Artrit və ya artroz oynaqların (eləcə də sümüklərin) xəstəliyi olub, qığırdaq toxumasının normal strukturunun zədələnməsi ilə müşayət olunur. Normal vəziyyətdə oynaq qığırdaqları lövhə şəklində oynağın üzərində yerləşir və oynaqların ağrısız, maneəsiz hərəkətinə kömək edir, onları «yeyilməkdən», sürtünmədən qoruyur. Xəstəlik inkişaf etdikcə onlar sürtünərək tədricən nazikləşir və bir müddət sonra oynaqların səthinin çılpaqlaşmasına səbəb olur. Oynaqlar deformasiyaya uğrayır, hərəkətlər də azalır və təbii ki, güclü ağrılarla müşayiət olunur.
Artrozların yaranma səbəblərinə görə 1-cili və 2-cili artrozlar ayırd edilir. 1-cili artrozlar zamanı oynaqlarda mübadilə proseslərinin pozulması genetik mənşəli olur.
2-cili artrozların əsas səbəbləri – sağlam oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq təzyiqə məruz qalmasıdır. Buna aşağıdakılar gətirib çıxara bilər:
həddindən artıq çəki; travmalar; oynaqların xroniki xəstəlikləri (artritlər); mübadilə pozğunluğu ilə bağlı olan xəstəliklər (məsələn, podaqra); endokrin pozğunluqlar (qalxanvari vəzin fəaliyyətinin zəifləməsi); oynaq qığırdağının anadangəlmə inkişaf pozğunluğu.
Artrozların ilkin əlamətləri – yüngül keçici ağrılar, hərəkətlər zamanı oynaqların mütəmadi olaraq şıqqıltısıdır. Bu mərhələdə aparılan profilaktika tədbirləri əksər hallarda xəstəliyin qarşısını almış olur. Səhərlər oynaqlarda yığışma hiss olunur ki, onlar sanki hərəkətsiz olurlar. Hərəkət etməyə başladıqda ağrı əmələ gəlir və daha da artır. Bir müddət sonra ağrılar zəifləyir və tamam keçib gedir. Lakin günün axırı hərəkət çətinləşir və oynaqlarda səhərkindən daha da şiddətli ağrılar baş verir. Tədbirlər görülməzsə, bu proses illərlə davam edir, daha da güclənir, daimiləşir, sutkalarla davam edir, hətta gecələr də keçmir.
Artroza daha çox məruz qalanlar kimlərdir?
-yaşlılar, doğuşdan sonrakı dövrdə qadınlar, klimakterik dövrdə qadınlar, tez-tez soyuqdəymə ilə xəstələnənlər (buna səbəb-immun sistemin zəifləməsidir).
Əgər artroz artıq baş vermişsə, nə kimi tədbirlər görmək olar?
-Oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır
-Bədən çəkinizə diqqət yetirin, axşamlar yeməyin.
-Qida rasionuna daha çox balıqdan hazırlanmı yeməklər daxil edin, onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
-Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüt, qaraciyər qəbul edin.
-İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər.Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin.
Artrozdan əziyyət çəkənlər üçün xüsusi pəhriz varmı?
Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin.
Artroz zamani müalicələrlə yanaşı fizioterapiya olunması vacibdir