Podaqra oynaqların xroniki iltihabi, sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəliyidir. Podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz “duzlar” adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir. Daha tez-tez hallarda bu xəstəlik artıq çəkisi və mübadilə proseslərin pozulmaları olan kişilərdə 40 yaşından sonra inkişaf edir. Qadınlarda isə podaqra menopauzadan sonra (50-55 yaşlarında) inkişaf edə bilər.
Podaqra istənilən oynaqları zədələyə bilər – barmaqların, əllərin, dirsəklərin, dizlərin, pəncələrin. Əksər hallarda podaqra ayaq barmaqlarında (xüsusilə baş barmaqlarda) inkişaf edir. Hipertoniya, şəkərli diabet kimi xəstəliklər, düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, irsiyyət bu xəstəliyin risk faktorları sayılır.
Podaqranın səbəbləri
Podaqraya səbəb ola bilən faktorlar sidikturşulu duzların qanda çox miqdarda olmasıdır. Xəstəlik dövründə sidikturşulu duzlar (urat kristalları) strukturu zəif və zədəli olan oynaqlarda yığılmağa başlayır. Sidikturşulu duzların yığılması nəticəsində oynaqların struktur tamlığı pozulur.
Sidikturşulu duzların qanda yubanması və yaxud çox olması bir qayda olaraq böyrəklərin funksional pozğunluğu ilə bağlı olur. Böyrəklər həmin duzları xaric etmə gücünə malik olmadığı üçün və yaxud purin maddələrin qida ilə orqanizmə çox miqdarda daxil olmasından irəli gəlir.
Bir tərəfdən böyrək xəstəlikləri, digər tərəfdən purin maddələrinin orqanizmə çox miqdarda daxil olması xəstəliyin kəskinləşməsinə, duzların oynaqlarda toplanmasına şərait yaratmış olur. Purin maddələri yağlı ət və məhsullarında, yağlı balıq ətində çox olur. Müşahidələr göstərir ki, ət məhsulları az qəbul edən insanlarda podaqra xəstəliyinə də çox az rast gəlinir.
Podaqranın əlamətləri
Oynaqlarda ağrıların vaxtaşırı peyda olması əsas verir ki, ağrıyan oynaq və ya oynaqlar müayinə olunsun. Podaqra ağrıları adətən daha çox gecə və yaxud səhər saatlarında intensivləşir. Zədələnmiş oynaq şişir, nahiyədə temperatur qalxır, dəri qızarır və parıltılıq əmələ gəlir. Adətən gündüzlər ağrıların intensivliyi azalır, gecələr intensivləşir. Podaqra ağrıları vaxtaşırı kəskinləşir, 2-3 gün, bəzi hallarda 6-8 gün fasiləsiz davam edir. Nadir hallarda intensiv ağrılar 2-3 həftəyə qədər uzanır.
Oynaqlarda, duz kristalları yığıldığına görə hərəkət məhdudlaşdırılması müşahidə edilir. Bundan başqa forma qüsurları, oytnaq ətrafında çıxıntılar əmələ gəlir. Elmi dildə buna tofs deyilir, bunlar da forma qüsuruna səbəb olur. Podaqralı xəstələrdə oynaqların vəzifəsini yerinə yetirməməsi kimi hallar ortaya çıxır. Bu duz kristalları, dəri altında, ovuc içində, barmaq uclarında da şişlərə səbəb olur.
Podaqra hər dəfə kəskinləşdikdə daha geniş sahəni əhatə edir və tədricən oynaqların daha ciddi şəkildə zədələnməsinə səbəb olur.
Podaqra xəstəliyini oynaqlarda özünəməxsus şişlərin əmələ gəlməsi dizqnozu təsdiqləyir. Xəstəliyin kəskinləşməsi zamanı yaranmış şiş ağrılı olur və xəstəni ciddi narahat edir. Podaqra xəstəliyi xəstənin həyat tərzini dəyişə bilən bir xəstəlikdir. Bu səbəbdən müalicəsini yubatmaq olmaz.
Podaqranın mümkün ağırlaşmaları
Podaqranın ağırlaşması podaqralı artrit xəstəliyinə səbəb olur. Həmçinin böyrəklərdə urat (sidikturşulu duz kristalları) daşları əmələ gəlir. Bir müddətdən sonra ağırlaşmaların sayı artır və böyrəklər funksional işini tamamilə itirir.
Podaqra kimdə yarana bilər?
Başqa xəstəliklər kimi, podaqranın da yaranmasında və inkişafında xüsusi risk faktorları mühim rol oynayır:
- Yaş faktoru (qadınlarda 50 yaşdan sonra, kişilərdə isə 40 yaşdan sonra yaranma riski artır).
- Cinsi faktor (kişilərdə daha çox rast gəlinir; nisbət – 9:1).
- Fiziki yüklənmələr.
- Alkoqollu içkilərin həddən çox qəbulu.
- Purin tərkibli qidaların uzun müddət çoxlu miqdarda qəbulu.
- Sinovial mayenin və qanın pH səviyyəsinin enməsi.
- Böyrəklər vasitəsilə sidik turşusunun orqanizmdən ləng xaric olunması.
- Hipotermiya.
Podaqranın müalicəsi
Müalicə prinsipinə daxildir:
Dərman preparatları ilə müalicə
-ağrıkəsici preparatlar
-iltihabəleyhinə preparatlar
–qlükokortikoid preparatlar
-sidik turşusunun orqanizmdə səviyyəsini normal saxlamaq üçün preparatlar-
Dərman bitkiləri ilə müalicə və profilaktika;
Müalicəvi qida pəhrizi- ət, balıq,qaraciyər, soya bitkiləri, şokolad və s. qida məhsullarını məhdudlaşdırmaq
Fizioterapetik müalicə.
Son dövrlərdə podaqranın ilkin dövrlərində zərbədalğalı terapiya ilə müalicə mühüm yer tutur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də tofsları parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.
Birinci seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir.Prosedurun müddətini həkim teyin edir,seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam ede bilər, kurs müalicə intervallarla 4-7 seans təyin olunur.