Bud-çanaq oynağı bud sümüyünün çanaq sümüyü ilə birləşdiyi yerdəki oynağa verilən addır. Bud-çanaq ağrısı sıx görülən bir problemdir. Fərqli səbəblərə bağlı olaraq demək olar ki, hər yaşda görülə bilər.
Xəstələr bud-çanaq oynağı ağrısını daha çox qasıqda, budun ön səthində, hətta dizə yayılan ağrı şəklində hiss edirlər. Bud-çanaq problemlərində yeridikdə, aşağı ətrafa yük verdikdə, istirahəttə ağrı ola bilər. Bu zaman bud-çanaq nahiyəsində şişkinlik, yerli temperatur artışı, oynaq hərəkət məhdudiyyəti yarana bilər.
Bud-Çanaq oynağı ağrısının səbəbləri nələrdir?
- Bud-çanaq oynağı ətrafındakı yumşaq toxumalardan qaynaqlanan ağrılar: Əzələlərin və sümüklərin arasında sürtünməni azaltmaq üçün yerləşən kiçik kisəciklərin iltihabı zamanı yaranan bursitlər bu bölgənin ağrılarının ən sıx səbəblərindəndir. Öyrəşmədiyimiz ağır fiziki işdən sonra əzələ ağrıları yarana bilər. Uzun məsafə qaçan bəzi idmançılarda da çox istifadəyə bağlı ağrılar görülə bilər.
- Bud-çanaq oynağının duzlaşması(Koksartroz,osteoartroz,osteoartrit)
- Revmatizmal xəstəliklər
- Anadangəlmə bud-çanaq oynağı çıxıqları
- Keçici oynaq zarı iltihabı
- Travma
- Xoş və Bəd xassəli törəmələr
- İnfeksion xəstəliklər
- Onurğanın bel nahiyəsindəki problemlər( Bel nahiyəsi osteoxondrozları, disk yırtığı, dar onurğa kanalı və s.)
Bud-çanaq ağrısı diaqnozu necə qoyulur?
Həkim xəstələrə diqqətlə suallar verərək şikayətlərini öyrənməyə çalışır. Şikayətlər fiziki müayinə qədər əhəmiyyətlidir. Buna görə də həkiminizə ağrı ilə əlaqədar ətraflı informasiya verməyiniz zəruridir. Fiziki müayinədən sonra həkiminiz sizdən qan analizləri, rentgen və MRT istəyə bilər.
Bud-çanaq nahiyəsi ağrıları necə müalicə olunur?
Bud-çanaq nahiyəsi ağrıları səbəbindən asılı olaraq müxtəlif cür müalicə olunur.
- Ağrının səbəbindən asılı olmayaraq , xüsusilə erkən dövrdə ağrını azaltmaq və mövcud xəsarəti minimuma endirmək üçün istirahət məsləhət görülür. Bu dövrdə nərdivana çıxmaq, velosiped sürmək, qaçmaq və s. kimi aktivliklərə məhdudiyyət qoyulur.
- İsti və ya soyuq tətbiqi şikayətin müddətinə bağlı olaraq tərcih edilir. Travmalara bağlı əzilmələrdə ilk 24-48 saat içində buz qoymaq tövsiyyə edilir. Revmatizmal xəstəliklərdə oynaqda şişkinlik və istilik varsa eynilə buz tətbiqi faydalıdır. Ancaq bəsit əzələ tutulmalarında , yumşaq toxuma əzilmələrində erkən dövr keçdikdən sonra isti tətbiqi daha yaxşı nəticələr verir.
- .Gərmə hərəkətləri tutulan əzələləri yumşaltmaq, istirahətə bağlı qısalmış olan yumşaq toxumaların elastikliyini artırmaq üçün faydalıdır.
- Duzlaşma və əzələ ağrılarında ağrıkəsici qəbul etmək və dərin qanlanmanı artıraraq toxuma sağalmasını sürətləndirdiyi üçün fizioterapiya tətbiq edilə bilər.
- Müalicəvi gimnastika və fizioterapiya ağrıkəsicilər qədər effektivdir. Gimnastika həm də ağrının şəklini azaldır.
- Dərman müalicəsi olaraq ağrıkəsici (QSİƏ) və əzələ spazmını götürən dərmanlar istifadə edilə bilər.
- Arıqlamaq bud-çanağa düşən yükü azaltdığı üçün ağrının azalmasına da səbəb olur.
- .Dəyənək, yerimə cihazları oynağa düşən yükü azaltmaqda və müvazinəti saxlamaqda köməkçi olduğu üçün istifadə edilə bilər.
- Xoş və bəd xassəli törəmələrdə törəmənin cərrahi yolla çıxarılması lazım ola bilər. Bud-çanaq oynağının ağır duzlaşmalarında (koksartroz), ağrı konservativ müalicəyə cavab vermədikdə sıradan çıxmış oynaq yeni süni oynaqla(endoprotez) əvəz oluna bilər. Bu əməliyyat dünyada ən effektiv və yayılmış əməliyyatlardan biridir.