Skolioz

Skolioz-onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Statistik göstəricilərə əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Onlar vaxtlarının çoxunu (məktəb dərslərində, evdə ev tapşırıqlarını yerinə yetirərkən, uzun müddətli kompüter arxasında ) oturaq vəziyyətdə keçirirlər. Nəticədə bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması baş verir. Skolioz, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir.

Formasına görə isə “C”-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır ) və ya “S”-ə bənzər (torakal və lumbar nahiyədə iki qövs yaranır) kəskin onurğa boyu ağrılarla müşayət edən skolioz ayırd edilir .

Skolioz vaxtında müalicə olunmazsa fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olurlar. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.

– Onurğada yana əyilmə;
– Qabırğa qövslərində qeyri-bərabərlik;
– Kürək sümüklərinin asimmetriyası;
– Çanaq sümüklərində əyrilik;
– Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.

Rentgenoqrammalara əsasən skoliozun deformasiyaları dərəcələrlə ifadə edilir.
Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:
– 1-ci dərəcəli – 0-10°
– 2-ci dərəcəli – 11-30°
– 3-cü dərəcəli – 31-60°
– 4-cü dərəcəli ->61°

Skoliozun müalicə metodunun seçilməsi xəstəliyin dərəcəsindən asılıdır.

1-ci dərəcəli skolioz yüngül qamət əyriliyi ilə müşayət edir. Bəzən hətta valideyn tərəfindən nəzərə çarpılmır. Xəstəliyin vaxtında aşkar edilməsi, yüngül fizioterapevtik müalicə və müalicəvi idman hərəkətləri xəstəliyin proqressivləşməsinin qarşısını alır, tez müddətdə xəstədə müsbət nəticə almağa kömək edir.

2-ci dərəcəli skolioz- nəzərəçarpılacaq dərəcədə onurğa əyriliyi ilə müşayət olunur. İntensiv fizioterapiya, massaj, korset və müntəzəm müalicəvi idman hərəkətləri xəstəliyin daha da proqressivləşib, aöırlaşmaların qarşısını alır.

3-cü dərəcəli skolioz- onurğa və qabırğaların ağır və kobud deformasiyası qeyd olunur. Ürək, ağciyər və digər orqanların sıxışdırılması müşahidə edilir ki, bu da xəstənin normal həyat tərzinə təsir göstərir.

4-cü dərəcəli skolioz –onurğanın kobud deformasiyası olduğu üçün əməliyyata bilavasitə göstərişdir.

Skoliozun inkişafı daha erkən vaxtlara – körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır. Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bir çox valideynlər “zamanla skolioz düzələr” deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur.

Bunlara vaxtında müdaxilə olunmazsa, yaş artdıqca skolioz müxtəlif ağırlaşmalara yol açmış olacaq:
– Protruziya, fəqərəarası disk yırtıqları;
– Aritmiyalar, ürək nahiyəsində ağrı;
– Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);
– Süd vəzi ölçülərində fərq;
– Mədə bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.);
– Diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik);
– Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiyav;
– Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.

Skoliozun müalicəsində ən yayılmış və effektiv metod fizioterapiyadır. Müalicəvi idman və müxtəlif növ korsetlərin qamət düzlənməsində köməyi effektiv olsa da, müasir tibbin imkanları bununla məhdudlaşmır. Bu gün skoliozun müalicəsində fizioterapiyanın köməkçi metodlarının rolu əvəzolunmazdır. Onun köməkliyi ilə maddələr mübadiləsi və qan dövranının sürətlənməsi, toxumaların qanla təchizatının gücləndirilməsi, iltihabi proseslərin aradan qaldırılması və əzələ tonusunun artırılmasına (skolioz zamanı kürək əzələlərinin bir tərəfi daima gərgin və güclü,digər tərəf isə atrofiyaya uğradığından zəifləmiş) nail olmaq mümkündür. Fizioterapevtik müalicə və müalicəvi idman onurğa və əzələlərə düşən yükün doğru paylanmasına köməklik göstərir.

Fizioterapevtik prosedurlar bir neçə yüzilliklər ərzində inkişaf etmişdir, belə ki, onların effektivliyi uzun təcrübə ilə sınanır. Bir çox hallarda, xüsusilə uşaqlarda və skoliozun yüngül dərəcələrində bu üsullar qısa müddətdə əhəmiyyətli nəticələr əldə etməyə imkan verir. Buna baxmayaraq, fizioterapiya köməkçi bir vasitə olaraq qalır. Çünki xüsusi seçilmiş məşqlərlə əzələlərin möhkəmləndirilməməsi (müalicəvi idman vasitəsilə) və skoliozun səbəblərini aradan qaldırmadan skoliozun təmamən aradan qaldırılmasına yardımcı ola bilməz.

Skoliozda aşağıdakı fizioterapiya üsulları istifadə olunur: FED metodu, terapevtik müalicəvi masaj, elektroforez və fonoforez, Şarko duşu, onurğa sütunu traksiyası, maqnitoterapiya, lazer terapiyası, elektromiostimulyasiya, palçıq terapiyası, hidroterapiya, termoterapiya. Bəziləri universal şəkildə istifadə edilir, bəzilərində bir sıra əks göstərişlər var, buna görə də onların təyin edilməsi yalnız həkim tərəfindən seçilməlidir.

5 7

FED metodu

Bu skoliozun müalicəsində yeni metod olmasına rəğmən artıq pasientlərdə alınmış müsbət nəticəsinə görə öndə gedən metodlardan hesab edilir. FED metodu onurğanın 3D fiksasiya və tənzimlənən derotasiyaedici təzyiq göstərməsi vasitəsilə fəqərə sütununun deformasiyalarının müalicəsi üçün tətbiq olunur.

  • FED müalicə metodu tədricən fəqərənin deformasıyasını korreksiya edir.
  • Fəqərələrarası diskin fibroz halqasının patoloji liflərini reorientasiya edir.
  • Fəqərəarası və qabırğaarası mobilliyi (hərəkət həzmini) artırır.
  • “Concave” tərəfdə (onurğanın qabarmış hissəsinin əks tərəfi) fəqərəarası bərkidici strukturların deformasıyalarını stabilləşdirir (kapsula, bağlar və əzələlər)
  • “Concave” tərəfdə onurğanın düz, ortostatik vəziyyətini saxlamaq üçün proprioseptiv sistemini stimullaşdırır.

4 5

Müalicəvi massaj

Massaj vasitəsilə – kürək əzələlərinin tonusunu tənzimləmək, qan dövranını yaxşılaşdırmaq, ağrıları və yorğunluq hissini azaltmağa nail olmaq olur. Müalicəvi massaj proseduru kürək, boyun, büzdüm, bel və qarın əzələlərinə tətbiq olunur. Çalışmaq lazımdır ki, massaj xəstədə ağrı, diskomfort və ya narahatlığa səbəb olmasın.

Duş Şarko

Güclü su təzyiqi nəticəsində vücuda massaj effekti verir, bu təzyiqi onurğanın əyilmə olan tərəfə yönləndirsək, deformasiyanin getdikcə azaltmağa müvəffəq ola bilərik. Bu reabilitasion metod xüsusi kontrol altında aparılmalıdır, çünki güclü su təzyiqi pasientlərdə ağrı sindromuna səbəb ola bilər.

Elektromiostimulyasiya

Elektromiostimulyasiya spinal sinirlərin pozulması nəticəsində tez-tez xəstələrdə əmələ gələn əzələ spazmlarını aradan qaldırmaq üçün istifadə edilən yararlı metodlardan biridir. Müəyyən elektrik impulslarının köməyi ilə hipertonus vəziyyətində olan sinir kökünün lokal sıxışması nəticəsində yaranan ağrı sindromunu aradan qaldırmaq mümkündür. Elektromiostimulyasiya proseduruna göstəriş yalnız skoliozlu xəstələr deyil, həm də osteoxondroz, spondilyoz, hətta fəqərələrarası disk yırtıqları da ola bilər.

Elektroforez

Bu fizioterapevtik metod qalvanik cərəyanın təsiri ilə iltihab və ağrı əleyhinə dərman vasitələrinin dəri vasitəsi ilə nüfuzunu sürətləndirir. Metodun effektivliyi müəyyən müalicəvi dərman maddələrin elektrik cərəyanının təsirində ionlaşmasına və 3 həftə müddətinə dərinin dərin təbəqələrinə daxil olma qabiliyyətidir. Bu metod vasitəsilə yerli olaraq yeridilmiş dərman preparatları orqanizmə toksik təsir göstərmir və hətta eyni zamanda bədənin müxtəlif hissələrinə müxtəlif dərmanlar yeridilməsi mümkün olur.

Fonoforez

Yerli ultrasəs təsir vasitəsilə skolioz nəticəsində deformasiyaya məruz qalmış nahiyyədə qan dövranı sürətlənir və yumşaq toxumalarda iltihab sindromunun aradan qalxmasına səbəb olur. Ultrasəsin köməyi ilə dəri vasitəsilə dərman preparatlarının yeridilməsi və bu səbəbdən də onurğa boyunca ağrının azaldılaraq tez bir zamanda aradan qaldırmağa nail olmaq mümkündür. Bu metod miorelaksant və ya ağrı kəsici preparatlardan istifadə ilə müqayisədə daha az əks təsirlər ilə xarakterizə olunur.

Termoterapiya

Termoterapiya və ya istilik terapiya – təbii və süni istilik mənbələrini özündə cəmləşdirən fizioterapevtik müalicə üsuludur. İstilik tətbiqinin xarakterindən asılı olaraq nəml istilik (yerli su hamam, duş, isti kompres, palçıq, torf, gil və s.) və quru istilik (istilik yastıqcıqlar, qum, parafin, ozokerit və ya Montan mum, quru hava və elektro hamam) növləri vardır. Termoterapiya prosedurları qan və limfa dövranının, maddələr mübadələsi və metabolik proseslərin sürətləndirilməsi, bioloji aktiv maddələrin formalaşdırılması və regenerasiya prosesinin intensivləşdirilməsi, toxumalardan məhsulların reabsorbsiyası prosesini yaxşılaşdırmağa yönəldir. Bütün bunlar da öz növbəsində iltihabəleyhinə, ağrıkəsici və antiseptik effektlərə malikdir

Palçıq müalicəsi

Skoliozlu uşaqlar və yeniyetmələr üçün palçıq müalicəsi və ya piloidoterapiya müalicə metodunun istifadəsi sinir-əzələ oyanıqlılığı və enerji təminatının normallaşdırılmasına, əzələlərdə qan dövranının artmasına, dayaq hərəkət sisteminin təkmilləşdirilmiş funksional imkanlarına kömək edir. Palçıq vannaları müalicəsi kursundan sonra (ən azı 10 prosedur) qamət pozğunluqlarının aradan qalxması, asimmetriyanın azalması, kürək əzələlərin güc və dayanıqlığının artırmasına nail olmaq olur.

Maqnit terapiya

Maqnit terapiya təbii müalicə metodu hesab edilir, belə ki hər bir insan gündəlik olaraq planetimizin maqnit sahəsinin təsirinə məruz qalır. Bu metodun heç bir yan təsirləri yoxdur. Maqnit sahəsi qan dövranına müsbət təsir göstərir, zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir.

Laser terapiya

Bu üsul fizioterapiya elmində daha yeni olmasına rəğmən artıq böyük bir populyarlıq qazanıb. Laser şüasnın onurğaya təsiri ilə ağrıkəsici və iltibahəleyhinə effektə tez bir zamanda müvəffəq olmaq olar. Lazer terapiyası həmçinin zədəyə məruz qalmış onurğa sütununda yaranmış ödemin aradan qaldırılmasına və metabolizmə kömək edir. Bu xüsusiyyətlər həmçinin bel ağrısı ilə bir çox xəstəliklərin müalicəsində lazer terapiyasının istifadəsinə imkan verir: osteoxondroz, skolioz, artroz, intervertebral yırtıq.

3 9

Skolioz müalicəsi tək fizioterapiya ilə az effektivdir, kompleks şəkildə – digər müalicə növləri ilə tətbiq edilməlidir. Bunun üçün müalicəvi idman, üzgüçülük, masaj və vitamin müalicəsindən danışırıq. Fizioterapiya belə bir prosedurlar kompleksi ilə birlikdə tətbiq edilərsə əzələ korsetini gücləndirməyə, xüsusən qarın və kürək əzələlərinin distrofiyasını aradan qaldırmağa və onların yığılma funksiyasını yaxşılaşdırağa köməklik edəcəkdir. Ayrıca, vertebral-motor seqmentlərdə bloku aradan çıxarmaq, ağrı sindromunu aradan qaldırmaq və daxili orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün əlverişli şərait yaratmağa müvəffəq olacaqdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur