Osteoxondroz – xroniki xəstəlik olub, onurğada degenerativ dəyişikliklərin inkişafı ilə xarakterizə edilir və fəqərələrin, fəqərəarası disklərin, oynaqların səthinin və bağların zədələnməsi ilə müşayiət olunur. Onurğanın osteoxondrozu onurğa sütununda yaranan ağrıların əsas səbəblərindən biridir. Tibbi statistikaya əsasən, osteoxondrozun əlamətləri dünya əhalisinin 50-90% -də müşahidə olunur. Osteoxondroz adətən, 30-35 yaşlarından təzahür etməyə başlayır. Əlverişsiz şərait səbəbindən osteoxondrozun əlamətləri daha erkən dövrdə, xüsusilə də onurğaya və ya ayaqlara uzun müddət ərzində qeyri-bərabər yük düşdükdə, travmaların nəticəsində özünü göstərə bilər.
Əksər hallarda, dəyişikliklər əvvəlcə sümüklərdə və bağlarda baş verir. Ağrı sindromu, əzələ atrofiyası, hissiyyat pozğunluqları, daxili orqanlarda dəyişikliklər kimi zahiri təzahürlər kifayət qədər gec mərhələdə qeyd edilir.
“Osteoxondroz” termini yunan mənşəli osteon – “sümük” və xondr – “qığırdaq” sözlərindən yaranmışdır. “-oz” sonluğu onu göstərir ki, bu xəstəlik sümük və qığırdağın iltihab prosesləri ilə bağlı deyil, əslində o, degenerativ-distrofik xarakter daşıyır, yəni xəstəliyin əsasında toxumaların qidalanmasının pozulması, nəticədə isə onun strukturunun dəyişikliyi dayanır.
Osteoxondrozun yaranma səbəbləri
Mütəxəssislər xəstəliyin yaranmasının endogen (daxili) və ekzogen (xarici) amillərini ayırd edirlər.
Endogen amillərə daxildir:
- bətndaxili inkişaf zamanı onurğanın formalaşması prosesinin pozulması;
- genetik meyl;
- yaşla əlaqədar dəyişikliklər;
- maddələr mübadilsinin pozulması (əsasən kalsium və fosforun).
Ekzogen amillərə daxildir:
- balanslaşdırılmamış qidalanma: zülal, maqnezium, D vitamini, sinkin çatışmaması; yağlı ərzaqların və şirniyyatın həddindən artıq istehlakı;
- hipodinamiya;
- həddindən artıq fiziki yüklənmələrə məruz qalma;
- peşəkar fəaliyyətlə (məsələn, sürücülərdə, kənd təsərrüfatı texnikasını idarə edənlərdə, yükdaşıyanlarda) bağlı daimi və ya uzun müddətli vibrasiyalara məruz qalma, duruş vəziyyətinin tez-tez dəyişilməsi (kəskin hərəkətlər, əyilib-qalxmalar və s.);
- artıq çəki;
- zəhərli kimyəvi maddələrin təsirinə məruz qalma;
- travmalar;
- arxa əzələlərinin zəifliyi;
- onurğa və fəqərəarası disklərin üzərinə düşün yükün artmasına səbəb olan yanlış duruş (donqarlıq);
- narahat pozalarda uzun müddət qalma;
- onurğa sütununun əyriliyi (S-vari);
- yastıayaqlıq;
- infeksion xəstəliklər;
- stress;
- pis ekoloji şərait;
- soyuğa məruz qalma;
- onurğa sütunuun seqmentlərinin qeyri-sabitliyi və ya hərəkətlilik dərəcəsinin həddən artıq olması;
- dikdaban və ya rahat olmayan ayaqqabıların geyilməsi;
- hamiləlik;
- idman məşqlərinin qəflətən dayandırılması.
Yükdaşıyanlar, ağır atletlər, inşaatçılar, gimnastlar osteoxondroza daha çox məruz qalırlar. Çox fikir çəkən, başlarını aşağı dikib və çiyinlərini endirib yeriyən insanlar da tez-tez osteoxondroz qazanmaq riski ilə qarşılaşırlar.
Osteoxondrozun səbəbləri
Osteoxondrozun inkişafının barəsində mövcud olan nəzəriyyələrin hər birində müxtəlif səbəblər sadalanır. Osteoxondrozun səbəbini müəyyənləşdirməkdə xüsusi çətinlik, bu xəstəliyin həm yaşlı, həm gənc insanlarda, həm fiziki cəhətdən yaxşı inkişaf etmiş, həm də daha az təlim keçmiş şəxslərdə baş verə bilməsi ilə bağlıdır. Belə bir yanlış fikir mövcuddur ki, osteoxondrozun səbəbi onurğada duzların yığılmasıdır. Hərəkət zamanı oynaqlarda xırçıltının eşidilməsi bir çox xəstələr üçün bu vəziyyətin yeganə səbəbinin “duz yığılması” olması fikrini yaradır.
Bütün canlı toxumalar kimi, onurğanın sümük toxuması və fəqərəarası diskin qığırdaq toxuması daim yenilənir və özlərnini yenidən qururlar. Daimi fiziki yükün təsirindən onlar möhkəmlik və elastiklik qazanır, yük olmadıqda isə toxumaların möhkəmliyi azalmış olur.
Bu, sümük və qığırdaq toxumalarının qidalanmasının və qanla təchizatının xüsusiyyətləri ilə bağlıdır. Yaşlı adamların fəqərəarası disklərinin öz damarları olmur, onlar qidalı maddələri və oksigeni diffuziya yolu ilə qonşu toxumalardan alırlar. Buna görə disklərin düzgün qidalanması üçün ətrafdakı toxumalarda qan dövranını fəallaşdırmaq lazımdır. Bu isə yalnız intensiv əzələ işi vasitəsilə əldə edilə bilər.
Tərkibinə görə fəqərəarası diski iki hissəyə bölmək olar: bu mərkəzdə yerləşən və diskə elastiklik verən pulpoz nüvə və onu əhatə edən möhkəm fibroz həlqədir. Fəqərəarası disklərin qidalanmasının pisləşməsi nəticəsində pulpoz nüvəni təşkil edən biopolimer birləşmələrin mürəkkəb quruluşu məhv olur. Pulpoz nüvənin tərkibində mayenin miqdarı azalır və o, daha kövrək olur. Hətta əhəmiyyətsiz bir yüklənmənin təsiri nəticəsində pulpoz nüvə parçalana bilər. Bu, onun elastikliyinin daha da azalmasına gətirib çıxarır. Həmçinin, disklərin fibroz həlqəsinin möhkəmliyi də azalmış olur. Bütün bunlar osteoxondrozun yaranmasına və inkişafına zəmin yaradır.
Osteoxondroz zamanı fəqərələrdə əmələ gələn osteofitlər, bu xəstəliyin səbəbi deyil, ancaq uyğunlaşma proseslərinin bir nəticəsidir. Fəqərənin kənarlarında yaranan osteofitlər fəqərə cisminin dayaq səthinin sahəsini artırırlar. Sahənin artması ilə əlaqədar fəqərə sütununun üzərinə düşən təzyiq kiçilmiş olur ki, bu da fəqərəarası diskin möhkəmliyinin və elastikliyinin azalmasını kompensə edir.
Fəqərə sütununda baş verən degenerativ-distrofik dəyişiklikləri zədələnmiş disklərin, oynaq bağlarının ayrı-ayrı hissələrinin, qığırdaqların, kapsulların əhəngləşməsi (kalsifikasiyası) müşayiət edir. Bu prosesə yalnız şərti olaraq duzların çökməsi adı verilə bilər. Beləliklə, bu hal osteoxondrozun səbəbi deyil, yalnız yuxarıdakı prosesin nəticəsi və son mərhələsidir.
Onuruğa sütununda baş verən struktur dəyişikliklərin geriyə inkişafı demək olar ki, mümkün deyil. Lakin onları minimuma endirmək çox real məsələdir. Əgər onurğa sütununu müalicə nəticəsində əldə edilən vəziyyətdə saxlamaq üçün səy göstərilməzsə, ağrılar yenidən yarana bilər.
Osteoxondrozun növləri
Xəstəliyin bir neçə növü var:
- Bel şöbəsinin osteokondrozu (50% hallarda) xəstəliyin ən çox yayılmış növüdür. Bu, bel şöbəsinin üzərinə daha ağır iş yükünün düşməsi ilə bağlıdır. Bel şöbəsinin osteoxondrozu skolioz və ya fəqərəarası diskin yırtığına səbəb ola bilər.
- Boyun şöbəsinin osteoxondrozu (25% hallarda) xəstəliyin ikinci ən geniş yayılmış formasıdır. Ən çox kompüterlə işləməkdən, avtomobilin idarə edilməsindən və s. səbəblərdən yaranır. Boyun şöbəsinin əzələləri zəif inkişaf etmişdir, buna görə də boyn üzərinə düşən kiçik bir yük də fəqərələrin yerdəyişməsinə səbəb ola bilər.
- Döş şöbəsinin osteoxondrozu (13% hallarda) ən az rast gəlinir, çünki onurğanın bu şöbəsi onun ən az hərəkət edən hissəsidir və qabırğalar və əzələ korseti tərəfindən yaxşı mühafizə olunur. Torakal osteoxondroz çox vaxt skolioz səbəbindən meydana gəlir. Xəstəliyə diaqnoz qoymaq çətindir, çünki onun simptomlarını digər xəstəliklərin əlamətləri ilə asanlıqla qarışdırmaq olur.
- Onurğanın yayılmış osteoxondrozu (12% hallarda) eyni zamanda fəqərə sütununun iki və ya üç şöbəsinin hamısını zədələyir.
Osteoxondrozun inkişaf mərhələləri
- Oteoxondrozun birinci mərhələsi (dərəcəsi) fəqərəarası diskin pulpoz nüvəsinin patologiyanın ilkin mərhələsi ilə xarakterizə olunur. Artıq yüklənmə nəticəsində nüvənin dehidratasiyası prosesi başlayır ki, bu da diskin hündürlüyünün azalması və fibroz həlqədə çatların yaranmsına gətirib çıxarır. Bir qayda olaraq, bu mərhələdə klinik simptomlar adətən müşahidə olunmur, yalnız rahat olmayan statik vəziyyətdə qaldıqda, fəal hərəkətlər zamanı cüzi narahatlıq hissi yarana bilər;
- İkinci mərhələ disklərin hündürlüyünün azalması fəqərələr arasındakı məsafənin azalmasına və onurğa əzələlərinin və bağlarının sallanmasına gətirib çıxarır. Bunun nəticəsində zədələnmiş diskləri olan fəqərələrin hərəkətliliyi artır ki, bu da onların yerdəyişməsi və ya sürüşməsi təhlükəsini yaradır. Xəstəliyin ikinci mərhələsində (xüsusilə müəyyən hərəkət növlərində) hərəkətlər, gücün düşməsi və bəzi vəziyyətləri aldıqda narahatlıq və ağrı hissiyyatı əmələ gəlməyə başlayır;
- Osteoxondrozun üçüncü mərhələsi fəqərəarası disklərin prolapsı və protruziyalarının əmələ gəlməsi ilə xarakterizə olunur, fəqərəarası oynaqların yarımçıxıqları və / və ya artrozunun inkişafı ilə müşayiət oluna bilər. Bəzi hərəkət növlərini icra edərkən xəstələr hərəkət məhdudluğu və cəldliyin azalmasını hiss edirlər, ətraflarında arabir sancma və keyimə duyğusu yarana bilər. Osteoxondrozun bu mərhələsində boyunda, kürəkdə, bel-oma və ya büzdüm nahiyələrində (zədələnmiş diskin yerləşdiyi nahiyədən asılı olaraq) aydın hiss edilən ağrının olması qeyd olunur;
- Osteoxondrozun 4-cü mərhələsində orqanizm fəqərələrin hipermobilliyinin nəticələrini tənzimləməyə və onurğa sütununun funksiyalarının zədələnməsinə uyğunlaşmağa çalışır. Fəqərərələrin təmas sahələrində onurğa sütununun təsbit olunmasını yaxşılaşdıran yeni sümük formasiyaları- osteofitlər meydana çıxır. Lakin bəzi hallarda osteofitlər sinirlərin sıxılmasına, fəqərələrin zədələnməsinə səbəb ola bilər. Fəqərəarası disklərdə və oynaqlarda fibrotik ankiloz başlanır. Mikrotravmaların olmaması və sinir köklərinin sıxılmaması hallarında xəstəliyin əlamətləri sönmüş olur.
Osteoxondrozun ağırlaşmaları
Vaxtında müalicə aparılmazsa, onurğanın osteoxondrozu radikulit, fəqərəarası diskin protruziyası və yırtıqlarına səbəb olur. Onurğanın istənilən hissəsində yaranan fəqərəarası diskin yırtığı onurğa beynini zədələyə və bədənin bəzi hissələrində iflic törədə bilər.
Vaxt keçdikcə, osteoxondroza arterial hipertenziya və ya hipotoniya, vegetativ-damar distoniyası da qoşula bilər. İnfarktın və insultun yaranma riski artır.
Döş osteoxondrozunun ağır nəticələrinə qabırğaarası nevralgiya; ürək, mədə, bağırsaq, qaraciyər, böyrək və mədəaltı vəzi ilə bağlı problemlər aid edilir.
Bel osteoxondroz işiasa – oturaq sinirin iltihabına səbəb ola bilər. Bu zaman insanın ayağında və bel qurşağında güclü ağrılar qeyd edilir. Xəstəlik tez-tez kiçik çanaq üzvlərinin xroniki iltihabına səbəb olur. Qadınlarda bu, sonsuzluğa, kişilərdə isə impotensiyaya gətirib çıxarır.
Boyun osteoxondrozun ən təhlükəli ağırlaşması onurğa arteriyalarının kompressiyasıdır. Bu damarlar baş beynin 1/3 hissəsini qanla təmin edirlər. Bu zonanın qanla təchizinin pozulması ürək-damar və tənəffüs sistemləri, eşitmə, görmə, koordinasiya ilə bağlı problemlərə səbəb ola bilər.
Osteoxondrozun simptomları
Xəstəliyin kliniki təzahürləri zədələnmiş nahiyəyə yaxın olan qan damarlarının və sinir toxumasının zədələnməsi prosesə cəlb olunması səbəbindən yaranır. Onlar həmçinin fəqərə sütununun anatomiyasında baş verən dəyişikliklərlə əlaqəli ola bilərlər. Osteoxondrozun sindromları (yəni simptomlar kompleksləri) dörd qrupa bölünürlər.
1. Statik Sindrom
Statik əlamətlər fəqərələrin şəklindəki dəyişikliklərlə bağlıdır. Nəticədə, xəstənin qaməti pozula bilər: oynaqlarda patoloji hərəkətlilik meydana gəldikdə skolioz, kifoz və ya lordoz yarana bilir. Həmçinin onurğa sütunundakı olan oynaqlarda hərəkət məhdudluğu da müşahidə edilə bilər ki, bu zaman xəstə başını döndərə və ya tam düzlənə bilmir.
2. Nevroloji sindrom
Nevroloji simptomlar sinir toxumasının zədələnməsi ilə əlaqədar yaranır. Bu zaman, bədənin müəyyən nahiyələrin dərisinin həssaslığı və ətraflarda hərəkətlərin (əzələ təqəllüsünün gücünün azalması) pozulmaları qeyd edilir.
Osteoxondrozun əsas nevroloji təzahürü, onurğa beyin sinirləri kökcüklərinin sıxılma və ya qıcıqlanması nəticəsində yaranan ağrıdır. Xəstəliyin ilk mərhələlərində narahatlıq adətən lokal, yəni onurğanın zədələnmiş nahiyəsi ilə məhdudlaşmış olur. Patologiyanın inkişafı ilə birlikdə, ağrı zədələnmiş kökcüyün innervasiya etdiyi bədənin uzaq nahiyələrinə qədər yayılır. Tez-tez dəri hissiyyatının pozulması: “qarışqa gəzməsi” hissi, sancma və keyimə qeyd edilir.
Bu xəstəlikdə motor funksiyasının pozulması (hərəki pozğunluqlar) hissiyyat pozğunluqlarına nisbətən daha az müşahidə olunur. Hərəki funksiyanın pozulma dərəcəsindən asılı olaraq, onlar parezlər və ya iflic şəklində təzahür edirlər. Məsələn, bel nahiyəsinin osteoxondrozu zamanı bəzən sağ və ya sol ayağın parezi qeyd edilir.
3. Damar sindromu
Damar simptomları iki səbəbdən inkişaf edir:
a) Dəyikliyə məruz qalmış fəqərələr və onların çıxıntıları tərəfindən arteriya və venaların birbaşa sıxılması nəticəsində. bu cür sıxılma, boyun osteoxondrozu üçün xarakterikdir, çünki məhz bu nahiyədə, fəqərə çıxıntılarındakı dəliklərdən baş beyni qanla təchiz edən iri damarlar keçir. Nəticədə beyin bəzi nahiyələrində oksigen çatışmamazlığı ilə bağlı simptomlar yaranır: məsələn, daxili qulaqda qan təchizati pozulduqda başgicəllənmə və ürəkbulanma meydana çıxır.
b) Simpatik sinir sisteminin tonusunun dəyişməsi nəticəsində. Onun tonusu onurğa sütununu nahiyəsində yerləşən sinir kələfinin qıcıqlanması zamanı yüksəlir. Nəticədə periferik damarların uzun müddətli spazmı və daxili orqanların xroniki işemiyası yaranır.
4.Trofik sindrom
Trofik sindrom toxumaların qidalanmasının pozulması və səthi dəri qüsurlarının (xoraların) əmələ gəlməsi ilə xarakterizə olunur. Trofik sindrom damar və nevroloji amillərin kombinasiyası nəticəsində meydana gəlir.
Osteoxondrozun simptomları, onurğa sütununun hansı şöbəsinin zədələnməsindən asılı olaraq fərqlənirlər.
Boyun osteoxondrozun simptomları
Boyun osteoxondrozun ilk simptomu çox vaxt ağrıkəsicilərin tətbiqindən sonra da kəsməyən baş ağrısı olur. Ağrılar, ənsə nahiyəsindən başlayır və sonra gicgahlara yayılır. Ağrı hissiyyatı uzun müddət məcburi bir vəziyyətdə (yuxu, oturaq iş) qaldıqdan sonra güclənə bilər.
Çox vaxt baş ağrısına çiyin qurşağı nahiyəsində və yuxarı ətraflarda narahatlıq və hissiyyatın pozulması da qoşulur. Prosesin şiddətlənməsi hallarında, yuxarı ətrafların parezi, hətta iflici də müşahidə edilə bilər.
Ağrının simptomları tez-tez beynin müxtəlif nahiyələrində qan təchizatının pozulması əlamətləri ilə müşayiət olunur:
- Ilbiz və yarımdairəvi kanalcıqlar nahiyəsində qan dövranının zəifləməsi zamanı başgicəllənmə, ürəkbulanma, qulaqlarda küy müşahidə olunur.
- Görmə aparatının qidalanmasının pozulması zamanı, gözlərin qarşısında ” uçan nöqtələrin” olması və görmə itiliyinin azalması müşahidə edilə bilər.
- Ani şüur itkisi ahıl yaşlı şəxslər üçün daha çox xarakterikdir, çunki adətən onların beyni artıq xeyli müddət arteriyaların aterosklerotik daralması səbəbindən oksigen açlığına məruz qalmış olurlar. Osteoxondrozda qan dövranının pozulmasının uzun müddət ərzində davam etməsi beynin bəzi nahiyələrinın qidalanmasının tamamilə dayandırılmasına gətirib çıxara bilər.
- Nadir hallarda dilin keyiməsi və səsin dəyişilməsi qeyd edilə bilər.
- Diafraqma sinirinin qıcıqlanması hıçqırıq və ya havanın çatmaması hissinin yaranmasına səbəb ola bilər ki, bu da çox vaxt təngnəfəslik və ölüm qorxusu ilə müşayiət olunur.
Hansı statik halların müşahidə edilməsi osteoxondrozun mərhələlərindən asılı olur. Lakin adətən bunlar, onurğa sütununun boyun şöbəsindəki oynaqlarda yarımçıxıqlar və boyundakı hərəkətliliyin məhdudlaşmasından ibarət olur.
Döş osteoxondrozunun simptomları
Onurğanın döş nahiyəsi daha az zədələnir, lakin döş osteoxondrozunun simptomları olduqca müxtəlifdir.
Ağrı xəstəliyin erkən mərhələlərində başlayır və döş (qabırğaarası, kürək nahiyəsində) və qarnın yuxarı nahiyələrində rast gəlinir. Çox vaxt döş osteoxondrozunun ilk əlamətləri digər xəstəliklərin simptomlarını (stenokardiya, xolesistit, bağırsaq və ya böyrək sancısı) xatırladır.
Döş osteoxondrozunda aşağıdakı simptomlar daha çox qeyd edilir:
- sinədə, kürəyin arasında, qolu yuxarı qaldırarkən və əyilən zaman ağrıların olması;
- ağrılar daha çox gecələr, hipotermiya zamanı, hərlənmə hərəkətləri edərkən, böyük fiziki yüklərə məruz qaldıqda hiss olunur;
- dərindən nəfəsalma və ya nəfəsvermə zamanı ağrı hissiyyatı güclənir
- ayrı-ayrı dəri nahiyələrinin keyiməsi, “qarışqa gəzməsi” hissiyyatı;
- qaşınma, yanma, ayaqların soyuması hissiyyatı;
- yeriyərkən qabırğa arasında ağrı tutmalarının yaranması
- sinənin həlqə içərisində sıxılması hissi.
Onurğa beyninin zədələnmə səviyyəsindən asılı olaraq viseral simptomlar (yəni daxili orqanlarla əlaqəli) adlanan əlamətlər yarana bilər:
- Yuxarı-döş seqmentindəki dəyişikliklər udma aktının pozulması, boğazda “yumaq” hissi və öskürəklə müşayiət olunur;
- orta-döş seqmentindəki dəyişikliklər zamanı qastrit və mədə xorasını xatırladan qastralgiya və aritmiya və qan təzyiqinin artması ilə müşayiət olunan kardialgiya yaranır;
- Aşağı-döş kökcüklərinin qıcıqlanması bağırsaq peristalsisinin pozulmasına və appendisitə oxşar simptomların meydana gəlməsinə gətirib çıxarır.
Bel osteoxondrozunun simptomları
Bel nahiyəsinin osteoxondrozu bir çox simptomlarla özünü göstərə bilər, lakin ilk növbədə onun ilk əlamətləri bel qurşağı və ayaqlarda ağrı, bir də ayaqların dərisində keylik olur.
Bel-oma şöbəsinin osteoxondrozunun simptomları:
- Hissi kökcüklər zədələndikdə, ağrı müşahidə olunur – bu, bel şöbəsinin zədələnməsinin ən tipik təzahürüdür. Fiziki çalışmalardan sonra ağrı hissinin yaranması mümkündür.
- Hərəki liflər zədələndikdə, aşağı ətrafların parezi və iflici ağrı hissiyatına əlavə olunur.
- Tez-tez sinir sisteminin simpatik tonusunun yüksəlməsi və sidik-cinsiyyət üzvlərinin qan təchizatının pisləşməsi səbəbindən kiçik çanaq fuksiyalarının pozulması qeyd edilir.
Nəticə
Osteoxondroz müxtəlif simptomlarla özünü göstərə bilər və həmişə ilk əlamətlərə əsasən ondan şübhələnmək olmur. Bununla əlaqədar xəstələr əvvəlcə profil mütəxəssisinə (nevropatoloqa) deyil, kardioloqa, qastroenteroloqa və ya terapevtə müraciət edirlər. Buna görə dəqiq diaqnozun qoyulması yalnız xarakterik ağrı sindromunun meydana çıxmasından sonra mümkün olur.
Osteoxondrozun diaqnostikası
Osteoxondozun diaqnostikası – xəstəliyin aşkar edilməsi və klinik diaqnozun qoyulması üçün müxtəlif metodların və prinsiplərin istifadəsinə əsaslanan tibbi müayinədən ibarətdir.
Osteoxondrozun diaqnostikası mərhələləri:
1. Anamnezin toplanması xəstənin şikayətlərinin öyrənilməsi və xəstəliyin tarixinin aydınlaşdırmasıdır. Həkim xəstə ilə söhbət edərkən onun vəziyyətinə dair suallar verir: nə narahat edir; xoşagəlməz hissiyyatın lokallaşdığı əsas nahiyələr; bu hisslərin davam etmə müddəti və intensivliyi; ağrının yaranmasını və ya güclənməsini təhrik edən səbəblər; vəziyyətin yaxşılaşmasına nə səbəb olur. Həmçinin, “osteoxondroz” diaqnozunun qoyulmasında xəstəliyin tarixinin araxdırılması çox vacibdir: xoşagəlməz duyğular və hərəkət məhdudluğu nə zaman yaranıb; onların meydana gəlməsinə nə səbəb ola bilər; xəstəliyin davam etmə müddəti; əvvəllər aparılan müalicələr və onların effektivliyini; xəstəlik son dəfə nə vaxt kəskinləşib və necə keçib. Xəstənin həyat tarixinin aydınlaşdırılması da çox mühümdür: məişət şəraiti; iş şəraiti (ağır fiziki yüklərlə bağlı əmək fəaliyyəti, kompüterin arxasında çox oturmaq və s.); keçirdiyi həyat tərzi; zərərli vərdişlərin olması; həyatı boyu hansı xəstəliklər keçirib; kəllə-beyin və onurğanın travmalarının olması; irsi amil (qohumlarında onurğa xəstəliklərinin olması).
2. Fizioloji müayinə xəstənin bədən vəziyyəti, yerişi və hərəkətləri qiymətləndirir; dəri örtüklərində qızartı, səpki, qabıq vermənin olub-olmaması yoxlanılır; bədənin sağlam və xəstə nahiyələrinin simmetrik hissələri müqayisə edilir; hərəkətlərin həcmi müəyyən edilir (gövdənin əyilməsi və dairəvi hərəkətləri, onurğanın müxtəlif şöbələrində fırlanma hərəkətlərinin həcmi); əzələ spazmları, ödem, ağrılı qalınlaşmalar, dərinin temperaturunu müəyyən etmək üçün ağrılı nahiyənin palpasiyası icra olunur; əzələnin səthi və dərin qatlarının palpasiyasının köməyilə əzələ sisteminin ümumi vəziyyəti (əzələ tonusu, onların həcminin artması və ya azalması) qiymətləndirir; çəkic və ya barmaqla aparılan perkussiyanın köməyilə ağrının yayılma zonası (irradiasiya) müəyyən edilir; iynənin vasitəsilə ağrı hissiyyatı müayinə olunur; müayinənin sonunda həkim dartılma sınaqlarının (Neri, Laseq, Vasserman və s. simptomları) köməyilə hissi kökcüyün qıcıqlanmaının olub-olmamasını müəyyən edir.
3. Rentgenoloji müayinə Rentgenoqrafiyada daha dəqiq informasiya əldə etmək üçün onurğa sütununun hər bir şöbəsi ayrı-ayrılıqda tədqiq edilir. Şəkillər iki çəp proyeksiyada və bir-birinə perpendikulyar olan iki müstəvidə (ön və yan) çəkilir. Lazım gələrsə, funksional rentgenoqramma təyin edilə bilər ki, bu zaman xəstənin bükülmə, açılma və ya yanlara əyilmış vəziyyətlərində şəkilləri çəkilir. Xüsusi göstərişlər olduqda, daha dəqiq məlumat əldə etmək üçün rentgenoqrafiya onurğa kanalına, yuxu və ya onurğa arteriyasına, zədələnmiş fəqərəarası disk və ya fəqərə sütununun daxilinə kontrast maddənin yeridilməsi ilə həyata keçirilir: diskoqrafiya, angioqrafiya, mieloqrafiya, pnevmomieloqrafiya. Osteoxondrozun əsas rentgenoloji əlamətləri: fəqərələrin patoloji hərəkətliliyi; fəqərə cisimlərinin yerdəyişməsi; diskin kalsifikasiyası (duzların çökməsi); bel və boyun şöbələrində fəqərələrarası yarığın bərabər dərəcəli, döş şöbəsində isə pazşəkilli daralması; osteofitlərin yaranması (fəqərələrin kənarlarında sümük çıxıntıları); zədələnmiş diskin sərhədində qalınlaşmanın (subxondral skleroz) yaranması; fəqərə sütununun ayrı-ayrı şıbələrinin formasının dəyişilməsi, məsələn bel lordozunun düzlənməsi.
4. Kompüter tomoqrafiyası (KT) müayinəsi Onurğanın osteoxondrozu zamanı KT müayinəsi onurğa sütununun bir və ya iki seqmentinin məqsədəuyğun şəkildə təsvirlərinin alınmasından ibarət olur. Bu müayinə üsulu fəqərə cisimlərini, damarları, bağları və yumşaq toxumaları nəzərdən keçirməyə imkan verir. KT vasitəsilə sinir kökcüyünün sıxılmasını, fəqərəarası diskin konturlarının dağılmasını, diskin hündürlüyünü, sərt beyin qişasındakı dəyişiklikləri, osteofitləri, fəqərələrin qeyri-sabitliyini aşkar etmək olur. Kompüter tomoqrafiyası müəyyən bir fəqərəarası diskin vəziyyətini dəqiqləşdirmək üçün rentgenoqrafiyadan sonra həyata keçirilir.
5. Maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi Onurğanın osteoxondrozunun diaqnostikasında MRT müayinəsi elektromaqnit dalğalarının vasitəsilə onurğa kanalının və onun ətrafında olan ayrı-ayrı toxumaların şəklinin çəkilməsi və kompüter vasitəsilə emal edilməsindən ibarət olur. Bu müayinə üsulu, xəstənin orqanizminə ionlaşdırıcı şüalanmanın zərərli təsiri olmadan qan damarlarının, sinir çıxıntılarının və fəqərəarası disklərin dəqiqliklə müayinə edilməsinə imkan verir.
Onurğanın bel şöbəsinin KT və ya MRT müayinələri onurğanın bütün strukturlarını görməyə, fəqərəarası diskləri diqqətlə müayinə etməyə (həmçinin pulpoz nüvəni və fibroz halqanı da), fəqərəarası dəliyi və, onurğa kanalının daxilini müşahidə etməyə imkan verir. Fəqərəarası diskin hətta cüzi dərəcəli qabarması da diqqətdən kənar qalmir. Bu metodlar (xüsusilə MRT) əgər fəqərəarası diskin yırtığı olarsa, onun istiqamətini, onurğa beyninin və sinir köklərinin sıxılma dərəcəsini müəyyən etməyə imkan verir. Beləliklə, bu metodlar rentgenoqrafiyaya nisbətən onurğa sütununun, xüsusilə də onun bel şöbəsinin osteoxondrozunun diaqnostikasında daha çox informativdirlər. Bundan əlavə, onlar həm də digər xəstəliklərin (şişlər, onurğa beyni qan dövranının pozğunluqları, vərəm spondiliti, osteomielit, Bexterev xəstəliyi, revmatizm, sirinqomieliya, abses, fəqərə sütununun və onurğa beyninin strukturunda olan anadangəlmə qüsurları) aşkar edilməsinə imkan verir ki, bu da bel ağrısı səbəbləri differensial diaqnostikasında çox vacib əhəmiyyət kəsb edir.
Osteoxondrozun müalicəsi
Osteoxondrozun müalicəsi kompleks yanaşmaya əsaslanır və mərhələsindən asılı olaraq, 1-3 ay davam edir. 1 il müddətində isə əldə olunmuş nəticəni möhkəmləndirmək və residivlərin qarşısını almaq üçün dəstəkləyici tədbirlərin aparılması tövsiyə edilir.
Osteoxondrozun konservativ müalicəsi dərman preparatlarının qəbulu, müalicəvi bədən tərbiyəsi (MBT), fizioterapiya, massaj, akupunktura və s. ibarətdir. Heç bir halda cərrahi metod osteoxondrozun müalicəsində ilk seçim ola bilməz və müsbət dinamika olmadıqda, uzun sürən konservativ terapiyanın fonunda xəstəliyin proqressivləşməsi və ağırlaşmalara gətirib çıxardığı zaman təyin edilir.
Bunlardan əlavə, osteoxondroz zamanı ümumi tövsiyələri yerinə yetirmək: pəhrizə riayət edilməsi, reabilitasiya üçün zəruri olan tədbirləri görmək lazımdır.
Osteoxondrozun konservativ müalicəsi
Konservativ müalicə ağrı sindromunu yox etmək, onurğa sütununun funksiyasını normallaşdırmaq və mənfi dəyişikliklərin qarşısını almaq məqsədi daşıyır.
Osteoxondrozun konservativ terapiyasına aşağıdakı müalicə növləri daxildir:
6. Dərman müalicəsi
Osteoxondroz zamanı dərman preparatları ağrı sindromunu və toxumalardakı iltihablı prosesləri dayandırmaq və orqanizmin metabolik proseslərini normallaşdırmaq məqsədilə tətbiq olunur. Şiddətli ağrı sindromunda, həmçinin əzələ-tonik sindromunun təzahür dərəcəsinin azalmasına səbəb olan sinir uçlarının medikamentoz blokadalarının istifadə edilməsi də təklif olunur. Blokadalar haqqında ətraflı məlumat “Fəqərəarası dissklərin yırtıqları” mövsuna həsr edilmiş məqalədə geniş verilmişdir.
Onurğanın osteoxondrozunun müalicəsində təyin edilən dərman preparatları tabletlər, kapsullar, məlhəmlər, gellər, inyeksiyalar, apllikasiyalar və s. şəklində tətbiq edilirlər.
Beləliklə, osteoxondrozun müalicəsində hansı preparatlar təyin edilə bilər?
7. QSİƏP (qeyri-steroid iltihab əleyhinə preparatlar)
İltihabı və ağrını aradan qaldırırlar. Xaricə (gel, krem), daxilə (kapsul və tablet), eləcə də inyeksiya şəklində (əzələdaxili, venadaxili, dəri altına) tətbiq edilirlər.
- Diklofenak (Voltaren, Diklak). 25 mq dozasında tabletlər, sutkada 2 dəfə daxilə, 3 ml 2,5%-li məhlulu əzələyə, 2%-li məlhəmi və ya 1%-li geli (Voltaren Emulgel) yerli olaraq təyin edilir.
- İbuprofen (Nurofen, Dolgit). 0,2 q dozasında tabletlər, sutkada 2 dəfə daxilə, 20%-li kremi (Dolgit) yerli olaraq təyin edilir.
- Ketoprofen (Ketonal, Fenbofid, Fastum). 50 mq dozasında kapsulları, sutkada 2 dəfə daxilə və 100 mq dozasında şamları axşamlar təyin edilir. Fastum gel yerli olaraq işlədilir.
- Nimesulid (Nimesil, Naiz). 100 mq dozasında tozunu suda həll edərək sutkada 2 dəfə daxilə, 100 mq dozasında tabletlər sutkada 2 dəfə daxilə, 0,1%-li geli yerli olaraq təyin edilir.
- Meloksikam (Movalis, Movasin). 7,5 mq dozasında tabletləri sutkada 1 dəfə daxilə təyin edilir.
8. Vazodilatatorlar (damargenəldici preparatlar)
Osteoxondroz zamanı əzələ gərginliyi və ağrı sindromu nəticəsində qan damarlarının daralması baş verir. Bu arzuolunmaz təsirlərin qarşısını almaq, həmçinin qan damarlarını genişləndirmək və toxumaların qidalanmasını gücləndirmək məqsədilə aşağıdakı preparatların təyin olunması məsləhət görülür:
- Pentoksifillin (Trental). 100 mq dozasında drajelər və ya tabletləri, 2 ədəd olmaqla, sutkada 3 dəfə daxilə qəbul etməli.
- Aktovegin. 1 draje, sutkada 3 dəfə daxilə və 5 ml məhlulu, sutkada 1 dəfə əzələyə və ya venaya təyin edilir.
- Berlition. 300 mq dozasında tabletləri və ya kapsulları, sutkada 1 dəfə 2 ədəd olmaqla daxilə təyin edilir.
- Teonikol (Koplamin, Ksantinol nikotinat). 0,15 q dozasında tabletləri sutkada 3 dəfə daxilə və ya 2 ml 15%-li məhlulu, sutkada 1-2 dəfə əzələyə təyin edilir.
- Nikotin turşusu (PP vitamin). 1 ml 1%-li məhlulu , dəri altına təyin edilir.
9. Miorelaksanlar
Əzələlərə boşaldıcı və sakitləşdirici təsir göstərirlər. Bu preparatlar olmadan bərpa prosesi çox ləng gedir. Çünki onların köməyilə qan dövranı normallaşır, ağrı hissiyyatı kütləşir, hərəkətlilik bərpa olunur və zədələnmiş toxumalar daha sürətlə bərpa olurlar. Bu məqsədlə təyin olunan preparatlar aşağıdakılardır:
- Sirdalud (Tizanidin). 2-4 mq dozasında tabletlər, sutkada 3 dəfə daxilə təyin edilir.
- Midokalm. 50 mq dozasında drajesi, sutkada2-3 dəfə daxilə təyin edilir.
- Baklofen. 10 mq dozasında tabletlər, sutkada 2 dəfə daxilə təyin edilir.
10. Xondroprotektorlar
Xondroprotektorlar fəqərəarası diskin dağılmasına imkan vermir və onun vəziyyətini sabitləşdirirlər. Xondroprotektorların qəbulu uzun müddət, ömür boyu aparılmalıdır və ən azı 6 ay müddətində müalicədən sonra onlar effect verməyə başlayır. Xondroprotektorlar xaricə, daxilə və inyeksiya şəklində tətbiq olunurlar.
- Qlükozamin (Dona). 1 tablet və ya 1 paket tozu suda həll edib, sutkada 1 dəfə daxilə təyin olunur.
- Xondroitin (Xondroksid, Struktur). 250 mq-lq kapsulları ilk 3 həftə ərzində 3 kapsuldan, sutkada 2 dəfə, sonra isə 2 kapsuldan sutkada 2 dəfə daxilə təyin edilir.
- Qlücozamin + Xondroitin (Artra). 3 tabletdən, sutkada 3 dəfə daxilə təyin edilir.
- Qlükozamin + Xondroitin + vitaminlər (Terafleks). İlk 3 həftə ərzində sutkada 3 dəfə 1 kapsul, sonra isə sutkada 2 dəfə 1 kapsul daxilə təyin edilir.
- Alflutop (4 növ dəniz balıqlarının konsentratı). Sutkada 1 ml məhlulu əzələyə təyin edilir. Müalicə kursu – 20 gündür.
- Rumalon – 1ml-lik ampullarda. Birici gün 0,3 ml dozasında, 2 gün sonra 0,5 ml , sonra isə 3 gündən bir əzələyə təyin edilir. Müalicə kursu 5-6 həftədir.
11. Antioksidantlar
Bu maddələr hüceyrə sağlamlığının keşikçiləridirlər. Onlar azad radikalları neytrallaşdırır, membranın zədələnməsinin qarşısını alır, insanın qüvvəsini və gözəlliyini qoruyurlar. Antioksidanlar nəinki hüceyrələrin bütövlüyünün pozulmasının qarşısını alır, həm də məhv edilmişlərin bərpasını sürətləndirir, bədənin infeksiyalara qarşı müqavimətini artırır.
Tokoferol asetat (E vitamini). 1 kapsuldan, sutkada 3 dəfə daxilə və ya 1 ml 30%-li məhlulunu əzələyə təyin edirlər.
Askorbin turşusu (C vitamini). 50 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə və ya 2 ml 5%-li məhlulu əzələyə təyin edilir.
Tioktasid (Lipoy turşusu). 25 mq dozasında tabletləri, sutkada 2-3 dəfə daxilə və ya 2 ml 0,5%-li məhlulu venaya təyin edilir.
Meksidol. 2 ml 5%-li məhlulu, sutkada 1 dəfə əzələyə təyin edilir.
12. Sedativ (sakitləşdirici) preparatlar
Uzun müddətli ağrı sindromu stress və depressiyaya səbəb ola bilər. Bu vəziyyətdə pişikotu, yemişan preparatları, kombinə olunmuş dərman bitkiləri preparatları təyin olunur. Daha ağır pozğunluqlar zamanı antidepresanlar – Simbalta (Duloksetin) 60 mq dozasıənda, 1 kapsuldan, sutkada 1 dəfə daxilə təyin edilir. Yuxu prosesini və yuxunun keyfiyyətinin yaxşılaşdırılması üçün – yuxugətirici preparatlar, məsələn Donormil təyin edilir. Donormilin 15 mq dozasında suda həll olan və ya adi tabletləri, yatmazdan 15 dəqiqə əvvəl qəbul edilir.
13. Vitaminlər və vitamin-mineral kompleksləri
B qrupu vitaminləri burada böyük əhəmiyyət daşıyır, çünki onlar zədələnmiş sinir liflərinin həssaslığını bərpa edə və ağrı sindromunu azalda bilirlər. Onlar:
Milqamma (tablet və inyeksiya üçün məhlulu). 1 tabletdən, sutkada 2 dəfə daxilə və ya 2 ml məhlulu, sutkada 1 dəfə əzələyə təyin edilir.
Trivitron (inyeksiya üçün məhlulu). 3 ml məhlulu, günaşırı əzələyə təyin edilir.
Neyromultivit (tablet) kimi preparatların tərkibinə daxildirlər. 1 tablet, sutkada 2 dəfə daxilə təyin edilir.
Orqanizmin ümumi möhkəmləndirilməsi üçün vitamin-mineral kompleksləri (Komplivit, Multi-tabs və s.) da təyin edilə bilər.
Komplivit – sutkada 1 tablet daxilə təyin edilir.
Multi-tabs – sutkada 1 tablet daxilə təyin edilir.
Osteoxondrozun müalicəsində fizioterapiyanın tətbiqi
Bir müalicə üsulu olaraq fizioterapiya uzun müddətdir ki, mövcuddur. Onun köməyilə dərman vasitələrini lazım olan nahiyəyə tez və ağrısız olaraq çatdırmağa imkan verir. Fizioterapiyanın köməyil yalnız zədələnmiş nahiyəyə təsir göstərilir (bütün orqanizmə toxunmadan), demək olar ki, əlavə təsirləri yoxdur, allergik reaksiyalara səbəb olmur və müxtəlif yaşda və fiziki vəziyyətdə olan xəstələrə tətbiq edilə bilmir. Məhz bu səbəbdən osteoxondrozun müalicəsində fizioterapiya əsas olmasa da, geniş yayılmış müalicə üsuludur.
Fizioterapiya müalicə prosesini 1,5-2 dəfə sürətləndirməyə imkan verir və xroniki xəstəliyin inkişafını dayandırır.
Fizioterapiya nə üçün və hansı üsullarla həyata keçirilir
Fizioterapiyanın mahiyyəti müxtəlif fiziki amillərin – istilik, soyuq, elektrik və maqnit sahələri, müxtəlif radiasiya növləri, mexaniki təsirlərin orqanizmə təsirindən ibarətdir.
Osteokondroz zamanı fizioterapiya orqanizmdə bərpa proseslərini stimullaşdırmaq və ağrılı simptomlarını aradan qaldırmaq üçün təyin edilir.
Prosedurların təsiri:
- ağrıların ləğv edilməsinə;
- iltihab əlamətlərinin aradan qaldırılmasına;
- spazma uğramış əzələlərin süstləşdirilməsinə;
- zədələnmiş nahiyədə qanın mikrosirkulyasiyasının bərpa edilməsinə;
- sıxılmış sinir köklərinin azad olunmasına;
- zədələnmə ocaqlarında maddələr mübadiləsinin normallaşmasına doğru yönəldilmiş olur.
Fizioterapiyanın orqanizmə ümumi faydalı təsirlərindən aşağıdakıları qeyd etmək olar:
- immuniteti gücləndirilməsi;
- ürək-damar sisteminin və hərəki fəaliyyətin stimullaşdırılması;
- dərmanlara tələbatın azaldılması və müalicə müddətinin qısaldılması.
Osteoxondrozun müalicəsi üçün nəzərdə tutulan fizioterapiya prosedurlarının çox növü mövcuddur. Adətən onlar kompleks şəklində tətbiq olunur, lakin xəstəliyin dərəcəsinə, xəstənin ümumi vəziyyətinə və əks göstərişlərə malik olmasına görə, həkim yalnız bir növ fizioterapiya təyin edə bilər.
Fizioterapiyanın tətbiqinə əks-göstəricilər:
- onkoloji xəstəliklər;
- orqanizmin ümumi ağır vəziyyəti;
- osteoxondrozun fəal kəskinləşmə mərhələsi;
- ürək-damar və tənəffüs sistemlərinin, qaraciyər və böyrəklərin ağır xəstəlikləri;
- kəskin psixi pozğunluqlar;
- hamiləlik;
- prosedurların təsiri nahiyəsində dərinin zədəli olması.
Bundan savayı, hər bir prosedur növünün də öz fərdi göstərişləri və əks-göstərişləri ola bilər.
Osteoxondroz zamanı tətbiq olunan fizioterapiya növləri
Elektrofizioterapiya
Müalicə elektrik cərəyanı və sahəsi vasitəsilə həyata keçirilir. Bu metod toxumaları qızdırır, onlarda qan dövranını və metabolik prosesləri yaxşılaşdırır. Prosedurlar ağrını effektiv bir şəkildə aradan qaldırır. Bundan əlavə, elektrik sahəsinin köməyilə dərmanlar birbaşa olaraq xəstəlik ocağına çatdırıla bilər. Məsələn, boyun şöbəsinin osteoxondrozu zamanı fizioterapiya yalnız boyun nahiyəsinə təsir edəcəkdir. Elektroterapiyanın istifadəsinin öz əks-göstərişləri vardır. Bədənində elektrostimulyator və ya quraşdırılmış hər hansı bir digər metal məmulat olan şəxslərə bu metodu tətbiq etmək olmaz.
Elektrofizioterapiyanın növləri:
1. Elektropunktur – onurğa beyni sinirlərinin kökcüklərinin çıxış nöqtələrinin zəif elektrik cərəyanı ilə qıcıqlandırılması. Bu üsul ağrıları azaltmaq və əzələlərin rahatlaşdırılması üçün yaxşıdır.
2. Diadinamik cərəyan – müxtəlif tezlikli cərəyanlarla isitmə. Ağrı və spazmları tez bir zamanda aradan qaldırır.
3. İnterferensiya – müxtəlif tezlikli elektrik sahəsinin ritmik təsiri. Kəskin ağrıları effektiv şəkildə aradan qaldırır.
4. SMC-terapiya – sinusoidal modulyasiya edilmiş cərəyanlarla müalicə. Ağrıkəsici təsir göstərir və əzələləri rahatlaşdırır.
5. Dərman elektroforezi – diadinamik cərəyanların (DDC) köməyilə dərmanların (Novokain, Lidaza və s.) bilavasitə xəstəlik ocağına çatdırılması, həmçinin ağrıların və iltihablaşmış əzələlərin spazmının aradan qaldırılması.
Ultrabənövşəyi şüalanma
Ultrabənövşəyi şüalanma (kvars) orqanizmdə kalsiumun mənimsənilməsi üçün vacib olan D vitamininin sintezinə kömək edir, qızdırıcı təsir göstərir, ağrını və iltihabı aradan götürür, immuniteti gücləndirir.
Lazer terapiyası
Helium-neon lazerinin onurğa beyni sinirlərinin kökcüklərinin çıxış nahiyələrinə təsiri ağrıları, iltihabı, spazmları aradan qaldırır, bərpa proseslərini aktivləşdirir. Lazer terapiyası iltihab ocağına kompleks təsir göstərir, sinir sisteminin toxumalarında bioloji prosesləri aktivləşdirir. Bu, müalicədən tez bir müddət ərzində müsbət effekt əldə etməyə imkan verir. Lazer terapiyasının bir seansı 15 dəqiqədən çox davam etməməlidir. Bu helium-neon lazerinin zədələnmiş nahiyələrə sektoral təsirinin ən optimal müddətidir. Bu zaman hər ağrı nöqtəsinə lazerin təsir müddəti 2 dəqiqədən çox olmamalıdır.
Vibrasiya üsulu
Zədələnmiş nahiyəyə mexaniki titrəmələrin vasitəsilə təsir etmək olar. Bu fizioterapiya metodunu boyun nahiyəsinin osteoxondrozu zamanı tətbiq emək üçün xüsusi lentli vibrasiya massaj aparatlarından istifadə edilir.
Detenzor-terapiya
Xəstənin öz bədən çəkisinin təsiri altında xüsusi cihazların köməyilə onurğa sütununun dartılması metodudur. Onurğanın osteoxondrozu zamanı bu metodu həyata keçirmək üçün insanın bədən çəkisinin təsiri altında öz mövqeyini dəyişə bilən maili kənarları olan xüsusi döşək tələb olunur. Nəticədə, əzələlərin tonusu normallaşdırılır və onlar boşalmış olurlar.
Magnitoterapiya
Onurğanın osteoxondrozu zamanı tətbiq edilən bu fizioterapiya prosedurunun mahiyyəti müxtəlif tezlikli dəyişən və ya sabit maqnit sahələrinin istifadə edilməsindən ibarətdir. Metoddan istifadə edilməsi xəstəyə patoloji ocaqda iltihabı aradan qaldırmağa və ağrıları yox etməyə imkan verir. Xüsusi cihaz olan magnetoforu əldə etməklə ev şəraitində də bu proseduru həyata keçirmək olar. Bir magnİtoterapiya seansının müddəti 20 dəqiqədən çox olmamalıdır. Bu zaman maqnit sahəsinin induktorlarını bir-birinə nisbətən elə yerləşdirilir ki, onurğanın osteoxondroza məruz qalmış nahiyəsi güclü maqnit sahəsinin mərkəzində yerləşmiş olsun. Maqnit sahəsinin təsiri hər hansı bir reaksiyaya səbəb olmur, hər şey hüceyrə səviyyəsində baş verir. Odur ki, tez müsbət təsirin və hər hansı bir təzahürləri olmaması, bu metoda bir qədər inamsızlıq yaradır. Bu səbəbdən də, maqnitoterapiya tamamilə əsassız yerə o qədər də geniş şöhrət qazanmamışdır.
Ultrasəs müalicəsi
Ultrasəs dalğalarının təsiri iltihabı və ağrıları aradan qaldırmağa kömək edir. Bu fizioterapevtik üsul daha çox onurğanın boyun nahiyəsinin osteoxondrozunun müalicəsi zamanı tətbiq olunur. Ultrasəs dalğaları toxumalara bir növ “massaj” təsiri göstərir ki, prosedurdan sonra onlarda metabolik proseslərin aktivləşməsi baş verir.
Balneoterapiya
Fiziki faktor olaraq, əzələlərin rahatlığını təmin edən və sümük-əzələ sisteminə faydalı təsir göstərən mineral sulardan istifadə olunur. Mineral suyu duş vasitələri və ya vannaların köməyilə tətbiq edirlər. Müxtəlif növ duşlar və vanna qəbulu, üzgüçülük hovuzlarında çimməkdən əlavə balneoterapiya bədənin ağrılı nahiyələrinə müalicəvi palçıq applikasiyalarının istifadəsini də təklif edir. Müalicəvi effekt suda olan kimyəvi aktiv maddələrin və müxtəlif temperatur rejimlərinin eyni zamanda təsiri nəticəsində əldə edilir. Bu metod toxumalarda yerli mikrosirkulyasiyanı yaxşılaşdırmaqla ağrı sindromunu aradan qaldırmağa imkan verir.
Akupunktur
Ənənəi Çin təbabətində geniş yayılmış fizioterapiya üsulullarından biri də akupunkturdur (iynəbatırma). Prosedurun mahiyyəti ağrı sindromunu azaltmaq üçün iynələrin vasitəsilə insan bədənində xüsusi nöqtələri aktivləşdirməkdən ibarətdir. Lakin bu müalicə metodunun effektivliyi müasir tibb işçiləri tərəfindən şübhə altına alınır.
Onurğanın osteoxondrozu zamanı fizioterapiya yalnız remissiya dövründə, ağrı sindromunun olmadığı zaman aparılmalıdır. Kəskinləşmə dövründə xəstə üçün ağrıkəsici effekti təmin edən digər üsullar seçilir. Düzgün seçilmiş fizioterapiyanın tətbiqi nəticəsində xəstə ağrı hiss etmir və fəqərə sütunu daha çox hərəkətli olur ki, bu da sağalmanın əlamətlərindən hesab olunur.
Massaj
Manual massaj üsulları toxumaların qanla təchizatını yaxşılaşdırmaq, əzələ spazmlarını və sıxılmalarını aradan qaldırmaq və ümumi qan dövranını yaxşılaşdırmaq üçün istifadə olunur. Hidromassaj, yuxarıda sadalanan effektlərə əlavə olaraq orqanizmin sinir sisteminin normallaşmasına kömək edir;
Manual terapiya
Manual terapiya üsulları fərdi olaraq seçilir. Bədənin sümük-əzələ sisteminə nöqtəvi təsir qan və limfa dövranının yaxşılaşdırılmasına kömək edir, maddələr mübadiləsi gücləndirir, dayaq-hərəkət sisteminin hərəkətliliyinin tənzimlənməsinə və immun sisteminin gücləndirilməsinə yardım edir, osteoxondrozun ağırlaşmalarının qarşısının alınması vasitəsi rolunu oynayır.
Kineziterapiya
Kineziterapiya reabilitasiyanın əsas vasitələrindən biridir. Bu müalicə metodu, düzgün bədən hərəkətlərinin sümük və əzələlərin, ürək-damar və orqanizmin digər sistemlərinin funksional vəziyyətini yeniləməyə, yaxşılaşdırmağa və mühafizə etməyə kömək etməsi faktına əsaslanır. Xəstələr üçün kineziterapiya planını tərtib edərkən, təkcə onun ümumi vəziyyətini və biososial funksiyalarının pozuntularını deyil, həm də zədələnmiş üzvlərin və ya orqanizmin sistemlərinin vəziyyətini də nəzərə almaq lazımdır.
Həkimlər müalicə, bərpa və profilaktika məqsədilə kineziterapiya üsullarını yaxşı bilməli və tətbiq etməlidirlər. Xəstənin vəziyyətini nəzərə alaraq, kineziterapiyanın aktiv və passiv metodları tətbiq edilir. Xəstə özü hərəkət etdikdə, belə üsullar aktiv adlanır. Passiv üsul zamanı xəstə özü bu prosesdə iştirak etmir və müxtəlif manipulyasiyalar həkim, tibb bacısı, kineziterapevt və ya kineziterapevtin köməkçisi tərəfindən əllərin və müxtəlif aparatların köməyilə həyata keçirilir.
Kineziterapianın ən geniş yayılmış metodlarından biri də MBT – müalicəvi bədən tərbiyəsidir.
Osteoxondroz zamanı müalicəvi bədən tərbiyəsi
MBT – müalicəvi bədən tərbiyəsi osteoxondrozun müalicəsi zamanı effektiv bir metoddur: əzələlərin tonunusunu nizamlamaq, dayaq-hərəkət sisteminin funksiyalarını yaxşılaşdırmağa kömək edir. Digər üsullarla, məsələn massaj, manual terapiya və s. ilə yanaşı olaraq istifadə olunması məsləhət görülür.
Müalicəvi bədən tərbiyəsinin vasitəsilə onurğanın osteoxondrozunun inkişafını ləngitmək mümkündür.
Fəqərələrin dartılmasına yönəlmiş MBT çalışmalarının mütəmadi olaraq həyata keçirilməsi, onurğa sütununa və ümumilikdə orqanizmə müsbət təsir göstərir:
- onurğa əzələlərini möhkəmləndirir;
- onurğanın qığırdaq və sümük toxumalarına oksigen və qidalı maddələrin axınını yaxşılaşdırır;
- qığırdaqlarda qan dövranı və maddələr mübadiləsi normallaşdırılır;
- mübadilə məhsullarının və toksinlərin bədəndən xaric edilməsi prosesi sürətləndirilir.
MBT kompleksi çalışmaları həm osteoxondroz zamanı xəstənin vəziyyətini yüngülləşdirmək, həm də xəstəliyin başlanmasının qarşısını almaq məqsədilə tətbiq olunur.
MBT-nin təsiri
Osteoxondrozun kəskin dövründə terapevtik gimnastika istifadə edilmir. Xəstənin vəziyyətini yaxşılaşdırmaq məqsədilə onurğa sütununun öz oxu boyunca dartılması həyata keçirilir. Fəqərələr arasındakı məsafəni artırmaq əzələlərin boşalmasına səbəb olur, sinir kökcüklərinin qıcıqlanması azalır (ağrı zəifləyir). Xəstəliyin kəskinləşməsi dövründə yumşaq yatağı sərt yatağa dəyişmək məsləhət görülür.
MBT osteoxondrozun ilk mərhələlərində müsbət effekt göstərir. Bu üsul orqanizmin daxilində bioloji və fizioloji prosesləri stimullaşdırır: qan dövranı və əzələlərin tonusu yaxşılaşır, dayaq-hərəkət funksiyaları bərpa edilir.
Ümumiyyətlə, müalicəvi gimnastikanın müntəzəm istifadəsi:
- ətrafların və əzələ-bağ aparatının əzələlərinin gücləndirilməsinə;
- qan təchizatının və limfa dövranının yaxşılaşdırılmasına;
- onurğa sütununun zədələnmiş toxumalarında metabolik prosesləri gücləndirilməsinə;
- əyilmiş qamətin düzəldilməsinə;
- onurğa sütununun dayaq və hərəkət funksiyalarını bərpa etməyə kömək edir.
Osteoxondrozun erkən mərhələlərində MBT zədələnmiş fəqərələrarası disklərlə təmasda olan sinir kökcüklərinin qıcıqlanmasını azaldır. Gimnastikanın istifadəsinin müsbət nəticəsinə baxmayaraq, yalnız ağrıya səbəb olmayan çalışmaları yerinə yetirmək məsləhət görülür.
MBT üçün göstəricilər
Çalışmaların əsas məqsədi onurğanı saxlayan əzələ, qığırdaq toxumalarının möhkəmləndirilməsidir. Çalışmalar yavaş-yavaş, kəskin hərəkətlər etmədən, bədənin tam rahatlaşmış vəziyyətində icra olunmalıdır.
Məşğələlər zamanı özünü yormaq lazım deyil: yalnız mülayim dərəcəli yük bərpa prosesinə (maddələr mübadiləsi və əzələlərin durumu yaxşılaşır,onurğa sütununun fəaliyyəti və fəqərəarası disklərin amortizasiya funksiyası bərpa olunur) kömək edir.
Kəskin ağrılar və həkimlə qabaqcadan məsləhətləşmədən çalışmaların yerinə yetirilməməsi tövsiyə edilmir. Bədən tərbiyəsi ilə ixtisaslı mütəxəssisin (fizioterapevt) nəzarəti altında məşğul olmaq daha yaxşıdır, ancaq bunu müstəqil şəkildə də icra edə bilərsiniz.
Müsbət bir nəticə əldə etmək üçün məşqlər hər gün aparılmalıdır. Başlanğıc üçün, bütün çalışmaları 5 dəfədən çox təkrarlamırlar, sonradan yanaşmaların sayını (əzələlər möhkəmləndikcə) 10-12 dəfəyədək artırırlar.
MBT-nin yerinə yetirilməsinin dövrülüyü
Osteoxondrozun müalicəsi məqsədilə həkim tərəfindən təyin edilən bütün çalışmalar mütəmadi olaraq yerinə yetirilməlidir. Bundan əlavə, oturaq işlə məşğul olan xəstələrə bilavasitə iş yerində isinmə hərəkətləri etmək tövsiyə olunur (hər dəfə imkan düşdükdə,1 saatdan bir olsa, lap yaxşı olar).
Hər dəfə imkan düşdükcə, əzələləri möhkəmləndirmək lazımdır. Müntəzəm surətdə icra edildikdə, hətta yüngül məşqlər belə osteoxondrozun kəskin mərhələsinin residivlərinin baş verməsinin qarşısını almağa, ağrı hissiyyatının intensivliyinin azaldılmasına kömək edəcəkdir.
Onurğanın xəstəliyində MBT-nin tətbiqinin effekti dərhal məşqlərdən sonra (düzgün seçilmiş gimnastik hərəkətlər zamanı) hiss olunur. Çalışmalar kompleksinin seçimi xəstəliyin ümumi görünüşündən asılı olaraq (osteoxondrozun inkişaf mərhələsindən, zədələnmiş strukturların tipindən, xəstəliyin formasından) həkim tərəfindən həyata keçirilməlidir.
MBT-nin həyata keçirilməsini dayandırmaq lazım deyil. Xəstə özünü pis hiss etdkdə, yüngülləşmə qeyd olunmadıqda, müalicə həkimi ilə əlaqə saxlamaq lazımdır: o, yeni bir çalışmalar kompleksi təyin edəcək.
MBT-nin keçirilməsinə əks-göstərişlər
Osteoxondroz zamanı idman hərəkətlərinin yerinə yetirilməsi ümumi vəziyyətin yaxşılaşdırılmasına kömək edir, fəqərəarası disklərdə baş verən dağıdıcı proseslər zamanı fəqərələrin bitişməsinin qarşısını alır. Ümumiyyətlə, onun bütün xəstələr üçün istifadəsi məsləhətdir, lakin istisnalar mümkündür.
MBT-nin aşağıdakı hallarda həyata keçirilməsi əks-göstərişdir:
- osteoxondrozun kəskin dövrü;
- əməliyyatdan sonrakı dövr (onurğa sütununun bərpasının ilk mərhələlərində);
- hərəkətin koordinasiyasının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər;
- arterial təzyiqin yüksək olması;
- vestibulyar aparatın pozğunluqları;
- görmə qabiliyyətinin pozulmaları (ağır formalı miyopiya), gözdaxili təzyiqin yüksək olması;
- ürək-damar sisteminin disfunksiyaları (məsələn, aritmiya);
- xroniki xəstəliyin kəskinləşməsi və ya ağır formalı xəstəliklər səbəbindən xəstənin vəziyyətinin pisləşməsi.
Bədən tərbiyəsi acqarına, yemək qəbulundan dərhal sonra və ya yorğun vəziyyətdə olarkən aparılmır.
Bədən tərbiyəsindən istifadənin müsbət nəticəsi terapevtik məşqlərin aparılması üçün kompleks yanaşma nəticəsində mümkün ola bilər. Bu zaman yalnız o hərəkətlər edilməlidir ki, onlardan sonra əzələlərin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşsın (əmək qabiliyyəti artır, gərginlik azalır).
Əgər məşqlər zamanı və ya ondan sonra xəstənin ümumi vəziyyəti pisləşərsə, bu zaman onları dayandırmaq və mütləq həkimə müraciət etmək lazımdır.
Boyun şöbəsinin osteoxondrozu zamanı çalışmalar
Xəstəlik onurğanın müxtəlif seqmentlərində özünü göstərir, lakin daha çox boyun şöbəsinin qığırdaq və sümük strukturlarında degenerativ-distrofik dəyişikliklər müşahidə edilir. Bunun əsas səbəbi – narahat və gərgin vəziyyətdə uzun müddət qalmaqdır. Xəstəliyin inkişafına ən çox meylli insanlar 25 yaşdan yuxarı olan şəxslərdir.
Servikal osteoxondroz zamanı MBT ilə məşğul olmaq üçün xüsusi fiziki hazırlığa ehtiyac yoxdur. Hər bir xəstə asanlıqla belə çalışmaları yerinə yetirə bilər:
6. Stula oturur, kürəyi düzəldir, boynumuzu uzadırıq. Sonra başımızı 5-10 dəfə yavaş-yavaş yanlara: sol və sağ tərəfə çeviririk (boynumuzu maksimal dərəcədə çevirməyə çalışırıq). Hərəkətlərin məqsədi boyun fəqərələrinin hərəki funksiyalarının yaxşılaşdırılmasıdır.
7. Ayaq üstü vəziyyətdə, başımızı aşağı əyərək çənəmizi sinəyə çatdırmağa çalışırıq. Bu hərəkəti 10 dəfə təkrarlamaq lazımdır(Əgər göğsünüzə sinəyə toxunmaq mümkün olmazsa, başımızı mümkün qədər ona yaxınlaşdırmağa çalışırıq).
8. Masanın ətrafına əyləşərək, dirsəklərimizlə ona söykənirik. Ovcumuzu gicgahımıza söykəyirik, başımızı yana əyirik, eyni zamanda əlimizlə müqavimət göstəririk (təxminən 10 saniyə bu vəziyyətdə qalırıq). Çalışmanı 8-10 saniyə fasilə ilə 10 dəfədən çox icra etmirik. Bu hərəkətlərin yerinə yetirilməsinin effekti boynun yan əzələlərinin möhkəmləndirilməsidir.
9. Qarnımız üzərinə uzanaraq, əzələlərin tam boşalmasına nail oluruq. Əllərimizi gövdənin yanında tuturuq (ovuc səthləri yuxarı olmaqla). Sonra, tələsmədən başımızı əvvəlcə sola, sonra da sağa (hər tərəfə 10 dəfə olmaqla) çevirərək, daim başlanğıc mövqeyə – üzü aşağı dönürük.
10. Otururuq və dərindən nəfəs alaraq irəli əyilirik (başımız sinəyə doğru uzanır). Nəfəsvermə zamanı başlanğıc mövqeyə qayıdaraq başımızı geri atırıq. Çalışmanı 10-15 dəfə təkrarlayırıq.
Bütün çalışmalar digər MBT növləri ilə birlikdə həyata keçirilməlidir. Servikal osteoxondrozda bu cür müalicəvi bədən tərbiyəsinin sistematik şəkildə keçirilməsi əzələləri gücləndirir, ağrının aradan qaldırılmasına kömək edir.
Çiyin qurşağı əzələləri üçün çalışmalar
Çiyin qurşağı körpücük, kürək, qolların sümüklərini birləşdirir, beləliklə yuxarı ətrafın daha çox hərəkətliliyini təmin edir. Uzun illər ərzində formalaşan yanlış qamət funksiyalarının azalmasına gətirib çıxarır: donqarlıq və çiyinlərin hərəkət məhdudluğu yaranır. Çiyin qurşağının xroniki gərginliyi zamanı qabırğaların hərəkətliliyi pisləşir, tənəffüs aktı çətinləşir.
Çiyin qurşağı əzələlərini inkişaf etdirməyə yönəlmiş çalışmalar, onurğa sütununun xəstəliklərinin: osteoxondroz və fəqərəarası disklərin yırtığının qarşısının alınması məqsədilə istifadə olunur.
Bazu oynağının zədələnmələrindən sonra həkimlə məsləhətləşmədən çalışmaların icra edilməsinə başlamaq tövsiyə edilmir.
Gimnastika edərkən, qamətə, ayaqların ( onlar çiyinlərin genişliyində olmalıdır) və gövdənin (qabağa əyilmək olmaz) düzğün mövqedə olmasına fikir vermək lazımdır. Yalnız bundan sonra onurğaya, qollara, boyun və çiyin qurşağı əzələri üzərinə düşən yük bərabər paylanmış olacaq.
İlk çalışmalar yavaş templə icra edilir, daha sonra hərəkətlərin sürətini tədricən artırırlar. MBT hərəkətlərinin bu üsulla icra olunması, məşqlərdən sonra əzələ ağrısının yaranmasının qarşısını almış olur.
Çiyin qurşağının, çiyinlərinin inkişafı üçün çalışmalar bu cür hərəkətlərdən ibarətdir:
11.Ayaqları çiyinlər enində, əlləri isə belimizə qoyuruq. Çiyninlərimizi irəli, sonra isə geriyə doğru çeviririk.
12. Ağrıyan əlimizi sağlam çiynimizin üzərinə qoyuruq. Digər əlimizi xəstə ətrafımızın dirsəyi üzərində yerləşdirib, onu ehtiyatla yuxarıya doğru çəkirik.
13. Əllərimizi arxamıza qoyuruq, xəstə ətrafımızın üstündə qalması şərtilə onları kilid şəklində bağlayırıq. Sağlam ətrafımızın köməyilə xəstə əlimizi ehtiyatla aşağı çəkirik.
Bu cür çalışmalar zədələnmiş toxumalarda qan dövranını yaxşılaşdırır, metabolik prosesləri sürətləndirir. Orta məktəbin bədən tərbiyəsi proqramındakı gimnastika hərəkətləri də oxşar təsirə malikdirlər.
Osteokondroz zamanı ağır məşq yükləri arzuolunmazdır, çünki onlar ağrı sindromunu artıra bilərlər. Müntəzəm isidici hərəkətlər müsbət effekt verirlər: gümrahlıq hissi yaranır, ağrılar çəkilir.
Boyun-bazu xəstəliklərində, idman hərəkətlərindən əlavə, Dimeksid və Bişofit əsasında kompresslərin də istifadəsinə icazə verilir.
Döş şöbəsinin osteoxondrozu zamanı çalışmalar kompleksi
Onurğanın döş şöbəsində deformasiyaya məruz qalması yanlış qamət almağın, müntəzəm məşqlərin olmaması səbəbindən onurğa əzələlərinin zəifləməsinin nəticəsində baş verir. Omurğanın bu şöbəsində degenerativ dəyişikliklər tez-tez tənəffüs və ürək-damar sistemlərinin işinin pozulmasına səbəb olur: stenokardiya, aritmiya, ağciyər və ürək çatışmazlığı yaranır.
Məhz bu səbəbdən MBT ilə məşğul olmaq çox vacibdir. Düzgün seçilmiş bir sıra çalışmaların həyata keçirilməsi onurğanın seqmentlərinin hərəkət funksiyalarını davam etməyə, “bloklanmış” fəqərələri azad etməyə, ağrı tutmalarını azaltmağa imkan yaradır.
Onurğanın döş şöbəsinin osteoxondrozunun əsas simptomlarını aradan qaldırılmasına aşağıdakı çalışmalardan ibarət bədən tərbiyəsinin vasitəsilə təmin edilir:
14. Çalışmanı yerinə yetirmək üçün diametri 10 santimetrə qədər olan (burulmuş dəsmalla da əvəz etmək olar) bir diyircək götürmək lazımdır. Arxası üstə uzanır və diyircəyi döş şöbəsininaltına (onun aşağı hissəsinə) qoyuruq. Əllərimizi boynumuzun arxasında cəmləyərək yavaş-yavaş kürəyimizi qaldırırıq (bir neçə dəfə təkrarlayırıq). Bundan sonra, diyircəyi onurğa boyunca yuxarı doğru hərəkət etdirir və çalışmaları yenidən həyata keçiririk. Döş şöbəsinin müxtəlif hissələrinin bərabər dərəcədə məşq etdirilməsi onurğanı uzadır, əzələlərin tonusunu normallaşdırır.
15. Hər iki əlimiz və ayağımız üzərində dayanırıq: belimizi mümkün qədər arxaya əyirik və bu vəziyyətdə bir neçə saniyə qalırıq (başımızı düz saxlamalıyıq). Bundan sonra, başlanğıc mövqeyini alırıq, sonra isə çalışmanı təkrarlayırıq.
16. Böyrü üstə uzanaraq ayaqlarımızı dizdən bükürük. Sağ ayağımızı yuxarıya doğru çəkirik (əzələləri gərildirik, budumuzu maksimum dərəcədə kənara çəkirik), ayağı 5-10 saniyə bu mövqedə saxlayır, sonra aşağı salıröq. Eyni hərəkləri ikinci ayaqla da təkrarlayırıq.
17. Diz qanı üstə hamar bir səth üzərində uzanır və əllərimizi başımızın altına qoyuruq. Nəfəs alarkən çiyinlərimizi və gövdəmizi qaldırırıq, nəfəs verdikdə isə başlanğıc vəziyyətə qayıdırıq. Bu çalışmanı ən azı 3-4 dəfə yerinə yetiririk. Əzələlər möhkəmləndikcə, yanaşmaların sayını artırıq.
18. Stula oturub, arxanızı ona söykəyin. Döş şöbəsinin əzələlərinin dartıldığını hiss edənə qədər geri qatlanırıq. Bundan sonra yavaş-yavaş irəli doğru əyilirik. 4-5 belə yanaşma etmək lazımdır.
Həkimlər MBT məşğələləri zamanı əzələləri həddən artıq gücə salmağı məsləhət görmürlər. Yalnız mülayim dərəcəli gimnastika məşğələləri fayda və zövq verə, xəstəlikdən sonra onurğa sütununu bərpa etməyə kömək edə bilərlər.
Bel şöbəsinin osteoxondrozunun müalicəsi üçün çalışmalar
Belə bir fikir mövcuddur ki, bel nahiyəsindəki ağrılar, bəşəriyyətin dik yeriməsinin əvəzinə ödədiyi bir hesabdır. Çünki onurğanın məhz bu şöbəsi amortizator rolunu oyanaraq, yeriyərkən bütün ağırlığı öz üzərində daşıyır.
Təcrübə göstərir ki, fəal həyat tərzinə laqeyd yanaşan insanlar bel ağrısından daha tez-tez əziyyət çəkirlər. Gündəlik məşqlərin keçirilməsi təkcə xoşagəlməz ağrıdan xilas olmağa deyil, həm də hərəkət aparatının sümük və qığırdaq toxumalarında dejenerativ-distrofik proseslərin inkişafını ləngitməyə kömək edir.
Bel-oma nahiyəsinin osteoxondrozu zamanı MBT arxa və qarın əzələlərini uzadır və möhkəmləndirir. İlk məşğələlər zamanı çalışmalar uzanmış vəziyyətdə icra olunur: bu vəziyyətdə onurğaya düşən yük kiçik olur, ağrının güclənməsi riski yoxdur.
Gimnastikanın istifadəsinin alınan müsbət təsirlər aşağıda sadalanır:
- qan və limf dövranının yaxşılaşdırılması;
- onurğa sütununun sümük və qığırdaq toxumalarında metabolik proseslərin normallaşdırılması;
- kiçik çanaq üzvlərində durğunluğun aradan qaldırılması;
- əzələlərin möhkəmləndirilməsi;
- onurğa beyninin sinir kökcüklərini dartılması;
- dayaq-hərəkət aparatının funksiyalarının bərpa edilməsi.
Gimnastika əzələ toxumalarında zülalların sintezinini gücləndirir. Orqanizmə daxil olaraq, onlar əsas sistemlərin işini stimullaşdırır.
Aşağıda sadalanan çalışmaların köməyilə bel osteoxondrozu zamanı xəstənin vəziyyətini yüngülləşdirmək mümkündür:
19. Arxası üstə uzanırıq və ayaqlarımızı dizdən bükərək belimizi döşəməyə sıx yapışdırırıq. Əllərimizi ayaqlarımıza doğru uzadaraq, onları qucaqlamağa çalışırıq (bu zaman belimizi döşəmədən ayırmırıq). Bu vəziyyətdə 5 saniyə qalırıq, aşağı enirik, əzələləri boşaldırıq. Çalışmaları 40 dəfə təkrarlamaq lazımdır (iki yanaşmada).
20. Ayaqları bir araya gətirərək, onları dizdən bükür və qarına doğru çəkirik. Ayaqlarımızı əllərimizlə qucaqladıqdan və mövqeyimizi təsbih etdikdən sonra sonra yavaş-yavaş başımızı dizlərimizə tərəf əyirik. Tələsmədən döşəməyə eərək başlanğıc vəziyyətə qayıdırıq.
21. Dörd əl-ayaq üzərində dayanaraq kürəyimizi düz tuturuq. Qollarımızla sol tərəfə keçərək, gövdəmizi də eyni istiqamətdə bükürük, sonra isə eyni hərəkətləri sağ tərəf istiqamətində (dönərkən bədəni bir neçə saniyə ərzində əyilmiş vəziyyətdə saxlayırıq) keçərik. Çalışmaları ən azı 10 dəfə təkrarlayın.
22. Başlanğıc vəziyyət: dörd əl-ayaq üstə. Başımızı qaldırır, eyni zamanda kürəyimizi qatlayırıq. Sonra bütün hərəkətləri əks istiqamətdə icra edirik: başımızı aşağı salaraq onurğamızı tədricən düzləndiririk.
23. Düz dayanırıq: ayaqlarımızı bərabər tuturuq, əllərimizi kəmər səviyyəsində tuturuq. Mümkün qədər irəli və geri əyilirik. Hər istiqamətdə 10 dəfə əyilmək lazımdır.
24. Döşəmənin üzərinə otururuq: əllərimizi yuxarı qaldırırıq (ovuclar irəli “baxır”), ayaqlarımıza doğru əyilir və əllərimizlə ayaq barmaqlarımıza toxunmağa çalışırıq. Gimnastikanın bu növü kürəyin, eləcə də qarın əzələlərinin güclənməsinə kömək edir: irəli hərəkət etdikdə kürək işləyir, geri hərəkət etdikdə isə qarın pressi işləyir.
Bel şöbəsinin osteoxondrozun müalicəsi kompleks şəklində həyata keçirilməli, fəqərə sütununun funksiyalarının bərpasına, ağrının aradan qaldırılmasına doğru yönəldilməlidir. Tibbi preparatlarla, massaj prosedurları, dartılma vasitəsilə müalicə üsulları ilə yanaşı MBT müsbət effekt göstərir. O, əzələ korsetini gücləndirir, fəqərəarası disklərin üzərinə düşən yükü azaltmağa kömək edir.
Osteoxondrozun müalicəsində xalq təbabəti
Onurğanın osteoxondrozu müasir dövrün bəlası deyil, bu xəstəlik qədim zamanlardan bəşəriyyətə tanışdır. Bu gün biz tətbiq olunan bir çox qeyri-ənənəvi müalicə üsullarını barəsində bilirik. Bu üsullar illər əvvəl, rəsmi təbabətin bu dərəcədə inkişaf etməsindən və bir çox hallarda əlçatmaz olmasından xeyli əvvəl osteoxondrozun müalicəsində uğurla tətbiq edilmişlər. Bir çox populyar reseptlər hələ bizim ulu babalarımız tərəfindən istifadə edilmişdir. Bu vasitələr təkcə zamanın sınağından keçməyib, onlar çox sayda insanları müalicə etməyə kömək etmişlər. Bu gün də osteoxondrozun müalicəsində xalq təbabətindən istifadə edilməsi ənənəvi müalicəyə yaxşı bir əlavə ola bilər.
Xalq təbabəti vasitəsilə osteoxondrozun müalicəsinə ümumi yanaşma
Osteoxondrozun müalicəsində istifadə edilən əsas dərman komponentləri:
- bitki xammalı – otlar, köklər, məlhəmlər;
- heyvan mənşəli məhsullar – arı zəhəri, öd, yumurta, piy;
- qıcıqlandırıcı, ağrıkəsici və isidici təsirə malik olan kimyəvi preparatlar – spirt, yod, analgin, skipidar (terpentin yağı).
Bitkilərdən hazırlanan dərman vasitələri istər daxilə, istərsə də xaricə (ovuşdurma, təpitmə, kompress, vanna şəklində) tətbiq olunur. Heyvan mənşəli məhsullar əsasında məlhəmlər, təpitmələr, kompresslər hazırlanır, onlardan isidici və ağrıkəsici vasitələr kimi istifadə olunur.
Kimyəvi maddələrdən applikasiyalar və məlhəmlər hazırlamaq üçün istifadə olunur, onların isidici təsiri var, xəstə nahiyəyə qan axınını artırır, əzələ spazmını aradan qaldırır və ağrıları azaldırlar.
Ehtiyatsız şəkildə tətbiq olunduqda, xalq təbabətində istifadə olunan məhsullar, ümumiyyətlə hər hansı bir dərman vasitəsi kimi, əlavə təsirlər verə bilər, allergik reaksiyalara və hətta zəhərlənməyə səbəb ola bilər. Bu, xüsusilə zəhərli bitkilərə əsaslanan reseptlər üçün çox vacibdir, buna görə də onların qəbulu zamanı dozalara və təlimatlara riayət etmək və həkimin təyin etdiyi dərmanlarla uyğunluğunu nəzərə almaq çox vacibdir.
İndi biz onurganın hər hansı bir hissəsinin osteoxondrozunu uğurla müalicə edə biləcək bir sıra populyar qeyri-ənənəvi üsulları nəzərdən keçirəcəyik. Bu üsullar onurğanın osteoxondrozunun istənilən: boyun, döş və bel növünün müalicəsində eyni müvəffəqiyyətlə tətbiq olunurlar.
Çox vaxt otlar, tabletlərdən və ya inyeksiyalardan heç də az olmayan güclü təsir göstərirlər, ancaq yanlış istifadə edildikdə, xəstəyə zərər vermək olar.
Kompresslərin və məlhəmlərin reseptləri
“Nənənin ovuşdurması”
Bu resept şiddətli ağrılar zamanı ilk yardım vasitəsidir. Onun əldə olunması asan və isifadəsi rahatdır, xüsusilə ahıl yaşlı insanlar arasında çox sevilir. Xəstələrin əksəriyyətinin dediyinə görə, bu vasitənin tətbiqindən dərhal sonra yüngülləşmə baş verir və 4-5 prosedurdan sonra sabit müsbət effekt qeyd edilir
Tərkibi:
- 300 ml tibbi spirt,
- 10 ml yod,
- 10 ml kamfora spirti,
- 10 tablet Analgin.
Maye komponentləri qarışdırılmaq və tabletləri onda həll etmək lazımdır. Hazırlanmış qarışıqdan ağrıyan nahiyələrə sürtmək üçün istifadə olunur. Tətbiqdən dərhal sonra, yüngül bir yanma hissi qeyd edilə bilər. Osteoxondroz əleyhinə bu vasitəni bədənin dəri zədələnmələri olan nahiyələrinə tətbiq etmək olmaz.
Boyun osteoxondrozunun bu xalq təbabəti üsulunu ağrını tez bir zamanda aradan qaldırmaq üçün tabletlərin əvəzinə istifadə edilə bilər: dərmanı bir qaba töküb özünüzlə gəzdirin və zəruri hallarda istifadə edin.
Xroniki osteoxondrozun kurs müalicəsi
Bu üsul, xüsusilə o şəxslər üçün məsləhət görülür ki, onlar onurğa sütununun boyun və ya bel şöbələrində xroniki ağrıya məruz qalırlar və qəbul etdikləri adi dərmanlar yalnız qısa müddətli təsir göstərir. Müalicə kursundan sonra bir neçə ay müddətində xəstələrin vəziyyətində müsbət effect qalmaqda davam edir. Müalicə 12 gün ərzində aparılır. Müalicəni başlamaqdan əvvəl 2 dərman qarışığı hazırlamaq lazımdır:
1-ci qarışıqın tərkibi:
- 50 q quru xardal,
- 50 ml araq və ya durulaşdırılmış tibbi spirt,
- 50 ml kamfora spirti,
- 3 yumurta ağı (çalınmalıdır).
Bütün komponentləri yekcins bir tərkib alınana qədər qarışdırmaq və 10-12 saat müddətində qaranlıq bir yerdə saxlamaq lazımdır.
2-ci qarışıqın tərkibi:
- 100 qr bal,
- 150 ml araq və ya durulaşdırılmış spirt,
- 50 qr aloe yarpağının şirəsi.
Onu da yekcins bir tərkib alınanadək qarışdırmaq və 12 saat müddətində saxlamaq lazımdır.
Bu qarışıqların miqdarı onurğa sütunun bel, boyun və ya döş şöbəsinin tam bir müalicə kursu üçün kifayət edəcəkdir (bu şöbələrdən yalnız birinin).
Qeyd: Bu qarışıqlar kürəyin və ya boynun ağrılı nahiyələrinə kompresslər şəklində istifadə olunur. Kompresslər gündə 2 dəfə tətbiq olunmalıdır: tənzifi dərman maddəsi ilə islatmaq, ağrıyan nahiyənin üzərinə qoymaq və tamamilə quruyana qədər orada saxlamaq lazımdır. İlk üç gündə 1-ci qarışıqdan, sonrakı üç gün 2-ci qarışıqdan istifadə edilir. Daha sonra hər üç gündən bir qarışıqların tətbiqi növbələşdirilir. Müalicə kursu zamanı arada fasiləyə yol vermək tövsiyə edilmir, çünki istənilən nəticə əldə edilməyə bilər.
Yuxarıda sadalananlardan başqa, bu xəstəliyi müalicə etməyə kömək edə biləcək kompresslərin çoxsaylı reseptləri mövcuddur ki, bunların da tərkibinə soğan, pıtraq yarpaqları, qıtığotu kökləri, qara turp və s. daxildir.
Şam tumurcuqları – onurğada olan ağrılar əleyhinə uzun müddətli təsir gstərən vasitədir
Bu dərman vasitəsi, onurganın hər hansı bir hissəsində osteoxondrozun uzun müddətli remissiyasına və kəskin və xronik ağrıları müalicə etməyə imkan verir. Ancaq onu qabaqcadan hazırlamaq və uzun bir müalicə kursu ərində qəbul etmək lazımdır. Əvəzində, xəstələrin qeyd etdiyi kimi, nəticə tez bir zamanda qeyd edilir və uzun müddət davam edir.
Osteoxondrozun müalicəsi üçün bu vasitəni hazırlamaq üçün yazda şam tumurcuqlarını toplamaq lazımdır. Onlardan ən çox müalicəvi əhəmiyyətliləri – 1,5-2 sm uzunluğunda olanlarıdır. Başqalarını da toplamaq olar, lakin onlar daha az faydalıdırlar. Yuyulduqdan sonra, tumurcuqlar ət maşınında çəkilir və üzərinə 1 hissə şəkər və 2 hissə tumurcuqlar olmaqla şəkər tozu səpilir. Sonra bu qarışığı bir şüşə qaba yığıb təxminən 2 həftə sərin bir yerdə (soyuducu, zirzəmi) saxlayırlar. Qarışıq qəhvəyi rəng aldıqdan sonra onu istifadə etmək olar. Bu dərman vasitəsini soyuducuda 1 il saxlamaq olar.
Şam qönçələrini gündə 3 dəfə 1 çay qaşığı ilə qəbul etmək lazımdır. Təsiri gücləndirmək üçün, dərman vasitəsi ağızda uzun müddət saxlanılmalıdır. Müalicə kursu 2 həftədən 3 həftəyə qədərdir, onun müsbət təsirini isə ilk günlərdən gözləmək olar.
Ekspress terapiya
Onurğa sütununda ağrı tutmasını tez bir şəkildə aradan qaldırmaq lazım olduqda, lakin tablet qəbul etmək istəmədikdə xalq təbabəti köməyə gəlir. Xalq reseptləri bir qayda olaraq, həmişə evdə və ya yaxınlıqdakı mağazada (aptekdə) asanlıqla əldə edilə bilən maddələrindən ibarət olurlar.
Bal və kartofdan ibarət kompress
Bu dərman vasitəsinin reseti çox sadədir: kartofu sürtgəcdən keçirin və balla bərabər miqdarda qarışdırın. Sonra alınan dərman maddəsini parçanın üzərinə çəkin və 1,5-2 saat ərzində ağrıyan yerə qoyun. Yüngülləşmə tez baş verir, amma təsiri uzun sürmür.
Mərsin və tozağacı yarpaqlarından ibarət bitki çayı
Bir çay qaşığı tozağacının və mərsinin qurudulmuş yarpaqlarını qarışdırın və bir stəkan qaynar su dəmləyin. Süzün və gün ərzində kiçik qurtumlarla için.
Kerosinli isidici kompress
Parçanı təmiz kerosinlə isladın, sıxın və onurğanın ağrıyan nahiyəsinə qoyun. Üzərini polietilen və pambıq qatı ilə örtün, kompressi sarğı ilə bərkidin. 2-3 saat saxlayın.
Zəncəfil və sarımsaq məlhəmi
Zəncəfil və sarımsağı bərabər nisbətdə sürtgəcdən keçirin, bir az kərə yağı əlavə edin (qarışığı sürtə bilmək üçün). Şiddətli ağrılarda onurğanın ağrılı nahiyələrinə sürtün.
Şəfalı yağlardan hazırlanan
Ağrıları tez bir zamanda aradan qaldırmaq üçün, apteklərdə satılan preparatlardan: ağ şam ya nanə yağından istifadə edə bilərsiniz. Bədənin ağrılı nahiyəsinə az miqdarda yağ sürtülür.
Evdə hazırlanmış məlhəmlər tamamilə təbii olur
Bitkilərdən hazırlanan müalicəvi dəmləmələr
Bitki topluları – osteoxondroz da daxil olmaqla bir çox xəstəlikləri müalicə edə bilən bəlkə də ən geniş yayılmış və sevilən dərman vasitələridir. Bu, boş yerə deyil: bitkilərin qəbulunun təsiri dərhal baş verməsə də, bir qayda olaraq, uzun müddət davam edir. Bitki tərkibli dərman preparatlarının daxilə qəbulunu başlamazdan əvvəl onların bütün əks göstərişlərini nəzərə almaq lazımdır, əks halda nəticə gözlənilməz ola bilər.
Osteoxondrozun bitkilərlə müalicəsi, cövhər və bişirmələrin tətbiqindən ibarətdir ki, onları da çay kimi dəmləyir, cövhərini çıxarır, süzgəcdən keçirir və içirlər, həmçinin vannalara əlavə edirlər. Onurğa sütununun osteoxondrozun müalicəsində işlədilən bitki toplularının tərkibi adətən müxtəlif nisbətlərdə olan bir çox komponentdən ibarətdir. Odur ki, onları aptekdən hazır şəkildə almaq daha əlverişlidir.
Aşağıda dayaq-hərəkət sisteminin (oynaqlar, bağlar və sümüklər) xəstəliklərində effektivliyi sübuta yetirilmiş müxtəlif bitki topluları qeyd edilir:
- Nanə, biyan kökü, boymadərən (qanotu), klendula.
- Çobanyastığı, kalendula, dazıotu, tozağacı yarpaqları, çiyələk yarpaqları.
- Kalendula, xəşəmbul, zəncirotu, qatırquyruğu, solmazçiçəyi, çobanyastığı.
- Dazıotu, lavanda, çiyələk yarpaqları, adaçayı, mərsin yarpaqları, cökə çiçəkləri, şam tumurcuqları.
- Bağayarpağı, mərsin, ballı nanə, xəşəmbul, dazıotu, güləbətin, kəklikotu, gördəvər, itburnu.
Bitki vannaları
Bitki dəmləmələrinin birbaşa olaraq dəriyə təsiri onurğanın bütün şöbələrinin xəstəliklərində olduqca faydalı təsir göstərir. Bitki vannaları apteklərdə satılan hazır o yığmalarından istifadə etmək və ya təzə bitki yığmaq olar. Bir vanna üçün 300-500 qr qurudulmuş bitki tələb olunur.
Aşağıda bir neçə sınanmış reseptlər təqdim edilir:
- Tozağacı yarpaqlarından vanna. Bu məqsədlə qabaqcadan bişirilmiş May tozağacının qurudulmuş yarpaqlarından istifadə edirlər. Tozağacı vannası 20-30 dəqiqə ərzində qəbul edilir, su çox da qaynar olmamalıdır.
- Şabalıd vannası. Doğranmış at şabalıdı təxminən 15 dəqiqə qaynadılır, dəmləməni vannaya tökür və təxminən 15-20 dəqiqə ərzində qəbul edirlər.
- İynəyarpaqlı bitkilər vannası. Müxtəlif ağacların (şam, sidr, küknar, fir) iynələri 20 dəqiqə qaynadılır, süzülür və qaynar vannaya əlavə edilir. Prosedur 20-25 dəqiqə davam edir.
- Çobanyastığı vannası. Çobanyastığı çiçəklərinin üzərinə qaynar su əlavə edilir, təxminən 30 dəqiqə saxlayır, süzür və onunla birlikdə qaynar vanna qəbul edirlər.
Vanna qəbulu kursunun müddəti 5-7 gündür. Artıq ilk prosedurdan sonra müsbət təsir qeyd edilir. Vannaların müalicəvi effektinə uzun sürməsi üçün, onları digər üsullarla – kompresslər, ovuşdurmalar, massaj və müalicəvi bədən tərbiyəsi ilə birgə tətbiq etmək məsləhət görülür.
Onurğanın boyun, döş və ya bel nahiyələrinin osteoxondrozunun müalicəsində xalq təbabətindən istifadə edərkən həddi aşmamaq lazımdır. Çünki düzgün aparılmayan müalicə nəinki xəstəliyi aradan qaldırmağa kömək etməyəcək, əksinə, vəziyyətin da pisləşməsinə səbəb olacaqdır. İstənilən dərman preparatı ilə müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Osteokondrozun müalicəsində pəhriz rejimi
Osteoxondrozun müalicəsində tətbiq edilən pəhriz rejiminin prinsipləri mübadilə proseslərinin yaxşılaşdırilması; orqanizmin vacib qida maddələri, vitaminlər və minerallarla doydurulması; qida rasionuna tərkibində antioksidantların, doymamış yağ turşularının, qığırdaq toxumasının regenerasiyasına kömək edən birləşmələrlə zəngin olan məhsulların daxil edilməsinə əsaslanır. Osteoxondroz zamanı tövsiyə edilən maye qəbulu rejimi zədələnmiş toxumalara mənfi təsir göstərə bilən dehidratasiyanın qarşısını almaq məqsədi daşıyır.
Qida qəbulu sutkada 5-6 dəfə, kiçik porsiyalarla məsləhət görülür. Qidalanarkən aşağıdakı qaydalara əməl etmək məsləhət görülür:
- qida rasionuna süd məhsulları və az yağlı ət növləri: mal, dovşan, toyuq əti daxil etmək;
- üzüm, noxud, lobya, ət bulyonun istifadəsini məhdudlaşdırmaq;
- jele, xaş, qaynadımış balıq yeyin. Onlarla birgə qığırdaq sintezində iştirak edən maddələr – xondroprotektorlar əldə etmiş olursunuz;
- sutka ərzində ən azı 1,5 litr su içmək;
- təzə meyvə və tərəvəz yemək: xiyar, pomidor, yerkökü, soğan, çuğundur, kələm, bibər, brokoli, kərəviz;
- qaynadılmış və ya buxarda bişirilmiş yeməklərə üstünlük vermək;
- tez-tez günəbaxan tumları, qoz-fındıq, avokado, çiy ispanaq yemək;
- salatların üzərinə zeytun yağı əlavə etmək;
- xərçəng, krab, göbələk, yarma tərkibli yeməklər hazırlamaq;
- duzlanmış, hisə verilmiş məhsullar, un məmulatları, şəkər, kəskin ədviyyatlardan bacardıqca az istifadə etmək.
Maye qəbulu zamanı adi təmiz və ya mineral suya, kompotlara, şirin olmayan morslara, bitki mənşəli çaylara üstünlük vermək məsləhət görülür. Qəbul edilən tünd qara çay, qəhvə, şirin qazlı içkilər, spirtli içkilərin miqdarı məhdudlaşdırılmalıdır.
Osteoxondrozun profilaktikası
Osteoxondrozun səbəbləri əsasən bədənin ehtiyaclarına diqqət yetirilməməsində, düzgün qidalanmamaqda və orqanizmin üzərində həddən artıq yükün düşməsi ilə bağlıdır. Fəqərə sütununda patoloji dəyişikliklərin başlanmasının qarşısını almaq və artıq mövcud olan osteoxondrozun dinamikasını ləngitmək üçün sağlam həyat tərzinin ümumi prinsiplərinə riayət etmək tövsiyə olunur:
- hipodinamiyanın yaranma imkanının aradan qaldırılması: mülayim dərəcədə idmanla məşğul olmaq – səhər gimnastikası, qaçmaq, üzmək, velosiped və ya xizək sürmək, idmanın təmaslı olmayan növləri ilə məşğul olmaq;
- əmək və ya uzun müddət statik vəziyyətdə qalmaqla bağlı digər fəaliyyəti növləri ilə məşğul olduqda, qan dövranının bərpası məqsədilə hər 45 dəqiqədən bir idman hərəkətləri etmək üçün fasilə vermək lazımdır. Uzun müddət oturmaq zərurəti yarandıqda, onurğa sütununu mühafizə edən stullar və kreslolar seçmək, stolun üstündə əllərin və döşəmə üzərində ayaqların düzğün vəziyyət alması normativlərinə riayət olunmasına nəzarət etmək, qaməti düz saxlamağa vərdiş etmək (kürəyi düz saxlamaq, çiyinləri boşaltmaq);
- gecə yuxusu üçün bərk, yaxşı olar ki, hamar səthi olan ortopedik döşəklər seçmək, hündür və ya çox yastı olan yastıqlardan istifadə etməmək;
- ağır yüklərin qaldırılması və/ və ya daşınması zərurəti meydana çıxarsa, kəskin hərəkətlər etməkdən çəkinmək və ağır yükü yarımoturaq vəziyyətdən qaldırmaq, bel qurşağını mühafizə edən xüsusi kəmərlərdən istifadə etmək;
- düzgün ortopedik ayaqqabının (eni topuğun eninə uyğun gələn, yüksək dabanı olmayan) seçilməsi və onun vaxtında dəyişdirilməsi onurğanın üzərinə düşən yükü azaltmağa kömək edə bilər. Bu isə hamilə qadınlar üçün xüsusilə vacibdir. Yay mövsümündə nahamar səthin üzərində gəzmək imkanından istifadə etmək, bu, daban əzələlərinin möhkəmlənməsiə və dayaq-hərəkət sisteminin üzərinə düşən gərginliyi azaldır;
- düzgün pəhriz və maye qəbulu rejiminə riayət edilməsi ümumi sağlamlığı qorumağa və maddələr mübadiləsini norma daxilində saxlamağa kömək edir
- xəstədə əzələ spazmları reaksiyaları ilə birgə rast gəlinən artan emosionallığa və narahatlığa meyllik olarsa, relaksasiya metodlarının öyrənilməsi və müntəzəm şəkildə ümumi möhkəmləndirici massaj kursları keçmək tövsiyə olunur.