Multidisiplinar neyrotravma üzrə Avstriya təcrübəsi öyrənilir
Yeni Klinikanın nəzdində yaradılacaq Multidisiplinar neyrotravma mərkəzinin idarə və inkişaf etdirilməsi məqsədi ilə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərovun rəhbərliyi ilə İnsult mərkəzinin şöbə müdiri həkim-nevroloq Minarə Çərkəzzadə, həkim-neyrocərrah Tural Əhmədov Avstriyanın Vyana Universiteti ilə praktiki görüşlərdə iştirak ediblər.
Görüş çərçivəsində əsas məqsədi tədqi̇qat, müalicə və tibb təhsili üzrə neyrotravmatologi̇yanın inkişafı olan Multidisiplinar Neyrotravmatologiya Akademiyasının (The Academy for Multidisciplinary Neurotraumatology – AMN) təşkilatçılığı ilə keçirilən Neyrotravma Müalicə və Simulyasiya Mərkəzinin (Neurotrauma Treatment Simulation Center – NTSC) təlimləri baş tutub.
Məlumat üçün bildirək ki, 6 ölkədən və 4 böyük tibb müəssisəsindən olan multidisiplinar komandanı özündə birləşdirən NTSC xəstənin sağalma mərhələlərinə yönəlmiş təlim proqramı hazırlayır, müalicənin hər mərhələsində TBI xəstələrinin kompleks ehtiyacları üçün birgə anlaşmanı inkişaf etdirir, kəskin müalicədə koqnitiv, davranış və depressiv pozğunluqlarla bağlı müalicə nihilizmini azaldır, xəstənin sağalma müddətində iştirak edən tibb mütəxəssisləri arasında əməkdaşlığın formalaşdırılmasını təmin edir.
Dünyanın müxtəlif ölkələrindən olan tibb mütəxəssislərinin iştirak etdiyi 4 günlük təlimlərdə müxtəlif istiqamətlər üzrə dünyaca məşhur professorlar tərəfindən təlimlər keçirilib.
“Ever Neyro Farma” şirkətinin tibbi işlər üzrə direktoru Axel Kohlmentz, Vyana Tibb Universitetinin Neyrocərrahiyyə şöbəsinin müdiri professor Kristian Matula, professor Helmut Trimmel, Vera Volgenant və digər professorların iştirak etdiyi təlimlərdə “Travmatik beyin zədəsi zamanı xəstəxanaya qədər ilkin tibbi yardım”, “Neyrotravma Müalicə Simulyasiya Mərkəzinin (NTSC) icmalı və məqsədi”, “TBİ müalicə konseptləri”, “Anestezioloq, travmatoloq və neyrocərrahların imkanları”, “Neyrotravma poqramını və komandanı yaratma üsulları”, “Ortoptik müalicə və yanaşmalar”, “Erkən reabilitasiyada müalicə planları”, “İlkin və ikinci dərəcəli missiyalar üçün havadan xilasetmə sistemi” və s. kimi mövzular üzrə seminarlar keçirilib.
Təlim zamanı həmçinin Avropanın ən böyük universitet-xəstəxanası olan Vyana Universiteti, “Wiener Neustadt” Hava Xilasetmə Xidməti, Vyana General Hospital (AKH), Vyana Meidling Xəstəxənası, Floridsdorf Klinikasında təşkil olunan canlı cərrahi sessiyalar, simulyasiyalar böyük maraqla qarşılanıb. İştirak edən tibb mütəxəssisləri üçün uğurlu təcrübə proqramı olan təlimlərdə fizioterapiya-reabilitasiya, neyrocərrahiyyə üzrə önəmli məqamlara toxunularaq, optimal neyro travma müalicəsi üçün qlobal çağırışlar səsləndirilib.
Xatırladaq ki, daha öncə Avstriyadan gələn nümayəndə heyəti qarşılıqlı əməkdaşlıq, və təcrübə mübadiləsi məqsədilə Yeni Klinikanı ziyarət edərək, neyrotravmaların idarə olunması, neyrotravmaların klinikalarda iş prinsipləri istiqamətində təlimlər keçirilib. Görüş sonrası həmçinin beynəlxalq səviyyədə tanınan, təcrübəli mütəxəssislərin iştirak etdiyi Azərbaycan Neyrocərrahlar Assosiasiyasının təşkilatçılığı ilə “Travmatik beyin zədələnmələri: multidisiplinar yanaşmanın üstünlükləri” konfransı baş tutub. Təşkil olunan konfransda neyrotravmanın müalicəsi zamanı multidisipilnar yanaşmanın vacibliyi vurğulanıb.
Görəsən Yeni klinikanın nəzdində fəaliyyət göstərən Multidisiplinar Neyrotravma Mərkəzinin yaradılması hansı zərurətdən irəli gəldi? Bu Mərkəzin əsas hədəfləri nələrdir?
Buna Mərkəzin rəhbəri , TƏBİB icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü, doktor Pərvin əkbərov buna belə aydınlıq gətirib:
“Multidisiplinar neyrotravma mərkəzinin yaradılmasının əsas hədəfləri bunlardır:
Müxtəlif tibbi sahələrdən olan mütəxəssislərin birgə çalışaraq pasiyentlərə ən yaxşı müalicə və qulluq göstərməsi, neyro travmaların sürətli və dəqiq diaqnostikası və müalicəsi üçün inkişaf etmiş texnologiya və üsullardan istifadə, pasiyentlərin travmadan sonra tam bərpa olması üçün fərdi reabilitasiya proqramlarının hazırlanması və tətbiqi, neyrotravmaların səbəbləri, nəticələri və müalicə metodları üzrə elmi araşdırmalar aparmaq və yeni biliklərin əldə edilməsi, tibb işçilərinin neyro travma sahəsində bilik və bacarıqlarını artırmaq üçün təlim proqramların və seminarların təşkil olunması. Neyrotravma sahəsində ən son məlumat və təcrübələrin beynəlxalq və milli səviyyədə paylaşılması və yayılması.”