Bud-çanaq oynağının protezləşdirilməsi (Artroplastika) və əməliyyat sonrası reabilitasiya

Bud-çanaq oynağının quruluşu

Orqanizmin böyük oynaqlarından biri olan bud-çanaq oynağı (lat; articulate coxae) bud sümüyü başı ilə çanaq sümüyünün sirkə kasasının aypara oynaq səthi ilə əmələ gəlmiş möhkəm bağlar və qüvvətli əzələlərlə fiksasiya olunmuş oynaqdı. Bu oynaqda bükmə-açma, yaxınlaşdırma-uzaqlaşdırma və fırlanma hərəkətləri mövcuddur. Oynaq səthləri hialin qığırdaqla örtülüdür. Müxtəlif amillərin təsirindən oynağın üzərini təşkil edən qığırdağın yeyilməsi və dağılması zamanı bud-çanaq oynağın artrozu-koksartroz meydana gəlir.

Yaranma səbəbləri:

Bud-çanaq oynağı endoprotezinə əsasən 3 xəstəlik səbəbi ilə ehtiyac duyulur.

1. Bud-çanaq oynağı duzlaşması(koksartroz): Bud-çanaq oynağındakı duzlaşmaya bağlı narahatçılıqlar həyat standartınızı ciddi şəkildə mənfi yöndə dəyişdirməyə başlamışsa endoprotez əməliyyatı vaxtı çatmışdır.Buradan belə nəticə çıxarmaq olar ki, əməliyyat vaxtını həkim deyil xəstə müəyyən edir.

2. Bud-çanaq oynağı nahiyəsindəki sınıqlar: Bud sümüyü boyun sınıqlarının böyük bir hissəsi bitişmir və ya bud başında qanlanmanın pozulmasına səbəb olur. Bu səbəblə də bitişmə ehtimalı az olan bud başı çıxarılaraq endoprotezlə əvəz olunur. Bu əməliyyatla sadəcə bud qismi çıxarıldığı üçün hemiartroplastika(yarım endoprotezləşdirmə) adlandırılır. Bəzən daha əvvəl bud-çanaq oynağında keçirilmiş xəstəliklər(RA, sirkəkasası sınıqları və s.) səbəbi ilə sirkə kasasında qığırdaq aşınması görüldükdə oynaq kasası da eyni seansda endoprotezləşdirilir.

3. Bud başı qanlanmasının pozulması: Bud başını qidalandıran damarların tutulması nəticəsində sümük nekrozu(ölümü) əmələ gəlir və daha sonra bud başı çökür. Bu xəstəliyin çox vaxtı səbəbi bilinmir və idiopatik bud başı avaskulyar nekrozu(bud başı AVN) adlanır. Uzun müddət steroid(kortizon) dərman istifadə edənlərdə də yarana bilər. Bud başı çökübsə və buna bağlı oynaq qığırdağında aşınma baş verirsə xəstələr endoprotez əməliyyatından fayda görürlər.

Total bud-çanaq oynağı protezi nədir?

Bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır dərəcədə zədələnmiş xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır. Protez kobalt, xrom və ya titaniumumdan istehsal edilən əsas hissələr ilə yanaşı onları birləşdirən plastik, metal və ya keramik əlavə hissələrindən ibarətdir.

Total bud-çanaq oynağı protezinin quruluşu

Bud-çanaq oynağı protezi sümüyə iki şəkildə yerləşdirilir. Sümük keyfiyyəti yaxşı olmayan yaşlı xəstələrdə protez sümük sementi ilə sümüyə təsbit edilir. Bu tip protezlərə sementli bud-çanaq oynağı protezi deyilir. Sümük keyfiyyəti yaxşı olan nisbətən cavan xəstələrdə isə, üzəri məsaməli bir maddə ilə örtülmüş olan protezlər, sümüyün içinə çox möhkəm bir şəkildə yerləşdirilir və müəyyən vaxtdan sonra sümük protezin üzərindəki məsamələrin içinə sümük toxuması daxil olaraq təsbit olunur. Bu tip protezlərə sementsiz protez deyilir.

Oynaqların protezlə dəyişdirilməsi hansı hallarda icra edilir?

– Bud-çanaq oynağının osteoartriti (artrozu);
– Revmatoid artrit;
– Travmadan sonrakı artrit;
– Bud sümüyünün başının avaskulyar nekrozu;
– Bud-çanaq oynağının çıxıq və sınıqları (sirkə kasasının, bud sümüyünün boynunun, burmalararası sınıqları).

Cərrahi əməliyyat nə zaman məsləhət görülür?

Həkiminiz bir neçə səbəbdən sizə əməliyyat təklif edə bilər:
– Oynaqdakı ağrı gün ərzində hərəkətlərinizi məhdudlaşdırır və yerimək, əyilmək çətinləşir.
– Oynaqdakı ağrı istirahətdə keçmir, axşam və gecə sizi narahat edir.
– Oynaqdakı hərəkət məhdudiyyəti aşağı ətrafı qaldırmağa və hərəkət etdirməyə imkan vermir.
– Digər müalicə metodları (dərmanlar, fizioterapiya, oynaq içi inyeksiyalar və s.) ilə nəticə alınmırsa oynaq süni protezlə əvəz edilir.

Total bud-çanaq oynağının protezləşdirmə əməliyyatları hansı yaşlardakı xəstələrdə aparılır?

Total bud-çanaq oynağının protezləşdirməsi əsasən 60 yaşdan yuxarı olan xəstələrdə icra olunması məsləhət görülən əməliyyatdır. Ancaq bəzi xəstəliklərdə (revmatoid artritli, onkoloji xəstələrdə və s.) daha gənc yaşlarda da icra olunur.

Total bud-çanaq oynağı protezinin ömrü nə qədərdir?

Total bud-çanaq oynağı protezini təşkil edən hissələr hərəkət zamanı meydana çıxan sürtünmə hesabına müəyyən müddətdən sonra yeyilir. Sürtünmə və yeyilmə ilə meydana çıxan və gözlə görülməyəcək qədər kiçik metal və plastik parçalara qarşı orqanizmin cavabı ilə protez təsbit olunduğu sümükdən ayrılır. Bu da ağrılı protez laxlamasına yol açır. Müvafiq cərrahi taktika və müasir protez dizaynlarından istifadə olunaraq icra olunan bud-çanaq oynağı protezlərinin ömrü günümüzdə 10-20 ilə qədər uzanmışdır.

Protezin ömrünü qısaldan səbəblər:
– Bud-çanaq oynağı nahiyyəsində olan ağır travmalar;
– Xəstənin bədən çəkisinin həddən artıq çox olması;
– Protezin infeksiyalaşması (irinləməsi);
– Protez ətrafında sümük strukturunda osteoporozun olması;
– Bədəndə olan xronik bir xəstəliyin protez ətrafına sıçraması;
– Əməliyyatdan sonrakı reabilitasiya proqramına riayət etməyən xəstələrdə;
– Aktiv və ağır fiziki işlə məşğul olan xəstələrdə.

Protez dəyişdirmə əməliyatı (reviziya)

Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yer dəyişdirməsi kimi hallarda ikinci bir əməliyyat (reviziya) ilə çıxardılıb yenidən bud-çanaq oynağı protezi qoymaq mümkündür, ancaq ikinci əməliyyat daha çətindir, daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir.

Bud-çanaq oynağının protezləşdirilməsi əməliyatından sonra nə gözlənilir?

Bud-çanaq oynağının protezləşdirməsi əməliyyatından sonra xəstələrin çox böyük bir qismində oynaq ağrıları keçər, gəzmə, pilləkənlə düşüb qalxma kimi gündəlik həyat fəaliyyətində diqqətə çarpan yaxşılaşma təmin edilir. 2-3 sm arasındaki ayaq qısalığı aradan qaldırılır.Protezləşdirilmədən sonra qaçma, atılıb düşmək kimi hərəkətləri və ağır işləri görməyiniz məsləhət deyildir. Bunlar protezin tez yeyilməsinə yol açacaqdır. Protez əməliyyatından sonra xüsusilə ilk 6 ayda alçaq oturacaqlarda və ayağı-ayaq üstünə aşırıb oturmaq olmaz. Ömür boyu yerə sərilən süfrə ətrafında və çöməlmə tələb edən tualetdə oturmamaq lazımdır. Bunun kimi artıq hərəkətlər bud çanaq oynağı protezinin yerindən çıxmasına və təkrari əməliyyatlara səbəb olur. Namaz qılırsınızsa, bunu stulda (kürsüdə) oturarak etməyiniz lazımdır.

Əməliyyatdan 8-10 həftə sonra avtomobil idarə edə bilərsiniz, ancaq sürücü oturacağının hündür olması və bud-çanaq oynağının həddən artıq bükülməməsi lazımdır. Bu barədə həkiminiz sizə məlumat verəcəkdir. Altı həftə müddətində yatarkən ayaqlarınızın arasında bir yastıq olmalıdır.Protez əməliyyatından 3 ay sonra üzmə, qolf, kimi idmanlar etmək olar. Tenis, futbol, basketbol kimi idmanlar məsləhət deyil.

Əməliyyat necə həyata keçirilir?

Əməliyyatın məqsədi zədələnmiş oynağı, süni oynaqla (protezlə) dəyişdirməkdir. Bud-çanaq oynağının protezləşdirməsi ümumi və ya spinal (beldən keyləşdirmə) anesteziyası ile icra oluna bilər. Əməliyyat 2 saat qədər çəkir. Əməliyyat vaxtı və sonra itirilən qan üçün damar daxili yolla qan verilir. İlk bir neçə gün ayaqlarınızın arasına V şəklində bir yastıq yerləşdirilir. Ayıldıqdan sonra tənəffüz hərəkətlərinə başlanılır. Əməliyyatdan 1-2 gün sonra ayağa qaldırılırsınız. Bir yeridici (WALKER) və ya qoltuq ağacı istifadə edərək qısa məsafələri yeriyə bilirsiniz . Alçaq yerlərə oturmağınız uyğun olmadığı üçün, xəstəxanada və evdə tualet yüksəldici vasitələrdən istifadə etməyiniz lazımdır.Həkiminizin məsləhətlərinə uyğun olaraq müəyyən bir müddətədək əməliyyat olunmuş ayağınıza tam yük verməkdən qaçmaq lazımdır. Xəstəxanada qalma müddəti 4-8 gün arasındadır. Xəstəxanadan evə yazıldıqdan sonra, sizə tövsiyə olunan hərəkətləri evdə etməyiniz çox önəmlidir. Ayaqlarınızda qan laxtalanmasınının qarşısını almaq üçün qan durulducu dərmanlar xəstəxanadan çıxdıqdan sonrada müəyyən vaxtadək istifadə etməyiniz lazımdır.

Əməliyyatdan sonra nə etmək olmaz?
– Ən az 8 həftə müddətində ayağı-ayaq üstünə aşırmayın;
– Oturarkən önə əyilib yerdən bir şey götürməyin;
– Dizlərinizi qalça xəttindən yuxarıya qaldırmayın;
– Çöməlmə tələb edən tualetdə oturmayın;
– Oturub qalxarkən önə həddən artıq əyilməyin.

Bud-çanaq oynağının protezləşdirilməsindən sonra hansı fəsadlar ola bilər?

1.Dərin venaların trombozu, trombemboliya:
Bud-çanaq oynağının protezləşdirməsi əməliyyatından sonra görülən ciddi ağırlaşmalar çox aşağı nisbətdə meydana çıxır. Ən sıx görülən problem ayağınızdakı qan axınının zəifləməsindən asılı olaraq damarlarınızda trombun yaranmasıdır (dərin venaların trombozu). Bunun qarşısını almaq üçün əməliyyatdan sonra qanı durulaşdıran dərmanlar profilaktik müalicə üçün təyin olunur. Əməliyyatdan sonra erkən müddətdə yeriməyə başlamaq və hərəkətsiz qalmaqdan qaçmaq bu riski azaldacaqdır. Varikoz corabların istifadəsi faydalıdır.

2.İrinləmə:
Total bud-çanaq oynağı protezindən sonra infeksiya, yəni protezin iltihablaşması 0.1% ilə 1.5 % arasında görülür. Bədənin başqa bir yerində (sidik cinsiyyət yolunda, dişlərdə və s.) infeksiyanın olması, şəkərli diabet xəstəliyi və başqa xronik xəstəliklərin varlığı bu riski artıra bilər. Əməliyyatdan əvvəl bədənin başqa bir yerində olan infeksiyaların müalicəsi lazımdır. Əməliyyat vaxtı profilaktik antibiotik müalicəsi icra olunur və əməliyyat vaxtı xüsusi tədbirlər alınaraq infeksiya təhlükəsi azaldılır. Total bud-çanaq oynağı protezi infeksiyalaşarsa, təkrar cərrahi əməliyyat – protezin çıxardılıb müəyyən müddətdən sonra təkrar yerləşdirilməsi kimi əməliyyatlar icra olunur.

3.Çıxıq:
Total bud-çanaq oynağı protezləşdirilməsi əməliyyatından sonra, protezin yerindən çıxması 5-8% arasında görülür. Əməliyyatdan sonra xüsusilə ilk 6 həftə boyunca müəyyən hərəkətlərdən uzaq durmaq çox önəmlidir. Cərrahi taktika və protez dizaynlarının inkişaf ilə birlikdə çıxıqlar əvvəlki illərə nisbətən azalmışdır.

4.Aşağı ətraflarda uzunluq fərqi:
Əməliyyat vaxtı ətraflar arasındakı uzunluq fərqini aradan qaldırmaq üçün xüsusi tədbirlər görülür. Ancaq bəzi hallarda, qalçadakı yumşaq toxuma balansını təmin etmək üçün ayağın uzadılması lazım gələ bilər. 2 sm’ə qədər olan uzunluq fərqi bədən tərəfindən tənzimlənəcəyi üçün problem yaratmır. Lazım gələrsə ayaqqabı içinə yüksəldici yerləşdirilir və problem aradan qaldırılır.

5.Digər fəsadlar:
Yuxarıda sayılanlardan əlavə yaranın sağalmasında yaranan problemlər, damar və ya sinir yaralanmaları, protezin bəzi parçalarının yerindən çıxması, protez ətrafı sınıqlar, protezin özündəki sınıqlar kimi ağırlaşmalar görülə bilər, ancaq bunlara çox az rast gəlinir.

Əməliyyatdan sonra xəstəxana şəraitindı reabilitasiya

Əməliyyatdan sonra bəzi fəsadların profilaktikası üçün aşağdakı məsləhətlərə riayət etmək lazımdır:

1. Protezin çıxığının qarşısını almaq üçün ilk günlər yataqda ayaqlarınızın arasına V şəkilli yastığı qoyulur və derotasyon qutusu istifadə olunmalıdır. Derotasyon qutusu sizin ayagınızın sağa sola dönməsinə imkan verməyərək çıxıq riskini minimuma endirəcək.
2. Trombemoboliyanın qarşısını almaq üçün ətraflara elastik bandajlar sarılır, yeriməyə başlandığı zaman varikoz corabları taxın.
3. Anesteziyanın təsiri keçəndən sonra baldır əzələlərini hərəkət etdirmək üçün pəncənizi önə və geriyə hərəkət etdirin.
4. Ağciyər problemləri ilə üzləşməmək üçün dərindən nəfəs alın və spirometr istifadə edin (bir saatda en azı 10 dəfə).
5. Oturanda yüksək kreslo/stul və ya altına qoyulan 2 yastıq üzərində oturun. Oturanda bədənizi arxaya doğru söykəyin və bədənlə budunuzun arasındaki bucaq 900-ni keçməməlidir.
6. Tualet yüksəldicilərdən istifadə edin.
7. Həkiminizin təyin elədiyi fizioterapevtik hərəkətləri icra edin.

Müalicəvi-idman hərəkətlər proqramı

Aşağıda göstərilən hərəkətləri siz xəstaxana şəraitində başlamalısız və evdə davam etməlisiniz:
1) Baldır nasosu (Ankle Pumps)
Məqsəd: aşağı ətrafların qan dövranını gücləndirmək.
– Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun
– Pəncənizi önə və geriyə hərəkət etdirin(“pedala” basmaq kimi)

2) Sağrı hərəkətləri
Məqsəd: sağrı (yan) əzələlərini gücləndirmək
– Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun
– Sağrı (yan) əzələlərini yığın, çanağınız yuxarı qalxsın
– 5 saniyə tutun və yavaş boşaldın

3) Dördbaşlı əzələnin hərəkətləri
Məqsəd: budun ön əzələlərini (quadricepsi) gücləndirmək.
– Arxası üstə uzanın və dizinizin altına yastıq qoyun
– Budun ön əzələlərini yığın və dizin arxası ilə yastığı sıxın
– Dabanınız yataqdan ayrılmamalıdır
– 5 saniyə tutun və yavaş boşaldın

4) Daban sürüşdürmə
Məqsəd: bud / bud-çanaq əzələlərini gücləndirmək və bütün aşağı ətrafın hərəkətini fəallaşdırmaq.
– Arxası üstə uzanın və aşağı ətrafları düz qoyun
– Dabanınızı özünüzə doğru sürüşdürün
– Diz və bud-çanaq oynağınızı 450-yə qədər bükün.
– Bud-çanaq oynağınızı 450-dən çox bükməməyə çalışın
Qeyd: Başlanğıc üçün bu hərəkət ən çətin hərəkətlərdən biridir.İlk əvvəl dizinizi bükə bilməsənizdə,sonradan bu hərəkət asanlaşacaq.
Ev şəraitində müalicəvi-idman hərəkətlər proqramı

5) Oturaraq dizi açma
Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək
– Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza 2 möhkəm yastıq qoyun. Oynağınızın təhlükəsizliyini təmin etmək üçün kresloda oturarkən arxaya söykənin.
– Yavaş-yavaş ön bud əzələrinizi yığın diziniz düzələnə qədər.
– Yavaş-yavaş dizinizi bükün başlanğıç vəziyyətə gələnə qədər.

6) Oturaraq bud çanaq oynağını bükmə
Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək
– Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza 2 möhkəm yastıq qoyun. Oynağınızı təhlükəsizlini təmin etmək üçün kresloda oturarkən arxaya söykənin.
– Yavaş-yavaş bud-çanaq oynağını bükün, pəncənizi yerdən qaldırın
– Yavaş-yavaş pəncənizi aşağı endirin, başlanğıc vəziyyətə gələnə qədər

7) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını açma hərəkəti
Məqsəd: budun arxa əzələrini (bicepsi) gücləndirmək
– Ayaq üstə durun və əllərinizlə tərpənməyən bir obyektə söykənin
– Əməliyyat olan ətrafı arxaya doğru hərəkət etdirin,diziniz bükülməməsinə fikir verin.
– Bədəninizi düz tutun,önə doğru əyilməyin

8) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını uzaqlaşdırma hərəkəti
Məqsəd: budun yan (uzaqlaşdırıcı)əzələrini gücləndirmək
– Ayaq üstə durun və əllərinizlə tərpənməyən bir obyektə söykənin.
– Yavaş-yavaş pəncənizi yana doğru qaldırın və digər ətrafdan uzaqlaşdırın
– Bədəninizi düz tutun, yana doğru əyilməyin

9) Ayaq üstə dizi bükmə hərəkəti
Məqsəd: budun arxa əzələrini gücləndirmək
– Ayaqda durun və əllərinizlə tərpənməyən bir obyektə söykəyin.
– Yavaş-yavaş əməliyyat olunmuş ətrafın dizini bükün
– Bədəninizi düz tutun və dizinizi önə doğru hərəkət etdirməyin

Pilləkan
Sizin həkiminiz pilləkani necə düzgün qalxmağı və düşməyi öyrədəcək.Sizin təhlükəsizliyiniz üçün aşağıda göstərilən qaydalara riayət edin.

Bir tərəfli protezləşdirmədən sonra:

Qalxmaq:
1. Sağlam ətraf birinci gedir.
2. Əməliyyat olmuş ətraf ikinci gedir.
3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir.

Düşmək:
1. Qoltuqaltı və ya dirsəkaltı əsa birinci gedir.
2. Əməliyyat olmuş ətraf ikinci gedir.
3. Sağlam ətraf son gedir.
İki tərəfli protezləşdirmədən sonra

Qalxmaq:
1. Qüclü ətraf birinci gedir.
2. Nisbətən zəyif ətraf ikinci gedir.
3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir.

Düşmək:
1. Qoltuqaltı və ya dirsəkaltı əsa birinci gedir.
2. Nisbətən zəif ətraf ikinci gedir.
3. Güclü ətraf son gedir.

Əməliyyatdan sonra kontrol müayinələr:
Həkimin istəyi və xəstənin vəziyətinə görə bu qrafik dəyişə bilər və hər hansı bir halda həkiminizlə əlaqə saxlayın. Ancaq qəbul edilmiş müayinə vaxtları aşağıda göstərilmişdir:
– Əməliyyatdan 6 həftə sonra
– Əməliyyatdan 3 ay sonra
– Əməliyyatdan 1 il sonra
– Əməliyyatdan 3 il sonra
– Əməliyyatdan 5-6 il sonra
– Əməliyyatdan 8-10 il sonra

Yekun
Yekun olaraq, total bud çanaq oynaq protezi əməliyyatı radikal, geri dönüşü olmayan, ağır bir əməliyyat olmaqla yanaşı, diqqətli bir iş və yaxşı bir xəstə-həkim ünsiyyəti nəticəsində üz güldürücü nəticələr verir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur