Üz sinirinin nevriti zamanı fizioterapiya və PNF gimnastik hərəkətlər

Üz sinirinin nevriti və ya Bell iflici – 7 cüt kəllə-beyin sinirlərinin, əksər hallarda onlardan birinin iltihabıdır. Xəstə insan üz əzələlərinə nəzarəti və emosiyaların göstərmək imkanını itirir: qaşlarını çatmaq və ya qaldırmaq, gülümsəmək, heyrətlənmək və hətta qidanı düzgün çeynəmək imkanından məhrum olur. Xəstənin sifəti asimmetrik və əyilmiş şəkil alır. XBT – 10 üzrə kodu G 51-dir.

Üz siniri digər kəllə-beyin sinirlərinə nisbətən daha tez-tez zədələnir. Bu, onun öz gedişi boyunca üz sümüklərinin bir neçə dar kanalından keçməsi ilə əlaqədardır. Buna görə də yüngül bir iltihab belə xəstəliyin əlamətlərinə səbəb olan sixılma və oksigen aclığına gətirib çıxarır. Çox hallarda xəstənin sifətinin yalnız bir tərəfində mimiki əzələlər zədələnir. Ancaq insanların 2% -də hər iki üz siniri iltihaba məruz qalır.

Üz sinirinin nevriti geniş yayılmış bir xəstəlikdir. Hər il 100 min adam başına 25 adam bu xəstəliyə məruz qalır. Kişilər və qadınlar ona bərabər dərəcədə həssasdırlar. Soyuq mövsümdə xəstəliyin sayının kəskin artması müşahidə edilir. Xüsusilə şimal bölgələrində bu xəstəliyin daha geniş yayılması qeyd olunur.

Üz sinirinin nevriti uzunmüddətli gedişi ilə xarakterizə olunur. Xəstəliyin müalicəsinə orta hesabla stasionar şəraitində 20-30 gün sərf edilir. Tam bərpa 3-6 ay davam edəcək. Ancaq təəssüf ki, insanların 5% -də üz əzələlərinin funksiyası bərpa olunmur. Bu hallar üz sinirinin nevritinin beyindəki şişlər və ya kəllə-beyin travmaları ilə əlaqəli olması zamanı qeyd edilir. 10% hallarda isə üz sinirinin funksiyaları bərpa edildikdən sonra residiv baş verir.

Xəstəliyin şiddəti və sağalma müddəti prosesin sinir sisteminin hansı nahiyəsini zədələməsi, dərinlik dərəcəsi və müalicənin nə qədər tez başlanmasından asılıdır.

Etiologiya

Alimlər xəstəliyin səbəbini hələ ki birmənalı şəkildə müəyyən edə bilməyiblər. Üz sinirinin iltihabı bir sıra amillərlə əlaqələndirilir:

  • Herpes simplex virusu. Bu virus insanların əksəriyyətində bədənində yaşayır və onun varlığına zərər vurmur. Lakin immunitet zəiflədikdə, virus aktiv şəkildə çoxalmağa başlayır. Onun sevimli yeri sinir lifləridirdir. Herpes virusu iltihab və sinir ödeminə səbəb olur. Ayrıca olaraq, poliomielit, enterovirus, adenovirus və parotid viruslarının da xəstəliyə səbəb ola biləcəyi ehtimal edilir.
    Bədənin soyuqlaması immunitetin azalmasına gətirib çıxarır. Üz sinirinin nevriti vəziyyətində yerli hipotermiya xüsusilə təhlükəlidir. Məsələn, siz uzun zaman soyuqda qalırsınız. Bu halda qan damarlarının və əzələlərin spazmı yaranır ki, bu da son nəticədə sinirin qidalanmasının pozulmasına və iltihabına gətirib çıxarır.
  • Böyük dozada alkoqolun qəbulu. Etil spirti – sinir sistemi üçün bir zəhərdir. Bu, yalnız baş beyinə təsir etmir, həm də sinir iltihabına səbəb olur.
  • Yüksək qan təzyiqi. Arterial təzyiqin yüksəlməsi kəllədaxili təzyiqin artmasına gətirib çıxara bilər. Bu hal üz sinirinin nüvəsini zədələyə bilər. Bundan əlavə, artan təzyiq insulta səbəb ola bilər. Əgər qansızma üz sinirnin nüvəsi ətrafında baş verərsə, o da zədələnə bilər.
  • Hamiləlik. Bu baxımdan, hamiləliyin ilk trimestri daha çox təhlükəlidir. Bu dövrdə qadın orqanizmində başqa üzv və sistemlərə olduğu kimi, sinir sisteminə də təsir edən ciddi hormonal dəyişikliklər baş verir.
  • Beyin şişləri. Bu, nevrit üçün kifayət qədər nadir bir səbəbdir, lakin onu istisna etmək olmaz. Şiş siniri sıxır və sinir impulslarının keçirilməsini pozur.
  • Açıq və ya qapalı kəllə-beyin travmaları, qulağın zədələnmələri. Zərbə sinir liflərinin əzilməsinə və ya qırılmasına səbəb olur. Bu nahiyəyə maye yığılır, ödem yaranır və iltihab sinir boyunca yayılır.
  • Stomatoloqun yanlış müalicəsi. Keçirilmiş stress, karies boşluğundan qaynaqlanan yoluxma və ya sinir ucluğunun mexaniki zədələnməsi iltihaba səbəb ola bilər.
  • Keçirilmiş otitlər və sinusitlər. Vrus və ya bakteriya mənşəli LOR xəstəlikləri, ətraf toxumalara yayıla və sinirin gicgah sümüyü kanalında sıxılmasına səbəb ola bilər.
  • Şəkərli diabet. Bu xəstəlik metabolik pozuntuya səbəb olur ki, bu da iltihab ocaqlarının əmələ gəlməsinə gətirib çıxarır.
    Siniri qanla təchiz edən kapillyarlar yağ düyünləri ilə tutulur. Nəticədə, sinir hüceyrələri aclıq çəkir və məhv olur.
  • Stress və depressiya. Belə hallar sinir sistemini və bütövlükdə orqanizmin müdafiə qüvvələrini əsaslı şəkildə sarsıdır.
  • Dağınıq skleroz. Bu xəstəlik sinir liflərinin myelin qişasının məhvi və onların yerində sklerotik düyünlərin yaranması ilə bağlıdır. Bu proses çox vaxt görmə və üz sinirlərinin iltihabına səbəb olur.

Patogenez

Yuxarıda sadalanan amillər damarların spazmına (daralmasına) gətirib çıxarır. Bu halda, qan kapillyarlarında durğunluq yaranır və onlar genişlənir. Qanın maye komponenti kapillyarların divarlarını keçir və hüceyrəarası fəzalarda toplanır. Toxumanın ödemi yaranır ki, bunun da nəticəsində venalar və limfa damarları sıxılır və limfanın drenajı pozulur.

Bunun nəticəsində sinirin qanla təchizatı və qidalanması pozulur. Sinir hüceyrələri oksigen çatışmazlığına çox həssasdır. Sinir kötüyü şişir, onda qansızmalar yaranır. Bu, sinir impulslarının beyindən əzələlərə pis ötürülməsinə gətirib çıxarır. Beyindən gələn komandalar sinir lifləri boyu ötürülmür, əzələlər onları “eşitmir” və fəaliyyət göstərmir. Xəstəliyin bütün simptomları bununla bağlıdır.

Üz siniri nevritinin əlamətləri

Bu xəstəlik həmişə kəskin başlanır. Əgər üz siniri nevritinin simptomları tədricən inkişaf edirsə, bu zaman sinir sisteminin digər patologiyalarından şübhələnmək lazımdır.

Mimikanın pozulmasına 1-2 gün qalmış qulaq arxasında ağrılar yaranır. Ağrı ənsə və üz nahiyəsinə ötürülə bilər. Bir neçə gün sonra göz almasında ağrılar başlayır. Yaranan bu xoşagəlməz hisslərin meydana çıxmasına sinirin ödemi səbəb olur. Üz siniri gicgah sümüyünün daxili qulaq keçəcəyi nahiyəsindən keçən hissəsində kompressiyaya məruz qalır.

Sifət asimmetrik şəkil alır və zədələnən tərəf maskanı xatırladır. Göz yarığı geniş açılmış olur, ağız küncü enir, alın qırışları və burun-dodaq büküşləri hamarlaşır. Ağlayan, gülən, danışan zaman asimmetriya daha çox nəzərə çarpır. Beyin sifətin bir tərəfində mimiki əzələlərə nəzarət etmək imkanını itirir.

Zədələnən tərəfdə göz bağlanmır. Həmin tərəfdə gözü bağlamağa çalışdıqda, bu mümkün olmur və göz alması yuxarı doğru çevrilir. Yaranmış göz yarığında gözün buynuz qişası görünür ( “dovşan gözü”) . Gözün dairəvi əzələsi pis innervasiya olunur. Zədələnmiş tərəfdə göz qapaqları əzələləri tabeçilikdən çıxır.

Ağız küncü aşağı enir. Ağız, dəstəyi zədələnmiş tərəfə çevrilmiş tennis raketkasını xatırladır. Yemək zamanı maye qida ağzın bir tərəfindən tökülür. Amma xəstə çənəni tərpətmək və çeynəmə hərəkətləri etmək imkanını saxlayır. Üz sinirinin yanaq şaxələri ağzın dairəvi əzələsini idarə etmək imkanını itirir.

Yanaq əzələləri idarədən çıxır. Xəstə tez-tez yanağını dişləyir, qida qalıqları yanağın arxasında toplanıb qalır. Üz siniri baş beynin siqnallarını yanaq əzələlərinə ötürə bilmir.

Ağız quruluğu. Xəstə daimi susuzluq və ağızda quruluq hissi keçirir, yemək zamanı qida kifayət qədər tüpürcəklə islanmır. Lakin bəzi hallarda həddindən artıq tüpürcək ifrazı qeyd olunur. Tüpürcək daim ağzın aşağı küncü boyu axıb tökülür. Tüpürcək vəzisi baş beyindən pozulmuş siqnallar alır.

Nitq anlaşılmaz olur. Ağzın yarısı səslərin artikulyasiyasında iştirak etmir. Bəzi samit səslərin (b,s,f) tələffüzü xüsusi çətinlik törədir. Üz siniri səslərin tələffüzü üçün məsuliyyət daşıyan dodaq və yanaq əzələlərinin innervasiyasını təmin edir.

Göz almasının quruluğu. Göz yaşı kifayət qədər ifraz olunmur. Göz isə açıq qalır və gözqırpmalarının sayı azalır. Bu, onun qurumasına gətirib çıxarır. Göz yaşı vəzisinin fəaliyyəti pozulur, o, kifayət qədər göz yaşı ifraz edə bilmir.

Gözyaşarma. Bəzi xəstələrdə əks vəziyyət müşahidə olunur. Göz yaşı ifrazı güclənir və onlar, göz yaşı kanalına istiqamətlənmək əvəzinə, yanaqdan axır. Bunun səbəbi göz yaşı vəzisinin aktiv fəaliyyəti, göz yaşı axınının pozulmasıdır.

Dilin bir yarısında dadbilmə hissinin pozulması. Üz sinirinin zədələnmiş tərəfində dilin ön 2/3 hissəsində yeməyin dadı hiss olunmur. Buna dilin dad reseptorlarında yaranan siqnalların baş beynə ötürülməsini təmin edən aralıq sinirinin liflərinin iltihabı səbəb olur.

Eşitmə həssaslığının artması. Bir tərəfdən səslər əslində olduğundan daha güclü görünür. Bu hal xüsusilə aşağı tonlara aiddir. Üz siniri gicgah sümüyündə eşitmə reseptorlarına yaxın mövqedə iltihaba uğrayır. Üz sinirinin nüvəsi eşitmə sinirinin nüvəsinin yaxınlığında yerləşir. Buna görə də, onun iltihabı eşitmə analizatorunun fəaliyyətinə təsir göstərir.

Xəstəliyin əlamətlərinə görə, təcrübəli həkim üz sinirinin zədələnməsinin konkret topik diqnostikasını müəyyən edə bilər.

  • beyin qabığının üz sinirinə nəzarət edən hissəsinin zədələnməsi – üzün aşağı yarısında mimiki əzələlərin iflici, sinir tikləri, səyrimələr qeyd olunur. Gülən və ağlayan zaman assimetriya nəzərə çarpmır.
  • üz siniri nüvəsinin zədələnməsi – göz almalarının məcburi hərəkəti (nistaqm) müşahidə olunur, xəstə alnını qırışdıra bilmir; sifətin bir yarısında keylik, udlağın və yumşaq damağın səyrimələri qeyd edilir. Bədənin bir yarısında hərəkətlərin koordinasiyasının pozulması baş verə bilər.
  • üz sinirinin kəllə boşluğunda və gicgah sümüyü piramidasında zədələnməsi – mimiki əzələlərin iflici; tüpürcək vəzilərinin kifayət qədər tüpürcək ifraz etməməsi; ağızda quruluq; dilin ön hissəsində dadbilmənin itməsi; birtərəfli olaraq eşitmənin itiləşməsi və ya əksinə, sinir karlığı; göz almasının quruluğu qeyd olunur.

Siz də üz siniri nevritinin olmasını özünüz təyin edə bilərsiniz. Aşağıda qeyd edilən hərəkətlərin icrası mümkün deyilsə, dərhal həkimə müraciət edin:

  • qaşların çatılması;
  • alnın qırışması;
  • burunun qırışması;
  • fit çalmaq;
  • şamı üfürmək;
  • yanaqları şişirtmək;
  • ağzına su almaq;
  • hər iki gözü növbə ilə qırpmaq;
  • gözləri bağlamaq (zədələnmiş tərəfdə göz tam bağlanmır və əmələ gələn yarıqda gözün buynuz qişası görünür).

Bu əlamətlər göründükdən sonra ilk saatlarda müalicəyə başlasanız, xəstəliyin daha tez öhdəsindən gəlmək mümkündür. Həkim ilk növbədə sinir ödemini aradan qaldıran sidikqovucu preparatları (Furosemid) təyin edir.

Üz sinirinin nevriti olan xəstə necə görünür?

Üz sinirinin nevriti olan insanın çox xarakterik bir görünüşü olur. Onun sifəti əyri bir maskaya​​bənzəyir.

Xəstə tərəfdən:

  • göz açıqdır;
  • aşağı göz qapağı sallanır ;
  • göz yaşı ifrazı baş verə bilər;
  • qaşın xarici kənarı aşağı enir;
  • ağızın küncü enir, oradan tez-tez tüpürcək damcılayır;
  • ağız sağlam tərəfə dartılır;
  • yanaq əzələləri aşağı sallanır;
  • alın və burun-dodaq büküşləri hamarlaşır.

Xəstə danışarkən və ya emosiyalarını təzahür etdirərkən, xəstəliyin simptomları daha da aydın nəzərə çarpır. Sifətin zədəli tərəfi gülümsəyərkən və ya qaşlarını qaldırarkən hərəkətsiz qalır.

Diaqnoz və diferensial diaqnostika

Təcrübəli həkim əlavə tədqiqatlar olmadan diaqnozu təyin edə bilər. Ancaq bir sıra hallarda instrumental müayinələr aparılmalıdır. Bu, sinirin iltihabının səbəbini müəyyən etmək üçün lazımdır. Nevritə baş beynin şişləri, beyin qişalarının iltihabı da səbəb ola bilər. İnsult zamanı da oxşar simptomlar rast gəlinə bilər.

Xəstəliyin diaqnstikasında aşağıdakı müayinə üsullarındandan istifadə edilir:

Qanın ümumi analizi

Qanın ümumi analizi üçün qan barmaqdan alınır. Nevritə səbəb ola bilən bakterial iltihabın əlamətləri:

  • EÇS-in (eritrositlərin çökmə sürəti) dərəcəsində əhəmiyyətli artım;
  • leykosit sayının artması;
  • limfositlərin faizi azalır.

Digər simptomlar (baş ağrısı, qulaqdan çirk gəlməsi, irinli itihab ocaqları) ilə yanaşı, qan analizinin bu nəticələri nevritə səbəb olan uzunmüddətli otit, meningit və digər xəstəliklər barəsində şübhələnməyə əsas verə bilər.

Baş beyinin maqnit-rezonans tomoqrafiyası (MRT)

Tədqiqat maqnit sahəsinin və hidrogen atomlarının qarşılıqlı təsirinə əsaslanır. Şüalanmadan sonra atomlar özlərindən enerji buraxır ki, bu da həssas sensorlar tərəfindən qeydə alınır və müayinə olunan nahiyənin təbələrlə şəklini əldə etməyə imkan verir.

MRT aşağıda sadalanan əlamətləri müəyyən etməyə imkan verir:

  • baş beynin şişləri;
  • serebral infarktın əlamətləri;
  • anormal damar inkişafı;
  • beyin qişalarının iltihabı.

MRT müayinəsinin nəticələri həkimə xəstəliyin inkişafına səbəb olan prosesləri dəqiq aşkar etməyə imkan verir. Bu, nevritin effektiv müalicəsi üçün vacibdir.

Baş beynin kompüter tomoqrafiyası (KT)

Bu metod toxumaların qismən rentgen şüalarını udmaq xüsusiyyətlərinə əsaslanır. Daha dəqiq məlumat əldə etmək üçün radiasiya bir neçə nöqtədən həyata keçirilir.

Prosedur nəticəsində nevritə səbəb ola biləcək aşağıdakı patologiyalar aşkarlana bilər:

  • şişlər;
  • insultun əlamətləri;
  • üz sinirinin nüvələrinə yaxın nahiyələrdə zəif qan dövranı sahələri;
  • kəllə-beyin travmasının nəticəsi – beyin hematoması.

KT müayinəsinin nəticəsindən asılı olaraq həkim müalicə taktikasını müəyyən edir: əməliyyat vasitəsilə şişin aradan qaldırılması və ya qan dövranının bərpası.

Elektroneyroqrafiya

Elektrik cərəyanının sinirin gedişi boyu ötürülməsinin sürətinin tədqiqi ilə məşğul olur. Sinir bir yerdə zəif elektrik impulsu ilə stimullaşdırılır və sonra onun şaxələri üzərində 2 nöqtədə ölçülür. Alınan məlumatlar avtomatik olaraq kompüterdə qeydə alınır.

Xəstəliyin əlamətləri:

  • sinir impulslarının ötürülməsində zəifləmə – sinirin iltihabından xəbər verir;
  • elektrik siqnalları sinir şaxələrinin birinə ötürülmür – sinirin gedişi boyu qırılma baş verə bilər;
  • elektrik enerjisi ilə qıcıqlanan əzələ liflərinin sayının azalması – əzələ atrofiyasının inkişafı təhlükəsi var;
  • üzün əzələləri elektriklə qıcıqlanmaya zəif cavab verir – gövdədə sinir impulslarının ötürülməsi pozulub.

Elektromiyoqrafiya

Bu üsul əzələlərdə müstəqil olaraq yaranan elektrik cərəyanlarını (elektrik cərəyanı ilə stimullaşdırmadan) araşdırır. Bu müayinə tez-tez elektroneyroqrafiya ilə birlikdə aparılır.

Üz sinirinin nevriti zamanı bu cür patologiyalar aşkar olunur:

  • elektrik impulslarına əzələdən keçmək üçün daha çox vaxt tələb olunur;
  • siqnala cavab verən liflərin sayı azalır.

Müayinə zamanı bu cür nəticələrinin alınması, sinirin zədələnməsindən xəbər verir. Bu üsul iltihabı aşkar edə bilmir, ancaq onun nəticələrini: əzələ atrofiyasını və kontrakturaları müəyyən edir. 2-3 həftədən sonra aparılan ikinci bir müayinə, müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.

Müalicə

Dərmanlarla müalicə

  1. Diuretiklər (Furosemid, Furon). Bədəndən sidik ifrazını sürətləndirir. Bununla əlaqədar toxumalar ödemdən azad edilir. Bu, damarların sıxılmasından və sinirin ödemindən xilas olmağa kömək edir. Gündə 1 dəfə 1 tablet qəbul edilir. Sidikqovucuları səhər saatlarında qəbul etmək məsləhətdir, çünki onların qəbulundan sonra 6 saat müddətində diurezin sürətlənməsi qeyd edilir. Əksər diuretiklərin tətbiqi zamanı qanda kalium ionlarının konsentrasiyası azaldığından, onların tətbiqi kalium tərkibli preparatlarla (Kalium-orotat, Panangin və s.) müştərək aparılmalıdır.
  2. Qeyri-steroid iltihab əleyhinə preparatlar (Nayz, Nurofen, Voltaren və s.). Sinir lifi boyunca iltihabı aradan götürür, üzdəki və qulaqdakı ağrıları azaltmağa kömək edir. 1 tabletdən gündə 2 dəfə, yeməkdən sonra qəbul etmək lazımdır. Lazım gələrsə, müalicə həkimi dozanı artıra bilər. Kurs 10-14 gün davam edir.
  3. Hormonal preparatlar – qlükokortikoidlər (Deksametozon, Prednizolon). Sinir liflərindəki iltihabı, şişkinliyi və ağrıları aradan qaldırır. Sinir liflərindəki impulsların keçiriciliyini yaxşılaşdıran xüsusi mediatorun ifrazını aktivləşdirir. Qlükokortikoidləri qəbul edən şəxslərdə əzələlərin kontrakturası qeyd olunmur. Deksametozonu yemək zamanı və ya sonra qəbul etmək lazımdır. İlk günlər gündəlik doza 2-3 mq təyin edilir, iltihab dayandırıldıqdan sonra doza 3 dəfə azaldılır. Müalicə kursu 10 günə qədərdir. Prednizolon sutkada 0,5-1 mq/kq nisbətində təyin edilir. Müalicə 2 həftə ərzində, preparatın dozasının tədricən azalaraq kəsilməsi üsulu ilə həyata keçirilir. Hormonal preparatların qəbulu səhər vaxtı, xəstələrin öz qlükokortikoidlərinin qanda miqdarının xüsusilə aşağı olduğu zaman məsləhətdir.
  4. Antiviral preparatlar (Zoviraks, Asiklovir və s.). Üz sinirinin iltihabına səbəb olan Herpes virusunun çoxalmasını dayandırır. Gündə 5 dəfə, 0,2 q d○zasında tabletləri, 1 tabletdən bərabər vaxt intervalı ilə qəbul edilir. Preparat bir stəkan su ilə, yemək zamanı qəbul edilsə məsləhətdir. Müalicə kursu 5 gündür.
  5. Spazmolitiklər (No-şpa, Spazmol). Damarlarda saya əzələlərin spazmını aradan qaldırır, arteriyaları genişləndirir, iltihablı ərazidə qan dövranını yaxşılaşdırır, ağrını azaldır. Gündə 3 dəfə 2 tablet qəbul edilməlidir. Müalicə kursu 2 həftəyə qədərdir.
  6. Antikonvulsantlar (Karbamazepin, Levomeprozin, Fenitoin). Sinir hüceyrələrinin işini yaxşılaşdırır, onlarda gedən mineral metabolizmini normallaşdırır. Ağrıkəsici təsiri vardır. Sinir tiklərinin və əzələ səyrimələrinin sayını azaldır. Ümumilikdə, sinir sisteminin işini yaxşılaşdırır. Gündə 2 dəfə, hər dəfə az miqdarda su ilə yarım və ya bir tablet qəbul etmək lazımdır. Müalicə kursu 10 gündür. Bu dövrdə spirtli içkilərin qəbulundan çəkinmək lazımdır, əks halda ciddi mənfi reaksiyalar baş verə bilər.
  7. B qrupu (В1, В6, В12) vitaminləri.Tiamin, Piridoksin, Riboflavin sinir hüceyrələrinin və onların çıxıntılarının tərkibinə daxildir. Onlar sinir sisteminin işində mühüm rol oynayır və onları toksinlərlə zəhərlənmədən qoruyur. Gündə 1 dəfə yeməkdən sonra 1-2 tablet qəbul etmək lazımdır. Müalicə kursu 1-2 aydır.
  8. Antixolinesteraz preparatları (Prozerin, Qalantamin). Əzələlər boyunca sinir impulslarının keçiriciliyini artırır, onların tonusunu gücləndirir. Göz yaşı və tüpürcək vəzilərinin işini normallaşdırır. Xəstəliyin ikinci həftəsindən, gündə 1-2 dəfə yeməkdən yarım saat əvvəl 1 tablet qəbul etmək lazımdır. Müalicə müddəti 4-6 həftədir. Əgər əzələlərin kontrakturları yaranarsa, bu dərmanlar ləğv edilir.

Bioloji aktiv əlavələr

Bu qrup preparatlar xəstəliyin risk amillərinə təsir etməkdə və nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində sink mineralı оlan preparatlar. Sink mineralının hesabına həmin preparatlar orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının və zülalların sintezində, hüceyrələrin regenerasiyasında iştirak edir, sinir hüceyrələrinin ötürücülüyünü artırır.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibində olan antioksidantların və adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.

Üz siniri nevritinin müalicəsi yalnız xəstəxanada və ya həkimin icazəsi ilə, gündüz stasionarında aparılmalıdır. Dərmanlardan özbaşına istifadə edilməsi ciddi əlavə təsirlərə səbəb ola bilər. Bundan əlavə, nevritin özbaşına müalicəsi üz əzələlərinin heç vaxt bərpa edilə bilməməsinə gətirib çıxara bilər.

Üz sinirinin nevritində fizioterapiya

Fizioterapevtik müalicə yalnız xəstəliyin başlanğıcından 7-10 gün sonra başlana bilər!

Fizioterapiyanın növü, göstəricilər, müalicə fəaliyyətinin mexanizmi.

  • Aşağı istilik intensivlikli Ultrayüksək Tezlikli Terapiya (UYTT). Üz sinirinin iltihabında, iltihablı ərazidə qan dövranının və limfanın xaric olunmasının pozulması zamanı yaxşı effekt verir. Yüksək tezlikli elektrik sahəsi toxumalar tərəfindən qismən udulur. Yüklü hissəciklər hüceyrələrə nüfuz edir və bu, metabolik proseslərdə dəyişikliklərə səbəb olur. Toxumalar isinir, qidalanması yaxşılaşır və şişkinlik azalır. Leykositlərin (iltihaba qarşı mübarizə edən hüceyrələrin) sayı artır. Prosedurun müddəti 8-15 dəqiqədir; 5-15 seans aparılmalıdır, günaşırı və ya hər gün.
  • Sifətin bütövlükdə və ya zədələnmiş yarısının (UB) ultrabənövşəyi şüalanması (1-2 biodoza). Şüalanma kəskin və yarımkəskin dövrlərdə (prosesin başlanğıcının 5-7-ci günü) tətbiq edilir. Periferik sinir iltihabı və şiddətli ağrı ilə müşayiət olunan sinir sisteminin xəstəlikləri zamanı yüksək effektivliyə malikdir. Ultrbənövşəyi şüalar hormonların, müxtəlif immun hüceyrələrinin və immunoqlobulinin istehsalını stimullaşdırır. Beləliklə, iltihab əleyhinə və analjezik təsirə səbəb olur. Əvvəlcə təyin olunacaq biodoza müəyyənləşdirilir. Bu, dəridə aydın sərhədləri olan qızartının əmələ gəlməsi üçün lazım olan vaxtdır (1-5 dəqiqə). Sonrakı seans vaxtı 1-2 biodozaya bərabər olur. Müalicə kursu 5-20 prosedurdur.
  • Sifətin zədələnmiş tərəfinə desimetriya (DMB). Sinir sisteminin kəskin və yarımkəskin iltihabi proseslərində yüksək tezlikli desimetrlik elektromaqnit dalğaları toxumaların temperaturunun 3-4° artmasına və maddələr mübadiləsinin aktivləşməsinə səbəb olur. Nəticədə damarlar genişlənir, qan təzyiqi yaxşılaşır və zədələnmiş sinirin funksiyaları bərpa olunur. Prosedurun müddəti 5-15 dəqiqədir. Müalicə kursu 3-15 prosedur təyin edilir.
  • Dərman maddələrinin elektroforezi (Dibazol – 0,02%, Neostiqmin – 0,1%, Nivalin, Kalium, vitamin B1). Sinir liflərində iltihabi proseslər, maddələr mübadiləsinin pozulması, əzələ kütləsinin azalması (atrofiya) zamanı yüksək effekt göstərir. Sabit, fasiləsiz kiçik güclü və gərginlikli elektrik cərəyanı iltihab əleyhinə, şişkinlik əleyhinə, analjezik, sakitləşdirici təsir göstərir. Cərəyanın köməkliyi ilə dərman preparatlarını dərinin altına yeritməyə və iltihab nahiyəsində yüksək konsentrasiyaya nail olmaq olar. Müalicə kursu 10-20 prosedur, bir prosedurun davam etmə müddəti 10-30 dəqiqədir.
    Əzələlərin iflici, kontrakturalar, üzün zədələnmiş yarısında ağrılar, sinir lifinin zədələnməsi zamanı tətbiq olunur. İmpulslu sabit cərəyanlar dəridən əzələ liflərinə daxil olur və onların yığılmasına səbəb olur. Bu, əzələlərin uzunmüddətli fəaliyyətsizliyini və zəifləməsini nəzərə alınmaqla çox vacibdir. Onlar sinir liflərinin bərpa proseslərinə kömək edir, mayeni xaric edir, iltihabla mübarizə edən fermentləri aktivləşdirir. Prosedur müddəti 10-20 dəqiqədir. Müalicə kursu, hər gün və ya günaşırı olmaqla, 10-30 prosedurdur.
  • Parafin və ya ozokerit applikasiyaları nevritin yarımkəskin dövründə tətbiq edilir. Üz əzələlərinin iflicində yaxşı effektə malikdir. Bu metodda 3 təsir mexanizm fəaliyyət göstərir: istilik, mexaniki (təzyiq) və kimyəvi (təbii qatranların absorbsiyası). Bunun sayəsində zədələnmiş sinir liflərinin bərpası prosesinin sürətləndirilməsi və iltihabın təsirindən xilas olması mümkündür. Prosedur müddəti 40 dəqiqəyə qədərdir. Müalicə kursu hər gün və ya günaşırı olmaqla, 10-20 prosedurdur.

Üz sinirinin nevritinin müalicəsi zamanı, xüsusən də fizioterapevtik prosedurları icra etdikdən sonra özünüzü mütləq soyuqdəymədən gözləməlisiniz. Soyuqdəymə vəziyyətin pisləşməsinə səbəb ola bilər. Prosedurlardan sonra otaqdan 15-20 dəqiqə çıxmamaq məsləhətdir. Soyuq küləkli havalarda başı örtmək və sifətin zədəli tərəfini şarf ilə bürümək məsləhətdir.

Akupunkturun üz sinirininin nevritinin müalicəsində tətbiqi

Akupunktura və ya refleksoterapiya üz siniri nevritinin müalicənin ən effektiv

üsullarından biri hesab edilir.

Akupunktur nöqtələrinə təsir aşağıda sadalananlara kömək edir:

  • sinirin iltihabını aradan qaldırmağa və sinirin bərpasını sürətləndirməyə;
  • ağrıları aradan qaldırmağa;
  • mimiki əzələlərin iflicindən daha sürətli xilas olmağa;
  • göz və dodaqların məcburi səyrimələrini aradan qaldırmağa.

Akupunktur sifətin zədələnmiş tərəfində əzələ tonusunu bərpa etməyə, sağlam tərəfində isə tonusu aşağı salmağa kömək edir. Beləliklə, sifət ilk gündən daha simmetrik olur.

Ancaq unutmayın ki, müvəffəqiyyətli müalicənin əsası – təcrübəli bir mütəxəssisdir. O, lazımi üsulları seçməli və həssas nöqtələr tapmalıdır. Prosedur üçün birdəfəlik iynələr istifadə olunur ki, bu da infeksiya ehtimalını istisna edir.

Effektiv müalicə üçün daxili köklənməniz çox vacibdir. Öz hisslərinizə diqqət yetirin. Dərinin deşilməsi zamanı bir az ağrı hiss edəcəksiniz. Sonra iynələr ətrafında istilik və ya sərinlik, təzyiq və qıcıqlanma hissləri konsentrasiya olacaq. Bu, iynələrin doğru yerlərə yerləşdirildiyini göstərir.

Xəstəliyin ilk günlərində iynələr yalnız sağlam tərəfə batırılır. 5-7-ci gündən etibarən zədəli tərəfdə akupunktur edə bilərsiniz. Bir çox adam öz şəxsi təcrübəsindən əmin olmuşdur ki, akupunktur müalicə müddətini 2 dəfə (2 həftəyədək) qısaltmağa imkan verir.

Masaj

Üz sinirinin nevritinnin müalicəsində masaj xəstəliyin ilk əlamətlərinin təzahüründən 5-7 gün sonra tətbiq edilməlidir. Bunun təcrübəli bir mütəxəssisə həvalə edilməsi daha yaxşıdır, çünki bu xəstəliyinin müalicəsində masajın tətbiqinin bəzi xüsusiyyətləri vardır.

  • Masajdan əvvəl boyun əzələlərini yumşaltmaq lazımdır. Bunun üçün, baş irəli və geri əyilir, dönmə və fırlanma hərəkətləri icra edilir. Bütün məşqlər çox yavaş tempdə, 10 dəfə həyata keçirilir. Çalışmaq lazımdır ki, başgicəllənmələri yaranmasın.
  • Masajı boyundan və boynun arxasından başlayın. Bununla, limfatik damarları hazırlayırlar, çünki başın üz hissəsindən əlavə limfa axını baş verir.
  • Başın həm xəstə, həm də sağlam tərəfi masaj edilməlidir.
  • Sifətə, məməyəbənzər çıxıntıya və boyuna xüsusi diqqət yetirilir. Yaxalıq zonasını da masaj edin.
  • Üz masajı xüsusilə ilk günlərdə səthi olmalıdır. Əks halda ağrılı əzələ yığılmaları meydana gələ bilər.
  • Sığallayıcı hərəkətlərlə masaja üstünlük verilir. Yüngül vibrasiya hərəkətləri də yaxşı effekt verir.
  • Hərəkətlər limfa drenajı xətti boyunca aparılır.
  • Masaj zamanı barmaqların hərəkətlərinin istiqaməti çənənin, burnun və alının ortasından tüpürcək vəzilərinə doğru yönəldilməlidir. Bu hərəkətlər çoxsaylı şəkildə təkrarlanmalıdır.
  • Limfa düyünlərinin yerləşdiyi yerləri masaj etməyin. Bu, onların iltihabına səbəb ola bilər.
  • Bu məşqləri özünüz də icra edə bilərsiniz. Bir əlininizin baş barmağını yanağın arxasına salıb əzələri yüngülcə dartmaq lazımdır. Digər əlin baş və şəhadət barmaqları ilə yanağın əzələlərini kənardan masaj etmək lazımdır.
  • Üz masajından sonra magistral kanallara limfatik axını gücləndirmək üçün ənsə və boyun əzələlərini yenidən masaj etmək lazımdır.
  • Masaj seansı boyun əzələlərinin möhkəmləndirilməsi üçün hərəkətlərlə başa çatır.

Masajın müddəti 10-15 dəqiqədir. Simptomlar tamamilə yox olana qədər masaj aparılmalıdır. Ümumiyyətlə, masaj 10-20 seans keçirilir və gələcəkdə də eyni üsulla özünümasaj edə bilərsiniz. 

Üz sinirinin nevriti zamanı hansı gimnastik hərəkətləri icra etmək lazımdır?

Gimnastika hərəkətlərinə başlamazdan əvvəl, boyun və çiyin çiyin qurşağı əzələlərini rahatlamaq üçün bir neçə məşq edin. Sonra güzgü qarşısında oturun və üzün hər iki tərəfinin əzələlərini rahatlayın. Hər bir hərəkəti 5-6 dəfə yerinə yetirin.

  1. Qaşlarınızı təəccüblə çatın.
  2. Qaşlarınızı qəzəblə çatın.
  3. Aşağı baxın və gözlərinizi bağlayın. Əgər alinmırsa, göz qapağını barmağınızla endirin.
  4. Gözlərinizi qıyın.
  5. Gözlərinizlə dairəvi hərəkətlər edin.
  6. Dişləri göstərmədən gülümsəyin.
  7. Üst dodağınızı qaldırın və dişlərinizi göstərin.
  8. Alt dodağınızı endirin və dişlərinizi göstərin.
  9. Açıq ağızla gülümsəyin.
  10. Başınızı aşağı endirin və fınxırın.
  11. Burnunuzu şişirdin.
  12. Yanaqlarınıızı şişirdin.
  13. Havanı bir yanağınızdan digərinə ötürün.
  14. Xəyali bir şamı üfürün.
  15. Fit çalmağa çalışın.
  16. Yanaqlarınızı içəri çəkin.
  17. Dodaqlarınızı boru şəklinə salın.
  18. Dodaqlar bağlı vəziyyətdə ağız bucaqlarını endirin.
  19. Üst dodaqlarınızı alt dodaqlarınızın üstünə endirin.
  20. Dilinizi açıq və qapalı ağız vəziyyətində sağa – sola hərəkət etdirin.

Əgər yoruldunuzsa, bir qədər istirahət edin və üz əzələlərinizi sığallayın. İdman prosedurunun müddəti 20-30 dəqiqədir. Hərəkətləri gündə 2-3 dəfə təkrarlamaq lazımdır – bu, bərpa üçün mütləq vacibdir.

Gimnastikadan sonra, bir yaylıq götürün, onu diaqonal üzrə qatlayın və uclarını təpənin üzərində bağlamaqla üzü fiksə edin. Bundan sonra xəstə tərəfdən üz əzələlərini yuxarı, sağlam tərəfdən isə aşağı çəkin.

Üz sinirinin nevritinin müalicəsində xalq təbabəti

Üz siniri nevritinin müalicəsində xalq təbabəti həkim tərəfindən təyin olunan müalicəni müvəffəqiyyətlə tamamlayır və sinirin bərpasını sürətləndirir. Aşağıda ən effektiv xalq təbabəti reseptlərindən bir neçəsini təqdim edirik.

1. Duz və ya qumla isitmə. Bir stəkan duzu və ya saf qumu tavada və ya mikrodalğalı sobada isitməli. İsidilmiş qumu yoğun parçadan toxunmuş bir bir çantaya doldurmalı. 1 ay ərzində, yatmazdan əvvəl yarım saat müddətində zədələnmiş nahiyəyə söykəyin. Siz xəstəliyin başlanmasından 1 həftə sonra bu prosedura başlaya bilərsiniz. İsti əzələlərin vəziyyətini yaxşılaşdırır və zədələnmiş sinirin bərpasını sürətləndirir.

2. Ovuşdurma üçün 10%-li Mumiye məhlulu. Hazır məhlulu aptekdən satın almaq olar. Məhlulun kiçik bir hissəsi pambıq bezinə çəkilir və sifət 5 dəqiqə ərzində mərkəzdən qulağa doğru olmaqla masaj edilir. Sonra bir stəkan isti süddə həll edilən 0,2 qram Mumiye ilə bir çay qaşığı bal içmək lazımdır. Müalicə kursu 2 həftədir. Mumiye periferik sinirlərin müalicəsi üçün ən təsirli vasitələrdən biridir. Bu preparat immun sistemini gücləndirir və müalicə prosesini sürətləndirir.

3. Ovuşdurma üçün ağ akasiyanın dəmləməsi. 4 qaşıq akasiya çiçəklərinə bir stəkan araq əlavə edin və 1 həftə müddətində bir şüşə qabda saxlayın. 1 ay ərzində gündə 2 dəfə ovuşdurma üçün dəmləmədən istifadə etmək lazımdır.

4. Çay və kompres üçün çobanyastığı. Bir fincan qaynar su içində 3 ədəd çobanyastığı paketi dəmləyin. 15 dəqiqə saxlayın. Çayı için, paketlərdən isə kompres üçün istifadə edin. Onları üzünüzə qoyun, üstünü isə selofan və yunlu parça ilə örtün. Çobanyastığı iltihabı aradan qaldırmağa kömək edir, spazmı və şişkinliyi azaldır. Müalicə müddəti ərzində gündə 1 dəfə istifadə etmək məsləhətdir.

5. Qara qovağın qönçələrindən hazırlanmış məlhəm. 2 qaşıq qovaq qönçələrini (təzə və ya qurudulmuş) döğrayın və 2 qaşıq kərə yağı ilə qarışdırın. İsidildikdən sonra gündə bir dəfə məlhəmi dəri üzərinə çəkin və yumşaq bir şəkildə ovuşdurun. Müalicə kursu 2 həftədir. Qovaq qönçələrində olan efir yağları və qətranlar güclü iltihab əleyhinə və analgezik təsirə malikdir və artıq müalicənin 5-7-ci günündən etibarən müsbət effekt göstərməyə başlayır.

6. Qızılgül ləçəklərindən çay. Bir qaşıq təzə dərilmiş qızılgül ləçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilir. 10 dəqiqə ərzində dəmləyin. 20-30 gün ərzində, gündə 3 dəfə 200 ml qəbul edin. Efir yağları və mikroelementlər sinir sisteminin işini gücləndirir və sinir liflərindəki impulsların keçiriciliyini yaxşılaşdırır.

Cərrahi müalicə

8-10 ay içərisində dərman vasitələrinin köməyi ilə inkişafa nail olmaq mümkün olmadıqda, cərrahi əməliyyat təyin olunur. Üz siniri nevritinin cərrahi müalicəsi yalnız xəstəliyin ilk ilində təsirlidir. Sonra əzələlərin bərpaolunmaz dəyişiklikləri başlayır.

Cərrahi əməliyyat, daha çox üz sinirinin Fallop kanalında sıxıldığından işemik nevritin yaranması zamanı lazım olur. Bu, orta qulaqın uzun sürən iltihabı və ya kəllə sümüklərinin sınması nəticəsində baş verir. Sinir travma nəticəsində qırılarsa, üz sinirinin travmatik nevriti üçün də cərrahiyyə əməliyyat lazımdır.

Əməliyyat üçün göstəriş:

  • travmatik nevrit nəticəsində sinirin yaralanması
  • konservativ müalicənin 8-12 ay ərzində təsirinin оlmaması;
  • instrumental tədqiqatlar sinirin degenerasiyasını göstərirsə.

Üz sinirinin nevriti uzun müddətli müalicə tələb edir, belə ki, ilk nəticələri yalnız 10 gündən sonra görmək olar. Ancaq ümidinizi kəsməyin, müalicə həkiminin bütün təyinatlarına dəqiq riayət olunarsa, müsbət effekt 3-4 həftə ərzində reallaşacaq.

Üz siniri nevritinin nəticələri

Nevritdən sonra sinir hüceyrələri çox yavaş bərpa olunur; onlar stress, hipotermiya və toksinlərə son dərəcə həssas olur. Bu, müalicə prosesini çətinləşdirir. Bundan əlavə, bəzi insanlar bir neçə gün ərzində ruhdan düşürlər, çünki onlar ilk günlər nəzərə çarpacaq dərəcədə yaxşılaşma görmürlər. Nəticədə onlar həkim təlimatlarına tam riayət etmirlər, masajı vaxtında aparmırlar, təyin olunmuş dərmanların hamısını qəbul etmirlər. Xəstələrin bu addımı aşağıda sadalanan ciddi ağırlaşmalara səbəb ola bilər:

1. Əzələlərin atrofiyası – əzələlərin həcminin azalması və zəifləməsi. Bunun səbəbi, əzələlərin uzun müddət aktiv olmamaları və onların trofikasının pozulmasıdır. Atrofiya dönməz bir prosesdir. Bu, xəstəliyin başlanğıcından 1 il sonra inkişaf edir. Əzələ atrofiyasının qarşısını almaq üçün gündəlik məşqlər aparın, sifətinizi masaj edin və uşaq kremi və pixt (fır) yağı ilə üzünüzü ovuşdurun (1 çay qaşığı krem ​​üçün 10 damla yağ).

2. Üz əzələlərinin kontrakturası – zədələnmiş tərəfin əzələlərinin büzülməsi, onların elastikliyinin itirilməsi. Əzələlər toxunma zamanı ağrılı olur və zəif pulsasiya edir. Sağalma 4 həftə ərzində baş vermədiyi təqdirdə bu vəziyyət inkişaf edir. Bu vəziyyətdə, əzələlərin spazmı inkişaf edir, onlar qısalır və sifətin xəstə tərəfi dartılır: göz yarığı daralır, nazolabial qat aydın görünür. Bu ağırlaşmanın qarşısını isitmə yolu ilə (duz, ozokerit), leykoplastr yapışdırmaq və masajla almaq olar.

3. Üz əzələlərinin qeyri-iradi səyriməsi – fasial hemispazm, blefarospazm. Gözün dairəvi əzələlərinin və ya insan tərəfindən idarə olunmayan digər üz əzələlərinin ritmik yığılmaları. Bunun səbəbi, üz sinirinin beyin əsasında pulsasiya edən qan damarları tərəfindən sıxılmasıdır. Nəticədə, sinir boyunca biotokların keçiriciliyi pozulur və nəzarətsiz əzələ yığılmaları baş verir. Düzgün seçilmiş dərman preparatlarının tətbiqi hemispazmın inkişafının qarşısını almağa kömək edir.

4. Üzün sinkineziyası. Bu ağırlaşmaya sinir şaxəsində elektrik impulslarının izolyasiyasının pozulması səbəb olur. Nəticədə “qısa qapanma” meydana gəlir və sinir impulsları bir nahiyədən düzgün inkişaf etməmiş sinir lifləri ilə başqa nahiyələrə yayılır. Məsələn, çeynəmək zamanı göz yaşı vəzisi qıcıqlanır və “timsah göz yaşları” görünür və ya göz yumulduqda ağız küncü qalxır. Bu ağırlaşmanın qarşısını almaq üçün hər gün özünümasaj və gimnastika etmək lazımdır.

5. Konyunktivit və ya keratit. Göz qapaqlarının daxili qişaları və buynuz qişa iltihaba uğrayır, çünki xəstə gözünü bağlaya bilmir. Bu vəziyyətdə göz alması göz yaşı ilə islanmır, quruyur, onun üzərinə iltihaba səbəb olan toz hissəcikləri yığılır. Bunun qarşısını almaq üçün xəstəlik dövründə Sistein, Oksial damlaları tətbiq edilir. Gecə yatarkən, gözləri Parin nəmləndirici məlhəmi yaxılmış bir bandaj ilə bağlamaq məsləhətdir.

Üz siniri nevritinin profilaktikası

Üz sinirinin nevriti üzün eyni tərəfində təkrarən baş verə bilər. Bu halda xəstəliyin residivindən danışmaq lazımdır. Bu halda daha uzunmüddətli müalicə tələb olunur və sinirin bərpa şansı daha azdır. Ancaq önləyici tədbirlərə əməl etməklə, residivin qarşısını almaq olar.

Soyuqdəymədən özünüzü gözləyin. Alimlər bunun əsas risk faktoru olduğunu sübut ediblər. Hətta kiçik yelçəkənlər də təhlükəlidir. Buna görə də, nəqliyyatda açıq pəncərənin qarşısında oturmayın, kondisionerin altında çox qalmaqdan çəkinin, başınızı yuyub küçəyə çıxmayın və soyuq mövsümdə mütləq başınızı örtün.

Vaxtında virus xəstəliklərini müalicə edin. Əgər xəstə olduğunuzdan şübhələnirsinizsə, dərhal antiviral preparatlar : Qroprinozin, Aflubin, Arbidol qəbul edin. Burun damlalarından immunoqlobulinli Viferon da qəbul etmək olar. Bu, sinir hüceyrələrində virusun təkrar çoxalmasının qarşısını almağa kömək edəcək.

Stresslərdən qaçın. Güclü stress immunitetin qorunmasını zəiflədir və sinir sisteminin fəaliyyətini pozur. Buna görə, autotreniq, meditasiya vasitəsilə sinir gərginliyini aradan qaldırmağı öyrənmək lazımdır. Qlisised, yemişan və pişikotu ekstraktlarından istifadə edə bilərsiniz.

Kurortlara gedin. Müalicənin nəticəsini gücləndirmək üçün kurorta getmək məsləhətdir. Quru isti iqlim kurortları: Kislovodsk, Essentuki, Pyatiqorsk, Zeleznovodsk bu məqsəd üçün ideal şəkildə uyğun gəlir.

Sağlam qidalanın. Sizin qidalanmağınız tamdəyərli olmalıdır. Əsas məqsəd immuniteti gücləndirməkdir. Bunu etmək üçün kifayət qədər miqdarda protein məhsulları (ət, balıq, pendir, yumurta), həmçinin təzə tərəvəz və meyvələr istehlak etməliyik.

Çoxlu vitaminlər qəbul edin. Lazımı miqdarda vitaminlər, xüsusilə B qrupu vitaminlərini istehlak etmək çox vacibdir. Onlar sinir hüceyrələri vasitəsilə impulsların ötürülməsində iştirak edir və onların membranlarının tərkibinə daxildir.

Bədəninizi möhkəmləndirin. Pilləli möhkəmlənmə immun sistemini gücləndirir və hipotermiyaya davamlılıq yaradır. Günəş vannalarının qəbulundan başlayın və ya sadəcə olaraq, qündə qaralın. Kontrastlı duş qəbul edin: ilk həftə, soyuq və isti su arasında temperatur fərqi yalnız 3° olmalıdır. Hər həftə suyu daha soyuq edin.

Özünümasaj. Bir il müddətində sifətinizi gündə 2 dəfə masaj xətti boyunca 10 dəqiqə masaj edin. Bir ovcunuzuzu sağlam tərəfə, digərini isə xəstə tərəfə qoyun. Sağlam tərəfin əzələlərini aşağı endirin, xəstə tərəfin əzələlərini isə yuxarı qaldırın. Bu, keçirilmiş nevritin qalıq əlamətlərindən xilas olmağa və residivdən qaçmağa kömək edəcəkdir.

Bütün bu tədbirlərin həyata keçirilməsi üz sinirinin nevritinin yaranmasının və inkişafının qarşısının alınmanda əhəmiyyətli rol oynayır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur