Sümük kistaları – daxilində maye olan xoşxassəli törəmələrdir, uşaq və yeniyetmələrdə adətən uzun sümüklərin metafizlərində lokalizasiya olunurlar. Kistaların üç növünü fərqləndirirlər: solitar, anevrizmal və anevrizmal kistanın solid variantı.
Sümük kistaların əmələ gəlmə səbəbi, aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, indiyə qədər də aydınlaşdırılmamışdır. Sümük kistalarının inkişafının bir çox nəzəriyyəsi arasında sümükdaxili təzyiqin artması ilə müşahidə olunan venoz axımın tutulması nəzəriyyəsi daha geniş yayılmışdır.
Sümük kistaları çox vaxt ağrı verməz və 50-75% halda kistanın ilk təzahürü olan patoloji sınığın baş verməsinə qədər əsasən simptomsuz gedişə malikdir. Bəzi hallarda başqa səbəblə çəkilən rentgen müayinəsi zamanı təsadüfən ortaya çıxar.
Rentgen müayinə– sümük kistalarının əsas diaqnostika metodudur. Əlavə olaraq kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və şübhəli hallarda biopsiya aparıla bilər.
Müalicənin məqsədi kistaların sağalmasını və təkrar əmələ gəlməsinin (residivin) profilaktikası yolu ilə patoloji sınığın qarşısının alınmasını nəzərdə tutulur.
Sümük kistalarının konservativ və cərrahi müalicə üsullarla müalicə edilir.
Sümük kistalarının müalicəsində bir çox cərrahi üsulun təklif edilməsinə baxmayaraq bu və yaxud digər metodun tətbiqində yekdillik yoxdur və xəstənin durumuna görə individual seçilir.