayiət oluna bilər.
Uşaqlarda bronxitin diaqnostikası
Uşaqlarda bronxitin ilkin diaqnostikası pediatr tərəfindən aparılır. Xəstəlik aşkar olunduqda uşaq pulmonoloqu və allerqoloq-immunoloq tərəfindən təsdiqlənir. Bronxitin forması klinik əlamətlər (öskürək və bəlğəmin xarakteri, kəskinləşmələrin tezliyi və davametmə müddəti, gediş xüsusiyyətləti və s.), auskultativ məlumatlar, laborator və instrumental müayinələrin nəticələrinə əsasən təyin edilir.
Uşaqlarda bronxitin auskultativ şəkli dağınıq quru (bronxların obstruksiyası zamanı-fitverici) və müxtəlif kaliberli yaş xırıltılarla xarakterizə olunur.
İltihabi prosesin ən kəskin anında qanın ümumi analizində neytrofil leykositoz, limfositoz, EÇS-nin yüksəlməsi aşkarlanır. Uşaqlarda yaranan allergik bronxit üçün eozinofiliya səciyyəvidir. Bronxiolit zamanı hipoksemiya dərəcəsini təyin etmək məqsədilə qanın qaz tərkibi yoxlanılır. Bronxitin diaqnostikasında bəlğəmin analizi: mikroskopik müayinə, bəlğəmin bakterioloji əkilməsi, turşuya davamlı mikobakteriyaların təyini, PZR-analiz xüsusi əhəmiyyət kəsb edir. Uşağın bronxial sekreti sərbəst şəkildə xaric edə bilmədiyi hallarda bronxospiya ilə bəlğəmin yığılması həyata keçirilir.
Uşaqlarda bronxit zamanı ağcıyərlərin rentgenoqrafiyasında ağciyər şəklinin güclənməsi (xüsusən kökətrafı sahələrdə) müşahidə edilir. Xarici tənəffüs funksiyasını yerinə yetirərkən mülayim obstruktiv dəyişikliklər fiksə oluna bilər. Xroniki bronxitin kəskinləşmə dövründə yayılmış kataral və ya kataral-irinli endobronxitin əlamətləri aşkar edilir. Bronxoektatiziya xəstəliyini inkar etmək üçün bronxoqrafiya aparılır.
Uşaqlarda bronxit pnevmoniya, bronxların yad cisimləri, bronxial astma, qidanın xroniki aspirasiyası, vərəmlə infeksiyalaşma, mukovissidozla differensiasiya edilməlidir.
Uşaqlarda bronxitin müalicəsi
Bronxitin kəskin dövründə yataq rejimi, sakitlik, bol maye qəbulu, vitaminlərlə zəngin qidalar göstəriş sayılır. Spesifik terapiya xəstəliyin etiologiyası nəzərə alınmaqla təyin olunur. Müalicə virus əleyhinə preparatlar (umifenovir-hidroxlorid, rimantidin və s.), antibiotiklər (penisillin, sefalosporin, makrolid), göbələk əleyhinə vasitələrlə aparılır. Uşaqlarda bronxitin müalicəsinin vacib komponenti mukolitik və bəlğəmgətirici preparatlardır. Onlar bəlğəmi parçalayaraq, bronxların səyrici epitelinin aktivliyini stimulə edir (ambroksol, bromgeksin, mukaltin və s.). Quru və yorucu öskürək zamanı öskürək əleyhinə preparatlar (okseladin, prenoksdiazin); bronxobstruksiya hallarında aerozol formasında bronxolitiklər təyin edilir. Allergik bronxitli uşaqlarda antihistamin vasitələr göstəriş sayılır; bronxiolit zamanı bronxodilatorlar və kortikosteroidlərlə inhalsasiya aparılır.
Bronxitin fizioterapevtik müalicəsi
Uşaqlarda bronxitin müalicəsində fizioterapevtik üsullar: dərman, yağ və qələvi inhalyasiyaları, nebulayzer terapiyası, UBŞ, UYT və döş qəfəsinin elektrofarezi, mikrodalğalı terapiya və s. prosedurlar tətbiq edilir. Yayındırıcı terapiya qismində xardal və bankaların qoyulması müsbət nəticə verir. Bəlğəmin xaric edilməsi çətinləşdikdə döş qəfəsinin masajı, vibrasion masaj, postural drenaj, sanasion bronxoskopiya, MBT təyin edilir.
Fizioprosedurlar istər uşaqlarda, istərsə də böyüklərdə reparasiya prosesini sürətləndirir. Bronxitlər zamanı fizioprosedurlar tənəffüs yollarının selikli qişasını bərpa etməyə və funksiyasını normallaşdırmağa köməklik göstərir, orqanizmin immun sistemini gücləndirir. Bu prosedurlar nəinki yenidən yoluxma hallarının, həm də neqativ faktorların təsir riskini azaltmağa, ağırlaşmaların qarşısını almağa yardım edir.
Xroniki bronxit ağçıyərlərin qeyri- spesifik xəstəliklərı sırasına aid edilir. Xroniki bronxitdə fizioterapiya həm kəskin, həm də remissiya fazasında profilaktik məqsədlə istifadə edilir.
Bronxitlər zamanı aşağıdakı fizioterapevtik metodlardan geniş istifadə edilir.
- İnqalyasiya
- Lazer terapiya
- Massaj
- Elektroforez
- Amplipuls
- UVÇ
- Mikrodalğa
- Qısa dalğa diametriyası
Fizioprosedurların yalnız kompleks tətbiqi qısa müddətə xəstəliklə mübarizədə yüksək effekt verir. Belə ki xroniki bronxit bronxlarda yaranmış diffuz qeyri-allergik iltihabi proses nəticəsində proqressivləşən tənəffüs prosesi pozğunluğuna səbəb ola bilər.
Elektrofarez
Bu prosedurun mahiyyəti bronxların drenaj funksiyasını yaxşılaşdırmaq, bəlğəmin qatılığını azaltmaq, ayrılmasını sürətləndirmək, tənəffüs yollarını genişləndirmək məqsədi daşıyır. Bronxitlərin müalicəsində kalsixlor, Yod, askorbin turşusu, allergiyaəleyhinə preparatlar, maqnezium, miramistin, heparin və s. preparatlarla elektrofarez tətbiq edilir. Dərman maddəsini seçərkən öskürəyin xarakteri və bəlğəmin konsistensiyasına xüsusi diqqət edilməlidir. Belə ki, quru öskürəklə müşayət edən bronxitlər zamanı kalsixlorid, yaş öskürəklə isə kalsiyodit məhlulunu tətbiq etmək lazımdır. Lakin tibbdə universal və effektiv metod kalsixlorla elektrofarezin tətbiqidir ki, bununla həmçinin orqanizmdə kalsi deposunun yaranmasına nail olunur.
Prosedur ağrısızdır, elektrodlar köndələn yerləşdirilməlidir ( dərman preparatı ötürülən aktiv elektrod- döş qəfəsinin orta nahiyyəsinə, indefferensial elektrod onurğanın yanı boyu, kürək sümüyünün aşağısına yerləşdirilməlidir. Elektrodlar 10×15 mm ölçüdə olmalı, 5 mA elektrik gücündə 10-15 dəq gündə bir dəfə səhər vaxtı (12yə kimi), 5-10 gün müddətində aparılmalıdır. Kəskin öskürəklə müşahidə edilənn bronxitlər zamanı elektrofarezdə 0.1-1 %li dionin (anodda +), desensibilizasiya edici vəsitə olaraq 2%li CaCl2 məhlulundan istifadə edilir (anodda +).
Aşağı tezlikli lazer terapiya.
ATLT- son dövrlərdə broxitlərin müalicəsi və profilaktikasında geniş tətbiq edilir. Lazer şüalarının vasitəsilə bronxlardakı iltihab və ödemin azalmasına, immun sistemin stimullaşmasına nail olmaq mümkündür. ATLT- 0.8-0.9 mkm uzunluqlu dalğa ilə həyata keçirilir, döş qəfəsinin orta 1/3 hissəsi, onurğanın hər iki yanı boyu şüalandırılmalıdır. Prosedur hər gün hər nahiyyəyə 5 dəqiqədən başlamaqla 20 dəqiqəyə qədər artırmaq şərti ilə, gündə 1 dəfə 7-10 gün aparılmalıdır.
Ultrabənövşəyi şüalanma.
UBŞ immunostimullaşdırıcı və bakteriyasid effektə malikdir. Bu metod virus və bacterial mənşəli respirator xəstəliklər zamanı döş qəfəsinə çox effektiv təsir göstərir. Şüalanma xəstəliyin başlandığı gündən tətbiq edilməklə boyun, döş qəfəsi və kürək sümüyü altı nahiyyəni əhatə edir. Xroniki bronxitlərdə 10-12 prosedur təyin edilməlidir.
İnqalyasiya
Yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir. İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.
İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.
Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir.
Bronxitlərə inqalyasiya məqsədi ilə:
– hidrokarbonat və ya bikarbonat natri – 2 ml və distilə edilmiş su- 100 ml
– hidrokarbonat və ya bikarbonat natri – 1 ml; NaCL – 1 ml və distilə edilmiş su- 100 ml
İnqalyasiya 10 dəqiqə gündə 2-3 dəfə təyin edilir, müalicə kursu 7-10 gün təşkil edir.
Qatı və çətin ayrılan bəlğəmlı öskürəklə müşayət edən bronxitlər zamanı 0.1%-li Kali Yod məhlulu və ya fermentativ preparatlardan- ximopsin (0.025 qr maddə 5 ml 1 %-li natrium hidrokarbonat məhlulunda həll edilir, inqalyasiya məqsədi ilə gündə 1-2 dəfə tətbiq edilir) və tripsin (0.005-0.01 qr maddə 1 %-li natrium hidrokarbonat məhlulunda həll edilir, inqalyasiya məqsədi ilə gündə 1-2 dəfə) tətbiq edilir.
İrinli-iltihabi bəlğəmlə müşayət edilən bronxitlər zamanı pankreatin (0.5 qr preparatı 5 ml 1 %li natrium bikarbonat məhlulunda həll etmək) və pankreatik dezoksiribonukleaza (6 mq preparat 3 ml NaCL izotonik məhlulunda həll edilməlidir) istifadə edilir. Prepatarın təsir mexanizmini sürətləndirmək məqsədi ilə 0.036 %li Maqni Sulfat məhsulunda həll etmək lazımdır.
UVÇ terapiya
Bronxitlər zamanı UVÇ terapiya iltihabın azalması, tənəffüs yollarında spazmın aradan qaldırılması, orqanizmin özünü müdafiyə gücünü stimulyasiya etmək mqsədi ilə aparılır. Bu fizioterapevtik metod bakterial və virus mənşəli bronxitlərə tətbiq edilir. Onu da qeyd etmək lazımdır ki,törədicilərinin fərqli olmasına rəğmən bu metod pnevmoniyalarda da geniş istifadə edilir.
Bronxitli pasientlərə fizioterapiya əsas müalicə deyil, köməkçi vasitə hesab edilir. Müalicə ilə yanaşı tətbiq edilən fizioterapevtik metodlar sağalma müddətini sürətləndirir, yan təsirlərin və ağırlaşmaların qarşısını almış olur.
Uşaqlarda bronxitin profilaktikası
Uşaqlarda bronxitin profilaktikası virus infeksiyalarının qarşısının alınması, virusəleyhinə preparatların qabaqcadan istifadəsi, allergen amillərin kənarlaşdırılması, soyuqdəymədən qorunma, bədənin möhkəmləndirilməsindən ibarətdir. Qrip və pnevmokokk infeksiyası əleyhinə profilaktik vaksinasiya mühüm rol oynayır.
Residivləşən və xroniki bronxitli uşaqlar 2 il müddətində kəskinləşmə hallarının kəsilməsinə qədər pediatr və uşaq pulmonoloqunun müşahidəsi altında olmalı, onlarda payız-qış fəslində residiv əleyhinə müalicə aparılmalıdır. Allergik bronxitli xəstələrdə vaksinoprofilaktika əks-göstəriş sayılır; digər formalarda isə uşaq sağaldıqdan 1 ay sonra aparılmasına icazə verilir.