Müasir müalicə üsulları zədələnmələrdə möcüzəli nəticələrə imkan yaradır
Bəzən bir insan haqqında deyilənlər onun peşəkarlığını təsəvvür etməyə kifayət edir. Lakin elə insanlar da var ki, onların fəaliyyətini yaxından izlədikdə və əldə etdiyi nəticələrlə tanış olduqda əsl dəyərini anlayırsan. Oxuculara təqdim etdiyimiz müsahibimiz məhz belə mütəxəssislərdəndir. Söhbət uzun illər fizioterapiya və reabilitasiya sahəsində uğurla çalışan, elmi biliklərini beynəlxalq təcrübə ilə zənginləşdirən, ölkəmizdə innovativ reabilitasiya metodlarının tətbiqinə mühüm töhfələr verən fəlsəfə doktoru, fizioterapevt–reabilitoloq Pərvin Əkbərovdan gedir.
Yeri gəlmişkən, qeyd edək ki, Pərvin Əkbərov hazırda Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin sağlamlıq elmləri fakültəsinin fizioterapiya və reabilitasiya ixtisası üzrə doktorantıdır. O, eyni zamanda, İspaniyanın Milli Tibb Elmləri Universitetində osteopatik-klinik reabilitasiya üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib. İranın Sosial Rifah və Bərpa Elmləri Universitetində bərpa və fizioterapiya üzrə uzmanlıq, ABŞ-ın Johns Hopkins Universitetində səhiyyənin idarə edilməsi üzrə magistr təhsili alıb.
Peşəkarlığını beynəlxalq təcrübə ilə zənginləşdirən Pərvin Əkbərov dünyanın müxtəlif ölkələrində – İspaniya, İtaliya, Almaniya, Niderland, İsveç və ABŞ-da keçirilən təlim, kurs və klinik təcrübə proqramlarında iştirak edərək müasir fizioterapiya və reabilitasiya metodlarını mənimsəyib. O, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alır.
Əmək fəaliyyəti dövründə müxtəlif nüfuzlu tibb müəssisələrində rəhbər vəzifələrdə çalışan Pərvin Əkbərov hazırda Yeni Klinikanın direktor müavini, eyni zamanda, Somatika və STROK Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərir. O, müasir robotik və klassik reabilitasiya metodlarının tətbiqi, multidisiplinar komanda yanaşmasının inkişafı və beynəlxalq təcrübənin Azərbaycan səhiyyəsinə inteqrasiyası istiqamətində layihələr həyata keçirir. Peşəkarlığı, daim öz üzərində çalışması, beynəlxalq elmi təcrübəsi və pasiyentlərə fərdi yanaşması onu bu sahənin tanınmış mütəxəssislərindən birinə çevirib.
Pərvin Əkbərovla söhbətimizdə əksər insanları narahat edən bel ağrılarının səbəbləri və müalicəsindən başlayaraq müasir reabilitasiya metodları, robotik texnologiyaların tətbiqi və ölkəmizdə bu sahənin inkişaf perspektivləri barədə ətraflı danışdıq:
– Doktor, nədənsə belimizdə narahatlıq hiss edən kimi öncə bel yırtığı barədə düşünürük. Bu ağrının səbəbi nədir?
– Bir insanın beli ağrıyırsa, orqanizm, əslində “mənə diqqət et, problem var!” mesajını verir. Ancaq hər bel ağrısı disk yırtığı demək deyil. Bel ağrılarının yaranmasına səbəb olan çoxsaylı amillər mövcuddur və düzgün müalicə üçün, ilk növbədə, ağrının mənbəyi müəyyən edilməlidir.
Cəmiyyətdə ən çox rast gəldiyimiz səbəblərdən biri stres mənşəli bel ağrılarıdır. Stres zamanı beyin bel və boyun nahiyəsinin əzələlərinə davamlı siqnallar göndərir, nəticədə əzələlər gərilir, spazm yaranır. Bu zaman həmin nahiyələrdə sərtlik, həssas nöqtələr və əllə hiss edilən düyünlər əmələ gəlir. Əgər insan psixoloji gərgindirsə, yalnız əzələ boşaldıcı dərmanlar, məlhəmlər, isti tətbiqlər və ya fiziki müalicə istənilən effekti verməyə bilər. Belə hallarda stresin idarə olunması, həyat tərzinin tənzimlənməsi və kompleks müalicə yanaşması vacibdir.
Bel ağrılarının digər geniş yayılmış səbəbləri arasında disk yırtığı, əzələ və bağ zədələnmələri, onurğa sütununda degenerativ dəyişikliklər, fəqərə oynaqlarının problemləri, osteoporoz, iltihabi və revmatoloji xəstəliklər, artıq çəki, oturaq həyat tərzi, düzgün olmayan oturma və qaldırma vərdişləri də yer alır. Bəzən isə daxili orqanların – böyrək, sidik yolları və ya ginekoloji xəstəliklərin yaratdığı ağrılar da bel nahiyəsinə yayıla bilər.
Buna görə hər bel ağrısını eyni səbəblə əlaqələndirmək düzgün deyil. Ağrının xarakteri, müddəti, yayılma istiqaməti və pasiyentin klinik vəziyyəti ətraflı qiymətləndirilməli, sonra fərdi müalicə planı hazırlanmalıdır. Dəqiq diaqnoz qoyulmadan təsadüfi müalicə üsullarına müraciət etmək isə problemin xronikiləşməsinə və daha ciddi fəsadların yaranmasına səbəb ola bilər.
– Bəs hansı hallarda cərrahi müdaxiləyə qərar verilir?
– Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, əvvəllər ölçüsü böyük olan əksər disk yırtıqlarında əməliyyat qərarı verilirdi. Bütün həkimlərə aid olmasa da, bu yanaşma kifayət qədər geniş yayılmışdı. Lakin son illər aparılan elmi araşdırmalar göstərir ki, disk yırtıqları mümkün qədər konservativ üsullarla müalicə olunmalıdır. Çünki onurğanın təbii biomexanikası qorunmalı, cərrahi müdaxilə isə yalnız zəruri hallarda tətbiq edilməlidir.
Rəsmi statistikaya görə, disk yırtıqlarının cəmi 2–3 faizində əməliyyat göstərişi olur. Əməliyyat ciddi tibbi göstərişlər olduqda tövsiyə edilir. Bunlara boyun nahiyəsində yırtıq zamanı yuxarı ətraflarda, bel nahiyəsində isə aşağı ətraflarda əzələ gücünün azalması (motor zəifliyi), eləcə də güclü ağrıların dərman, fizioterapiya və digər konservativ müalicə üsullarına baxmayaraq davam etməsi daxildir.
Disk yırtığının yalnız ölçüsünə əsasən əməliyyat qərarı vermək düzgün yanaşma deyil. Təcrübəmizdə ən böyük ölçülü disk yırtıqlarını belə cərrahi müdaxilə olmadan uğurla müalicə etdiyimiz çoxsaylı hallar olub. Qeyd edim ki, bu istiqamətdə apardığımız elmi araşdırmalarda pasiyentlərin müalicədən əvvəl və sonra MRT görüntülərini müqayisə edərək diskdə baş verən dəyişiklikləri izləmişik və müsbət nəticələr əldə etmişik.
Bu səbəbdən pasiyentlərə tövsiyəm odur ki, əməliyyata tələsməsinlər. Güclü ağrılar səbəbindən həm pasiyentin özü, həm də ailə üzvləri narahat olur, qısa zamanda problemin həllini istəyirlər. Bəzən bu emosional gərginlik tələsik əməliyyat qərarına gətirib çıxarır. Təəssüf ki, bir neçə il sonra həmin pasiyentlər yenidən bizə müraciət etdikdə, vaxtında alınmış və düzgün hesab edilən bu qərarın doğru olmadığını görürük. Çünki uğurlu əməliyyatdan sonra belə disk yırtığı təkrarlana və ya yeni problemlər yarana bilər.
Disk yırtığının əsas müalicə prinsipi konservativ yanaşmadır. Buraya dərman müalicəsi, fizioterapiya, fərdi reabilitasiya proqramları və müasir dekompressiya metodları daxildir. Məqsəd cərrahi müdaxiləyə ehtiyac qalmadan ağrını azaltmaq, sinir sıxılmasını aradan qaldırmaq və pasiyentin normal həyat fəaliyyətinə qayıtmasını təmin etməkdir.
– Sizin əsas işiniz orqanizmin zədələnmiş hissələrinin fəaliyyətinin bərpasıdır. Hansı nahiyələrdə və nə məqsədlə reabilitasiya aparılır?
– Reabilitasiya müasir tibbin əsas sütunlarından biridir. Bu gün dünya səhiyyəsində qəbul olunmuş əsas prinsiplərdən biri odur ki, hər bir əməliyyat və ya müalicədən sonra pasiyentin funksional vəziyyəti qiymətləndirilməlidir. Yəni əsas sual budur: pasiyent nə dərəcədə bərpa olundu, gündəlik həyatına qayıda bildimi və həyat keyfiyyəti əvvəlki səviyyəsinə nə qədər yaxınlaşdı? Məhz bu mərhələdə reabilitasiyanın rolu əvəzsizdir.
Son illər Azərbaycanda da inkişaf etmiş ölkələrin qabaqcıl reabilitasiya təcrübələri öyrənilərək tətbiq olunur. Müasir və innovativ texnologiyalar artıq fizioterapiya və reabilitasiya xidmətlərinin ayrılmaz hissəsinə çevrilib. Bu yanaşmalar kəllə-beyin və onurğa beyin travmaları, insult, ürək-damar əməliyyatları, ortopedik müdaxilələr, multitravmalı və ağır əməliyyatlar keçirmiş pasiyentlərin bərpasında uğurla istifadə edilir. Reabilitasiya yalnız ambulator mərhələ ilə məhdudlaşmır. O, reanimasiya və stasionar mərhələlərdə tətbiq olunur və hər mərhələnin özünəməxsus məqsədi var.
Reanimasiya mərhələsində erkən reabilitasiya pasiyentin uzun müddət hərəkətsiz qalmasının yaratdığı ağırlaşmaların qarşısını alır. Bu, tənəffüs, ürək–damar və dayaq–hərəkət sistemində yarana biləcək problemləri əhəmiyyətli dərəcədə azaldır. Nəticədə pasiyentin reanimasiyada qalma müddəti qısalır, daha tez stasionar şöbəyə köçürülür və ümumi sağalma prosesi sürətlənir. Eyni zamanda reanimasiya çarpayılarından daha səmərəli istifadə olunur, tibbi sərfiyyata qənaət edilir və tibb işçilərinin iş yükü azalır.
Stasionar reabilitasiya mərhələsində əsas məqsəd pasiyentin hərəkət funksiyalarını, əzələ gücünü və gündəlik fəaliyyət bacarıqlarını bərpa etməkdir. Bu mərhələdə fizioterapevt, reabilitasiya həkimi, loqoped, psixoloq və digər mütəxəssislərdən ibarət multidissiplinar komanda birlikdə çalışır.
Ambulator reabilitasiya isə pasiyent evə buraxıldıqdan sonra bərpa prosesinin davam etdirilməsinə xidmət göstərir. Burada məqsəd insanın iş həyatına, ailəsinə və cəmiyyətə mümkün qədər tez və sağlam şəkildə qayıtmasını təmin etmək, eyni zamanda, təkrar zədələnmə və ağırlaşmaların qarşısını almaqdır. Bu gün Azərbaycan səhiyyəsində fizioterapiya və reabilitasiya sahəsi sürətlə inkişaf edir. Biz yalnız müasir müalicə metodlarını tətbiq etməklə kifayətlənmir, eyni zamanda, yeni mütəxəssislərin hazırlanmasına da xüsusi önəm veririk.
Məqsədimiz bu xidmətlərin təkcə paytaxtda deyil, regionlarda da geniş yayılması və vətəndaşların keyfiyyətli reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasıdır. İnanıram ki, dövlətin səhiyyəyə göstərdiyi xüsusi diqqət və həyata keçirilən islahatlar nəticəsində yaxın illərdə reabilitasiya xidmətləri ölkənin bütün bölgələrində inkişaf edəcək və daha çox insan müasir bərpa imkanlarından faydalana biləcək.
– Bərpa prosesində hansı müalicə üsullarından istifadə edilir?
– Bu mövzu haqqında saatlarla danışmaq olar. Sadə bir nümunə kimi Yeni Klinikada fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq edilən müalicə üsullarını göstərə bilərəm. Burada müasir robotik texnologiyalar və klassik reabilitasiya metodları bir arada tətbiq olunur. Məqsədimiz hər bir pasiyent üçün fərdi müalicə proqramı hazırlamaq və bərpa prosesini daha effektiv, təhlükəsiz və sürətli həyata keçirməkdir.
Mərkəzdə reabilitasiya xidmətləri geniş spektri əhatə edir. Buraya insult, kəllə-beyin və onurğa beyni travmaları, müxtəlif sinir sistemi xəstəliklərindən sonra həyata keçirilən nevroloji reabilitasiya, travma və ortopedik əməliyyatlardan sonrakı ortopedik reabilitasiya, uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlmiş pediatrik və neonatoloji reabilitasiya daxildir.
Eyni zamanda, idman reabilitasiyası ilə idman zədələrindən sonra funksional hazırlıq və performans bərpa olunur, əl reabilitasiyası vasitəsilə əl cərrahiyyəsi keçirmiş və yuxarı ətraf funksiyalarında pozğunluq yaşayan pasiyentlərdə incə motor bacarıqları yenidən formalaşdırılır. Kardiopulmonar reabilitasiya ürək–damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına, geriatrik reabilitasiya yaşlı insanların hərəkət imkanlarının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Mərkəzdə, həmçinin onkoloji, ginekoloji və androloji reabilitasiya, eləcə də onurğa sağlamlığı proqramları həyata keçirilir. Bu xidmətlər onkoloji müalicələrdən sonrakı fiziki və psixoloji bərpanı, kiçik çanaq əzələlərinin funksional vəziyyətinin yaxşılaşdırılmasını və onurğa sütunu problemlərinin qarşısının alınmasını hədəfləyir.
Xüsusi önəm verdiyimiz istiqamətlərdən biri də reanimasiya və intensiv terapiyada tətbiq etdiyimiz erkən reabilitasiyadır. Ağır vəziyyətdə olan pasiyentlərdə reabilitasiyanın erkən başlanması sonrakı ağırlaşmaların qarşısını alır, xəstəxanada qalma müddətini azaldır və pasiyentin daha qısa müddətdə normal həyata qayıtmasına imkan yaradır. Qarşıya qoyduğumuz əsas məqsədlərdən biri bu yanaşmanın Azərbaycanın böyük dövlət xəstəxanalarının reanimasiya şöbələrində daha geniş tətbiq edilməsidir.
Sonda qeyd etmək istərdim ki, fizioterapevt–reabilitoloqun işi yalnız bir sahə ilə məhdudlaşmır. Biz nevroloq, travmatoloq–ortoped, kardioloq, neyrocərrah, ginekoloq, stomatoloq, pediatr və digər ixtisas həkimləri ilə sıx əməkdaşlıq şəraitində çalışırıq. Məhz multidisiplinar yanaşma müalicənin uğurunu təmin edən əsas amillərdən biridir.
Fizioterapiya və reabilitasiya həm geniş, həm də dinamik inkişaf edən elm sahəsidir. Əsas məqsədimiz beynəlxalq təcrübəni öyrənərək onu Azərbaycan səhiyyəsində tətbiq etmək, pasiyentlərə daha keyfiyyətli xidmət göstərmək və ölkəmizdə dayanıqlı, müasir reabilitasiya sisteminin inkişafına töhfə verməkdir.
