Yanvarın 30-dan fevralın 3-dək Dubay Dünya Ticarət Mərkəzində keçirilən sərgidə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, Strateji təhlil və inkişaf departamentinin Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin Marketinq şöbəsinin məsləhətçisi Orxan Həsənov iştirak ediblər.
Pərvin Əkbərov və Orxan Həsənov fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Future Health Summit”də iştirak edib. Sözügedən konfrans dünyanın ən böyük səhiyyə sərgilərindən hesab edilən “ArabHealth 2023”ün əsas tədbirlərindən biridir.
Dubayın məşhur “Gələcəyin muzeyi”ndə keçirilən konfrans dünyada tibb sənayesinin aparıcı liderləri ilə əlaqə qurmaq və “Metaverse”nin səhiyyədə genişlənən rolunu müzakirə etmək üçün önəmli imkanlar yaradıb.
Sağlamlığın gələcəyini araşdırmaq konfransın əsas xəttini təşkil edib.
“Metaverse” səhiyyə və texnologiyanın səmərəli qarşılıqlı əlaqəsini əks etdirir. Konsepsiya xəstələrin nəticələrini yaxşılaşdırmaq üçün süni intellektdən, virtual reallıqdan faydalanaraq səhiyyəyə təsir etmək vasitələrinə malikdir.
“Future Health Summit”də “Sağlamlığın və tibbin gələcəyi”, “Metaverse” bizi hara apara bilər?”, “Metaverse”də səhiyyənin gələcəyi nədir?”, “Səhiyyənin gələcəyi: uzunömürlülük” və s. sessiyalar dinlənilib.