Ümumiyyətlə, protez dedikdə funksiyasını itirmiş hər bir orqanın əvəzedicisi başa düşülür. Endoprotez orqanizmin daxilinə yerləşdirilən protezlərdir.
Oynaqların endoprotezləşdirilməsi: bu normal oynağın forması və funksiyasını əvəz edən bir üsuldur. Çox vaxt endoprotezləşmə hərəkəti məhdudlaşmış oynağın funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Artıq əməliyyatdan 1-2 ay sonra pasient əvvəlki aktiv həyat tərzinə qayıda bilir.
Müasir endoprotezlər demək olar ki, ömürlükdürlər. Protezlər 15-20, hətta 30 il öz normal fəaliyyətlərini saxlaya bilirlər, lazım gəldikdə isə onları yenidən dəyişmək olur. Dünyada hər il milyona yaxın bud-çanaq oynağı endoprotezləşdirilməsi və yarım milyondan çox diz oynağı protezləşdirilməsi aparılır. İndiki dövrdə bud-çanaq, diz, çiyin, dirsək və hətta əl barmaqları üçün protezlər mövcuddur. Onlar metal, keramika və xüsusi dözümlü plastmasdan hazırlanır. Protezlərin istehsalı dəqiq və çoxpilləli bir proses olub, sertifikatlaşdırılır.
Oynaq protezlərinə olan tələbatlar bunlardır: möhkəmlik, eroziyaya qarşı dözümlük, lakin bununla belə, onlar protezin komponentlərinin qarşılaşdırılması zamanı dəqiqliyə nail olmaq üçün rahat emal olunmalıdırlar.
Endoprotezləşmə əməliyyatı müxtəlif xəstəliklər nəticəsində oynaqların funksiyasını itirmiş pasientlərdə aparılır. Bunlara aşağıdakılar aiddir:
Oynağın degenerativ-distrofik xəstəlikləri (deformasiyedici artroz və ya osteartroz).
- Oynaqların zədələnməsi ilə gedən Bexterev xəstəliyi
- Posttravmatik artroz ( travmadan sonra baş verən artroz)
- Bud sümüyü başı və bud kondilusunun aseptik nekrozu
- Oynaq nahiyəsində düzgün bitişməyən sınıqlar
- Sınıqlardan sonra yaranan yalançı oynaqlar
- Anadangəlmə anomaliyalar nəticəsində meydana çıxan artrozlar (oynaqların hipoplaziya və displaziyası), oynaq çuxuru və bud boynunun sınığı.
- Digər mənşəli artrozlar ( iltihab, podaqra və psoriaz nəticəsində meydana çıxan artrozlar)
Oynağın endoprotezləşməsi tam və natamam ola bilər. Natamam endoprotezləşmə oynağın bir hissəsinin dəyişdirilməsidir. Bu, başqa cür birqütblü də adlanır. Tam və ya total endoprotez dedikdə oynağın tamamilə protezlə dəyişidirilməsi nəzərdə tutulur. Əməliyyatdan əvvəl pasientin vəziyyəti, xəstəliyin növu və mərhələsindən asılı olaraq protezin növü təyin olunur. Çox hallarda əməliyyat uğurlu keçir və oynaq 100% funksiyasını bərpa etmiş olur.
Diz artroplastikası diz oynağında duzlaşmaya bağlı şiddətli ağrısı olan xəstələrdə ağrını azaltmaq, oynaq hərəkətini təmin etmək və həyat keyfiyyətini artırmaq üçün edilən cərrahi əməliyyatdır. Diz protezi əməliyyatı üçün müraciət edənlər konservativ müalicələrdən (ağrıkəsi dərmanlar, müalicəvi gimnastika, fizioterapiya, oynaq içi inyeksiyalar) fayda görməyən və oynaqda şiddətli ağrıları və hərəkət məhdudiyyəti davam edən xəstələrdir.
Duzlaşmada xəstələr ilk olaraq ağrıdan şikayət edirlər. Ağrı əvvəlcə uzun müddət ayaq üstə durduqda və yürüyüş zamanı yaranır. Vaxt keçdikcə ağrı daha qısa hərəkətlərdə yaranır və daha uzun sürür.Ağrının davamlı hal almasıyla xəstələrin həyat keyfiyyəti düşür. Ağrı daha ağır formalarda xəstənin evdən çıxmasına , hətta bəzən gündəlik işlərini görməsinə əngəl törədir.
Diz oynağı 3 kompartmandan ibarətdir. Əgər bu kompartmanlardan ikisində duzlaşma varsa total diz protezi qoyulmalıdır. Duzlaşma sadəcə bir kompartmanda olduqda minimal invaziv qismi diz protezi(unikompartmantal diz protezi) tərcih edilə bilər.
Total diz protezi – qığırdağı sıradan çıxmış oynağın hər iki səthinin metal və polietilendən istehsal olunan parçalar ilə örtülərək ,ağrısız şəkildə hərəkətinə imkan yaradan süni bir oynaq yaradılmasına deyilir. Bu əməliyyat zamanı aşınmaya məruz qalan oynaq qığırdağı uyğun qalınlıqda sümük təbəqəsi ilə kəsilərək çıxarılır, protez ölçüsü alındıqdan sonra uyğun ölçüdə implantlar polimetilmetakrilat adlanan tibbi sementlə sümüyə bərkidilir. Bu əməliyyatla oynaq səthləri yenidən metal və plastikdən hazırlanmış protezlə yenidən örtülmüş olur.
Protez əməliyyatı daha çox 60 yaş üstündə olan xəstələrə edilir, ancaq revmatoid artrit, osteonekroz kimi xəstəliklərdə daha erkən yaşda da edilə bilər. Diz protezinin ömrü son modellərlə 25-30 ilə qədər uzanmışdır. Buna baxmayaraq 50 yaş altında olan xəstələrdə protez öncəsi digər metodlar sonuna qədər tətbiq edilməyə çalışılmalıdır.
Əməliyyata qərar verən xəstələr qabaqcadan məlumatlandırılmalıdırlar.
Metal endoprotezlərin istehsalı üçün aşağıdakılardan istifadə olunur:
- Paslanmayan poladdan olan lehimlər. Bu tip endoprotezlər sümüyə endoprotez vasitəsilə bərkidilir. Sümük sementi və ya sement akril qətrandan ibarətdir.
- Xrom və ya kobaltdan olan lehimlər. Bu elementlərdən oynağın sürtünməsini təmin edən komponentləri olan bud və bazu sümüyünün başı üçün material hazırlanır.
- Titan və onun lehimlərini sümüyə xüsusi qətran olmadan da yapışdırmaq olur. Bu lehimlər oynağın sürtünmə nahiyəsinin materialının hazırlanmasında istifadə olunmur.
Oynaq səthlərinin sürtünməsi üçün hazırlanan material alimoksid keramika və yüksək dayanıqlığa malik polietilen plastmasdan ibarətdir. Protezin əsas yük düşən hissələri üçün bu material istifadə olunmur, çünki çox möhkəm deyil və qırıla bilər.
Əməliyyat zamanı və sonrası erkən dönəmdə ola biləcək ağırlaşmalar
İnfeksiya: Uyğun əməliyyatxana şəraitində əməliyyatdan sonra infeksiya nisbəti 2 %-ə yaxındır. Uyğun əməliyyat şəraiti deyərkən əməliyyatxanada ” laminar air flow” adlandırılan xüsusi mikrob bulaşmasını əngəlləyən hava axınının olması nəzərdə tutulur. Bu hava axınının olmadığı əməliyyatxanalarda infeksiya 5-10%-ə yaxındır. İnfeksiya olduğu halda xəstə yenidən əməliyyata alınaraq oynaq yuyularaq təmizlənir. Düzəlmədikdə və ya xroniki hallarda protezin çıxarılması zərurəti yarana bilər. Protez çıxarıldıqdan sonra yerinə 6-12 həftəliyinə antibiotikli sement yerləşdirilir və damardan antibiotik müalicəsi alır. İnfeksiya keçdikdən sonra yeni protez taxılır. İnfeksiya riskini minimuma endirmək üçün əməliyyatdan əvvəl xəstəyə damardan profilaktik olaraq antibiotik verilir. Antibiotikin verilməsi əməliyyatdan 3-5 gün sonra da davam edilir. Digər tərəfdən əməliyyat vaxtı istifadə edilən alətlərin sterilizasiyasına xüsusi diqqət yetirmək lazımdır.
Dərin vena trombozu(qan laxtalanması): Bu ağırlaşma 5%-dən az görülür. Əməliyyatdan 3 gün sonra əmələ gəlməyə başlayıb ən çox 6-10-cü günlər arasında görülür. Nadir də olsa əməliyyatdan aylar sonra da ola bilər. Əməliyyat olunan hər 10000 xəstədən 5-10 nəfərində venadakı trombun qoparaq ağciyər və ya beyin damarlarını tıxama təhlükəsi var. Bu cür ağırlaşmar konrtaseptiv (hamiləlik əleyhinə) istifadə edən qadınlarda, daha əvvəl vena trombozu olan xəstələrdə, aşağı ətraf venalarında varikoz genişlənmələri və ailəvi meyillilik olanlarda rast gəlinmə ehtimalı daha yüksəkdir.
Xəstələrə qan laxtalanmasını azaldan dərmanlar verilərək, antiembolik corablar geyindirilərək,yataq içi hərəkətlər və erkən ayağa qalxma tövsiyyə edilərək bu ağırlaşma minimuma endirilə bilər. Xəstələr risk qrupuna daxildirsə bu sadalananlar daha uzun müddət tətbiq edilməlidir.
Texniki xətalar: Protez əməliyyatı texniki olaraq çox mürəkkəb bir əməliyyatdır. Buna görə də texniki xətalar hər zaman və ya hər yerdə ola bilər. Bu əməliyyatı yaxşı bacaran və təcrübəli cərrahların əlində texniki xətaların olma ehtimalı da minimuma enməkdədir.
Əməliyyat və əməliyyatdan sonrakı dövr
Xəstələr əməliyyatxanaya alındıqdan sonra epidural və ya ümumi anesteziya verilir, ardından əməliyyat olacaq ətraf antiseptik yod məhlulları ilə silindikdən sonra steril örtülərlə çevrəsi örtülür. Bu müddət 40 dəqiqə alır. Əməliyyat özü təcrübəli əllərdə 2 saat çəkir. Əməliyyat vaxtı xəstələrin dizinə diz içindəki qanı boşaltmaq üçün dren taxılır və elastik xüsusi bandajlarla sarılır. Əməliyyat qurtardıqdan sonra xəstələr 30dəq-1 saata qədər ayılma otağında gözlədildikdən sonra palataya alınır. Daxili orqanlarında problemi olanların və yaşlı xəstələrin əməliyyatdan sonra reanimasiyaya alınma ehtiyacı ola bilər. Xəstələr palataya alındıqdan 2 saat sonra tamamilə oyanırlar. Yara ağrısı ağrıkəsicilərlə kontrol altına alınır. Əməliyyatdan 5-6 saat sonra xəstələr yemək yeyə bilir. Ertəsi gün xəstə oturdulur, çox ağrısı yoxdursa yerimə cihazı ilə ayağa tam basaraq yeriməyə icazə verilir. Xəstə ayağa qaldırılmadan əvvəl ən az 5-10 dəqiqə oturdulmalıdır. Başı dönərsə 1 saat sonra yenə qaldırıla bilər.
Xəstə əməliyyatdan sonra ortalama 5-7gün xəstəxanada qalır. 3-cü gün dren çəkildikdən sonra fizioterapevt-reabilitoloq xəstələrə yataqda edəcəyiniz gimnastikaları göstərir , bəzən manual bəzən CPM(continuous passive motion) cihazıyla diz bükülməyə çalışılır. Xəstəxanada qaldığı müddətdə daima hər saat başı dizə buz qoyulmalıdır. İlk 2 gündə 38-in üstündə temperaturun yüksəlməsi normal hal hesab edilir. Bu infeksiya sayılmır. 3 gündən sonra olan temperaturlarda infeksiyadan şübhələnmək olar. Xəstə evə yazıldıqdan sonra da buz qoymağa davam etməlidir. Diz ətrafındakı bandaj və corab qətiyyən çıxarılmamalıdır. Bu bandaj diz içində qan yığılmasının və şişmənin qabağını alır. Diz üçün olan hərəkətləri kəsməyərək göstərilən şəkildə davam etdirilməlidir. Bu müddətdə ağrınız olarsa ağrıkəsici istifadə edilə bilər. Xəstələr dizdəki şişkinlik və protezin varlığını 3-6 ay hiss edə bilərlər. Buna baxmayaraq ilk həftədən etibarən dizdə ağrı qalmır. Qan durulaşdırıcı dərmanlardan istifadə 6 həftə davam etdirilməlidir. 3 gündə bir yara sarğısı edilir və 15-ci gündə tikişlər açılmalıdır. Tikişlər açıldıqdan sonra intensive fizioterapiyaya başlanılması məsləhət edilir. Fizioterapiya hər gün olmaqla 3 aya qədər davam edə bilər. Reabilitoloqun məsləhəti ilə 3-cü həftənin sonunda yerimə cihazını buraxıb bir dəyənəyə keçməyə icazə verilir. Dəyənək sağlam tərəfdə istifadə edilir. İki tərəfli əməliyyat edilmişdirsə yerimə cihazı 6 həftəyə qədər istifadə edilməlidir. 8 həftədən sonra xəstələr daha aktiv ola bilir, maşın sürüb işə çıxmağa icazə verilir. 4 ay sonra idmana başlayıb, 6 ay sonunda bərpa prosesini sona yetirmək mümkündür. o